Dİlavər miRZƏKİŞİ oğlu ƏZİMLİ



Yüklə 2.89 Mb.
səhifə1/14
tarix26.05.2017
ölçüsü2.89 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

A. A.BAKIXANOV adına TARİX İNSTİTUTU

DİLAVƏR MİRZƏKİŞİ oğlu ƏZİMLİ



AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ

TİCARƏT ƏLAQƏLƏRİ VƏ TÜRKİYƏ

(XV əsrin II yarısı - XVII əsrin I yarısı)


Bakı – 2012


AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Elmi Şurasının qərarı ilə çap olunur

Layihənin rəhbəri, elmi redaktoru və ön sözün müəllifi:
Yaqub Mahmudov

Əməkdar elm xadimi, Dövlət mükafatı Laureatı,

AMEA-nın müxbir üzvü,

Professor
Rəyçilər:

Tofiq Nəcəfli

tarix üzrə fəlsəfə doktoru, dosent


Xeyirbəy Qasımov

tarix üzrə fəlsəfə doktoru




Əzimli Dilavər

Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı). Bakı, “Təhsil”, 2012, 282 səh.

Monoqrafiyada XV əsrin II yarısından XVII əsrin I yarısına qədərki dövrdə Azərbaycanın Qərbi Avropa ilə ticarət əlaqələri və bu ticarət əlaqələri baxımından Osmanlı imperiyası ilə qarşılıqlı münasibətləri araşdırılmışdır. Monoqrafiyada Osmanlı imperiyasının Qərbi Avropa ilə iqtisadi əlaqələrinə də geniş yer verilmişdir. Müəllifin əsas diqqət yetirdiyi məsələlələr sırasına orta əsrlərdə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi-siyasi əhəmiyyəti, tranzit ticarətindəki rolu, o cümlədən Şərq-Qərb ticarət həcminin müəyyənləşdirilməsi, ticarətin Səfəvi-Osmanlı ziddiyyətlərində oynadığı rol daxildir.

Monoqrafiya tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


MÜNDƏRİCAT


GİRİŞ

3-10

I FƏSİL.

MÖVZUNUN MƏNBƏLƏRİ VƏ TƏDQİQ OLUNMA TARİXİ




1.1.

Mövzunun mənbələri

11-13

1.2.

Tədqiqat əsərləri


13-21

II FƏSİL.

XV ƏSRİN II YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ OSMANLI DÖVLƏTİ






2.1.

XV əsrin II yarısında Azərbaycanın iqtisadi həyatı və Azərbaycan-Qərbi Avropa münasibətlərində iqtisadi amilin rolu .

22-36

2.2.

XV əsrin II yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Ağqoyunlu-Osmanlı münasibətlərində ticarət amili.


37-101

III FƏSİL.

XVI ƏSRİN I YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ OSMANLI İMPERİYASI




3.1.

«Böyük coğrafi kəşflər» və onun dünya ticarət sisteminə təsiri.

102-109

3.2.

XVI əsrin I yarısında Azərbaycan Səfəvilər imperiyasının Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və bu əlaqələrin Səfəvi–Osmanlı, Səfəvi-Avropa münasibətlərinə təsiri.

109-151

IV

FƏSİL.


XVI ƏSRİN II YARISINDA VƏ XVII ƏSRİN I YARISINDA AZƏRBAYCANIN QƏRBİ AVROPA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ VƏ TÜRKİYƏ




4.1.

XVI əsrin II yarısında Avropa dövlətlərinin Şərq sərvətləri uğrunda mübarizəsi və bu mübarizəyə Səfəvi və Osmanlı imperiyalarının təsiri.

152-165

4.2.

XVI əsrin II yarısında Azərbaycanın İngiltərə ilə ticarət əlaqələri və Səfəvi–Osmanlı münasibətləri.

165-189

4.3.

XVI əsrin sonlarında–XVII əsrin I yarısında Qərbi Avropa-Azərbaycan qarşılıqlı əlaqələrində ticarətin rolu və Səfəvi- Osmanlı münasibətlərində ticarət amili.

189-225

NƏTİCƏ

226-231

MƏNBƏ VƏ ƏDƏBİYYAT

232-272


GİRİŞ

Orta əsrlərdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinin öyrənilməsi həmişə aktual olaraq qalır. Həmin vaxtlarda ticarət əlaqələrinin beynəlxalq miqyasda baş vermiş dəyişikliklər fonunda inkişaf etməsi və dövlətlərarası münasibətlərdə Azərbaycanın böyük əhəmiyyətə malik olması bu aktuallığın başlıca səbəblərindəndir. Həmin əlaqələrin öyrənilməsi ümumdünya tarixinin tədqiqi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin dəyişikliklər fonunda yeni dünya nizamının, beynəlxalq bazar sisteminin təşəkkülü prosesləri baş vermiş və tədricən geniş vüsət almışdı. Bu proseslərə Azərbaycan tarix elmində müəyyən qədər toxunulmuş, lakin ona ayrıca tədqiqat mövzusu kimi yanaşılmamışdır. Həmin tarixi dövr bir sıra məqamlar baxımından da diqqəti xüsusilə cəlb edir. Bu məqamlardan ən mühümü isə baş vermiş dəyişikliklərin və Şərq-Qərb ticarətinin Avropa ölkələrinin tərəqqisində böyük sıçrayışlar əmələ gətirməsi idi. Həmin sıçrayışların nəticəsində bəşəriyyət tarixində ilk dəfə olaraq Yer kürəsinin müxtəlif ərazilərinin iqtisadi və siyasi inkişafında müvazinət yarandı və Qərb müəyyən müddətdən sonra öz inkişafında Şərqi geridə qoydu. Özünü büruzə vermiş bu ayrılmalar sonradan Qərbin və Şərqin həyat tərzinə də təsir göstərdi. Təbiidir ki, Qərbin bu cür sıçrayışında onun malik olduğu coğrafi mövqe də müəyyən rol oynadı. Həmin tarixi dövrdə Qərb iqtisadi ehtiyatlar baxımından çox kasıb idi və onun iqtisadi varlığı əslində, Şərqdən asılı idi. Qeyd edək ki, Şərqdən daxil olan məhsullar Qərbdə istehsal mədəniyyətinin inkişafına geniş zəmin yaradırdı. Məhz bunun nəticəsi idi ki, həmin dövrdə Qərb ölkələrinin əksəriyyətinin iqtisadi sistemi təsərrüfat maraqlarına, Şərq ölkələrinin iqtisadi həyatı isə əsasən hərbi, dini, köçəri əyanların maraqlarına xidmət edir və ticarət kapitalına əsaslanırdı. Bu mənada istehsal mədəniyyətinin inkişafı Qərbi Şərqdən irəli çıxaran başlıca amilə çevrildi. Bu isə Qərbin Şərqə qarşı yeni planlar həyata keçirməsinə imkan yaratdı, zəngin sərvətlərə malik olan Şərq ölkələrinin Qərbin müstəmləkələrinə çevilməsinə, onların nəzarət altına alınmasına şərait yaratdı. XV-XVII əsrlərdə dünyanın Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları Avropa dövlətlərinin siyasi və iqtisadi sistemində mühüm rol oynayırdılar. Nəzərdən keçirilən dövrdə Avropa ölkələri «Osmanlı təhlükəsi» qarşısında qalmış, Qərbin iqtisadi və siyasi maraqları üçün böyük əngəllər yaranmışdı. Bu baxımdan həmin dövrdə Ağqoyunlu-Osmanlı-Avropa, Səfəvi-Osmanlı-Avropa iqtisadi və siyasi əlaqələrinin araşdırılması həmişə aktual olaraq qalır. Orta əsrlərdə Osmanlı imperiyasının iqtisadi sistemi, onun Avropa, Afrika və Şərq ölkələri ilə iqtisadi əlaqələrinə dair geniş tədqiqat işləri aparılmış, sanballı əsərlər yazılmış, nəşr olunmuşdur. Həmin əsərlərdən bir neçəsinə monoqrafiyada toxunulmuşdur. Lakin Azərbaycanın Avropa ilə ticarət əlaqələrinə, bu əlaqələrə Osmanlı imperiyasının təsirinə, Azərbaycan dövlətləri və Osmanlı imperiyası arasında baş vermiş ziddiyyətlərdə daha çox iqtisadi amilin qabarıq roluna indiyədək xüsusi tədqiqat əsəri həsr olunmamışdır. Nəşr olunmuş elmi əsərlərdə iqtisadi münasibətlər ya diplomatik əlaqələr kontekstində, ya Azərbaycanda şəhər həyatının tarixi baxımından işlənilmiş, ya da siyasi tarix məsələlərinə toxunularkən iqtisadi tarix problemlərinə də müəyyən qədər diqqət yetirilmişdir. Bu baxımdan tədqiq olunan "Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı-XVII əsrin I yarısı)" adlı monoqrafiya işi tarixşünaslığımızda mövcud olan həmin problemin həlli zərurətinin nəticəsidir. Bu dövrün öyrənilməsi Azərbaycanın iqtisadi əlaqələrinin, onun iqtisadi sisteminin və bunun nəticəsi kimi yaranmış diplomatik münasibətləri öyrənmək baxımından da aktualdır. Orta əsrlərdə istər Avropa ölkələrinin, istərsə də Osmanlı imperiyasının iqtisadi həyatına Azərbaycanın təsir dərəcəsi yüksək idi. Buna görə də həmin dövrdə Azərbaycan-Avropa ticarət əlaqələri ümumilikdə Qərb-Şərq iqtisadi münasibətlərinin əsasını təşkil edirdi. Təqdim olunan monoqrafiya həmin məsələlərin araşdırılması sahəsində ilk təcrübələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda dünyada baş verən proseslər Azərbaycanı yenidən ön sıraya çıxarmışdır. Azərbaycan Cənubi Qafqazda həm strateji, həm də iqtisadi cəhətdən mühüm rola malikdir. Sanki orta çağlarda yaşanmış hadisələr yenidən «təkrarlanır». Yəni, həmin dövrdə Azərbaycan bəzi dövlətlər üçün siyasi, bəzi dövlətlər üçün isə iqtisadi cəhətdən əhəmiyyət kəsb edirdi. Müasir dünya dövlətləri Azərbaycanla əlaqələr qurarkən onun enerji ehtiyaclarına öz diplomatiyalarında xüsusi diqqət yetirirlər. Hal-hazırda Azərbaycan Respublikası özünün iqtisadi potensialına görə beynəlxalq miqyasda tanınır və dünya ölkələrinin əksəriyyəti ilə geniş ticarət əlaqələrinə malikdir. Azərbaycan Respublikası öz tarixinin elə bir mərhələsindədir ki, tarixi gerçəkliklərin, xüsusilə orta əsrlər tarixinin ayrı-ayrı problemlərinin tədqiqi Vətənin dövlətçilik təməllərinin möhkəmləndirilməsi baxımından labüd və zəruridir.

Yuxarıda göstərilənlər siyasi müstəqilliyini bərpa etmiş dövlətlər, o cümlədən Azərbaycan Respublikası üçün elmi cəhətdən işlənib hazırlanmış sabit iqtisadi sistemin yaradılmasını və möhkəmləndirilməsini şərtləndirir. Bu mənada Azərbaycan Respublikasının xarici ölkələrlə, xüsusilə Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələri tarixinin öyrənilməsi aktuallıq kəsb edir. Bu cür əlaqələrin perspektivini isə yalnız tarixə nəzər salmaqla müəyyənləşdirmək mümkündür. Ticarət əlaqələri tarixinin öyrənilməsi həm də Azərbaycanın diplomatik münasibətlər tarixinin daha dərindən araşdırılmasına əlverişli zəmin yapadır. Bu isə bölgədə həlledici məntəqə rolunu oynayan Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.

Monoqrafiyann xronoloji çərçivəsində əsas diqqət tarixi proseslərin ardıcıllığını izləmək baxımından XV əsrin II yarısı-XVII əsrin I yarısında Azərbaycanın Qərbi Avropa ölkələri və Osmanlı imperiyası ilə ticarət əlaqələri və bu əlaqələrin Azərbaycan və Osmanlı imperiyası münasibətlərində oynadığıı rolun öyrənilməsinə yönəldilmişdir.

Tədqiqatın başlıca məqsədi XV əsrin ikinci yarısı–XVII əsrin əvvəllərində Azərbaycanda Ağqoyunlu və Səfəvi imperiyalarının Qərbi Avropa ilə ticarət əlaqələrini və onların Qərbi Avropanın iqtisadi və siyasi həyatında oynadıqları rolu, eyni zamanda həmin imperiyaların Osmanlı imperiyası ilə münasibətlərində başlıca amilə çevrilmiş iqtisadi münasibətləri, bu münasibətlərin Osmanlı-Qərbi Avropa iqtisadi əlaqələrinə həmin imperiyaların təsirini müəyyən etməkdir.

Buna görə də araşdırılan problemlə bağlı olan mənbələr və elmi ədəbiyyat təhlil olunmaqla qarşıya aşağıdakı konkret vəzifələr qoyulmuşdur:

- İlkin kapital yığımı dövründə Qərbi Avropanın Şərqlə iqtisadi münasibətlərini nəzərdən keçirmək;

- Nəzərdən keçirilən dövrdə Azərbaycanın dünyanın iqtisadi əlaqələrindəki rolunu müəyyən etmək;

- Osmanlılar Konstantinopolu fəth etdikdən (1453) sonra Qərbi Avropa dövlətlərinin bir-birinə əks olan düşərgələrə bölünməsində Azərbaycan amilinin rolunu göstərmək;

- Okean ticarətinə çıxışı olmayan Qərbi Avropa dövlətlərinin iqtisadi və siyasi, ticari münasibətlərində Azərbaycan amilini nəzərə çatdırmaq;

- Dünya tranzit ticarətində Azərbaycan ərazilərinin rolunu göstərmək;

- Orta əsrlərdə dünya ticarətinin başlıca məntəqələri olmuş Aralıq dənizi və Qara dəniz hövzələrində, Volqa-Xəzər marşrutunda Azərbaycan tacirlərinin rolunu göstərmək;

- Osmanlı imperiyasının Qərbi Avropa bazarları və Levant ölkələrinin ticarət mərkəzlərində oynadığı roluna nəzər yetirmək;

- Qərbi Avropanın həm siyasi, həm də iqtisadi həyatında Azərbaycanın tarixi rolunu diqqətə çatdırmaq;

- Qərbi Avropa dövlətlərinin müstəmləkəçilik siyasətinin tarixini və bu baxımdan onların Azərbaycana münasibətini, bu siyasətin inkişaf xəttini, nəticələrini izləmək.

Monoqrafiya işi yazılarkən qarşıya qoyulmuş məqsədə nail olmaq üçün tipoloji yanaşma metoduna üstünlük verilmişdir. Ticarət əlaqələrinin təşəkkülündə əsas istiqamətlərin müəy­yən edilməsi üçün problemə dair müxtəlif dillərdə yazılmış mənbələr, mövcud elmi ədəbiyyat araşdırılmış, müqayisə edilmiş, təhlillər aparılmış və elmi nəticələr irəli sürülmüşdür.

Tədqiq olunan mövzunun elmi yeniliyi aşa­ğıdakı məsələlərin həlli ilə müəyyənləşir:

- XV əsrin II yarısı – XVII əsrin I yarısında beynəlxalq ticarətdə Azərbaycanın özünəməxsus rolunun müəyyənləşdirilməsi;

- Tədqiq olunan dövrdə ipəyin, neftin və duzun dünya ticarətində başlıca əmtəələr olduğunun və bu əmtəələrin Azərbaycanda hasil və istehsal edildiyinin yeni faktlarla sübut edilməsi;

- Azərbaycanın Qərbi Avropa ilə ticarət əlaqələrində Trabzon və Bursa şəhərlərinin ticari əhəmiyyətinin yeni məlumatlar əsasında təsdiq olunması;

- Azərbaycanın «Böyük coğrafi kəşflər»ə qədər tranzit ticarətində önəm­li rola malik olduğunun yeni faktlar əsasında müəyyənləşdirilməsi və Osmanlı-Səfəvi siyasi və ideoloji münasibətlərində iqtisadi maraqların başlıca amil kəsb etməsinin əsaslandırılması;

- XV əsrin sonunda – XVI əsrin əvvəllərində baş vermiş «Böyük coğrafi kəşflər»in ardınca Qərbi Avropa dövlətlərinin müstəmləkəçilik ekspansiyası nəticəsində tarixin ümumdünya miqyası almasının, bu prosesdə Azərbaycanın fəal iştirakının yeni materiallar əsasında təsviri;

- «Böyük coğrafi kəşflər»dən sonra Qərbi Avropanın ticarət həyatında Azərbaycanın rolu və Avropa ticarətindən gələn gəlirlərinin mühüm hissəsini itirən Osmanlı imperiyasının Səfəvi dövlətinə qarşı yeritdiyi iqtisadi siyasətin yeni faktlarla əsaslandırılması;

- XV əsrin II yarısında - XVI əsrdə Avrasiyada baş vermiş iqtisadi - ticari proseslərin müqayisəli şəkildə təhlil edilməsi;

- Okean ticarətindən kənarda qalmış Qərbi Avropa dövlətləri ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin xarakterinin müəyyənləşdirilməsi;

- Xəzər dənizi vasitəsi ilə ticarətin Osmanlı-Səfəvi ziddiyyətlərində xü­susi əhəmiyyət kəsb etməsi və Osmanlı imperiyasının Qafqaz bölgəsinə münasibətdə iqtisadi siyasəti;

- Sultanların Osmanlı dövlətini ticarət imperiyasına çevirmək istəyinin və həyata keçirdikləri fəthlərin təsviri;

- Osmanlı imperiyasının Aralıq dənizi, Qara dəniz və Hind okeanı hövzələrində dəniz ticarətini ələ keçirmək cəhdinin təsviri;

- Ağqoyunlu-Osmanlı, Səfəvi-Osmanlı münasibətlərində Şərqi Anadolunun iqtisadi əhəmiyyətinin yeni materiallar əsasında nəzərə çatdırılması;

- Osmanlı imperiyasının iqtisadi sahədə güzəşt diplomatiyasının dövlətin həyatına təsirinin müəyyən edilməsi;

- Sultan I Səlimin Səfəvi dövlətinə qarşı tətbiq etdiyi iqtisadi qadağaların Osmalı imperiyasının iqtisadi vəziyyətinə mənfi təsirinin rəqəmlərlə əks etdirilməsi;

- Okean ticarətinə çıxış əldə etmək uğrunda Səfəvilər imperiyasının Qərbi Avropa dövlətlərinin maraqlarından istifadə etməsinin yeni elmi ədəbiyyat əsasında tarixşünaslıqda mövcud olan konsepsiyanın dərinləşdirilməsi, Şah I Abbasın dövründə Səfəvi-Qərbi Avropa ticarətinə dair yeni faktların üzə çıxarılması, Osmanlı imperiyasına qarşı yürüdülən iqtisadi qadağaların təsviri və dövlətin paytaxtının İsfahana köçürulməsində iqtisadi amillərin önə çıxmasının əsaslandırılması;

- Qərbi Avropa ölkələri ilə ticarət və siyasi maraqlar naminə Şah I Abbasın dövründə imperiya ərazisində etnik və dini münasibətlərdə tolerantlığın rəsmi dövlət siyasətinə çevrilməsi.

Monoqrafiva işi mənbə və ədəbiyyat əsasında Azərbaycan tarixinin nəzərdən keçirilən dövrünün tədqiqinə müəyyən elmi yenilik gətirməsi baxımından nəzəri əhəmiyyətə malikdir. Monoqrafiyada təqdim olunan faktiki mən­bələrdən və ədəbiyyatdan, sənədlərdən, bu materiallardan alınmış nə­ti­cə və ümumiləşdirilmələrdən dərsliklərin və dərs vəsaitlərinin tərtibində, həmçinin Vətən tarixi, Qafqazşünaslıq ixtisasları üzrə bakalavr və ma­gistratura kurslarının tədrisində istifadə oluna bilər. Monoqrafiyfdakı faktiki materiallardan dövlətçiliyin təbligi istiqamətində də istifadə etmək müm­kündür. Tədqiqat əsərində ticarət əlaqələrinin təşəkkülü və inkişafında əsas istiqamətlərin müəy­yən olunması üçün problemlə bağlı olan, müxtəlif dillərdə yazılmış mənbələr, mövcud elmi ədəbiyyat araşdırılmış, müqayisə edilmiş və məntiqi nəticələr izhar edilmişdir. Əldə olunmuş məlumatlar Azərbaycanın ərazi məsələlərinə aydınlıq gətirir, geniş iqtisadi, siyasi əlaqə və münasibətlərə malik olmuş Böyük Azərbaycan impreiyası haqqında aydın təsəvvür yaradır. Buna görə də Vətən tarixinin öyrənilməsi, Azərbaycan gəncliyində milli iftixar hissinin möhkəmləndirilməsi, milli dövlətçiliyin inkişaf etdirilməsi, tarixin acı gerçəkliklərinin təkrar olunmaması baxımından da təqdim olunan monoqrafiya işi müsbət rol oynaya bilər.

Monoqrafiya giriş, dörd fəsil, nəticə, istifadə olunmuş mənbə və ədəbiyyat siyahısından ibarətdir.

Girişdə mövzunun aktuallığı, onun elmi əhəmiyyəti, tədqiqatın məqsəd və vəzifələri, həmçinin tədqiqat işinin əməli əhəmiyyəti öz əksinin tapmışdır.

Birinci fəsil – “Mövzunun mənbələri və tədqiq olunma tarixi” adlanır. Burada mövzu ilə bilavasitə bağlı olan mənbələr haqqında mümkün qədər ətraflı məlumat verilmiş, Azərbaycan tarix elmində və xarici ölkələrin tarixşünaslığında mövzu ilə bu və ya digər şəkildə bağlı olan fikirlər nəzərdən keçirilmişdir.

İkinci fəsil – “XV əsrin II yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Osmanlı dövləti” adlanır. Bu fəsildə XV əsrin II yarısında Azərbaycanın iqtisadi həyatına toxunulmuş, Qərbi Avropa ölkələrinin Azərbaycanla ticarət əlaqlərinin xarakteri müəyyənləşdirilmiş və Azərbaycanın Osmanlı dövləti ilə münasibətlərində ticarətin rolunun əhəmiyyəti əksini tapmışdır.

Üçüncü fəsil – “XVI əsrin I yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Osmanlı imperiyası” adlanır. Bu fəsildə əsas diqqət XVI əsrin I yarısında Azərbaycanın iqtisadi baxımdan düşdüyü çətin duruma, Azərbaycan-Qərbi Avropa ticarət əlaqələrinə və Azərbaycan-Osmanlı ziddiyyətlərində iqtisadi amilin roluna yönəldilmişdir.

Dördüncü fəsil – “XVI əsrin II yarısında və XVII əsrin I yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə” adlanır. Bu fəsildə XVI əsrin II yarısı-XVII əsrin I yarısında Azərbaycanda yaranan iqtisadi-siyasi durum, Şah I Abbasın hakimiyyətə gəlməsi, Azərbaycanın qüdrətinin bərpa olunması, ticarət əlaqələrinin özündən əvvəlki dövrlərə nisbətən daha da inkişaf etməsi və Osmanlı Türkiyəsi ilə münasibətlər əksini tapmışdır.

Monoqrafiyanın sonunda tədqiqat zamanı əldə edilmiş nəticələrin xülasəsi verilmişdir.

Monoqrafiyanın yazılması və çapa hazırlanmasında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor O.Ə.Əfəndiyev başda olmaqla, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin əməkdaşlarının bir sıra qeyd və təklifləri nəzərə alınmışdır. Müəllif onlara, habelə dəyərli məsləhətləri ilə hər zaman ona yardım etmiş AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Y.M.Mahmudluya, onun rəhbərliyi altında olan Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Qədim Dünya və Orta əsrlər tarixi” kafedrasının əməkdaşlarına öz dərin minnətdarlığını bildirir.




I FƏSİL

MÖVZUNUN MƏNBƏLƏRİ VƏ TƏDQİQ OLUNMA TARİXİ
1.1.Mövzunun mənbələri

XV əsrin ikinci yarısı-XVII əsrin birinci yarısında Azərbaycanın Qərbi Avropa ilə ticarət əlaqələri və onun bu əlaqələr kontekstində Osmanlı imperiyası ilə iqtisadi münasibətlərinə dair etibarlı elmi mənbələrin sayı çox azdır. Azərbaycan ərazilərində mövcud olmuş imperiyaların süqutundan sonra həmin imperiyaların arxivlərinin müəyyən səbəblərdən saxlanılmaması onların iqtisadi həyatının öyrənilməsi istiqamətində tarixçilər qarşısında xeyli çətinliklər yaradır. Buna görə də Azərbaycan və İran tarixçiləri həmin dövrlə bağlı olan az saylı ciddi faktlara istinad edir. Bu faktların əksəriyyəti müxtəlif məqsədlərlə, müxtəlif zamanlarda Ağqoyunlu və Səfəvi imperiyalarının ərazilərinə gəlmiş avropalı «səyyahların» qeydlərindən, gündəliklərindən, əsərlərindən əxz olunmuşdur. Onların Ağqoyunlu və Səfəvi imperiyalarının ictimai, iqtisadi həyatına dair məlumatlarında təhriflərə də yol verilmiş, subyektiv fikirlər irəli sürülmüşdür. Çünki Ağqoyunlu və Səfəvi imperiyalarının iqtisadi, ticari potensialı onlarin iqtisadi, siyasi həyatında həyati və strateji bir məsələ idi. Buna görə də Avropa arxivlərində Ağqoyunlu və Səfəvi imperiyalarının iqtisadiyyatı ilə bağlı olan hesabatlar öz əksini tapmışdır. Bu cür materiallar Osmanlı arxivlərində də vardır. Lakin bizə məlum olan materiallar əsasında da ciddi elmi nəticələrə gəlmək mümkündür. Yəni, həmin dövrdə Ağqoyunlu və Səfəvi imperiyalarının ərazilərindən Avropaya doğru istiqamətlənmiş ticarət karvanalarının bir ildə etdikləri səfərlər, apardıqları yüklər barədə məlumat əldə etməklə müəyyən rəqəmlər ortaya qoymaq olar. Azərbaycan tarix elmindən fərqli olaraq Türkiyə tarixşünaslığı orta əsrlərin bu dövrü ilə bağlı daha ciddi mənbələrə istinad edir. Çünki Osmanlı arxivləri qorunub saxlanılmışdır. Həmin dövrlə bağlı olan Osmanlı sənədlərində iqtisadi məlumatlar özünün geniş əksini tapmışdır. Bunlar arxiv materialları, rəsmi məktublar və s. sənədlərdir. Onların da əksəriyyəti XVI və XVII əsrlərə aiddir. Adı çəkilən sənədlərdə Osmanlı-Səfəvi münasibətlərinə toxunulmuş, bəzilərində isə iqtisadi münasibətlər də qismən öz əksini tapmışdır. Qeyd edək ki, bu tipli sənəd və materiallar Avropa arxivlərində də mövcuddur. Bizim bütün bu sənəd və materialları nəzərdən keçirmək imkanmız məhduddur. Ona görə də bizdən öncə Ağqoyunlu və Səfəvi imperiyalarının tarixinin bu dövrünü araşdırmış tarixçilərin əsərlərindəki faktik materiallara və ölkəmizə gəlmiş səyyahların məlumatlarına istinad etdik. Bundan əlavə, Azərbaycan Respublikasının kitabxanalarında həmin dövrlə bağlı olan iqtisadi həyatı əks etdirən mənbələri, elmi ədəbiyyatı diqqətlə nəzərdən keçirdik. Marko Polonun (227; 273; 274), İ.Şiltbergerin (322 a), İ.Barbaronun və A.Kontarinin (170), Afanasi Nikitinin (255), Əbdürrəşid əl-Bakuvinin (6), Y.Streysin (299), F.Kotovun (232), Adam Olearinin (257; 258), J.Taverniyenin (129a), J.Şardenin (370a) qeydlərini, Venesiya səyyahlarının Səfəvi dövləti ərazisinə etdikləri altı «səfəri» əks etdirən əsəri (380), İskəndər bəy Münşinin (386) fəaliyyətini bizə çatdıran mənbələri bunlara misal göstərmək olar. Mənbələr içərisində ingilis səyyah-diplomatlarının «Moskva» şirkətinin Azərbaycan Səfəvilər imperiyası ilə əlaqələrini əks etdirən (155), «Don Juan» adı ilə Avropada məşhurlaşmış Oruc bəy Bayatın məlumatlarını (228), italyan tarixçisi Q.Berşenin çox çətin və bir o qədər də faydalı əməyini əks etdirən, mənbə səciyyəsi daşıyan əsərini xüsusi qeyd etmək lazımdır. Q.Berşenin əsərində (372) Venesiyanın Şərqlə ticarətinə dair məlumatlar da əksini tapmışdır. N.İ.Veselovskinin rəhbərliyi altında Rusiya arxiv sənədləri əsasında nəşr olunmuş üç cildlik (185; 186; 187), Azərbaycanın orta əsrlər üzrə görkəmli tarixçisi sayılan E.M.Şahmalıyevin rəhbərliyi altında çapdan çıxmış, orta əsrlərdə Azərbaycana gəlmiş xarici səyyahların məlumatlarını bizə çatdıran mənbə (279) də bu qəbildəndir. Bu baxımdan ən dəyərli mənbələrdən biri də V.Minorskinin rəhbərliyi altında nəşr olunmuş, səfəvilərin idarəçilik sistemini əks etdirən əsərdir (361). Nəzərdən keçirilən dövrə aid mənbələr sırasında M.A.Polievktovun (272), S.B.Aşurbəylinin (163) mənbəşünaslığa dair elmi məcmuələrdə nəşr olunmuş məqalələri də diqqəti cəlb edir. Bu məcmuələrdə Səfəvi dövlətinin iqtisadi həyatına aid olan, dövlətin xarici ticarətini rəqəmlərlə əks etdirə bilən çox vacib məlumatlar vardır. Bir sıra dəyərli mənbələr də vardır ki, orada Azərbaycanın iqtisadi həyatına dair məlumatlar da yetərincədir. Evliya Çələbinin (5), Davit Pyerin (32) və b. məlumatlarını əks etdirən mənbələr bu sıraya daxildir.
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə