Dİlavər miRZƏKİŞİ oğlu ƏZİMLİ



Yüklə 2.89 Mb.
səhifə4/14
tarix26.05.2017
ölçüsü2.89 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14


Orta əsrlərdə Avropa dövlətləri içərisində beynəlxalq ticarətdə öncə apracı mövqe Genuyaya və Venesiyaya məxsus idi. Beynəlxalq ticarətin mərkəzləri hələ XIII–XV əsrlərdən bu dövlətlərin əlində cəmləşmişdi. IV Xaç yürüşündən sonra isə Venesiya Adriatik və Egey dənizlərində mühüm məntəqələri ələ keçirdi. Venesiya gəmiləri Aralıq dənizinə, Atlantik okeanına çıxır, Qara dənizə və yenidən Aralıq dənizinə daxil olurdular (225, 3). Həmin dövrdə Venesiyanın təsərrüfatını xarici ticarətsiz təsəvvür etmək mümkün deyildi. Onun həyatında ticarətin rolu Lorenzo da Mokarinin xatirələrində çox gözəl əks etdirilmişdir: «Burada otlaqlar, çəmənliklər, üzümlüklər, əkin üçün tarlalar yoxdur, bunların əvəzində isə gəmilər şəxsi məqsədlərə xidmət edir, burada hər bir şey, hətta içməli su da pulla alınır» (298, 144–162). İtalyan şəhərlərində başlıca sənətkarlıq sahəsi toxuculuq idi. Bu sahə orta əsrlərdə İtaliyanın kiçik və iri şəhərlərinin iqtisadi inkişafında əvəzsiz rol oynayırdı (241, 333–334). Venesiyalılar çox qədimlərdən müsəlman ölkələri ilə ticarət edirdilər (298, 157). Özünün toxuculuq sənətini İtaliya vilayətlərində az miqdarda bitən pambıqla təmin edə bilməyən Venesiya bu məhsulun ən böyük idxalçısı idi. Öncə pambıq Kipr və Suriya vasitəsi ilə əldə edilirdi. XIV əsrin sonlarında isə bu məhsula tələbat artmağa başladı. Venesiya artıq bu dövrdə Şərqən pambıq gətirmək üçün hər il tutumu iri tonnajlarla ölçülən, çoxsaylı gəmilərdən ibarət olan karvanlar göndərməyə başladı. Buna «pambıq karvan»ı da («Muda dei cotoni») deyirdilər. Hələ XIII əsrdə ipək parçalar istehsalı İtaliyanın başlıca şəhərlərində inkişaf etməyə başlamışdı. Ölkədə yun istehsalı artırdı (241, 295–320). XIII–XIV əsrlərdə italyan tacir və səyyahlarına Mərkəzi İngiltərədən Qahirəyə qədər, Lissabondan Qafqaza kimi böyük bir ərazidə rast gəlmək mümkün idi. Bu zaman daha təcrübəli tacirlər Uzaq Şərqə, Mərakeşin qərb sahillərinə qədər gedib çıxırdılar (241, 333–334). Bütün bu səyahətlər və əlaqələr isə Avropa cəmiyyətində coğrafi bilgiləri dərinləşdirir, Qərbi Avropada Asiyanın, Şərqin öyrənilməsinin əsasını qoyurdu. Bu səyahətlərin əksəriyyəti ya Şimali Qafqazdan, ya da onun cənubundan keçirdi (272, 170–171). Buna görə də həmin səyyahların bəziləri Azərbaycan ərazilərində olur, onun iqtisadi həyatı haqqında məlumatlar verirdilər.

Hər bir dövrün münasibətlərinə toxunarkən həmin münasibətlərdə xüsusi yer tutan sahəyə daha çox diqqət yetirmək lazımdır. Çünki ticarətdə mühüm rol oynayan bu sahə həm də qarşılıqlı əlaqələrin xarakterini müəyyən edir. Yəni, alqı–satqı əlaqələrində əsas rol oynayan ticarət obyekti ictimai–iqtisadi əlaqələrdə ticarətin digər sahələrinin də inkişafına təsir edən şərait yaradırdı (225, 6; 176, 23; 285, 22–23). Həmin dövrdə də Qərbi Avropada daha çox ehtiyac duyulan, tələbat olunan məhsul ipək parçalar və xam ipək idi. Burada mühüm məsələlərdən biri də alqı–satqı əməliyyatlarında kimin satıcı, kimin kontragent (müqavilə üzrə müəyyən təəhhüd götürən şəxs və ya idarə) rolunda çıxış etməsi, ölkənin iqtisadi və ictimai vəziyyəti və ticarət sahəsində peşəkarlıq səviyyəsi önəmli rol oynayır (225, 6). Orta əsrlərdə bu sistem öncə italyan və Azərbaycan tacirləri arasındakı münasibətlərdə özünü biruzə vermişdir. Qara dəniz hövzəsinin ölkələri ilə ticarəti öz inhisarında saxlayan Genuya tacirləri bu dənizdən Azov dənizinə, oradan isə Don çayı ilə hərəkət edib Volqa çayına keçmiş və beləliklə, Xəzərsahili ticarət mərkəzlərində Genuya gəmiləri görünməyə başlamışdı. Bu maraqlı tarixi faktı Marko Polonun səyahətnaməsi də təsdiq edir. Onun məlumatları təsdiq edir ki, genuyalıların Xəzərsahili ticarət mərkəzlərindən alıb apardıqları məhsullar əsasən xam ipək və müxtəlif ipək məmulatı idi (17, 6–11). Orta əsr mənbələri sübut edir ki, Azərbaycan şəhərləri içərisində Təbriz şəhəri Yaxın Şərqdə XIII əsrin sonlarından XIV əsrin 40–cı illərinə qədər italyan ticarətinin başlıca mərkəzi olmuşdur. Təbriz şəhəri bu dövrdə bütün Yaxın Şərqdə bir çox əmtəələrin təyinatı üzrə mərkəz sayılırdı (225, 94-95). Təbrizdə sənətkarlığın xeyli inkişaf etməsi bu öncüllüyün başlıca səbəbi idi. Həmin dövrdə Təbrizdə istehsal olunmuş məhsullar yalnız Azərbaycanda və İranda deyil, Yaxın və Orta Şərqdə, Orta (Mərkəzi) Asiyada və Avropa ölkələrində şöhrət qazanmışdı (31, 50). Marko Polo Hülakülər dövləti kimi əzəmətli bir imperiyanın paytaxtı olmuş Təbriz şəhəri haqqında yazmışdır: «Təbriz böyük şəhərdir… Başqa şəhərlər və qalalar da çoxdur… Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur… Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan… və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər… Buradan qiymətli daş–qaş da alınır. Daş–qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər… Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur» (274, 25–26; 227, 60). Marko Polonun səyahətnaməsindən məlum olur ki, Azərbaycanda bağçılığın qədim tarixi vardır. İtalyan tacirinin bu məlumatını başqa mənbələr də təsdiq edir. Marko Polo orta əsrlərdə Azərbaycanda ənənəvi təsərrüfat sahəsi olmuş atçılıqdan və atların xarici bazara çıxarılmasından bəhs etmişdir (274, 27). O, Təbrizdən çıxan karvan yolları və bu yolların təhlükəsizliyinin təminatı haqqında da məlumatlar vermişdir: «Üzük kimi dövrələnən köçəri yolları iri karvan yolları ilə kəsişir; həmin yollar Avropaya məlum olmayan uzaq ölkələrə gedir. Qoşunlar müharibə günlərində də karvan yollarını qoruyurlar. Tacirlər müharibə edən ölkələrdən keçib gedirlər» (35, 11). Marko Polo venesiyalıların ipək ticarətindəki rolu barədə də qiymətli məlumatlar vermişdir: «Keçmişdə Romaya ipək romalıların tanımadıqları, «serlər»» adlandırılan xalqlardan və Hindistandan gətirilirdi. Bir girvənkə ipək bir girvənkə qızıla satılırdı. Ticarəti get–gedə venesiyalılar öz əllərinə alırdılar» (35, 14).

Venesiyalılar Azərbaycandan qayıdarkən burada istehsal olunmuş parça, qılınc və xəncər tiyələrini də alır, Volqaboyu ərazilərdə satırdılar (35, 34). XIV əsrin 20–30–cu illərində Təbrizdə olmuş avropalıların məlumatları da Təbrizin və ümumiyyətlə, Azərbaycanın beynəlxalq ticarətdə tutduğu mövqeyi müəyyən etmək üçün əhəmiyyətlidir. 1321–ci ildə İtaliyanın Perdenon şəhərindən Təbrizə gəlmiş Odorikin (1286-1331) məlumatları da bu sıradandır. O, göstərir ki, "Təbrizdə yaşayan xristianlar mənə dedilər ki, şahın bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının Fransadan əldə etdiyi gəlirdən çoxdur» (31, 62). 1332–ci ildə Təbrizdə olmuş ingilis səyyahı Mondevilson da Təbrizi «dünyanın ən böyük və əzəmətli şəhəri» adlandırmış, Təbrizdə yalnız ticarətdən əldə edilən gəlirin «ən zəngin bir xristian kralının bütün ölkəsindən aldığı gəlirdən çox olduğunu» bildirmişdir (31, 62).



Orta əsrlərdə beynəlxalq ticarət sistemində ciddi dəyişikliklər baş verdi. Bu isə nəhəng monqol imperiyasının və Hülakülər dövlətinin yaranması ilə bağlı idi. Beynəlxalq ticarətdə aparıcı mövqe Hindistan–Misir və Hindistan–Bağdad yolundan Hindistan–İran–Azərbaycan–Kiçik Asiya yoluna keçdi. Məhz buna görə də Təbriz XIII əsrin sonlarından - XIV əsrin əvvəllərindən karvan yollarının kəsişdiyi həlledici məntəqəyə çevrildi. Misir Məmlük sultanlarının ağır gömrük siyasəti, Avropa və Asiya arasındakı ticarət əlaqələrində Misir şəhərlərinin vasitəçi mövqe tutması italyanları yeni ticarət yolları axtarmağa vadar edirdi. İtalyanların «kəşf» etdikləri bu yol Təbrizdən keçir, Kiçik Asiya limanlarına (Təbriz–Bursa-Kostantinopol) çıxırdı. Bu yol ilə Asiya məhsulları Avropanın müxtəlif şəhərlərinə daşınırdı. Buna görə də XIII əsrin ikinci yarısından avropalıların Azərbaycana və ona qonşu olan dövlətlərə maraqları ciddi şəkildə artdı. Təbrizin ümümdunya ticarətində başlıca mərkəzə çevrilməsində məşhur fateh Əmir Teymurun (1336-1405) hərbi-siyasi fəaliyyətinin həlledici rolu olmuşdur. Bu baxımdan onun 1395-ci ildə Həştərxan, Saray və Azov kimi ticarət mərkəzlərini darmadağın etdirməsi xüsusilə diqqətəlayiqdir. Mənbə məlumatlarından bəlli olur ki, Əmir Teymur Şirvanda Şamaxı, Gilanda Lahican və Rəştdən dəniz yolu ilə Həştərxana nəql edilən xam ipək mənbələrini təkrarən Təbrizə yönəltmək məqsədini güdürdü. Əmir Teymurun Təbrizi təkrarən xam ipək və ipəktoxuma ticarətinin mərkəzinə çevirmək uğrunda fəaliyyəti nəticədə əski Təbriz-Kiçik Asiya yolunun canlanmasına rəvac verdi və Kiçik Asiya da bu fatehin nəzarəti altına düşdü (192, 5–17; 88, c.1, 274) .

Təbiidir ki, XIII əsrdən etibarən baş verən dəyişikliklər Venesiya və Genuya tacirlərinin Azərbaycanda möhkəmlənməsi üçün şərait yaratdı. Həmin əsrin 60–cı illərindən isə Aralıq dənizini Təbrizlə əlaqələndirən ticarət yolunda qızğın ticarətdə üstün mövqe əsasən venesiyalılara məxsus idi. Təbrizdə venesiyalıların karvansaraları vardı. Ticarət faktoriyasını konsul iki müşaviri ilə birgə idarə edirdi və onlar toxunulmazlıq hüququna malik idilər. Venesiyalılardan başqa Təbrizdə Genuya, Piza tacirlərinin və digər italyan şəhərlərinin də faktoriyaları var idi (225, 95–96). XIV əsrin sonlarında Venesiyanın beynəlxalq aləmdə üstünlüyü şübhə doğurmurdu. Venesiya qısa müddət ərzində ticarət imperiyasına çevrildi. Geniş ərazilərə malik olan bu imperiya strateji mövqeyə malik idi, Levant yolu istiqamətində yerləşirdi və mühüm ticarət əhəmiyyəti kəsb edirdi. Venesiya çoxlu yük gəmilərinə, qalerlərə (çoxavarlı gəmilərə), ticarət qalerləri sisteminə malik idi. Şərqdə Venesiyanın şərhədləri Polşa və Macarıstana çatmışdı, Balkanlardan keçib Konstantinopola çıxırdı. Şimal istiqamətində bu imperiyanın sərhədləri Adrianopola (Ədirnə) qədər uzanırdı. Bütün Avropa Venesiyadan asılı vəziyyətdə idi. Çünki Venesiya Aralıq dənizi hövzəsini, Konstantinopol da daxil olmaqla (1453–ə qədər) Qara dəniz hövzəsi ölkələrini illər boyu Qərbin xeyrinə istismar edirdi. Venesiyalıar Afrikaya, Qırmızı dənizə və İran körfəzinə gedən ticarət yollarını öz əllərində saxlayırdılar. Ədviyyatla, dava–dərmanla, ipəklə dolu karvanlar Levant limanlarına yönəlirdi: Qərb tacirləri həmin əmtəələri orada gözləməli olurdular. Bu sahədə vasitəçilik yalnız venesiyalılara məxsus idi (181, c.3, 116–121). Venesiyanın ticarət imperiyası olduğunu sübut edən faktlardan biri də onun ədviyyat bazarında olan çəkisi idi. Ədviyyat isə Avropada qızıldan qiymətli sayılırdı. Ədviyyat məhsulları içərisində istiot və zəncəfil xüsusi yer tuturdu. Məsələn, "Böyük coğrafi kəşflər"ə qədər orta əsrlərdə Qərbi Avropaya ixrac olunmuş ədviyyatın içərisində 83 %-dən 87%-ə qədərini istiot və zəncəfil təşkil edirdi. Buna görə də XIV-XV əsrlərdə istiot və zəncəfilin həcmi və qiyməti daim artırdı. Məsələn, 1382-ci ildən 1408-ci ilə qədər Qərbi Avropada istiotun qiyməti 25%, 1497-ci ildən 1503-ə qədər 41% qalxmışdı. Yalnız İsgəndəriyyədən (Misirdəki Aleksandriya şəhərindən-D.Ə.) istiotun 1382-ci ildə daşınmasının həcmi 153 tona, 1497-ci ildə isə 450 tona qalxmışdı. Bu illər ərzində zəncəfilin həcmi də 21 tondan 279 tona qalxaraq 12 dəfə artmışdı. Bu məhsulların hamısını isə Qərbi Avropaya Venesiya tacirləri daşıyırdılar. E.Aştorun məlumatlarına görə, XV əsrdə Venesiyanın Levantdan idxal etdiyi məhsulların ümumi məbləği hər il 500-600 min dukat təşkil edirdi. Venesiya Levanta böyük həcmdə ixrac da edirdi. XV əsrdə bu ixracın məbləği hər il təqribən 200-300 min dukata çatırdı. İxrac olunan məhsullar içərisində əsas yeri mis, qurğuşun, civə, dəmir, meşə materialları, yun saplar və digər sənətkarlıq məmulatı tuturdu. Venesiyadan ən çox mis ixrac olunurdu. Misin illik ixracı 40-70 min dukat məbləğində idi (1496-cı ildə 74,8 min dukat). Bu isə Venesiyadan ixrac olunan əmtəələrin 20-35%-ni təşkil edirdi. İxrac olünan ərzaq məhsulları içərisində isə mühüm yeri zeytun yağı tuturdu -13-20% (40 min dukat). Venesiya həm də Levanta qızıl pulların ən böyük ixracatçısı idi. Avropa ilə Asiya arasında ticarət dövriyyəsi artdıqca əlvan metalların Asiya ölkələrinə axını da artırdı (264, 183-184). Qərbi Avropa tacirləri Levantda baş verən ticarət əməliyyatlarında əsasən nağd pulla hesablaşırdılar (238, 237; 251, 33). Bu, onunla izah olunur ki, Şərq tacirləri əmtəə mübadiləsində daha çox nagd pula üstünlük verirdilər. Yalnız onu qeyd etmək kifayətdir ki, XV əsrin əvvəllərindən 1498-1500-cü illərədək Venesiyanın Levanta çıxardığı nağd pul hər il 300 min dukata çatırdı. İxracat 1500-cü ildən sonra xeyli azaldı. Bu isə portuqallar tərəfindən okean ticarəti yolunun açılması ilə bağlı idi (264, 185). Azərbaycan tacirlərinin də əsas beynəlxalq ticarət mərkəzi Levant idi. Onların Qərb ölkələri ilə ticarət əlaqələrindəki vasitəçiliyi də venesiyalılara məxsus idi. Şərqdə, o cümlədən Egey dənizi hövzəsində və Konstantinopolda çoxsaylı ticarət məntəqələrinə sahib olan Venesiya Respublikası müstəmləkəçi imperiyaya çevrilmişdi (298).

Venesiyanın ticarətdə hökmran mövqeyi ona böyük üstünlüklər verdi, bu dövləti müəyyən dərəcədə gələcək böhranlardan da qorudu. Məsələn, XVI əsrin I yarısında baş vermiş qlobal dəyişikliklər İtaliya dövlətləri üçün də böhran səciyyəsi daşıyırdı. Tədqiqatçıların fikrincə, Hindistana dəniz yolunun açılması, Aralıq dənizində Osmanlı hərbi-siyasi qüdrətinin artması, Avropanın digər dövlətləri ilə rəqabət, Avropanın mərkəzləşdirilmiş dövlətlərinin ölkələrin daxili istehsalına, ticarətinə himayəçilik sisteminə əsaslanan siyasəti, italyan bazarlarının kasadlığı İtaliyadakı dövlətlərə mənfi təsirini göstərdi. İtalyan dövlətlərində iqtisadi vəziyyətin ağırlaşmasında İtaliya müharibələri (1494-1559) də az rol oynamadı (284, 32). Məhz həmin dövrdə davam edən «İtaliya müharibələri» Fransanın xarici siyasətinin başlıca probleminə çevrilmişdi. Bu müharibələr Fransanın daxili həyatına da mənfi təsir göstərirdi. Məhz bu tarixi hadisə Avropada rəqabət səhnəsini genişləndirdi və baş vermiş rəqabət Fransa ilə Habsburqlar imperiyası arasında Böyük Fransa inqilabına (1789) qədər davam etdi (292, 141). Təbiidir ki, həmin rəqabət ümumavropa ziddiyyətlərin dərinləşməsində ciddi amilə çevrildi. Bu ziddiyyətlər İtaliyanın iqtisadi həyatında ağır izlər qoydu, lakin iqtisadiyyatda yaranmış müşkül vəziyyət İtaliya üçün süquta çevrilmədi. Bu hal işbazları yaranmış iqtisadi böhrandan çıxmaq üçün yeni yollar axtarmağa vadar etdi. Çıxış yollarından biri siyasət, diplomatiya sahəsində idi. Venesiya Respublikası beynəlxalq ticarət məntəqələrində əski rolunu qoruyub saxlamaq üçün «Osmanlı təhlükəsi»nə qarşı Avropada və Asiyada müttəfiqlər axtarmağa başladı. Ağır vəziyyətdən çıxışın digər bir yolu isə iqtisadi sahədə idi. Venesiya iqtisadi sahədə müəyyən üstünlükləri hələ də əlində saxlayırdı. Hətta XVI əsrdə də Venesiya Aralıq dənizində ən böyük ticarət imperiyası idi və bu hövzədə Portuqaliyanın ədviyyat üzərində inhisarının qarşısını alırdı. Venesiya Aralıq dənizinə yönəlmiş portuqal ədviyyat axınına da sahiblik edirdi (284, 32). Konstantinopolun və Qara dəniz sahillərinin Osmanlı türkləri tərəfindən tutulması, Misirdə Məmlük sultanlarının hökmranlığı Avropa ticarəti üçün «İtaliya yolunu» bağlamışdı. Doğrudur, ticarət davam edirdi və təbiidir ki, beynəlxalq həyatı ticarətsiz təsəvvür etmək qeyri-mümkün idi. Lakin Venesiyanın və digər italyan dövlətlərinin ticarətdəki əski sərbəstliyi artıq yox idi. İtaliya şəhərlərindən yalnız Genuya Levant limanları ilə birbaşa əlaqələrə malik idi. Müəyyən dərəcədə Venesiyanın beynəlxalq ticarətdən əldə etdiyi gəlirə də şərik idi. Lakin Avropa dövlətlərinin başçıları anlayırdılar ki, velə vəziyyət uzun müddət davam edə bilməz. Bu isə Konstantinopolun süqutundan sonra onların Hndistana dəniz yolu axtarmasına təkan vermiş ciddi amillərdən biri idi (199, 216). Yeni dəniz yollarının açılması qiymətli Şərq məhsullarının ticarət istiqamətini dəyişmişdi, lakin Suriya və Misir hələ də Qərbi Levant əmtəələri ilə təmin edirdi. Çünki Qərbin bir sıra dövlətləri üçün Levant ticarəti daha məqbul, mənfəətli idi (205, 129). Məhz buna görə də Portuqaliya tacirləri Hindistandan gətirdikləri ədviyyatın bir qismini Levanta ötürürdülər. Levantda isə ticarətə nəzarət Venesiyanın əlində idi (329, 26-41). Beləliklə, beynəlxalq siyasi münasibətlərdə baş vermiş dəyişikliklər Venesiya üçün mühüm idi. Avropadaxili hadisələr də onun taleyinə ciddi təsir göstərirdi.

«Böyük coğrafi kəşflər» nəticəsində Avropanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında böyük dəyişikliklər baş verdi. Avropa dövlətləri yeni güc mənbələri əldə etməyə başladılar. Lakin həmin dövrdən yüksəlişə başlayan dövlətlər arasında Venesiya üçün ən təhlükəlisi Osmanlı imperiyası idi. Venesiya rəhbərləri bu təhlükəni əvvəllər lazımınca qiymətləndirmirdilər. Çünki onlar Osmanlı imperiyasını təhlükəli hesab etmirdilər. Bu isə onunla bağlı idi ki, bu dövlət quruda mühüm ticarət yollarına malik olsa da, dənizlərdə Venesiya üçün təhlükə təşkil etmirdi. Lakin tezliklə Levant dənizlərində Osmanlı gəmiləri göründü. Osmanlı imperiyası quru ərazilərini ələ keçirdi, dənizləri əhatə etdi, əvvəlcədən həmin ərazilərdə öz hakimiyyətinin möhkəmliyini təmin etdi. 1453-cü ildə Konstantinopolun osmanlılar tərəfindən ələ keçirilməsi isə Avropa cəmiyyəti üçün «ildırım zərbəsinə» bənzədi. Dəniz yollarının kəsişdiyi mühüm məntəqə osmanlıların əlinə keçdi. Həmin tarixi məqamda Venesiya onun üçün həyati əhəmiyyət kəsb edən Konstantinopolun Osmanlı türkləri tərəfindən ələ keçirilməsinə mane ola bilərdimi? Tarixi gerçəklik sübut edir ki, Venesiya bu yöndə ciddi tədbirlər görmək istəmişdi, lakin artıq gec idi. Venesiya rəhbərləri tezliklə mövcud vəziyyətə alışdılar, osmanlılarla razılığa gəlməyi qərara aldılar. Çünki başqa çıxış yolu yox idi. Razılığın başlıca səbəbi isə Venesiyanın beynəlxalq ticarətdə vasitəçiliyi yenə də öz əlində saxlamaq istəyi idi (181, c.3, 134–135). 1454–cü ilin 15 yanvarında Osmanlı sarayına göndərilmiş Venesiya səfiri Bartolomeo Marçelloya Venesiya doju (orta əsrlərdə Venesiyada və Genuyada respublika başçısı) belə söyləmişdi: «Ən böyük arzumuz Osmanlı imperatoru ilə sülhə və dostluğa nail olmaqdır» (181, c.3, 134–135). Təbiidir ki, təminatlı sülh gələcək fəaliyyət üçün başlıca amildir. Venesiya doju da hesab edirdi ki, Osmanlı sultanı Avropa ilə öz imperiyası üçün böyük əhəmiyyət daşıyan mübadiləni qaydaya salmaq istəyirsə, Venesiya özünün vasitəçilik missiyası təklifini təqdim edə bilər. Maddi maraq Venesiyanı belə bir vəziyyətlə razılaşmağa məcbur edirdi. Həmin illərdə isə Osmanlı sultanı imperiyanın ərazilərini Avropaya doğru genişləndirirdi. 1475–ci ildə Krımda Kəfənın osmanlılar tərəfindən tutulması Qara dənizi Genuya və Venesiya ticarətinin üzünə bağladı. 1516-cı və 1517–ci illərdə Suriya və Misirin Osmanlı sultanı tərəfindən fəthi isə Levant ticarətinin qapılarının Avropanın üzünə tamamilə bağlaması demək idi. Osmanlı türklərinin fəthləri Venesiyanı böyük gəlir əldə etdiyi tranzit ticarətindən məhrum etdi. Məhz bu hadisələr nəticəsində bölgədə hökm sürən sabitlik pozuldu və birinci böyük Venesiya–Osmanlı müharibəsi (1463–1479–cu illər) başlandı (181, c.3, 134–135). İqtisadi maraqlar uğrunda başlanmış həmin müharibədə qələbə əldə etmək üçün Venesiya rəhbərləri Osmanlı imperiyası əleyhinə ittifaqın yaradılmasına cəhd etdilər. Bu müharibə Venesiya üçün ciddi əhəmiyyət kəsb edirdi. Çünki bu müharibədə bir ticarət imperiyası kimi onun taleyi həll olunurdu. Venesiya tacirləri Şərqdən aldıqları əmtəələrin yalnız cüzi bir hissəsini İtaliyaya aparırdılar. Onlar Avropanın hər yerinə səpələnərək nadir Şərq məhsullarını bir neçə qat baha qiymətə satıb külli miqdarda mənfəət əldə edirdilər. Şimali Afrika və Cənubi Avropa sahillərindən tutmuş İngiltərəyə, Şimali Almaniyaya və Flandriyaya qədər böyük bir məkanda Venesiya gəmilərinə, Venesiya tacirlərinə rast gəlmək olardı (305, 9; 278, 193). Avropanın təqribən bütün dənizsahili şəhərlərində Venesiyanın ticarət məntəqələri fəaliyyət göstərirdi (289, 110). Venesiya əhalisinin təqribən dörddə bir hissəsi ticarətlə məşğul olurdu. O zaman Venesiya «XIX əsrin əvvəllərindən 70–ci illərinədək Londonun Avropanın həyatında oynadığı rola» malik idi (301, 9). Venesiya Respublikası digər İtaliya şəhərlərinin də xarici ticarətində vasitəçilik edirdi. İtaliya toxuculuq manufakturalarının kəskin ehtiyac hiss etdiyi İspaniya və İngiltərə yununu ölkəyə məhz venesiyalılar gətirirdilər. İtalyan mahudunu, o cümlədən məşhur «Kremona parçalarını» da xarici ölkələrə Venesiya ixrac edirdi. Venesiya təqribən bütün İtaliyanı taxılla və duzla təmin edir, bu xarici ticarət məhsullarının satışını öz inhisarında saxlayırdı. İtaliyada (ümumiyyətlə Avropada) kəskin ehtiyac duyulan və baha satılan həmin məhsulları Venesiya Qara dəniz ticarətindən əldə edirdi. Duz ticarətinə nəzarət məqsədilə «Came ra dell Sale» («Duz ticarəti») adlı xüsusi orqan yaradılmışdı. Konstantinopolun «süqutuna» qədər Venesiya yalnız duz ticarətindən ildə 165.000 dukat gəlir əldə edirdi (241, 392–393; 26, 50–51). Beləliklə, Osmanlı türklərinin Qara dəniz və Aralıq dənizi hövzəsində möhkəmlənməsi Venesiyanın iqtisadi və siaysi hakimiyyətinə sarsıdıcı zərbə idi (341, 18-19). Osmanlı imperiyasının yaranma, təşəkkül və inkişaf tarixinə toxunmuş F.Brodel göstərmişdi ki, bu imperiya XV əsrdə Avropada «xristian dünyasına» qarşı əks qütb kimi dayanmışdı. Beynəlxalq aləmin ən böyük ticarət yollarının mərkəzində yerləşən bu imperiya ciddi gəlir mənbələrinə malik idi (181, c.3, 480-481). 1453–cü ildə Konstantinopolu ələ keçirmiş osmanlılar tezliklə bütün Qara dəniz hövzəsində möhkəmləndilər. 1461–ci ildə onlar Trabzon dövlətinin varlığına son qoydular. Qeyd edək ki, Trabzon Qara dəniz sahili şəhərlər içərisində özünün coğrafi mövqeyinə görə xüsusilə fərqlənirdi. Bu şəhər Qara dənizin cənub sahillərində əsas ticarət məntəqəsi sayılırdı. 1204–cü ildə Trabzon dövləti yaradıldıqdan sonra şəhər Kiçik Asiyada, Cənubi Qafqazda və Ön Asiyada beynəlxalq ticarətin mərkəzinə çevrilmişdi. Trabzondan başlanan quru karvan yolu Ərzurumdan Azərbaycana, İrana və Orta (Mərkəzi) Asiyaya, oradan isə Hindistana və Çinə uzanırdı. Digər quru yollar və dəniz yolları da öz əhəmiyyətini itirməmişdi. Buna görə də XIII əsrin ikinci yarısından genuyalılar və venesiyalılar Qara dəniz hövzəsinin şəhərlərində, o cümlədən Trabzonda özlərinin ticarət faktoriyalarını yaratdılar. Ticarətin inkişafı sürətləndi (286, 203). Trabzon kimi mühüm məntəqənin fəthi planları uzun müddət Osmanlı sultanlarının diqqət mərkəzində olmuşdur. Bu planlar elə bir dövrə təsadüf edirdi ki, Osmanlı imperiyasının genişlənən ərazisi və yaranmış beyənlxalq şərait yeni qələbələrin qazanılmasına zəmin yaratmışdı. Bu mənada coğrafi mühit ictimai qüvvənin yaşamasına və fəallaşmasına şərait yaradır (157, 235). XV-XVI əsrlər müsəlman hərb sənətinin əzəmətli dönəmlərindən biri olmuşdur. Eyni zamanda bu dövr islam dünyası üçün həm də faciəvi hesab oluna bilər. İslam dövlətləri arasındakı ziddiyyətlər tezliklə Ön Asiyanın təqribən minillik mədəni üstünlüyünə son qoydu və Qərbi Avropanın mədəni yüksəlişi layihəsi başlandı (174, c.6, 6). Bəzi tədqiqatçıların fikrincə, «XIV-XVI əsrlərdə Qərbi Avropa öz inkişaf sürətinə görə Şərqi üstələyirdi, lakin bu üstünlük o qədər də hiss olunmurdu» (348, 4). Bu fikirlərin müəllifi məşhur ABŞ tədqiqatçısı Paul Kennedidir. O, Fernan Brodeldən fərqli olaraq göstərir ki, 1500-cü ilə qədər dünyanın heç bir yerində Avropanın mədəni üstünlüyü nəzərə çarpmırdı. Hər iki müəllifin fikirlərinə hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, əslində XIV-XV əsrlərdə Qərblə Şərq arasında pozulan müvazinət məhz XVI əsrdən başlayaraq Avropanın xeyrinə dəyişdi. Çünki Avropa həyatı üçün mühüm olan "Böyük coğrafi kəşflər" baş verdi. Daha sonra isə Avropa iqtisadi və siyasi sistemində dəyşikliklər məhz bu əsrdən etibarən üstünlük qazandı, həmin dəyişikliklər isə Avropanın Şərqdən fərqli inkişaf yolunu müəyyənləşdirdi. Nəticədə qitənin bir guşəsində - Qərbi Avropada inkişaf etmiş cəmiyyətlər təşəkkül tapdı. XV əsrin sonlarına doğru Osmanlı imperiyası isə özünün ən güclü dönəmini yaşayırdı. 1475–ci ildə onlar Krıma, sonra isə Azova və onun ətrafındakı ərazilərə sahib oldular. 1484–cü ildə özlərinin fəthlərini genişləndirərək Qara dənizi «Osmanlı gölünə» çevirdilər. Osmanlılar bütün körfəzlərdə ciddi nəzarət qurdular, xarici gəmilərin Qara dənizə maneəsiz gəlmələrinin qarşısını aldılar, əcnəbi tacirlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq etdilər. Beləliklə, Şərq və Qərb qlobal qarşıdurmasında yeni bir mərhələ başlandı. Bu mənada Osmanlı türkləri müsəlman Şərqinin öndərləri rolunu öz üzərlərinə götürdülər (344, 57; 203, 67). XV əsr boyunca Osmanlı imperiyasının böyük hərbi, siyasi uğurlarını labüdləşdirən amil yeni siyasi nizam altında baş verən ticari, iqtisadi həyat və buna müvafiq olaraq artan dövlət gəlirləri idi (90, c.1, 90).

: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara


1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə