Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0.51 Mb.
Pdf просмотр
səhifə1/12
tarix24.06.2017
ölçüsü0.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

1

Herodot


TARİX

(Doqquz kitabda)

BİRİNCİ HİSSƏ

Bakı - 1998

Tərcümə edəni:

filologiya elmləri doktoru, professor PƏNAH XƏLİLOV

Redaktoru Azər Bağırov

Rəssamı Stanislav Şatikov

"Tarixin atası" sayılan Herodotun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədim

dünyanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından,

onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini öyrənmək baxımından da qiymətli

məxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), onların Azərbaycana gəlmələri, Azərbaycan ərazisində yaşamış qədim

qəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyət malikdir.

* * *


İçindəkilər

Tarixin atası bə biz

I Kitab   - KLİO

II Kitab  - YEVTERPA

III Kitab - TALİYA

IV Kitab - MELPOMENA

V Kitab  - TERPSİXORA

* * *


TARİXİN ATASI VƏ BİZ

Herodotun "Tarix"ini açan hər kəs birinci kitabın ilk sətrində iki ad görür: "Halikarnaslı Herodot..." Sonra bütün

"Tarix" boyu gah uzaq keçmişin o vaxta qədər qalan abidələrini öyrənən, keçmişlər haqqında birinci, ikinci, hətta

üçüncü dildən olaylar, əsatir, əfsanə, rəvayət, dastan və müdrik sözlər eşidən; gah da zamana hadisələrinin iştirakçıları

ilə görüşərək onların fikrini və xatirəsini dinləyən müəllifin hər şeyə açıq-aşkar, birbaşlı, qərəzsiz və ədalətli rəyini

sanki "eşidirik". İlk sətirdə nişan verilən müəllifin və onun doğulduğu şəhərin adına qalanda bu, o vaxtın dəbindən

gəlir.

Şərqdə məşhur şəxsiyyətlərin öz adından başqa təxəllüsü, künyəsi, atasının və oğlunun adı, hətta rütbəsi, fəxri adı



çəkildiyi kimi, yunan mənbələri də ən hörmətli, yüksək rütbəli şəxslərin öz adı ilə yanaşı çox vaxt onların əcdadının və

nəslinin də adını çəkmişlər. Ərəb dəbinə görə İlyas İbn Yusif Əbu Məhəmməd Şeyx (bəzən Həkim) Nizami Gəncəvi

sadalanması İlyas adlı şairin atasının, sonra oğlunun adını, şeyxliyini, təxəllüsünü, axırda doğulduğu şəhərin adını

göstərir. Yunan mənbələrində də şəxsiyyətin əsil-nəcabətini sadalamaqla yanaşı, doğulduğu yerin adını çəkmək dəb

olmuşdur. "Tarix"də üç halikarnaslı Herodot adı çəkilir, bunlardan birincisi müəllifin özüdür, o, Liksin oğludur.

Bu ilk nişanvermə dəbindən sonra "Tarix"in qalan səkkiz kitabının heç birində müəllif öz adını çəkməyi lazım

bilmir. Amma "mənim fikrimcə", "mənim təsəvvürümə görə", filankəsin "dediyinə", filankəslərin "mənə

çatdırdıqlarına", "özümün öyrəndiklərimə", "gördüklərimə görə" deyən Herodot "Tarix"in bütün şahidləri sırasında

apaydın "görünür. Allahlara səcdə edib, köylərin yerə-insanlara hökmünə, allahların iradəsindən asılı olmayan Taleyin

hökmünə, ilahi ədalətin tərəzisində ölçülüb-biçilən yaxşılığın və yamanlığın itmədiyinə, hər kəsin öz əməlinə görə

mükafatlandırılıb, ya da cəzalanacağına inanan, bununla belə, tarixə rasionalist düşüncə ilə yanaşan, tiranlıq dövrünü


2

keçib o zamanın şəhər demokratiyasının ləzzətini dadan ağıllı, hikmətli, geniş məlumatlı bir insan kimi görünür.

Duyma, qavrama səviyyəsindən, yaxşı adamlarla ünsiyyət qayğısının dərəcəsindən, keçmişin müdriklərinə hörmət

hissinin gücündən asılı olaraq 2500 il bundan qabaqkı adamın surətini hər kəs öz xəyalında eyni böyütmə Hünəri ilə

olmasa da, hər halda, əsrlərin sınağından çıxmış bir təmizlik və paklıq cilvəsində təsəvvür edə bilir. Tarixi-mədəni

xidmətlərinə belə rəğbətli gözlə baxan qədirbilən nəsillər üçün Herodot "Tarix"ində tez-tez işlənən "barbar" sözü,

xüsusən, ellin olmayan xalqlar və uluslar üçün heç də ağır gəlmir, çünki mətndəki bu söz azad bir ölkəni qul etmək

üçün ona qarşı zor və silah işlədən işğalçı, vətən torpağını tapdayan düşmən, daha açığını desək, yadelli təcavüzkar

mənasında işlənmişdir. Herodot pelasqlarla qaynayıb-qarışan, yalnız bu qarışmadan sonra möhtəşəm olub, həm də

mədəniyyət aləmində böyük addımlar atan yunanların dili ilə danışanda qaynayıb-qarışmazdan qabaqkı pelasq dilini də

barbar dili adlandırmışdır. "Barbar", yəni yunanlar üçün qabaqlar yad olan qəbilə, "barbar dili", yəni, bu yad tayfanın

dili mənası daşımışdır. Bir-biri ilə vuruşan Ellada elləri-ulusları da bir-birinə barbar-özgə ulus, özgə tayfa gözü ilə

baxırlar. Dövrünün demokratiya qurumu, xalqların azadlığına hörmət və qarşılıqlı rəğbət arzusu və idealı baxımından

Herodot Assuriyanın Asiyada surən beş yüz illik əsarətinə son qoyaraq, bu regionda ilk dəfə azadlıq bayrağını qaldıran

midiyalıları sevinclə alqışlamış və eyni sevinclə də öz ölkəsinin qeyrətli vətəndaşı kimi Elladanın istiladan yaxa

qurtarması ilə öyünmüşdür. "Tarix"in "Dinclik şəraitində oğullar ataları, müharibə şəraitində atalar oğulları dəfn

edirlər" hikməti bir xalqın, elin, ulusun deyil, bəşərin təcrübəsinə arxalanan müdrik sözdür və bu söz xalqların

qəhrəmanlıq dövrünü halikarnaslı Herodot "Tarix"indən xeyli qabaq və xeyli sonralar əks etdirən dünya şöhrətli

dastanlarla səsləşmişdir: Homerin "İliada"sında igid oğul Hektorun öz atası Priamı dəfn etməsi təbii qanunauyğunluq

olardı, amma beli bükülmüş ağsaqqal Priam meyiti təhqir olunan oğlunun dalınca "qatilin" çadırına gəlib meyiti

ləyaqətlə dəfn etmək üçün ona yalvaranda bu mənzərə oğul itirmiş dərdli atanın yazıqlığını, əlacsızlığını, alçalmaq

məcburiyyətini bütün faciə ağırlığı ilə göstərən bəşəri bir müsibət kimi "qətilin" özünü-Axillesi də göz yaşlarına qərq

edir, onun ovuna bilməyən sərtləşmiş ürəyini yumşaldır. Axilles Priamın timsalında öz atasını gözünün qabağına gətirib

təsəllisiz qalacaq bu qocaya ağlayır, öz qismətinə ağlayır və ağladıqca dostunun ölümü üçün Hektordan aldığı amansız

intiqamı dərinləşdirmək qəzəbindən uzaqlaşır, insanlaşır. Axilles qəhrəmanlıq dövrünün bütün igidliyi, şücaəti,

vətənpərvərliyi ilə yanaşı, bu dövrün müsibətini, fəlakətini, əvəzsiz itkilərini dərk edir. "İliada"nın dünyada analogiyası

kimi şöhrətlənən "Mahabharata" dastanı da belədir və orada da ataların oğulları dəfn etməsi bəşərin iradəsindən sanki

kənar olan amansız Tale hökmü kimi faciə dərinliyi ilə açılmışdır.

Herodot Elladanın da, Asiyanın da adlı-sanlı hökmdarlarını iki zidd görüş, iki həyat tərzi, insanın, cəmiyyətin və

dövlətin taleyinə iki baxış məngənəsinə salıb onları sanki sınaqdan keçirməyə, kimin tarixdə necə iz qoyduğunu

müqayisəli göstərməyə, kimin rəhmət, kimin lənət qazandırını onların əməllərində açaraq oxucularını (hər kəsdən

qabaq öz ölkəsinin kübar cəmiyyətini) düşündürməyə, tarixdən ibrət götürməyə çağırmaq istəmişdir (əlbəttə, çılpaq

didaktikadan uzaq olmaqla). Farslardan öz şahlarını necə qiymətləndirdiklərini soruşanda onlar fars dövlətini yaradan

Kambis oğlu Kuruş şahı el atası, onun oğlu Kambisi dövlət ərbabı, I Daranı isə alverçi kimi xatırlayırlar. Farsların

gözündə Kuruş farsların şöhrəti, yaxşı dolanışığı, şərəfli adı üçün qayğı göstərən bir atadırsa, Dara istila etdiyi bütün

ölkələri satraplığa bölərək hər satraplıqdan vergi aldığına görə alverçidir; ələ keçirdiyi sərvət, Hədiyyə, qullar,

cariyələr, nökərlər onun gözünü qamaşdırır. Fars xanədanını Kuruşla başlayan Herodotun müqtədir bir ədib kimi əsərin

kompozisiya baxımından sonuncu kitabının son sözlərini də Kuruşun farslara vaxtı ilə verdiyi öyüdlə tamamlaması

təsadüfi deyil. Əsərin finalındakı bu xatirədə Kuruş farsları özlərinin kiçik torpağına, bəhərsiz-bərəkətsiz olan vətəninə

bağlanmağı, onu buraxıb firavanlıq üçün kənara getməməyi məsləhət görür. Belə bir məsləhəti sonralar türk

hökmdarının Orxon-Yenisey abidəsindəki yazıda görürük.

Şah sarayında əsil-nəcabətli adamlardan ikisinin-Daranın qardaşı Güştəsp oğlu Artabanla Daranın kürəkəni Qobri

oğlu Mərdonini üz-üzə qoyub, birincini açıq ürəkli, açıq sözlü, haqpərəst və şah Kserksi müharibədən çəkindirməyə

çalışan nəcib insan kimi, ikincini cavanlığına salıb mənəmmənəmlik iddiası ilə hər şeydə farsın üstünlüyünə inamla

meydana atılan və igid qəhrəman olsa da, tarixin gedişini görə bilməyən məhdud düşüncəli bir şovinist kimi

ümumiləşdirəndə Herodotun onları qəsdən üzləşdirdiyi adamın ağlına gəlmir. Bu, faktların özündən çıxan hikmətdir,

ibrət dərsidir.

Midiyada da belədir. Kiaksar el atasıdırsa, onun oğlu Astiaq (Herodotun şəxsi mülahizəsinə görə) kobud, intiqamçı

olub xalqı, kübarları yola vermədiyinə görə taxt-tacı itirən bir hökmdar timsalıdır. Kiaksar zamanın dəbinə görə həm də

ədalət məhkəməsi qurarmış, şikayətləri yazılı alıb, onlara yazılı cavab göndərərmiş. Astiaqda ədalət məhkəməsindən

əsər-əlamət görünmür və atanın sayəsində qazanılmış azadlıq oğlun vecsizliyi, xüsusən sayğısızlığı nəticəsində əldən

çıxır. Bu ata-oğul timsalında atalar demişkən, oddan kül törəyir.

Bu müqayisə "Tarix"in minillikləri əhatə edən doqquz kitabında cəmi dörd qadın hökmdarın ağıl, mərifət, ləyaqət,

hünər, mərdlik timsalı kimi verilməsində də açıq görünür. Bu qadınların ikisi Babil, biri massaget, biri də yunan

hökmdarıdır. Dördü də kişilərdən üstün tutulur, hərəsi özünə məxsus nəcibliyi ilə fərqləndirilir. Massaget hökmdarı

Tomiris al dillə ona yaxınlaşan şahı rüsvay edir, onu ölkə basmaqdan çəkindirməyə çalışır, müharibə labüd olanda şahı

mərdanə vuruşmağa çağırır; şah hərbi hiylələrə əl atıb dul qadını aciz sayanda o, qana susamış şahı qanla

doyduracağına and içib ədalət qılıncını qından çıxarır. Müharibənin nəticəsi hər iki tərəf üçün, hər iki ölkə hökmdarı

üçün ağır və ibrətli olur: Tomiris yeganə oğlunu itirir, Kuruşun meyiti düşmən torpağında qalır, hər iki tərəfdən qan su

yerinə axıdılır. İstər Araz qırağında massaget hökmdarı Tomiris olsun, istər Babildə çayları ram edib, qalalar,

möhtəşəm şəhərlər saldıran hökmdarlar olsun, bunlar qandan-qadadan, zorakılıqdan, kütləvi insan tələfatından uzaq

olan bir cəmiyyətdə hər xalqın öz dəbi ilə azad ömür sürməsi siyasəti yeridirlər. "Tarix"in burada da didaktikası varsa,

o, öz-özünə, hadisələrin gedişindən doğur. Bununla belə hər ölkənin, hər hökmdarın, hər qəhrəmanın əvvəlini-axırını

göstərən süjetlər nə qədər təbii, tarixən gerçək olsalar da, istər-istəməz müəllif didaktikası tarixə onun öz münasibətini



3

əks etdirən ədəbi-bədii nəsr nümunələri kimi qiymətlidir. Buna görə Herodot zamanəsinin qüdrətli ədibi kimi tanınır.

"Tarix"ə qulaq asan Afina kübarları Herodotu mükafatlandıranda əsərdəki yeniliklərdən başqa, tarix yazan bir ədib

kimi onun üslub gözəlliyini, mətnaltı fikir söyləmək qüdrətini də nəzərə almışlar. Bir şəhərdə dərin rəğbət qazanan

Herodot başqa yerlərdə, əksinə, narazılıq oyatmışdır. Onu ancaq üslub gözəlliyi pərdəsi altında gizlənən yalançı, hər

eşitdiyi söz-söhbəti tarix kimi qələmə verən böhtançı sayanlar az olmamışdır. Herodotun xidmətinə bu ikili münasibət

Siseronun onu tarixin atası adlandırmasından sonra da qalmışdır.

Herodotun dövründə (e. ə. V əsrdə)1 dünya coğrafiyası haqqında biliklər məhdud olduğu kimi, "Tarix" müəllifi də

dünya coğrafiyası haqqında tam dolğun fikir söyləyə bilməmişdir. O, Hindistanı Asiyanın şərqində məskunlaşan və

əhalisi ən çox olan ucqar ölkə saymış, ondan şərqə doğru torpaqları qumsallıq və səhra hesab etmişdir. Onun qəti

qənaəti belədir: "Axı, haqqında müəyyən məlumatımız olan hindlilər şərqi Asiyanın gündoğarında tanıdığımız bütün

xalqlar arasında birinci xalqdır. Belə ki, Hindistandan şərqə doğru qumsallıqlar və çöllər uzanır" (III, 98). Herodot

Asiyanın cənubunda Ərəbistanı (III, 107), Afrikada Efiopiyanın cənub-qərbini (III, 114) məskunlaşmış ən ucqar ölkə

və bölgələr kimi tanımışdır. Avropanın şimal-qərbinə gələndə, mütəxəssislərin dediyinə görə, Herodot Po və ya Visla

çayından şimaldakı bölgələri tanımamışdır. O, Avropanın qərbindəki ən aralı (ucqar) ölkələr haqqında "heç bir

müəyyən məlumat verə bilməyəcəyini" (III, 115) bildirmişdir. Onun etirafı belədir: "Axı, barbarların Eridan2

adlandırdıqları və Şimal dənizinə tökülən... çayın olduğuna inanmıram. Eləcə də, bizə qalay gətirilən Kassiterida3

adalarının doğrudan da olduğu haqqında heç nə bilmirəm. Axı, Eridan sözünün özü barbarların deyil, ellinlərin

sözüdür, onu hansısa bir şair uydurmuşdur. O biri tərəfdən, bütün səylərimə baxmayaraq Avropanın şimalındakı bu

dənizi görənlərin heç birindən heç bir təfsilat öyrənə bilməmişəm (III, 115).

Bu coğrafi məhdudluğuna baxmayaraq, Herodot tanıdığı və öyrəndiyi üç qitənin xalqları və ulusları haqqında,

ölkələrin ərazisi, təbii şəraiti, iqlimi, coğrafiyası, ticarət əlaqələri, qarşılıqlı münasibətləri, mədəniyyəti haqqında

tarixşünaslığın əsaslarını təşkil edən zəngin bilgi vermişdir. Bu bilginin müəyyən qismi yazılı məxəzlərə, bir qismi

şifahi rəylərə, xatirələrə əsaslanmışsa, müəyyən qismi də Herodotun özünün tarixşünaslığa gətirdiyi yenilikdir. On il

səyahətə çıxıb Misirdə, Evksin Pontu (Qara dəniz) sahillərində dönüb-dolaşması, şəxsən gördüklərini, eşitdiklərini

təsvir edib ümumiləşdirməsi, Elladaya qayıdanda oranı da gəzməsi, Afinada yaşaması, Furiya koloniyasının əsasını

qoyub oranın vətəndaşlığını qazanması və buna görə də furiyalı kimi xatırlanması Herodotu yalnız uzaq və yaxın

keçmişlərin deyil, öz dövrünün də tarixini yazan müqtədir ədib kimi şöhrətləndirmişdir. Mütəxəssislər onun öz gözləri

ilə görüb canlı şahid kimi təsvir etdiyi etnoqrafik oçerklərdə faktik səhvlərin son dərəcə az olduğunu təsdiq edirlər.

Mütəxəssislər Herodotun tarixə gətirdiyi bir sıra yenilikləri xüsusi fərqləndirmişlər. Bu yeniliklərdən biri Kaspinin

qapalı göl olması fikridir. Yalnız eramızın II əsrində K. Ptolomey həmin fikrə gəlmişdir.

Skifiya (İskit Eli), demək olar ki, bütövlükdə Herodotun kəşfi sayılır. Herodotun xələflərindən heç kəs İskit Elini bu

genişlikdə, bu problemlər dairəsində əhatə etməmiş, onun oçerklərinə mühüm yenilik artıra bilməmişdir. Arxeoloji

qazıntıların Altayda üzə çıxardıqları yadigarlar Herodotun İskit Elinə dair bir çox məlumatının izlərini saxlamaqdadır.

Herodotun Asiya ilə Afrika qitələrinin sınırları haqqında özünəqədərki fikirlərə iradlar tutması, Nilin dənizə tökülən

yerini nə Asiya, nə Afrikaya qatmayıb müstəsna coğrafi zolaq sayması, onun Nil çayı mənbələri, Nil sularının

qabarması və çəkilməsi səbəbləri haqqında mülahizələri də təzə elmi şərh sayılır. Misirlilərin allahlar panteonu

baxımından Ellada mifologiyasına təsiri haqqında Herodotun gətirdiyi faktlar mübahisə doğursa da, maraqlı və

xeyirlidir. Herodot, indi nümunələri qalmayan mis üstündə döyülmüş çox qədim xəritə əsasında Kiçik Asiyanın

qərbindən Sus şəhərinə aparan bir yolun keçdiyi yerləri, yol boyu qurulmuş dayanacaqları konkret ölçüləri və relyefləri

ilə elə təsvir etmişdir ki, buna baxanda ölkələrin sınırlarını konkret müəyyənləşdirmək olur. Ümumən yollar, keçidlər,

gədiklər, cığırlar, körpülər haqqında məlumat "Tarix"də heyrətamiz dərəcədə zəngin və aydındır. "Tarix" bu baxımdan

ticarət əhəmiyyətli məxəzləri kölgədə qoymuşdur. Herodot bulaqların, kiçik və böyük çayların, gölməçə və göllərin,

körfəzlərin, məşhur dənizlərin, okeanların sözlə xəritəsini çəkmiş, çox vaxt çayların mənbəyini, axarını, töküldüyü

sututarları, onların gəmiçiliyə yarayıb yaramadığını, bir təbii sərvət kimi ölkələrə gətirdiyi xeyri, əhalinin güzəranında

əhəmiyyətini, dənizlərin enini və uzununu (müəyyən səhvlər buraxsa da) öz ölçüləri ilə tanıtmışdır. Herodot, hər

ölkənin flora və faunasını da geniş, təfsilatlı şəkildə qələmə almışdır. Bunun özü də "Tarix"də xüsusi mövzu kimi

fərqləndirilə bilər, "Tarix"də bəhs olunan ölkə və dövlətlərin, xalqlar, uluslar, qəbilələr, tayfalar, hökmdarlar,

sənətkarlar, alimlər, filosoflar, şairlər və müdriklərin, memarlıq və incəsənət abidələrinin, allahlar, yarımallahlar,

ilahələr və əsatiri obrazların; etnoqrafik terminlərin; məişət ləvazimatı, cavahirat, bərbəzək əşyaları, geyimlər, silahlar,

təsərrüfat alətlərinin və s. adların ayrıca göstəricisi şərhi verilsə bunun özü də bir tanıtma üsulu kimi Herodot

tədqiqatının ensiklopedik əzəmətini təsəvvürə gətirməyə kömək edər. Məhz dünyanı əhatə etmək, dünya xalqlarının

tarixini o vaxtlar hələ şaxələnməmiş elmlər, biliklər baxımından ensiklopedik əzəmətlə işıqlandırmaq meyli və

təşəbbüsü Herodot "Tarix"ini Fars-Ellada müharibələri çərçivəsində məhdudlaşdıranların rəyini heçə çıxarmışdır.

Herodotu tarixin atası kimi indi daha dərindən tanıyan, yeni kəşflər əsasında daha əsaslı dəlillərdə onu böhtanlardan

qoruyub bəraət verən mütəxəssislər "Tarix"in dünya əhəmiyyətinə xüsusi qədir-qiymət qoyurlar. Hər xalq, hər ölkə

orada öz keçmişini görüb onu əzizləyir və öyrənir. Kim ona daha obyektiv yanaşıb, daha qərəzsiz şərh edə bilirsə,

qədim həqiqətə bir o qədər yaxınlaşır. Bu baxımdan dünya alimləri sırasında türk xalqları, onların sırasında bizim

xalqımız üçün "Tarix"in müstəsna əhəmiyyəti vardır. Türk xalqlarının mütəxəssisləri Herodot "Tarix"indən İskit Elinin,

sakaların, massagetlərin haqqında verilən bütün məlumatı-onların ölkələrini, inanclarını, allahlar panteonunu, mənşəyi

haqqında əfsanə və rəvayətlərini, əfsanə adı ilə qələmə alınmış tarixi qəhrəmanlıq dastanlarını, başqa xalqlarla

əlaqələrini, Daranın təşkil etdiyi satraplıqlardakı yerlərini, Kserksin piyada və atlı qoşununda iştirakını və s. dəqiq

müəyyənləşdirib, "Tarix"dəki məlumatı assur, fars yazılarındakı, Bibliyadakı və sonrakı Urartu (Biayn) mənbələrindəki

məlumatla müqayisəli şəkildə, kompleks halında öyrənməyincə, gəldikləri nəticələri sistem halında ən etibarlı



4

səviyyəyə qaldıra bilməyəcəklər. Herodotu incəliklə öyrənmədən, onun verdiyi məlumatı başqa məxəzlərlə

əlaqələndirmədən, tutuşdurmadan türk xalqlarının qədimliyini təsdiq edən, amma son vaxtlar gözdən salınıb elmi

ədəbiyyata, demək olar ki, çox az cəlb olunan mənbələri bərpa etmək də çətin olacaqdır. Keçmişdə ən yaxşı tarixçilər

ən vacib olan tarixi sənədlərə üstünlük verməklə yanaşı, dilçiliyin, ədəbiyyatşünaslığın, memarlığın, etnoqrafiya və

coğrafiyaşünaslığın, sənətşünaslığın nailiyyətindən istifadə etmişlər. İndi sinkretik vəhdətdən qopub müstəqilləşən və

genişlənərək dərinləşən bu elm sahələri öz səylərini birləşdirməyə o qədər qəti addım atmadığından onların uğurları

səpələnmiş halda qalır. Son illərdə türklərin etnogenezi mövzusunda yazılmış bəzi kompilyativ əsərlərin müəllifləri

Herodot "Tarix"indəki bir sıra xalqların fars dilli, fars mənşəli olduğunu iddia edən mənbələri gen-bol nümayiş etdirib,

həmin xalqların türk mənşəyini göstərən mənbələrin adına belə etinasız yanaşır və rusdilli oxucuya ünvanlanmış

çoxtirajlı yazılarında yanlış, qərəzli mövqe tuturlar. Biz "Tarix"də Herodotun fars mənşəli, fars dilli xalqlar və uluslar

kimi tanıtmadığı iskitləri, ümumi saka adı altında verdiyi apasaqları, ortokoribanları, massaqları, "şişpapaqlı" Amırgey

sakalarını türk qəbilələri və ulusları kimi tədqiq etmiş mənbələri bərpa etməliyik. Herodot Kserks ordusunun piyada

qoşunundakı xalqları və ulusları sadaladıqdan sonra atlı qoşundakı xalq və ulusları sayır. Farslar başda olmaqla

onlardan sonra cəmi səkkiz xalq və ya qəbilənin adı çəkilir: midiyalılar, hindlilər, baktriyalılar, kaspilər, liviyalılar,

parikanlar, ərəblər və saqarlar (II, 86)). Müəllif açıq yazır: "yalnız təkcə bu xalqlar süvari qoşunda qulluq etmişlər"

(VII, 87). Doqquz etnik tərkibdən farsları qabağa çəkən Herodot əsərin bu yerində yalnız saqarların mənşəyindən və

dilində" xüsusi danışmağı lazım bilir. "Bunların (süvarilərin-P. X.) arasında saqarlar adlanan bir qəbilə də var. Bu,

mənşəyinə və dilinə görə fars ulusudur, ancaq geyimləri yarı fars, yarı pakti geyimidir" (VII, 85), Herodot qalan yeddi

xalq və ulusun mənşəyindən və dilindən söhbət açmayıb tək bir qəbilənin fars mənşəli və fars dilli olduğunu xüsusi

vurğu ilə söyləyirsə, demək, süvarilərin qalan yeddi xalqının heç biri fars dilli və fars mənşəli deyilmiş.

İkinci fakt. Tanınmış bəzi midiyaşünaslarımız I Daranın qayaüstü yazılarında və Herodot "Tarix"ində saka

tayfalarından ortokoribanların adının fars sözü "tiqrahauda"dan tərcümə edildiyini iddia etmişlər. Dərhal suallar doğur:

kim tərcümə etmişdir və hansı dilə tərcümə etmişdir? "Tarix" müəllifi bir tərcüməçi kimi nəzərdə tutulursa yeni sual

doğur; Herodot hansı dilə çevirmişdir? Herodotun doğma yunan dilində belə söz yoxdur. Bəs, Herodot "ortokoriban

sözünü hansı dildən götürə bilərdi, bu sözdən hansı xalqın etdiyi tərcümə kimi istifadəni özü üçün zəruri sayardı?

Cavab öz-özünə gəlir: "ortokoriban" ancaq sakaların dilində işlənən sözdür! "Tiqrahauda"-şişpapaq (bəlkə də

hulləpapaq) kimi tərcümə edilmiş söz isə fars sözüdür: "tiqrahauda" tərkibi; yəqin, "tiq"-ox sözündəndir. "Dəclə"

çayının "Tiqr" adı ilə də tanınmasını "tiq"-ox kimi düz axıb gedən çay sayanlar var. "Ortok-oriban" sözbirləşməsi

tərkibində Herodotun bizə çatdırdığı məna isə iki cur yozula bilər: 1. "ortası hündür" papaq. 2. Sözü bircə səsin

tələffüzü ilə fərqləndirib, "ortok-ari-ban" şəklində oxunmaq səlahiyyəti doğru olsa, onu "ortası təmiz (ar) və hündür"

papaq mənasında yozmaq mümkündür. Elə Herodot özü də bu sakaların papağının ortası qatlanmayan və hündür

papaqlar kimi təsvir etmişdir. Kimmerilərin bizə gəlib çatmış şəkillərindəki papaqlar da belədir. Bu izahdan sonra yenə

sual doğur: kim, kimdən tərcümə etməli idi? Tabe etdiyi qəbilə və xalqların adını daş üstündə yazdıran şahın mirzələri,

öz adını farsların dilində eşidən sakalar, yoxsa Herodot" Herodotun tərcümədə əli olmamışdır. Onun üslubunu bilirik:

bir sözün mənasını açan kimi onu hansı dildən götürdüyünü dərhal bildirir: "eoropat" yəni, "eor-ər (kişi), "pata",-

öldürən (ər öldürən, kişi öldürən, yəni amazon); "eksampey" sözünün, Kserks və Artakserk adlarının Herodotun

özündən gələn etimoloji izahı buna misal göstərilə bilər. Herodot ortokoribanları Daranın 10-cu satraplığında

midiyalıların yanında (və ya qonşusu kimi) göstərir. Midiyaşünaslar da ortokoribanların məskunlaşdığı bu yeri

fərqləndirirlər. Amma həmin tayfa "Tarix"də Baktriya sakaları ilə də bir yerdə göstərilir. Herodot onların papağının

adını çəkmir, amma papaqlarını təsvir edir. Bu təsvirin rusca tərcüməsi belədir: "Saki je... nosili na qolovax vısokie

ostroverxie törbanı, plotnıe, tak çto stoəli prəmo" (VII, 64). Bəzi tədqiqatçılar "tiqrahauda" sözünü "şişpapaq" kimi

tərcümə etmişlər, əslində, Herodot "ortokoriban" sözünü bütün tərkib hissləri ilə "düz və möhkəm duran hündür, ucu

şiş papaq" şəklində bütöv təsvir etmişdir. Belə papaq Midiyadakı 10-cu, Baktriyadakı 12-ci satraplıqdakı sakaları

fərqləndirən geyimdir; Baktriyadakı sakaların əsl adı da varmış, onlara Amirgey sakaları deyilir. Bu adı "amir",

"amıraq", "amraq", "amrıq", "amsaq" söz kökünə yaxınlaşdırmaq mümkündürsə, onları sakaların "əziz"i "əzizlənənləri"

saymaq olar. Türkcə "sak"-həssas, ayıq-sayıq; "sakçı"-keşikçi, qoruyucu; qədim sənədlərə görə "saka"-dağ ətəyi,

türkmən dili sözlüyünə görə yabanın haçalanan yeri, çayın ayrılan yeri (ayrıcı) mənası verirsə, assur, şumer, fars

yazılarına düşmüş bu sözləri mənsub olduğu dildən ayırıb fars lüğətinə qatmaq zorakılıq, mənəvi təxribatdır. Sakalar

çay ayrıclarında, çaylar arasında, çay qıraqlarında, dağ ətəklərində yaşadıqlarına görə özlərini belə adlandırmışlar.


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə