Konfederasiya. Konfederasiya ümumi maraqlar əsasında yaranan dövlətlər ittifaqıdır. Federasiyadan fərqli olaraq konfederasiya vahid dövlət deyil, o müstəqil dövlətlərin siyasi, iqtisadi, hərbi, sosial məsələlərin birgə həll edilməsi məqsədi ilə yaratdığı beynəlxalq-hüquqi xarakterli ittifaqdır. Onun subyekti olan hər bir dövlət öz suverenliyini itirmir, istənilən vaxt konfederasiyadan çıxa bilir, beynəlxalq hüquq əsasında digər dövlətlərlə müstəqil şəkildə münasibət qurur. Üzv dövlətin konfederasiya orqanlarının istənilən aktı ilə razılaşmamaq, onun öz ərazisində qüvvədə olması ilə razılaşmamaq hüququ var.
Konfederasiya bir qayda olaraq müqavilə, könüllülük əsasında yaradılır və əsas məqsədlərə nail olmaq, qarşıda duran məsələləri həll etmək üçün üzv dövlətlərin ali hakimiyyət orqanları tərəfindən konfederasiyanın müvafiq orqanları təşkil olunur. Həmin orqanların vəzifəsi qarşıda duran məqsədlərin həyata keçirilməsindən, məsələlərin həll edilməsindən ibarətdir. Konfederasiya orqanları tərəfindən həll edilən məsələlərin dairəsi bir o qədər də geniş olmur. Üzv dövlətlərin vətəndaşları konfederasiyanın vətəndaşı deyillər. Çünki konfederasiyanın özünün vahid vətəndaşlığı olmur. Konfederasiya öz konstitusiyasına və qanunvericiliyinə də malik deyil.
Üzv dövlətlər arasında bağlanan müqavilə əsas hüquqi sənəd kimi çıxış edir. Konfederasiya orqanlarının normativ hüquqi aktlar qəbul etmək hüququ olsa da onlar tövsiyə xarakterlidir. Konfederasiyanın özünün suverenliyi olmur. Onun orqanları subyektlərin ali hakimiyyət orqanları deyil. Konfederasiyanın hətta öz vahid ərazisi də yoxdur. Üzv dövlətlərin hər biri öz ərazisini özü müdafiə edir. Konfederasiya hərbi ittifaq olduğu halda belə, yaradılan hərbi güc üzv dövlətlərin silahlı qüvvələrindən təşkil olunur. Konfederasiyanın fəaliyyəti üçün zəruri olan maliyyə vəsaiti qarşılıqlı razılaşmaya əsasən subyektlər tərəfindən təmin edilir. Konfederasiyaların ömrü qısa olur. Yəni bu qurumlar müəyyən səbəblərdən uzun müddət mövcud ola bilmir. Tarix göstərir ki, konfederasiyaların aqibəti iki cür olur. O, ya inteqrasiyanın güclənməsi və keyfiyyətcə yeni siyasi-hüquqi münasibətlərin yaranması nəticəsində federasiyaya çevriiir, ya da ki, üzv dövlətlərin ayrılması nəticəsində dağılır.