ƏBÜLFƏZ ƏZİMLİ


BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ



Yüklə 2.8 Kb.

səhifə9/12
tarix15.05.2017
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

 
BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ: 
*  Kamran  Əliyev:  1)  Bayındır  xanın  nəvəsi  Uruz;  2) 
Dirsə Xan oğlu Buğac.  // Eposun poetikası: “Dədə Qorqud” və 
“Koroğlu”. Bakı: 2011. Səh. 36-49. 
 
TƏDQİQATÇININ İSTİNAD ETDİYİ MƏNBƏLƏR: 
1.Gökyay Orxan Şaiq. Dədə Qorqudun kitabı. İstanbul, 2000. 
2.  Kitabi-Dədə  Qorqud  (F.Zeynalov  və  S.  Əlizadə  nəşri). 
Bakı, 1988. 
3. Koroğlu Xaliq. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999. 
4.  Jirmunskiy  V.M.  Tyürkskiy  qeroiçeskiy  epos.  Lenin-
qrad, 1974. 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
115 
III FƏSİL 
 
KAMRAN ƏLİYEVİN ƏDƏBİ TƏNQİDƏ DAİR 
ARAŞDIRMALARI 
 
3.1. TƏNQİDİN POETİKASININ TƏDQİQİ 
 
Tənqidçi  və  ədəbiyyatşünas  Kamran  Əliyevin  tədqiq  və 
araşdırmalarının əsas sahələrindən biri də ədəbi tənqiddir. Ədəbi 
tənqidin  ədəbi  prosesdə  rolu,  mövqeyi  və  nüfuzu  məsələləri 
onun təhlillərinin struktur sahələridir. Hələ tələbə ikən “Mustafa 
Quliyevin  ədəbi-tənqidi  görüşləri”  mövzusunda  yazdığı  diplom 
işi diqqəti cəlb etmişdir.  
Kamran  Mustafa  Quliyevin  ədəbi-elmi  fəaliyyətini  onun 
elmi araşdırma tə təhlil sahələrinin genişliyinə və sistematikliyi-
nə nəzərən, üç sahə üzrə tədqiq edir: 
1) Mustafa Quliyevin klassik irsə münasibəti;  
2) tənqidçi  M.Quliyevin  müasir  nəsr  və  poeziya  haqqında 
fikirləri; 
3) tənqidçinin  dövrün  dramaturgiya  və  teatr  məsələləri  ilə 
bağlı mülahizələri. 
Bütün sahələrdə Kamran tənqidçi Mustafa Quliyevin araş-
dırma  və  təhlillərinə  konkret  və  yığcam  yanaşmış,  onun  əsər-
lərindəki müddəalara şərhlər vermişdir. 
Vaxtilə Kamranın Mustafa Quliyevdən, onun ədəbi-tənqidi 
görüşlərindən bəhs edən elmi-tədqiqat işini xüsusi həssasiyyətlə 
dəyərləndirən Prof. Abbas Zamanov yazırdı ki, Kamran “univer-
sitetdə təhsil aldığı illərdə müəyyən mövzuda tədqiqat aparmaq, 
elmi  və  bədii  əsəri  təhlil  etmək,  onlardan  orijinal  nəticə  çıxar-
maq,  öz  fikirlərinin  arasında  rabitə  yaratmaq  vərdişi  (kursiv 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
116 
bəzəmdər-Ə.Ə.) əldə edə bilmişdir” ( * Əliyev K. Tənqidin poe-
tikası. Bakı, “Elm və təhsil”, 2012, 208 səh; səh.62). Əlbəttə, bu 
cür incəliyilə yanaşma tərzi Abbas Zamanovun təfəkkürünün və 
diqqətinin humanizmi idi.  
Təəssüf  ki,  bu  sətirlərin  müəllifi  kimi  biz  oxuduğumuz 
mühitdə  belə  diqqətcil,  elmi  baxımdan  kamil,  qayğı  göstər-
məkdən zövq alan həssas alimlər əhatəsində ola bilmədik və bu-
nun ağrılarını hələ də yaşayırıq.  
Kamranın  təhlil  spesifikliyini  də  diqqət  mərkəzinə  çəkən 
Abbas Zamanov bunu da qeyd edirdi ki, tədqiq zamanı “yeri gəl-
dikcə o, M.Quliyevin dövrün mürəkkəb ədəbi prosesindən doğan 
yanlış  hökmlərini  elmi  dəlillərlə  təhlil  edib  inandırıcı  nəticələrə 
gələ  bilmişdir”. Bu  fikirlərin ardınca Abbas Zamanov gənc təd-
qiqatçının  daha  bir  estetik  məziyyətini  təqdir  edir:  yazır  ki, 
K.Əliyev  “mövzunu  zamanı  ümumi  ədəbi  inkişafdan  təcrid 
olunmuş şəkildə tədqiq etməmişdir”(səh.63). Yəni Kamran möv-
zu  ilə zamanı  iç-içə araşdırmışdır:  yəni  nə Mustafa Quliyev so-
vet zamanından, nə də sovet zamanı  Mustafa Quliyevdən təcrid 
edilməmişdir.  
Sözsüz  ki,  Abbas  Zamanov  mövzunun  ciddi  və  mürəkkəb 
məzmununa  işarə  edərək  bu  qiyməti  vermişdir;  çünki  Mustafa 
Quliyev  elə  tənqidçilərdən  olub  ki,bir  şəxsiyyət  kimi  onun 
içərisində,  bir  ədəbiyyatşünas  kimi  təhlil  və  tədqiqlərində  za-
manın, dövrün siyasi damğaları, düyünləri də yaşayırdı.  
Daha  başqa  bir  tərzdə  desək,  20-30-cu  illərin  siyasi 
hökmləri Mustafa Quliyevlərin elmi azadlıqlarını  əlindən almış, 
onların təfəkkürlərindən doğacaq işıqların tellərini sıradan çıxar-
mış – yandırmışdır; nəhayətdə, M.Quliyev cismən də məhv edil-
mişdir. 70-ci illərin özündə belə bu cür mövzulara aydınlıq gətir-
mək  asan  deyildi.  Kamranın  açıqlamaları  həm  Mustafa  Quliye-
vin  düşüncələrinin,  həm  də  ədəbi-tənqidin  20-30-cu  illərdəki 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
117 
mövqeyinin  tipik  cəhətlərini  üzə  çıxarmağa  xidmət  etmişdir. 
Mustafa Quliyev çox aktiv  və cəsarətli tənqidçi  idi: o hər hansı 
bir məsələ olur-olsun, ona dövrün siyasi və ictimai məzmunları, 
ideoloji  sahələri  meyarlarından  yanaşar  və  özünün  şəxsi  və 
ədəbi-elmi qənaətlərini də bu impulslardan irəli sürərdi. 
Kamran  da  tənqidçi  və  ədəbiyyatşünas  Mustafa  Quliyevlə 
bağlı  olan  məsələlərə  doğru  və düzgün,  prinsipial  mövqedən  ya-
naşmağa  çalışmışdır.  Kamran  Əliyev  Mustafa  Quliyevin  ədəbiy-
yat  və  həyat,  ədəbiyyat  və  cəmiyyət,  ədəbiyyat  və  xalq  müstə-
vilərində irəli sürdüyü fikirlərin o zamankı mühit üçün ən dəyərli 
və  düzgün  hal  olduğunu  söyləyir;  sənətin  həyatla  əlaqəsi 
məsələsinə  münasibətdə  Mustafa  Quliyevin  “Hazırkı  türk  ədə-
biyyatı”  məqaləsindəki  fikirlərin  dinamik  xarakterinə  müsbət  ya-
naşır: məsələn, Mustafa Quliyev həmin məqaləsində Oskar Uayl-
dın  fikrindəki  birtərəfliyi  açıqlayır;  məsələn  Oskarın  qənaətini 
belə təfsir edir ki, Oskara görə, “bütün incəsənət həyatdan yüksək 
durmalıdır”. Tənqidçi (Mustafa Quliyev) bu cür yanaşmanın yan-
lışlığını açıqlayaraq yazır ki, “Halbuki sənət öz materialını həqiqi 
həyatdan  alır.  Həqiqi  həyatdan  yuxarı  qalxmaq  –  incəsənətin 
əsasını qurmaq incəsənətin yaradıcılıq qüvvələrini öldürmək, onu 
mücərrəd  xəyala  döndərmək  deməkdir”  (*  Əliyev  K.  Tənqidin 
poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.70). Kamran tənqidçi-
nin bu tip mövqeyini ümumiləşdirərək belə şərh verir:  
“Buradan  aydın  görünür  ki,  tənqidçi  hadisələrə  materialist, 
ictimai baxımdan yanaşır və hər şeydən əvvəl, onun ictimai məz-
mununu  müəyyən  etməyə  çalışır.  Sənətin  həyatla  münasibətini, 
daha doğrusu, həyatla bağlılığını düzgün səciyyələndirən M.Quli-
yev həmişə obyektiv mövqedən çıxış etməyə çalışmışdır. Əgər o, 
yanlışlıqlara gəlib çıxıbsa, bu da mühitlə əlaqədar idi”. Məsələnin 
estetik məzmunu belə idi ki, “o zaman (yəni sovet dövrünün 20-
30-cu  illərində  –  Ə.T.Ə.)  ədəbi  aləmdə  klassik  yazıçılara,  bəzən 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
118 
də  müasirlərə  münasibətdə, onların  ədəbi  irsinin təhlilində  qeyri-
bitkin  cəhətlər,  yanlış  mövqelər  meydana  gəlirdi”  (*  Əliyev  K. 
Tənqidin poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.70). 
Bu  əsasda  tədqiqatçı  Kamran  Əliyev  fikirlərinə  ardıcıllıq 
verərək  Mustafa  Quliyevin  başqa  bir  məqaləsinin  (“İnqilab  və 
mədəniyyət”  jurnalının  1931-ci  il,  birinci  nömrəsində  dərc 
edilən  “Ədəbiyyat cəbhəsində  mübarizə”  yazısının)  məzmunun-
dan bəhs edir, təhlil və izahlarını bir düz xətt üzərinə çəkərək ya-
zırdı: “tənqidçi  həmin ədəbi-tənqidi  yazısında Voronskinin  ədə-
biyyat  və  ayrı-ayrı  yazıçılar  haqqında  olan  fikirlərindəki  nöq-
sanları sadəcə olaraq sadalamır. O, müəyyən dəlillərlə bu qeyri-
elmi  faktları  inkar  edir,  yanlış  cəhətlərin  marksistcəsinə  tənqi-
dini  verir.  Bu cür addımlar isə öz dövrü üçün  çox səciyyəvi sa-
yılmalıdır  (kursiv  bizimdir  –  Ə.T.Ə.).  Çünki  ədəbiyyatı  yad 
təmayüllərdən  qorumaq,  az  da  olsa,  ifrat  cəhətlərə  müqavimət 
göstərmək,  öz  dövrü  üçün  vacib  olan  proletar  ədəbiyyatının 
müəyyən  vəzifələrini  yerinə  yetirmək  o  zamanlar  ən  böyük  və-
təndaşlıq  demək  idi”  (*  Əliyev  K.  Tənqidin  poetikası.  Bakı, 
“Elm və təhsil”, 2012, səh. 71). 
Bunlar öz yerində, məsələnin bir tərəfi də buna bağlıdır ki, 
Mustafa  Quliyev  o  dövrün  ədəbiyyatının  ideyası,  bədii  keyfiy-
yətləri  qarşısında  konkret  tələblər  qoyan  cəmiyyətin  ideologi-
yasına xidmət etmişdir. Tədqiqatçının təhlilində bəzən bu cəhət-
lərə də diqqət verilmiş və ümumi halda, Mustafa Quliyevin tən-
qidçilik  mövqeyinin  məzmununu  da  ümumiləşdirmişdir.  Məsə-
lən,  yazır  ki,  “Mustafa  Quliyev  öz  ədəbi-tənqidi  məqalələrində, 
məruzələrində, çıxışlarında burjua ideologiyasının ədəbiyyatdakı 
hər cür təzahürlərinə, forma və metodlarına qarşı amansız müba-
rizə  aparmışdır”.  Bu  cür  mübarizə  təkcə  Mustafa  Quliyevin  de-
yil,  bütün  ədəbə-elmi  ictimaiyyətin  mövqeyi  demək  idi.  Faktiki 
olaraq,  tədqiqatçı,  Mustafa  Quliyevin  ədəbi-elmi  fikirlərinin 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
119 
konkret məzmununu açıqlayır. 
“Klassik  irsə  münasibət” başlıqlı  bölmədə  Kamran  Əliyev 
ədəbiyyatşünas  Mustafa  Quliyevin  tədqiqlərinin  elmi  istiqamət-
lərini  açıqlayır.  Tədqiqatçı  yazır  ki  o  dövrdə  -  yəni  “Mustafa 
Quliyevin  yaşadığı dövrdə klassik irsə  münasibət problemi  ədə-
biyyatşünaslıq  qarşısında  duran  əsas  problemlərdən  biri  idi”  (* 
Əliyev  K.  Tənqidin  poetikası.  Bakı,  “Elm  və  təhsil”,  2012; 
səh.73).  Burada  Kamran  nəzər-diqqəti  obyektiv  bir  məsələyə 
yönəldir. Bu halda, günahı, cavabdehliyi, məsuliyyəti bir nəfərin 
üzərinə  yıxmaq  olmaz:  və  deməli,  məsələ  yalnız  Mustafa  Quli-
yevin deyil, ümumilikdə, ədəbiyyatşünaslığın və ədəbi ictimaiy-
yətin məsələsi idi. 
 Klassik  ədəbi  irslə  bağlı  olaraq  Mustafa  Quliyevin 
tədqiqlərinin mövzu və mündəricəsini təqdim edən Kamran Əli-
yev  hər bir  məsələyə tərkib  və təfsir taktından  yanaşır. Mustafa 
Quliyevin  İmadəddin  Nəsimi,  Məhəmməd  Füzuli,  Molla  Vəli 
Vidadi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələk-
bər  Sabir,  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqver-
diyev, Nəcəfbəy Vəzirov haqqında yazdığı məqalələrin elmi də-
yərini  və  elmi  istiqamətlərini  yığcam  və  konkret  şəkildə  təfsir 
edən  Kamran  məsələlərə  həm  metodoloji  həm  də  ideoloji  kon-
septuallıqdan  yanaşır,  tədqiqatçının  “bəzən  düzgün,  bəzən  də 
yanlış  nəticələr  çıxarmasını”  da  bu  amillərlə  bağlayırdı.  Mə-
sələn,  Kamran  Əliyev  “Oktyabr  və  Türk  ədəbiyyatı”  məqa-
ləsində  Nəfi,  Molla  Vəli  Vidadi,  Zakir  haqqındakı  fikirlərində 
realist  ədəbi  bağlılığın  klassik  məzmun  və  tərəflərinin  Mustafa 
Quliyevdə  aydın  şəkildə  şərh  edildiyini  göstərir.  Tədqiqatçı, 
Mustafa  Quliyevin  klassik  irsə  münasibətinin  başqa  bir  tərəfinə 
toxunaraq yazır: “M.Quliyev klassik irsə münasibətdə öz dövrü-
nün  tənqidçisi  idi.  Onun  “Füzuli  qəzəllərinin  canına  pessimizm 
hopmuşdur” (“Oktyabr və Türk ədəbiyyatı” (rus dilində), səh.5), 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
120 
“Füzulinin  məişətə  və  qadına  münasibəti  müsəlman  ideologi-
yasını əks etdirir”(s.6) fikirləri məhz bunu sübut edir”( * Əliyev 
K. Tənqidin poetikası. Bakı, “Elm və təhsil”, 2012, səh.75).  
Tədqiqatçı Füzuliyə  yanlış  yanaşmanın  bir cəhətini  nəzərə 
çatdıraraq  qeyd  edir  ki,  Füzulini  “inqilabçı  şair”  hesab  etmək 
yanlış yanaşmadır. Mustafa Quliyevin “M.F.Axundovun yaradı-
cılığı”(1928)  məqaləsinə  nəzərən,  söyləyir  ki,  “M.Quliyevin  bu 
məqalədəki  ustalığı,  tənqidçilik  məharəti  ondadır  ki,  o,  hər  ko-
mediyadan  bir  münasibətlə  söhbət  açır.  Daha  doğrusu, 
M.F.Axundovun yaradıcılığından, dünyagörüşündəki əsas nöqtə-
ləri göstərmək üçün əsərlərindən vasitə kimi istifadə edir”  
(*  Əliyev  K.  Tənqidin  poetikası.  Bakı,  “Elm  və  təhsil”, 
2012, səh.79).  
Ümumiyyətlə, Mustafa Quliyev tədqiqləri geniş və davam-
lı olan ədəbiyyatşünas idi. Tədqiqatçı Kamran Əliyev də ədəbiy-
yatşünas  alimin  tədqiqlərinin  bu  konseptual  genişliyini  və  ardı-
cıllığını  nəzərə  alaraq  onun,  demək  olar  ki,  bütün  ədəbi-elmi 
fəaliyyətini  və  bu  fəaliyyətin  məzmun  istiqamətlərini  ardıcıl 
şəkildə  tədqiq  etmişdir.  Kamranadək  Mustafa  Quliyevin  ədəbi-
tənqidi və elmi fəaliyyəti öyrənilməmişdir. Hələ ədəbiyyatşünas-
lıq  aləmində  ilk  addımlarını  atan  bir  tələbə  tədqiqatçının 
tanınmış  ədəbiyyatşünas Mustafa  Quliyevin  əsərlərini  bircə-bir-
cə nəzərdən keçirməsi, sözsüz ki, diqqətəlayiq hal idi. Bu gün də 
Mustafa  Quliyevin  ədəbi-elmi  fəaliyyəti  haqqında  məlumat  al-
maq üçün bu tədqiqat əsərinin xüsusi dəyəri vardır.  
Kamran  Əliyev  tənqidçi  və  ədəbiyyatşünas  Mustafa  Quli-
yevin klassik ədəbi irsə dair araşdırmalarının elmi istiqamətlərini 
təhlil edərkən onun metodoloji və elmi-nəzəri baxışlarının müx-
təlif  cəhətlərini  açıqlamış,  bəzi  məsələlərdə  ədəbiyyatşünas 
alimin məhdud və birtərəfli münasibətlərinə də münasibət bildir-
mişdir.  Məsələn,  Kamran  Mustafa  Quliyevin  heca  və  əruz  vəz-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
121 
ninə dair fikirlərindəki sapmaları xarakterizə edərkən hansı dərə-
cədə  yanlış  təsəvvürlərə  qapıldığını  və  bunun  səbəblərini  də 
açıqlamışdır:  tədqiqatçı  göstərir  ki,  heca  və  əruz  vəznini  “inkar 
etmək  dərəcəsinə”  gəlmişdir.  Mustafa  Quliyev  yazırdı:  “Heca 
qocalmışdır, o, poeziyaya kiçiklik, yeknəsəklik gətirir. O, musiqi 
və  ritmik  cəhətdən  kasıbdır.  Bu  ibtidai,  sufist  mövqedə  biz  da-
yanmamalıyıq. Yeni mübarizə, yüksəliş, inqilabi fırtınalar poezi-
yasını  qədim  “əruz”  və  “heca”  çərçivəsinə  yerləşdirmək  müm-
kün  deyildir...  Sufist  “əruz”  və  ibtidai  “heca”nı  biz  rədd  etmə-
liyik”  (“Oktyabr  və  türk  ədəbiyyatı”  (rus  dilində),  səh.  50-51). 
Kamran tədqiqatçının bu yanaşma-münasibətini belə xarakterizə 
edir: “Heç şübhəsiz, tənqidçinin belə nəticəyə gəlməsi “yeni mü-
barizə,  yüksəliş,  inqilabi  fırtınalar”ın  onun  gözünü  tutması  ilə 
əsaslandırmaq olar”  
(*  Əliyev  K.  Tənqidin  poetikası.  Bakı,  “Elm  və  təhsil”, 
2012, səh. 91). Mustafa Quliyevin klassik irsə baxışlarının ümu-
mi  metodoloji  və  nəzəri  qüsurları  tədqiqatçının  fərdi  və  sub-
yektiv  mülahizələrdən  çox,  cəmiyyətin,  yalançı,  pafoslu  yanaş-
maların nəticəsi idi.  
Kamran  Əliyev  tədqiqatçının  baxışlarının  məzmun  və 
mündəricəsini  onun  dünyagörüşündəki  baxışların  metodoloji 
məzmunundan irəli gəldiyini nəzərdən qaçırmır və yeri gəldikcə 
onu  konkret  şəkildə  səciyyələndirməyə  çalışır;  məsələn,  tən-
qidçinin  yuxarıdakı  fikirləri  ilə  bağlı  belə  yazır:  “Beləliklə,  de-
mək  lazımdır ki, bir tədqiqatçı olmaq etibarilə Mustafa Quliyev 
klassik irsə münasibətdə çox zaman marksist mövqedən çıxış et-
mişdir. Onun klassik  irsə olan  münasibətində bir sıra ciddi  yan-
lışlıqlara yol verdiyini də gördük. Bu yanlış mülahizələri şəxsən, 
ancaq  onun  özünə  aid  olduğunu  iddia  etmək  birtərəflilik  və 
ədalətsizlik olardı. Burada gərək ədəbi mühit, ictimai ziddiyyət-
lər  nəzərdən  qaçırılmasın.  Çünki  ədəbi  şəxsiyyətlər  dövrün  çər-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
122 
çivəsi və tələbləri daxilində fəaliyyət göstərir, bu və ya digər cə-
hətdən  ədəbi  hadisələrə  təkan  verir.  Məhz  buna  görə  də  M. 
Quliyevin klassik irsə münasibətindəki bəzi yanlış nəticələr, heç 
şübhəsiz, o zamankı ədəbi həyatda hökm sürən vulqar sosiologi-
ya,  RPYC  və  APYC-nin  (yəni,  Rusiya  Proletar  Cəmiyyəti  və 
Azərbaycan Proletar Cəmiyyətinin – Ə.Ə) fəaliyyətindəki qüsur-
lardan irəli gəlirdi” (* Əliyev K. Tənqidin poetikası. Bakı, “Elm 
və təhsil”, 2012, səh. 92).  
Kamranın  bu  cür  qüsurlara  dair  elmi  səciyyələndirmələri 
70-ci  illər  ədəbiyyatşünaslığında  həm  tədqiqatçı  Mustafa  Quli-
yevin,  həm  də  Mustafa  Quliyevin  istinad  etdiyi  baxışların  məz-
mun və ideya istiqamətlərini açıqlamaq baxımından əhəmiyyətli 
idi. Tədqiqatçı, Mustafa Quliyevin tənqidi- elmi  fəaliyyətindəki 
məxsusluğu onun  “cəsarətlə hərəkət etməsin”ndə görür və qeyd 
edirdi ki, “o, çəkinmədən bədii əsərlərdəki tənqidi yerləri göstə-
rir və ümumbəşəriyyətin xeyri üçün çalışırdı”  
(*  Əliyev  K.  Tənqidin  poetikası.  Bakı,  “Elm  və  təhsil”, 
2012,  səh.  96).  Bununla  bağlı  olaraq,  tədqiqatçı,  Mustafa  Quli-
yevin  “Son  türk  ədəbiyyatında  türk  qadını”  (“Yeni  məktəb” 
jurnalı, aprel-may 1928, N-4-5) məqaləsindəki tənqidi qeydləri və 
təhlilləri misal çəkir. Məsələn, Mustafa Quliyev yazıçı Süleyman 
Sani  Axundovun  “Namus”  əsərini  tənqid  edərkən  belə  yazırdı: 
“Qadın  azadlığı  məsələsini  müəllif  bu  hekayəsindəki  inqilab 
həqiqətinə  uyğun  tərzdə  göstərməyə  çalışırsa  da,  lakin  bacısını 
öldürmək istəyən bu başkəsən qoçunun, qaniçənin qəlbində törə-
yən nədamət və peşmançılığı göstərməklə, bu məsələni birtərəfli, 
yarımçıq  təsvir  edir”  (M.Quliyev,  “Son  türk  ədəbiyyatında  türk 
qadını”. “Yeni məktəb” jurnalı, aprel-may 1928, N-4-5, səh. 156). 
Tədqiqatçı  bunun  ardınca  M.Quliyevin  Cəfər  Cabbarlının  “Dil-
bər”  hekayəsinin  nöqsanları  haqqındakı  fikirlərini  sitat  gətirir. 
M.Quliyev  C.Cabbarlının  nöqsanlarını  belə  açıqlayırdı:  “Molla-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
123 
ları,  axundları  və  mötəbər  şəhərliləri  dəhşət  və  vəhşətə  salan  qa-
dınlar  klubu,  qadın  təşkilatları  necə  olmuş,  harda  qalmışdır?  Bu 
təşkilatları  müəllif  görməmişdir.  Əsas  zəifliyi  də  bundan  ibarət-
dir”  (M.Quliyev,  “Son  türk  ədəbiyyatında  türk  qadını”.  “Yeni 
məktəb” jurnalı, aprel-may 1928, N-4-5, səh. 150).  
Tədqiqatçı  Kamran  Əliyev  bu  iki  əsərlə - “Namus” və “Dil-
bər”  hekayələrilə  bağlı  tənqidçinin  fikirlərini  belə  açıqlayırdı: 
“M.Quliyev bu sözlərlə həyat hadisəsi və onun bədii əksi, sənətdəki 
inikası  məsələsinə  toxunur.  Göstərmək  istəyir  ki,  təsvir  edilən  şə-
raitin  bütün  faktlarını  nəzərə almaq və əsaslarını  bədii  şəkildə əks 
etdirmək lazımdır. Bu isə əsərin bədii keyfiyyətlərinə təsir etməklə 
bərabər,  onun  ictimai  əhəmiyyətini  də  artırır”  (*  Əliyev  K.  Tən-
qidin  poetikası.  Bakı,  “Elm  və  təhsil”,  2012,  səh.96).  Bütün  bu 
əhatəli  və  yığcam  xarakteristikası  ilə  Kamran  Mustafa  Quliyevi 
tənqidçi  və ədəbiyyatşünas,  nəzəriyyəçi  alim kimi  dərin  müşahidə 
və  mülahizə,  təhlil  qabiliyyətinə  malik  olan  alim  kimi  təsnif  edir. 
Bu  təsniflərində  tədqiqatçı  həm  də  Mustafa  Quliyevin  təhlil  atri-
butlarını  və  onun  mənsub  olduğu  ideologiyanın  məzmun  xüsu-
siyyətlərini açıqlamış olur.  
Mustafa Quliyevin dramaturgiya və teatr məsələlərinə dair 
əsərlərini  də  tədqiqatçı  eyni  konkretlik  və  yığcamlıq  müs-
təvisindən  təqdim  edir.  Məsələn,  Kamran  Əliyev  tənqidçi  Mus-
tafa Quliyevin dramaturq Cəfər Cabbarlıya dair fikirlərində han-
sı cəhətlərə diqqət yetirib? 
Birincisi,  M.Quliyev  Cəfər  Cabbarlı  “sənətini  sevir,  onun 
Azərbaycan ədəbiyyatında başladığı yeni və böyük bir mərhələni 
müvəffəqiyyətlə  başa  vuracağına  inanırdı”.  İkincisi,  M.Quliyev 
Cəfər  Cabbarlını  haqsız  yerə  tənqid  edənlərə,  “nə  üçün  Atakişi 
ilə  Babakişi  kəndə  gedərkən  palçığa  düşdülər?  Bu  olmaz.  Ək-
sinqilabçı  müəllif  (yəni,  C.Cabbarlı—Ə.T.Ə.)  bizim  şura 
yollarımızı  tənqid  edir!”-deyənlərə,  habələ,  Atakişi  və  Baba-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
124 
kişidə  “əksinqilabçılıq” tapanlara qarşı kəskin  mövqe tutmuş və 
onlara belə cavab vermişdir: “Bu kimi məhdud düşüncəli... ədə-
biyyat tənqidçiləri, təəssüf ki, bizdə çoxdur. Bu kimi tənqidçilər 
üçün  öz  ixtisaslarına  görə  çalışaraq  kənd  yollarını  təmir  etməyi 
biz məmnuniyyətlə tövsiyə edirik” (“Sevil və “tənqid”. “İnqilab 
və  mədəniyyət”  yurnalı,  noyabr-dekabr 1928, N- 11-12, səh.58: 
-Bax:  K.Əliyev,  Tənqidin  poetikası.  B.,2012,  səh.  113).  Eyni 
sərrastlıq  ilə  M.Quliyev  Sevil  və  digər  obrazlara  da  özünün 
konkret münasibətini bildirirdi. 
Ümumiyyətlə,  Mustafa  Quliyev  və  onun  kimi  digərləri  də 
öz dövrlərində at oynadan proletar diktaturasının  hökmü altında 
olmuş  və  bütün  məsələlərə  ədəbiyyatşünaslığın  ümumədəbi  və 
ümumnəzəri konseptuallığından deyil, sinfi-ideoloji meyil və ba-
xışların  təzyiqindən  və  yanlış  münasibətlərindən  xilas  ola  bil-
məmişlər. 
Mustafa  Quliyev  şair-dramaturq  Hüseyn  Cavidin  dram 
əsərləri  haqqında  da  məqalələr  yazmışdır.  Kamranın  onun  bu 
məqalələrində  bəhs  edilən  məsələlərlə  ilgili  təhlil-təsnifləri  də 
tədqiq  incəliyinə  görə  diqqətəşayandır.  Mustafa  Quliyev  Cavidi 
tənqid  edərkən  hansı  məsələlərə  önəm  verirdi?  Tədqiqatçı  buna 
cavab axtarmış və tənqidçinin müvafiq təhlil incəliklərinə diqqət 
yetirmişdir.  Tədqiqatçı  birinci  bunu  nəzərə  çarpdırır  ki,  M.Qu-
liyev  Cavidin  qəhrəmanlarını  təhlil  edərkən  müasirlik  meyar-
larını əsas götürürdü. Başqa bir təqdirdə, M.C.Cəfərovun fikrini 
sitat gətirərək, tənqidçinin dramaturq qarşısında “yeni tələblər “ 
qoyduğunu vurğulayır. 
Haşiyə:  amma  buradaca  qeyd  etmək  gərəkir  ki,  M.Quliyev-
lər, yaxud hər hansı bir siyasi konstruktivizmə qapılan bir tənqidçi, 
belə  deyək  ki,  yazıçı  (H.Cavid)  qarşısında  tələblər  qoya  bilməz- 
tələb  qoyma  siyasi  təmayüllərdən  gələn  amiranəlikdir.  Və  Cavid 
amiranə danışanların əmrini qəbul edəcək bir şəxsiyyət deyildi.  

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
125 
Tənqidçi  bədii  əsərin  ifadə,  məzmun  və  forma,  ideya, 
üslub,  süjet,  kompozisiya,  dil-üslub  məsələlərilə  bağlı  təhlillər 
aparıb əsəri dəyərləndirə bilər və bu zaman, istər-istəməz, əsərin 
qüsurları  üzə  çıxacaq.  Proletar  (sovet)  diktaturası  bütün  məsə-
lələrdə  qüsurlar  görür  və  siyasi  dəllallığı  təbliğ  edirdi.  Cavidi 
tənqid etməyə girişənlər özlərini ifşa etmişlər.  
Kamran  Mustafa  Quliyevin  “Hazırkı  türk  ədəbiyyatı” 
(“Kommunust” qəzeti, 7 dekabr 1926, N-218) məqaləsinə müraciət 
edərək  tənqidçinin  “Topal  Teymur”  dramı  haqqındakı  fikirlərini 
sitat  gətirir.  M.Quliyev  yazır:  “Teymur  yalnız  müzəffər  bir  xaqan 
deyil,  eyni  zamanda  ən  mədəni  bir  insandır.  Əsərin  bir  yerində 
Teymur  deyir:  “Hər  halda  məmləkətimiz  aslanlar  yurdu,  qartallar 
yuvası  olaraq  qalmalı,  bəlkə,  dünyada  ən  parlaq  maarif  və 
mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır”. 
Müəllif...  Teymur  kimi  qəddar  (haqsız  ittiham-Ə.T.Ə.)  bir 
istilaçını  və o zamankı  həyatı  ideallaşdırır, tarixi  hadisələri  bilmə-
dən  qarışdırır,  təqlid  edir”  (saxta,  kinli  tənqid-Ə.T.Ə).  Bu 
fikirlərdə, sözsüz ki, proletar diktaturası rəngləri vardır və tənqidçi 
Mustafa  Quliyev  də  Hüseyn  Cavidə  irad  tutarkən  bu  rənglərdən 
çıxış edirdi. Mustafa Quliyevin müasir yazıçı haqqındakı fikirlərini 
də misal gətirən Kamran tənqidçinin düşüncələrindəki müxtəlifliyi 
nəzərə  çarpdırmaq  istəmişdir.  Mustafa  Quliyev  həmin  məqalədə 
“müasir yazıçı” qənaətlərini belə ifadə edirdi: “Doğrudan-doğruya, 
müasir  bir  yazıçı  olmaq  üçün  öz  dünyagörüşü  etibarilə  irəlidə 
durmuş türk oxucusundan irəli dayanmalı, məlumatca zəngin, dərin 
nəzəri düşüncəli, geniş bilikli, bədii ustalığa malik olmalıdır”.  
Hüseyn  Cavid  kimi  dahilər  bu  keyfiyyətlərdən  və  bundan 
da dərin estetik mizanlar çox-çox dərin yazıçıdır. Mustafa Quli-
yevin fikirlərindəki “müasirlik” ölçüsü sovet-bolşevik quruluşu-
nun təbliği deməkdir. Bu isə, Cavid kimi sənətkarların bədii dü-
hasına,  şəxsiyyətinə  yad  idi.  Cavid  məhəlli  və  sinfi  məzmunlar 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
126 
və  fikirlər  məhbəsinə  qapılmamışdır:  o,  bəşəri  ideallar,  huma-
nizm və yüksək mənəvi-əxlaqi dəyərlər təbliğ edirdi.  
Təbii  ki,  70-ci  illər  havasında  tələbə  Kamran  Əliyev  bu 
məsələlərin açımına girişməmiş, əsasən, Mustafa Quliyevin mə-
qalələrini  ayrı-ayrılıqda  təqdim  etmiş,  tənqidçinin  yaradıcılıq 
yoluna dair müəyyən məlumatlar vermişdir. 
Kamran  Əliyev  80-ci  illərdə  tənqidçi  və  ədəbiyyatşünas-
ların  yaradıcılığından  bəhs  edən  məqalələr  yazmış,  bu  məqa-
lələrdə özünəməzsus yanaşma və tədqiq ustalığı göstərmişdir.  
Kamran  Əliyevin  tənqid  və  ədəbiyyatşünaslıq  sahəsindəki 
yazıları mövzu və xarakter baxımından rəngarəngdir. O, “Ədəbi-
tənqidi fikrin imkanları (“Azərbaycan” jurnalının 1980-ci il ma-
terialları əsasında” (1980-1981), “F.Köçərlinin sənətkarlıq məsə-
lələri”  (1981),  “Mir  Cəlal  Paşayev  –  tənqidçi  və  nəzəriyyəçi 
alim” (1981), “Hüseyn Cavid və ədəbi tənqid” (1982), “Əli Na-
zimin tənqidçilik sənəti” (1982), “Feyzulla Qasımzadənin Azər-
baycan  ədəbiyyatşünaslığındakı  rolu”  (1983),  “Kamal  Talıb-
zadə-təmkinli elmi yaradıcılıq” (1983), habelə “Romantik tənqid 
və  Sabir”,  “Ədəbi  tənqiddə  bədiilik”  kimi  məqalələri  ilə  ayrı-
ayrı tənqidçilərin elmi fəaliyyətlərini araşdırmış, konkret mövzu-
larda təhlillər aparmışdır. Məsələn, Kamran tənqidçi  və ədəbiy-
yatşünas  Firudin  bəy  Köçərlinin  elmi  fəaliyyətində  sənətkarlıq 
məsələlərinə həsr etdiyi məqaləsində görkəmli ədəbiyyatşünasın 
ədəbi-tənqidi baxışlarının ayrı-ayrı tərəflərini araşdırmışdır.  
“Hüseyn  Cavid  və  ədəbi  tənqid”  yazısında  böyük  şairə  mü-
nasibətin  müxtəlif tərəflərini  işıqlandırmışdır.  Ədəbiyyatşünas Mir 
Cəlal  Paşayevdən  bir  tənqidçi,  nəzəriyyəçi  alim  kimi  söz  açmış, 
ədəbiyyatşünas  Feyzulla  Qasımzadənin  Azərbaycan  ədəbiyyatı 
tarixinin  tədqiqindəki  xidmətlərini  dəyərləndirmiş,  tənqidçi-ədə-
biyyatşünas  Kamal  Talıbzadənin  tədqiq  və  təhlillərinə  xas  olan 
elmiliyin xüsusi əlamətlərini diqqət mərkəzinə çəkmişdir.  
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə