Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım
Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir.
Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibb sığorta proqramlarında iştirakından asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərirlər. [35]
Narkoloji xəstəliklə əlaqədar göstərilən təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [36]
İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir.
Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq üçün tibb işçisi hər hansı nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əməkdaşları zərərçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar.
Dostları ilə paylaş: |