Maddə 56. Əmək haqqı və kompensasiyalar
Tibb və əczaçılıq işçilərinin, habelə elmi işçilərin, ali və orta tibb və əczaçılıq təhsili müəssisələrinin, universitetlərin tibb fakültələrinin professor-müəllim heyətinin əmək haqqı onların ixtisas dərəcəsinə, stajına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində (kontraktda) nəzərdə tutulur. [60]
Tibb və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna malikdirlər.
Əmək haqqının artırılmasına, əlavə ödəmələrin verilməsinə, digər kompensasiyalar və güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.[61]
Dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [62]
Qeyd:
1. Bu maddənin altıncı hissəsində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.
2. Bu maddənin altıncı hissəsində nəzərdə tutulmuş "vəzifə (tarif) maaşlarına əlavə" verilən işçilərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
IX fəsil
Dostları ilə paylaş: |