Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)



Yüklə 192,11 Kb.
səhifə11/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   7   8   9   10   11   12   13   14   ...   71
Tapança, yalnız tapança!

Keçirdiyi dəhşətli stressin soyuq, boz sarsıntısı hələ canından çıxmamış, artistin emosional, valığında nifrət və qəzəb qığılcımları sürətlə artmaqda, alışmaqdaydı... Axı o, sahə milsənerinə gündə neçə dəfə demək olardı ki, adam ol, vicdanın olsun, yığışdır bu fahişəxananı, yoxsa bu gün-sabah bu şəhər başdan-ayağa fahişəxanaya dönəcək. Bu məsələyə görə artist dönə-dönə milis rəisinin qəbulunda olmuşdu, raykoma, Mərkəzi Komitəyə, hətta o Baksovetin özünə də neçə dəfə teleqram vurmuşdu, məktub göndərmişdi və axırda bu qərara gəlmişdi ki, daha bu ölkədə ya hökumət yoxdur, ya da vəzifə başında oturanlarn hamısı onun erməni qonşusunun evini zəbt eləyib fahişəxanaya döndərmiş o allahsız, dinsiz-imansız Şahqacar Ərməğanovla əlbirdir. Teatrın köhnə işçisi Qreta Minasovanın evində son aylar nələr baş verdiyini Nüvariş Qarabağlı teatrda hamıya danışmışdı. O, təkcə Saday Sadıqlıya bu barədə bir söz deməmişdi. Belə şeyi ona deməyin heç mənası da yox idi: bu adam həmişə öz aləmindəydi, onun fikri-xəyalı daima göylərdə gəzirdi. Bir də dahiliyinə qəlbən inandığı və şəxsiyyətinə ürəkdən pərəstiş elədiyi belə bir adamı bu cür murdar məsələyə qarışdırmaq, Nüvariş Qarabağlıya görə, heç insafdan da deyildi.

Şahqacar adlı o peysəriyoğun Baksovet banditinin qorxusundan bu yay ən isti günlərdə də artist gecələr qapı-pəncərəni bərk-bərk bağlayıb, bircə Allah bilir ki, nə zülmlə səhərin açılmağını gözləmişdi. Və bu yuxusuz, məşəqətli gecələrin birində o, haradan, hansı yolla olur-olsun, özünə tapança tapmağı qərara almışdı. Bundan ötrü Nüvariş tanıdığı və köməyinə ümid etdiyi bir neçə milis və voyenkomat işçisinə ağız açmışdı. Ancaq bu xahişi ilə o, həmişə güldürdüyü adamları bir də güldürməkdən savayı heç nəyə nail ola bilməmişdi. Və artist o silahı əldə edib, evində az-çox rahatlıq tapacağına olan o kövrək ümidi də az qala büsbütün itirməkdə ikən teatrda üç pyesi oynanmış sanballı bir yazıçı (ikicə gün bundan əvvəl) o tapançanı tapmağın ən sadə yolunu artistə nişan vemişdi. O sanballı yazıçının dediyinə görə, bu saat Xalq Cəbhəsi üzvlərinin əksəriyyətində bir, ya bir neçə tapança vardı. Oradakı “uşaqların” əlilə nəinki “Makar”, ya “Kalaşnikov”, hətta lap pulemyot da əldə etmək olardı. Və yenə də o sanballı yazıçının dediyinə görə, Nüvariş Qarabağlı kimi tanınmış sənətkarın bundan ötrü Xalq Cəbhəsinin qərargahına gedib, Böyük Bəyə bircə kəlmə söz deməsi kifayət idi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin