Əl-Fatihə (Kitabı açan) surəsi (Məkkədə nazil olmuşdur, 7 ayədir)



Yüklə 3.09 Mb.
səhifə1/71
tarix19.06.2017
ölçüsü3.09 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   71
.1.

əl-Fatihə (Kitabı açan) surəsi

(Məkkədə nazil olmuşdur, 7 ayədir)

Bismillahir–rəhmanir-rəhim!





  1. Mərhəmətli, rəhmli Allahın adı ilə!

  2. Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

  3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

  4. Haqq-Hesab (qiyamət) gününün sahibinə!

  5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

  6. Bizi doğru (düz) yola yönəlt!

  7. Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

.2.

əl-Bəqərə (İnək) surəsi



(Mədinədə nazil olmuşdur, 286 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. Əlif, Lam, Mim.

  2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.

  3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.

  4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,

  5. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.

  6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

  7. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!

  8. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.

  9. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.

  10. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifiq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

  11. Onlara: “Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.

  12. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

  13. Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.

  14. Onlar mö’minlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (mö’minlərə) istehza edirik”,-deyirlər.

  15. (Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).

  16. Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.

  17. Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.

  18. Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.

  19. Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).

  20. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.

  21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)

  22. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!

  23. Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!

  24. Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!

  25. (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (mö’minlər) orada əbədi qalacaqlar.

  26. Əlbətdə, Allah (Qur’anda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”-deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.

  27. O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır (mö’minlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!

  28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.

  29. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!

  30. (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

  31. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.

  32. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.

  33. (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.

  34. (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.

  35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.

  36. (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var”,-dedik.

  37. (Nəhayət) Adəm rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.

  38. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.

  39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.

  40. Ey İsrail oğulları! Sizə bəxş etdiyim ne’mətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!

  41. Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!

  42. Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!

  43. (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

  44. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?

  45. (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.

  46. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.

  47. Ey İsrail övladı! Sizə bəxş etdiyim ne’mətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!

  48. Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!

  49. (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Fir’on əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

  50. (Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir’onun adamlarını siz baxa-baxa suda qərq etdik.

  51. (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik və’də vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).

  52. Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.

  53. (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.

  54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.

  55. (Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu.

  56. Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

  57. (Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.

  58. Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.

  59. (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mə’nasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mə’nasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.

  60. Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).

  61. Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.

  62. İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.

  63. (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik).

  64. Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.

  65. Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə’zi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.

  66. Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

  67. Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.

  68. Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.

  69. Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.

  70. Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.

  71. (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.

  72. Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!

  73. Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.

  74. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bə’zi daşların içərisindən nəhrlər axar, bə’zisi yarılıb içindən su fışqırar və bə’zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!

  75. (Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

  76. (Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” – söyləyirlər.

  77. Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!

  78. Onların (yəhudilərdən) bə’ziləri də avamdırlar (bisavatdırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.

  79. Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!

  80. Onlar (yəhudilər): “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. (Ya Rəsulum!) Onlara söylə: “Siz Allahdan belə bir və’d almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”

  81. Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

  82. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.

  83. Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.

  84. Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.

  85. (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

  86. Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.

  87. (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar mö’cüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).

  88. (Yəhudilər Qur’anı anlamaq və qəbul etmək barəsində) dedilər: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lə’nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.

  89. Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Qur’an) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lə’nət eləsin!

  90. Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Qur’anı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!

  91. Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qur’ana) inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

  92. Musa sizə açıq-aydın dəlillər (mö’cüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.

  93. Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”

  94. (Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. ”Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq arzulayar).

  95. (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!



    Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   71


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə