Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli



Yüklə 9,67 Mb.
səhifə2/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   2   3   4   5   6   7   8   9   ...   35
ISBN-586874-032-7
qrifli nəşr

© Əli Şamil, 2014



Kitabı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə həyatlarını qurban verməyə hazır olmuş, lakin müstəqillik qazandıqdan sonra mühacirətə getməyə məcbur edilmiş dostlarıma həsr edirəm!

Türkçülüyün qurbanları (Qazaxıstan)

kitabı __________________________________

________________________________________

______________________________hədiyyəmdir

İÇİNDƏKİLƏR

İçindəkilər....................................................................... 4

“Türkçülüyün qurbanlari” (Qazaxistan)

kitabinin ikinci nəşrinə ön söz..........................................5

Ön söz ...7

Sonuncu qazax xani Kenesarı

Qasım oğlunun şərəfli ölümü .16

Ruslara xidmət edən vətənpərvər

xan nəvəsi Şokan Valixanov 24

Cuci xanın nəslindən olan

Əli xan Bökeyxanovun taleyi 33

Əlifba islahatçısı, folklorçu, pedaqoq,

dövlət qurucusu Ahmet Baytursunov 50

Çılğın şair, coşğun vətənsevər

Mirjakub Dulatov 69

İşğalçılara qarşı mübarizəni vətəndə başlayıb,

mühacirətdə davam etdirmiş Mustafa Çokay 77

Vahid Türk Tatar Dövləti qurmaq istəyən,

kommunist Sanjar Asfandiyarov 101

Türkçü baxışlarına görə həbs edilən və həbsxanada

ölən Maqjan Jumabayov (Cumabayov) 109

RSFSR Xalq Komissarlar Soveti

sədrinin müavinliyinə yüksəldilən

və məhv edilən Turar Riskulov 122

Sovetlərin Səudiyyə Ərəbistanında səfir kimi

istifadə edib sonra məhv etdikləri Nəzir Törekulov 135

Azadlıq uğrunda şəhid olan

Altay pələngi-Osman Batur 145

Azadlıqsevər uyğurlar üçün şəhid şair

Lutpulla Mütəllip nümunəsi 162

TÜRKÇÜLÜYÜN QURBANLARI” (QAZAXISTAN) KİTABININ İKİNCİ NƏŞRİNƏ ÖN SÖZ

Bilgisayarın həyatımıza daxil olması nəşriyyat işlərini də asanlaşdırdı. Kitabların illərlə mətbəələrdə, nəşriyyatlarda növbə gözləməsinə son qoyuldu. Beləcə müəlliflər yalnız fikirlərini oxuçuya tez çatdırmaq imkanı əldə etmədilər, həm də kitablarda müəlliflər, naşirlər tərəfindən yol verilmiş yanlışılqları qısa müddətdə düzəltmək mümkü oldu.

Belə ki, kitabın nəşrində sonra oradakı yanlışlıqları düzəldib təkrar nəşr etmək və ya elektron variantını saytlarda yerləşdirmək problemi həll etmək olur.

“Türkçülüyün qurbanları. (Qazaxıstan)” kitabı nəşr edildikdən sonra orada bəzi yanlışlıqlar aşkarlandı. Bu yanlışlıqların bir çoxunun diqqətsizlikdən baş verdiyini ayıq oxucu hiss edir. Məslən, “Ruslara xidmət edən vətənpərvər xan nəvəsi Şokan Valixanov” məqaləsində (səh.21) yazılıb: “İşğalçı Rusların köləsi kimi deyil, xalqına bağlı bir ruhda böyüdüyünə görə Ayxanın tərəfini tutan soltanlar və bəylər Şinğısı (Çingiz) 1834-cü ildə “böyük soltan” elan etdilər. 1935-ci ilin noyabrında isə “böyük soltan” elan edilən Şinğısı (Çingiz) oğlu Şokan dünyaya gəlir”.

Yanlışlıq açıq aydın, göz qabağındadır. 1835 əvəzinə 1935 yazılmışdır. Ayıq oxucu bu rəqəmin yanlış olduğunu həmən dəqiqə anlayır. Bilir ki, “böyük soltan” elan ediləndən 101 il sonra Şinğısı (Çingiz) övladı dünyaya gələ bilməzdi. Şokanın ömür yolu da 1835-1865-ci illəri əhatə edir.

Yaxut “Vahid Türk-Tatar Dövləti qurmaq istəyən kommunist Sandjar Asfandiyarov” məqaləsinin sonunda “KQB tərədində həbs edilən Sandjar Asfandiyarovu uzun və işgəncəli istintaqdan sonra 1918-ci il fevralın 25-də güllələyirlər” cümləsindəki 1918-ci il rəqəminin yanlış olduğu göz qabağındadır. Birincisi 1918-ci ilin fevralında heç KQB yaranmamışdı, ikincisi məqalə 1918-1937-ci illərdə Sandjar Asfandiyarovun rəhbər vəzifələrdə işləməsində söz açılır. Burada rəqəm 1938-ci il kimi yazılmalı olduğu halda 1918-ci il yazılmışdır.

Adların yazılışında və başqa sözlərin yazılışında da yanlışlıqlar vardı. Bu yanlışlıqları görən dost-tanışlar narazılıqlarını bildirirdilər. Tələbəlik dostum, uzun müddət nəşriyyatda işləmiş Səfalə Nəzərli isə ona bağışlamış olduğum kitabı az sonra mənə qaytardı. Kitabı açdıqda gördüm ki, o bir naşir peşəkarlığı ilə oxuduqca səhfləri qələmlə qeyd edib. Mən onun bu diqqətini yüksək qiymətləndirərək yanlışlıqları aradan qaldırmağa çalışdım və dostum, zəhmtsevər araşdırıcı və səmimi insan Ədalət Tahirzadənin iradlarını da nəzərə alıb kitaba haqqında söhbət açdığım insanların bəzi şəkillərini də əlavə etdim. Beləcə, qısa bir müddətdə “Türkçülüyün qurbanları. (Qazaxıstan)” kitabının ikinci nəşri hazır oldu.

20.04.2014



ÖN SÖZ

Q

azaxıstan haqqında ilk dəfə eşitdiklərimi çox dumanlı xatırlayıram. Çünki o vaxtlar çox kiçik idim. Ailəmizdə hamımızın hörmətini saxladığı, eh­tiramla yanaşdığı və “Bəşir əmi” deyə mü­ra­ciət etdiyi Bəşir Rustam oğlunun ailəsindən söz dü­şəndə tez-tez Qazaxıstanı yada salırdılar. Çün­ki Bəşir əminin böyük oğlu Mayıl zorla aparıldığı İkinci Dün­ya Savaşından qaçaraq dağlarımıza sığınmışdı.

Kəndimizin adamlarında qaçaqlara qarşı bir hörmət, sayqı vardı. Onlar çar Rusiyası dövrünün qaçaqlarının da, Sovet hökumətinə qarşı çıxanların da haqqında həvəs və qürurla danışırdılar. Sovetlərin bütün təbliğatları, necə deyərlər, yalnız rəsmi idarələrdə, hökumət məmurlarının yanında eşidilirdi.

Ümumiyyətlə, bizim tərəflərdə daha çox qaçaqlardan və aşıqlardan danışardılar. Qaçaqlıq bir qürur doğuracaq iş, qəhrəmanlıq sayılırdı, onlar haqqında xatirələr, rəvayətlər söyləyirdilər.

Bəşir əminin oğlu Mayıl az müddət də olsa, qaçaqlıq etmiş, ancaq kəndimizdən və ya ətraf kəndlərdən kimisə öldürdüyünü eşitməmişdim. Sovet hökuməti əsarət altına aldığı xalqların azadlıq mübarizəsinə qalxacaqlarından qorxaraq qaçaqlara, ailələrinə, qohumlarına, onlara yardım edənlərə çox sərt divan tuturdu. Belə ki, savaşdan qaçan Mayılı da öldürməklə kifayətlənməmişdi. Onun bacı-qardaşlarını, hətta analığını da Qazaxıstana, atası Bəşir Rüstəm oğlunu da başqa yerə sürgünə göndərmişdi. Sürgündə Bəşir əminin kiçik oğlu Ələmdar ölsə də, anaları Gülbayaz, ata bir ana ayrı qardaşları Ərzuman, Ənvər, bacıları Gilas, Gülbəs, eləcə də Bəşir Rustam oğlu Qazaxıstandan çətinliklə kəndimizə dönə bilmişdi.

Qazaxıstan bir sürgün yeri olaraq gündəmdən düşməmiş “xam torpaqlar” kimi aktuallaşmışdı. 1960-cı illərdə bizim kənddən də “xam torpaqlar”da müvəqqəti işləməyə, ailələrinə çörəkpulu qazanmağa gedənlər olurdu. Onlar geri döndükdə iş şəraitinin çətinliyindən nə qədər gileylənsələr də, görüşdükləri, ünsiyyətdə olduqları qazaxlardan xoş xatirələr danışırdılar.

Onların söhbətlərindən qazaxların bizimlə anlaşıqlı dildə danışdıqlarını, İslam dininə inandıqlarını öyrəndim. Onlardan öyrənə bilmədiyim yalnız bu idi ki, qazax çölləri nədən boş qalmış, “xam torpağ”a çevrilmişdir. 1960-cı illərdə SSRİ-nin hər yerindən “komsomol putyovkası”, “tələbə inşaat dəstəsi”, “sürgün” adı altında “xam torpaq”ları əkib-becərməyə yüz minlərlə insan göndərilirdi. Ailəsini dolandırmaq üçün, iş tapmaq üçün müvəqqəti, müqavilə ilə işləməyə gedənlərin sayı da az deyildi.

Qəribəsi bu idi ki, kəndimizdə işçi qüvvəsi çatışmayanda qonşu Çәmbәrәk (Krasnıselo) rayonunda yaşayan malakanları müqavilə ilə gətirib taxıl biçinində, ot biçinində işlədirdilər. Amma öz kəndimiz­dən olanlara müqavilə ilə iş vermirdilər. Ona görə də kəndimizdən fiziki cəhətdən sağlam, işgüzar gənclərin bəziləri də illərlə yaz-yay aylarında Qazaxıstana müqavilə ilə işləməyə gedirdilər. Çox vaxt onlar dəqiq ünvan bilmədən, iş tapacaqlarına qəti əmin olmadan, neçə deyərlər bəxtə-xuda oraya yola düşürdülər.

Uzun illər beynimdə dolaşan bu suala çox-çox sonralar cavab tapa bildim. Anladım ki, Rusiya bu yerləri işğala başlayandan sonra yüz minlərlə qazağı məhv edib. Özünü dünya füqәrasının, kasıb-küsubunun himayədarı elan edən, insan haqlarının qoruyucusu kimi göstərən, millətlər arasında bərəbərlik yaradacağını vəd edən sovetlər, hakimiyyətə gəldikləri ilk gündən sinfi mübarizə, vətəndaş müharibəsi adı altında yüz minlərlə insanı məhv edib. Varlıların var-dövlətini əlindən alaraq ölkəni yoxsulluq girdabına soxdular. Bu azmış kimi, 1920-ci illərin sonlarında kollektiv təsərrüfat yaratmaq istəyilə milyonlarla heyvanın baxımsızlıqdan, aclıqdan qırılmasına səbəb olub. Qazaxların əsas dolanışıq mənbəyi olan qoyun sürüləri məhv edildiyindən minlərlə qazağın aclıqdan, soyuqdan ölmələrinə gətirib çıxarıb. Sonralar oxuduğum qaynaqlardan öyrəndim ki, 1917-1929-cu illərdə aclıqdan, xəstəlikdən, silahlı basqınlardan ölən qazaxların sayı dörd milyona çatır.

Universitetdə oxuyanda artıq qazaxların Qıpçaq soyundan gəldiklərini, türklərin bir qolu olduğunu bilirdim. Ali məktəbi bitirib Naxçıvan Vilayət Partiya Komitəsinin qəzetində işləyəndə bir neçə dəfə Qazaxıstana getməyi planlasam da, maddi durumum buna imkan vermədi. Əksər azərbaycanlı kimi mənim də içimdə qazaxlara qarşı bir ehtiram, məhəbbət vardı.

Bir hadisəni unuda bilmirəm. Həmişə oturub-durub Sovet dövrünü tərifləyən Suliddin Qasımlı yeni nəşr etdirdiyi kitabını mənə bağışladı. Suliddinlə eyni illərdə Jurnalistika fakültəsində oxumuşuq. 1990-cı illərin sonlarında da bir təşkilatda – Azərbaycan Ensiklope­diya Nəşriyyat Birliyində çalışmışıq.

Kitabı səhifələyərkən diqqətimi şairin 1970-ci illərdə yazdığı “Qa­zax qardaşım, traktorçu Tanabaya” şeiri diqqətimi cəlb etdi. Kom­munist Partiyasının üzvü olub-olmadığını bilmədiyim, Kom­mu­nist Partiyasını tərifləyən Suliddin bəyə millətçiliklə yoğrulmuş şeirini göstərərək: “Kommunistsinizsə, nədən belə millətçi şeirlər yazıb­sınız, beynəlmiləlçilikdən uzaqlaşıbsınız?” – deyə xəbər aldıqda o, gülümsəyərək: “Kitabı diqqətlə oxusan, ondan da millətçi şeirlərlə rastlaşa­caqsan. Sənə qalsa, məni pantürkist də elan edəcəksən!” – cava­bını verdi.

Az keçmədi Suliddin Qasımlının kitabı haqqında Bakı Dövlət Universitetinin magistrlərindən birinin məqaləsini oxudum. O, şairin türkçülük ideyalarının təbliğindəki rolunu yüksək qiymətləndirmişdi. Demək istədiyim odur ki, özünü kommunist, beynəlmiləlçi sayanlarımızın da daxilində həmişə bir millətsevərlik şüuru hakim olmuşdur. Bunu kitaba daxil etdiyimiz məqalələrdə də oxucularımız aydın görəcəklər. Belə ki, Rusiyaya – sovetlərə xidmət edənlər, onlarla iş birliyində olanlar da milli məsələ gələndə özlərini saxlaya bilməmiş, millətini müdafiə etmiş, həyatlarını təhlükəyə atdıqlarını görsələr də, yollarından çəkilməmişlər.

Yaxın tariximizlə maraqlandıqda görürdüm ki, azərbaycanlıları Qazaxıstana yalnız sürgünə, həbsxanalara göndərməyiblər. 1920-ci illə­rin sonlarında xeyli partiya-sovet işçisi də Qazaxıstana və Qırğızıs­tana rəhbər vəzifələrdə işləməyə göndərilib. Çox-çox sonra­lar bildim ki, 1916-cı ildə başlayan xalq üsyanından sonra bölgədə ziyalılara da divan tutulub. 1927-1929-cu illərdə isə hətta sovetlərə xidmət edən, onlar üçün işləyən qazax-qırğızların böyük bir qisimini də millətçilikdə suçlayıb, həbsə atdıqlarından kadr qıtlığı yaranıb.

1986-cı ildə Almatıda Sovet hökumətinə qarşı baş qaldırmış üsyan yatırılanda, yüzlərlə insanın məhv edildiyini, izsiz-soraqsız yoxa çıxarıldığını eşidəndə də bərk narahat oldum. Lakin oraya gedib kədərimi onlarla bölüşə bilmədim. Dost-tanış arasında sovetlərin işğalçı siyasətini qınamaqla qaldım.

Qazaxıstana getməyə can atmamın səbəbi sürgünə göndərilmiş axısqa türkləri, xüsusən də Aşıq Xəstə Hasanın nəslindən olanlarla görüşmək idi. Universitetin son kursundan axısqalı Xəstə Hasanın şeirlərini toplamağa başlamışdım. Bu həvəsi məndə 1972-ci ildə Türkiyədən Gürcüstanın Keşəli kəndində yaşayan bacısını görməyə gəlmiş karslı aşıq İslam Ərdənər oyatmışdı. Bütün ciddi-cəhdlərimə baxmayaraq Xəstə Hasanın nə ömür yolunu öyrənə bilirdim, nə də şeirlərini toplaya bilirdim. Azərbaycan aşıqlarının böyük qismini tanı­sam da, onlar bu işdə mənə yardımçı ola bilmirdilər. İstər aşıq­la­rı­mı­zın, istərsə də aşıq yaradıcılığını öyrənən araşdırıcılarımızın bu möv­zuda yetərincə bilgisi yox idi.

Ağbabalı aşıq İsgəndər Gülməmmədovla tanışlıqdan sonra Xəs­tə Hasan haqqında bilgilərim artdı. Tez-tez Qazaxıstana sürgün olu­nan­la­rın toy-düyünlərində çalıb-oxumağa gedən İsgəndər Gülməm­mə­dov Xəstə Hasanın şeirlərini çalıb-oxumaqla yanaşı, Çıldır-Axısqa böl­gə­sinin aşıqlarını yaxşı tanıyan, aşıq havalarını yaşadan, bir sözlə, aşıq mühiti haqqında çox bilgisi olan birisiydi.

İlk dəfə Xəstə Hasanın nəslindən olanların Almatı yaxın­lı­ğın­da­kı Talqar şəhərində yaşadığını Aşıq İsgəndərdən eşitdim. O, sonralar bi­zim aramızda bir körpü oldu. Bu “körpüdən” yararlanıb, Xəstə Ha­sa­nın ömür yolunu öyrənməyə, şeirlərini toplamağa çalışdım.

Xəstə Hasanın nəsilindən olanlarla görüşüm 2007-ci ildə müm­kün oldu. Elmi simpozyumlardan tanıdığım balıkəsirli, Azər­bay­can siyasi mühacirətinin araş­dırıcısı Səbahəttin Şimşir xanımı Na­hidə Şimşir ilə birlikdə Almatı şəhərindəki Abay adına Pedaqoji Uni­ve­rs­itetinə müəl­lim işləməyə getmişdilər.

Təşkilatçılıq bacarığı ilə seçilən, oraya gedən kimi “Abay Yıl­lı­ğı” adlı məqalələr toplsu çap etdirən Səbahəttin bəy 2007-ci il mayın 16-20-də Almatıda bir simpozyum da təşkil etdi. “Birinci Ulus­lar­ara­sı Ortak Dəyərlər Simpozyumu” adlanan toplantıya Azərbaycandan Ba­kı Dövlət Universitetinin professoru Vaqif Soltanlı və mən də qatıl­mış­dıq. Bü­tün xərcləri ödənən simpozyuma getməklə Xəstə Ha­sa­nın sürgündə olan qo­humları ilə görüşdüm.

Görüşün təşkilatçısı isə Almatıda o zaman kiçik bir yeməkxana işlə­dən, Naxçıvandan tanıdığım, xalq hərəkatı fəallarından Elçin Ab­ba­sov oldu. O, sürücüsü uyğur olan bir maşın kirələyib, bizi Almatı­dan təxminən 70-80 kilometr aralıdakı Talqar şəhərinə, Xəstə Ha­sa­nın nəslindən olanlarla görüşə göndərdi.

Səfərimiz uğurlu alındı. Aşıq İsgəndər Ağbabalı vasitəsilə qiyabi tanış olduğum və məktublaşdığım Murtuza Tursunovun evinə getdik. Onun süfrəsində çörək kəsdik. Xəstə Hasan mövzusunda xeyli söhbət et­dik. Sonra arxivindəki Xəstə Hasanla bağlı materialları da alıb gəl­dik. Mən Xəstə Hasan kitabını çapa hazırlasam da, institumuzdakı bə­zi səbəblərdən kitabın nəşri ildən-ilə təxirə salınaraq 2012-ci ilədək yuba­dıldı.

“Axısqalı Xəstə Hasan” gec çap olunsa da, kitaba maraq böyük ol­du. Az sonra Elçin Abbasovun səyi və işgüzarlığı nəticəsində “Axıs­qalı Xəstə Hasan” kitabı Almatıda yaşayan Xəstə Hasanın qohum­ları tərəfindən təkrar nəşr edildi.

Bu məni Türkiyə Radiosunun “Türkiyənin səsi” və Azərbaycan İcti­mai Radiosunun birgə hazırladığı “Qorqud Ata” proqramında səs­lən­dirilmiş verilişlərini yenidən gözdən keçirməyə həvəsləndirdi. “Türk dünyasının məşhurları” rubrikası altında gedən bu verilişlərin bə­zi­ləri üzərində işləyib, qəzet-jurnallara məqalələr yazmışdım. Qazax­lar haqqında yazdıqlarımı yenidən gözdən keçirdim. Bəzi məqa­lə­ləri yenidən redaktə etdim, bəzilərini də yeni faktlarla zəngin­ləş­dirdim.

İnzibati ərazi bölgüləri adətən dəyişkən olur. Kitabdakı məqa­lə­lər­də hadisələrin bəzən bu günkü Qazaxıstan Respublikasının sər­həd­lə­rindən kənarda cərəyan etməsi oxucunu çaşdıra bilər. 19-cu yüzilin son­la­rı, 20-ci yüzilin əvvəllərində Rusiya imperiyası qazaxların əsa­sən toplu halda yaşadıqları əraziləri Türküstan, Həştərxan, Kazan, Oren­burq (bu quberniya bəzən də sadəcə Çol və ya Çol quberniyası ki­mi də yazılır. Bu quberniyanın böyük qismi Başqırdıstan Cüm­hu­riy­yәtinә daxildir. – Ə.Ş.) quberniyaları arasında bölmüşdü. Buna gö­rə də qazaxların muxtariyyat uğrundakı mübarizəsi adı çəkilən qu­ber­ni­ya­larda gedirdi.

Kitabı hazırlayarkən təkrarçılıqdan qaçmaq üçün məqal­ələr­də­ki ­bəzi faktları ixtisar etdik. Rus və Avropa qaynaqlarında qazax­la­rın ad və soyadları qazaxlardakı kimi deyil, öz dillərinin qaydalarına uy­ğun yazılır. Biz isə dillərimizdə eyni səslərin olduğuna görə və qa­zax­la­ra sayqı olaraq haqqında söhbət açdığımız adamların ad, ata adı, so­ya­dı və toponimləri onlarda olduğu kimi yazmağa çalışdıq. Onu da xatır­la­dım ki, türk xalqlarında insanlar daha çox ad, ata adı və mən­sub olduqları tayfanın adı ilə tanınırlar. Ruslarda isə nəsli bildirən, so­nu “ov”, “yev”lə bitən familiya daha çoxdur. Onlar Rusiya əsarətində olan türk, müsəlman xalqlarının övladlarını qeydiyyata alanda, haq­qında yazanda familyalarını öz dillərinə və sistemlərinə uy­ğun­laş­dır­mış­lar. Beləcə Kenesarı Qasım ulu (yəni oğlu, qıbçaq qrupuna daxil olan türklər oğlu sözünü “ulu”, “ulı” kimi yazırlar – Ə.Ş.) Kenesarı Ka­sı­mo­va, Əli xan Bökeyxan ulu Alixan Bukeyxanova, Mustafa Şokan ulu Mustafa Çokanova və b. çevrilmiş olur. Ona görə də məqalə­lə­ri­miz­də eyni adamın ad və soyadının fərqli yazılışına rast gəlinəcəkdir.

Qazaxıstanla Azərbaycan uzun illər Rusiya imperiyasının, son­ralar da SSRİ-nin tərkibində olduğundan sıx iqdisadi, siyasi, mədəni əla­qə­ləri olmuşdur. Lakin bizim haqqında söhbət açdığımız insan­lar­dan uzun illər nəinki Azərbaycanda, hətta Qazaxıstanda da ya heç ya­zıl­ma­mış, yazılanlarda isə onların əsil fəaliyyətlərinə kölgə salın­mış­dır.

Türk xalqları ilə əlaqələrimdən xəbərdar olan şair Əhməd Oğuz 1995-ci ildə məni Azərbaycan Radiosunda veriliş hazırlamağa dəvət etdi. Mənəvi təlabatımı ödədiyinə görə qonararının azlığını dü­şün­mə­dən razılaşdım. Beləcə hər ay bir dəfə otuz dəqiqəlik veriliş ha­zı­rl­­a­mağ­a başladım. “Qonaq eldən gələr” adlanan bu verilişdə mən hər də­fə bir türk xalqının tarixindən, mədəniyyətindən, insanlarından söh­bət açırdım. Səyahətlərdə, xarici ölkələrdə qatıldığım sem­po­z­yum­larda görüşdüyüm insanlardan aldığım müsahibələri dostların gön­dərdiyi lentlərdəki musiqi parçaları ilə bəzəyərək verilişi maraqlı et­mə­yə çalışırdım.

Azərbacan radiosunun ötürücüləri zəif olduğundan hazırladığım veriliş­lər istədiyim təsiri göstərmirdi. Azərbaycana tez-tez gələn TRT “Tür­ki­yәnin sәsi” Radiosu Azәrbaycan Verilişlәri Redaksiyasının rәh­bә­ri Seyfəddin Altaylı da radiomuzun qüsurlarını görür və jur­nalist­lərin əməyinin səmərəli olmamasından narahat olurdu. Var gücü ilə çalışırdı ki, Azərbaycan jurnalistlərinin vətənpərvərlik mövzusunda hazırladığı yazıları, radio verilişləri geniş yayılsın. Onun illәr uzunu yaratdığı dostluqlar, apardığı danışıqlar öz bәhrәsini verdi vә hәyata keçirmәk istәdiyi layihəsinin reallaşmasına imkan yarandı. 2007-ci ildә Bakıda Türk Dünyası Qurultayı keçirilәrkәn, onun sәylәri nәticәsindә TRT-nin rəhbərliyi özünün də iştirakıyla, Azərbaycan Radiosu və Azərbaycan İctimai Radiosu ilə müqavilə bağladı. Müqavilə şərtlərinə görə gündə bir saat birgə veriliş hazırlanıb efirdə səsləndiriləcəkdi. Verilişləri, müqavilə bağlayan tərəflərin hər biri öz vəsaiti hesabına hazırladacaqdı. Beləcə verilişləri, Azərbaycanın ötürücüləri vasitəsilə cumhuriyyәtimizin ərazisində, TRT-nin ötürücülərinin texniki imkanları güclü olduğundan isə dünyanın hər yerinə yayacaqdılar. Beləliklә, istər Azərbaycan Dövlət Radiosu, istәr Azərbaycan İctimai Radiosu heç bir vəsait ödəmədən gündə bir saat da olsa, şərikli hazırlanmış verilişlərini dünyanın hər yerinə yaymaq imkanı qazanacaqdı.

2008-ci ildәn qәdәm götürәn vә ayda bir dәfә hәr iki radio ilә aparılan ortaq verilişlәr ilin axırına kimi davam etdi. Hәmin ilin avqust ayında yenә Seyfәddin Altaylının sәylәri ilә Azәrbaycanın hәr iki radiosu ilә әlavә protokol imzalandı. Bu protokola әsasәn, 2009-cu il yanvar ayının 1-dən hәr gün olmaqla ortaq canlı verilişlәr başlanmalı idi. Azərbaycan İctimai Radiosu müqavilə şərtlərinə əməl edərək, Seyfәddin Altaylının adını qoyduğu “Qorqud Ata” adlı ortaq veriliş başladı. Azərbaycan Radiosu ilə bağlanmış müqavilə isə pozuldu. Seyfəddin Altaylı bundan bərk əsəbləşdi, çünki o, Türkiyә ilə qardaş olan Azәrbaycanın müstәqilliyinin möhkәmlәnmәsini, dövlәtçiliyinin çiçәklәnmәsini hәr şeydәn üstün tuturdu, bunu müstәqillik dövründә vә müstәqillikdәn sonrakı zamanda da öz әmәllәri ilә sübut etmişdi. Uzun müddət əziyyət çəkib rəsmiləşdirdiyi, üstәlik, Azәrbaycan üçün әvәzsiz önәmi olan, dövlәtimizin dünya miqyasında tәbliğatına imkan yaradacaq bu önәmli layihәsi çox asanlıqla pozulmuşdu. Özü də bu işi pozan uzun illər Seyfəddin Altaylı ilə dostluq edən, millətçi kimi tanıdığımız bir insan idi.

TRT ilə Azərbaycan İctimai Radiosunun birgə proqramı olan “Qorqud Ata” rubrikasında mənə Seyfәddin bәy tәrәfindәn həftədə bir dəfə on üç-on dörd dəqiqəlik “Türk dünyasının məşhurları” verilişini aparmaq tapşırıldı. Bu verilişdə mənim qarşıma sovet təbliğatının məşhurlaşdırdığı insanları deyil, əsasən milləti üçün böyük işlər görmüş, lakin hakim rejimlər tərəfindən məhv edilmişləri tanıtmaq tapşırıldı. Beləcə türk xalqlarının millətsevər insanları haqqında bilgilər toplayaraq dinləyicilərə çatdırmağa çalışdım.

Mən təkcə radio verilişlər hazırlamaqla qalmadım, milləti və vətəni üçün fədakarlıq edənləri oxuculara da tanıtmağa çalışdım. Düşündüm ki, müstəmləkəçiliyə qarşı mübarizədə eyni yolu keçmiş xalqlarımızın tarixini öyrənməklə oxucularımızın Qazaxıstana və qazaxlara diqqəti bir az artar.

Bu kitab TRT və Azərbaycan İctimai Radio­sunun birgə proqramı olan “Qorqud Ata” rubrikasında səsləndirilmiş verilişlər və qəzet-jurnallarda çap olunmuş məqalələr əsasında hazırlanmışdır.


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin