CUCİ XANIN NƏSLİNDƏN OLAN ƏLİ XAN BÖKEYXANOVUN TALEYİ
Qazaxların adı və soyadını Əli xan Bökeyxan, Əli xan Bükeyxan ulu yazdıqları halda ruslar onu Alixan Bukeyxanov kimi tanıtmışlar. Dünyanın çox yerində, hətta eyni soylu xalqlar arasında belə onun ad və soyadı rus dilində olduğu kimi yazılır. Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cucuyə bağlı olduğunu göstərir. Doğum tarixini 1866-cı il, 1869-cu il, 1870-ci il kimi yazırlar.
Rusiya imperyiasının inzibati ərazi bölgüsünə görə Əli xan Nurmuhammed ulu Bökeyxanov Orenburq quberniyası Semiplatinski (Yeddi çadır) vilayəti Karqaralı qəzasının Tokrayın nahiyəsində doğulmuşdur.
Nurmuhammed xan oğlu Əlinin təhsil alması üçün özəl müəllimlər tutmuş, sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərmişdir. 1879-1886-cı illərdə bu məktəbdə oxuyan Əli xan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövrkü general-qubernatoru Q.A.Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olur. 1890-cı ildə məktəbi bitirib, Sankt-Peterburqa gedərək Peterburq İmperator Meşəçilik İnstitunun iqtisadiyyat fakültəsinə qəbul olunur.
Peterburqdakı mədəni mühit ilk günlər onu olduqca heyrətləndirir. Rusiyanın mərkəzi quberniyalarının Qazaxıstanla müqayisəyəgəlməz inkişafı bir vətənsevər kimi Əli xanı düşünməyə vadar edir. O, da xalqının dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yaşamasını arzulayır.
Oxuduğu kitab və qəzet-jurnallardan, tez-tez görüşüb söhbət etdiyi demokratik fikirli rus ziyalılarından öyrənir ki, Avropa ölkələri istər mədəni, istər iqtisadi cəhətdən Rusiyadan da çox irəlidədir. Ona görə də Rusiyanın imkanlı, tərəqqipərvər insanları övladlarını oxumağa oradakı ali məktəblərə göndərməklə kifayətlənmir, özləri də tez-tez səfərə çıxır, Avropada yaşamağa üstünlük verirlər.
Rus ziyalılarının qərbmeyilliyi Əli xan Bökeyxanova təsir edir. Ölkəni islahatlar yolu ilə dəyişdirmək istəyənlərə qoşulur.
Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid etdiyinə, əsarət altında olan xalqların hüquqlarının tapdandığını dilə gətirdiyinə görə adı jandarma idarəsinin “qara siyahı”sına düşür.
1894-cü ildə ali məktəbi başa vurub, Omsk şəhərinə qayıdıqdan sonra Əli xan Bökeyxanov Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləməyə başlayır.
Xalqının dünyanın inkişaf etmiş ölkələrinin əhalisi ilə müqayisədə çox geridə qalmasının səbəblərini və bu geriliyi aradan qaldırma yollarını axtarmaq üçün aulları, bölgələri gəzir, müxtəlif insanlarla görüşür, onlarla fikir mübadiləsi edir. Belə səfərlər ona xalqının yaşam şərtlərini, adət-ənəsini, tarixini, etnoqrafiyasını, folklorunu, düşüncə tərzini öyrənməyə şərait yaradır.
Onun marağından və araşdırmalarından xəbər tutan Rus İmperator Coğrafiya Cəmiyətinin Batı Sibir şöbəsi Əli xan Bökeyxanovun gücündən və bacarığından istifadə etməyi qərara alır.
1896-cı ildə Əli xan Bökeyxanovu Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Cəmiyyətə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı, bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına da şərait yaradır.
1903-cü ildə Peterburqda nəşr olunan “Rusiya. Vətənimizin tam coğrafi təsviri” çoxcildliyinin (1899-1914-cü illərdə 19 cild halında çap olunmuşdur. – Ə.Ş.) 18-ci cildindəki “Bölgədə yaşayan qazax-qırğız əhalisinin etnoqrafiyası, mədəniyyəti və məişəti” adlı məqaləni Əli xan Bökeyxanov yazır. Məqalədə qazaxların məşhur “Kozı-Kopreş və Bayan” dastanı da ilk dəfə geniş təhlil edilir.
Rusiya hökuməti Güney Sibirin təbii sərvətlərinin istismarına nail olmaq üçün F.A.Şerbinin rəhbərliyi altında bir ekspedisiya göndərir. Bu ekspedisiya bölgə ilə tanış olacaq, oradakı insanlarla ünsiyyət yararada biləcək, bir sözlə, həm bələdçilik, həm araşdırma apara biləcək birisinə ehtiyac duyur. F.A.Şerbin Əli xan Bökeyxanovu 1904-cü ildə ekspedisiyaya cəlb edir.
1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Kunanbayevin ölümü münasibətilə “Semiplatinskiy listok” qəzetində çap etdirdiyi məqaləsində ilk dəfə şairin yaradıcılığının özəlliklərini ortaya qoyan Əlixan Bökeyxanov 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbəsi Semiplatiniski Bölməsinin “Zapiski” (Qeydlər) jurnalında çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxucuya tanıtmış olur.
Rusiyanın geri qalmış bir aqrar ölkə olması vətəndaşlarının çoxunu narahat edirdi. Onların çoxu geriliyin səbəbini monarxiya idarəçiliyində görürdülər. Ölkənin islahatlara böyük ehtiyacı vardı. Lakin islahatlar çox ləng aparılırdı. Buna görə də ölkədə konstitusiyalı monarxiya tərəfdarlarının sayı gündən-günə artırdı. İkiqat zülm altında qalan, əsarət altına alınmış xalqların vəziyyəti isə daha çətin idi.
Dostları ilə paylaş: |