Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010



Yüklə 1.22 Mb.
səhifə3/13
tarix16.06.2017
ölçüsü1.22 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

i. Elm adamları boşluqların olduğu və elmi liderlərin mövcud olmadığı sahələrdə elmi irəliləyiş əldə etmələri üçün vəqf tərəfindən himayə ediləcək. Ölkələrinə qayıt­dıq­dan sonra, işlərinə davam edə bilmələri üçün vəqf on­la­ra köməklik göstərəcək. İldə 10 milyon dollarlıq fond, yük­­­­sək səviyyədə təhsil alan 4 min elm adamına, ölkə­lə­ri­nə qayıtdıqdan sonra da min nəfərə və lazımi təchizatlara ki­fayət edə bilər.

ii. Proqramlar, yüksək səviyyəli elmi insan poten­sialı­nı artırmaq üçün mövcud elmi liderlərin ətrafında təş­kil ediləcəkdir. Bu məqsədlə, seçilmiş sahələrdəki elmi iş­ləri gücləndirmək üçün universitetlərin müvafiq şöbələri ilə müqavilələr imzalanacaq. Universitet fakültələrinin key­­­fiyyəti bu müqavilələrdə əsas meyar olacaq. Bu mü­qa­vilələr üçün ildə 15 milyon dollar xərclənə bilər.

iii. İslam dünyasına mənsub elm adamlarının dünya miqyaslı elmi cəmiyyətlərlə əlaqələri.

Müsəlman ölkələrdə mövcud elm təcrid olunması sə­bəbiylə çox zəifdir. Müsəlman ölkələrindəki elm adam­ları ilə dünya miqyaslı elmi cəmiyyətlər arasında əlaqələr, de­mək olar ki, yox dərəcəsindədir. Elm fikir mübadiləsi və tənqidlə zənginləşir. Beynəlxalq səviyyədə təmasları ol­mayan ölkələrdə elm statikləşir və ölür. Vəqf bu vəziyyəti dəyişdirməyə çalışacaqdır. Bu, elm adamlarının tez-tez sə­fərlərə getməsini və beynəlxalq simpozium və konfrans­la­rın keçirilməsini tələb edəcək. 5 milyon dollarlıq bir fond bir ildə iki aylıq 3000 səfərin xərclərini ödəyəcəkdir. Bu rəqəm 10 elm sahəsinə və 15 ölkəyə bölünsə, hər ölkənin payına bir elm sahəsi üçün 20 səfər düşəcəkdir.

(b) Münasib tətbiqi araşdırmaların himayə edilməsi (sponsorluğu).

Vəqf Yaxın Şərq və İslam dünyasında inkişaf prob­lemləri haqqında yeni araşdırma mərkəzləri qurmaq və möv­cudları gücləndirmək məqsədilə 25 milyon dollar xərc­ləyə biləcək. Bu vəsaiti, beynəlxalq səviyyədəki bu ye­ni institutlar səhiyyə, texnologiya – neft texnologiyası da­xil olmaqla – kənd təsərrüfatı texnologiyası və su eh­tiy­yat­ları problemlərini araşdırmağa sərf ediləcəkdir. Digər tərəfdən, bu institutlar beynəlxalq arenaya çıxmaqda on­lara kömək edəcək beynəlxalq keyfiyyət və nailiyyət stan­dartlarını əldə etmək üçün Birləşmiş Millətlərin universitet sistemi strukturunun bir parçası ola bilərlər. (Məsələn, Fi­lip­pində 5-6 milyon dollara qurulmuş Beynəlxalq Düyü İnstitutu kimi).



(c) Vəqf İslam ölkələrində xalqın texnoloji və elmi şüura sahib olması üçün 5 milyon dollar xərcləyəcək. Bu, nəşriyyat, elmi muzeylər, kitabxanalar və sərgilər, kəşf və icadlara verilən mükafatlar şəklində həyata keçiriləcək. Elm və texnologiyanın geniş kütlələr tərəfindən təqdirə la­yiq görülməsi elm və texnologiyanın həqiqi bir təsirə sahib olub-olmaması nöqteyi-nəzərdən mühümdür.

(d) Vəqf ali təhsil müəssisələrində olduğu kimi, orta təhsil müəssisələrində də elm və texnologiya proq­ram­la­rı­nın modernizasiyasında iştirak edəcəkdir.

c) Ölkələrimizdəki texnologiya

Müqəddəs kitabımızda təfəkkür və təzkirə – bilik əldə etmək qədər bu bilik səviyyəsində təbiətə hökm et­məyə də – eyni dərəcədə əhəmiyyət verilir. Qurani-Kərim, bizə vaxtilə texnologiyaya hakim olmuş Davud (ə.s.) və Süleyman (ə.s.) hadisələrini anladır:



«Və Biz dəmiri onun üçün yumşaltdıq…», «Küləkləri onun əmrinə verdik» və «Əmri altında cinlər vardı…» (34:10-10)

Yəni, mənim sadə mülahizələrimlə desək, sarayların, sədlərin, su bəndlərinin və anbarların inşaatında istifadə edi­lən dövrün texnoloji gücünü nəzarət altına aldı. Və da­ha sonra Zülkarneyn hadisəsi ilə dəmir və əridilmiş mis­dən qala bürclərinin inşa edildiyi xatırladılır. Beləcə, me­tallurgiya, ağır konstruksiya texnologiyaları, küləyin gücü və kommunikasiya texnologiyalarına işarə edilir. Hər mü­səlmanın bildiyi kimi, Qurani-Kərim bunlardan gələcək üçün bir nəsihət, insanlar üçün bir nümunə olsun deyə bəhs edir.

Bunun bir misalı da, həmişə ən son müdafiə tex­no­lo­giyasını qurmaq istəmiş Peyğəmbərimiz tərəfindən ortaya qoyulmuşdur. Onun Ərəbistanda ilk dəfə «xəndəyi» mü­dafiə metodu kimi istifadə etməsini yada salın. Və ya Hey­bər qalasını almaq üçün Bizansdan mancanaqlar gətirt­mə­sini düşünün. Düzdür, qala bunlar gətirilməmişdən əvvəl alın­mışdı; ancaq bu qurğular ərəblər üçün çox yeni bir dö­yüş silahı idi.

Bizim cəmiyyətimizin texnologiyada – xüsusilə də yeni elmi nailiyyətlərə əsaslanan texnologiyada – ən yük­sək ustalığa çatmasına çətinlik törədən maneələr nələrdir? Buna baxmayaraq, son on il ərzində ərəb-islam ölkələrində çox qısa bir müddətdə texniki imkanların hazırlanmasına sərf olunan əmək və vəsait insanlıq tarixində heç bir vaxt sərf olunmamışdır. Belə ki, Zahlana görə, hələ 1978-ci ilə qədər bu ölkələr və xarici sponsorlar arasındakı texnoloji kontraktlar üçün 400 milyard dollardan çox vəsait xərc­lən­mişdir. Bu proyektlərə zülallar və neft-kimya məhsulları (160 milyard), nəqliyyat və dövlət xidmətləri (80 milyard), dəmir-polad, dərman preparatları, gübrə istehsalını da əha­tə edən sənaye müəssisələri daxildi.

Təəssüf ki, bu proyektlərin çoxu texnologiyadan kə­nar metodlarla həyata keçirildi. Proyektlərin həyata keçi-ril­məsində, hələ inkişaf etməkdə olan ərəb texniki heyəti­nin iştirakı olmadı, bu potensialdan istifadə edilmədi. Bu­nun səbəblərindən biri proyektlərin parçalanmış, hissələrə bölünmüş olmasıydı. Belə ki, Zahlana görə, 1976-cı ilə qə­dər neft-kimya sahəsində həyata keçirilən 584 layihə 83 bey­nəlxalq firma tərəfindən planlaşdırılmışdı. Bu təcrübə­dən sonra, ərəb dünyasında heç bir ərəb ölkəsinin bu pro­yektlər üçün lazımi dizayn və konstruksiyanı təmin edəcək texniki bazası, bunları yaxşılaşdıracaq və lazım gəldikdə dəyişdirəcək infrastrukturası olmadı, indiyədək də yoxdur.

Bunun əksinə, demək olar ki, bütün ərəb millətləri qə­­­dər əhalisi olan və iyirmi il əvvəl neft-kimya sahəsinə girmiş Yaponiyanı ələ alaq. Yaponlar əzəldən bəri belə qur­­ğuları ixrac etməyin yollarını axtarırdılar və nəticədə son iyirmi il ərzində hər üç yapon qurğusundan biri ixrac edildi. Yaponların kifayət qədər insan potensialından baş­qa, istəkləri də vardı. Əgər kifayət qədər texnologiya ilə məş­ğul olan insan potensialı olmasaydı belə, bunları yetiş­dirmək çox asan idi; çünki ölkədə onsuz da güclü bir elmi baza mövcuddur. Və yüksək elmi səviyyələri ilə tanınan bu insanlar nə edəcəklərini çox yaxşı bilirdilər.

Bu sahədə kökləri bir neçə əsr əvvələ gedən bir səh­lənkarlıq nəticəsində necə geri qaldığımızı daha yaxşı başa düş­mək üçün, o vaxtlar İstanbulda İngilis səfiri olan Uil­yam Etonun 1800-cü ildəki təəssüratlarını necə danış­dı­ğı­na fikir verək: «Bir dəniz səyahəti və maqnitin istifadə edilməsi heç kimin ağlına gəlmir… Zehni genişləmənin və inkişafın böyük mənbəyi olan səyahət, tamamilə dinlərinin qəti əmrləri ilə və rəsmi vəzifəsi olmayan bir şəxsin əcnə­bilərlə münasibətini xoş qarşılamayan bir anlayışla məh­dud­laşdırılmışdır… Buna görə də, elmlə məşğul olan bir kəsə rast gəlmək olmur… Top-tüfəng düzəltməklə məşğul olan ya da gəmi inşa edən yaxud buna bənzər bir iş görən sadə emalatçıdan başqa, bir ixtiraçı çıxsa, ona qarşı dəli bir adamdan bir az yaxşı davranardılar, vəssalam». Söz­lə­rini müasir bir hökmlə bitirir: «Özlərinə istifadəyə yararlı və qiymətli mallar gətirənlərlə alış-verişi xoşlayırlar, an­caq bunları istehsal etməyi sevmirlər».

Bu gün belə, istehsalatda özümüzü təmin eləmək sə­viyyəsinə çatmaq üçün maraq göstərməməyimizin səbəbi nə olmuşdur? Bir neçə İslam ölkəsindən başqa – İndone­ziya kimi – bu problemin həlli bütün ölkələr üçün eynidir: qərarverici mövqedəki şəxslər texniki mənşəli şəxslər deyildir. Ölkələrimiz planlaşdırıcılar və idarəçilər üçün bir cənnətdir. Ancaq texniki mənşəli adamların qərarların alın­­masında payı yoxdur. Məsələn, Pakistanda Plan­laş­dır­ma Komissiyasının 3 il bundan əvvələ qədər bir elm və tex­nologiya şöbəsi yox idi. Bundan başqa, İngilis-Hind in­zi­bati idarə sistemindən irəli gələn bir ənənənin təsiri ilə, ən azı Pakistanda, indiyədək texniki mənşəli bir nəfərin qə­rar vermək qabiliyyətinin olmadığı, verdiyi qərarın uzaq­­­görən olmayacağı qəbul edilir. Deyəsən, biz Yaponi­yada, Çində, Koreyada, İsveçdə, Fransada, bir sözlə, sabit inkişaf edən bütün ölkələrdə elm adamları, texniki şəxslər və dövlətin, sənayenin inkişafını planlaşdıran mü­tə­xəs­sis­lər arasındakı mükəmməl ahəngi, müştərəkliyi və etibarı san­ki hiss etmirik.

Sənaye və elm təməlinə əsaslanan texnologiya ilə ya­naşı, kənd təsərrüfatı, səhiyyə, biotexnologiya, enerji sistemləri, kommunikasiya və müdafiə sistemlərində elm üçün geniş tədqiqat sahəsi vardır. Bütün bu sahələrdə və xüsusilə, müdafiə sahəsində də vəziyyət, təəssüf ki, ey­ni­dir. Müdafiə və təhlükəsizlik sahələrində xaricdən hazır sa­tın almaya «bəli», müdafiə vasitələrinin istehsalı və tex­no­logiyasına isə «xeyr» deyirik. Bu vəziyyət qarşısında in­san istər-istəməz ümidsizliyə qapılır. İbn Haldunun sərt ifadələriylə desək: «Yuxarı mövqedəkiləri hərəkətə gətirən faktor, daha yüksək rifah şərtlərini axtarmalarıdır… Əgər tamahkarlıq bir şəhərdə və ya millət içində yayılsa, o vaxt Allah qəzəblənər… və Allahın Qurandakı sözlərinin mə­na­sı da budur:

«Bir ölkəni məhv etmək istədikdə, onun ər­kö­yün başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləcə, hökm vacib olar və onu dar­madağın edərik» (17:16).


Son söz

Niyə mən bu cür istək və həvəslə elmlə məşğul ol­mağımızın vacibliyini qeyd edirəm? Bu sadəcə Allahın bi­zə bilmə (öyrənmə) ehtiyacını və haqqını verdiyi üçün deyildir. Bu, biliyin günümüzün şərtlərində yalnızca güc mən­­bəyi olduğu və tətbiq edildiyi halda elm maddi inki­şafın əsas amili olduğu üçün də deyil. Beynəlxalq aləmin bir üzvü olaraq bu biliyi yaradanların bizə qarşı duyduğu - haqqında danışılmayan, əslində var olan – xor görmə duy­ğusu aşkar hiss edilir.

Nobel mükafatı laureatı bir fizikin mənə illər öncə dediyi bu sözlər hələ də yadımdadır: «İnsanlığın bilik yu­mağında ən az belə olsun payı olmayan bu ölkələri dəs­tək­ləmək və onlara kömək etmək kimi bir məcburiy­yə­ti­miz varmı?» O, bunu söyləməsəydi belə, nə vaxt ki, bir xəs­təxanaya girsəm, penisillindən tutun həyat xilas edən hər han­sı bir müalicə metoduna qədər bütün tibbi ava­dan­lıq­ların İslam dünyasından heç birimizin payı olmadan ha­zır­landığını görəndə şəxsən qorxunc bir narahatçılıq his­si keçirirəm. İnanıram ki, din adamlarımız da eyni hiss­ləri ke­­çirirlər. Əgər belə deyilsə, onda niyə İmam Qəzali məş­hur «İhya-u Ülumi'd-Din» kitabının ilk fəslində məhz tibb elm­lərindən söz açaraq, heç olmazsa İslam cəmiy­yə­tinin in­kişafı üçün lazımi elmlərin alınıb öyrənilməsini qeyd edib? O, bu elmlərin alınıb inkişaf etdirilməsini bir vacib şərt – bütün cəmiyyətin məcbur olduğu, ancaq cə­miy­yət­dən bəzilərinin onun adından çıxış edərək icra edə biləcəyi bir vəzifə – kimi görmüşdür.

Bu sözlərimlə aramızda «sözü keçən» üç qrup insana müraciət edirəm. Bunlar: Allahın var-dövlət bəxş etdiyi in­sanlar, siyasətdən məsul olan nazirlərimiz və şahzadə­ləri­miz, din adamlarımızdır.

Dəfələrlə qeyd etdiyim kimi, elm ətrafımızdakı dün­ya­nı dərk etməyimizin təməli olduğu, qanunlarının dəyiş­məz olduğu və Allahın dizaynını izah etdiyi üçün mü­hüm­dür. Elm bir başqa cəhətdən də vacibdir: çünki o bizə mad­di fayda və müdafiə gücü verir. Bundan əlavə, elm uni­versal (bəşəri) olduğu üçün əhəmiyyətlidir. Bütün in­san­lığın və xüsusilə də Müsəlmanlar arasında əmək­daşlı­ğın qurulmasına səbəb ola bilər. Beynəlxalq elmə borcu­muz var və canımızı dişimizə sıxıb bu borcu ödəməliyik.

Mən indi 250 min əhalisi olan balaca və çox da varlı olmayan bir şəhərdə yaşayıram. Bu şəhərdə vaxtilə qurul­ma­sını təklif etdiyim Beynəlxalq Nəzəri Fizika Mərkə­zi­nin binasının inşası üçün 1963-cü ildə 1,5 milyon dollar maddi kömək göstərmiş bir bank – Kassa di Rispermio –var. Yenə də bu şəhər indi quruluş mərhələsində olan UNİDO Biotexnologiya Mərkəzi üçün 40 milyon dollarlıq vəsait ayırmağı öhdəsinə götürüb. Niyə bizim şəhərlərimiz və banklarımız bu sahədə yarışmasınlar? Bir neçə gün bundan əvvəl bir Amerikan neft şirkətinin qurduğu Kek Vəqfinin Kaliforniya Texnologiya İnstitutuna dünyada ən böyük teleskopu - diametri 10 metr olacaq - inşa etməsi üçün 70 milyon dollar verdiyini öyrəndiyim zaman onlara qibtəylə baxdım. Bizim keçmişdə astronomiyanın inkişafı üçün gördüyümüz iş məhz bundan ibarət idi.

Daha əvvəl bəhs etdiyim bir-iki faizlik beynəlxalq normalar (ÜMM-un) İslam dünyası üçün araşdırmaya ildə 5 ilə 10 milyard dollar vəsait ayırmaq deməkdir ki, bunun da dördə biri ilə üçdə biri fundamental elmlərə xərclən­mə­li­dir. Kəçən əsrlərdə bu mənada köklü ənənələrimiz vardı. Xatırlayacaqsınız, İmam Qəzali XI əsrdə İraq və İran tor­paqlarından danışanda bunları demişdi: «Bir alimin uşaq­la­rını rahat bir şəkildə böyüdəcəyi başqa heç bir ölkə yoxdur». O vaxtlar Qəzalinin daxilinə qapanmaq və dün­ya­dan uzaqlaşmaq qərarına gəldiyi bir zamandı. Bu gün sadəcə elm adamları tərəfindən idarə edilən bir deyil, bir çox elm vəqfinə ehtiyacımız var. Bizə həm univer­sitet­lə­ri­mi­zin daxilində, həm universitetlərimizdən kənar insan­la­rımız və onların fikirləri üçün comərdlik və daimilik prin­sipləri əsasında işləyən, yüksək səviyyəli beynəlxalq tədris mərkəzləri lazımdır.

Müasir elmin İslamdakı yeri haqqında şübhəsi olan­lar üçün bir daha xatırladım ki, elmin məhdud olduğunu bil­mək üçün yaşayan elmin bir hissəsi olmaq lazımdır. Yox­sa bu gün dünənin fəlsəfi mübahisələrini yaşamağa da­vam edərik. Əmin olun ki, aramızda, xüsusilə də gənc­lə­rimizin içində, çox qabiliyyətli elm adamları var. Öz­lə­rinin də ən böyük arzusu elm səyahətinə çıxmaqdır. Onla­ra etibar edin. Onların müsəlmanlığı, Qurandakı mənəvi də­yərlərə inamı, ən azı başqalarınınkı qədər dərindir və kök salıbdır. Bunun üçün İslama borcluyuq. Qoy elm və elmin məhdudluğu ilə daxilən tanış olsunlar. Həqiqətən də, İslam və müasir elm arasında heç bir təzad yoxdur.

Sözlərimi iki fikirlə bitirmək istəyirəm. Birincisi, öy­rənmə arzusu haqqındadır. Daha öncə ifadə etdiyim ki­mi, Quran və Hz. Peyğəmbərin hədisləri elmi fəaliyyəti və öyrənməyi hər bir müsəlmanın «beşikdən qəbirə qədər» da­vam edən məcburi vəzifəsi olaraq görür. Min il qədər əv­vəl Qəznədə yetişmiş olan əl-Biruni haqqında danışmış­dım. Bir müasiri onun ölüm məqamını belə nəql edir: «Bi­runinin ölüm ayağında olduğunu eşitdim. Onu son dəfə gö­rə bilmək üçün dərhal evinə getdim. Görünüşünə görə, son nəfəsinə çox az vaxt qalmışdı. Mənim gəldiyimi eşi­dən­də gözlərini açdı və belə dedi: «Sən filankəs deyil­sən­mi?». «Bəli» dedim. Bu dəfə «Mənə deyilənə görə, sən İs­lam miras hüququnda dolaşıq bir məsələnin cavabını tap­mısan» dedi və o məşhur məsələni ortaya atdı. Mən «Ey əbu-Reyhan, bu məqamda damı…?» dedim. Belə cavab verdi: «Bunu bilməyərək ölməkdənsə, bilərək ölməyim da­ha xeyirli deyilmi səncə?». Qəlbimdəki üzüntüylə bil­dik­lərimi anlatdım. Evdən çıxanda təzəcə bayır qapısına çatmışdım ki, içəridən ağlaşma səsləri yüksəlməyə başladı. Biruni ölmüşdü.»

Son fikir olaraq, müqəddəs kitabımızdan – ki, əsl mənası anlaşıldıqda Marmadyuk Piktolun ifadəsiylə, «in­sa­nı gözyaşı və vəcdə qərq edən» kitabdan – bir ayəni nəzərinizə çatdırmaq istəyirəm. Bunu çox yaxşı bilirəm ki, Quran şəxsən mənim elmdə hər zaman hiss etdiyim əzəli hikmətdən danışır.



«Əgər yer üzündəki bütün ağaclar qələm, bütün dənizlər mürəkkəb olsa, sonra yeddi dəniz də buna əlavə olunsa, yenə Allahın kəlamları tükən­məz; O, Əziz və Hakimdir». (31:27)

ELM və SƏNƏT


  • Həyat, bioloji və emosional şərait

  • Məlumat – Qayda – Uyarlıq

  • Duyğu çalarlı fikir

  • Fikir çalarlı duyğu



(1927-1988)
Professor Dr. Xudu Məmmədov

Geologiya-mineralogiya elmləri doktoru ,

AMEA-nın müxbir üzvü


Vətəndaş alim Xudu Məmmədov
Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə na­xışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqə­lə­rin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 de­kabr 1927-ci il­də Qarabağ mahalında Ağdamın Mərzili kəndində ziyalı ailə­sində anadan olmuşdur.

1946-cı ildə Ağdamda orta məktəbi bitirən Xudu Məm­­­mədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olmuş, 1951-ci ildə təhsilini fərqlənmə diplo­mu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya institutuna təyi­nat alır. Xu­du Məm­mədov daha son­ra SSRİ EA-nın Kristallo­qrafiya institutunun aspirantu­rasına daxil olur. Namizədlik disser­ta­siyasının ilkin mövzusu borosilikat-aksinit mineralının quruluşunun təyini ol­muşdur. Amma quruluşu açmaq üçün eksperimental mate­riallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edir­lər.

İkinci dünya müharibəsindən sonra İngiltərə Tikinti Na­­zirliyi nəzdində sement silikatlarının əsas tərkib hissəsi­ni təşkil edən kalsium silikatlarının və hidrosilikatların qu­ru­­lu­şunu öyrənmək məqsədi ilə görkəmli alimlər qrupu yara­dılmışdı. Qrupun rəhbərliyi həmin vaxtdan ömrünün so­nuna qə­dər Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernala tapşırılmışdır. 1953-cü ildə Lon­donda keçirilən III Beynəlxalq sement simpo­zi­u­mu bu qru­pun hesabatına həsr olunmuşdu. Simpoziumda C.Bernal dünyada bu istiqamətdə görülən işləri ümumiləş­di­rərək gös­tərmişdir ki, «sementin bağlayıcılıq və bir sıra başqa xü­su­siyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız se­ment silikatlarınm quruluşu açıldıqdan sonra ya­ra­na bilər». Con Bernalın simpoziumda dediyi bu söz­lər­dən sonra dün­yanın bir çox qabaqcıl laboratoriyaları kal­sium silikat­ların və hidrosilikatların quruluşunu açmaq is­ti­qamətində tədqi­qat­la­ra başlamışdı. Dünyanın görkəmli alim­ləri və dövrünün müasir cihazları ilə zəngin elmi-təd­qiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məm­mədovun elmi rəhbəri aka­de­mik N.V.Belov bu «se­ment sehrinin» açarı olan kso­notlit – Ca6Si6017(OH)2 mi­ne­ralının quruluşunu tədqiq etməyi çox­saylı tələbələri ara­sında gənc Xuduya həvalə etdi.

Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məm­mə­dov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sa­hə­sində böyük qələbə və böyük elmi nailiyyət idi.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristal­lo­qra­­fiya institutunun elmi şurasında «Kristalloqrafiya və Kris­tal­lofizika» ixtisası üzrə «Ksonotlit və vollastonit mi­ne­­ralları­nın kristal quruluşu» mövzusunda müvəffəqiy­yət­lə namizəd­lik dissertasiyası müdafiə edir.

1956-cı ildə X.Məmmədov görkəmli alim Con Be­r­nal­la görüşür. Moskva şəhərində Beynəlxalq Sülh Kon­fran­­sına gələn Con Bernal ixtirası ilə elmi forumlardan ta­nış olduğu X.Məmmədovla görüşmək istədiyini bildirir. Kris­tal­loqrafiya institutunda görüşdən və elmi söhbət­lər­dən sonra onu Londona «Sement silikatlarının qurulu­şu­nun tədqiqi» elmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Con Bernal da öz növ­bəsində Bakıda Xudu müəllimin qonağı olmuş və ona ba­ğışladığı Elm haqqında kitabında belə avtoqraf yaz­mış­dı: «Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova».

M.Çıraqov yazır ki, böyük elmi nailiyyətləri ilə keç­miş SSRİ məkanında və xarici ölkələrdə şöhrət qazanmış Xudu Məmmədovu Moskva və Leninqradın bir çox elmi tədqiqat institutları və ali məktəbləri işə dəvət etdilər. Ancaq vətənə məhəbbət, doğma el-oba istəyi nailiy­yət­lə­ri­ni, arzu və istəklərini xalqının adı ilə bağlamaq, müasir və yeni elmi istiqamətlərin doğma Azərbaycanda məktəbini ya­ratmaq arzusu onu Bakıya – Kimya institutuna qaytardı.
Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu ola­raq 1960-cı ildə «Kalsium-silikatları və hidrosilikat­la­rın kristallokimyası» monoqrafiyasını yazır. Sement sili­kat­ları­nın quruluşuna dair monoqrafiya yazılmasına Lon­don nəşr­lərindən sifariş olsa da, ingilis dilini yaxşı bil­mə­sinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dili­mizdə yazdı. Silikat kimyası üçün fundamental əhə­­miy­yətə malik olan bu əsər Azərbaycan elm tarixində kris­­tallo­kimyaya dair doğma dilimizdə ilk kitab idi. Mo­noqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöh­rəti qazanmış gənc türk alimi X.Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq «mənim ilk oxucum öz millətim olmalıdır» kəlamları bu insan haqqında çox söz deyirdi.

Xudu Məmmədov millətə, vətənə, doğma təbiətə bağ­­lı adam idi. Təbiət vurğunluğu onun elmi yaradıcı­lığı­nın da əsas ilhamverici amili idi. Xudu müəllimin kitabına ön söz yazan görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan, heyran et­miş və indi də heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur... Xudu Məmmə­do­vu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə də onun sənət mə­sələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqə­sinə dair xüsusi bir əsər yazması çox təbiidir.1


O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük bir qis­mini Azərbaycanda elmi-kütləvi fikrin yayılmasına, iste­dadlı gənc­lərin yaradıcı fəaliyyətə cəlb olunmasına, icti­mai şüurun strukturunda elmi düşüncənin payının artma­sına sərf edirdi. Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm və həyat” verilişi neçə-neçə gəncin elmə münasibətinin formalaşmasında böyük rol oynamaq­la yanaşı, Azərbay­can­da elmi-publisistik dil üslubunun for­malaşmasına böyük təsir göstərirdi. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödə­mək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.

1969-cu ildə Xudu Məmmədov doktorluq disser­ta­siya­sını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Lakin bu formal göstə­ricilər Xudu Məmmədov haqqında çox az şey deyir.

Aşağıda görkəmli Azərbaycan alimi və ilk elmşü­nas­­larımızdan biri Xudu Məmmədovun “Qoşa qanad” əsə­rini oxuculara təqdim etməzdən qabaq bu unikal kitab haq­qında fikir söyləmək istədik. Lakin bu əsər haqqında hər hansı bir söz deməkdənsə, onun özünü bütövlükdə təqdim etməyi məqsədəuyğun hesab edirik. Xudu müəllimin dos­tu, tanınmış həkim və alim Nurəddin Rzayev kitabı şərh etmə­yin çətinliyi barədə belə yazır: “Çox götür-qoydan, kağız və vaxt itirdikdən sonra inandım ki, ... oxucu bu ki­tabı özü oxu­ma­lıdır !”1

Biz də şərhsiz-filansız əsərin özünü təqdim edirik.




Xudu Məmmədov. QOŞA QANAD
Ön söz
Yanlışların üzünə qapı bağlananda

Həqiqət də bayırda qalır.

Taqor

Taqor


Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni baş­lıca işimdən yayındıracaq qədər güclü görünür. Əl­bət­tə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixti­sa­sı­mın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ət­ra­fın­da­kı düşün­cə­lər diqqətimi “elm və sənətin əlaqəsi, qar­şı­lıq­lı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.

Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da ol­­sa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəs­tiş­karı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxt­larda gör­dük­lərimin, oxuduqlarımın və ayrı-ayrı gö­rüş­lərin təsiri al­tın­da formalaşmışdır.

İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu mə­sələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiy­yə­ti məsələ­lərinin vacib hissələridir.

Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın gö­rəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Gö­rü­lə­cək iş­lərin qurtarması həyatın sona çatması olardı. İşin be­lə tü­kən­məzliyinə baxmayaraq insan fikirləşməyə başla­yan­dan bəri həyatın və özünün mahiyyəti haqqında düşün­məyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axta­rış­lar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini an­la­malıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıq­la­rı­nın hamısı aləm haqqındakı təsəvvür­lə­ri­nin, biliyinin nəti­cə­sidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı im­kan­lardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal tə­biidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oy­nayır. Əlbəttə, müəyyən vaxta qədər.


...Bir kimsə əgər olaydı agah

Kim, xəlqi necə yaradır Allah,

Mümkün ki, iradətilə ol həm,

Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çe­virsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qu­rulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.

Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəs­tə­liklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliy­yəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların im­­­ka­nından tam istifadə etmək üçün lazımdır. Elmlə sə­nə­tin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim prob­lemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qar­şı­ya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağ­larda baxsaq, onun zamana görə necə dəyişdiyini gö­rə­rik. Biz “cavab köh­nəlib” deyirik. Bəlkə “sual yeniləşib” de­mək daha doğrudur.

Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əs­lində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualı­dır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-bi­rini necə ta­mamlayır?” kimi suallar hər ikisinin yüksə­li­şin­dəki ziddiy­yətli dövrlərdə irəli sürülür. Alına biləcək ca­vab­lar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, tri­vial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.

Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə ar­xa­sında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zir­və­­lər görür. Hər sualın-sorğunun həlli cavabla bərabər ye­ni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yol­lar­dır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölüm­dən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mə­nəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.

Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər ke­çilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksək­lik­dən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırım­lar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəl­miş olsay­dı­nız, oraya ən rahat yol seçərdiniz. Artıq çatıl­mış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gə­ləcək yolun qısal­dılması üçün lazımdır.

İndi fikir aləmində belə zirvələr çoxdur: mikroalə­min quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haq­­qında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və on­ların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan ve­rir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az de­yil: “Sə­nəti kimya, fizika, biologiya anlayışlarına xırda­la­maq onu yox etmək demək deyilmi?”

Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xır­­da­lana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qə­ri­bə­lik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içə­risinin quruluşunu öyrəndiyinə görə çölünün gözəl­liyi­nə laqeyd ol­sun. Elə də həkimlər, anatomlar. Məgər çiçək­ləri ləçək­lə­rinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən bo­tanik onların gö­zəlliyindən zövq almırmı?

Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşün­dür­mür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həya­tın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənil­dik­cə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öy­­rənməyə inam­sızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öy­rənmək səyini hələ beşikdə ikən öldürə bilər.

Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qə­dər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mər­­kəz olmadığını eşitdikdə daha böyük həyəcan keçir­miş­dir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mər­kəzi olmasın?!

Tanrıları belə özünə oxşadan insana bir gün qalan can­lılarla eyni köklü olduğunu deyəndə necə pərt olma­yay­dı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yük­səklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöh­rətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohum­la­rına” nisbətən daha yüksəkliklərə uzandı.

Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözün­dən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda de­yil, həm də necə təşkil olunmaqdadır.

Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni ye­ni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qat­larına yüksəldir.

Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qor­xusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş gör­mə­məkdir.

Bu baxımından elmin bütün tarixini gözdən ke­çir­mək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsıl­maz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı av­ro­palılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kim­yanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, tri­vial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yox­lanılmağa möhtacdır, onları araşdırmağa dəyər.

“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Ma­şın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.

Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qay­dada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda de­yil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə ta­pa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib ye­ni­dən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz ye­niləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəh­mət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “per­petium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün ol­madığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işi­mizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşın­la­rın yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülmə­li­dir.

Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqın­da­kı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yan­lışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada gö­yə­rə bilməz.




1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə