2011-ci il.
MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİ
HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU,
QURDUĞU PARTİYA VƏ LAYİQLİ
DAVAMÇISI İNKİŞAF ETDİRİR
Hakimiyyət... o, həmişə böyük nemət deyildir. Hakimiyyət o zaman böyük nemət olur ki, ona çatmış insana həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə verir.
Pol Anri Holbax
Prezidentin seçkiöncəsi vədlərinə cəmi 4 ildə əməl etməsi xalqın ona inamını qat-qat artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi and içməsindən keçən dörd il respublikamızın inkişaf və tərəqqi dövrü kimi tarixə yazıldı. Bütün dünyada ən yüksək iqtisadi inkişaf tempinə nail olan Prezidentimiz ona qədər mövcud olan göstəricilər üzrə Azərbaycanı qonşularımız üçün əlçatmaz zirvəyə qaldırdı. Bu dövrdə bizim cəmiyyət həyatının bütün sahələrində əldə etdiyimiz nailiyyətlər bir çox ölkələrin 10-15 ildə qazandığı uğurlardan artıqdır. Bütün bunlar haqqında söz açmazdan əvvəl Azərbaycanın müstəqillik illərində keçdiyi keşməkeşli yolları bir daha yada salmaq istərdik.
Yeni tarixin görkəmli siyasətçilərindən olan Corc Vaşinqtonun məşhur ifadəsi var: “Amerika, səni insanlar ürəklərində qurdular, ürəkdən gələn sevgi ilə yaşatdılar və ürəklə inkişaf etdirirlər”. Bu qəbildən olan daha bir aforizmi sonralar böyük türk sərkərdəsi və dövlət xadimi Mustafa Kamal Atatürk də söyləmişdi: “Türkiyə bizim qəlbimizin istəyi ilə yarandı, qəlbimizin qanı ilə qorundu və qəlbimizin ruhu ilə ucaldı”. Başqa bir türk övladı, bütün azərbaycanlıların Ümummilli lideri olan Heydər Əliyev də Azərbaycanın dövlət müstəqilliyini qiymətləndirərkən çox müdrik bir aforizm söyləmişdi: “Azərbaycanın dövlət müstəqilliyi yüz illər boyu soydaşlarımızın ürəyində, damarında, qanında yaşayan bir arzunun çiçəklənməsi deməkdir. Biz bu müstəqilliyi ürəyimizlə, qanımızla qorumalıyıq və qoruyacağıq”. Ulu öndərin “Biz Azərbaycanın dövlət müstəqilliyini ürəyimizlə, qanımızla qoruyacağıq” ifadəsi 1993-cü ilin yayında səsləndirilmişdi. Bu həmin günlər idi ki, Azərbaycanın dövlət müstəqilliyi məhv olmağın, əldən getməyin bir addımlığında idi. Məhz Heydər Əliyevin həmin inamı və qətiyyəti ümidsizliyə və bədbinliyə düçar olmuş Azərbaycan xalqında möhtəşəm bir inam, ümid, qətiyyət yaratdı. Xalq uzun əsrlər boyu arzusunda olduğu və qanlar bahasına qovuşduğu müstəqilliyi məhz öz böyük liderinin ətrafında sıx birləşməklə qorudu və yaşatdı.
Tale iyirminci əsrdə azərbaycanlıların istiqlaliyyət arzusunu iki dəfə reallığa çevirdi. İyirminci əsrin əvvəllərində Birinci Dünya Müharibəsindən sonrakı ictimai-siyasi proseslər fonunda dünyanın bir çox xalqları öz müstəqil dövlətini yaratmaq imkanı əldə etmişdi. Həmin şəraitdən maksimum bəhrələnən Azərbaycan ziyalıları və qeyrətli soydaşlarımız müsəlman Şərqində ilk dünyəvi, demokratik dövləti - Azərbaycan Demokratik Respublikasını yaratmışdılar. Respublika institutu Azərbaycan üçün ənənəvi olmasa da, Avropada təhsil almış və geniş dünyagörüşünə malik ziyalılarımız qısa müddətdə ölkədə demokratik cəmiyyətin formalaşmasına nail olmuşdular. Ancaq onların istiqlaliyyəti qorumaq ruhu yetərincə olsa da, dövləti qurmaq və inkişaf etdirmək üçün savadları kifayət qədər olsa da, reallığı qiymətləndirmək imkanları az idi. Bu ifadəni başqa formada işlətsək, deyə bilərik ki, milli dövlətçiliyi xilas etmək missiyasını Tanrı həmin şəxslərdən heç birinə tapşırmamışdı. Bu səbəbdən də cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası zamanın burulğanlarına dözə bilməyib siyasət səhnəsindən bu dövləti, bu istiqlaliyyəti sevənlərin ürəyinə və bir də arxivlərə köçdü.
İyirminci əsrin sonunda – dünyada gedən növbəti və daha böyük ictimai-siyasi hadisələrin nəticəsi kimi azərbaycanlıların ürəyində və arxivlərimizdə yaşayan müstəqil Azərbaycan dövləti yaratmaq arzusu ikinci dəfə reallığa çevrildi. Zaman bizə növbəti bir şans verdi. Qanlar, qadalar, məhrumiyyətlər nəticəsində əldə etdiyimiz istiqlaliyyət təkcə Azərbaycan dövlətinin sərhədləri içərisində yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyadakı azərbaycanlıların sevinci və səadəti oldu. Amma birinci müstəqil respublikamızı quranlar və onu yaşatmaq istəyənlər mövcud reallığı dəqiq qiymətləndirə bilmədiklərinə görə milli dövlətçiliyi əldən vermişdilərsə, ikinci dəfə istiqlaliyyət qazananda, bir çox siyasətçilər mövcud reallığı dəqiq qiymətləndirə bilmədiklərinə görə müstəqil dövlətin sükanı arxasına keçmişdilər.
Əvvəlcə Ayaz Mütəllibov Azərbaycan xalqının arzu və istəklərinin ziddinə olaraq müstəqil Azərbaycanın Moskvadan idarə edilməsinə rəvac vermişdi. Nə qədər qəribə və acınacaqlı olsa da, bu, müasir Azərbaycan tarixinin danılmaz faktlarından biri idi. Ayaz Mütəllibov əvvəlcə SSRİ-nin ömrünün uzanmasına çalışır, buna nail olmayanda isə, yenicə müstəqillik əldə etmiş Azərbaycanın bilavasitə Kremlin istədiyi şəkildə idarə olunmasını reallaşdırmaq istəyirdi. Ermənistan rəhbərliyi Ayaz Mütəllibovun müstəqilliyin ilk illərində tutduğu həmin yolu ona görə təqdir edirdi ki, rəsmi İrəvan özü də öz dövlət müstəqilliyini təkbaşına saxlayacağına inanmırdı. Nəticədə bu gün də Kreml rəsmiləri Ermənistanı Rusiyanın forpostu adlandırırlar.
Tank, top, silahlı qarşıdurmalar və tökülən qanlar bahasına Ayaz Mütəllibovu hakimiyyətdən salaraq iqtidara gələn AXC-Müsavat cütlüyü də milli dövlətçilıyi qoruyub saxlamaq iqtidarında deyildi. Ayaz Mütəllibovun tutduğu yol müstəqil Azərbaycanın sükanının ölkədən kənardakı qüvvələrin əlinə verilməsi ilə nəticələnmişdisə, cəbhəçi və müsavatçıların yaratdığı siyasi diletantlardan ibarət iqtidar ümumiyyətlə, müstəqilliyin əldən getməsinə, milli dövlətçiliyin məhvinə zəmin yaratmışdı. Cəbhəçilərin hakimiyyətdə olduğu qısa müddət ərzində Türkiyə istisna olmaqla bütün qonşu ölkələr və aparıcı dünya dövlətləri Azərbaycanın düşməni elan edilmiş, müstəqil dövlətimizin tamamilə təklənməsinə səbəb olan çoxsaylı məsuliyyətsiz bəyanatlar verilmiş, Ermənistanın Azərbaycandakı “atom bombası” ilə hədələnməsinə baxmayaraq, işğalçı düşmənin qarşısına çıxarılmalı silahlı qüvvələrin formalaşması istiqamətində heç bir iş görülməmişdi. Əksinə, cəbhədəki döyüşən hərbi birləşmələr hikkəli siyasətçilərin mənafeyini qorumaq üçün paytaxta və ya digər iri şəhərlərə çağırılır, nəticədə hər gün bir kənd və ya qəsəbəmiz işğal edilirdi. Ölkə aclıq və səfalət içərisində idi. İqtisadiyyat iflic olmuşdu. Çörək və digər ərzaq məhsulları üçün yaranan növbələrin sonu görünmürdü. Ölkəyə gətirilməli olan taxıl məhsullarının əvəzinə ödəniləcək milyonlarla dollar mənimsənilmiş, taxıl yerinə mal-qara üçün nəzərdə tutulmuş yem alınmışdı. Xaos, anarxiya, hərc-mərclik o həddə çatmışdı ki, nəinki üzdə olan “siyasətçilərin” və “dövlət adamlarının”, hətta, az-çox imkanı olan iş adamlarının, biznesmenlərin də şəxsi silahlı dəstələri var idi. Həmin silahlı adamların ölkədə törətdiyi özbaşınalıqlar isə müasir Azərbaycan tarixinin ən xəcalətli səhifələridir.
Ölkədəki özbaşınalıqdan bəhrələnən zavod direktoru Surət Hüseynov öz ətrafına silahlı dəstələr toplamış, AXC-Müsavat iqtidarından polkovnik hərbi rütbəsi alaraq ölkənin Qərb rayonlarında hökmranlıq etmək iddiasına düşmüşdü. Daha doğrusu, cənubda Əlikram Hümbətov, qərbdə Surət Hüseynov, cəbhə bölgəsində Rəhim Qazıyev, şimalda isə başqa qüvvələr özlərini külli-ixtiyar sahibi kimi apararaq faktiki olaraq müstəqilliyin əldən getməsini yaxınlaşdırırdılar.
Gəncədə tökülən qardaş qanı vətəndaş müharibəsini qaçılmaz etdiyi kimi, Lənkəranda elan edilən qondarma qurum da ölkənin parçalanmasını reallaşdırdı. Bir sözlə, növbəti müstəqil Azərbaycan dövləti də tamamilə məhv olmaq üzrə idi.
Belə bir zamanda xalq özünün dahi oğlu, görkəmli sərkərdə və təcrübəli dövlət xadimi olan Heydər Əliyevi ümid yeri, güvənc yeri bildi. Başda Azərbaycan Prezidenti Əbülfəz Elçibəy olmaqla dövləti idarə edə bilməyən, hakimiyyətin sükanı arxasına keçdiklərindən peşman olan cəbhə diletantları da Heydər Əliyevin Naxçıvandan Bakıya çağırılmasından başqa yol görmürdülər. Çünki ərazilərin işğalının qarşısını ala bilmir, vətəndaş müharibəsinin anbaan yaxınlaşan alovlarından vahimələnirdilər. Ona görə də xalqın Heydər Əliyevə ünvanlanan ərkyana və israrlı müraciətlərinə cəbhə rəhbərlərinin acizanə xahişləri də qarışırdı. Heç zaman öz xalqının arzu və istəklərinə biganə qalmayan, daha doğrusu, qala bilməyən Heydər Əliyev bu çağırışlara cavab olaraq Naxçıvandan dünya siyasətçilərinin “Qayıdış” adlandırdıqları tarixdən - 1993-cü il iyun ayının 9-dan etibarən Azərbaycandakı ictimai-siyasi proseslərin normal məcraya yönəldilməsi istiqamətində fəaliyyətə başladı. Ulu öndərin istənilən addımı özünün müsbət nəticələrini verirdi. Gəncəyə - öz silahlı dəstələri ilə dövlətə meydan oxuyan Surət Hüseynovun yanına gedən Heydər Əliyevin dahiyanə təfəkkürü və siyasi təcrübəsi vətəndaş müharibəsinin dayandırılması ilə nəticələndi. Ulu öndərin qayıdışının müsbət nəticələr verdiyini görən deputatlar iyunun 15-də onu Ali Sovetin sədri vəzifəsinə seçdilər. Bununla da Azərbaycanın xilasına, xalqın nicatına və milli dövlətçiliyimizin qurtuluşuna imza atıldı.
Prezident Elçibəyin qəflətən paytaxtı tərk etməsindən sonra (o, Surət Hüseynovun qorxusundan Naxçıvanın Kələki kəndinə qaçmışdı və geri qayıtmağa cürət etmirdi) xalqın böyük əksəriyyəti Heydər Əliyevin ölkə prezidenti seçilməsini tələb etdi və oktyabrın 3-də ölkə vətəndaşlarının həmin istəyi reallaşdı.
15 iyun tarixinin Milli Qurtuluş günü kimi qeyd edilməsi haqqına Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarının preambulasında 1993-cü ilin məşəqqətli və məhrumiyyətli yayında Azərbaycan xalqının üzləşdiyi ağrı-acılar və Heydər Əliyevin xalqı həmin bəlalardan necə qurtarması çox aydın şəkildə təsvir edilir: “Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Elə buna görə də Azərbaycan dövlətçiliyinə qarşı Surət Hüseynovun başçılığı ilə 1994-cü ilin oktyabrında, onun məkrli niyyətinin davamçıları olan Cavadov qardaşlarının başçılığı ilə 1995-ci ilin mart ayında törədilən hadisələr Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırıldı. 1988-ci ildən bəri dəfələrlə özünün dövlət və hökumət başçılarına qarşı mitinqlər, nümayişlər, piketlər təşkil edən xalq ilk dəfə idi ki, Heydər Əliyevin prezidentliyi dövründə legitim dövlət hakimiyyətini, legitim prezidenti müdafiə üçün izdihamlı mitinqə toplandı. Heydər Əliyev xalqın Prezidenti olduğunu, xalq isə ona olan hörmət və məhəbbətini sözdə deyil, əməli işdə nümayiş etdirdi”.
Milli Məclisin məlum qərarından məhz bu cümlələrin sitat kimi seçilməsi təsadüfi deyil. Çünki Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik edən dövlət başçılarından üçü öz vəzifə kürsüsünü qoyub qaçmışdı. Əbdürrəhman Vəzirov öz günahları ucbatından törədilən 20 yanvar faciəsindən dərhal sonra xəlvəti şəkildə Moskvaya qaçmışdı. Ondan sonra dövlətə rəhbərlik etmək istəyən Ayaz Mütəllibov da həmin ənənəni davam etdirərək AXC-Müsavat cütlüyünün tank və toplarının səsini eşidən kimi xəlvəti şəkildə Moskvaya üz tutmuş, öz canını qorumuşdu. “Qaçqınlıq” həyatı yaşayan üçüncü dövlət başçımız - Əbülfəz Elçibəy isə Surət Hüseynovun silahlı dəstələrinin hədə-qorxularından vahimələnərək dövlət başçısı kürsüsünü qoyub xəlvəti şəkildə Naxçıvanın bir dağ kəndinə üz tutmuş, ölkə tam sabitləşənə qədər orada yaşamışdı. Ona görə də Surət Hüseynov və Cavadov qardaşları elə güman edirdilər ki, növbəti böhran Heydər Əliyevin də əvvəlki dövlət başçılarından qalan ənənəni davam etdirməsi ilə nəticələnəcək. Ancaq yanılırdılar. Onların səhvi Heydər Əliyevin bütün dünyada məşhur olan qətiyyətini və polad iradəsini qiymətləndirə bilməmələrində idi.
Təsadüfi deyil ki, Heydər Əliyevin 1993-cü ilin yayından sonra müstəqil Azərbaycanda əldə etdiyi çoxsaylı uğur və nailiyyətlərdən biri belə adlanır: “Heydər Əliyev Azərbaycan dövlətçiliyində təxminən 10 il müddətində xalqın dövlət başçısına itmiş inamını bərpa etdi”. Ölkədə daxili sabitliyin yaranması, cəbhədə atəşkəsə nail olunması, islahatlara start verilməsi, sosial-iqtisadi inkişafın cücərtilərinin görünməsi (cəmi üç ildən sonra artıq sosial-iqtisadi inkişafdan da danışa bildik), xarici ölkələrlə iqtisadi əlaqələrin bərpa edilməsi, beynəlxalq aləmə inteqrasiyanın başlanması və digər amillərlə yanaşı, xalqın dövlətə və dövlət başçısına inamının bərpa edilməsi də Heydər Əliyev müdrikliyinin qısa müddətdə qazandığı uğurlardan idi.
Ulu öndərimizin xilaskarlıq missiyasından söz açan bir amerikalı politoloq məşhur yazıçı Ernest Hemenqueydən sitat gətirir: “Mən bu işi, ancaq bu işi görmək üçün dünyaya gəlmişəm. Daha başqa şey barədə düşünməyə ehtiyac görmürəm”. Azərbaycan xalqının böyük oğlunun xilaskarlıq missiyasını yüksək qiymətləndirən amerikalı dostumuza minnətdarlıq etməklə yanaşı, onunla tam şəkildə razılaşmadığımızı da qeyd edirik. Çünki Heydər Əliyev dünyaya təkcə xilaskarlıq missiyası ilə gəlməmişdi. O, həm də qüdrətli dövlət qurucusu və xadimi idi. Ulu öndərimiz həm də Azərbaycan mədəniyyətinin, tarixinin, elminin və müqəddəs dinimizin, dilimizin böyük himayədarı və mühafizə edəni idi. Heydər Əliyev, eyni zamanda, regionda və dünyada sülhə nail olunması üçün misilsiz xidmətlər göstərmiş tarixi bir şəxsiyyət, fenomenal siyasətçi idi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin dördüncü ildönümü və Ulu öndərin siyasi irsinin ən böyük nəticələrindən olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi münasibətilə qələmə aldığımız qəzet məqaləsində Heydər Əliyev fenomeninə bu şəkildə əhatəli yer verməkdə tamamilə haqlıyıq. Çünki əcnəbi siyasətçilərin dediyi kimi, gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövləti, regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası və müasir dünyanın müdrik və çevik siyasət yeridən dövlət başçısı kimi nüfuz qazanmış Prezident İlham Əliyev məhz Heydər Əliyevin ən böyük əsərləridir. Ona görə də həm Yeni Azərbaycan Partiyası barədə, həm də cənab dövlət başçımızın fəaliyyəti haqqında söz açan istənilən Azərbaycan ziyalısının ən əvvəl Heydər Əliyevin xilaskarlığı və quruculuğu barədə əhatəli şəkildə söz açması, sadəcə qədirşünaslıq nümunəsidir.
Mən bu gün fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu siyasi təşkilatın fəal üzvüyəm və artıq uzun illərdir ki, partiyanın seçkili orqanlarında təmsil olunuram. Partiyamızın qurultayında Ulu öndərimiz Heydər Əliyevin nitq söyləməsi, təşkilatımızın və dövlətimizin daha da qüdrətlənməsi üçün verdiyi tövsiyə və tapşırıqlar heç bir YAP üzvünün yadından heç zaman çıxmayacaq. Cənab Prezident İlham Əliyevin partiya sədrinin müavini, sonra birinci müavini, daha sonra isə partiya sədri seçildiyi ali məclislərimiz təşkilatımızın həyatında baş vermiş ən mühüm hadisələr kimi tariximizə yazılmışdır. Yaranmasından heç bir il ötməmiş ölkədə siyasi hakimiyyətə gəlmiş Yeni Azərbaycan Partiyasının uğuru hər bir sıravi YAP-çının iftixar mənbəyi olduğu kimi, partiyamızın ikinci sədri olan cənab İlham Əliyevin Azərbaycanı dünya miqyasında ən sürətlə inkişaf edən bir dövlətə çevirməsi də bizim fəxr mənbəyimizdir.
Heydər Əliyev Azərbaycanın inkişafının əsas sütunlarından olan “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdu. Cənab İlham Əliyev isə iştirakçı ölkələrin dövlət başçıları ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərlərinin reallaşmasına nail oldu. Ulu öndərimiz 1997-ci ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişaf yoluna düşməsinə nail olmuşdu. Cənab İlham Əliyev isə 2003-cü ilin oktyabrından etibarən Azərbaycanda 600 mindən çox yeni iş yeri yaradılmasına nail olmaq barədə seçkiöncəsi verdiyi vədə bir il tez əməl etdi. Heydər Əliyev “Biz ölkədə hamının yaxşı yaşaması üçün tədbirlər həyata keçiririk və buna nail olacağıq” - deyə mütəmadi olaraq çoxsaylı müvafiq sənədlər imzalayır, dövlət büdcəsindən maliyyələşənlərin əmək haqlarını, pensiya, müavinət, təqaüd və digər ödəmələr alan soydaşlarımıza çatan vəsaiti ildə ən azı iki dəfə artırırdı. Cənab İlham Əliyev isə ölkədə yoxsulluğun səviyyəsinin 20 faizədək endirilməsi ilə MDB-də ən yaxşı göstəriciyə imza atmış oldu.
“Mən müəllim peşəsindən şərəfli ikinci bir peşə tanımıram” deyən, hər ilin sentyabrında yeni dərs ilinin başlanması münasibətilə orta ümumtəhsil məktəblərinə gələn Ulu öndərimizin siyasi varisi son dörd ildə Azərbaycanda 1300-dən çox məktəbin tikilməsinə nail olub.
Mən bilavasitə təhsil sistemində çalışdığıma görə cənab Prezidentin son dörd ildə təhsilə göstərdiyi qayğıdan daha əhatəli söz açmaq istəyirəm. Bu gün Azərbaycan Prezidentinin imzaladığı 15-dən çox Dövlət Proqramı təhsilimizin ayrı-ayrı sahələr üzrə deyil, bütövlükdə, kompleks şəkildə inkişafını təmin edir. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan təhsili bu gün özünün intibah dövrünü yaşayır. Proqramların əhatə etdiyi sahələrə diqqət yetirin: məktəbəqədər təhsil, ümumi təhsil, təhsilin keyfiyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərslik və dərs vəsaitləri ilə təminat, məktəblərin informasiya-kommunikasiya vasitələri ilə təmin edilməsi, pedaqoji kadr təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, xüsusi qabiliyyətə və istedada malik uşaqlara qayğı göstərilməsi, idarəetmənin təkmilləşdirilməsi, məktəbdənkənar təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, əlavə təhsil, təhsilin maliyyələşdirilməsi və nəhayət, beynəlxalq əməkdaşlıq. Göründüyü kimi, ölkə təhsilinin elə bir sahəsi yoxdur ki, bu proqramların əhatə dairəsindən kənarda qalmış olsun. Cənab nazir Misir Mərdanovun verdiyi məlumata görə, 2007-ci ildə təhsil büdcəsi ötən ilə nisbətən 52 faiz, investisiya xərcləri isə 2 dəfə artmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrası zamanı ölkənin ən müxtəlif kənd və şəhərlərində 38 mindən çox şagird yeri olan 190 məktəb tikilib istifadəyə verilmişdir. Ölkənin pedaqoji ictimaiyyətinin fikrincə, Azərbaycan təhsilinin inkişafına dövlət başçısından sonra ən çox diqqət və qayğı göstərən ünvan məhz Heydər Əliyev Fondudur.
Mən təhsil sisteminin orta ixtisas təhsili sahəsində çalışdığıma görə dövlətin və dövlət başçısının bu sahəyə ayırdığı diqqəti xüsusilə qeyd etmək istəyirəm. Ötən dövrdə bizim sahədə kadr hazırlığının strukturunda dəyişikliklər edilmiş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar mövcud ixtisaslar sırasına yeni ixtisaslar əlavə olunmuş, bütün ixtisaslar üzrə yeni nəsil dövlət təhsil standartları və eləcə də müvafiq tədris proqramları hazırlanaraq tətbiq edilmişdir.
Qeyd etmək vacibdir ki, Azərbaycanın təhsil sistemi əlahiddə bir şəraitdə, başqa sahələrdən ayrılıqda inkişaf etmir. Bütövlükdə ölkəmizin inkişaf etməsi ilə bərabər bizim sahə də özünün heç zaman görünməmiş səviyyəsinə qalxır. Cənab İlham Əliyevin iki il əvvəl söylədiyi “Biz neft sahəsindən gələn kapitalı insan kapitalına çevirəcəyik” tezisi təhsil sistemində çalışanların üzərinə çox böyük vəzifələr qoyur. Biz bu vəzifənin öhdəsindən layiqincə gələcəyik. Çünki cənab İlham Əliyevin özü bizə bütün sahələrdə olduğu kimi, verilən sözə əməl edilməsində də möhtəşəm nümunə göstərir. Onun seçkiöncəsi verdiyi vədlərə cəmi 4 ildə əməl etməsi isə xalqın öz liderinə dərin inamını qat-qat artırır.
Sonda avropalı mütəfəkkirdən gətirdiyimiz sitata bir daha qayıtmaq istəyirik. İlham Əliyevin hakimiyyəti ona görə böyük nemət kimi qəbul edilir ki, ona həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə vermişdir. Onun ən böyük sərvəti Heydər Əliyev məktəbi, ən böyük dayağı isə hər gün dəstəyini və sarsılmaz məhəbbətini hiss etdiyi Azərbaycan xalqıdır.
Dostları ilə paylaş: |