“Azərbaycan”qəzeti, 17 noyabr 2006-cı il.
XALQIN MİLLİ İFTİXARI
“…H.Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında kompüter insandır…”
(R.Reyqan)
“O, nəinki Azərbaycanı və Amerikanı,
bütün dünyanı idarə edə bilər…”
(B.Klinton)
Görkəmli tarixi şəxsiyyətlər zaman-zaman hər xalqın tarixində, taleyində yaşayır. Və həmin xalq bu şəxsiyyətlərlə fəxr etməklə yanaşı, həm də həmin şəxsiyyətlərlə daha çox tanınır. Bu da danılmaz həqiqətdir ki, insanlığın bu uca zirvəsinə, dahiliyə çatmaq hər kəsə müyəssər olmur. Hər xalq özünün görkəmli şəxsiyyətləri ilə ölməzdir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqdır.
Xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlər içərisində Heydər Əliyevin müstəsna rolu vardır. Hər cür müqayisə qüsurlu olsa da, bir həqiqət bizim üçün aydındır ki, xalqımız və dövlətimiz üçün Heydər Əliyevin etdiklərini başqa şəxsiyyətlərimiz edə bilməmişlər. Ona görə də Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, siyasi və ictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən ikinci bir şəxs tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir.
Onun siyasəti, dahiliyi, bütövlüyü, cəsarəti, qətiyyəti, uzaqgörənliyi, əzəməti, qüruru həmişə xalqımıza mənəvi dayaq olmuş, Azərbaycan xalqına beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmişdir. Heydər Əliyev şəxsiyyətinin müdrikliyini, bütövlüyünü xalqımız həmişə ürəkdən hiss etmiş, bundan qürur duymuş və həmişə fərəh hissi keçirmişdir.
Heydər Əliyev şəxsiyyətinin bütövlüyü və əlçatmazlığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyyəti də təkcə bu günlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanmış olur. Ona görə də xalqımızın bu günü və sabahı, şərəf və şöhrəti, ümid və güvənc yeri olan Heydər Əliyev dünyəvi dəyərli bir insan, ölkə rəhbəri, güclü siyasətçi, hər məsələdə onunla hesablaşılan bir şəxsiyyət idi.
Möhtərəm Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə özünü görkəmli dövlət xadimi, fenomen qabiliyyətə malik və bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdir. Dünyanın az-az dövlət xadimlərinə nəsib olan bütün bu keyfiyyətlər Heydər Əliyevdə cəmlənmişdi. Təsadüfi deyil ki, siyasət sahəsindəki uğurlarına görə Heydər Əliyev dünya siyasətinin patriarxı adını qazanmışdı. Ən böyük siyasət korifeyləri belə, Heydər Əliyevə hörmət hissi ilə yanaşıb, ona qibtə ilə baxıblar.
Xalqımızın və dövlətimizin elə bir problemi yoxdur ki, həmin problemi kimsə Heydər Əliyev səviyyəsində, Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, mədəniyyətimizi sənətşünasdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyildir. Elə bütün bunlara görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir.
Bu da bir həqiqətdir ki, möhtərəm Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun Pezidentini tanıyırsa, onun haqqında yüksək rəyini, fikrini deyirsə, bu özü hər birimiz üçün, hər bir azərbaycanlı üçün böyük şərəfdir, şöhrətdir. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ bir neçə il bundan əvvəl Braziliyanın “Qolos planetı” qəzeti 9 dövlətin jurnalistlərinə “Dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz?” sualını vermiş və 6 dövlətin jurnalistləri birinci olaraq Heydər Əliyevin adını çəkmişlər.
Heydər Əliyevin bu nüfuzu onu xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat yolu, iti düşüncəsi, əqidə və məsləki ilə onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Təsadüfi deyildir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət adamları Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini bildirirlər. Onun haqqında deyilən sözlər, verilən qiymətlər bu gün də, sabah da lazımdır, onlar xalqımızın yaddaşına köçürülməlidir.
Heydər Əliyev yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan şəxsiyyətdir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, dərin məntiqli nitqi, heyrətamiz enerjisi, bir dövlət başçısı kimi ən yüksək keyfiyyətləri idi.
Xalqımız qarşıya çıxan hər hansı çətin probleminin həllində Heydər Əliyevə ümid bəsləyirdi. Bu, on illərlə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin qarantı, milli iftixarımız və ümummilli liderimiz olan Heydər Əliyev bütün problemlərin öhdəsindən yüksək səviyyədə gəlirdi.
“Müasir Naxçıvan” qəzeti, 13 yanvar 2007-ci il.
Dostları ilə paylaş: |