Bəxtiyar Tuncay
DÜNYANI SİLKƏLƏYƏN 17 GÜN
BAKI 2016
I FƏSİL
«Çənlibel» epopeyası
Yenidənqurma – Qərb kəşfiyyatının gizli planı, yoxsa ölüm ayağında olan SSRİ-ni xilas etmək üçün həyata keçirilmiş uğursuz cəhd
XX əsrin 80-ci illərində özünün dərin böhran mərhələsinin ən yüksək nöqtəsində olan keçmiş SSRİ-də əhalini məmnun edə biləcək, onu əski sosialist dəyərlərinə bağlaya biləcək, demək olar ki, heç nə qalmamışdı. Ölkədə baş alıb gedən ərzaq qıtlığı, mağazalardakı uzun növbələr, talon sisteminin tətbiqi, boş piştaxtalar insanların şüurunda əsaslı dəyişikliklər yaratmışdı. İnsanlar artıq əski qaydada yaşaya bilmir, belə yaşamaq istəmir, hökumət isə inqilabi şəraitin yaranmaması üçün yeni idarəçilik üsulları arayışı içərisində idi. Böyük dəyişikliklərə getmək, köklü islahatlar keçirmək məcburiyyəti yaranmaşdı. M. Qorbaçovun ifadə etdiyi kimi, «ölkə yenidənqurmaya hamilə idi» (8, s. 14). Amma bu ideya yenicə yarandığından sovet rəhbərliyi islahatların gerçək səbəb və məqsədləri haqqında hələ bir o qədər də dəqiq təsəvvürə malik deyildi. Bu istiqamətdə atılması lazım olan addımlar barədə əsaslandırılmış dəqiq plan da yox idi. Elə bu da həyata keçirilməsi nəzərdə tutulan «yenidənqurma»nın sonrakı taleyini müəyyən edəcəkdi.
Həmin dövrdə ölkə ziyalılarının çoxu iqtisadi islahatların vacibliyi fikrində idi və belə düşünürdülər ki, elmi-texniki tərəqqinin iqtisadiyyata tətbiqi ilə istehlak bazarında yaranmış acınacaqlı vəziyyəti düzəltmək, ölkədə ərzaq bolluğu yaratmaq olar. Sadə camaat isə vəziyyətin dəyişməsi üçün sovet rəhbərliyində yer alan və heç bir işə yaramayan qocaların enrjili gənc və perspektivli kadrlarla dəyişdirilməsinin zəruri olduğu fikrində idi. İnsanları siyasi azadlıqlar mövzusu da narahat etməyə başlayan əsas mövzulardan birinə çevrilmişdi. Lenin dərsləri, partiya iclasları, saxta qurultaylar, uzun-uzadı nitqlər əhalini cana yığmışdı. Ən əsası isə Qərb ölkələrindəki sürətli inkişafı, insanların rifah halını SSRİ-dəki durğunluq, böhran və kasıblıqla müqayisə edən insanlar artıq dünyaya başqa gözlə baxmağa başlayırdılar. Kapitalizmin tərəqqiyə apadığı, demokratiyanın hüzur və rifaha səbəb olduğu fikri sürətlə yayılmaqda idi. Tədricən belə bir fikir formalaşırdı ki, Qərb cəmiyyətinin nailiyyətlərini SSRİ-də də tətbiq etməyə ehtiyac var.
İqtisadçılar arasında isə belə bir fikir formalaşmaqda idi ki, iqtisadi inkişafa nail olmaq üçün zavod və fabriklərə, kolxoz və sovxozlara mütləq, nisbi də olsa, azadlıq verilməli, onlar nə istehsal etməyi, bunu necə etməyi, məhsulu kimə satmağı, gəlirləri necə bölüşdürməyi özləri müəyyən etməlidirlər. Yuxarıdan direktivlərlə idarə olunan iqtisadiyyat məhvə məhkumdur və onu dirçəltmək mümkün deyil. Bu fikir əslində azad bazar iqtisadiyyatının tələblərinə uyğun gələn bir baxış idi. Əslində 60-70-ci illərdə buna cəhd də edilmiş, fəqət görülməsi nəzərdə tutulan planlar bürokratik aparatın əngəlləri ilə üzləşdiyindən həyata keçirilməmiş qalmışdı.
Elm və incəsənət xadimləri, yazıçı və şairlər azad yaradıcılıq və söz azadlığı fikrini müdafiə edir, əsərlərinə görə normal qonorar istəyi ilə çıxış edir, senzuranın ləğv edilməsinin vacibliyini önə sürürdülər. Regional elitar təbəqələr də mərkəzin amirəliyindən azad olaraq, nisbi də olsa, iqtisadi və siyasi azadlıqlar əldə etmək arzusunda idilər. Kölgə iqtsadiyatının nümayəndələri isə fəaliyyətlərinin leqallaşdırılması, o cümlədən özəl mülkiyyət sahibi olmaları barədə, daha dəqiq desək, dövlət mülkiyyətinin özəlləşdirilməsi barədə fikirlər səsləndirirdilər.
Bütün bunlar «yenidənqurma»nı şərtləndirən əsas daxili amillər idi. Bundan başqa vəziyyətə təsir edən bir sıra xarici amillər də vardı ki, onları nəzərə almadan həmin dövrdə baş verənlərə obyektiv qiymət vermək, əlbəttə ki, mümkün deyil.
1980-ci illərin ortalarında bir çox Qərb analitikləri, eləcə də xüsusi xidmət orqanlarının təhlilçiləri SSRİ-nin üzləşdiyi dərin böhrandan söz açmaqla yanaşı, onun yaxın perspektivdə dağıla biləciyini zənn etmir, sadəcə «şər imperiyası» adlandırdıqları bu nəhəng ölkənin onlara lazım olan istiqamətdə hərəkət etməyə məcbur olacağından söz açırdılar (16, s. 435-440). Özünün ortodoksal baxışları ilə fərqlənən M. Qorboçovun 1985-ci ildə Sov. İKP MK-nın baş katibi seçilməsi onların bu ümidlərini möhkəmləndirməkdə idi. Bu mövzu Qərbdə aparılan dərin diskussiyaların əsas mövzusu halına gəlmişdi. Qərb Qorboçovun hakimiyyətə gəlməsindən son dərəcə mənun idi (14).
Mövzu ilə bağlı Üçtərəfli Komissiyanın sabiq üzvü, Böyük Britaniyanın keçmiş baş naziri, M. Tetçerin söylədikləri çox maraqlıdır. «Dəmir ledi» xatirələrinin birində (1992-ci ilin yanvarı) bildirmişdir ki, «Biz sovet liderinin (Y. Andropovun – B. T.) yaxın zamanlarda öləcəyi barədə məlumat aldığımızda məqsədlərimizi onun vasitəsilə gerçəkləşdirə biləcəyimiz birisinin bizim yardımımızla hakimiyyətə gətirilməsi barədə düşünməyə başladıq. Bu mənim ekspertlərimin dəyərləndirməsi idi (Mən Sovet İttifaqı barədə həmişə olduqca güclü eksprtlər qrupu formalaşdırır və lazım gəldiyində SSRi-dən lazımlı mütəxəssislərin mühacirət etməsinə yardımçı olurdum). Bu adam mütəxəssislər tərəfindən ehtiyatsız, təlqinə müsaid və özündən razı birisi kimi səciyyələndirilən M. Qorbaçov idi. Onun sovet siyasi elitasının böyük əksəriyyəti ilə yaxşı münasibətləri vardı və bu səbəbdən də onun bizim yardımımızla hakimiyyətə gətirilməsi mümkün idi» (5).
«Yenidənqurma»nın təşəbbüskarları ilk mərhələdə yalnız iqtisadi islahatlar barədə düşünür, siyasi məsələlərdə isə V. Leninin ideyalarına sadiq qalmaq kursunu üstün tuturdular. Fəqət islahatların istənilən nəticəni verməməsi, Leninsayağı «Yeni İqtisadi Siyasət» xəttinin özünü doğrultmaması, demokratik dəyişikliklərin zəruriliyini ortaya qoydu və nəticədə inqilabi dəyişikliklər kursuna start verildi. Bu kurs təkcə iqtisadiyyatın deyil, siyasi sistemin və rejimin də islahatlara tabe tutulmasını öngörməkdə idi. Açıq-aşkar məlum idi ki, ölkəni əski üsullarla idarə etmək mükün olmayacaq. Odur ki, tezliklə SSRİ-nin milli dövlət quruluşunun dəyişdirilməsi və bazar iqtisadiyyatına keçilməsi qərara alındı. «Sinfi dəyərlər» normal insani dəyərlərlə əvəz edidi, «Ümumdünya Proletar İnqilabı», «Kommunizm quruculuğu» kimi cəfəng ideyalardan imtina edildi,
M. Qorbaçovun yazdığına görə, real «yenidənqurma»nın tarixi əslində 1988-ci ildən başlayır (9). Məhz elə həmin tarix də Azərbaycanın yeni tarixinin gerçək dönüş nöqtəsi hesab edilə bilər və edilməlidir. Çünki həmin il Azərbaycanda Təkcə SSRİ-ni deyil, bütün dünyanı silkələyən və tariximizə 17 noyabr Milli Dirçəliş Günü kimi qızıl hərflərlə yazılan ümumdünya miqyaslı bir olay oldu – Meydan Hərəkatı özünün kulminasiya nöqtəsinə qalxdı, xalqımızın şüurunda onu müstəqilliyə səsləyən inqilab baş verdi.
Qorboçovun 1990-ci illərdə verdiyi bəzi açıqlamalardan, xüsusən də xarici auditoriya önündə söylədiklərindən belə aydın olur ki, o, artıq 1985-ci ildə SSRİ-nin totalitar təbiətini dərk edir və müəyyən dövrə qədər bu barədə açıq şəkildə danışmağa ehtiyat edirdi. «Yenidənqurma» xəttinin digər müəlliflərindən hesab edilən A. Yakovlev və E. Şevardnadze də müsahibələrində təqribən eyni şeyləri söyləmiş və bildirmişlər ki, onlar islahatlardan öncə artıq radikal dəyişikliklərin vacibliyini dərk etməkdə idilər.
Təbii ki, məsələyə fərqli prizmadan baxanlar da var. Onlar belə hesab edirlər ki, «Yenidənqurma» SSRİ-ni dağıtmaq üçün Qərbdə hazırlanmış xüsusi bir plan idi və yuxarıda adları çəkilən şəxslər imperializmlə işbirliyinə girərək, bu planı şüurlu şəkildə həyata keçirmişlər (11).
Bu baxımdan politologiya elmləri doktoru, professor İ. Panarinin «SSRİ-nin baş ləğvedicici M. Qorbaçov» adlı məqaləsində yazdıqları deyilənlərə ən gözəl misaldır. Qorbaçovu «xarici kəşfiyyatın agenti» adlandıran alim yazır ki, SSRİ-nin dağıdılmasında əsas rolu SSRİ rəhbərliyinə kənar qüvvələr tərəfindən gətirilmiş Stavropollu Yəhuda M. Qorbaçov oynadı. «Onun 6 illik hakimiyyəti dövründə ölkənin xarici borcu 5,5 dəfə artdı, qızıl ehtiyatları isə 11 dəfə azaldı. SSRİ birtərəfli qaydada hərbi-siyasi güzəştlərə getdi. M. Qorbaçov öz Vətəninə onun bütün tarixi ərzindəki ən böyük zərbəni vurdu. Dünyanın heç bir ölkəsində heç vaxt belə rəhbər olmayıb. Onun hakimiyyətə gəlməsinin və dağıdıcı anti-dövlət fəaliyyətininib səbəblərini araşdırmaq üçün Yəhuda üzərində İctimai Tribunalın qurulması lazımdır» (15).
Bu gün çox az adama məlumdur ki, həmin dövrdə SSRİ-də Qorbaçovunkindən fərqli digər islahatlar yolu da ciddi müzakirə edilirdi. Bu yollardan biri siyasi rejimi dəyişmədən müasir cəmiyyətə iqtisadi islahatlar yolu ilə tədrici keçid etmiş Çinin təcrübəsinin öyrənilməsinə əsaslanırdı. Bununla belə, yeni iqtisadi şəraitə uyğun yeni cəmiyyətin hansı formada və necə qurulacağı barədə yekdil fikir yox idi. Bu istiqamətdə aparılan müzakirələr heç bir nəticə vermir, hər şey dumanlı təkliflərlə məhdudlaşırdı. İşin ən maraqlı tərəfi isə budur ki, bu tip müzakirələr fövqaladə gizlilik şəraitində aparılırdı. Çox-çox sonralar baş verənlərin təhlili belə bir ehtimala səbəb oldu ki, bu gizlilik işin içində xarici xüsusi xidmət orqanlarının əlinin olması ilə bağlı imiş.
Bu gün bir çox tədqiqatçının fikrincə, söhbət SSRİ rəhbərliyinin ən yüksək eşalonlarında yer alan xarici agentlərin gizli fəaliyyətindən getməlidir. M. Qorbaçovun özünü də agent olmaqda suçlayanlar az deyil. Bu sırada A. Yakovlevin də adı tez-tez hallanmaqdadır (12, s. 4). Məsələn, Ukraynalı politoloq, Qorbaçov Fondunun sabiq əməkdaşı İ. Osadçuk KQB-sinin keçmiş sədri V. Çebrikova istinadən bildirir ki, Qorbaçovu o vaxt Amerika kəşfiyyatı SSRİ-nin BMT-dəki missiyasının rəhbərinin müavini, erməni əsilli diplomat Viktor İsraelyan vasitəsilə ələ almaq istəyib.
İ. Osadçukun fikrincə, İsraelyanın özü Amerika kəşfiyyatı tərəfindən ələ alınıbmış. «80-ci illərin ortalarında, Qorbaçov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsində kənd təsərrüfatı üzrə katib vəzifəsini tutanda Vaşinqtonda xarici diplomatlar üçün təşkil olunmuş qəbullardan biri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru İsraelyana yaxınlaşıb. MKİ direktoru erməni diplomatdan xahiş edib ki, onun Qorbaçovla görüşünü təşkil etsin. Lakin o vaxt İsraelyan bu xahişə əhəmiyyət verməyib. Daha sonra Cenevrədə keçirilən qəbulda o, yenidən İsraelyana yaxınlaşıb və Qorbaçovla görüş barədə xahişi təkrarlayıb. İsraelyan Moskvaya gəlib, xarici işlər naziri Andrey Qromıko ilə görüşüb. Söhbət əsnasında erməni diplomat ona MKİ direktorunun xahişini çatdırıb. Qromıko onu dinləyib, heç nə demədən 15 dəqiqə pəncərəyə baxıb və “Başqa sualın yoxdur ki” deyə erməni diplomata bildirib. V. İsraelyan XİN-in binasından çıxanda mühafizə onu saxlayıb və diplomat vəsiqəsini alıb. Onu dərhal işdən azad ediblər, İsraelyan SSRİ-nin son illərində ABŞ-a köçüb və 2005-ci ildə ölüb. BMT-də SSRİ-ni təmsil edən erməni diplomatın Amerika kəşfiyyatı ilə təmasları isə MKİ-nin SSRİ-ni dağıtmaq üçün həm də Qarabağda erməni separatizmini qızışdırmaq planlarının olduğundan xəbər verir» (1).
Politoloq daha sonra bildirir ki, «Qarabağda erməni separatizminin qızışdırılmasında o vaxt Amerikadakı erməni diasporunun da əhəmiyyətli rolu olub… 1987-ci ildə Qorbaçov Mərkəzi Komitənin birinci katibi kimi ABŞ-a səfərə yola düşəndə özü ilə KQB sədrinin müavini Kryuçkovu götürüb. O vaxt KQB-nin sədri olan Viktor Çebrikov Kryuçkovun birinci katibi ABŞ-a səfərdə müşayiət etməsinə qarşı çıxıb. Çünki Kryuçkov KQB-nin 1-ci Baş İdarəsinin rəhbəri olarkən həyata keçirdiyi bütün əməliyyatları iflasa uğradıbmış… Kryuçkov kəşfiyyatçı və rəhbər işçi kimi qabiliyyətli olmasa da, yaxşı intriqabaz idi. KQB sədrinin etirazına baxmayaraq Qorbaçov Kryuçkovu özü ilə ABŞ-a aparır. ABŞ-da Kryuçkov erməni diasporu ilə Qorbaçovun görüşünü təşkil edir. Həmin görüşdə ermənilər Qorbaçovun arvadına brilyant daşlarla bəzədilmiş boyunbağı və rəsm əsəri hədiyyə edirlər. Ardınca Qorbaçovu əhatəyə alıb ona “Qarabağın tarixi problemləri”, onun Ermənistana birləşdirilməsinin vacibliyi haqda danışırlar. Qorbaçovun ermənilərlə söhbətində Kryuçkov da iştirak edir. Birinci katib ABŞ-dan səfərdən dönəndən az sonra Çebrikovu KQB sədri vəzifəsindən azad edərək, onun yerinə Kryuçkovu təyin edir. Çebrikov isə Mərkəzi Komitə katibliyinə təyin olunur. Və tezliklə Qarabağda müharibə başlayır» (1).
İ. Osadçukun sözlərinə görə, «sonradan Çebrikov ona evində keçirdiyi ad gününün videokadrlarını göstərib. Həmin mərasimdə KQB sədri kimi Kryuçkov da iştirak edirmiş. Çebrikov ad günündə Kryuçkovdan soruşur: “KQB sədri olmaq üçün Qorbaçova neçə milyon verdin”. Ehtimal ki, ermənilərin adamı olan Kryuçkov KQB sədri olmaq üçün Qorbaçova rüşvət kimi verdiyi milyonlarla dolları da Amerikadakı varlı ermənilərdən alıbmış… Çebrikov KQB sədri vəzifəsinə özünün birinci müavini Filip Bobkovun namizədliyini irəli sürmüşdü. O, peşəkar kəşfiyyatçı, ordu generalı idi və Qarabağda münaqişənin qəti əleyhinə çıxırdı. Daha sonra münaqişə qızışanda Qorbaçov Arkadi Volskini Qarabağda yaradılan xüsusi idarəetmə komitəsinə rəhbər təyin edib… Volski Qarabağda münaqişənin qızışmasının qarşısını ala, hətta barışığa nail ola bilərdi... Lakin Qorbaçov bunda maraqlı deyildi…(1).
İ. Osadçukdan fərqli olaraq S. N. Volkova isə Qorbaçovun, həyat yoldaşı ilə birlikdə hələ 1966-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alındığını iddia etməkdədir. Onun fikrincə, Qorbaçovun 1984-cü ilin dekabrında İngiltərə səfəri zamanı baş verənlərin təhlili onun orada əvvəlcədən xüsusi gözlənilən şəxs olduğunu deməyə tam əsas verir. Halbuki M. Qorbaçov SSRİ Ali Sovetinin bir o qədər də önəm daşımayan nümayəndə heyətinə başçılıq edirdi. Bununla belə, M. Tetçer onu özünün şəhər kənarında yerləşən «Çekkers» adlı xüsusi iqamətgahında qəbul etdi. Bu iqamətgah xüsusi önəm daşıyan siyasi xadimlərin qəbulu üçün nəzərdə tutulmuşdu (5).
Bu məsələyə özünün «Qorbi və Meqli» adlı kitabında xüsusi diqqət ayıran L. Zamyatin yazır ki, sözügedən heyətə Ali Sovetin Energetika Komissiyasının sədri Y. Velixov, Sov İKP MK-nın İnformasiya şöbəsinin müdiri, bundan bir il öncə SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru təyin edilmiş A. Yakovlev daxil idilər. Qorbaçov görüşlərin əsas mövzusu kimi «silahsızlanma»nı seçmişdi. Halbuki, onun SSRİ Ali Soveti adından heç bir bəyanat vermək səlahiyyəti yox idi (10).
Tədqiqatçının sözlərinə görə, bu səfər Qorbaçovun bu qədər yüksək səviyyədə qəbul edildiyi ilk rəsmi səfər deyildi. Belə ki, 1983-cü ilin may ayında o Kanadaya səfər etmiş və Kanadanın baş naziri Trüdo tərəfindən də əziz qonaq kimi qəbul edilmişdi. Həmin dövrdə o, Sov İKP katibi idi və Kanadaya səfər etməsinə xüsusi ehtiyac yox idi. Fəqət o bunda israr edirdi. O dövrdəki baş katib Y. Andropov buna etiraz etsə də, sonradan həmin dövrdə SSRİ-nin Kanadadakı səfiri olan A. Yakovlevin təkidi ilə qərarından dönmüşdü. A. Yakovlev bildirir ki, onun İngiltərədə bu qədər böyük maraqla qarşılanmasında Kanada səfəri zamanı apardığı danışıqların böyük rolu olmuşdu (10).
A.Yakovlev yazır ki, «dəmir ledi» ilə görüş zamanı qeyri-adi bir hadisə baş verdi. Danışıqlar zondaj xarakteri daşıyırdı. Bu, mənim də iştirak etdiyim dar tərkibli görüşlərin birində M. Qorbaçovun Baş Hərbi Qərargahın üzərində məxfilik qrifi olan xəritəsini çıxarıb, masanın üstünə qoymasına qədər beləcə davan etdi. Xəritə orijinal idi və üzərindəki qrif bunu təsdiq edirdi. Orada Böyük Britaniyaya yönəlik raket zərbələrinin istiqamətləri, vurulması nəzərdə tutulan şəhərlərin koordinatları və s. təsvir edilmişdi. Ortaya sükut çökdü. Sükutu Qorbaçav pozdu: «Xanım baş nazir, bütün bunlara son qoymaq, özü də bunu mümkün qədər tez etmək lazımdır». «Hə» - deyə özünü itirmiş M. Tetçer cavab verdi (17).
Bu faktı M. Qorboçov da təsdiq etməkdədir. O, «Həyat və islahatlar» adlı memuarında yazır: «Mən üzərində bütün nüvə ehtiyatlarının ən incə detallarına qədər qeyd edildiyi böyük xəritəni Böyük Britaniyanın baş nazirinin önünə sərdim. Buradakı hər bir hücrənin Yer üzündəki bütün həyatı məhv edə bilməsi üçün tamamilə yetərli olduğunu söylədim: «Toplanmış nüvə ehtiyatı ilə bütün canlıları 1000 dəfə məhv etməyə yetər» (6).
S. N. Volkova həm A. Yakovlevin, həm də M. Qorbaçovun dilə gətirdikləri bu faktı SSRİ-nin hərbi sirrlərinin düşmənə ötürülməsi kimi dəyərləndirməkdədir (4). Fəqət sözügedən hadisə belə bir nəticə çıxartmaq üçün yetərli deyil. Belə ki, SSRİ-nin içindən çıxması mümkün olmayan iqtisadi böhran bataqlığının tam ortasına düşməsinin əsas səbəbi ABŞ-ın Rusiyanı sövq etdiyi «silahlanma yarışı» idi və rusların bu «yarış»a tab gətirməyə halı qalmamışdı. «Silahlanma yarış»ı, eləcə də SSRİ-nin Əfqanıstanı işğalı və üzücü müharibəyə cəlb edilmiş olması bütün iqtisadi resusrsları tükətmişdi. Buna mütləq son qoymaq lazım idi və ruslar, nəyin bahasına olursa-olsun, ən çox vəsaitin xərcləndiyi nüvə raketlərinin istehsalının azaldılmasında maraqlı idilər. Fəqət bunu birtərəfli qaydada etmək olmazdı. Qərbi «silahlanma yarışı»nın dayandırılmasının zəruriliyinə inandırmaq lazım idi.
Qeyd etmək lazımdır ki, «silahlanma yarışı» SSRİ iqtisadiyyatının əsaslarının sarsılmasına səbəb olmuşdu. Belə ki, 1980-ci illərin əvvəllərində maşınqayırma sənayesinin 60 faizini hərbi texnikanın istehsalı təşkil edir, hərbi xərclər isə Ümumi Daxili Məhsulun (ÜDM) 23 faizini «yeyirdi». 80-ci illərin sonlarında isə bu rəqəmlər müqabil olaraq 80 faiz və 28 faiz səviyyəsinə qalxmışdı (3). Və məsələ təkcə bunda deyildi. Sənayenin hərbi sifarişlərin yerinə yetirilməsinə uyğunlaşdırılması ağır sənayenin üstünlük qazanmasına, istehsalatın digər istiqamətlərinin, xüsusən də istehlak bazarına yönəlik istehsalın zəifləməsinə gətirib çıxarmışdı (4; 7). Bir sözlə, hərbi xərclərin azaldılması, iqtisadiyattın «silahlanma yarışı»nın ağır yükündən azad edilməsi qarşıda duran bir nömrəli vəzifə idi. Elə bu səbəbdən də Əfqanıstanda aparılan mənasız savaşa da son qoymaq lazım idi.
1988-ci il aprel ayının 15-dən etibarən ruslar 14 aprel 1988-ci il Cenevrə sazişinin şərtlərinə uyğun olaraq, qoşunlarını Əfqanıstandan çıxarmağa başladılar. İlk üç ay ərzində bu ölkəni 50 153 əsgər tərk etdi. Noyabrda mücahidlərin hücumlarının artırması nəticəsində proses bir qədər səngisə də, 1988-ci ilin 15 avqustundan 1989-cu ilin 15 fevralına qədər daha 50 100 nəfər hərbiçi Əfqanıstandan SSRİ ərazisinə qaytarıldı.
Sovet ittifaqının dağıdılmasında və imperiyanın çökməsində günahlandırılan, Qərb «imperializminin agenti» olduğu iddia edilən digər şəxs A. Yakovlevdir. 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru akademik İnozemtsevin ölümündən sonra M. Qorbaçov onun yerinə bu vəzifəyə Yakovlevin namizədliyini irəli sürmüş və A. Yakovlev baş katib Y. Andropov və katiblər K. Çernenko və A. Qromıkonun dəstəyi ilə həmin İnstitutun direktoru təyin olunmuşdu. Qorbaçov onunla 1983-cü ilin 17-24 mayında Kanadaya bir həftəlik səfəri zamanı yaxından tanış olmuş və fikirlərinin üst-üstə düşdüyünü görüb bundan çox məmnun olmuşdu. O bu vəzifəyə gələr-gəlməz, Sov İKP Mərkəzi Komitəsinə məktub göndərərək SSRİ-ni düşdüyü dərin böhrandan çıxartmaq və Qərb ölkələri ilə maqayisədə açıq-aşkar hiss olunan geriləməni dayandırmaq üçün SSRİ-də xarici kapitalın iştirakı ilə yeni müəssisələrin yaradılması təklifi ilə çıxış etmiş, nəticədə Y. Andropov Sov İKP Proqramının yeni redaksiyasının hazırlanmasına göstəriş vermiş və onu bu işi görməli olan qrupun rəhbəri təyin etmişdi (18).
Şübhəsiz ki, bu qərarı Sovet rəhbərliyi birlikdə vermişdi. Burada xarici kəşfiyyatın izini axtarmaq və hər şeyi Qorboçov və Yakovlevin üzərinə yıxmaq, əlbəttə ki, doğru deyildir. Axı, həmin dövrdə ölkəyə M. Qorbaçov yox, uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Y. Andropov başçılıq edirdi. İmperiyanın yerlərdəki sadiq nökərləri olan H. Əliyev və E. Şevardnadzeni öz inanılmış kadrları kimi Moskvaya aparan, onlara yüksək vəzifələr verən də məhz o idi. Bir sözlə, baş verənlər subyektiv deyil, obyektiv səbəblərdən baş verirdi. Sovet İttifaqı dərin böhran içində idi və onu xilas etmək lazım idi. Ölkədə inqilabi şərait yetişirdi. Aşağılar əski qaydada yaşamaq istəmir, yuxarılar isə yeni qaydada idarə edə bilmirdi.
M. Qorbaçov hakimiyyətə gəldikdən sonra A. Yakovlev, Sov İKP MK-nın Təbliğat şöbəsinin müdiri, 1986-cı ildə isə MK üzvü və MK katibi vəzifələrinə yüksəlir. Bundan sonra o, Y. Liqaçovla birlikdə ideologiya və mədəniyyət məsələrini kurasiya edir. Elə həmin dövrdə Qərb dövlətləri, eləcə də Asiya-Sakit Okean bölgəsi ölkələri ilə hərtərəfli əlaqələrin vacibliyindən söz açmağa başlayır. Nabokov, Soljenitsın, Rıbakov, Pristavkina, Dudintseva kimi əvvəllər dərc olunmaları yasaq olan dessident qələm sahiblərinin əsərlərini dərc etdirir, nümayişinə qadağan qoyulmuş 30 filmin ekranlara çıxmasına imkan yaradır. Çap olunması yasaq olan rus filosoflarının əsərləri də tezliklə işıq üzü görür (18).
Dostları ilə paylaş: |