Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər Plan



Yüklə 124 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü124 Kb.
#36026
  1   2   3
Muhazir-1-10

MÜHAZİRƏ 1



Əmək mühafizəsi və təhlükəsizliyi fənni,

onun məqsədi və toxunduğu əsas məsələlər


Plan


  1. Giriş. Əmək mühafizəsi və təhlükəsizliyi fənninin məzmunu və sosial-

iqtisadi əhəmiyyəti. Əmək mühafizəsi kursu və onun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında rolu.

  1. Əmək mühafizəsi və təhlükəsizliyi fənninin inkişaf tarixi. Əmək mühafizəsi sahəsindəki nailiyyətlər.

  2. Əmək mühafizəsi fənnində qəbul edilmiş terminlər və onların məzmunu.

  3. Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar

Əməyin mühafizəsi – insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir.

Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır.

Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında tənzim edilir.

Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası, istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.

Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş həftəsinin qısaldılması, ağır fiziki əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini təmin edir.

Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.

Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz qabağındadır.

Rus alimi Q.Y.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni cəmi 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr 90 milyon adamın ölümünə gətirib çxarmışdır. Indi maşınla əlaqədar olaraq dünya miqyasında hər bir gün ərzində 350 min adam həlak olur ki, bunun da 250 mini avtomobil qəzaları ilə bağlıdır. Beynəlxalq ƏməkTəşkilatının məlumatına görə dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq adam həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin tədricən daha çox aktuallıq kəsb etməsinə səbəb olur və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsizlik əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya Əməyin Mühafizəsi günü elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi günü dövlət səviyyəsində qeyd olunur.

Keçmiş Sovetlər birliyində 1929-cu ildən ali məktəblərdə «Əmək mühafizəsi və təhlükəsizlik texnikası» fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu fənn «Əmək mühafizəsi» adlandırılaraq tədris edilmişdir. 1990-cı ildən isə «Əmək mühafizəsi» fənni «Mülki-müdafiə» fənninə birləşdirilməklə iki hissədən ibarət olan «Həyat fəaliyyətinin təhlükəsizliyi» fənni şəklində tədris olunur.

Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.

Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini, N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri müvəffəqiyyətlə həll etmişlər.

Əmək mühafizəsinin elmi əsaslarının ali məktəb tələbələrinin əldə etdiyi biliklər kompleksində xüsusi yeri vardır. Çünki, əmək mühafizəsi məsələlərinin həm iqtisadi, həm sosial, həm də böyük hüquqi əhəmiyyəti vardır. Sosial mənada əməyin mühafizəsi dedikdə müəssisədə işləyən işçilərin istehsalat zədələnməsindən qorunması anlaşılır. Yəni, işçilər istehsalat zədəsindən qorunur, işçilərin uzun ömür sürməsi məqsədilə sosial tədbirlər görülür, iş vaxtında işçilərin istirahət vaxtından səmərəli istifadə etmələri üçün lazımi şərait yaradılır. Əmək mühafizəsi həm də iqtisadi əhəmiyyət daşıyır. Belə ki, əmək hərtərəfli mühafizə olunduqda işçilərin əmək məhsuldarlığı artır, bundan başqa sosial-sığorta fondunun qənaət edilməsi təmin edilir, iş vaxtının itirilməsi azalır. Əmək mühafizəsi qaydalarına düzgün əməl etdikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin miqdarı da əhəmiyyətli dərəcədə azalır. Buna görə də ali məktəblərdə tələbələrə bütün təhsil müddətində əmək mühafizəsi məsələlərinin öyrədilməsi nəzərdə tutulur. Tələbələrin əmək mühafizəsinin ayrı-ayrı məsələlərini ictimai, ümumtexniki və ixtisas fənlərində, eləcə də tədris və istehsalat təcrübələri zamanı öyrənməsinə baxmayaraq, onların bu sahədə tam biliyə yiyələnmələri üçün müstəqil «Əmək mühafizəsi» fənni tədris olunur.

Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:



  1. Əmək mühafizəsi məsələlərinin təşkilini, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini;

  2. Travmaların və xəstələnmələrin müəyyən edilməsi üsullarını;

  3. Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi;

  4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək üsullarını;

  5. Müxtəlif cihaz və avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını;

  6. Yanğının baş vermə səbəbləri, onun profilaktikası və söndürülmə qaydalarını.

«Əmək mühafizəsi» fənninin metodiki əsasını əmək prosesində istifadə olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil edir. Bunun nəticəsində istehsalatın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.

«Əmək mühafizəsi» kursu dörd müstəqil bölməni əhatə edən elmi, sosial-texniki fəndir.



  1. Əmək mühafizəsinin hüquqi və təşkilati əsasları

  2. Istehsalat sanitariyasının əsasları

  3. Təhlükəsizlik texnikasının əsasları

  4. Yanğın təhlükəsizliyinin əsasları

Belə bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli gəlir. Bu o deməkdir ki, işçilərin əməyi qanunvericilik qaydaları ilə, tibbi və texniki yollarla mühafizə edilir.

I bölmədə işçilərin zədələnmə və xəstələnmələrinin aradan qaldırılmasına yönəldilmiş kompleks hüquqi-təşkilati tədbirlər öyrənilir.

II bölmədə işçilərə istehsal amillərinin (səs-küy, toz, qaz, şüalanma və s.) zərərli təsirlərinin qarşısını alan təşkilati, gigiyenik, texniki-sanitariya tədbirləri və vasitələri öyrənilir.

III bölmədə işçilərə təhlükəli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilati-texniki tədbir və vasitələr sistemi öyrənilir.

IV bölmədə əmək təhlükəsizliyini və müxtəlif obyektləri mühafizə etməyə yönəldilmiş yanğından mühafizə tədbir və vasitələri öyrənilir.

Əmək mühafizəsi üzrə mövcud qanunlar, standartlar, normalar bütün müəssisə və təşkilatlar, onların vəzifəli şəxsləri və bütün işçilər üçün məcburidir.



Yüklə 124 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin