Əmlak öHDƏLİKLƏRİNDƏn yayinma yolu iLƏ TÖRƏDİLƏN İQTİsadi FƏALİYYƏt sahəSİNDƏ olan cinayəTLƏR



Yüklə 36 Kb.
tarix22.05.2020
ölçüsü36 Kb.
#31373
ƏMLAK ÖHDƏLİKLƏRİNDƏN YAYINMA YOLU İLƏ TÖRƏDİLƏN İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR

ƏMLAK ÖHDƏLİKLƏRİNDƏN YAYINMA YOLU İLƏ TÖRƏDİLƏN İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR

Əmlak öhdəliklərindən yayınma yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:

− İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma (maddə 200);

− Gömrük ödənişlərinin ödənilməsindən yayınma (maddə 209);

− Müflisləşmə zamanı qanunsuz hərəkətlər (maddə 210);

− Qəsdən müflisləşmə (maddə 211);

− Saxta müflisləşmə (maddə 212);

− Vergi ödəməkdən yayınma (maddə 213);

− Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə (maddə 213-1);

Əmlak öhdəliklərindən yayınma yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:

1. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma: CM-nin 200-cü maddəsində bir-birindən kifayət qədər fərqlənən iki cinayət tərkibi təsbit edilmişdir.

CM-nin 200.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti malların satışı (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) zamanı istehlakçılarla mal satanlar və ya xidmət göstərənlər arasında yaranan münasibətlərdir. Əlavə obyekt qismində istehlakçıların həyat və sağlamlığı, habelə əmlak mənafeləri çıxış edir. Obyektiv cəhətdən cinayət mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmada ifadə olunmuşdur.

CM-nin 200.3-cü maddəsində nəzərdə tutulmuş cinayət çoxobyektlidir. Bu cinayətin əsas bilavasitə obyekti məhsulların lazımi keyfiyyətdə istehsalını və satışa buraxılmasını təmin edən ictimai münasibətlərdir. Cinayətkar qəsdin digər bilavasitə obyekti əhalinin sağlamlığıdır. Cinayətin predmeti isə pis keyfiyyətli məhsullardır.

Bu cinayət tərkibinin obyektiv cəhəti isə zərərçəmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmuş aşağıdakı alternativ əməllərdə ifadə olunur: pis keyfiyyətli məhsulların istehsalı; satışa buraxılması; belə məhsulların satışı; onların keyfiyyətsiz olmasının gizlədilməsi.

Pis keyfiyyətli məhsulların keyfiyyətsiz olmasının gizlədilməsi həm istehsalçı və ya satıcı başqa məhsullar üçün verilmiş və ya bilə-bilə qanunsuz uyğunluq sertifikatından istifadə etdikdə, sertifikatlaşdırılmanı həyata keçirən orqan isə saxta sertifikat verdikdə təhlil edilən əlamət mövcud olacaqdır.

2. Gömrük ödənişlərinin ödənilməsindən yayınma: Azərbaycan Respublikasının xarici iqtisadi siyasətin və daxili əmtəə bazarının dövlət tənziminin mühüm vasitə lərindən biri Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallara qoyulan gömrük ödənişlərinin müəyyən edilməsi və tətbiqi qaydalarıdır. Bu qaydaların və gömrük ödənişləri mexanizminin pozulması dövlət pul fondlarının təşkil olunması sahəsində ölkə iqtisadiyyatına ciddi ziyan vurur.

Cinayətin predmeti gömrük ödənişləridir. Cinayətin obyektiv cəhəti isə xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınmada ifadə olunur. Bu halda yayınma aşağıdakı hərəkətlərdə ifadə oluna bilər: gömrük bəyannaməsində və ya gömrük məqsədləri üçün zəruri olan başqa sənədlərdə malın və nəqliyyat vasitələrinin gömrük rejimi; gömrük dəyəri, yaxud mənşə ölkəsi haqqında yalan məlumat verilməsi və ya gömrük ödənişlərindən azad etmək və ya onun miqdarını azaltmaq üçün əsas verən başqa yalan məlumatlar verilməsi; ödənilmiş gömrük ödənişlərinin qaytarılması hüququ, ödəniş və ya başqa əvəz almaq hüququ, yaxud alınmış əvəzin tam və ya qismən qaytarılmaması hüququ verən yalan daxil edilmiş sənədlərin AR-in gömrük orqanlarına təqdim edilməsi; ödəmə müddətlərinin pozulması.

3. Müflisləşmə zamanı qanunsuz hərəkətlər:Sahibkarlıq fəaliyyəti, eləcə də digər iqtisadi fəaliyyət təkcə sahibkarın özünə deyil, həm də onun kontragentlərinə ziyan vurulması riskinə malikdir. Ona görə də istənilən iqtisadi subyektin mülki dövriyyədə iştirakı ona və onun etdiyi əməliyyatlara etibar göstərilməsi şəraitində mümkündür. Kreditorların riskini minimuma endirmək üçün ölkəmizin qanunvericiliyində müflisləşmə institutu nəzərdə tutulmuşdur. Bu institutun əsasını “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu, mülki hüququn müvafiq normaları, habelə bəzi başqa normativ hüquqi aktlar təşkil edir.

Müflis olmuş sahibkar qanunun tələb etdiyinin əksinə olaraq özünün iqtidarsız olmasını elan etməyərək, kontragentləri qarşısında əmlak öhdəliklərinin icrasından yayınmaq üçün öz vəziyyətini gizlətməyə cəhd etdikdə, CM-nin 210-cu maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Müflisləşmə zamanı qanunsuz hərəkətlər ayrıca cinayət məsuliyyəti yaradan iki növ əməlləri nəzərdə tutur. Obyektinə görə oxşar olan bu əməllər obyektiv cəhətinə, habelə subyektinə görə bir-birindən xeyli fərqlənir.

CM-nin 201.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman törədilən bir sıra alternativ qanunsuz hərəkətdən ibarətdir: əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi; əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi; iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması.

4. Qəsdən müflisləşmə: Nəzərdən keçirilən cinayətin obyekti dövlətin maliyyə fəaliyyəti sahəsində yaranan və sahibkarlıq fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Cinayət obyektiv cəhətdən ödəmə qabiliyyətsizliyinin yaradılmasından və ya artırılmasından ibarətdir.

Qəsdən müflisləşmə dedikdə, süni olaraq ödəmə qabiliyyətsizliyi yaradan və belə qabiliyyətsizliyi artıraraq bilə-bilə iflasa aparan sahibkarlıq fəaliyyəti (sərfəli olmayan əqdlər bağlanması, mühasibat və ya başqa maliyyə fəaliyyətinin səhlənkarcasına aparılması; iqtisadi kontragentlərin və ya işgüzar tərəfdaşların etinasızcasına seçilməsi, pul vəsaitlərinin müəssisənin mənafeyi ilə əlaqədar olmayan ehtiyaclara xərclənməsi və s.) başa düşülür.

5. Saxta müflisləşmə: Nəzərdən keçirilən cinayətin obyekti dövlətin maliyyə fəaliyyəti sahəsində yaranan və sahibkarlıq fəaliyyətini təmin edən ictimai münasibətlərdir.

Cinayətin obyektiv cəhəti kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etmədən ibarətdir. Obyektiv cəhətin daha bir məcburi əlaməti saxta müflisləşmənin xeyli miqdarda ziyan vurulmasıdır.

Saxta müflisləşmə dedikdə, özünü təşkilatın (fərdi sahibkar) həqiqi iqtisadi vəziyyətinin əksinə olaraq və kreditorlarla razılaşdırılmadan, bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etmə başa düşülür. CM-nin 212.1-ci maddəsi ilə cinayət məsuliyyəti həmin əməl nəticəsində xeyli miqdarda ziyan vurulduqda meydana gəlir. Saxta müflisləşmə nəticəsində kreditorlara xeyli miqdarda ziyan vurulduğu andan cinayət başa çatmış hesab edilir.

6. Vergi ödəməkdən yayınma: Müasir dövlətdə vergilər gəlirlərin əsas formasıdır. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir şəxsin borcudur. Vergi ödəməkdən yayınma isə ölkə iqtisadiyyatının və maliyyə sisteminin sabitliyini pozulmasına səbəb olur.

İki növ əsas vergi ödəyicisi – fiziki və hüquqi şəxslər bir-birindən fərqləndiyindən CM-nin 213-cü maddəsində cinayət hesab edilən əməllərin iki müxtəlif növü təsbit olunmuşdur. Obyektinə görə oxşar olan bu cinayət tərkibləri obyektiv cəhətinə və subyektinə görə xeyli dərəcədə bir-birindən fərqlənir.

CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyekti dövlətin maliyyə fəaliyyəti sahəsində ictimai münasibətlərdir. Bu cinayətin obyektiv cəhəti isə fiziki şəxslər tərəfindən AR qanunvericliyində nəzərdə tutulmuş hallarda gəlirlər haqqında bəyannamə təqdim etməməklə, yaxud gəlirlər və ya xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları bəyannamədə göstərməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya başqa icbari ödənişləri ödəməkdən yayınmadan ibarətdir.

CM-nin 213.3-cü maddəsində göstərilmiş cinayətin isə obyekti hüquqi şəxslərdən vergilərin yığılması ilə əlaqədar dövlətin maliyyə fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərdir.



CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları təşkilat mühasibat sənədlərində daxil etməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya başqa icbari ödənişləri ödəməkdən yayınmada ifadə olunmuşdur.

Beləliklə, Azərbaycan Respublikasının CM-nin “İqtisadi fəaliyyət sahəsində cinayətlər” adlandırılan 24-cü fəslində iqtisadi cinayətkarlıq formaları geniş şərh olunsa da iqtisadi cinayətkarlığın xüsusi forması olan kibercinayətkarlıq və eləcə də kompüter cinayətlərinə görə məsuliyyət bu fəsildə öz əksini tapmamışdır. Azərbaycanda Respublikasının cinayət qanunvericiliyində kibercinayətkarlığın hüquqi təsbiti məsələsi növbəti paraqrafda daha geniş şərh olunacaqdır.
Yüklə 36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin