İkinci Dünya Müharibəsi Ərəfəsində Yəhudilər Və Ərəblər - İkinci Dünya müharibəsi zamanı Fələstin probleminin bir neçə xüsusiyyəti var idi. Bunların birincisi ərəblərin vəziyyətidir. Burada nəzərə çarpan ilk məsələ ərəblərin parçalanması, ikinci məsələ lidersizlik və üçüncü məsələ ərəblərin Nasist Almaniyasını dəstəkləməsi idi.
- Ərəblərin parçalanmasının əsası mandat idarəçiliyi zamanı Hüseyni ailəsi ilə Neşaşibi ailəsi arasındakı rəqabət ilə başlamışdır. Hüseynilər ifratları, Neşaşibilər isə mötədilləri təmsil etmiş və iki ailə heç cürə ortaq nöqtə tapa bilməmişdir. Zamanla ərəb terrorist təşkilatlarının da meydana gəlməsi ilə bu fikir ayrılığı daha da artmışdır. Bu hadisənin eynisi yəhudilər üçün də olmuşdur, lakin ərəblərə nisbətən daha az parçalanma baş vermişdir. Çünki yəhudi terror təşkilatlarının demək olar ki, hamısı Dünya Sionist Təşkilatına çox sıx şəkildə bağlı idi. Buna görə də, Hacı Əmin əl-Hüseyninin heç bir zaman Dr. Vaytsmanın həm yəhudilər, həm də qərb hökumətləri üzərində sahib olduğu nüfuza sahib olduğu deyilə bilməz.
1937-ci il həbsləri zamanı Suriyaya qaçıb, buradan da Beyruta keçən Hacı Əmin əl-Hüseyni müharibə başladıqdan sonra 1939-cu ilin oktyabr ayında Bağdada getmişdi. Lakin 1941-ci ilin aprelində Rəşid Əli Geylani liderliyində baş vermiş almanpərəst çevriliş cəhdinin uğursuzluğundan sonra İngiltərənin İraqdakı nəzarətini gücləndirməsi Hacı Əmin əl-Hüseyninin də Bağdaddan qaçaraq Romaya getməsinə səbəb oldu.
İngiltərənin Qüds müftisinə qarşı bu mövqeyi sərgiləməsi Hacı Əmin əl-Hüseyninin müharibə zamanı Nasist Almaniyasına yaxınlaşmasına səbəb oldu. Buna görədir ki, o, 1941-ci ilin may ayında Bağdad və ittifaq dövlətlərinin radiolarında yayımlanan fətvası ilə bütün müsəlmanları İngiltərəyə qarşı cihada çağırdı. Bu fətvada Almaniya və onun müttəfiqləri barədə bir kəlmə belə bəhs edilməmişdir, lakin müfti Romaya getdikdən sonra Almaniya ilə daha yaxın təmas qurmuş və müharibə illərinin bir qismini Almaniyada keçirmişdir. Bu arada 28 noyabr 1941-ci ildə Berlində Hitlerlə 2 saata yaxın davam edən görüşü baş tutmuşdur. Bu görüşdə əl-Hüseyni özünün edəcəyi çağırışla ərəb ölkələrindəki bir çox ərəbi hərəkətə gətirə biləcəyini, lakin bundan əvvəl Hitlerin ərəblərə xitab edən bəyanat yayımlamasının lazım olduğunu bildirmişdi. Hitler belə bir bəyanatın yayımlanmasına tərəfdar olmamışdır, ona görə də 1941-ci ilin aprelindəki İraq hadisəsi uğurlu olsaydı, ərəblərin qurtuluş yolu açılacaqdı. Amma bu baş vermədiyi üçün Qafqaz cəbhəsindəki hadisələrin sonunu gözləmək lazım gəlirdi. O zaman Rostov yaxınlığında olan alman ordusunun hədəflədiyi Qafqaz ələ keçirildikdən sonra oradan cənuba eniləcəkdi. Ərəblərə ünvanlanmış bəyanatın da məhz o zaman verilməsi planlaşdırılmışdı. Əl-Hüseyni Hitlerlə gizli müqavilə imzalamaq istəsə də, Hitler belə bir müqavilənin gizli qalmayacağını əsas gətirərək bundan imtina etmişdir.
Dostları ilə paylaş: |