ERİx maria remark lissabon gecəSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə1/18
tarix26.05.2017
ölçüsü4.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

ERİX MARİA REMARK 
 
 
LİSSABON GECƏSİ 
 
 
 
  

 
Gözümü gəmidən çəkmirdim. Sahildən xeyli aralı dayanmışdı, çılçıraq içində, Texoda1. Bir həftədir 
Lissabonda olmağıma baxmayaraq, bu şəhərin laqeyd işığına hələ də alışmamışdım. Baş götürüb 
gəldiyim ölkələrdə şəhərlər gecə vaxtı kömür mədənləri kimi, qaranlıqda uyuyurdu və həmin 
qa¬ranlıqda bircə dənə fənər orta əsrlərdəki vəba kimi qorxulu idi. Mən iyirminci yüzilin Avropasından 
gəlirdim. 
Yük vurulan gəmi sərnişin daşıyan buxar gəmisiydi. Bilirdim ki, ertəsi axşam yola düşəcək. Çılpaq 
elektrik çıraqlarının parlaq işığında ət, balıq, konserv, çörək və göyərti yüklənirdi; fəhlələr bağlamaları 
sürüyə-sürüyə göyərtəyə daşıyır, kran da yeşik və yük taylarını havada elə səssiz yellədirdi ki, 
deyərdin, çəkisizlik şəraitidir. Gəmi gediş tədarükü görürdü, sanki, bəşəri daşqın çağında Nuhun gəmisi 
idi. O, doğrudan da, Nuhun gəmisiydi. 1940-cı ilin bu aylarında Avropanı tərk edən hər bir gəmi Nuhun 
gəmisi sayılırdı. Ararat2 dağı isə Amerika idi, daşqın da hər gün qalxırdı. O, Almaniya və Avstriyanı 
çoxdan basmışdı, Polşa və Praqada isə dibi görünmürdü; Amster¬dam, Brüssel, Kopenhagen, Oslo və 
Paris çoxdan bu daşqında yox olmuşdu, İtaliyanın şəhərləri batmaq üzrəydi, İspaniya da qorxusuz 
deyildi. Portuqaliya sahilləri ədaləti, özgürlüyü və dözümlülüyü vətən və varlıqdan ustün tutan 
qaçqınlar üçün son sığınacaq olmuşdu. Kim buradan Müqəddəs Amerika Torpağına düşə bilməzdisə, 
batmışdı. O, imtinalı giriş-çıxış vizalarının, əlçatmaz iş və daldalanma razılıqlarının, qaçqın 
düşərgələrinin, bürokratiyanın, tənhalığın, qəribliyin və çox vaxt müharibə, qorxu və qıtlığın nəticəsi 
kimi hər bir fərdin taleyinə yönəlmiş dəhşətli ümumi biganəliyin burulğanında al qana bulaşmalı 
olacaqdı. Bu çağlarda insan artıq bir heçdir; keçərli bir pasport, vəssalam. 
Oynamaq üçün mən günortadan sonra Estoril kazinosunda olmuşdum. Hələ ki, əynimdə tutarlı bir 
kostyüm vardı və məni içəri buraxmışdılar. Bəxtimi sınamaq üçün bu, son, ümidsiz bir cəhd idi. 
Portuqaliyada qalma icazəmiz bir-iki gündən sonra bitirdi və Rutla mənim ayrı vizamız yox idu. 
Texoda dayanmış gəmi axırıncı idi, Fransada ümid edirdik ki, onunla Nyu-Yorka gedə biləcəyik; amma 
biletlər bir neçə ay qabaq satılıb qurtarmışdı, bizimsə Amerikaya getmək icazəmiz olmamaqla yanaşı, 
yolpuluna da üç yüz dollarımız çatmırdı. Burada mümkün olan yeganə bir yolla – oyunla – pul əldə 

etməyə çalışdım. Mənasız cəhd idi, çünki lap elə udmuş olsaydım da, gəmiyə minmək üçün mütləq 
möcüzə baş verməli idi. Amma qaçqınlıq və ümidsizlikdə, eləcə də, qorxu içində yaşayanda adam 
möcüzələrə inanmağa başlayır, yoxsa, yaşaya  bilməzsən. 
Olub-qalan altmış iki dollarımızdan əlli altısını uduzdum. 
*** 
Gecədən xeyli keçmiş sahil nisbətən boşalmışdı. Bununla belə, bir azdan diqqətimi məqsədsiz-
məramsız o yan-bu yana vurnuxan, sonra da ayaq saxlayıb mənim kimi gəmiyə baxan bir kişi çəkdi. 
Düşündüm ki, o da  bədbəxtlərdən biridir, odur ki, fikir vermədim ta o vaxta qədər ki, gözünü məndən 
çəkmədiyini hiss etdim. Polis qorxusu qaçqını heç vaxt tərk etmir, hətta yuxuda da, lap heç nədən 
qorxmalı olmasa belə; ona görə də həmin an özümü darıxan kimi göstərərək sahili asta-asta tərk etdim, 
qorxmağa səbəbi olmayan adamlar təki. 
Azca keçmiş arxamda addım səsləri eşitdim. Tutularamsa, bunu Ruta necə xəbər verəcəyimi götür-qoy 
edə-edə, yerişimi artırmadan yoluma davam etdim. Pastel rəngli evlər gecə uyuyan kəpənəklər kimi 
sahilin o başından o qədər aralıydı ki, dalanlarda gizlənmək üçün güllələnmə qorxusu olmadan qaçmaq 
mümkün deyildi. 
Kişi indi yanımca yeriyirdi. Məndən bir az alçaq idi. 
«Almansız?» – almanca soruşdu. 
Başımı bulayıb yoluma davam etdim. 
«Avstriyalı?» 
Cavab vermədim. Həddən artıq ağır-ağır yaxınlaşan pastel rəngli evlərə baxdım. Çox gözəl almanca 
danışan portuqaliyalı polislərin olduğunu bilirdim. 
«Mən polis deyiləm», – dilləndi. 
İnanmadım. Mülki geyimdə idi, amma mülki geyimli jandarmlar Avropada məni dəfələrlə həbs 
etmişdilər. Doğrudur, Parisdə praqalı riyaziyyat professorunun düzəltdiyi sənədlərim yanımdaydı, 
ancaq azca saxtalığı vardı. 
«Gəmiyə necə baxdığınızı gördüm», – dedi. – «Ona görə də fikirləşdim ki …» 
Etinasız bir baxışla onu süzdüm. Polisə oxşamırdı, amma məni Bordoda yaxalayan sonuncu jandarmın 
məzarda yatdığı üç gündən sonra məsumlaşan Lazar kimi yanımcıl görkəmi yox idimu?! Ancaq 
hamısından qəddar çıxdı. Alman hərbi dəstələrinin bir gündən sonra Bordoda olacağını dəqiq billə-bilə 
məni həbs etdi və dustaqxananın mülayim direktoru bir-iki saatdan sonra məni buraxmasaydı, tamam 
batmışdım. 
«Nyu-Yorka getmək istəyirsiz?» – soruşdu. 
Cavab vermədim. Lazım gələrsə, başından basıb qaça bilmək üçün mənə vur-tut iyirmi metr məsafə 

lazım olacaqdı. 
«Oradakı gəmiyə iki bilet var», – deyib cibinə əl atdı. 
Biletləri gördüm. Zəif işığın altında oxuya bilmədim. Amma indi xeyli uzaqlaşmışdıq. Ayaq saxlamağa 
ürək edə bilərdim. 
«Bütün bunlar nə deməkdir, axı?» – portegiz dilində soruşdum. Bir-iki kəlmə bilirdim. 
«Götürə bilərsiz», – dedi. – «Mənə lazım olmadı». 
«Sizə lazım olmadı? Bu, nə deməkdir?» 
«Daha mənə lazım deyil». 
 Kişini diqqətlə gözdən keçirdim. Onu anlaya bilmirdim. Doğrudan da, polisə oxşamırdı. Polis olsaydı, 
məni tutmaq üçün bu cür gic-gici bicliklərə əl atmazdı. Amma biletlər saxta deyildisə, niyə özünə lazım 
olmasın? Bəs onları mənə niyə təklif edir? Satmaq üçün? İçimdə nəsə titrəməyə başladı. 
«Almağa imkanım yoxdur», – axır ki, almanca dilləndim. – «Bir ətək pul eləyir. Lissabonda varlı 
mühacirlər tapılar, istədiyiniz pulu ödəyərlər. Ünvanı səhv salmısınız. Mənim pulum yoxdur». 
«Satmaq istəmirəm», – dilləndi. 
Təzədən biletlərə baxdım. 
 – «Saxta deyillər ki?»  
Cavab vermək əvəzinə biletləri mənə uzatdı. Onlar əlimdə xışıldadı. Saxta deyildilər. Bu biletlərə sahib 
olmaq ölümlə xilas arasındakı fərq idi. Onlardan istifadə edə bilməsəm də, – çünki Amerika vizamız 
yox idi, sabah günortaya qədər onu almağa bir də cəhd edərdim – ən azı sata bilərdim. Bu da yarım illik 
əlavə ömür demək idi. Kişini anlaya bilmirdim. «Sizi başa düşmürəm», – dedim. 
«Onlar sizinki ola bilər», – təkrarən dilləndi. – «Havayı. Sabah günortaya qalmış Lissabondan çıxıram. 
Bircə şərtim var». 
Qollarım yanıma düşdü. Bilirdim ki, ortada nəsə olmalıdır. 
«Nə şərt?» – soruşdum. 
«Bu gecə tək qalmaq istəmirəm». 
«İstəyirsiz, bir yerdə qalaq?» 
«Hə. Sabah səhərə qədər». 
«Elə bu?» 
«Elə bu». 
«Daha heç nə?» 
«Daha heç nə». 
Şübhəli-şübhəli ona baxdım. Biz qəbildən olan insanların hərdən sınıb çilik-çilik olmasına 
vərdişliydim; çox vaxt təkliyə dözməmələrinə, heç yanda yeri olmayanların məkan qorxusuna, 

tanımadığı məsləkdaşlarından kiminsə bir gecə adamı intihardan saxlaya bilməsinə; ancaq tam 
şübhəsiz, belə hallarda adama havayı yardım edilərdi; bunun üçün qiymət kəsilməzdi. Özü də beləsi. 
«Harada yaşayırsınız?» – soruşdum. 
Əli ilə rədd işarəsi verdi. 
«Ora istəmirəm. Oturmalı bir meyxana yoxdur?» 
«Yəqin, olar». 
«Mühacirlər üçün. Parisdəki, «De la Roz» kafesi kimi?» 
«De la Roz» kafesini yaxşı tanıyırdım. Rutla orada iki həftə qalmışdıq. Qəhvə sifariş versəydin
sahibkar razılaşardı. Bir-iki qəzet tapıb döşəməyə sərər, üstündə uzanardın. Heç vaxt masa üstündə 
yatmamışam; döşəmədən yıxılmaq olmur. 
«Beləsini tanımıram», – cavab verdim.  
Birini tanıyırdım, amma iki gəmi biletini bağışlamaq istəyən adamı ora aparmazdılar, həmin biletləri 
çırpışdırmaq üçün hamının bir gözü səndə olardı. 
«Mən burada bircə kafe tanıyıram», – kişi dilləndi. – «Yoxlaya bilərik. Bəlkə, hələ bağlanmayıb». 
Yeganə taksini əli ilə çağırıb mənə baxdı. 
«Yoxlayaq», – dedim. 
Maşına mindik, ünvanı sürücüyə söylədi. Bacarsaydım, Ruta çatdırardım ki, gecə qayıtmayacağam, 
ancaq birdən, iyi baş aparan qaranlıq taksiyə minəndə içimə elə yad, dəhşətli bir umid doldu ki, az 
qaldı, başım fırlansın. Bəlkə, bütün bunların hamısı, doğrudan da, gerçək idi, bəlkə, həyatımız hələ 
sona çatmamışdı və mümkünsüzlük gerçəkliyə çevrilmişdi: xilasımız. Bu yad kişini bir anlığa da tək 
qoymağa ürək eləmədim. 
Praça do Komersionun1 ətrafına dolanıb bir azdan üzüyuxarı qalxan pilləkən və küçələrin dolanbacına 
yetişdik. Lissabonun bu hissəsi mənə tanış deyildi; həmişəki kimi, kilsələr və muzeylər tanış idi; ona 
görə yox ki, Allah və sənət vurğunu idim, sadəcə, ona görə ki, kilsə və muzeylərdə adamdan sənəd 
soruşmurdular. Çarmıxa çəkilənin və sənət ustadlarının qarşısında özünü hələ də insan sayırsan, şübhəli 
sənədlərlə fərd yox. 
Taksidən düşüb pilləkənlərlə və əyri-üyrü küçələrlə yuxarı qalxdıq. Havada balıq, sarımsaq, gecə 
gülləri, batmış günəş və yuxu iyi vardı. Kənarda Müqəddəs Qeorq kilsəsi aylı gecənin içindən baş 
qaldırırdı və işıq şəlalə kimi qatlana-qatlana pillələrlə aşağı sürünürdü. Arxaya qanrılıb limana baxdım. 
Aşağıda çay vardı, çay da azadlıq demək idi, o, həyat idi, dənizə tökülürdü, dəniz də Amerika idi. Ayaq 
saxladım. 
«Gərək ki, mənimlə zarafat etmirsiz», – dedim. 
«Xeyr», – kişi cavab verdi. 

«Gəmi biletlərini nəzərdə tuturam». 
Onları sahildə təzədən cibinə qoymuşdu. 
«Xeyr», – dedi, – «zarafat etmirəm». Ağaclarla dövrələnmiş xırda bir meydança göstərdi. «Dediyim 
kafe oradadır. Hələ bağlanmayıb. Nəzərə çarpmarıq. Demək olar, bura yalnız əcnəbilər gəlir. Bizi sabah 
yola düşəcək sərnişinlər sayacaqlar. Sonuncu gecələrini Portuqaliyada qeyd edən və gəmiyə minəcək 
başqaları kimi».  
*** 
Kafe bir növ bara bənzəyirdi, kiçicik dördkünc rəqs meydançası və turistlərin gəzişməsi üçün eyvan. 
Gitara səsini başına almışdı, gitaraçının arxasında fado1 müğənnisi oxuyurdu. Eyvandakı masaların bir 
neçəsini əcnəbilər tutmuşdu. Aralarında bal paltarında bir qadın və ağ smokinqdə bir kişi də vardı. 
Eyvanın qurtaracağında yer tapdıq. Buradan üzüaşağı – Lissabona, solğun işığa qərq olmuş kilsələrə, 
limana, körpüyə və Nuhun gəmisinə çevrilmiş gəmiyə - baxmaq olurdu. 
«Ölümdən sonrakı həyata inanırsız?» – biletli kişi soruşdu. 
Başımı qaldırıb baxdım. Hər nə desən, gözləyərdim. Bu isə tam gözlənilməz sual oldu. 
«Bilmirəm», – axır ki, cavab verdim. – «Son illərdə ölümdən öncəki həyatla çox məşğul olmuşam. 
Amerikaya çatsam, bu barədə fikirləşərəm», – biletləri mənə söz verdiyini bir daha xatırlatmaq üçün 
əlavə etdim. 
«Mən inanmıram», – dedi. 
Rahatlandım. Bədbəxt bir insana qulaq asmağa hazır idim, amma mübahisə etməyə həvəsim yox idi. 
Buna hövsələm çatmırdı. Gəmi aşağıda dayanmışdı. 
Kişi bir xeyli beləcə oturdu, sanki, gözləri açıq yatırdı. Sonra, gitaraçı eyvana gələndə ayıldı. 
«Soyadım Şvarsdır», – dedi. – «Öz soyadım deyil, pasportumda olandır. Amma öyrəşmişəm, bu 
gecəliyinə bəs edər. Fransada çoxmu qaldınız?» 
«İmkan daxilində». 
«Ölkədən çıxarılmışdınız?» 
«Müharibə başlayanda. Başqaları kimi». 
Kişi başı ilə razılıq işarəsi verdi.  
«Biz də. Xoşbəxt idim», – başını aşağı salıb baxışını döndərərək qəfildən asta və tələsik dilləndi. – 
«Çox xoşbəxt idim. Haçansa xoşbəxt ola biləcəyimi düşündüyümdən də xoşbəxt». 
Heyrət içində yana çevrildim. Əslində, görkəmi ayrı şey deyirdi. Daha çox miyanə, bir az da hürkək 
adama bənzəyirdi. 
«Haçan?» – soruşdum. – «Yoxsa düşərgədə?» 
«Ötən yay». 

«1939-da? Fransada?» 
«Hə. Yayda. Müharibə başlamamış. İndi də qavraya bilmirəm, necə oldu. Ona görə də kimləsə bu 
barədə danışmalıyam. Burada heç kimi tanımıram. Onda mənə hər şey aydın olar. Ya da necə var, elə 
qalar. Gərək, bir dəfə də», –  sözünə ara verdi. –  «Başa düşürsüz?» – xeyli sonra soruşdu. 
«Bəli», – deyib ehtiyatla əlavə etdim: «Başa düşməməli heç nə yoxdur, cənab Şvars». 
«Ümumiyyətlə, başa düşməli heç nə yoxdur!», – cavab verdi, qəfildən, sərt və iztirabla. –  «O, burada, 
aşağıda, pəncərələri  qapalı otaqların birində uzanıb, murdar taxta tabutda, ölü, yoxdur daha həyatda! 
Bunu başa düşən tapılarmı? Heç vaxt! Nə siz, nə də mən, heç kəs.  Kim deyirsə ki başa düşür, aldadır!» 
Susub gözlədim. Adamlarla tez-tez beləcə oturmuşdum. İnsan vətənsiz yaşayanda itkiyə dözmək ağır 
olur. Səni heç nə qorumur və qəriblik dəhşətli dərəcədə qəribləşir. Ata-anamın Almaniyada qətlə 
yetirilib yandırıldığı xəbərini alanda mən bunu İsveçrədə yaşamışdım. Anamın sobanın alovundakı 
gözlərini həmişə xəyalımda canlandırmalı olmuşdum. Bu hiss indi də məndən əl çəkmir. 
«Güman edirəm, mühacir kollerinin1 nə olduğunu bilirsiz?» – nisbətən sakit dilləndi. 
Başımla təsdiqlədim. Ofisiant bir kasa krevet2 gətirdi. Birdən hiss etdim ki, bərk acmışan və yadıma 
düşdü ki, günorta heç nə yeməmişəm. Çəkinə-çəkinə Şvarsa baxdım. 
«Yeməyinizdə olun», – dedi. – «Cözləyərəm». 
Şərab və siqaret sifariş verdi. Tez-tez yeməyə başladım. Krevetlər təzə və ədviyyatlı idi. 
«Neynəməli», – dedim, – «bərk acmışam». 
Yeyə-yeyə Şvarsa baxırdım. Sakitcə oturub üzüaşağı anfiteatra oxşayan şəhəri seyr edirdi, səbirli, 
acıqsız. Onda simpatiyaya bənzər bir şey duydum. Görünür, yalan nəzakətin qaydalarını çoxdan 
üstündən atmışdı və bilirdi ki, yanında oturan iztirab keçirsə də, bunun üçün sən duyğusuz olsan belə, 
ac ola bilərsən və yeyə bilərsən. Başqaları üçün nəsə edə bilmirsənsə, acsansa, çörəyini yesən, yaxşıdır, 
nə qədər ki onu əlindən almayıblar. Bilə bilmirsən ki, haçan alacaqlar. 
Boşqabı qırağa itələyib siqaret götürdüm. Xeyli vaxt idi ki, çəkmirdim. Bu gün oyuna nəsə qoymaq 
üçün puluma qənaət edirdim. 
*** 
«Kolleri 39-un baharında qazandım», – Şvars dilləndi. – «Beş ildən çox idi, mühacirətdə idim. 38-in 
payızında harada idiniz?» 
«Parisdə». 
«Mən də. O vaxt qol-qanadım sınmışdı. Münhen Sazişindən əvvəl idi. Qorxunun aqoniyası. Doğrudur, 
hələlik birtəhər gizlənib özümü qoruyurdum, ancaq gücüm qalmamışdı. Müharibə başlayacaqdı, 
almanlar gələcəkdi və məni tutub aparacaqdılar. Bu idi mənim taleyim. Taleyimə boyun əyməli 
olmuşdum». 

Başımla təsdiqlədim. «İntiharlar dövrü idi. Qəribədir, yarım ildən sonra almanlar, doğrudan da, gələndə 
intiharların sayı azaldı», – dedim. 
«Sonra Münhen sazişi gəldi», – Şvars dilləndi. – «38-in həmin payızında,  sanki, həyatını təzədən sənə 
bağışladılar! Elə bir yüngüllük yarandı ki, hər kəs sayıqlığını itirdi. Parisdə şabalıdlar hətta ikinci kərə 
çiçək açdı, xatırlayırsız? O qədər yüngülağıl oldum ki, özümü insan saydım və təəssüf ki, insan kimi də 
apardım. Polis məni yaxalayıb ölkəyə növbəti dəfə icazəsiz girdiyimə görə bir aylığına içəri saldı. 
Sonra köhnə həngamə başladı: məni Bazeldə sərhəddən çölə ötürdülər, isveçrəlilər geri göndərdilər, 
fransızlar ayrı bir yerə gətirdilər, içəri atdılar. İnsanlarla oynanılan bu şahmat oyununu özünüz gözəl 
bilirsiz …» 
«Bilirəm. Qışda zarafat deyil. İsveçrə həbsxanaları ən yaxşılarından idi. Hotellər kimi isti». 
Yenidən yeməyə girişdim. Xoşagəlməz xatirələrin yaxşı cəhəti də vardı: adamı inandırırdı ki, bir az 
əvvəl xoşbəxt olmadığını fikirləşməyinə baxmayaraq, yenə də xoşbəxtsən. Xoşbəxtlik nisbi anlayışdır. 
Bunu dərk edən nadir hallarda tam bədbəxt olar. İsveçrə həbsxanalarında özümü xoşbəxt sayırdım, 
çünki onlar alman dustaqxanaları kimi deyildi. Budur, kişi oturub qarşımda, özünü xoşbəxt sayır, 
halbuki Lissabonun harasındasa havasız bir otaqda əzizi taxta tabutda uyuyur. 
«Axırıncı dəfə məni buraxanda hədələdilər ki, bir də sənədsiz tutsalar, Almaniyaya göndərəcəklər. 
Sadəcə, hədə idi, amma məni yaman qorxutdu. Fikirləşməyə başladım ki, doğrudan da, belə şey olsa
nə edərəm. Sonra gecələr yuxuma girirdi ki, oradayam və SS  arxamca düşüb. Bu yuxuları o qədər 
gördüm ki, yatmağa da qorxdum. Belə şeylər sizə tanışdır?» 
«Bu barədə doktorluq dissertasiyası yaza bilərdim. Heyif», – dedim. 
«Bir gecə yuxuda gördüm ki, vaxtilə yaşadığım və arvadımın indi də yaşadığı Osnabrük şəhərindəyəm. 
Onun otağındayam və görürəm ki, xəstədir. Çox arıqlaıb, ağlayır. Yuxudan hövlnak ayıldım. Beş il idi, 
onu nə görmüşdüm, nə də haqqında bir şey eşitmişdim. Heç vaxt məktub da yazmamışdım, çünki 
poçtlarının nəzarətdə olub-olmadığını bilmirdim. Qaçqınlıqdan qabaq söz vermişdi ki, boşanacaq. Bu, 
onu qalmaqaldan qoruyardı. Bir neçə il hətta bunu etdiyinə də inanmışdım». 
Xeyli susdu. Almaniyanı niyə tərk etdiyini soruşmadım. Bunun üçün yetərincə səbəb vardı. Heç biri də 
maraqlı deyildi, çünki heç kim düzünü demirdi. Qurbana çevrilmək maraqsızdır. Görünür, ya yəhudi 
idi, ya da mövcud rejimə qarşı çıxan hansısa partiyanın üzvü, yaxud da qəfildən nüfuzlu adamlar olmuş 
düşmənləri vardı – konslagerə atılmaq və ya öldürülmək üçün Almaniyada onlarla səbəb mövcud idi. 
«Bir daha Parisə qayıda bildim», – Şvars dilləndi. – «Amma yuxularım məndən əl çəkmirdi. Dönə-
dönə qayıdırdı. Elə bu vaxt Münxen Paktı xülyası alt-üst oldu. Yazda bilindi ki, müharibə qaçılmazdır. 
İyini özünü görmədən çox-çox qabaq almışdılar, yanğın iyini aldıqları kimi. Yalnız dünya diplomatiyası 
əl-qolunu sallayıb xəyalla yaşayırdı, ikinci, üçüncü Münhen xəyalı ilə,  müharibədən başqa hər şeyin 

xəyalı ilə. Real həyatda möcüzənin olmamasına baxmayaraq, möcüzəyə inam heç vaxt zəmanəmizdəki 
kimi olmayıb». 
«Hər halda, var», – cavab verdim, – «yoxsa, heç birimiz sağ qalmazdıq». 
Başı ilə təsdiqlədi: «Haqlısız. Fərdi möcüzə. Biri elə öz başıma gəlib. Parisdə. Qəfildən keçərli bir 
pasportun varisi oldum. Bu, Şvarsın adına olan pasportdur. «De la Roz»  kafesində tez-tez görüşdüyüm 
avstriyalı idı. Kişi dünyasını dəyişəndə pasportunu və pulunu mənə miras qoydu. Üç il idi ki, gəlmişdi. 
Luvrda tanış olmuşduq, impressionalistlərin rəsmlərinin qarşısında. Özümü sakitləşdirmək üçün 
günümün çoxunu orada keçirirdim.  Günəş hopmuş bu lal mənzərələrə baxanda adam fikirləşir ki, belə 
şeyləri yarada bilmiş heyvani irq həm də cinayətkar müharibə apara bilər – qan təzyiqini bir anlığa 
aşağı salan qəribə bir paradoks. 
Pasportdakı soyadı Şvars olan kişi çox vaxt Monenin «Dəniz», «Gülü» və «Kilsə» rəsmlərinin 
qabağında oturardı. Söhbətimiz tutardı və danışardı ki, Avstriyanın ilhaqından sonra bütün varidatından 
imtina edərək canını qurtarmağı və ölkədən çıxmağı bacarıb. Varidat impressionalistlərin əsərlərinin 
kolleksiyasından ibarət imiş və o, dövlətləşdirilib. Heyifsilənmirdi. Nə qədər ki şəkillər muzeylərdə 
sərgilənir, onları özününkü sayırdı, oğurluq və yanğından qorxmadan. Bundan başqa deyirdi ki, Fransa 
muzeylərindəki rəsmlər onun şəkillərindən daha yaxşıdır. Ata öz ailəsinə bağlandığı, özününküləri 
üstün tutduğu kimi, məhdud kolleksiyasına qapanıb-qalmaq əvəzinə, ictimai kolleksiyaların hamısını 
əlini ağdan qaraya vurmadan özününkü bilirdi. Qəribə kişiydi, sakit, mülayim, başına gələnlərə 
baxmayaraq, şən-şux. Özü ilə pul götürməyə, demək olar, icazə verməmişdilər, lakin müəyyən miqdar 
qədimi poçt markalarını xilas edə bilmişdi. Poçt markalarını gizlətmək brilyantları gizlətməkdən daha 
asandır. Brilyantları ayaqqabıda gizlədirsənsə, istintaqa aparılanda yerimək çətin olur. Onları itkisiz və 
sorğu-sualsız satmaq da mümkün deyil. Poçt markaları kolleksiyaçılar üçündür. Kolleksiyaçılar da çox 
sual vermir». 
«Necə keçirə bilib?» – hər bir mühacirin peşəsəl marağı ilə soruşdum. 
«Köhnə, əzik-üzük, açıq məktubları götürüb, markaları konvertlərin astarının arxasına yerləşdirib. 
Gömrükçülər məktubları yoxlayıb, konvertləri yox». 
«Gözəl», – dedim. 
«Bundan əlavə, İnqrenin karandaşla çəkilmiş iki portretini götürüb. Onları enli paspartuya bərkidib və 
saxta qızıl çərçivəyə salıb, məmurlara da deyib ki, ata-anasının şəklidir. Paspartunun arxasına Deqanın 
iki rəsmini elə yapışdırıb ki, görəndə ayırd edə bilməyiblər». 
«Gözəl», – yenidən dilləndim. 
«Apreldə infarkt keçirdi və pasportunu, qalan markaları və rəsmləri mənə bağışladı. Həm də markaları 
alacaq adamların ünvanını verdi. Ertəsi gün səhər tezdən ona baş çəkəndə çarpayıda ölüsünü tapdım. 

Ölüm onu elə dəyişdirmişdi ki, kişini güclə tanıdım. Olan pullarını, bir dəst kostyum, bir az da 
dəyişəcək götürüb getdim. Bir gün əvvəl özü tapşırmışdı – ev sahibinə qalınca, tale qardaşımın 
aparması yaxşıdır, demişdi». 
«Pasportda dəyişiklik etdiniz?» – soruşdum. 
«Yalnız şəkli və doğum tarixini. Şvars məndən iyirmi beş yaş böyük idi. Adlarımız eyniydi». 
«Kim elədi dəyişikliyi? Brünner?» 
«Münhenli birisi». 
«Brünner olub pasport alimi. İşinin ustası idı». 
Brünner qüsursuz düzəlişlərinə görə məşhur adamdır. Çoxlarına əl tutmuşdu, amma həbs olunanda 
özünün sənədi olmamışdı, çünki xurafatçı idi. Fikirləşirdi ki, düz adamdır və yaxşı əməl sahibidir, nə 
qədər ki bacarığından özü üçün yarınmayıb, ona heç nə olası deyil. Mühacirətdən qabaq Münhendə 
xırda bir mətbəəsi vardı. 
«İndi haradadır?» – soruşdum. 
«Lissabonda deyil?»  
Bilmirdim. Amma sağ idisə, ola da bilərdi. 
*** 
«Pasportum olanda hər şey qəribələşdi», – İkinci Şvars dedi. – «Ondan istifadəyə ürək eləmirdim. 
Bundan əlavə, yeni soyadıma öyrəşməyim bir neçə gün çəkdi. Elə hey bu adı təkrarlayırdım. Yelisey 
çöllərində gəzişəndə yeni soyadımı və yeni doğum tariximi öz-özümə mızıldayırdım. Tək olanda 
muzeydə Renuarın rəsmləri qarşısında oturub özümdən dialoq uydururdum; amiranə səslə: «Şvars!» –  
bağırırdım, həmin an da ayağa sıçrayıb cavab verirdim: «Mənəm!», ya da boğuq-boğuq deyirdim: 
«Adınız!», ardınca avtomatik cavab verirdim: «Yozef Şvars, 22 iyun 1898-cil il Viner Noyştat 
doğumlu». Hətta axşamlar yatağa girməzdən qabaq da məşq edirdim. İstəmirdim, gecəyarı polis məni 
yuxudan oyadıb soruşanda soyadımı yarıyuxulu yanlış deyim. Əvvəlki soyadımı unutmaq istəyirdim. 
Pasportu olmamaqla saxta pasportu olmağın fərqi bu idi. Saxta pasport daha təhlükəli idi. 
İnqrenin rəsmlərinin ikisini də satdım. Gözlədiyimdən az pul verdilər, amma birdən-birə əlimə pul 
gəldi, çoxdan görmədiyim böyük pul. 
Sonra gecələrin birində ağlıma məni heç vaxt rahat buraxmayan bir fikir gəldi. Bu pasportla 
Almaniyaya gedə bilərəmmi? Demək olar, keçərli pasport idi, onda bəs sərhəddə kimsə niyə 
şübhələnsin? Belə olsaydı, arvadımı görərdim. Ondan yana keçirdiyim qorxunu susdura bilərdim, onda 
mən» – üzümə baxdı. «Yəqin ki, bilirsiniz! Mühacir kolleri, xalis formasında. Mədədə, udlaqda və 
gözlərin arxasında sancmalar. Beş il dalbadal torpağa gömdüyün, unutmağa çalışdığın, vəba 
xəstəsindən qaçdığın kimi qaçdığın şey birdən-birə yenidən dirçəlir: öldürücü xatirələr, mühacir 

qəlbinin xərçəngi! 
Canımı bu sıxıntılardan qurtarmağa çalışdım. Əvvəllər olduğu kimi, dinclik, sakitlik bəxş edən 
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə