ERİx maria remark lissabon gecəSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə18/18
tarix26.05.2017
ölçüsü4.8 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   18
«Bacararsan? Yatmamısan axı». 
«Sən də». 
Ona baxdım. Gümrah və sakit görünürdü. Bu, mənə çatmadı. 
«Bir qurtum konyak istəyirsən?»  
«Yox. Səhər qəhvəsini içənə qədər maşın sürəcəm». 
«Laxman mənə bir şüşə də konyak verib». 
Onu paltonun cibindən çıxartdım. Helen başını buladı, gülümsədi. 
«Sonra», – həzin səslə dilləndi. – «Çalış, yatasan. Dəyişə-dəyişə sürəcəyik». 

Helen maşını məndən yaxşı sürürdü. Bir azdan kiçik, monoton mahnılar oxumağa başladı. Əsəblərim 
tamam gərilmişdi, indi maşının uğultusu ilə Helenin zümzüməsi mənə laylay çalırdı. Bilirdim ki, 
yatmalıyam, amma hər dəfə diksinib qalxırdım. Bozumtul təbiət yanımızdan şütüyüb keçirdi, amma 
qaranlıq təlimatlarına məhəl qoymayıb uzaqvuran faralardan istifadə edəsi olduq. 
«Onu öldürdün?» – qəfildən soruşdu. 
«Hə».  
«Məcbur oldun?»  
«Hə».  
Yolumuza davam etdik. Yola baxıb çox şeyi beynimdən keçirirdim, sonra birdən-birə daş kimi düşdüm. 
Ayılanda yağış kəsmişdi. Sabah açılmışdı və maşın uğuldayırdı. Heleni sükanın arxasında görəndə 
mənə elə gəldi ki, yuxu görürəm. 
«Dediklərim doğru deyil», – dedim. 
«Bilirəm», – cavab verdi.  
«Başqası idi», – dedim. 
«Bilirəm». – Üzümə baxmırdı». 
 
XVIII 
 
«Sərhədin yaxınlığındakı ən böyük yaşayış məntəqəsində Helenə İspaniya vizası almaq istəyirdim. 
Konsulluğun qarşısındakı camaatı yarıb keçmək çətin olacaqdı. Gərək risk edəydim, çünki maşını 
axtara bilərdilər; ayrı imkan yox idi. Qeorqun pasportunda viza vardı. 
Maşını asta-asta qabağa sürdüm. Alman nömrəsini görəndə camaat hərəkətə gəldi. Aralandılar. 
Mühacirlərin bir hissəsi qaçmağa üz qoydu. Maşın nifrət xiyabanının içi ilə giriş qapısına yaxınlaşdı. 
Jandarm hərbi salam verdi. Belə şey çoxdandır mənə üz verməmişdi. Etinasız-etinasız salam verib 
konsulluğa girdim. Jandarm mənə yer göstərdi. «Hörmət qazanmaq üçün gərək cani olasanmış», – deyə 
acı-acı düşündüm. 
Pasportumu təqdim edən kimi vizanı aldım. Konsulun müavini üzümə baxdı. Əllərimi görə bilmədi. 
Maşındakı əlcəkləri əlimə geymişdim.   
«Müharibənin nişanəsi, əlbəyaxa döyüş», – dedim. 
Anlaşıqlı şəkildə başını tərpətdi. «Bizim də döyüş illərimiz olub. Hayl Hitler! O da bizim Kaudillo1 
kimi böyük adamdır».  
Bayıra çıxdım. Maşının ətrafı tamam boşalmışdı. Arxa oturacaqda qorxudan büzüşmüş, təqribən, on iki 
yaşında bir oğlan oturmuşdu. Küncə sığınmışdı, gözlərindən və ağzını tutan əllərindən başqa heç nə 

görünmürdü. 
«Onu da götürməliyik», – Helen dedi. 
«Niyə?»  
«Sənədinin vaxtı iki gündən sonra bitir. Tutsalar, Almaniyaya göndərəcəklər». 
Köynəyin altından kürəyimi tər basdı. Helen mənə baxdı. Çox arxayın idi. 
«Birinin həyatına son qoymuşuq», – ingiliscə dedi, – «birini də xilas etməliyik».  
«Sənədin var?» – oğlandan soruşdum. 
Qalma icazəsini dinmədən mənə doğru uzatdı. Onu götürüb konsulluğa qayıtdım. Ora getmək mənə 
çox ağır gəldi. Bayırdakı maşın, sanki, yüz səsgücləndirici ilə sirrini aləmə faş edirdi. Tam biganəliklə 
katibə bildirdim ki, bir vizaya da ehtiyacım var - xidməti, sərhədin o üzündə şəxsiyyəti 
müəyyənləşdirmək üçün. Sənədi görəndə duruxdu, sonra gülümsəyib göz vurdu və vizanı verdi. 
Maşina mindim. Camaatın münasibiti daha yağısal olmuşdu. Yəqin, fikirləşirdilər ki, uşağı düşərgəyə 
aparacam. 
Şəhərdən çıxdım və ümid edirdim ki, bəxtim hələ yatmayıb. Sükan hər an əlimdə od tutub yanırdı. 
Qorxurdum ki, onu əlimdən buraxacam, amma sonra nə olacağını bilmirdim. Helen bu havada dağların 
palçıqlı yolu ilə döngələrdə sürə bilməzdi; çox zəif idi və maşının itirilməsi düşmənlərimizin mistik 
qorqusundan bizi məhrum edərdi. Heç birimizin Fransadan çıxmaq icazəmiz yox idi. Piyada getmək 
bahalı maşında getməkdən çox fərqliydi. 
Gedirdik. Qəribə bir gün idi. İndi ilə keçmiş iki uçuruma yuvarlanana bənzəyirdi və biz buludlar 
asılmış uca təbiətin qoynunda dar bir cığırla kanat yolun kabinəsindəki kimi irəliləyirdik. Müqayisəni 
davam etdirsəydim, növbəti oxşarlıq tuşla çəkilmiş Çin rəsmlərindən biri olardı ki, həmin şəkillərdə də 
səyyahlar gədiklərdən keçib dumanı yara-yara şəlalələrdən adlayırdılar. Oğlan maşının arxasında 
büzüşüb qımıldanmırdı. O, həyatında hamıya inamsız olmaqdan başqa heç nə öyrənməmişdi. Başqa 
şeyi heç ağlına da gətirmirdi. Üçüncü Reyxin mədəniyyət carçıları babasının kəlləsini partladanda onun 
üç yaşı varmış, atasını asanda yeddi, anasını qazda boğanda isə doqquz yaşı olub - əsl iyirminci əsr 
uşağı! Necə olubsa, konslagerdən qaça bilib, sərhədlər üzərindən tək-tənha öz yoluna başlayıb. 
Tutsaydılar, fərari kimi konslagerə göndərib asacaqdılar. İndi də Lissabona getmək istəyirdi; dayısı 
orada saatsaz olmalıymış, bunu ona qaz kamerasına göndərilməzdən qabaq anası deyibmiş, uşağa 
xeyir-dua və məsləhət veribmiş. 
*** 
Hər şey yaxşı alındı. Fransa sərhədində çıxış icazəsini soruşan olmadı. Yalnız pasportumu və maşının 
sənədlərini ötəri göstərdim. Jandarmlar hərbi salam verdilər, şlaqbaum qalxdı və Fransanı tərk etdik. 
Bir neçə dəqiqədən sonra İspaniyanın gömrük məmurları heyranlıqla maşına baxıb soruşdular ki, 

saatda neçə kilometr qət edə bilir. Bəzi məlumatları verdim və onlar öz maşınları Hispano-Suisa ilə 
öyünməyə başladılar. Dedim ki, o maşından mənim də olub və radiatorun üstündəki uçan durna 
emblemini təsvir etdim. Mat qaldılar. Soruşdum ki, harada yanacaq doldura bilərəm. Dedilər ki, 
İspaniyanın dostları üçün xüsusi benzin fondu var. Üstümdə pul yox idi. Frankımı dəyişdirdilər. 
Səmimi rəsmiliklə xudahafisləşdik.  
Arxaya söykəndim. Daha nə dağ uçurumu, nə də duman vardı. Yad bir ölkə gözlərimiz önündə uzanıb 
gedirdi, Avropadan tamam fərqli bir ölkə. Hələ canımızı qurtarmamışdıq, lakin Fransa ilə bu ölkə 
arasında dərin bir uçurum vardı. Yollar, ulaqlar, insanlar, libaslar, sərt, daşlı təbiət gözümdən yayınmadı 
- Afrikaya düşmüşdük. Əsl Qərb bura idi, Pireney dağlarından bu üzdə, bunu aydın hiss edirdim. Sonra 
gördüm, Helen ağlayır.  
«Axır ki istədiyin yerə çatdın», – pıçıltı ilə dilləndi. 
Nəyi nəzərdə tutduğunu bilmədim. İşlərin belə asan başa gələcəyinə inamsızlığım hələ canımdan 
çıxmamışdı. Göstərilən ehtiramları, verilən salamları, üzlərdəki təbəssümləri düşünürdüm, illərdən bəri 
ilk dəfə olaraq yenidən belə şeylərə rast gəlmişdim və mənimlə insan kimi davranmaları üçün gərək 
adam öldürəymişəm. 
«Niyə ağlayırsan?» – soruşdum. – «Hələ xilas olmamışıq. İspaniya gestapoçularla doludur. Bacardıqca 
ölkədən tez çıxmalıyıq».  
Balaca bir yaşayış məntəqəsində gecələdik. Maşını haradasa qoyub yolun dalını qatarla getmək istədim. 
Amma etmədim. İspaniya qorxulu idi, buranı imkanca tez tərk etmək istəyirdim. Avtomobil müəyyən 
mənada müəmmalı talismana çevrilmişdi; onun texniki mükəmməlliyi hətta məndə yaratdığı qorxunu 
da sıxışdırıb çıxarırdı. O, mənə çox lazım idi, daha Qeorqu da unutmuşdum. Hədə kimi o, uzun müddət 
başımın üstündə fırlanmışdı, indi isə çəkilib getmişdi və mən yalnız bircə şeyi, bədxahımı düşünürdüm. 
O yaşayırdı və telefonla bizi tutdurmağa çalışa bilərdi. Qətlə görə şübhəli şəxsi hər ölkə təhvil verir. 
Bunun özünümüdafiə olduğunu mən hadisə baş verən ölkədə sübuta yetirməli idim.  
*** 
Portuqaliya sərhədinə ertəsi gecə gec çatdım. Vizaları çətinlik çəkmədən yolüstü almışdım. Sərhəddə 
Heleni işləyən motorla maşında qoydum. Şübhəli bir şey baş versəydi, maşını mənə tərəf sürməliydi, 
mən də maşına tullanıb özümüzü Portuqaliya gömrük postuna verməliydik. Çox da qorxulu 
olmamalıydı; balaca bir post idi, məmurlar qaranlıqda atəş açıb bizi vurana qədər aradan çıxardıq. 
Sonra Portuqaliyada nələr olacağı isə ayrı məsələ idi. 
Hər şey yaxşı ötüşdü. Küləkli qaranlıqda mundirli məmurlar Qoyanın rəsmindəki fiqurlara bənzəyirdi. 
Hərbi salam verdilər ıə biz Portuqaliya postuna yaxınlaşdıq, burada da bizi eyni şəkildə qarşılayıb yola 
saldılar. Avtomobil yerindən yenicə tərpənmişdi ki, gömrükçülərdən biri arxamızca qaça-qaça qışqırdı 

ki, saxlayaq. Ani olaraq düşünüb maşını saxladım; saxlamasaydım, növbəti postda qabağımızı 
kəsəcəkdilər. Durub gözlədim. Nəfəsimiz güclə gedib-gəlirdi. Məmur maşına çatdı. 
«Sərhədi keçmək üçün icazə kağızınız», – dedi. – «Unudub orada qoymusunuz. Bunsuz sərhədi geri 
necə keçmək istəyirdiniz?» 
«Çox-çox təşəkkürlər!»  
Arxadakı oğlan nəfəsini buraxdı. Mən özüm bir anlığa, sanki, çəkisizliyə düşdüm, elə yüngülləşmişdim 
ki!  
«Artıq Portuqaliyadasan», – oğlana dedim. Əllərini asata-asta ağzından götürüb ilk dəfə arxaya 
söykəndi. Bütün yolu aşağı əyilib oturmuşdu. 
Yanımızdan kəndlər uçub gedirdi. İtlər hürüşürdü. Erkən səhərdə dəmirçi körüyü közərirdi, dəmirçi də 
at nallayırdı. Yağış yağmırdı. İllərlə həsrətini çəkdiyim azadlıq duyğusunu gözləyirdim, fəqət o gəlib-
çıxmaq bilmirdi. Helen səssizcə yanımda oturmuşdu. Sevinmək istəyirdim, lakin içimdə bir boşluq 
vardı. 
*** 
Lissabonda Marseldəki Amerika konsulluğuna zəng etdim. Qeorqun gəldiyi ana qədər hər şeyi 
danışdım. Telefonla danışdığım adam dedi ki, onda təhlükədən uzağam. Ondan qopara bildiyim o oldu 
ki, viza veriləcəyi təqdirdə onu Lissabondakı konsulluğa göndərəcəyinə boyun oldu.  
Bizi xeyli müddət dardan qurtaran avtomobildən yaxa qurtarmalıydıq. «Sat getsin», – Helen dedi. 
«Bəlkə, haradasa dığırlayım dənizin içinə?» 
«Bu, heç nəyi dəyişməz. Sənə pul lazımdır. Sat getsin». 
Haqlı idi. Satmaq çətin olmadı. Alan adam dedi ki, gömrüyə pul verib rəngini qaraya dəyişdirəcək. 
Alverçi idi. Maşını Qeorqun adı ilə ona satdım. Bir həftə sonra onu Portuqaliya nömrəsi ilə gördüm. 
Lissabonda onun taylarından çox idi. Onu yalnız sol üzəngidəki xırda batığından tanıdım. Qeorqun 
pasportunu yandırdım». Saatına baxdı. «Gerisi yüngül gedəcək. Həftədə bir dəfə konsulluğa gedirdim. 
Bir müddət mehmanxanada yaşadıq. Maşının pulundan bir az varımdı və onu mehmanxanaya 
xərcləyirdim. İstəyirdim ki, Helen indi imkanca daha təmtəraqlı yaşasın. Ona dərman almağa kömək 
edən bir həkim tapdıq. Hətta onunla kazinoya da getdim. Bunun üçün kirayədən özümə bir smokinq də 
götürdüm. Helenin Parisdən aldığımız axşam paltarı hələ dururdu. Buna bir cüt də qızılı ayaqqabı 
aldım. Əvvəlkini Marseldə unutmuşdum. Kazinonu tanıyırsız?» 
«Təəssüf ki, hə», – dedim. – «Dünən axşam oradaydım. Səhvən». 
«İstəyirdim ki, kazinoda oynasın», – sözünə davam etdi. – «Udurdu. Müəmma hələ də davam edirdi. 
Düymələri necə gəldi atırdı və onun nömrələri çıxırdı. Son dövrün gerçəkliklə heç bir əlaqəsi yox idi. 
Sanki, qəsrdəki zaman geri qayıtmışdı. Özümüzü o yerə qoymurduq; ancaq mən ilk dəfə hiss etdim ki, 

o, bütünlüklə mənimkidir, baxmayaraq, günü-gündən məndən qaçıb yorulmaq bilməyən məşuqunun - 
ölümün ağuşuna atılırdı. Hələlik təslim olmamışdı, lakin mübarizə də aparmırdı. Əzablı, çox əzablı 
gecələrimiz vardı, həmin gecələrdə onun göz yaşı qurumurdu; lakin axırda şirinliyin, əlacsızlığın, 
müdriklik və məhəbbətin bədən məhdudiyyətləri olmadan intensivləşdiyi mistik anlar az qala təzədən 
başlayırdı və mənə elə əzəmətli görünürdü ki, tərpənməyə belə ürək eləmirdim.  
«Sevgilim», – bir dəfə gecə mənə müraciət etdi və bu, yeganə hal idi ki, o barədə danışırdı, – 
«gözlədiyin Həmdlənmiş Torpağı bir yerdə görə bilməyəcəyik».  
Günortadan sonra onu həkimə apardım. İndi birdən-birə insanın duya bildiyi bihuş üsyankarlığı ildırım 
zərbəsi kimi hiss etdim, o insan ki, sevdiyini əlində saxlaya bilmədiyini dərk edir. «Helen», – boğuq 
səslə dilləndim, – «axırımız nə oldu?»  
Susdu. Sonra başını tərpədib gülümsədi. «Bacardığımızı etdik», – dedi. – «Elə bu da bəsdir».  
*** 
Bir gün konsulluqda mənə mümkünsüz bir işin baş tutduğunu dedilər: adımıza iki viza gəlib. Hər cür 
yalvarış və iztirabın nail ola bilmədiyinə təsadüfi tanışlığın sərməst əhvali-ruhiyyəsi öz təsirini 
göstərmişdi! Güldüm. Bu, isterika idi. Gülməyə qalsaydı, bu dünyada bu gün gülməli şey çoxdur, 
inanmırsız?»  
«Gülüş haçansa gülüşlüyündən qalır», – dedim. 
«Qəribəliyi ondadır ki, biz çox vaxt sonuncu gün gülürük», – cavab verdi. – «Külək tutmayan 
limandaydıq, hər halda, bizə belə gəlirdi. Acılıq çəkilib-getmişdi, daha göz yaşı da qalmamışdı və kədər 
elə şəffaflaşmışdı ki, onu çox vaxt ironik-ağrılı şuxluqdan seçmək olmurdu. Kiçik bir mənzilə köçdük. 
Anlaşılmaz bir korluqla mən Amerikaya getmək planımın ardınca düşdüm. Çoxdandır, gəmi yox idi, 
axırda biri gəldi. Deqanın sonuncu rəsmini satdım və biletləri aldım. Özümü xoşbəxt sayırdım. 
Düşünürdüm ki, xilas olduq. Hər şeyin acığına! Həkimlərin acığına. Nəsə bir möcüzə olmalıydı axı! 
Yola düşmə bir neçə gün geri çəkildi. Sonra sırağagün səyahət bürosuna bir də getdim. Səfəri bu günə 
salmışdılar. Bunu Helenə deyib nəsə almağa çıxdım. Geri qayıdanda ölmüşdü. Otaqdakı güzgülərin 
hamısı sındırılmışdı. Axşam paltarı cırılıb döşəməyə atılmışdı. Helen paltarın yanında uzanmışdı. 
Çarpayıda deyildi. 
 Əvvəl elə bildim, qarət məqsədli qətldir. Sonra, görünür, gestapodan kimsə öldürüb; fəqət o, məni 
axtarardı, Heleni yox. Yalnız görəndə ki güzgülərdən və paltardan başqa heç nə korlanmayıb, başa 
düşdüm. Ona verdiyim zəhər yadıma düşdü, demişdi ki, itirib. Ortada durub gözümü döydüm, sonra 
məktub axtardım. Yox idi. Heç nə yox idi. Bir kəlmə də demədən getmişdi. Başa düşürsüz?» 
«Bəli», – dedim.  
«Bunu başa düşürsüz?»  

«Bəli», – cavab verdim. – «Nə yazmalıydı axı?»  
«Nəsə. Niyə belə etdiyini. Ya da…»  
Susdu. Yəqin, onun son sözünü, son sevgi izharını, gələcək tənhalığına özü ilə götürəsi olduğu nəyisə. 
Saysız şablon ifadələrdən qaçmağı öyrənmişdi, amma, görünür, bunu yox.  
«Yazmağa başlasaydı, arasını qəti kəsə bilməzdi», – dedim. – «Yazmamağı ilə sizə yazacağından daha 
çox söz qoyüb gedib». 
Fikrə getdi. «Səyahət bürosundakı lövhəni gördünüz?» – sonra astadan dilləndi. – «Bir günlüyə təxirə 
salınıb. Bunu bilsəydi, bir gün də artıq yaşayardı!»  
«Xeyr».  
«Getmək istəmirdi. Ona görə belə etdi!» 
Başımı buladım. «Daha ağrılara davam gətirə bilməyib, cənab Şvars», – çəkinə-çəkinə dedim. 
«İnanmıram. Onda niyə məhz yola düşməzdən bir gün qabaq etdi? Yoxsa, fikirləşib ki, xəstələri 
Amerikaya buraxmazlar?»  
«Dözə bilmədiyini kəsdirməyi niyə ölüm ayağında olanın öz öhdəsinə buraxmaq istəmirsiniz?» – cavab 
verdim. – «Əlimizdən gələn yeganə şey bu deyilmi?!» – Gözünü mənə zillədi. «Bacardığı qədər 
dözüb», – dedim. – «Sizə görə, görmürsüz bəyəm? Yalnız sizə görə. Sizin xilas olduğunuza əmin 
olandan sonra o addımı atıb». 
«Kaş bu cür kor olmayaydım! Kaş Amerikaya can atmayaydım!»  
«Cənab Şvars», – dedim. – «Bu, xəstəliyin qarşısını ala bilməzdi».  
Başını qəribə şəkildə tərpətdi. 
«Öldü getdi, birdən-birə, elə bil, heç sağ olmayıbmış», – pıçıldadı – «Ona baxdım və heç bir cavab 
tapmadım. Onu öldürdümmü, xoşbəxtmi etdim? Məni sevirdimi, yoxsa onun üçün lazım olanda 
dirəndiyi əl ağacımı idim? Cavab tapmıram».  
«Tapmalısız ki?»  
«Xeyr», – birdən-birə sakitləşib dedi. – «Bağışlayın. Yəqin ki, yox». 
«Cavab yoxdur. Özünüzün verdiyinizdən başqa ayrısı yoxdur».  
«Sizə ona görə danışdım ki, bilmək istəyirdim», – pıçıldadı. – «Olan nə idi? Boş, mənasız həyatmı, 
dəyərsiz insanın, oğraşın, caninin fani ömrümü?» 
«Orasını bilmirəm», – dedim. – «Lakin bilmək istəyirsizsə, sevən insanın, sizin üçün çox vacibdirsə
bir növ müqəddəs insanın həyatı. Fəqət bu sözlər adama nə verir? Həmin həyat olub. Bəs eləmir?» 
«Olub. Amma indi də varmı?»  
«Nə qədər ki yaşayırsız, var».  
«Onu yaşadan yalnız bizik», – pıçıltı ilə dedi. – «Siz və mən. Başqa heç kəs». – Diqqətlə mənə baxdı. – 

«Bunu unutmayın! Onu kimsə yaşatmalıdır! Gərək, ölüb getməsin! Hələlik biz ikimizik. Mən özümə 
arxayın deyiləm. Gərək, o ölməsin, yaşasın. Mən sizə arxayınam».  
Bütün şübhələrlə yanaşı, məni qəribə bir hiss bürüdü. Bu adam nə istəyir? Pasportu ilə bərabər 
keçmişinidəmi mənə vermək istəyir? Bəlkə, canına qəsd etmək fikrindədir? 
«Niyə o, sizin içinizdə ölməlidir?» – soruşdum. – «Yaşayacaqsınız axı, cənab Şvars». 
«Həyatıma qəsd edən deyiləm», – arxayın cavab verdi. – «Bədxahımı görəndən və onun yaşadığını 
biləndən bəri edən deyiləm. Amma xatirələrimi yaddışımdan silməyə çalışacam. Həmin xatirələr 
təhlükəsiz olana qədər onları çeynəyib tikə-tikə edəcəm, saxtalaşdıracam. Bu gecə sizə danışdıqlarımı 
bir neçə həftədən sonra heç cür danışa bilməzdim. Ona görə istəyirdim ki, məni dinləyəsiniz! Sizin 
içinizdə o saxtalaşmadan qalacaq, çünki sizin üçün qorxulu deyil. Gərək, haradasa qalsın axı», – birdən 
çarəsizliklə dedi. – «Kimdəsə necə var, eləcə, ən azı qısa bir zamana». – Cibindən iki pasport çıxarıb 
qabağıma qoydu. – «Helenin pasportu da buradadır. Biletlər artıq sizdədir. İndi amerikan vizanız da var. 
İki nəfərə». Yüngülcə gülümsəyib susdu. 
Pasportlara baxdım. «Onlar, doğrudan, sizə lazım deyil?» – özümü zorlayıb soruşdum. 
«Əvəzində mənə özünüzünkünü verərsiniz», – dedi. – «Mənə bir-iki günlüyünə lazımdır. Sərhədi 
keçmək üçün». Ona baxdım. «Əcnəbilər alayında pasport soruşmurlar. Bilirsiz ki, ora mühacirləri 
götürürlər. Və nə qədər ki həyatda bədxahlarım kimisi var, onun təki varvarlara qarşı döyüşə bilən bir 
cana qəsd etmək cinayət olardı». 
Pasportumu cibimdən çıxarıb ona verdim: «Minnətdaram», – dedim. – «Ürəkdən minnətdaram, cənab 
Şvars». 
«Burada bir az pul da var. Mənə çox lazım olmayacaq». – Saata baxdı. – «Bir yaxşılıq da edərsinizmi? 
Onu yarım saata aparacaqlar. Mənimlə gəlmək istəyirsinizmi?» 
«Əlbəttə». 
Şvars haqq-hesabı ödədi. Özümüzü səsli-küylü səhərin ağuşuna atdıq. Gəmi Texo çayında dümağ və 
narahat dayanmışdı. 
Otaqda Şvarsın yanında dayanmışdım. Sınıq güzgülər hələ də divarda idi. Çərçivələr boş idi. Qırıntıları 
yığışdırmışdılar. 
«Son gecəni onun yanında qalmamalıydımmı?» – Şvars soruşdu. 
«Yanındaydınız». 
Bütün ölülər kimi qadın tabutda uzanmışdı, barışmazlığı sifətində donmuşdu. Buradakıların ona daha 
heç bir dəxli yox idi - nə Şvarsın, nə mənim, nə də özünün. Görkəminin necə olmasını da daha təsəvvür 
etmək mümkün deyildi. Burada uzanan heykəl idi, onun da hələ nəfəsi gedib-gələndə necə olmasındın 
yalnız bircə nəfərin təsəvvürü vardı: Şvarsın. Amma Şvars fikirləşirdi ki, o, indi həm də mənimdir. 

«Onun hələ …», – Şvars dilləndi. – «Burada hələ…», – siyirmədən bir neçə məktub çıxartdı. «Onları 
oxumamışam», – dedi. – «Götürün, sizdə qalsın». 
Məktubları götürüb tabuta qoymaq istədim. Sonra fikrimdən daşındım - ölü qadın indi yalnız Şvarsa 
məxsus idi, o, belə düşünürdü. Başqalarının məktublarının indi Helenə heç bir dəxli yox idi, həmin 
məktubları Şvars onunla dəfn etmək istəmirdi, məhv etmək də istəmirdi, çünki onlar haçansa Helenə 
məxsus olmuşdular. 
«Götürürəm», – deyib onları cibimə qoydum, – «Onların indi heç bir dəyəri yoxdur. Bir boşqab şorbaya 
xərclənən əskinasdan da dəyərsiz». 
«Qoltuq ağaclarıdır», – Şvars cavab verdi. – «Orasını mən də bilirəm. Bir dəfə onlara qoltuq ağacları 
demişdi və bu ifadəni mənə sadiq qaldığını bildirmək üçün işlətmişdi. Başa düşürsüz? Tam 
cəfəngiyatdır …» 
«Xeyr», – dedim, sonra çox ehtiyatla, tam mərhəmətlə əlavə etdim. –«Onu niyə rahat buraxmırsız? Sizi 
sevib və bacardığı qədər yanınızda olub». 
Başını tərpətdi. Birdən-birə kövrək bir görkəm aldı.  
«Bunu bilmək istəyirdim», – mızıldadı. 
Kəskin iyli, milçəkli, sönmüş şamlı, cənazəli otaq bayırdakı günəşdən bərk isinmişdi. Şvars baxışımı 
tutdu. 
«Mənə bir qadın kömək elədi», – dedi. – «Qərib ölkədə çətindir. Həkim. Polis. Apardılar. Dünən axşam 
yenə geri gətirdilər. Müayinə ediblər. Ölümün səbəbi». – Yazıq-yazıq mənə baxdı. – «Onu … daha tam 
da deyil, dedilər ki, üstünü örtməyim …» 
*** 
Meyit aparanlar gəldi. Tabut bağlandı. Şvars təngildədi. 
«Mən də sizinlə gedirəm», – dedim. 
Yol uzaq deyildi. Səhər öz qaynarlığında idi, külək çoban iti kimi bir dəstə quzu buludun arxasına 
düşüb qovurdu. Şvars qəbiristanlıqda sonsuz səmanın altında kiçilmiş və yazıqlaşmışdı. 
«Mənzilinizə qayıtmaq istəyirsinizmi», – soruşdum. 
«Xeyr». 
Özü ilə bir çamadan götürmüşdü. 
«Pasportlara əl gəzdirən bir adam tanıyırsınızmı?» – soruşdum. 
«Qreqorius bir həftədir buradadır». 
Qreqoriusun yanına getdik. Şvarsın paspotunu tez həll elədi; onunkunda dəqiqliyə ehtiyac yox idi. 
Şvarsda əcnəbilər legionunun qeydiyyat bürosunun vəsiqəsi vardı. Ona yalnız sərhədi keçmək və 
kazarmada mənim pasportumu atmaq lazım idi. Legion adamların keçmişi ilə maraqlanmırdı. 

«Götürdüyünüz oğlanın axırı necə oldu?» – soruşdum. 
«Dayısının ondan zəhləsi gedir; amma oğlan özünü xoşbəxt sayır ki, yadın yox, qohumlardan kiminsə 
ondan zəhləsi gedir». 
İndi mənim adımı daşıyan kişiyə baxdım. 
«Sizə uğurlar diləyirəm», – dedim və Şvars adının çəkilməsindən vaz keçdim. Bu şablon ifadədən 
başqa ağlıma heç nə düşmədi. 
«Sizi bir daha görməyəcəm», – dedi. – «Və belə olduğu yaxşıdır. Sizə o qədər şey danışmışam ki, sizi 
görmək istəməyəcəm». 
Mən buna əmin deyildim. Ola bilərdi ki, gələcəkdə elə buna görə məni bir də görmək istəsin. Onun 
təsəvvüründə mən yeganə adam idim ki, taleyinin dəyişikliyə uğramamış simasını özümdə daşıyırdım. 
Amma ola da bilərdi ki, məhz buna görə mənə nifrət etsin, çünki onda belə bir hiss baş qaldıra bilərdi 
ki, arvadını əlindən almışam, bu dəfə həmişəlik və əbədi; zira elə düşünürdü ki, öz xatirələri onu 
aldadır, yalnız mənimki aydın və ləkəsizdir. 
Küçə boyu addımlayırdı, əlində çamadan, yazıq görkəmdə, əbədi oğraş və əbədi böyük eşq vurğununun 
timsalı kimi. Fəqət o, gic-gici qaliblər ordusu ilə müqayisədə sevdiyi insana daha dərindən hakim 
kəsilməmişdimi? Və biz həqiqətdə nəyə hakim kəsilirik? Yalançı kəlmə olan hakim kəsilməyin mənası 
yalnız havanı qucmaqdırsa, qısa müddət üçün ən yaxşı şey kimi təqdim olunanlar ətrafında bu qədər 
hay-küy nəyə lazımdır; onlara az, yoxsa, çox hakim kəsilmək barədə bu qədər söz-söhbətə nə ehtiyac 
var?   
Arvadımın pasport şəkli yanımda idi; o vaxt vəsiqə üçün şəklə hər an ehtiyac duyulurdu. Qreqorius o 
saat işə girişdi. Yanından çəkilmədim. Bu iki pasportu gözdən qoymağa ürək eləmirdim.  
Günortaya ikisi də hazır oldu. Özümü yaşadığımız daxmaya yetirdim. Rut pəncərənin qabağında 
dayanıb həyətdəki balıqçı uşaqlarına baxırdı. Mən qapıya çatan kimi soruşdu: 
«İtmişdin?»  
Pasportları göyə qaldırdım.  
«Sabah yola düşürük! Adlarımız başqa-başqa olacaq, hərənin ayrı adı və Amerikada təzədən evlənəsi 
olacağıq». 
Qəti fikirləşmirdim ki, qətlə görə axtarıla bilən bir adamın pasportunu daşıyıram. Ertəsi axşam yola 
düşdük və heç bir çətinlik olmadan Amerikaya yetişdik. Lakin iki sevgilinin pasportu bizə xoşbəxtlik 
gətirmədi: yarım ildən sonra Rut məndən boşandı. Bunu qanuniləşdirməkdən ötrü əvvəlcə bir də 
evlənəsi olduq. Sonralar Rut Şvarsa zamin durmuş varlı, cavan amerikalıya ərə getdi. Amerikalı bu 
işlərin hamısını məzəli hal kimi qəbul etdi və bizim ikinci nigahımızda şahid oldu. Bir həftə sonra 
Mexikoda boşandıq. 

 
 Müharibəni Amerikada yaşadım. Qəribə də olsa, əvvəllər qəti məhəl qoymadığım rəssamlıqla 
maraqlanmağa başladım, sanki, bu, uzaq keçmişdə ölmüş Ulu-Şvarsdan qalma miras idi. Tez-tez həm 
də, bəlkə də, hələ sağ olan o biri Şvarsı düşünürdüm və hər ikisi hərdən yanımda duyduğumu güman 
etdiyim kabusanə bir torana qarışırdı və sanki, həmin toran öz təsirini üstümdən götürmürdü, 
baxmayaraq, bunun ağılsızlıq olduğunu dəqiq bilirdim. Axır ki incəsənət əsərləri mağazalarının birində 
özümə iş tapa bildim; otağımda Deqanın rəsmlərinin bir neçə surəti asılmışdı və məndə onlara böyük 
bir sevgi yaranmışdı. 
Yalnız ölüsünü gördüyüm Heleni tez-tez düşünürdüm və tək qalanda bir müddət hətta onun xəyalı ilə 
yaşayırdım. Şvarsın mənə verdiyi məktubları bir gecə gəmi dəryada üzərkən oxumadan suya tulladım. 
Bu vaxt onların birində əlim nəsə daş kimi bərk, balaca bir şeyə toxundu. Onu qaranlıqda zərfin içindən 
çıxartdım və sonradan gördüm ki, içində gözəl bir ağcaqanadın min illər öncə ölüb daşlaşdığı balaca, 
yastı bir kəhrəbadır. Onu atmayıb özümə götürdüm – qızılı göz yaşlarından ibarət qəfəsdəki ölüm-dirim 
mübarizəsində qorunub saxlanmış balaca ağcaqanad, halbuki onun tayları başqalarına yem olmuş, 
donmuş və yoxa çıxmışdılar.  
Müharibədən sonra Avropaya qayıtdım. Şəxsiyyətimi təsdiq etmək müəyyən çətinliklərlə başa gəldi, 
çünki həmin vaxtlar Almaniyada öz şəxsiyyətlərini itirməyə çalışan yüzlərlə keçmiş mənsəb sahibləri 
vardı. Şvars haqqında bir daha heç nə eşitmədim. Əsl adını unutsam da, hətta Osnabrükə gedib onu 
soraqladım. Amma şəhər viran qalmışdı, ondan da məlumatı olan və buna maraq göstərən yoxuydu. 
Vağzala qayıdanda bir nəfəri ona oxşatdım. Arxasınca qaçdım, lakin poçt işçisi çıxdı və dedi ki, adı 
Yansendir, evlidir və üç uşağı var.  
 
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə