ERİx maria remark lissabon gecəSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə4/18
tarix26.05.2017
ölçüsü4.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18
Yenidən külək qalxmışdı, ləngərlənən budaqlar narahat kölgələrini insanların üzünə, bağıran maşına və 
kilsə divarında lal-dinməz dayanmış daş heykəllərə: çarmıxdakı Məsihə və iki günahkara salırdı. 
Tamaşaçıların sifəti, sanki, bir sifət idi və alışıb-yanırdı. Avtomatın onlara qışqırdığına inanırdılar və 
burada baş verənlər qəribə bir gipnoza bənzəyirdi, onlar nə eşidə, nə də görə bilən bu qurğuya əl 
çalırdı, sanki, o, insan idi. Mənim üçün də bu, zəmanəmizin boş, qaranlıq mübtəlalığına bənzəyirdi ki, 
o da qorxu və isterika içində çağırışlara qoşulur, fərqi yoxdur, sağdanmı, ya soldanmı qışqırırlar, təki 
kütlədən əzablı düşünmə və cavabdehlik hissini götürsün. 
*** 
Kilsədə bu qədər adamın olacağını gözləmirdim. Birdən yadıma düşdü ki, mayın son günləridir və bu 
ayda hər axşam töbə edilir. Bir anlığa fikirləşdim ki, gərək protestant kilsəsinə gedəydim1; amma onun 

axşamlar açıq olub-olmadığını bilmirdim. Girişin yanında büzüşüb oturacaqlardan birinə əyləşdim. 
Altarda şamlar yanırdı, kilsənin qalan hissəsi az işıqlandırılmışdı və məni tanımaq asan olmazdı. 
Zərxara geyimli keşiş buxur dumanında ağır-ağır altarın yanında o yan bu yana gedir, onun yörəsində 
də əllərində tütstülənən buxur qabları tutmuş ağ başlıqlı, qırmızı geyimli duaçılar dolaşırdı. Arqan çalır, 
xor da oxuyurdu və birdən mənə elə gəldi ki, bayırdakı həmin gic-gici sifətləri, səksəkəli, ayıq yuxuda 
olan gözləri görürəm, heç bir sual vermədən, təhlükəsizlik və cavabdehlik arzusu olmadan. Bayırdakına 
nisbətən burada hər şey həlim və mülayim idi, fəqət Allaha və  insandaşlara sevgi dini həmişə belə 
mülayim olmayıb: qaranlıq əsrlərdən keçərək o da qanlar bahasına ərsəyə gəlib. Özünün təqiblərə 
məruz qalmadığı çağlarda tonqal, qılınc və işgəncələrlə özü təqibə başlayıb. Helenin qardaşı lağlana-
lağlana bunu mənə düşərgədə demişdi: 
«Biz sizin kilsənin metodlarını əxz etmişik. Allahın adı ilə yaratdığınız işgəncə kameralı inkvizisiyanız 
bizə əqidə düşməni ilə necə davranmağı öyrədib. Biz daha mərhəmətliyik, biz yalnız xüsusi hallarda 
diri-diri yandırırıq». 
O vaxt bunları mənə deyəndə çarmıxdan asılmışdım. Dustaqlardan adları qoparmaq üçün bu ən insafsız 
üsullardan biri idi. 
Altardakı keşiş qızıl piyaləni qaldırıb camaata xeyir-dua suyu çilədi. Səssizcə oturmuşdum, mənə elə 
gəlirdi ki, tüstünün, təsəllinin və işığın ilıq təknəsində üzürəm. Sonuncu nəğmə başladı: Bu gecə mənə 
sipər ol, qorqu ol …  Bunu mən uşaq vaxtı oxumuşdum və o zaman gecənin qaranlığı mənə qorxu kimi 
görünmüşdü, indi isə işıq idi. 
Camaat kilsədən çıxmağa başladı. Mən hələ on beş dəqiqə gözləməliydim, odur ki, tavana dirək olan iri 
sütunların birinin yanında küncə qısıldım. 
Elə həmin an Heleni gördüm. Onu əvvəlcə bayıra çıxanların arasında burulğana oxşatdım. Kimsə 
adamların tərsinə gedərək özünə yol açmağa çalışırdı, camaatı yara-yara onların arasından sivişib 
çıxırdı. Bir anlığa aydın, acıqlı və qətiyyətli bir sifət gördüm, bu, nəyisə unutmuş qadına bənzəyirdi. O 
saatca tanımadım, çünki onu burada gözləmirdim. Yalnız camaat seyrələn vaxt yanımdan ötüb çəpəki 
irəli gedəndə çiyinlərinin hərəkətindən gördüm ki, odur. Heç kəsə toxunmadan adamların arasından 
sivişib keçdi və azadlığa çıxmış kimi bir azdan şamların şöləsinin və hündür Roma pəncərələrindən 
süzülən göy, qırmızı işığın arasında dayandı, birdən-birə arıqlamış, kiçilmiş, az qala tənhalaşmış və 
itirilmiş bir insan kimi. 
Baxışını tutmaq üçün ayağa qalxdım. Əl etməyə cürətim çatmadı. Burada hələ xeyli adam vardı; 
kilsədə belə şeylər diqqət çəkərdi. Yaşayır! İlk düşüncəm bu oldu. Nə ölüb, nə də xəstədir! Qəribədir, 
bizim vəziyyətimizdə birinci həmişə bunu düşünürlər! Nəyinsə həmişəki kimi olduğuna, kiminsə hələ 
sağ qaldığına mat qalırsan. 

Yoluna davam etdi, yeyin-yeyin, xora doğru. Oturacaqdan qalxıb arxasınca getdim. Kürsüyə çatanda 
ayaq saxlayıb dala çevrildi. Hələ də oturacaqlardan qalxmayan camaata diqqətlə baxdı və asta-asta 
yenidən çıxışa qayıtdı. Ayaq saxladım. Məni haradasa oturacaqlardan birində tapacağına elə əmin idi 
ki, düz yanımdan keçərək az qaldı mənə toxunsun. Yenə arxasınca getdim. Təzədən dayananda 
dilləndim: 
«Helen, arxaya çevrilmə! Çölə çıx! Arxanca gəlirəm. Bizi burada görməməlidirlər». 
Diksindi, sanki, qəfil zərbə almışdı, sonra yoluna davam etdi. Bura niyə gəlmişdi? Tanına bilməklə 
böyük bir təhlükə içindəydik. Ancaq mən özüm bilməmişdim ki, burada bu qədər adam ola bilər. 
Qabağıma düşüb gedirdi; imkanca bu kilsədən tez çıxmaq yeganə qayğım idi. Əynində qara kostyum, 
başında xırda şlyapa vardı, başını dik tutmuşdu, bir az da çəpəki, sanki, addım səslərimi dinləyirdi. 
Ondan bir neçə addım aralı yeriyirdim, o qədər aralı ki, gözümdən itirməyim; tez-tez deyirdilər ki, 
adam kimləsə yaxın yeridiyinə görə yaxalanır. 
Xeyir-dua suyunun yerləşdiyi daş təknələrin yanından ötüb böyük giriş qapısından keçdi, elə o saatca 
da sola buruldu. Kilsənin yanı ilə daş pilətə döşənmiş enli bir yol gedirdi, qum daşından yonulmuş 
dirəklərin arasındakı dəmir zəncirlə kilsə meydanından ayrılmışdı. Zincirlərin üstündən aşıb bir neçə 
addım qaranlığa doğru getdi, ayaq saxlayıb geriyə qanrıldı. Bu anda nələr duyduğumu izah edə 
bilmərəm. Desəm ki, burada hayatım məndən aralı – önümdə yeriyir, birdən qanrılıb mənə baxır, bu da 
növbəti klişe olardı, amma gerçəkdir də, gerçək də deyil, ancaq buna baxmayaraq, mən belə hiss 
edirdim, lakin bu da duyduğumun hamısı deyildi. Helenə doğru, onun incə, tutqun fiquruna doğru, 
solğun simasına, gözlərinə, ağzına doğru yeridim və olmuşların hamısını arxada buraxdım. Birgə 
yaşamadığımız çağlar itib-getməmişdi; qalmışdı, amma haradasa oxuduğum kimi, indi o əlçatmaz 
olmuşdu, mən onu yaşamamışdım. 
«Haralardan gəlirsən?» – ona çatana qədər az qala düşməncəsinə soruşdu. 
«Fransadan». 
«Səni ödkəyə buraxdılar ki?» 
«Yox. Sərhədi gizlin keçmişəm». 
Martensin verdiyi həmin suallar idi. 
«Niyə?» –  soruşdu. 
«Səni görmək üçün». 
«Gəlməyə bilərdin!» 
«Bilirəm. Bunu hər gün özüm özümə də deyirdim». 
«Onda niyə gəldin?» 
«Orasını bilsəydim, burada olmazdım». 

Onu öpməyə ürək eləmədim. Düz qarşımda dayanmışdı, ancaq elə donuq ki, elə bil, toxunsan, sınıb 
töküləcəkdi. Nələr düşündüyünü bilmirdim, lakin onu təzədən görmüşdüm, yaşayırdı və indi gedə 
bilərdim, yaxud da olacaqların üzünə dik baxa bilərdim. 
«Özün də bilmirsən?» –  soruşdu. 
«Sabah biləcəm. Ya da bir həftədən sonra. Yaxud bir az gec». 
Onu süzdüm. Bilməyə nə vardı ki? Bilmək dalğalar üstündə rəqs edən kiçik bir köpükdür. İstənilən 
külək onu qabağına qatıb apara bilər; dalğa isə qalarqıdır. 
«Gəlmisən», – deyib bir addım qabağa gəldi və üzü bayaqkı donuqluğunu itirdi, həlimləşdi. 
Qollarından tutdum, əllərini sinəmə dirədi, elə bil, məni geri itələmək istəyirdi. Məndə qəribə bir duyğu 
baş qaldırdı, sanki, uzun müddətdir beləcə üz-üzə dayanmışıq, kilsənin tutqun, küləkli meydanında, 
tək-tənha, halbuki küçənin səs-küyü tərli şüşə divardan keçərək, dumanlı da olsa, qulağımıza çatırdı. 
Solda, təqribən, yüz addım o yanda meydanın çəp tərəfi ilə üzbəüz şəhər teatrı yerləşirdi, dümağ 
pillələri ilə çılçıraq içində; o da yaxşı yadımdadır: bir anlığa dumanlı şəkildə beynimdən keçdi ki, necə 
olur, burada hələ də tamaşa göstərirlər, teatrı kazarma, yaxud həbsxana etməyiblər. 
Yanımızdan bir dəstə adam keçdi. Kimsə güldü və bir neçəsi də biz tərəfə boylandı. 
«Gəl», –  Helen pıçıldadı. –  «Burada qala bilmərik». 
«Hara gedəsiyik ki?» 
«Sənin mənzilinə». 
Mənə elə gəldi ki, düz eşitməmişəm.  
«Hara?» – bir də soruşdum. 
«Sənin mənzilinə. Özgə haramız var?» 
«Pilləkəndə məni tanıyarlar! Binada əvvəlki adamlar yaşamır bəyəm?» 
«Görməzlər». 
«Bəs qulluqçu qız?» 
«Bu axşamlığına onu göndərərəm getsin». 
«Bəs sabah tezdən?» 
Helen mənə baxdı. 
«O qədər yolu gəlmisən ki, mənə bu qədər sual verəsən?» 
«Gəlməmişəm ki, tutulam, səni də düşərgəyə saldıram, Helen». 
Birdən gülümsədi. 
«Yozef» – dedi, – «heç dəyişməmisən. Bura necə gəlib-çıxmısan?» 
«Heç özüm də bilmirəm», –  cavab verib, mən də gülümsədim. Əvvəllər hərdən yarı acıqlı, yarı məyus 
halda çatışmazlıqlarımı üzümə vurması yadıma düşəndə qorxu birdən-birə çəkilib-getdi. – «Amma 

gəlmişəm, özü də buradayam», –  dedim. 
Başını buladı və gördüm ki, gözləri yaşla dolub. 
«Hələ ki yox», – cavab verdi. – «Hələ yox! İndi isə gəl, yoxsa, bizi, doğrudan da, tutarlar, qıraqdan 
baxanda elə bilərlər, sənə tamaşa düzəltmişəm». 
Meydandan keçib-getdik. 
«İndi səninlə gedə bilmərəm», – dedim. – «Əvvəlcə, gərək, qulluqçunu göndərəsən getsin. Münsterdə 
mehmanxanada otaq tutmuşam. Məni orada tanıyan yoxdur. Orada qalmaq istərdim». 
Ayaq saxladı. 
«Nə qədər?» 
«Bilmirəm», – cavab verdim. – «Ömrümdə sona qədər düşünə bilməmişəm, fikrimdə səni görmək, 
sonra da birtəhər geri qayıtmaq olub». 
«Sərhəddən?» 
«Özgə haradan, Helen?» 
Başını aşağı salıb yoluna davam etdi. Fikirləşirdim ki, indi mənim ən xoşbəxt anım olmalıdır, amma 
bunu hiss etmirdim. Belə şeyi həmişə sonradan hiss edirsən, indi isə bircə onu bilirdim ki, xoşbəxtəm. 
«Martensə zəng etməliyəm», – dedim. 
«Mənzilindən edərsən», – Helen cavab verdi. Hər dəfə mənzil deyəndə ürəyimin başı dağlanırdı. Bunu 
qəsdən edirdi. Bilmirdim, niyə. 
«Martensə söz vermişəm ki, bir saatdan sonra zəng edəcəm», – dedim. – «Vaxt tamamdır. Etməsəm, 
fikirləşəcək ki, nəsə baş verib. Ehtiyatsızlıq edə bilər». 
 «Bilir ki, sənin dalınca gəlmişəm». 
Saata baxdım. Zəng edəcəyim vaxtdan on beş dəqiqə keçmişdi. 
«Yaxındakı meyxanadan edərəm», –  dedim.  – «Bircə dəqiqə çəkər». 
«Aman Allah, Yozef!», – Helen hirslə dilləndi. «Sən, doğrudan da, heç dəyişməmisən. Bir az da 
pedantlaşmısan». 
«Pedantlıq deyil. Təcrübədir. Tez-tez şahidi olmuşam ki, xırdalıqlara məhəl qoymayanda çox bəlalar 
baş verir. Və bilirəm ki, təhlükə altda gözləmək nə deməkdir». –  Əlindən tutdum. – «Bu cür pedantlıq 
olmasaydı, sağ qalmazdım, Helen». 
Bərk-bərk qolumdan yapışdı.  
«Bilirəm», – mızıldandı. ¬– «Görmürsən ki, səni bir anlığa tək buraxsam, nəsə olacağından 
qorxuram?» 
Dünyanın bütün hərarəti canıma yayıldı. 
«Heç nə olmayacaq, Helen. Buna inanmaq lazımdır. Bütün pedantlıqla birlikdə». 

Gülümsəyib solğun sifətini yuxarı qaldırdı. 
«İndi isə get, zəng et. Amma meyxanadan yox. O tərəfdə telefon köşkü var. Onu sən olmayanda 
quraşdırıblar. Meyxanadan o,  etibarlıdır». 
Şüşə köşkə girdim. Helen bayırda dayanmışdı. Martensə zəng etdim, nömrə məşğul idi. Bir az 
gözlədim və yenidən yığdım. Pul şaqqıltı ilə düşdü, nömrə hələ də məşğul idi. Narahat oldum. Şüşədən 
Helenin də küçədə narahat-narahat vurnuxduğunu gördüm. Ona işarə verdim, lakin məni görmədi. 
Boğazını irəli uzadıb küçəni dənətləyirdi, sanki,  büruzə vermədən pusurdu. Həm gözətçi, həm də 
qorqu mələyi kimi, əyninə kip oturan kostyumda, bunu indicə gördüm. Gözləyərkən gördüm ki, 
dodaqları boyalıdır. Sarımtıl işıqda qara rəngə çalırdı. Yadıma düşdü ki, ənlik-kirşan yeni Almaniyada 
arzu olunan şey deyil. Üçüncü zəngdə düşdüm. 
«Arvadım telefonla danışırdı», – Martens dedi. – «Düz yarım saat. Kəsə bilmədim. Paltar, müharibə və 
uşaqlar barədə». 
«İndi haradadır?» 
«Mətbəxdə. Danışmağına mane olmadım. Başa düşürsən də?» 
«Hə. Hər şey qaydasındadır. Minnətdaram, Rudolf. Hamısını unut getsin». 
«Haradasan?» 
«Küçədə. Minnətdaram sənə, Rudolf. Daha mənə heç nə lazım deyil. Hər şeyi tapmışam. Bir 
yerdəyik». 
Şüşədən Helenə baxdım və dəstəyi yerinə qoymaq istədim. 
«Harada qalacağını bilirsənmi?» – Martens soruşdu. 
«Məncə, hə. Qayğılanma. Unut bu axşamı, elə bil, yuxu görmüsən». 
«Nəsə edə bilərəmsə», çəkinə-çəkinə dedi, – «bildir. İlk əvvəl elə çaşmışdım ki. Başa düşürsən də …» 
«Hə, Rudolf, anlayıram. Nəsə lazım olsa, xəbər verərəm». 
«Əgər bizdə gecələmək istəsən, söhbət edərdik …» 
Gülümsədim. «Baxarıq. İndi isə, gərək, söhbəti kəsəm …» 
«Hə, əlbəttə», – tələsik dilləndi.  – «Bağışla. Uğurlar, Yozef. Doğrudan da!» 
«Çox sağ ol, Rudolf». 
Boğucu kabinədən çölə çıxdım. Külək məni haqladı, az qala papağımı başımdan aparacaqdı. Helen 
tələsik mənə yaxınlaşdı. 
«Gedək evə! Ehtiyatkarlığınla məni  də xəstələndirmisən. Qəfildən mənə elə gəldi ki, burada 
qaranlıqdan bizə yüz göz zillənib». 
«Qulluqçun həminkidir?» 
«Lenanı deyirsən? O, məndən qardaşıma şpionluq edirdi. Qardaşım da bilmək istəyirdi ki, mənə 

məktub yazırsanmı? Yaxud mən sənə». 
«Bəs indiki?» 
«Bir az gicbəsər və laqeyddir. Onu göndərə bilərəm, sevinəcək və heç nə fikirləşməyəcək». 
«Hələ göndərməmisən?» 
Gülümsədi və birdən-birə daha da gözəlləşdi. 
«Gərək, əvvəlcə biləydim ki, doğrudan da,  buradasanmı». 
«Mən gələnə qədər, gərək, onu göndərəsən», – dedim. – «Bizi bir yerdə görməməlidir. Harasa başqa 
yerə gedə bilmərikmi?» 
«Haraya?» 
Elədir, haraya? Helen qəfildən güldü. 
«Ata-anaları onları hələ çox gənc saydığına görə gizli girüşə çıxmış yeniyetmələr kimi dayanmışıq 
burada! Hara gedə bilərik? Saray parkına? Saat səkkizdə bağlanacaq. Şəhər xiyabanlarındakı 
oturacaqlardan birinə? Şirniyyat mağazasına? Çox təhlükəlidir!» 
Haqlı idi. Bunlar mənim öncədən görə bilmədiyim xırdalıqlar idi, hər şeyi öncədən görmək olmur.  
«Elədir», – dedim. – «Yeniyetmələr kimi dayanmışıq burada. Sanki, bizi geri, gəncliyimizə 
qaytarıblar». 
Ona baxdım. İyirmi doqquz yaşı vardı; ancaq elə əvvəllər gördüyüm kimi idi. Su körpə suitinin 
üstündən süzülüb töküldüyü kimi, sanki, ötən beş il də Helenin üstündən süzülüb tökülmüşdü. 
«Elə mən də yeniyetmə kimi gəlmişəm», – dedim. ¬ – «Bütün götür-qoylar bunun əleyhinə idi, ancaq 
bir yeniyetmə kimi axırını düşünmədim. Hətta çoxdandır bir başqası ilə yaşayıb-yaşamadığını da dəqiq 
bilmirdim». 
Cavab vermədi. Qonur saçları fənərin işığında bərq vurdu.  
«Mən qabaqda gedib qızı göndərəcəm», – dedi.  – «Amma küçədə səni tək qoymağıma dözmürəm. 
Gəldiyin kimi də yoxa çıxa bilərsən. Ona qədər harada qalacaqsan?» 
«Məni tapdığın yerdə. Kilsələrin birində. Böyük kilsəyə də qayıda bilərəm. Kilsələr təhlükəsizdir, 
Helen. Fransanın, İsveçrənin, İtaliyanın kilsə və muzeylərinin bilicisinə çevrilmişəm». 
«Yarım saatdan sonra gələrsən», – pıçıltı ilə dedi. – «Evimizin pəncərələrini unutmamısan ki?» 
«Yox», – dedim. 
«Künc pəncərə açıq olsa, demək, hər şey qaydasındadır, qalxa bilərsən. Bağlı olsa, açana kimi gözlə». 
Yadıma Martenslə yeniyetməliyim düşdü, hindu-hindu oynadığımız çağlar. O vaxtlar aşağıda gözləyən 
Dəricorab və ya Vinnetu üçün işarə pəncərədəki işıq idi. Hər şey təkrarlanırdımı? Ümumiyyətlə, elə şey 
vardımı ki, təkrarlansın? 
«Oldu»,  – deyib getmək istədim. 

«Hara gedirsən?» 
«Baxım görüm, Mariya kilsəsi açıqdırmı. Yaddaşım məni aldatmırsa, qotik tikinti sənətinin gözəl 
nümunəsidir. Bu arada belə şeylərə qiymət verməyi öyrənmişəm». 
«Boşla getsin!», – dedi.  – «Yetər ki, səni tək qoymalı oluram». 
«Helen», – dedim.  – «Özümə diqqət yetirməyə öyrəncəkliyəm». 
 Başını buladı. Üz-gözü birdən-birə cəsarət nişənəsini itirdi. 
«Kifayət etmir», – dedi. – «Kifayət etmir. Gəlməsən, neyləyərəm?» 
«Heç nə edə bilməzsən. Telefon nömrən həminkidir?» 
«Hə». 
Çiyninə toxundum: «Helen», – dedim. – «Hər şey yaxşı olacaq». 
Başı ilə təsdiqlədi.  
«Səni Mariya kilsəsinə özüm aparacam. Ora təhlükəsiz çatdığına əmin olmaq istəyirəm». 
Dinib-danışmadan ora yollandıq. Uzaq deyildi. Helen bir kəlmə də kəsmədən məni qoyub getdi. Qədim 
bazar meydanı ilə addımlayanda arxasınca baxdım. Yeyin-yeyin gedirdi və yörəsinə boylanmırdı. 
*** 
Qapının ağzında dayandım. Sağda bələdiyyə binası vardı; köhnə heykəllərin daş sifətinə ay işığından 
bir zolaq düşmüşdü. Binanın bu qanadında Otuzillik müharibənin 1648-ci ildə qurtarması, eləcə də 
Minillik səltənətin 1933-cü ildə başlaması həkk olunmuşdu. Düşündüm ki, həmin səltənətin sonunun 
bura həkk olunacağı günü görəcəmmi? Ümidim az idi. 
Kilsəyə girməyə cəhd etmədim. Gizlənməkdən birdən-birə zəhləm getdi. Təbii ki, ehtiyatı əldən 
qoymurdum, amma Heleni görəndən bəri ehtiyac olmadan qısnanan heyvana çevrilmək istəmirdim. 
Diqqət çəkməmək üçün yoluma davam etdim. Bundan əvvəl mənim üçün təhlükəli, tanış və yadlaşmış 
şəhər indi gözümdə canlanmağa başladı. Hiss etdim ki, belədir, çünki mən özüm də canlanmağa 
başlamışdım. Yalnız ölməmək xatirinə olan son illərin adsız yaşamı, bir gündən digərinə bəhrəsiz 
boyvermə birdən-birə mənə o qədər də mənasız görünmədi. Bu yaşam məni formalaşdırmışdı, gövrək 
bir çiçək kimi gizlicə qoparıb atmışdı, amma birdən-birə məndə əvvəllər rast gəlmədiyim bir həyat 
duyğusu baş qaldırdı. Bunun romantika ilə bağlılığı yox idi, fəqət elə təzə və coşdurucu idi ki, elə bil, 
par-par parıldayan iri tropik çiçəkdi, ortaboy bir kolluğun üstündə bitmişdi, ondan ən uzağı xırda 
tumurcuqlar gözləmək olardı. Çaya gəlib körpünün üstündə dayandım və məhəccərdən tutub suya 
baxdım. Məndən solda orta əsrlərdən qalma bir göz qülləsi vardı, indi 
 oranı camaşırxana etmişdilər. 
Pəncərələrdən işıq süzülürdü, paltar yuyanlar hələ də işləyirdi. İşıq enli zolaqlarla çayın üstündə 
oynaşırdı. Cökə ağacları əkilmiş qara təpə göylərə can atırdı, aşağıda isə kilsənin siluetləri düşmüş 
bağlar vardı.  

Kipkirimiş dayanmışdım, gərginliyim çəkilmişdi. Suyun şırıltısından və pəncərə arxasındakı 
camaşırçıların boğuq səslərindən başqa heç nə eşidilmirdi. Onların nə danışdığını başa düşmürdüm. 
Eşitdiyim hələlik sözlərə çevrilməmiş insan səslərinə bənzəyirdi. Onlar yalnız yaxınlıqda insanın 
olduğuna işarəydi, lakin yalanın, fırıldağın, gicliyin və mundar tənhalığın işarəsi deyildi, olsaydılar, 
planlı melodiyanın iyrənc obertonları kimi hazır sözlərə çevrilərdilər. 
Sinəm dolusu nəfəs alırdım və mənə elə gəlirdi ki, suyun axışı ilə eyni ritmdə nəfəs alıram. Zamanın 
fövqündə olan bir anlığa hətta elə bildim ki, körpünün bir parçasıyam və çay mənim nəfəsim kimi 
onunla birliklə içimdən axır. Bu da mənə təbii göründü və heyrətlənmədim. Heç nə düşünmürdüm.  
Düşüncələrim də nəfəsim kimi, su kimi süzülüb harasa gedirdi. 
Sol tərəfimdəki cökə xiyabanının başı üstündə bir işıq zolağı dolaşdı. Gözlərimlə onu izlədim, sonra 
təzədən camaşırçıların səsini eşitdim. Yadıma düşdü ki, xeyli vaxtdır bu səsləri eşitmirdim. Cökənin 
ətrini də təzədən duydum. Zəif külək onu suyun üstünə gətirirdi. 
Xiyabanda dolaşan işıq söndü və arxamdakı pəncərələr qəfildən qaranlıqlaşdı. Su bir anlığa qaralıb 
qətran rəngi aldı, sonra ayın bayaqdan camaşırxananın gur işığında itmiş zəif şüaları göründü. İndi 
onlar yeganə işıq mənbəyi kimi, suyun üstündə əvvəlki qaba, sarı işığa nisbətən daha zərif və rəngarəng 
oynamağa başladılar. Mən illər öncə işığı sönmüş həyatımı düşündüm və heyrət məni götürdü ki, 
əvvəllər heç vaxt görmədiyim zərif işıqlar, görəsən, mənim həyatımda da baş qaldıra bilərmi, ayın indi, 
buradakı çayda əksi kimi?  İndiyə qədər itki mənə duyumsal olmuşdu, ona görə yox ki, bu 
duyumsallıqla nəsə əldə edə bilərdim. 
*** 
Körpünü tərk edib qaranlıq xiyabandan keçərək gözlədiyim yarım saat tamam olana qədər torpaq 
təpənin üstündə gəzişdim. Gecə hakim kəsildikcə cökələrin ətri daha da güclənirdi və ay damlara və 
qüllələrə gümüşü örtük çəkirdi. Sanki, mənə göstərmək üçün ki, özüm-özümə bir yalan uydurmuşam, 
şəhər, deyəsən, əlindən gələn hər şeyi etmək niyyətindəydi: təhlükə haradasa marığa yatıb gözləsə də, 
yenidən özüm olmaq üçün uzun, yanlış yoldan dönüb dərdsiz-qayğısız evə dönə bilim. 
Buna qarşı mübarizə aparmağıma lüzum yox idu. İçimdə qeyri-ixtiyari bir şey baş qaldırdı və hər tərəfə 
göz yetirdi. Tez-tez Parisdə də, Romada da, digər şəhərlərdə də beləcə həbs olunmuşam – gözəlliyə 
aludə olaraq, sevginin, anlağın və unutqanlığın aldadıcı illuziyasında yırğalana-yırğalana təhlükəsizlik 
tədbirlərini yaddan çıxararaq. Çuğullar nə ay işığında, nə də cökə ətrində müqəddəslərə çevrilir. 
Hitler meydanına yollandım ehtiyatla, sinirlərim yarasa qanadları kimi gərilmişdi. Ev meydana çıxan 
küçənin tinində yerləşirdi. Küçə köhnə adını hələ də saxlayırdı. 
Pəncərə açıq idi. Yadıma «Hero və Leander1» hekayəti və padşah uşaqlarının nağılı  düşdü, dayə işığı 
söndürmüş, padşahın oğlu da boğulmuşdu; mən ki padşah oğlu deyiləm, düşündüm, almanların da 

çoxlu gözəl nağılları var, ancaq buna baxmayaraq, ya da, bəlkə, elə buna görə dünyanın ən dəhşətli 
konslagerləri var. Küçəni arın-arxayın keçdim, amma bu nə Hellespont idi, nə də Baltik dənizi. 
Girəcəkdə bir nəfərlə üz-üzə gəldim. Geriyə qayıda bilmədim, hara getdiyini dəqiq bilən adamlar kimi 
pilləkənə doğru yeridim. Əvvəllər tanımadığım ortayaşlı bir qadın idi. Elə bil, ürəyimi xıncalayıb 
buraxdılar…», Şvars gülümsədi, «bu da klişelərdən biridir, yalnız başına gələndə doğruluğuna 
inanırsan. Ətrafıma baxmadım, bina qapısının örtüldüyünü eşidib pilləkənlə yeyin-yeyin yuxarı 
qalxdım. Mənzilin qapısı bir santimetr aralıydı. İtələyib açdım, qarşımda Helen dayanmışdı.  
«Görən oldu?» – soruşdu. 
«Hə. Ortayaşlı bir qadın». 
«Şlyapasız?» 
«Hə. Şlyapasız».  
«Qulluqçu qız olacaq. Otağı damın altındadır. Dedim, bazar ertəsi günortaya qədər azaddır; yəqin, 
boxçasında əlləşib. Bu qızlar fikirləşirlər ki, onlar küçəyə çıxanda paltarını tənqid etməkdən başqa 
camaatın ayrı dərdi-səri yoxdur». 
«Qoy rədd olsun», – dedim, – «Hər kim idisə, məni tanımadı. Adamlar məni tanıyanda hiss edirəm». 
Helen yağış plaşımı və papağımı əlimdən aldı, hər ikisini asmaq istədi. 
«Burada yox», – dedim.  – «Dolaba as. Gələn olsa, burada görər». 
«Heç kim gəlməz», – deyib qabağa düşdü. 
Geri dönüb qapıdakı açarı burdum. Sonra onun arxasınca getdim. 
*** 
Sürgünün ilk illərində mənzilimi düşünürdüm, sonra onu unutmağa çalışdım. İndi burada olanda heç nə 
hiss etmədim. Haçansa mənim olmuş və məni həyatımın müəyyən zamanına qaytaran bir şəkil kimi idi. 
Qapıda dayanıb yörəmə baxdım. Demək olar, heç nə dəyişməmişdi. Divan və kürsülərə təzə üz 
çəkilmişdi. 
«Əvvəllər yaşıl deyildilər?» – soruşdum. 
«Göy», – Helen cavab verdi. 
Şvars mənə tərəf döndü. 
«Əşyaların öz həyatı var və onu özününkü ilə müqayisə etmək dəhşətdir». 
«Niyə müqayisə edəsən?» – soruşdum. 
«Siz etmirsiz?» 
«Edirəm, amma müxtəlif səviyyələrdə. Mən özümlə məhdudlaşıram. Limanda ac dayananda özümü 
xərçəngdən əzab çəkən xəyali Mənlə müqayisə edirəm. Onda bu məni bir anlığına süurlu edir, çünki 
mən xərçəng xəstəsi deyiləm, yalnız acam». 

«Xərçəng», – deyib gözünü mənə zillədi. – «Bu, haradan ağlınıza gəldi?» 
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə