ƏSGƏR ƏLİOĞlu cəNNƏt məkani qarabağin müNBİt torpağinin



Yüklə 15.22 Kb.
tarix22.05.2017
ölçüsü15.22 Kb.
ƏSGƏR ƏLİOĞLU

CƏNNƏT MƏKANI QARABAĞIN MÜNBİT TORPAĞININ

ÇÜRÜK YOX, SAĞLAM TOXUMA EHTİYACI VAR
Hələ Sovet İttifaqını öz daxilindəki “demokratik düşüncəli insanlar”ın əli ilə dağıdanlar təbii ki, bundan sonra nəyin baş verəcəyini, proseslərin hansı istiqamətə yönələcəyinin, yeni müstəqil dövlətlərin yaranacağının ssenarisini əvvəlcədən hazırlamışdılar. Bu qlobal məsələdə Türkiyənin də üzərinə vəzifələr düşürdü və imperiyanın dağılmasında müəyyən həlledici işlər görmüşdü. Çünki sovet imperiyasının daxilində türkdilli ölkələr həm coğrafi, həm siyasi, həm iqtisadi, həm mədəni, həm də qlobal mənada yeni dünya üçün mühüm əhəmiyyətə malik mövqeyə sahib idilər. Okeanın o tayında isə Türkiyəyə Sovetlər İttifaqı dağıldıqdan sonra bu işdəki xidmətlərinin əvəzində mükafat kimi Cənubi Qafqaz və Orta Asiya regionlarında yaranacaq yeni müstəqil dövlətlərdə iqtisadi maraqlarını həyata keçirməyə tam təminat verilmişdi və zaman keçdikdən sonra bu belə də oldu. Bu gün dost və qardaş ölkənin bu bölgələrdəki iqtisadi maraqları milyard dollarla ölçülür. Ona görə də imperiyanın süqutundan sonra varislik missiyasını üzərinə götürmüş Rusiyanın “başbilənləri” düşmən saydıqları dövlətlərin maraqlarına göz yuma bilməzdi və onların bölgədə mövqeyinin möhkəmlənməsinə mane olmaq üçün Cənubi Qafqazda bu gün həlli müşkülə dönmüş problemlərin təməlini qoymalı idi.

Bir məsələni unutmaq olmaz ki, Rusiya tarix boyu bu bölgədə öz maraqlarının təmin olunması üçün “erməni kartından” istifadə edib. Şimal qonşumuz əlində oyuncağa çevirdiyi erməni millətçilərindən bu dəfə də məharətlə istifadə etdi, bölgəyə, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, başının üstündən qara buludlar çəkilməyən Dağlıq Qarabağa seperatizm, nifaq, millətçilik toxumlarını səpdi və bunu cücərtməyə çalışır. Amma bir məsələ var ki, bu cür toxumlar bəzən cücərir, böyüyür amma bar vermir. Məhz bu toxum da məhsul verməyən, nəticəsi olmayan toxumdur. Seperatizm, başqa ölkələrə qarşı ərazi iddialarına düşmək toxumunu səpənlər indi onun cücərtilərini özləri yandırır, məhv edirlər. Çünki cənnət məkanı Qarabağın münbit torpağının çürük yox, sağlam toxuma ehtiyacı var.

Cənubi Qafqazda sülhə, təhlükəsizliyə ən böyük maneə olan Dağlıq Qarabağ münaqişəsinin hər bir ilini santimetrlə ölçsək bu, 25-ə bərabər olar. Maraqlıdır ki, görəsən, toxumu yetişdirənlər, hətta 25 santimetrədək böyütdürənlər onun yarım metrədək boy atmayacağını əvvəldən bilirlərmi?! Yəqin ki, ermənilər bundan bixəbərdirlər. İndi ermənilərin ağıllı adamları düşünməyə, ayılmağa başlayıblar ki, Rusiya onları aldadıb. Çünki əgər barvermə niyyətilə səpilən toxum 25 ildir məhsul vermirsə, fayda gətirmirsə, əksinə, daha böyük problemlər, əziyyət yaradırsa, qonşulardan və dünyadan təcrid edirsə, nə o toxuma, nə də ondan əmələ gələn çöpə, kola, qanqala və sairəyə maraq olmayacaq.

İndi Azərbaycanın tarixi ərazisi daxilində baş verən bu məsələdə maraqlı tərəflər Amerika, Rusiya– Ermənistan (Ermənistanı tərəf kimi qəbul etmək olmaz, forpostdur), Fransa, Türkiyə, İran və nəhayət, hamının göz dikdiyi, dünyanın maraq dairəsinə çevirilən və haqqını tələb edən Azərbaycandır. Məlumdur ki, ötən bu iki onillikdə ABŞ, Rusiya və Fransa Qarabağı futbol topuna bənzədərək bir-birinə pas ötürməklə məşğuldurlar. Əslində, onlar bu topu haqsız, işğalçı tərəf olan və bütün prosesləri “qaydasız oyuna” çevirən Ermənistanın qapısına vurmalıdırlar, amma bunu etmirlər. Yenə də ədalətlilik prinsipi pozulur, standart qaydalara əməl olunmur. Uzun illərdir “Qarabağ”ın meydançasında bütün qaydalar, o cümlədən beynəlxalq hüquq qaydaları pozulur, ən yüksək səviyyədə qəbul edilən sənədlər icra edilmir.

İndiyədək bu oyuna məcburən tamaşaçı kimi baxan Türkiyə kənarda məşq edərək heyətə düşmək istəyir və meydançaya daxil olub “fədakar oyunçu” kimi topu Azərbaycanın rəqibinin qapısından keçirməklə məsələnin həllinə can atır. Məhz bu məqsədlə Türkiyənin iqtidarda olan siyasətçiləri narahatlıqlarını gündəmə gətirərək bu “qaydasız oyunu” nizama salıb cənnət Qarabağ torpağına sağlam toxum səpmək istəyir. Bu, inandırıcı görünmədiyi qədər də düşündürücü və məntiqlidir. Türkiyə Ermənistanla sərhəd qapılarını açmaq, diplomatik və ticarət əlaqələrini leqallaşdırmaq hesabına bunu edə bilər. Bu, vəziyyətə yəqin ki, Azərbaycan da etiraz etməz. Bu, Amerika və Avropanın da ürəyincədir, onların siyasətlərinə uyğun gəlir. Ən azı ona görə ki, Azərbaycan İran ilə həmsərhəddir. Rusiya isə dünyaya özünü Cənubi Qafqazdakı məsələlərin həllini istəyir kimi göstərmək üçün Türkiyənin bu haqlı fəaliyyətinə müəyyən mənada “yaşıl işıq” yandırır.

Belə bir deyim var: “Yaxşı bişirilməyən yeməyi həmişə onu bişirənin özünə yedizdirirlər”. Dünyanın gedişatı da onu göstərir ki, Rusiya artıq yeməkləri qayda-qanunla bişirə bilmir, hər işi yarıbişmiş edir. İyirmi beş ildir bişirilən, lakin hələ də yarıbişmiş bu yeməyi indi heç kim yemək istəmir. Amerika və Avropa isə Rusiyadan fərqli olaraq istənilən “yeməyi” bişmə müddətinin uzunmüddətli olmasına baxmayaraq, yaxşı bişirib, ləzzətlə yeyir. Doğrudan da Rusiyanın ağıllı adamları oturub yaxşı düşünsələr, görərlər ki, bu münaqişədən daha çox Qərb, Amerika faydalanır, yeməklərin əsl dadını Polşada, Çexiyada ona qarşı raketdən müdafiə sistemi yaradan dövlətlər görür. Rusiya isə hələ də yeməyi bişirməklə məşğuldur və bu, bişmir. Çünki, bu, ona görə bişməyəcək ki, xörəyə lazım olan istiot, duz və digər ədvicatlar Azərbaycandadır. Yəni haqq-ədalət bu tərəfdədir.



Yaddan çıxarılmamalıdır ki, bu oyunda Azərbaycanın qapısını elə Azərbaycanın özü öz gücünə, düzgün və düşünülmüş siyasətinə, zəngin təbii, maddi və mənəvi sərvətlərinə, xalqın birliyinə, haqqa-ədalətə, beynəlxalq hüquq normalarına əsaslanaraq qoruyur. Ermənistan isə özünün forpostunun maraqlarına əsaslanaraq qoruyur. Tarixdən də məlumdur ki, Rusiya müttəfiqlərini axıradək qoruya bilməmişdir.

Bir sözlə, şimal qonşumuzun bölgədəki marağı dünyada onun özünə azalan maraq kimi sona doğru gedir. Bu qışdan sonra hər şey aydın olacaq. Gözləmək, ən yaxşı səbrdir.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə