ƏZİzov ceyhun Həmid oğlu, bdu-nun Cinayət hüququ və кriminоlogiya kafedrasının magistrantı qulluğa səHLƏnkar yanaşma cinayəTİ: problemlər və TƏKLİFLƏR



Yüklə 30.51 Kb.
tarix10.07.2017
ölçüsü30.51 Kb.


ƏZİZOV Ceyhun Həmid oğlu,

BDU-nun Cinayət hüququ və

кriminоlogiya kafedrasının magistrantı
QULLUĞA SƏHLƏNKAR YANAŞMA CİNAYƏTİ:

PROBLEMLƏR VƏ TƏKLİFLƏR

Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (daha sonra – SQ) Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir [2, mad.1]. 1995-ci il Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası qısa bir müddət ərzində müdafiə, hərbi quruculuq, SQ-in komplektləşdirilməsi məsələlərini nizama salan qanunlar qəbul etmiş, hərbi xidmətin əsasları, hərbi xidmətə çağırışın və qəbulun, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu, hərbi xidmətin yüksək nizam-intizamla keçirilməsi, SQ-in döyüş və səfərbərlik hazırlığının saxlanması qaydaları müəyyən edilmişdir. Silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti – hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir.

Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır [3, mad.1, 2].

Rütbələrindən və vəzifələrindən asılı olmayaraq bütün hərbi qulluqçular qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına və inzibati xəta törətdiklərinə görə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər [4, mad.7]. Hərbi qulluqçuların cinayət məsuliyyəti cinayət qanunun normaları ilə tənzimlənir. Cinayət qanunu, cinayət sayılan ictimai təhlükəli əməllərin ümumi siyahısını verir və cəza təhdidi altında onları qadağan edir, ayrı-ayrı cinayət növlərinin hədlərini, xarakterik cizgilərini və əlamətlərini müəyyən edir və cinayətkar qəsdin obyektlərinə görə onları qruplaşdırır.

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur və vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər [1, s.25]. Lakin, məhkəmə təcrübəsi göstərir ki, bir sıra vətəndaşların həmin konstitusion vəzifələrini layiqincə yerinə yetirməkdən imtina edərək, həqiqi hərbi xidmətdən boyun qaçırmaları, qulluğa səhlənkar yanaşmaları, fərarilik etmə, hərbi hissə və ya xidmət yerini özbaşına tərk etmə halları və s. cinayət əməlləri heç də az deyildir.

Qulluğa səhlənkar yanaşma hərbi xidmət əleyhinə olan cinayətlərin sisteminə müstəqil cinayət növü rimi ilk dəfə 1927-ci il CM-də daxil edilmişdir (maddə 256) [7, s.93 ]. Lakin, 1922-ci il Azərbaycan SSR CM-də (maddə 105) [6, s.38], həmçinin 1960-cı ildə qəbul edilmiş CM-nin ilkin redaksiyasında bu cinayət yalnız ümumi norma kimi (maddə 169) vəzifə cinayətləri sisteminə daxil idi [8, s.92]. Qeyd edək ki, 1984-cü ildə qanunverici 1927-ci il CM-nin mövqeyinə qayıdaraq, 1960-cı il CM-nə yenidən qulluğa səhlənkar yanaşma cinayətini müstəqil cinayət növü kimi hərbi xidmət əleyhinə olan cinayətlər sisteminə daxil etmişdir (maddə 255-1) [9, s.172].

1999-cu ildə qəbul edilmiş CM-də səhlənkarlığa görə məsuliyyət həm ümumi normada (maddə 314), həm də cinayətin subyektinin xüsusi əlamətlərinə görə (hərbi qulluçu) hərbi xidmət əleyhinə olan cinayət növü kimi (maddə 342) müəyyən edilmişdir.

1999-сu il CM-nin 314-cü maddəsinə görə, “səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. CM-nin 314.2-ci maddəsinə görə isə “eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

1999-cu il CM-nin 342.1-ci maddəsinə görə “rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. CM-nin 342.2-ci maddəsinə görə, eyni əməllərin ağır nəticələrə səbəb olması, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilən maddələrin sanksiyalarını müqayisə etdikdə aydın olur ki, qanunverici haqlı olaraq cinayətin subyektinin xüsusi əlamətlərinə görə CM-nin 342-ci maddəsinin sanksiyasını ağırlaşdırmışdır.

Qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsində “qulluğa səhlənkar yanaşma” cinayəti “hərbi xidmət əleyhinə olan cinayətlər” sisteminə daxildir. Qeyd edək ki, bilavasitə obyektdən asılı olaraq, hərbi xidmət əleyhinə olan cinayətlər dörd qrupa bölünür ki, “qulluğa səhlənkar yanaşma” cinayəti “rəis və ya vəzifəli şəxs tərəfindən hərbi xidmət əleyhinə törədilmiş cinayətlər” qrupuna aid edilir [13, s.160].

Qulluğa səhlənkar yanaşma cinayətinin bilavasitə obyekti rəisə və ya hərbi vəzifəli şəxsə həvalə olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir [5, s.944]. Bu cinayət obyektiv cəhətdən rəisin və ya hərbi vəzifəli şəxsin öz üzərinə düşən hərbi xidmət vəzifələrini yerinə yetirməməsində və ya natamam şəkildə yerinə yetirməsində, hərbi idarəçilik orqanlarının normal fəaliyyətinə, hərbi xidmətin mənafeyinə, yaxud hərbi qulluqçuların və ya digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə əhəmiyyətli zərər vurmasında, habelə ağır nəticələrin meydana çıxmasında ifadə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə meydana çıxmış zərərli nəticələr arasında səbəbli əlaqənin mövcud olması obyektiv cəhətin zəruri əlamətidir. Cinayətin subyektiv cəhəti təqsirin həm cinayətkarcasına özünəgüvənmə, həm də cinayətkarcasına etinasızlıq formasında ehtiva olunur. Tədqiq edilən cinayətin subyekti xüsusi subyektdir və subyekt qismində hərbi rəis və ya yaxud digər hərbi vəzifəli şəxs çıxış edə bilər. Tövsifedici hallar qulluğa səhlənkar yanaşmanın ağır nəticələrə səbəb olmasını, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədilməsini nəzərdə tutur. Ağır nəticələrə hərbi intizamın, hərbi hissənin və bölmənin döyüş hazırlığının ən ciddi formada pozulması, fəlakət və ya qəza baş verməsi, döyüş texnikasının məhv edilməsi və ya zədələnməsi, böyük maddi zərər vurulması, şəxsiyyətin sağlamlığına ciddi zərər vurulması və sair aid ola bilər [11, s. --].

Azərbaycan Respublikasının cinayət qanunvericiliyindən fərqli olaraq, Rusiya Federasiyasının cinayət qanunvericiliyi qulluğa səhlənkar yanaşma cinayətini yalnız ümumi normada (maddə 293) qeyd etmişdir [14, s.151]. Fikrimizcə, müharibə şəraitində yaşayan ölkəmiz üçün səhlənkarlıq cinayətinin subyektin xüsusi əlamətlərinə görə ümumi (maddə 314) və xüsusi normalarda (maddə 342) fərqləndirilməsi daha düzgün və məqsədəuyğundur.

Beləliklə də, Azərbaycanda müxtəlif vaxtlarda qüvvədə olan bütün cinayət qanunlarında qulluğa səhlənkar yanaşma cinayəti fərqli tərkib əlamətləri və ağırlaşdırıcı halları ilə də olsa belə həmişə cinayət hesab edilmişdir. Fikrimizcə, bu cinayətin qüvvədə olan 1999-cu il CM-nin 342-ci maddəsində göstərilən tərkibi öncə qəbul edilmiş cinayət qanunvericilikləri ilə müqayisədə daha mükəmməl və məqsədəuyğun hesab edilə bilər. Amma, zənnimizcə 342.2-ci maddənin (ağırlaşdırıcı hallarda qulluğa səhlənkar yanaşma) sanksiyası bir qədər yumşaqdır və sanksiyanın daha da ağırlaşdırılması və beləliklə bu cinayətin əsas tərkibini (342.1) – az ağır, ağırlaşdırıcı hallarda olan tərkibini isə (342.2) ağır cinayətlər kateqoriyasına daxil ediməsi daha məqsədəuyğun hesab edilə bilərdi.



İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasının Kostitusiyası. Bakı: Qanun nəşriyyatı, 2010.

  2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli Qanunu.

  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu.

  4. Azərbaycan Respblikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu.

  5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası / F.Y.Səməndərovun ümumi red. Bakı: Digesta., 2007, 960 s.

  6. 1922-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi. Rəsmi nəşriyyat. Bakı: Qırmızı Şərq, 1927, 184 s. (rus dilində)

  7. 1927-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi (1944-cü il fevralın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Rəsmi nəşriyyat. Bakı: Azərnəşr, 1945, 220 s.

  8. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi. Bakı: Az.SSR Ali Sovetinin nəşr., 1961, 152 s.

  9. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi (1998-ci il oktyabrın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 1998, 192 s.

  10. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsi (2009-cu ilin 1 yanvarınadək olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 2009, 419 s.

  11. İmanlı M.N. Cinayət hüququ. Xüsusi hissə. Təcrübi materiallar toplusu ilə birgə. Bakı: Zərdabi nəşriyyatı., 2009, s. .

  12. Əliyev А. Hərbi qulluqçuların hüquqi məsuliyyəti. Bakı: Səda nəşriyyatı, 2008, 152 s.

  13. Самедова Ш.Т. Уголовное право Азербайджанской Республики. Особенная часть. Баку: Адыльоглу, 2008, 184 c.

  14. Уголовный Кодекс Российской Федерации. М.: Проспект, 2005, 192 c.


Азизов Джейхун Гамид оглы
ХАЛАТНОЕ ОТНОШЕНИЕ К СЛУЖБЕ:

ПРОБЛЕМЫ И ПРЕДЛОЖЕНИЯ
АННОТАЦИЯ

Ответственность за преступления против военной службы предусмотрена в главе 35 Уголовного Кодекса Азербайджанской Республики. Военную службу следует понимать как особый вид государственный службы, обладающий специфическими свойствами в связи с выполнением обязанностей по вооруженной защите государства от военной агрессии. Особую опасность среди преступлений против военной службы представляют преступления, совершенные начальником или должностным лицом (статьи 341, 342, 343 и 344).



Ключевые слова: преступление, военная служба, халатность, халатное отношение к службе.

Azizov Jeyhun Hamid
NEGLIGENT ATTITUDE TO SERVICE:

PROBLEMS AND OFFERS
THE SUMMARY

Responsibility for crimes against military service is provided in chapter 35 of the Criminal Сode of the Azerbaijan Republic. The military service should be understood as a special kind state the services, possessing specific properties in connection with performance of duties on the armed protection of the state against military aggression. Special danger among crimes against military service the crimes made by the chief or the official (represent articles 341, 342, 343 and 344).


Keywords: сrime, military service, negligence, negligent attitude to service.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə