349
“KDQ”-nin izahlı lüğəti”ndə “degəc//digəc” zərf kimi təq-
dim edilir. Halbuki həmin söz morfoloji baxımdan feli bağlama,
sintaktik baxımdan zərflikdir.
Dəlmək: 1) deşmək, dəlik açmaq. “Bir əski dəvə çuvalı bul-
dı, dəldi, boynına keçürdi” (D-107); “Arıq olsa, qulağın dələrdi,
avda bəllü olsun deyü” (D-237); 2) dağıtmaq. “Quduz qurtlar
evimi dəlir gördüm” (D-43); 3) dəlüb keçmək – yarıb keçmək, sü-
rətlə keçmək. “İlərü yatan dəηizi dəldim – keçdim” (D-206);
“Aqındılı görkli suyı dəlüb keçən” (D-239); dəlinmək, deşilmək,
göz-göz olmaq. “...meydanda buğa kibi süsişdilər, köksləri
dəlindi” (D-251).
Dəηəmək. Drezden nüsxəsinin 207-ci səhifəsindəki “مدكد”
yazılış şəklinin transkripsiyası və izahında fikir müxtəlifliyinə rast
gəlinir. Belə ki, M.Erginə görə, həmin yazılış şəklinin transkripsi-
yası “deηe”, mənası isə “denemek”, “sınamak”dır. O.Ş.Gökyayın
nəşrində də həmin mənada verilib (denemek – sınamak, təcrübə
etmək). S.Əlizadə həmin yazılış şəklinin “dikdim” şəklində trans-
kripsiyasını əsaslandırmağa çalışır. Müəllif yazır: “Dikdim. D-də
(“Drezden nüsxəsində - Ə.T.) bu sözü “dəgdim” (dəydim) kimi də
oxumaq olar. V-də (Vatikan nüsxəsində - Ə.T.) anlaşılmazdır (də-
ηədəm//dəηədim). HA (Həmid Araslı – Ə.T.) və Er-də (M.Ergində
- Ə.T.) dənədüm (M.Ergində “deηedüm şəklindədir – Ə.T.).
Bizcə, burada “göz dikmək” idiomundan sərbəst şəkildə istifadə
edilib” (“Kitabi-Dədə Qorqud”. Bakı, 1988, səh.234).
Vatikan nüsxəsinin 88-ci səhifəsindəki “مدكد” yazılış
şəklində “د” (dal) hərfindən sonra “ك” (nun-i sağır) hərfinin yazıl-
masını, H.Araslının transkripsiyasını (dənədüm), eləcə də S.Əliza-
dənin anlaşılmaz hesab etdiyi “dəηədim” oxunuş formasını əsas
götürür və Drezden nüsxəsindəki yazılış şəklinin “dəηədim” (də-
ηəmək) formasında transkripsiyasını daha məqbul hesab edirik.
Bu mənada S.Əlizadənin “مدكد” yazılış şəklini “dikdim” kimi
transkripsiya etməsi, eyni zamanda müəllifin “həmin cümlədə
“göz dikmək” idiomundan sərbəst şəkildə istifadə edilib” fikri
mətnin semantik tutumuna uyğun gəlmir (F.Zeynalov və S.Əliza-
“Dədə Qorqud”un möcüzələr dünyası
350
dənin transkripsiyası: “Qarşusından ol əri sanctum vəqt dikdim
göz ucilə ol ərə baqdım; Bizim təqdim etdiyimiz transkripsiya:
Qarşusından ol əri sanctum vəqt dəηədim göz ucilə ol ərə baq-
dım”). “Dəηəmək” sözünün M.Ergin və O.Ş Gökyay tərəfindən
“sınamaq”, “təcrübə etmək” mənasında izah edilməsi də mətnin
semantikası ilə səsləşmir. Düzdür, “dəηəmək” felinin sınamaq,
təcrübə etmək kimi mənaları var, amma bu, həmin sözdən sonra
işlənən “gözucu baxmaq” frazeminin semantik yükü ilə birbaşa
bağlanmır. Belə çıxır ki, Yegnək qarşısındakını sınadıqdan, təcrü-
bə etdikdən sonra ona (dayısı Əmənə) gözucu baxıb. Bu, məntiqi
ardıcıllıq baxımından düzgün deyil.
V.V.Bartold “vəqt dəηədim” ifadəsini “...на время я
утих…” (bir müddət sakitləşdim) kimi tərcümə edib. Qeyd edək
ki, bu, mətnin semantik yükü ilə səsləşir.
M.Kaşğarinin lüğətindəki imkan, fürsət, məqam anlamlı
“tənq” və iki şeyi bir-birinə müvaziləşdirmək, tən etmək anlamlı
“tənqər” sözlərini “Kirab”dakı “dəηəmək” felinin ilkin forması
kimi götürsək, “vəqt dəηədim” ifadəsi məqam, fürsət gözlədim,
müvaziləşdirdim mənasını verir. Bu da mətndəki “gözucu bax-
maq” ifadəsinin semantikası ilə bir-başa bağlanır, daha doğrusu,
“gözucu baxmaq” “vəqt dəηədim” ifadəsinin semantikasını ta-
mamlayır, onun sinonimi kimi çıxış edir.
Dərləmək: tərləmək. “Bir məhbub ala gözlü gənc yigit
burcuq-burcuq dərləmiş uyar” (D-266); qan dərlətmək – qan-tər
içində olmaq, qan-tər basmaq. “Qan dərlədi çapdırayım səniη içün
(D-245). Bu cümlənin semantik yükü F.Zeynalov və S.Əlizadə
tərəfindən dəqiq müəyyənləşdirilib: “Elə çapım, bassın onu qoy
qan-tər!”. (“Kitabi-Dədə Qorqud”. Bakı, 1988, səh.205).
Drezden nüsxəsinin 266-cı səhifəsindəki “
د
١
ل
ص
ڜڍ
” yazılşı
şəklini M.Ergin derlemiş, F.Zeynalov və S.Əlizadə isə dərləmiş
formasında transkripsiya edib. Həmin yazılış şəklini M.Ergin
Türkiyə türkcəsinə uyğunlaşdıraraq transkripsiya etsə belə, yenə
də hər iki oxunuş formasını düzgün hesab edirik. Çünki həmin
yazılış şəklinin birinci hərfi “ ٺ” yox, məhz “ د ” hərfidir.
“Dədə Qorqud”un möcüzələr dünyası
351
“Dərləmiş” sözünün kök morfemi olan “dər” isminin arxetipi
“dər” yox, “tər”dir. “Kitabi-Dədə Qorqud”da, eləcə də Orxon-Ye-
nisey abidələrində “tər” şəklindədir. Məsələn, “Tığ at kudrukın tü-
güp tigrət yazığ Kodı yadrat tokuz kat üçurqüp, topı uluğ ança tə-
ritzüη − tir – boyu çapdır, doqquz qat bağla, böyük (başçımız) elə-
cə tərləsin, - deyir”. Deməli, “Kitab”da “tər” sözü tələffüz olundu-
ğu kimi, yəni t→d əvəzlənməsi ilə yazıya alınıb. “Tər” sözü müa-
sir Azərbaycan ədəbi dilinin orfoqrafiyası və hətta orfoepiyasında
“Kitab”dakı yox, Orxon-Yenisey abidələrindəki formasına uyğun
işlənir. Maraqlıdır ki, “Kitab”da rast gəlinən “dərləmiş” sözü
Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunmaqda-
dır. Yəni qərb şivələrində təkcə tərrəmiş yox, həm də dərrəmiş
variantına təsadüf edilir: ...“t səsinin d səsi ilə əvəzlənməsi hadisə-
si Azərbaycan dilinin dialekt və şivələrində az hallarda özünü
göstərir. Bu hadisəyə bir neçə sözdə, əsasən, Qazax dialektində
təsadüf edilmişdir. Dər
təsdiqləyir (M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları.
Bakı, 1962, səh.82).
Dəpələmək: 1) öldürmək. “Babaη dedi, keyikləri qovsun gə-
türsün, bənim ögimdə dəpələsün, oğlumıη at səgirdişin, qılıc ça-
lışın, oq atışın görəyim, sevinəyim, qıvanayım – güvənəyim” (D-
92); Muştuluq! Oğluη Dəpəgözi dəplədi!” (D-234); 2) vurmaq,
silkələmək. “Aruz qoca dəxi enüb dəpələdi, mahmuzı toqundı”
(D-216).
“Dəpələmək” sözü M.Erginin lüğətində “tepelemek”, “tek-
melemek”, O.Ş.Gökyayın lüğətində “tepelemek”, “baş aşağı edib
öldürmek”, “alt etmek”, “yenmek”, “kahretmek”, “helak etmek”
mənalarında izah edilib. “KDQ”-nin 1988-ci il Bakı nəşrinin
“Mətnin müasir şəkli” hissəsində isə toplamaq, vurmaq, silkələ-
mək, öldürmək, yerə sərmək mənalarında verilib. Bəlkə, elə bu cür
fərqli izahlara görə “dəpələmək” sözü “KDQ”-nin izahlı lüğəti”nə
(Bakı, 1999) daxil edilməyib.
F.Zeynalov və S.Əlizadə “Babaη dedi, keyikləri qovsun gə-
türsün, bənim ögimdə dəpələsün...” cümləsindəki “dəpələsün” fe-
“Dədə Qorqud”un möcüzələr dünyası
352
lini “toplasın” mənasında sadələşdirib. Ancaq onu da qeyd etmək
lazımdır ki, S.Əlizadə “Nüsxə fərqləri və şərhlər” adlı yazısında
Drezden nüsxəsindəki “dəpələsün” (D-22) sözünün əvəzinə, Vati-
kan nüsxəsində “öldürsün” sözünün yazıldığını xüsusi olaraq gös-
tərir. Bu mənada “KDQ”-nin 1988-ci il Bakı nəşrinin “Mətnin
müasir şəkli” hissəsində “dəpələsün” sözünün “toplasın” kimi mə-
nalandırılmasını düzgün hesab etmək olmaz. Drezden nüsxəsin-
dəki “dəpələsün” sözü V.V.Bartoldun tərcüməsində “пусть
убьет” (öldürsün) kimi verilib. Deməli, “Babaη dedi, keyikləri
qovsun gətürsün, bənim ögimdə dəpələsün...” cümləsinin seman-
tik tutumu, Drezden nüsxəsinin 22-ci səhifəsindəki “dəpələsün”
sözünün Vatikan nüsxəsinin 12-ci səhifəsində “öldürsün” sözü ilə
əvəz olunması, eləcə də V.V.Bartoldun tərcüməsində “dəpələsün”
sözünün “пусть убьет” kimi verilməsi təsdiq edir ki, “dəpələsün”
sözü “toplasın” deyil, məhz “öldürsün” mənasındadır.
F.Zeynalov və S.Əlizadə “Qılıc çəküb altı kafər dəplədi, to-
lanbaz urıb yundları ürkitdi” (D-263) cümləsindəki “dəplədi” sö-
zünü “yerə sərdi” mənasında təqdim edib. Bu, “dəpləmək” felinin
semantikasına uyğun gəlsə də, onu tam şəkildə ifadə etmir. Çünki
“dəplədi”nin “öldürdü” mənası mətnin semantik yükü ilə birbaşa
səsləşir. V.V.Bartold da “dəplədi” sözünü düzgün olaraq “убил”
kimi tərcümə edib.
Dəpmək: 1) vurmaq. “Hamidlən Mərdin qələsin dəpüb yı-
qan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran...” (D-60); “Qarnın
toyurdıqdan soηra qazanları dəpdi-dökdi, çevirdi” (D-111); “Endi
bir yigit bunı dəpdi” (D-216); dəpdikcə (dəpdiklərincə) – vur-
duqca. “Dəpdikcə böyüdi (D-216); “Dəpdiklərincə böyüdi” (D-
216); at dəpmək – atla hücum etmək. “Uruz kafəriη sağına at dəp-
di” (D-133); “Dözən oğlı Alp Rüstəm at dəpdi, meydana girdi”
(D-288); Öηdin dəpən – döyüşdə öndə gedən. “Qırış güni öηdin
dəpən alpımız Salur oğlı Qazan!” (D-231); dövləti dəpmək – bəxti
gətirmək. “Dəlü ozan, dövlətiη dəpdi (D-111).
O.Ş.Gökyay “dövləti dəpmək” ifadəsinin “səadətini öz əliylə
məhv etmək” mənasında olduğunu göstərir. Mətnin semantik
“Dədə Qorqud”un möcüzələr dünyası
353
tutumundan isə asanlıqla anlaşılır ki, “dövləti dəpmək” ifadəsi hə-
min mənada deyil. Belə ki, Qazanın dilindən verilmiş “Dəli Ozan,
dövlətiη dəpdi. Bəglər, bugünki bəgligim bunıη olsun” cümlələri-
nin semantik yükü O.Ş.Gökyayın izahı ilə səsləşmir. Bu mənada
“dövləti dəpmək” ifadəsinin F.Zeynalov və S.Əlizadə tərəfindən
“bəxti gətirmək” mənasında izah olunması düzgündür.
F.Zeynalov və S.Əlizadə “Qazan at dəpdi” cümləsindəki (D-
288) “at dəpmək” ifadəsini düzgün olaraq hücum etmək anlamlı
“atla irəli cummaq” mənasında təqdim edib. Amma nədənsə “Mət-
nin müasir şəkli”ndə “at dəpmək” “at sürmək” ifadəsi ilə əvəz edi-
lib: “Uruz kafirin sağına at dəpdi. Qeyd edək ki, bu tip cümlələr-
dəki “at dəpdi” ifadəsi məhz “atla hücuma keçdi” məna-sındadır.
Dikmək//Timək: qurmaq, dikinə qoymaq. “Aq çadır dikdi-
lər, ala qalı döşədilər, ağca qoyun qırdılar...” (D-178); Gög ala
görklü çəmənə çadır dikdi” (D-200); Ala Tağda çadırıη – otağın
dikdi” (D-293); “Gög alaη görklü çəmənə çadır tikdi” (D-126);
dikmək: tikmək (tikiş). “Oxqabının başı və üzənginin qayışının
tikilməsi” mənasında. Aqınçılarıη tirkəsi bağı, üzəngüsi qayışı
üzülür, dikməyə gərək olur” (D-189).
“Kitab”da məcazi mənada işlənən “tikmək” felinə də rast gə-
linir. Məsələn: Qıya tikmək – qıyqacı baxmaq (“qıya tikmək” ifa-
dəsindəki “tikmək” sözü müasir ədəbi dilimizdə “dikmək” şəklin-
də işlənir: gözünü dikmək, başını aşağı dikmək). “Qıya tikübən
Baybörə bəgiη yüzinə baqdı” (D-67).
Dökdürmək: tökdürmək, axıtmaq; gözdən acı yaşın dökdür-
mək – ağlatmaq. Qara gözdən acı yaşın dökdür-diηmi?” (D-136).
Müasir ədəbi dilimizdəki “göz yaşı tökmək” ifadəsi də məhz
“ağlamaq” mənasındadır.
Dökmək: 1) salmaq. “Kafiri basdılar – qırdılar, qələyə dök-
dilər” (D-270); 2) atmaq. “Sadaqından toqsan oxın yerə dökdi”
(D-198);dəpib-dökmək–vurub-tökmək, töküb-töküşdürmək. “Qar-
nın toyuzdıqdan soηra qazanları dəpdi-dökdi, çevirdi” (D-111);
qan dökmək – qan axıtmaq, öldürmək. “Baş kəsübdir, qan dökip-
dir” (D-124); Ğafillücə görklü başın kəsiη. Alca qanın yer yüzinə
“Dədə Qorqud”un möcüzələr dünyası
354
döküη” (D-243); Gözdən acı yaş dökmək, qan-yaş dökmək –
ağlamaq. “Qara gözdən acı yaş dökdiηmi, qız?!” (D-115); Qarıcuq
anaη qan-yaş dökdi (D-146; 6). Əlavə olaraq qeyd edək ki, “Ki-
tab”da “dökmək” felinin “tökmək” şəklində işlənməsinə də rast
gəlinir: “Alca qanıη yer yüzinə tökəyinmi?” (D-196).
Düşmək: 1) getmək. ardına düşmək – dalınca getmək. “Qa-
raca çoban zərb elədi, qaba ağacı yerilə-yurdilə qopardı, arqasına
aldı, Qazanıη ardına düşdi” (D-50); yola düşmək – getmək, hərə-
kət etmək. “Qoηur atını öηçələdi, kafər keçəki yola düşdi, getdi”
(D-44); 2) öz ağırlığının təsiri ilə yerə enmək. “Yerə dəxi düşsə,
toz kibi savrılardı...” (D-57); 3) özünü suya salmaq. “Dəli Qarçar
səgirdərək vardı, suya düşdi” (D-89); 4) yıxılmaq. “Görklüm, at-
dan düşdüm ayağım sındı” (D-242); “Buğa ayaq üstinə turamadı,
düşdi” (D-17); 5) gəlmək, enmək. “Düşdilər, işrətə məşğul oldu-
lar” (D-191); 6) tökülmək, yerindən çıxıb (qopub) düşmək.
“Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi” (D-63); 7) bürümək, ört-
mək. “Pusdığından qara tağlara tuman düşmüş” (D-244); ayağına
düşmək – yalvarmaq. “Qazanıη ayağına düşdilər, suçların dilədi-
lər, əlin öpdilər” (D-303); qara başına düşmək – başı bəlaya düş-
mək. “Qara başına düşəndə gərəklüdür” (D-130); oxa düşmək –
döyüşdə həlak olmaq. “İki qardaşı oxa düşdi, şəhid oldı” (D-41);
gözinə qorxu düşmək. “Kafərləriη gözinə qorxu düşdi” (D-41);
canına odlar düşmək – son dərəcə həyəcanlanmaq, sarsılmaq.
“Boyı uzun Burla bunı eşitdi, yürəgilə canına odlar düşdi” (D-51).
Tolmaq: 1) dolmaq, bir yerə daxil olub onu doldurmaq,
başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. “Ulaşuban
sular taşsa, dəηiz tolmaz” (D-3); dolu hala gəlmək, boşluq qalma-
maq. “Üçüncidə kəndiyə zərb eylədi, qanı toldı” (D-140); “Basa-
tın qaranηulu gözləri yaşla toldı” (D-222).
Turmaq: durmaq: 1) ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz
dayanmaq: “Ayağı üzərinə turımadı – ayaq üstə dura bilmədi”;
“Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı” (D-189); 2)
ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq.
“Qalqubanı yerindən turan yigit, nə yigitsən?” (D-196); “Buğac
“Dədə Qorqud”un möcüzələr dünyası
355
bəg yerindən uru turdı” (D-31); “Ərə varan yerindən tura, bən qo-
puz çalam” (D-114); yerindən turmaq – yerindən durmaq, yuxu-
dan ayılmaq, qalxmaq. “Alar taηla yerindən turan yigit, nə yigit-
sən? (D-287); turamadı – dura bilmədi. “Buğa ayaq üstünə tura-
madı, düşdi” (D-17); yerindən turı gəlmək – yerindən durub gəl-
mək mənasındadır. “Qalqubanı Qazan xan yerindən turı gəldi (D-
293); 3) qərar tutmaq, rahat qalmaq. “Ağır xəzinəm, bol aqçam
gətürüb durursan, saηa xərclıq olsun!” (D-57); Qarıcıq anam gə-
türib durarsan, mərə kafər, anamı vergil maηa (D-58); 4) dayan-
maq. “Dəpəgöz Basatın üzərinə qodı, xəncərlə çaldı-kəsdi, sıçradı
geη yerdə turdı (D-228); “Sağ yanında Qazan oğlı Uruz turmış idi
(D-67); turmaz qan – durmaz qan, axan, dayanmayan qan. “Dur-
maz qanın silər (D-19); 5) çaşıb qalmaq, duruxub qalmaq. “Qoru-
nıη qapusın ovatdılar, atlarının əyərin alub, geyimlərin çıqardılar.
Mərə, nə turarsız (D-255); 6) əleyhinə olmaq, qarşı çıxmaq. “Hə-
mişə Qazanıη başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun
(D-293); 7) qalmaq, davam etmək, yerində qalmaqda davam et-
mək; tuman tursa - dumanlı hava davam etsə. “Yuca tağları tuman
tursa, qara pusarıq dolı qopsa (D-278); çırağıη yana tursun –
çırağın daim yansın. “Həq yandıran çırağıη yana tursun!” (D-35);
8) var olmaq, mövcud olmaq. “Oğuz ərənləri turarkən səni ögmə-
gim yoq!”; “Oğuzun igidləri dura-dura mən sənin şərəfinə, şəniə
tərif yazan deyiləm” (D-278); “ata tururkən oğul əlimi öpərlər?”
(D-74); evi üstinə turmaq – evi üstündə durmaq, qorumaq, keşiyi-
ni çəkmək. “Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə tur-
sun!” (D-37); ilərü turmaq – irəli durmaq, işə başlamaq, toy elə-
mək. “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!”
(D-88). Banıçiçəyin dilindən verilmiş son cümlənin “Toya hazır-
laş!” mənasında olması “Ortamızda bu, nişan olsun, xan qızı!”
cümləsinin semantikasına, həm də boyun ümumi məzmununa görə
asanlıqla anlaşılır.
Tutmaq: 1) əli və ya əlləri ilə bir şeydən yapışmaq. “Saqa-
lıηla boğazıηdan tutayınmı?” (D-196); Dəpəgöz buynızından bərk
tutdı (D-228); Əmcəgindən tutdı (D-79); “Sügsünindən tutdı” (D-
“Dədə Qorqud”un möcüzələr dünyası
356
85); 2) ələ keçirmək, yaxalamaq, ələ gətirmək, həbs etmək. “Asla-
nı qaldırıb oğlanı tutdılar” (D-214); “Dirsə xanı tutdılar” (D-30);
“Pəri qızınıη birini tutdı” (D-215); “...qırq incə bellü qızlan Qaza-
nın halalını tutmışız” (D-39); “Yatdığı yerdə bəg Bəkili tutuη” (D-
244); “...Əgrəgi tutdılar” (D-155); acığı tutmaq - əsəbiləşmək, hid-
dətlənmək. “Çobanıη acığı tutdı” (D- 58); “Yalançı oğlı Yalancu-
ğıη acığı tutdı” (D-108); taşa tutmaq – daşa tutmaq, daşa basmaq.
“Kafərlər “yalan söylərsiz” deyü taşa tutdılar” (D-284); köηlin
yuca tutmaq – lovğalanmaq, təkəbbürlük etmək. “Köηlin yuca tu-
tan ərdə dövlət olmaz” (D-3); yüz gögə tutmaq – göyə üz tutmaq,
Tanrıya, Allaha yalvarmaq. “Böylə digəc Qalıη Oğuz bəgləri yüz
gögə tutdılar (D-68); tuta versün – ölməsin, sağ olsun, çox yaşa-
sın. “Allah Taala saηa bir oğul vermiş, tuta versün” (D-75); tuta
urmaq – hədəfə dəymək, toxunmaq. “Altı bərli gürz ilə dəpəsinə
qatı tuta urdı” (D-64); tutan gərdək – tutduğun gərdək. “Baηa tu-
tan gərdəgə ayrıq girsün!” (D-149); tutar belüm qüvvəti – sa-
yəsində belimizi dik tutduğumuz, başımızı dik tutdu-ğumuz” (D-
119); südin tutmaq – südünə söymək. “Ağ birçəklü qarınıη südin
tutdı” (D-19); yaqa tutmaq – yaxa tutmaq, qol-boyun olmaq. “Giz-
lü yaqa tutuban yiləşdilər” (D-200); sözin tutmaq – sözünü tut-
maq, sözünü eşitmək, sözünə baxmaq. “Sözin tutub təmam edər-
lərdi” (D-2); yas tutmaq – yas saxlamaq, yas məclisi qurmaq, yas-
da olmaq. “Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar” (D-
92); gözü tutmaq – bəyənmək, xoşlamaq, sevmək. “Gözüη kimi
tutarsa… aηa varğıl!” (D-21).
şaqımaq: çaxmaq, şimşək kimi çaxmaq, parlamaq. “Göydən
ıldırım ağban evim üzərinə şaqır gördüm” (D-43); “Ağ yıldırım
olup şaqıyayım” (D-147). İkinci nümunədəki “şaqımaq” feli mə-
cazi mənadadır. Dəqiq desək, “şaqıyayım” sözü “sarsıdım”, “məğ-
lub edim” anlamlıdır. Bu, həmin cümlədən əvvəl (“Asmanlu gög-
də qara bulut oluban, kafəriη üzərinə gurlıyayım”) və sonra işlən-
miş (Kafəri qamış kibi od oluban yandırayım) cümlələrin məna
yükü ilə birbaşa bağlanır.
“Dədə Qorqud”un möcüzələr dünyası
357
Şaqıtmaq: vurdurmaq. “Qanadilə saqsaqana kəndözin şaqı-
darmı?” (D-188). “Şaqıtmaq” feli “KDQ”-nin izahlı lüğəti” və
“KDQ” ensiklopediyasının “lüğət” bölməsinə daxil edilməyib.
O.Ş.Gökyay “şaqıtmaq” sözünün süpürmək, təmizləmək mənasın-
da olduğunu ehtimal edir. Həmin cümlədə isə “şaqıtmaq” sözünün
“vurdurmaq” mənasında olması birbaşa görünür.
Şeşmək: açmaq, çözmək. “Mənüm əlümi şeşiη, qolça qopu-
zım əlümə veriη...” (D-31); “Əlini şeşdilər, qolça qopuzın əlinə
verdilər” (D-32). “Kitab”da şeşmək sözünün sinonimi olan “çöz-
mək” sözünə də rast gəlinir: “Atından endi, çobanıη əllərin çözdi
(D-51); “Açmaq” anlamlı şeşmək sözü müasir ədəbi dilimizdə ar-
xaikləşsə də, Şəmkir şivəsində “şeşməx'” şəklində eynilə mühafizə
olunur. Bir cəhəti də qeyd edək ki, “şeşmək” feli M.Kaşğarinin
“Divanü lüğat-it-türk” əsərində “şəş” formasında işlənib (ər attın
kişən şəşdi = adam atdan cidar çözdü, cidarını açdı).
Şırşımaq: O.Ş.Gökyayın tərtib etdiyi lüğətdə “şırşıyan” sö-
zünün mənası izah edilməyib. F.Zeynalov və S.Əlizadə “Qula-
ğımda şırşıyan naibimmisən?” (D-269) cümləsindəki “qulaq”
sözünü “qulluq”, “şırşıyan” sözünü isə “dayanan” mənasında izah
edib: “Qulluğımda dayanan naibimsənmi?” “KDQ”-nin izahlı
lüğəti”ndə F.Zeynalov və S.Əlizadənin fikirləri, demək olar ki, ey-
nilə təkrarlanıb. Həmin lüğətdə göstərilir: “Şırşımaq – Qulluğunda
dayanmaq, xidmətində olmaq. Qulluğunda şırşımaq – daima
kiminsə xidmətində olmaq, daima kiməsə qulluq göstərmək...”.
Bu izahlar mətnin məna tutumuna uyğun gəlmir.
V.V.Bartold “şırşıyan” sözünü “шепчущий” (pıçıldayan, qu-
lağına pıçıldayan) kimi tərcümə edib. “...заместител ли ты мой
шепчущий (?) мне на ухо?” Tərcümədə “шепчущий” sözündən
sonra sual işarəsinin qoyulması müəllifin tam əmin olmadığını
göstərir. Fikrimizcə, “Qulağımda şırşıyan naibimmisən?” cümləsi
“Qulağıma pıçıldayan, səsi, pıçıltısı tanış gələn naibsənmi?” kimi
qavranıla bilir. Yəni “qulağımda” sözündəki -da yerlik hal şəkil-
çisinin yönlük hal mənasını ifadə etməsi, “şırşıyan” sözünün isə
“pıçıldayan” mənasında olması mətnin məna yükündən anlaşılır.
“Dədə Qorqud”un möcüzələr dünyası
358
Belə ki, Əyrək qardaşı Səyrəkdən əvvəlcə sarvanımsanmı, ilxıçım-
sanmı, çobanımsanmı, sonra isə naibimsənmi, - deyə soruşur, onu
özünə yaxın hesab edir. Bu doğmalıq sonrakı cümlənin mənası ilə
də səsləşir: “Beşikdə qoyub getdigim qardaşcığımmısan?” (D-
269).
Şikayət etmək: ah-nalə etmək, giley etmək, sızlamaq, yanıb-
yaxılmaq. “Aruza şikayət edüb ağlaşdılar” (D-217). Bu cümlədəki
“şikayət etmək” felinin daha çox “ah-nalə etmək” və ya “sızlan-
maq” mənasında olması real görünür. Belə ki, təqdim etdiyimiz
cümlənin xəbəri (ağlaşdılar) əvvəl işlənən cümlələrin xəbərlərinin
məntiqi nəticəsi kimi görünür: “...Oğlancıqlarıη kiminüη burnın,
kininüη qulağın yeməgə başladı. Əlhasili, ordı bunıη ucından qatı
incindilər. Aciz qaldılar. Aruza şikayət edüb ağlaşdılar” (yeməyə
başladı → zara gəldi → aciz qaldılar ağlaşdılar) (D-217). Sonuncu
xəbərlərin (aciz qaldılar, ağlaşdılar) məna yükü “şikayət etmək”
sözünün məhz “ah-nalə” etmək” mənasında olduğunu təsdiqləyir.
Ərəb mənşəli “şikayət” və türk mənşəli “etmək” yarımmüstəqil
felinin iştirakı ilə yaranan “şikayət etmək” tərkibi feli “KDQ”-nin
izahlı lüğəti”ndə (Bakı, 1999) verilməyib.
Dostları ilə paylaş: |