FaküLTƏ: Sİyasi VƏ İCTİMAİ elmlər təLƏBƏ: RƏŞad rzayev iXTİsas: tarix qrup: 130t kurs: 2


Xalq Cümhuriyyəti və Azərbaycançılıq məfkurəsi



Yüklə 78,7 Kb.
səhifə3/5
tarix31.12.2021
ölçüsü78,7 Kb.
#49846
1   2   3   4   5
1917-1918-Cİ İLLƏRDƏ AZƏRBAYCANDA MİLLİ HƏRƏKAT

Xalq Cümhuriyyəti və Azərbaycançılıq məfkurəsi

1917-ci il Fevral inqilabından sonra Azərbaycan istiqlal məfkurəsi Azərbaycanın muxtariyyəti şüarı altında, konkret siyasi proqram şəklində meydana atıldı. 1917-1918-ci illərdə Şimali Azərbaycanda genişlənən milli hərəkat, bu hərəkatı boğmaq üçün erməni-daşnak və rus-bolşevik qüvvələrin həyata keçirdikləri soyqırımlar Cənubi Azərbaycanda da əks-səda doğurmuşdu. Məhz Şimalda baş verən proseslərin təsiri altında Cənubi Azərbaycanda demokratik və milli hərəkat yenidən baş qaldırdı. Bütün bunlar Cənubi Azərbaycanda milli etnik şüurun dirçəldilməsinə öz təsirini göstərirdi.

Bu baxımdan 1918-ci ildə demokratiya meydanına çıxmış Cümhuriyyət quruluşu Azərbaycanda XIX əsrin ikinci yarısından maarifçilik hərəkatı kimi başlayaraq XX əsrin əvvəllərində milli hərəkatın ideoloji mahiyyətinə çevrilmiş “Azərbaycançılıq” ideologiyasının həyatiliyinin məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanlılıq uğrunda aparılan çoxillik mücadilənin, milli dövlət idealının özünütəsdiqi idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı öz tarixində ilk dəfə olaraq dövlət millətinə çevrildi. Bu hadisənin nəinki tarixi, həmçinin hüquqi, siyasi baxımdan çox böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir. Əvvəla, “Azərbaycan” sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalaşdırılması, o cümlədən Azərbaycan xalqının milli ruhunun dirçəldilməsi baxımından cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı. Cümhuriyyətin yaradılması və fəaliyyəti miqyasına görə daha geniş əhəmiyyət kəsb edərək ümumdünya mahiyyət daşıyırdı. Azərbaycan xalqı özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta yetirdi. Azərbaycanlılar ilk dəfə olaraq bütün islam dünyasına cümhuriyyətçilik məfkurəsini gətirərək bununla müstəmləkə zülmü altında yaşayan dindaş millətlərə də modern dövlət yaratmaq nümunəsi, azadlıq və demokratiya dərsi verdilər.

Tarixi Azərbaycan ərazisində cümhuriyyət quruluşlu müstəqil dövlətin yaradılması və ona Azərbaycan adının verilməsi dünyada və regionda heç də birmənalı qarşılanmadı. Xüsusən Ermənistan, İran və Rusiyada müxtəlif dairələrdə Azərbaycan türklərinin müstəqil dövlət şəklində öz müqəddəratlarını təyin etmələri ciddi həyəcan yaratmışdı. İran dövlətinin nümayəndələri Arazdan şimalda yaranmış dövlətin "Azərbaycan" adı ilə adlandırılmasına etiraz edir, hətta onun torpaqlarına iddialar irəli sürürdülər. İranın rəsmi dairələri bu ada etiraz edərək diplomatik yazışmalarında Azərbaycan hökumətini “Qafqaz Azərbaycanı” kimi adlandırmağa çalışırdı. Rusiyanın şovinist dairələrinin də Azərbaycan Cümhuriyyətinə, onun adına eyni münasibəti var idi. Bunun ən bariz nümunəsini biz Denikinin xatirələrində görürük. Azərbaycana nifrətini gizlətməyən bu irticaçı general özünün “Rus qiyamının oçerkləri”ndə iddia edirdi ki, Azərbaycan respublikasında İranın bir əyalətindən götürülmüş adından tutmuş ərazisinə, dövlətçiliyinə, hökumətinə qədər hər şey süni idi, gerçək deyildi.

Belə şəraitdə dünya ictimaiyyətini Azərbaycan türklərinin yaratdıqları dövlətin və onun ərazisinin həqiqətən Azərbaycan olduğuna inandırmaq olduqca vacib idi. Bu iş geniş nəzəri hazırlıqla yanaşı gərgin siyasi və diplomatik fəaliyyət tələb edirdi. Mürəkkəb şəraitdə Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə edərək dövlətin suverenliyini təmin etməyə nail oldu.

İranın və Ermənistanın Azərbaycan ərazilərinə iddialarının təkzib edilməsi baxımından Azərbaycan nümayəndə heyətinin hazırladığı "Qafqaz Azərbaycanı respublikasının nümayəndəliyinin Paris Sülh konfransına Memorandumu" mühüm əhəmiyyət kəsb edirdi. Memorandum dünya ictimaiyyətində Azərbaycan xalqının tarixi, etnogenezi, dini, mədəniyyəti, dövlətçilik ənənələri, ölkənin siyasi sistemi, iqtisadiyyatı, eləcə də ərazi iddiaları haqqında ümumi təsəvvür yaratmaq məqsədi güdürdü.

Azərbaycançılıq məfkurəsinin nəzəri cəhətdən inkişaf etdirilməsi, Azərbaycanın adına, dövlətçilik tarixinə, ərazilərinə münasibətdə irəli sürülən iddiaların əsassızlığının elmi şəkildə sübut edilməsi istiqamətində Azərbaycanın ziyalıları da mübarizə aparırdılar. Bu mübarizənin önündə M.Ə. Rəsulzadə gedirdi. Onun müxtəlif mətbu orqanlarda “Azərbaycan” terminin yaranması, Azərbaycanın tarixi, etnoqrafiyası ilə bağlı yazıları bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. M.Ə. Rəsulzadənin “Azərbaycan paytaxtı”, “İran və biz”, “Biz və İran”, xüsusən “Azərbaycan Cümhuriyyəti” adlı məqalələri, digər publisistik yazıları Azərbaycanşünaslığın inkişafına böyük təsir göstərmişdir.

Azərbaycançılığın nəzəri əsaslarının işlənib hazırlanmasında M.Ə. Rəsulzadənin Cümhuriyyətin bir illiyi münasibəti ilə “İstiqlal” məcmuəsinin 28 may 1919-cu il tarixli nömrəsində dərc etdirdiyi “Azərbaycan Cümhuriyyəti” adlı məqaləsi də mühüm rol oynadı. Məqalədə Azərbaycanın milli dövlətinin yaranmasının qısa tarixi şərh edilməklə yanaşı İran və Ermənistanın Cümhuriyyətin adı ilə bağlı iddialarına da geniş yer verilir və bu iddiaların yalan olduğu bir daha sübut olunurdu.

Cümhuriyyət dövründə “Azərbaycançılq” məfkurəsinin əməli cəhətdən gerçəkləşdirilməsi sahəsində də ciddi addımlar atılmışdı. Əgər Cümhuriyyətin yaradılmasına qədər Müsavat partiyası başda olmaqla Azərbaycan milli hərəkatının başlıca vəzifəsi “Azərbaycan fikrini yalnız xaricdə deyil, daxildə də isbat etmək”dən ibarət idisə. Cümhuriyyətin yaradılması ilə artıq xalqın zehnində Azərbaycan istiqlalı fikri möhkəm yer tutmuşdu. İndi əsas vəzifə “felən mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi, xaricdə müdafiəsi, daxildə təşkili üçün çalışmaqdan” (M.Ə. Rəsulzadə) ibarət idi.

Bu baxımdan Cümhuriyyət dövründə həyata keçirilmiş milli siyasətin təhlili mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə Azərbaycanda millətlərarası və dinlərarası dialoqun həyata keçirilməsi sahəsində atılmış mütərəqqi addımlar əslində hansısa xarici təzyiq və diktələrin, beynəlxalq və geosiyasi şəraitin təsiri altında deyil, məhz Azərbaycan dövlətinin iradəsinin nəticəsi idi. Cümhuriyyətin siyasi və mədəni elitası xalqın tarixi-mənəvi dəyərlərinə söykənərək, eyni zamanda onun gələcək taleyini düşünərək vahid dövlət çərçivəsində polietnik və çoxkonfessiyalı cəmiyyət yaratmağa nail olmuşdular.

Cümhuriyyət hakimiyyəti ölkədə mövcud olan dini-etnik sabitliyi qoruyub saxlamaqla yanaşı, multikultural birgəyaşayışın modern normalarını da yaradırdı. Əslində həmin dövrdə Azərbaycan hökumətinin və parlamentinin qəbul etdiyi bütün normativ hüquqi aktlar, qanun və qərarlar bu vəzifələrin həyata keçirilməsinə hesablanırdı. Nəticədə hüquq və azadlıqların təmin edilmə səviyyəsinə görə AXC mübaliğəsiz olaraq dövrün demokratiya siyahısında ön sıralarda adı çəkilən bir çox dövlətlərdən daha öndə idi. Azərbaycan hökuməti ölkədə yaşayan milli azlıqların mili-mədəni ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasna çalışırdı. Cümhuriyyət dövründə ölkədə onlarla milli-etnik cəmiyyətlər, icmalar, komitələr, şuralar fəaliyyət göstərirdi.

Kütləvi şüurda “Azərbaycançılıq” məfkurəsinin möhkəmləndirilməsi baxımından yeni dövlət atributlarının qəbulu, tarixi günlərin qeyd edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Mətbuatda üçrəngli milli bayrağın təbliği ilə bağlı yazılar dərc edilir, şairlər ona həsr edilmiş şerlər yazırdılar.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ruhunda milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında aparıcı amilə çevrildi. Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi tədbirlər Azərbaycançılıq məfkurəsinin şüarda deyil, əməli şəkildə gerçəkləşdirilməsinə xidmət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirməyə çalışdığı ideya və prinsipləri özündə ehtiva edən “Azərbaycançılıq” məfkurəsi bu gün də harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların mənəvi dəyərlər sistemini təşkil edir.



  1. Yüklə 78,7 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin