Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə18/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

İkincisi, o vaxt mitinqlərin adını çəkdiyim ən fəal iştirakçısının haqqında bu gün ictimai rəyin əsaslı surətdə dəyişdiyi, qəzetlərdə tez-tez əleyhinə yazıldığı bir vaxta mən yenə də vaxtilə məqalədə yazdığım fikirin üstündə dayanıram: cəsarətlidir, fədakardır, vətənpərvərdir. Ancaq hərəkətlərini, danışıqlarını heç də həmişə ölçüb- biçmir. Mövqeyində sabit deyil. Burada pis nə var ki, bunu bəhanə tutub məqalə əleyhinə palaz boyda yazılarla çıxış edəsən. Mən inanıram ki, bu nöqsanlar vaxtında deyilsəydi, həmin cavanın həqiqətən lider kimi formalaşmasına çox kömək edərdi. Bu da xalqın xeyrinə olardı. Əleyhinə yazıların gündən-günə artmasına baxmayaraq, mən onun bir sıra nitqlərini məmuniyyətlə xatırlayıram.

Mənim məqaləmdə Xomeynilə bağlı, dinlə əlaqədar fikirlərimdən yanaşıb məsələnin əsas məğzini bir kənara qoyub beşinci, onuncu dərəcəli məsələlərdən mülahizələrimin əleyhinə dəlil- sübut kimi istifadə etməyə cəhd göstərənlərə aşağıdakıları demək istəyirəm: Birincisi, kimliyindən hətta dünya miqyasında paklığından, müqəddəsliyindən asılı olmayaraq kim azərbaycanlını- xalqımın, millətimin övladlarını siyasi əqidəsinə, məsləkinə görə boğazdan asdırırsa mən onun şəklinin başımızın üstündə gəzdirilməsini heç cür qəbul edə bilmərəm. İkincisi, mən Azərbaycan qadınlarının gələcəyini başdan- başa çadra altında təsəvvür etmirəm. Bu gün Azərbaycanda geniş miqyas almış dini təhsil sabah həqiqi müsalmanlığa deyil, fanatizmə aparıb çıxaracaqsa mən bunu da qəbul etmirəm. O ki, qaldı şəxsən Xomeyniyə o, şübhəsiz, böyük tarixi şəxsiyyətdir. Dərin, zəkalı, millətpərvər alim- din xadimidir. Bu da həqiqətdir ki, Xomeyni haqqında oxuduqca, öyrəndikcə onun haqqında təsəvvürlər dərinləşir, genişlənir, reallaşır. Mən keçən il Tehranda oldum. Xomeyni elmi simpoziumlarında, konfranslarında iştirak etdim. Simpoziumun kürsüsündən Qarabağ haqqında informasiya səslənməsi üçün yoldaşlarımızla birlikdə istifadə etdim. Xomeyninin bəzi məktublarını oxudum. Əsərlərindən, nitqlərindən nümunələrlə tanış oldum. Beləliklə də Xomeyni şəxsiyyəti haqqında təsəvvürüm xeyli artdı. Onu da deməyi lazım bilirəm ki, Xomeyni şəxsiyyətinə münasibət çoxlarının düşündüyü kimi birmənalı deyildir.

Bu mənim şəxsi fikirlərimdir. Bunları yazmamaq da olardı. Ancaq bir şeyi bilməliyik: Bizim nicatımız birliyimizdədir. Dedi- qodular, kin- küdurətlər, təbəqələşmələr, qarşıdurmalar nə qədər tez aradan qaldırılsa, birlik bir o qədər tez formalaşar. Əks təqdirdə daha böyük fəlakətlər qarşısında qalacağıq. O vaxt hər birimiz daha böyük məsuliyyətlə ittiham ediləcəyik.

Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Azadlıq meydanında mitinqlərdə mən səhv etmirəmsə iki dəfə çıxış etmişəm. Onun biri televiziya ilə birbaşa canlı yayıma düşüb. Daha çox meydanın özündə camaatın arasında olmuşam. Tonqal başında da səhəri açmışam. Daşlara söykənib yuxulamışam da. Hətta sovet tankları ilk dəfə dörd tərəfi mühasirəyə alıb meydana girmək istəyəndə qadınların, uşaqların hündürə, daş pilləkanlara çıxmasına çalışmışam. Deyilənlərə görə səhv etmirəmsə saat 24-də tanklar meydana girməli idi. Yoldaşlarım 12- yə yarım saat, bir saat qalmış meydanı tərk etdiyi halda mən son dərəcə dəhşətli xəstə ayaqlarımla meydanda qalmışam. Hətta saat 12- yə beş dəqiqə qalmış tankların qabağında əl-ələ tutub dayanmış tələbələrimə yaxınlaşıb onlarla birlikdə əl-ələ tutmaq istəmişəm. Sevimli tələbəm, indi “Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli xahiş edib, yalvarıb ki, siz qocaqsınız (elə belə də deyib), gedin pilləkənə yaxın dayanın, qoyun tankların qabağında biz cavanlar duraq. Və səhərə qədər də tankların qabağında dayanmışıq. Nədənsə risq edib meydana girməyiblər. Görünür hələ məşqlər keçirirmişlər. Mən bununla həç də qeyri-adi bir iş gördüyümü dəmək istəmirəm. Dəmək istədiyim budur ki, Qarabağda da, Bakıda da tankdan, filandan qorxub çəkinməmişəm. Yüzlərlə adam şahiddir ki, qanlı yanvar gecəsində tanklardan atəş açılanda mən də yoldaşlarımla birgə küçədə idim. Həyatımızı təhlükədə qoyub, atəş açan tanklara məhəl qoymayıb yüzlərlə adamın küçədən çəkilib evlərin arxasına girməsini, evlərinə doluşmasını təşkil etmişik. Camaatın iki-üç dəqiqə əvvəl qarşısında durduğu dəmir darvazalar tanklardan atılan pulemyot atəşindən dəlik-dəlik oldu. Darvazalarda indi də güllələrin izi qalır.

Azadlıq meydanında çıxış edənlər sırasında qanlı yanvar faciəsindən sonra SSRİ prokuraturası işçiləri tərəfindən bir neçə gün dalbadal sorğu-suala çəkilənlər sırasında mən də olmuşam. Dörd nəfər kürən müstəntiqin arasıkəsilməyən suallarına mərdi- mərdanə cavab vermişəm. Heç bir şeydən çəkinməmişəm. Bəlkə də videoya çəkirdilər. Çünki ilk günlər həç nə yazmırdılar. Nəhayət, üçüncü gün kağız-qələm çıxartdılar. Dediklərim əsasında nəsə yazdılar. Düzü həmin gün çox əsəbi idim və qabaqcadan demişdim ki, bir də bura gəlməyəcəyəm:

- Qurtarın bu boş sorğu-sualları. Kişisiniz, gedin sorğu-suallarınızı Ermənistanda, Stepanakertdə aparın.

Mənim həmin gün çox əsəbləşdiyimi görüb yumşaldılar.

Sualı bu dəfə əsasən biri verirdi.Yanlarda və arxada oturanlar isə arabir müdaxilə edirdilər. Onları ən çox narahat edən mənim çıxışlarımda (çıxışlar makinədə yazılmış formada qabaqlarında idi. Mən sinədəftər çıxış etmişdim) Siyasi Büronun, Moskvanın, Mərkəzin tez-tez hallandırılması idi. Tez-tez soruşurdular: “Priçem zdes Politbyuro?”, “Priçem zdes Moskva?”

Mən cavab verirdim ki:

- Bəli, təqsirkar Moskvadır. Niyə Dağlıq Qarabağda vaxtında qayda yaratmadılar? Niyə Əsgəranda uşaqlarımız öldürüləndə, yaralananda Siyasi Büro narahat olmadı? Niyə həmişə respublikaları idarə edən Mərkəz Ermənistanın bu fitvasının qabağını almır? Qızıl Meydanda dayanıb Kremldə oturanları söyürlər. Niyə gedib onları sorğu-sual etmirsiniz, gəlib burda bizi daprosa çəkirsiniz?

Ən çox maraqlandıqları bir də bu idi:- Bu mitinqlərin arxasında kim durur?

Mən cavab verirdim ki, xalqı meydana Dağlıq Qarabaq hadisələri gətirib. Xalqı ayağa qaldıran orada baş verən faciələrdir. Meşələrin qanunsuz qırılmasıdır. Adamların ev- eşiyindən qovulmasıdır. Uşaqlarımızın vəhşicəsinə öldürülməsidir. Ərazidə Sovet qanunlarının kobud şəkildə pozulmasıdır.

Mənim on dəqiqəlik danışığımdan bir-iki cümlə yazırdı. Nə yazırdı bilmirdim. Əvvəldən də demişdim ki, nə istəyirsiniz yazın. Mən axırda oxumayacağam. Məhkəmədə cavab verəcəyəm. Cavab verəcəyəm ki, siz burada öz ağalığınızı bir daha sübut etməyə gəlmisiniz. İnsanla insan kimi rəftarı bacarmırsınız. Özünüzü elə göstərirsiniz ki, guya ən mədəni adamlarsınız. Ancaq bu uzun, yersiz, canüzücü suallarla əsəblərimizi yerindən oynadırsınız.

Yenə təkrar edirdilər:

- Hər halda siz bilməmiş olmazsınız ki, bu hadisələrin arxasında kimlər dayanır?

Mənim cavabım hər dəfə eyni olurdu:- Dağlıq Qarabağ hadisələri.

Sonra Əbülfəz Elçibəy və Nemət Pənahov haqqında çox soruşdular. Bütün məsuliyyəti ilə deyirəm: Hər ikisi haqqında ancaq və ancaq yaxşı sözlər dedim. Sualları nə qədər o yana, bu yana çevirdilər, yenə dediyimi təkrar etdim. Onlara toxunan, əleyhinə olan bir kəlmə də pis söz demədim. Qəti surətdə bildirdim ki, mən meydanda olanda onlardan milli ədavəti, təhrikçilik, rusların əleyhinə, dövlətin əleyhinə heç nə eşitməmişəm.
Amma suallardan hiss edirdim ki, bütün çıxışları əzbərdən bilirlər. Nə isə üç-dörd səhifə yazdılar. Heç oxumadan yazdım ki, mətnlə tanış oldum, qol çəkdim. Nədənsə inandım ki, artıq- əskik bir şey yazmazlar. Əvvəlcədən hədə- qorxu gəlmişdim ki, bir kəlmə oyan- buyan yazsanız sizi Moskva mətbuatda ifşa edəcəyəm. Mənim buna imkanım var. İmkanım- zadım yox idi. Elə- belə hədə- qorxu gəlirdim.

Aradan bir neçə ay keçəndən sonra eşitdim ki, mənim prokurorluqda verdiyim izahat ya çox pis tərcümədə, ya da çox pis ixtisarla, əlaqəsiz cümlələrlə “Arxivlər açılır” rubrikası altında “Meydan” qəzetində dərc olunmuşdur. Qəzeti oxuyan onlarca adam mənə zəng etdi ki, sağ ol ki, heç kim haqqında pis söz deməmisən. Normal izahatdır. Doğrudan da ziyalılar, o cümlədən biz hamımız baş meydanda camaatı sakitliyə, şayiələrə uymamağa çağırmışıq. Mən təəssüfləndim ki, niyə qəzet izahatımın tam mətnini verməyibdir. Belə olduqda izahatım haqqında təsəvvür daha tam alınardı. İkinci heç ixtisar halında da başqalarına toxunan elə bir şey yox idi. Ancaq izahatımı “Arxivlər açılır” rubrikası altında vermək, həm də bunları, o cümlədən də mənim izahatımı prokuraturaya yox, Dövlət Təhlükəsizliyi Komitəsinə verilən izahat kimi təqdim etmək, beləliklə də süni sürətdə haqqımda fikir yaratmağa çalışmaq jurnalist etikasına sığan şey deyildi.

Yeri gəlmişkən, bildirmək istəyirəm: təkcə Azərbaycan yox, keçmiş SSRİ- bəlkə də lap dünya Dövlət Təhlükəsizlik orqanlarının arxivlərində mənim kiminsə haqqında gizli, yaxud aşkar yazılı və ya şifahi formada deyilmiş bir kəlmə sözümü tapan olsa, başımı verməyə hazıram. Ancaq görünür, DTK- sı ilə bilavasitə əlaqədə olanlar iz itirmək üçün qara yaxmaqdan belə çəkinmirlər.

Mən həyatda nə yazmışam, nə demişəmsə düz də olsa, səhv də olsa, açıq- aşkar yazmışam, demişəm. Bununla fəxr edirəm. Dövlət Təhlükəsizliyi Komitəsi (indi Milli Təhlükəsizlik nazirliyi adlanır) arxivlərinin açılmasını ürəkdə istəyən on nəfər varsa, beş nəfər, hətta üç nəfər varsa, onun biri də mənəm. Hətta bu haqda şeirim də vardır:


Açın, açın DTK-nın arxivlərini,

Təmizləyin ağ rəflərin ağ kiflərini.


Azərbaycanda milli müstəqilliyin, demokratik dövlət quruculuğunun bünövrəsi qoyulubdur. Lakin demokratik addımlar böyük hərc- mərcliklə, qayda- qanunsuzluqlarla rastlaşıb və antidemokratiyaya çevrilibdir. Azərbaycan tarixində bəlkə də bu qədər irimiqyaslı rüşvətxorluq olmayıbdır. Bazarlar od tutub yanır. Xalq getdikcə daha çox dilənçiləşmə vəziyyətinə düşür. Milyon yarım qaçqın çöllərdə, düzlərdə, yataqxanalarda qalır. Göstərilən yardım birinə çatır, beşinə çatmır. Doğma vətənə qayıtmaq ümidləri getdikcə azalır. İqtisadiyyat məhv olub gedir. Maarif, mədəniyyət, ədəbiyyat, incəsənət dövlətdən yardım ala bilmədiyi üçün ağır böhran keçirir. Bu sabah daha böyük fəlakətlərə gətirib çıxarmaq təhlükəsi yaradır. Söz, mətbuat azadlığı getdikcə məhdudlaşdırılır. İnsan yenə imperiya dövründəki sarsıntıları, qorxu hissini keçirir. İnsanlar izlənilir. Telefon danışıqlarına qulaq asılır. Haq sözü demək günbə- gün çətinləşir. Bir sözlə, Azərbaycanda diktaturanın əlamətləri aydın görünür. Mən açıq çəkildə bildirirəm ki, bu altmış yaşımda uşaqlıq və gənclik illərim nəzərə alınmazsa, azad nəfəs almağın nə demək olduğunu az- çox yalnız 1992-ci ilin ortalarından 1993-cü ilin oratalarına qədər, necə deyərlər, Xalq Cəbhəsinin hakimiyyəti dövründə hiss etmişəm. Bundan sonra yenə əvvəlki illərin vəziyyətinə düşmüşəm.

Mən bunu rəhbərlik etdiyim Azərbaycanın Qarabağ Nicat hərəkatına münasibətdə bir daha görürəm. Yuxarıda qeyd olunduğu kimi əvvəl cəmiyyət, sonra hərəkat kimi fəaliyyət göstərən bu təşkilat 1991-ci ilin axırlarında yaranmışdır. Əsas məqsədimiz döyüşçülərimizə, şəhid ailələrinə, qaçqınlara yardım göstərməkdən, beləliklə də torpaqlarımızın erməni quldurlarından təmizlənməsində, dövlət müstəqilliyimizin qorunmasında, respublikada sakitlik yaranması, şaiələrin, təxribatların qarşısının alınmasında köməklik göstərməkdən, həm də haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur.

Həç bir mafiayaya, dəstəyə qoşulmayan, kimin isə yıxılmasında, kimin isə vəzifəyə gəlməsində əsla iştirak etməyən AQNH- yə axır bir ildə münasibət son dərəcə dəyişmişdir. Ağdam işğal olunduqdan sonra hətta Milli Məclis səviyyəsində açıq hücumlara məruz qalmışıq. Həmin günlərdə baş verən bir hadisə- Ağdamlıların bir hissəsinin əlacsızlıqdan Bakıya axışıb gəlməsi dövlət orqanlarını qorxuya saldı. Bu faktdan bizim əleyhimizə istifadə olunur. Əslində dövlət orqanları həmin günlərdə cinayət törətmişdi. Daxıli İşlər Nazirliyinin, bilavasitə nazirin göstərişi ilə ağdam qaçqınlarına milis dəstəsi tərəfindən atəş açılmışdır. Bakıda az qala boyük qırğın baş verəcəkdi. Biz dərhal məsələyə qarışdıq. Camaatı sakitləşdirdik. Onları bir qədər sonra başqa yerə köçürdük.

Dövlət orqanları törətdiklıri bu cinayəti ört- basdır etmək üçün yuxarılara yalan informasiya verdilər və bizi və şəxsən məni mənzillərin tutulmasının əsas təşkilatçısı kimi ittiham etdilər. Daxıli İşlər Naziri Vaqif Novruzov (artıq keçmiş nazir) Milli Məclisin iclasında yalan məlumatla çıxış etdi. Xüsusilə mənim ünvanıma böhtan atdı. Milli Məclisin sədri nazirin verdiyi yalan məlumata inanıb məsələyə düzgün olmayan reaksiya verdi. Hətta əhalini qaşqınlara qarşı qoymaq, arada nifaq salmaq məqsədilə mənzili tutulmuş adamların nümayəndəsini Milli Məclisdə Xitabət kürsüsünə çıxardılar. Bu dəhşətli bir fakt idi. Heç bir məntiqə sığmırdı. Milli Məclis Bununla özü- özünə təxribat hazırlayırdı. Mən televiziyada bu biabırçı, ağılsız mənzərəyə baxıb ayağa qalxdım.

Ali Sovetin binasına gəldim. Tələb etdim ki, çıxış üçün mənə söz versinlər. Deputatların bir çoxu bu hadisəyə təəccüb qalmışdılar. Mən milisin atəşindən sonra yığılmış gilizləri göstərəndə təəccübləri daha da artdı. Onlardan biri mənə bildirdi ki, hələ Sizin haqqınızda cinayət işi qaldırmaq, Sizi həbs etmək istəyirdilər. Nə fikirləşdilərsə, planlarını dəyişdilər.Təbii ki, mənə çıxış etməyə icazə vermədilər.

Səhərisi gün müvəqqəti oturduğumuz binada xəlvət qapını açıb arxivimizi dağıtdılar. Sənədlərimizi məhv etdilər. Divardan Dağlıq Qarabağın nadir xəritəsini çıxarıb aparıblar. Telefonumuzu bağladılar. Daha bir neçə gün keçəndən sonra ultimatum verdilər ki, otağı tərk edək. Bu şübhəsiz ki, yuxarıların xüsusi göstərişinin nəticəsi idi. Biz müqavimət göstərib otaqdan çıxmaq istəmədik. Növbəti gün gələndə gördük ki, stol- stulumuzu götürüb harasa atıblar. Otaqda başqa adam əyləşibdir. Uzun mübarizdən sonra başqa mərtəbədə bir ambarı boşaldıb bizə verdilər. Biz buna da qane idik. Ancaq üstündən on beş- iyirmi gün keçməmiş orada da telefonumuzu kəsdilər. Bizi küçəyə atdılar.

Görürsünüzmü, Azərbaycanda demokratiya necə inkişaf edir. Dövlətə yalınmayan, xalq dərdi çəkən ictimai təşkilatlara, hərəkatlara necə münasibət bəslənilir? Azad söz, müstəqil fikir necə boğulur? Insanlar necə təhqir edilib alçaldılır?

Mən inana bilmirəm ki, dövlət rəhbərinin, hökümət başçısının, Milli Məclis sədrinin bundan xəbəri olmasın. Axı mətbuatda dəfələrlə bu haqda yazılıb, rəsmi bəyanatımız, müraciət və tələbimiz olub. Necə ola bilər ki, yuxarılarda bundan xəbər tutulmasın? Yox, ola bilməz! Bu adi bir qəsddir. Ancaq respublikada gedən proseslərin müəyyən tərəflərini açıb göstərir.

Ümumiyyətlə son illərdə Azərbaycanda baş verən proseslər, ictimai- siyasi hadisələr bütün müsbət cəhətləri ilə yanaşı ciddi narahatlıq doğurur və gələcək daha böyük fəlakətlərdən xəbər verir. Bu döyüş cəbhəsi ilə bağlı hadisələrdə daha bariz şəkildə özünü göstərir. Ciddi hadisələrin törənməsinə şərait yaradır. Rəhbər yıxmaq, yenisini hakimiyyətə gətirmək dəhşət doğuran ənənə şəklini alıbdır. Dünyanın həç bir ölkəsində belə biabırçılığa, rüsvayçılığa rast gəlməzsən ki, müharibədə düşmənə torpaq verdirəsən, dövlət başçısı yıxasan. Təəssüf, min təəssüf ki, Azərbaycanda belədir.

Məsələn, Xocalı verildi, Mütəllibov yıxıldı. Laçın, Şuşa təxribat qurbanı oldu, Yaqub Məmmədov hakimiyyətdən salındı. Kəlbəcərdən qoşunlar qəflətən çıxarıldı. Əbülfəz Elçibəyin komandası taxtdan salındı. Hazırkı iqtidarın da başı üstündə belə təxribat buludları toplaşır. Bir sıra məsələlərdə, xüsusilə torpaqların qorunmasında qətiyyətsizliyi və kadrların seçilməsində yerlibazlıq prinsipini əsas götürülməsi bu prosesi daha da sürətləndirir. Üstəlik şovinist Rus dövləti də bu proseslərə müntəzəm təsir göstərir. İqtidar tezliklə əsaslı, təsirli, məqsədyönlü tədbir görməsə, xalqı ayıran yox, birləşdirən amillərə əsaslanmasa vətən, millət yeni fəlakətlərə düçar olacaq.

Rus dövlətinin qoşunlarının Azərbaycana soxulmaq cəhdi, Ermənistan ordusunu açıq-açığına hər cür döyüş texnikası, sürsat və hətta yüksək mütəxəssis kadrları ilə təmin etməsi, Ermənistanla birləşib sülh, barışıq planı adı altında respublikanı diz çökdürmək planı hazırlayıb zorla qəbul etdirməyə çalışması, yeganə nicat yolunun Azərbaycanda milli birliyin və vətəndaşlıq həmrəyliyinin olduqca vacibliyini, lazımlığını bütün ciddiyəti ilə qarşıya qoyur. Vəzifə başında kimin olmasından asılı olmayaraq milli birlik tərəfdarı olmuşam, bu gün də tərəfdarıyam. Ancaq görünür, milli birlik üçün sözdə deyil, işdə lazımi şərtlərə əməl edilməyincə bu mümkün olmayacaq, reallaşmayacaqdır. Bu isə daha çox və birinci növbədə iqtidardan, onun siyasətindən, asılıdır.

Mən tərcümeyi-halımı və mühitimi qələmə almaq istədim. Amma mövzu genişlənib böyük məsələləri, ictimai- siyasi problemləri əhatə etdi. Bu, əslində belə də olmalı idi. Mənim və bizim hər birimizin tərcümeyi-halı millətin, xalqın ümumi tərcümeyi-halının kiçik bir hissəsidir. Mənim və bizim mühitimiz xalqımızın havasını udduğu, allah vermiş nemətini dadıb, suyunu içdiyi, sevinci ilə sevindiyi, kədəri ilə kədərləndiyi mühitdir.


Famil Mehdi

Bakı,


aprel-may 1994-cü il





: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə