Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə6/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

Asta yeri, kәmәr düşәr belindәn...

Yaxud Bülbülün ifasında:

Mәn aşıq qaş qara,

Qaş qara, göz dә qara.

Yolunu gözlәmәkdәn

Qalmadı gözdә qara.


Vә ya Mütәllim Mütәllimovun ifasında:

Gedin deyin Xançobana,

Gәlmәsin bu il Muğana.

Muğan batıb qızıl qana,

Apardı sellәr Saranı,

Bir qaragözlü balanı.


Elәcә dә Xan Şuşinskinin ifasında:

Şuşanın dağlarının başı dumandı,

Qırmızı qoftalı, yaşıl tumandı.

Dәrdindәn ölürәm, ay qız, amandı,

Ay qız o nә qaş-göz, o nә tel,

Ölürәm dәrdindәn onu bil,

Danışmasan da balam, barı gül.
Xan Şuşinskinin ifasında “Qarabağ şikәstәsi”ni, qәhrәmanlıq mahnılarını, pәhlәvanların gülәşi vaxtı çalınan “Cәngi”ni eşidәndә hәddәn artıq hәyәcanlanır vә kövrәlirdim:
Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın sәsi,

Qarabağın şikәstәsi.
Xanın ifasında “Qaçaq Nәbi” mahnısı mәni dәli elәyәrdi. Xüsusilә әvvәldə Xanın özünün әlavәsi, vurduğu boğaz. Sonra isә:
Boz at sәni sәr tövlәdə bağlaram,

Qızıldan, ğümüşdәn sәni nallaram.

And içәrәm sәni mәxmәr çullaram,

Qoy sәnә desinlәr ay nadan Nәbi,

Tüfәngi havada oynadan Nәbi.
Nәbinin bığları eşmә-eşmәdi,

Papağı güllәdәn deşmә-deşmәdi.

Nәbinin atını bir at keçmәdi,

Qoy sәnә desinlәr, ay qaçaq Nәbi,

Hәcәri özündәn ay qoçaq Nәbi.
Muğamat uşaqlıqdan qanıma hopub. Çox vaxt başa düşmәsәm dә, qanımı coşdururdu. Görünür, elә qanın coşması başa düşmәk әlamәtidir. O vaxtkı xanәndәlәr sözlәri elә gözәl deyir, tәlәffüz edirdilәr ki, musiqinin içindә itib batmırdı, dil-dodaqda dolaşıb başqa formaya düşmürdü. Biz dә o sözlәri asanlıqla tuta bilir, әzbәrlәyirdik.

O vaxt xanәndәlәrdәn eşidib uşaq hafizәmә, yaddaşıma hәkk olunmuş aşağıdakı misralar indi dә qulaqlarımda sәslәnir:


Füzulidәn:
Ol pәrivәş kim, mәlahәt mülkünün sultanıdır,

Hökm onun hökmüdür, fәrman onun fәrmanıdır.

Sürdü Mәcnun novbәtin, indi mәnәm rüsvayi-eşq,

Doğru derlәr hәr zaman bir aşiqin dövranıdır.

...Ey Füzuli ola kim rәhm edә yar әfqanına,

Ağlagil zar, onca kim, yar ağlamaq imkanıdır.


Xurşudbanu Natәvandan:
Varımdı sinәmdә dәrdü qәmi-nihan, ölürәm,

Fәda olum sәnә, gәl eylә imtahan, ölürәm.

Fәraqından gecәlәr yatmaram sabaha kimi,

Xәyali-zülfünә bağlı gedibdi can, ölürәm...


Әliağa Vahiddәn:
Nә qәdәr eşqimiz ey gül, belә pünhan olacaq,

Aşikar eylәmәyincә ürәyim qan olacaq.

Nә qәdәr gül üzünün hәsrәtin aşiq çәksin,

Nә zaman vәslinә bәs yetmәyә imkan olacaq?

...Hәlә Vahid, meyә meyl eylәmә, qoy yar gәlsin,

Yarsız yerdә mey içmәk bizә nöqsan olacaq.


O vaxt çox böyük tamaşaçı hörmәti qazanmış Ağdam Dram Teatrı zalında, yay klubunda tez-tez muğamat konsertlәri tәşkil olunurdu. Bakıdan gәlәn Seyid Şuşinski, Xan Şuşinski, Şövkәt Әlәkbәrova, Sara Qәdimova vә başqaları ilә yanaşı yerli xanәndәlәr dә çıxış edirdilәr. Biz uşaqları konsertә buraxmırdılar. Ancaq konsert başlanandan sonra qapıda dayananlara pul, üstәlik konfet, meyvә-zad verib içәri keçirdik. Ayaq üstә dayananlar da olurdu. Ona görә dә çox vaxt oxuyanların üzünü görә bilmәzdik.
Yeri gәlmişkәn qeyd etmәk istәyirәm ki, o vaxt Ağdam Dram Teatrında qoyulan әsәrlәrdә dә muğam xeyli yer tuturdu. Әn yaxşı xanәndәlәr bәzәn hәm dә aktyorluq edir, böyük rәğbәt qazanırdılar. Mәsәlәn, mәn Bәylәr kişini, Simuzәr xanımı ilk dәfә teatr sәhnәsindә dinlәmişәm. “Leyli-Mәcnun”, “Әsli-Kәrәm”, “Arşın mal alan”, “Mәşәdi İbad”, “Pәri-cadu”, sonralar “Durna”, “Gözün aydın” kimi әsәrlәr, musiqili komediyalar gedәndә camaat zalı dağıdırdı. Biletlәr әvvәlcәdәn satılırdı. Tamaşalara baxmaq istәyәnlәr isә hәddәn artıq olurdu. Biz uşaqlar bu tamaşalara “rüşvәt” verib baxa bilirdik. Teatra kişilәr bir çox halda xanımları ilә birlikdә gәlirdilәr.
Mәnim özümün mikromuğamat mühitim dә vardı. Kәndimizdә yaşda mәndәn böyük, yaxud kiçik olan, elәcә dә hәmyaşıdlarım arasında qәşәng muğamat oxuyanlar vardı: Arif Babayev, Xosrov İsmayılov, Haqverdi Quliyev, qonşu kәndlәrdә Barat Fәrhadov, Aydın Mәmmәdov, Aydın Niftalı oğlu, Qaraxan Behbudov. Hәlә Qәdir Rüstәmovu demirәm. Ümumiyyәtlә, hәr tәrәfdә hәr beş-on nәfәrdәn birinin sәsi vardı. Çoxu oxumurdu. Bәzәn toylarda möcüzә baş verirdi. Bir dә görürdün ki, bir uşağı, cavanı, lap elә yaşlı adamı güclә oxudurdular. Bir sәs çıxırdı. Hamı ovsunlanırdı. Mәәttәl qalırdın.
Bu hadisәni mәnә xüsusi hörmәt bәslәdiyim Qәrvәnd Xosrov danışmışdı:- Ağdamlı yoldaşlarımdan birinin oğlunun Bakıda toyu idi. Qız Bakıdan, çox köklü-budaqlı, qohum-әqrәbalı ailәdәn idi. Çoxu da professorlar, akademiklәr, hәkimlәr, müәllimlәr, mühәndislәr. Biz oğlan tәrәfdәn, Ağdamdan gedәn dörd-beş nәfәr idik. Çünki Ağdamda da toy olacaqdı. Bir tәrәfdә oturmuşduq. İlk dәqiqәlәr nәzәrә alınmazsa, demәk olar ki, unudulub yaddan çıxdıq. Ayağa qalxan qız evindәn danışır, onların şәrәfinә sağlıq deyirdi. Dilxor olmuşduq. Muxtar Әliyev dedi darıxmayın. Bu saat burada tufan qoparacağam. Muxtar Әliyev Ağdamın sayılan kişilәrindәn idi. Әllidәn yuxarı yaşı vardı. Eşitmişdim ki, sәsi var, amma oxumağını eşitmәmişdim. Söz alıb ayağa qalxdı. Çox gözәl bir nitq söylәdi. Hamının ağzı ayrıla qaldı. Mәclisdәkilәri mәdәni surәtdә başa saldı ki, çox döşünüzә döymәyin. Papaq altda oğullar yatır ki... Sonra musiqiçilәrә işarә elәdi. Zildә bir oxumaq oxudu, zәngulәlәr vurdu, gedişlәr elәdi. Yalan olmasın, pәncәrәlәrin şüşәlәri cingildәdi. Adamlar quruyub yerindә qaldı. Musiqiçilәr dәhşәtә gәldi. Tarzәnin, kamançaçının zildә qalxmadıqları guşә qalmadı. İlahi, Muxtar Әliyevdә bu sәs niyә üzә çıxmamışdı? Niyә bu böyük mәnәvi nemәti bizdәn әsirgәmişdi? Oxuyub qurtaranda 300-400 adamın hamısı ayağa qalxdı. Alqış-alqışa qarışdı. Mәclis tamam dәyişdi. Bundan sonra danışanların ilk vә son sözü Muxtar Әliyev idi. Oğlan evi idi.
Bәli, bu hәm dә mәnim doğulub, boya-başa çatdığım, dünyanın enişini-yoxuşunu gördüyüm, acısını-şirinini daddığım, dәrinini-dayazını dәrk etdiyim mühitim idi.
Qarabağ toylarının gözәlliyi, әzәmәti, tәmizliyi ömrüm boyu yadımdan çıxmaz. Mağar qurular, toy başlanardı. Bir tәrәfdә kişilәr, o biri tәrәfdә qadınlar oturardı. Mağarın tәxminәn orta hissәsindә musiqiçilәrә yer ayrılardı. Toylarda daha çox tar, qaval, qarmon, kamança olardı. Bu alәtlәrin birlikdә çıxartdıqı tәbii ilahi sәslәr heç vaxt qulağımdan getmir. Musiqiçilәr xüsusi bir kişi әdası ilә oturub çalar-oxuyardılar. Özlәrini son dәrәcә tәrbiyәli aparırdılar. Toyları xüsusi adamlar – “padişahlar” vә onların kömәkçilәri – “fәrraşlar” idarә edәrdilәr. Toyu idarә edәn hәrdәn yumoristik mәqamlar yaradardı. Mәsәlәn, birini oynatmaq istәyәndә onu ortalığa çәkdirәr, guya oynayanlara әl çalmayıb, yaxud toya gec gәlib deyә onu cәrimәlәdәr vә oyun havasını çaldırıb oynadardı. Hәr ortaya çәkdirdiyi adama xas olan әsasәn yaxşı, bәzәn dә nöqsanları qabardardı. Bu da müәyyәn әhval-ruhiyyә yaradırdı. Ancaq qәtiyyәn tәhqir-filan olmazdı. Bәzәn dә “padişah” fәrraşa әmr edirdi ki, filankәsi çәk ortaya, ona üç çubuq çәk. Sәbәbi budur ki, dünәn dәhnә basmağa camaat hova gedәndә o, gecikmişdi. Qoy bu çubuqlardan ibrәt dәrsi alsın. Fәrrac çubuğu әsasәn yalandan vururdu. İşdir, әgәr o şәxsdәn bir balaca yanıqlığı vardısa, çubuğu bәrkdәn vururdu-hәmin şәxs, necә deyәrlәr, çubuğun ağrısından ufuldayırdı. Ancaq qayıdıb heç nә demirdi. Bunu tәbii qәbul edirdi.
Toyda qadın da, kişi dә oynayırdı. Bәzәn birlikdә oynayırdılar. Kişi ya oğlan ayağa qalxır, bir balaca dövrә vurur, gәlib oynatmaq istәdiyi qadının, yaxud qızın qarşısında dayanır, sağ әlini sinәsinә tәrәf aparır, bir azca başını qabağa әyir, belәliklə dә hәmin xanımı oyuna dәvәt edirdi. Xanım oynayıb çıxanda kişi, yaxud oğlan “sağ ol” deyә razılığını bildirir, onu yerinә oturdurdu. Sonra özü keçib otururdu. Zәrrә qәdәr dә artıq-әksik hәrәkәt, yüngüllük olmazdı. Hәr şey xalq etikası daxilindә olurdu. Kәnd toylarına bir nәfәr dә olsun içib gәlmәzdi. Ümumiyyәtlә, mәnim uşaqlıq çağımda, camaatın din-ınamlı vaxtında (adamlar sonradan pozuldular) kәnd yerlәrindә nә içki, nә dә içәn olmazdı.
Bu fikri sübut üçün gәtirәcәyim misal, danışacağım hadisә çox xarakterikdir: uşaq vaxtı gedib bağlardan, çöllәrdәn, düzlәrdәn kol (daha çox qaratikan kolu) qırıb gәtirir, qapı-bacanı çәpәrlәyәrdik. Bu mәqsәdlә kәnddә dәb düşdü: yeniyetmәlәrin bir çoxu meyvә-zad satıb topladıqları pulla eşşәk aldılar. Araba düzәltdirdilәr ki, kol daşımaq, dәyirmana dәn aparmaq vә s. asan olsun. Mәn dә ata-anamdan xәlvәt gedib bazardan bir uzunqulaq aldım. Gәtirdim qapımıza. Anam bәrk acıqlandı, ancaq hirsi tez soyudu. Әslindә atımız vardı. Heç bu uzunqulağa ehtiyac yox idi. Bir gün uzunqulaq xәstәlәndi. Ayağını ayağının üstündәn götürmәdi. Başını aşağı әyib elә hey dayandı. Nә ot yedi, nә su içdi. İki-üç günün içindә xeyli arıqladı. Dilxor oldum. Atama dedim, fikir vermәdi. Gecә-gündüz işdә olurdu. Gedib böyük әmimә-dədəmə dedim.
Biz bütün әmi uşaqları Әvәz әmimә Dәdә, onun hәyat yoldaşı Ağcaya isә mama, yәni Nәnә deyirdik. Әvvәla, qardaşların böyüyü idi. İkincisi, yayda bizi dağa-yaylağa onlar aparırdı. Atam, Hәşim әmim tәsәrrüfatla, kolxoz işlәri ilә mәşğul olurdular. Bizi öz balası hesab edirdi. Hәm dә görünür, bizdәn yaşca böyük olan Şöhlәt, Qәrәnfil, Nuru, elәcә dә Validә ona Dәdә dediyindәn, biz dә Dәdә demişik. Bir qәdar sonralar Hәşim әmim, sonra hәyat yoldaşı Gülkәz bibim xeyli cavan yaşlarında vәfat etdilәr. Uşaqları (böyüyünün 10-12, kiçiyinin tәxminәn bir yaşı vardı) Ülkәr, Qabil, Pәnah, Müslәddin başsız qaldılar. Böyük әmimgillә birlikdә baba evimizdә olurdular. Әvәz әmimin onlara Dәdәlik rolu daha da artdı.
Nәysә, gedib Dәdәmi gәtirdim. Baxan kimi gülümsündü vә dedi:- Famil bәy, eşşәyinin işi xarabdı. Bәrk soyuqlayıb. Görün hardan bir az spirt tapa bilәrsiniz. Özü dә əlavә etdi:- Nahaq yerә axtarmayın. Ancaq filankәsin üstünә gedin.
Filankәs dediyi adam kәnddә yeganә açıqda-gizlindә içki içәn adam idi. Uşaqlarla birlikdә Filankәsin qapısına getdik. Tәxminәn bir stәkanlıq araq verdi. Gәtirdik verdik Dәdәmә. Dәdәm uzunqulağın ağzını ayırıb arağı onun boğazına tökdü. Üç gündәn bәri başını qaldırmayan uzunqulaq atılıb-düşdü. Kәndarası yola çıxıb üzüyuxarı götürüldü. Biz uşaqlar da tökülüşdük onun dalınca. O qәdәr qaçdıq ki, bağrımız yarıldı. Ancaq әziyyәtimiz әlimizdə qalmadı.
Uzunqulağı tutub qapıya gәtirdik. Tamam sağaldı. Yәni böyük bir kәnddә ancaq bir adamda araq tapıldı. İşdir, tәsadüfәn toya içib gәlәn olsaydı, bir adam üzünә baxmazdı. Oynayanda heç kim ona şabaş vermәzdi. Bәzәn dә mağara buraxmazdılar.
Tәәssüf ki, şәhәrdә olduğu kimi kәnd yerlәrindә dә içәnlәrin sayı gündәn-günә artmağa başladı. İçmәk nәdir, hәtta şüşәsinә girәnlәr dә tapılırdı. Bununla da Qarabağ toylarının gözәlliyi itdi, xeyir-bәrәkәti qaçdı. Kәndimizdә iki keçmiş cәbhәçi vardı. Hәr ikisi ayağından ağır yara alıb qayıtmışdı. Çәliklә gәzirdilәr. İkisi dә yaxşı insan idi. Görünür әsgәrlikdә hәm dә içmәyi öyrәnmişdilәr. Sonralar da davam etdirirdilәr. Hәr ikisi әla içәn idi. Ancaq özlәrini yaxşı aparmağı bacarırdılar. Birinin adı Balış, o birisinin adı isә Әşrәf idi. Biri digәrindәn çox içmәsi ilә öyünürdülәr.
Bir dәfә uşaqlar Balışdan soruşdular- Әşrәf çox içәr, ya sәn?
Cavab verdi:- Mәn çox içәrәm.
Uşaqlar etiraz etdi:- Yox, Әşrәf zor içәndi.
Bu söz elә bil Balışa toxundu:- Yox, başınız haqqı mәn çox içәrәm, onu içkidә ötәrәm. Yox, ötə bilmәsәm dә atqulağı gedәrik. Sonradan bu söz (atqulağı, yәni bәrabәr) uşaqların ağzına düşdü. Әmioğlum Qabil dә oğluna toyu yayda elәdi ki, içki az içilsin. Xәrc az çıxsın. Mәlum oldu ki, toyda payız toylarından da çox araq içilib. Hәmişә bunu yarı zarafat, yarı ciddi yana-yana xatırlayırdı.
Tәsadüfmi, ya nә idisә o vaxt qohumlarımızdan birinin evindә Әliağa Vahidin üz qabıqları cırılmış, latın әlifbası ilә nәşr edilmiş kitabını gördüm. Adını hәrdәnbir xanәndәlәrin dilindәn eşitmişdim. Mәn latın әlifbasını oxuya bilmirdim. Bir neçә qәzәli oxutdurub qulaq asdım. Çox xoşum gәldi. Kitabı bir neçә günlüyә aldım. Ancaq xeyli vaxt özümdә saxladım. Vahidi oxuya-oxuya latın әlifbasını öyrәndim. Latın әlifbasını öyrәnә-öyrәnә Vahidi oxudum.
Qarabağ mollalarının yas yerlәrindә Quran oxuması, anaların ritmik havalar üstündә ağı demәsi, bayatılar çağırıb ağlaması xoşuma gәlirdi. Doğrudur, uşaqlar yas olan otaqlara buraxılmazdı. Ancaq mәn qapıdan, pәncәrәdәn Mollaya qulaq asardım vә qәribә hisslәr keçirәrdim. Deyәsәn Mollanın Quran oxuması mәnә xanәndәnin oxuduğu muğamdan da artıq tәsir edirdi. Başa düşürdüm ki, Mollalar Quranı daha çox muğam üstdә oxuyurlar. İndiki dillә desәk, muğamla Quran oxumanın sintezi yaranırdı. Tәbii ki, daha çox әrәbcә oxuyurdular. Deyirdilәr Quran tәrcümә olunmaz. Ancaq hәrdәn haşiyәyә çıxıb azәrbaycanca dini ruhlu qәzәllәr dә oxuyurdular.
Bu, dinә, mollalara olan rәqbәtimi daha da artırırdı. Dinin, dini ayinlәrin qadağan edilmәsi, adamların hәtta bәzәn xәlvәt namaz qılıb, oruc tutması mәndә qәribә, hәm dә dәhşәtli hisslәr oyadırdı. Axı mәn görür vә eşidirdim ki, adamlar Allahdan, İmamdan, Peyğәmbәrdәn qorxur, çәkinirdilәr. Daha çox isә Allaha inanırdılar. Buna görә də düz idilәr, tәmiz idilәr. Oğurluqdan, insafsızlıqdan, başqasına zülm etmәkdәn çәkinirdilәr. Allahın bәlasına gәlmәkdәn ehtiyat edirdilәr. Birinin qapısına hardansa azıb, böyәlәklәnib bir inәk, ya dana gәlib çıxanda qonşu obalara, kәndlәrә sifariş göndәrir, bir-birinә xәbәr verirdilәr ki, qapıya bir mal gәlib çıxıb, axtaran olsa, deyin burdadır. Gәlib aparsınlar. El-obada müәyyәn iş, ehtiyac ucundan bir kişinin qapısına getmәk lazım gәlәndə onu tanıyan-bilәn ağsaqqallardan biri öz tәsbehini, bıçağını vә ya satılını verirdi ki, aparıb hәmin adama göstәrsin, inanıb etibar etsin ki, arada mәn varam. Belә dә edirdilәr. Hәr iş rahatca düzәlirdi. Allahla ürәyin düzlüyü insanlarda bir-birinә böyük inam yaratmışdı. İnsanlar arasında böyük sәdaqәt, etibar vardı. İndi möhürlәnmiş etibarnamәlәrlә dә insanlar bir-birinә inanmırlar. Yaxud az inanırlar.
Mәn bütün bunları görür vә çalışırdım ki, gizlindә dә olsa Allahla ürәyim düz olsun. Elә iş görmәyim ki, Allahın qәzәbinә düçar olam. Bu sahәdә ata-ana, qohum-әqrәba, xüsusilә mәclislәrdә ağsaqqal mәslәhәtlәri çox böyük rol oynayırdı.
Bununla yanaşı, kәnd uşaqlarının, xüsusilә Oqtayın, Şöhlәtin, Bәndalının, Mirinin, Cavadın vә başqalarının dini “özfәaliyyәt dәstәsi” üzvlәrinin müәyyәn mәrasimlәrlә bağlı tәşkil etdiklәri, göstәrdiklәri sәhnәciklәrdә, tamaşalarda mәn dә iştirak edirdim. Bunlardan әn çox yadımda qalanı Aşura ilә әlaqәdar tәdbirlәrdir. Mәhәrrәm ayının 10-da kәnd meydançasına toplaşıb İmam Hüseynin öldürülmәsi gününü qeyd edirdik. Müxtәlif şәbihlәr çıxarırdıq. Әvvәlcәdәn hazırladığımız sәhnәciklәri göstәrirdik. Faciәnin dәhşәtini adamlara çatdırmaq istәyirdik. Müxtәlif rәvayәtlәrdәn istifadә edirdik. Dini şeirlәri әzbәr deyirdik. Hüseynin vә onun qardaşı Hәsәnin faciәsinә ağlaşırdıq. Belә vaxtlarda meydançaya toplaşan kişilər, qadınlar, uşaqlar da bizә qoşulub bәrkdәn hönkürüb-ağlaşırdılar. Belәliklә də mәclis getdikcә qızışır “şaxsey-vaxsey” mәrhәlәsi başlayırdı. Bәzәn “şaxsey” hissәsini biz, “vaxsey” hissәsini camaat deyirdi. Sonra hamımız birlikdә bir neçә dәqiqә tәkrar edirdik. Sinәmizә vururduq. Başına, gözünә döyәnlәr dә olurdu. Sinәsini, üz-gözünü qızardıb qana batıran da tapılırdı. Burada sözlәri ucadan, ehtirasla, ağlaya-ağlaya deyib adamları kövrәltmәk, ağlatmaq böyük ustalıq hesab olunurdu. Bunu az-az uşaqlar bacarırdı. Bәzәn o qәdәr “şaxsey-vaxsey”, “ya Hüseyn”, “ya Әli” deyirdik ki, tәxminәn bir hәftә, on gün sәsimiz batır, evdә, mәktәbdә, bağ-bağçada, yol-rizdә bir-birimizlә danışa bilmirdik. Belә tәdbirlәrdәn sonra camaat arasında hörmәtimiz artırdı. Bizә xüsusi qayğı göstәrilirdi...
Yeri gәlmişkәn bir faktı da qeyd etmәk istәyirәm. Biz ailә quran vaxt ağsaqqalımız Әliş bәy mәslәhәt gördü ki, molla vasitәsi ilә kәbin kәsdirilsin. Ağsaqqalın mәslәhәti sözsüz yerinə yetirildi. Mәscidә gedib molla vasitәsilә dә nigahımızı qeyd etdirdilәr. Hәmin kәbin kağızımızı indi dә saxlayıram.
Qarabağ, xüsusilә Ağdam mollaları ilә yaxın ünsiyyәtim sonrakı illәrdә xüsusilә möhkәmlәndi. Molla Әli, Molla Rәşid, Mirzәdli və s. Ağdam mәscidinin rәhbәrlәri ilә hәmişә sıx әlaqәm olub. Hәtta Qarabağdan kәnarda da görkәmli din xadimlәri ilә dostluq әlaqәlәrim var. Mәsәlәn, Quba mәscidinin rәhbәri Molla Hacı Tağı kişi buna әn yaxşı misaldır. 30 ildәn çoxdur ki, tanışlıq, dostluq edirik. Oğlu tәlәbә yoldaşım alim-jurnalist Tofiq Rüstәmovun vasitәsilә tanış olmuşduq. Köhnә ziyalılardandır. Klassik poeziyanı әla bilir. Camaat Quranı evindә gizlәdәndә Hacı Tağı kişi onu evinin girәcәyindә, qapısının başından asmışdı. Evә gәlib-gedәnlәr Quran altdan keçәrdilәr. El ağsaqqalıdır. Kiçik bir haşiyә: yoldaşlarımdan biri mәnә müraciәt etdi ki, hadisә baş verib, qohumum tәsadüfәn maşınla adam vurub öldürüb. Şikayәt ediblәr. Heç cür yaxın düşә bilmirik. Qubadandı. Bir tanış lazımdır.
Quba adı çәkilәndә hәmişә Hacı Tağı kişi yadıma düşür. Bu dәfә dә belә oldu. Xәstә idim, gedә bilmәzdim. Hacı Tağı kişiyә kiçicik bir mәktub yazdım. Aparıb getdilәr, iki gündәn sonra qayıtdılar vә dedilәr: Hacı Tağı kişi mәktubu oxuyub çox xoşhal oldu. Bizi böyük hörmәtlә qarşıladı. Namaz qılana qədәr gözlәmәyi xahiş etdi. Yolları qar basmasına baxmayaraq maşına oturdu vә bizimlә hәmin ucqar kәndә getdi. Hüzr sahiblәri Hacı Tağı kişini görçәk ayağa qalxdılar. Yuxarı başa keçirdilər. Mәsәlә ilә әlaqәdar söhbәt açılanda hüzr sahibi bircә söz dedi: “Hacı, madam ki, siz gәlmisiniz, daha başqa söhbәt ola bilmәz.” Belә müdrik kişilərlә dostluğu özümә böyük fәxr hesab edirәm.
Mәclislәrdә yersiz sual verib, mollanın pәrt edilmәsini, dolanmasını sevmәzdim. Hәtta öz babasını tanımayıb, sataşmaq mәqsәdilә molladan peyğәmbәrlәrin adını soruşan birisinә cavab olaraq şeir dә yazmışdım:
Bu gün bığıburma bir cavan oğlan,

Mәclisdә yanaşıb sordu molladan:

- Neçә peyğәmbәr var?

- Yüz iyirmi dörd min.

- Saya bilәrsәnmi?

- Sayaram yәqin.

Bu ki, asan şeydir, bәli, çox asan,

Sayaram bir şәrtlə, sәn öz doğmaca

Babanın artıq yox, beşini saysan.

Susdu, nә yaxşıca yumuldu ağzı,

Baxışlar altında döndü cücәyә.

Biz ki, tanımırkәn öz babamızı,

Özgәyə peyğәmbәr saydıraq niyә?

“Niyә?”
Әlbәttә, gündüz Allah yoluna çağıran, gecәlәr araq, şәrab içәn yalançı “molla”ları da tanıyırdım. Belәlәri dini hörmәtdәn salırdı. Hәmin “molla”lar haqqında da şeirim vardır:


Molla qadağandır söylәdi içki,

Haram buyurubdur allahın özü.

Ancaq içirsәnsә, elәsin iç ki,

Sәni yox, özgәni yandırsın közü.


And verdi: bu söhbәt öz aramızda,

And içdim: qәbrәdәk...güldü bir az da:

- Şәraba verilәn,- dedi- hayıfdı,

İndi şərablarda dad qalmayıbdır.


Etiraf”
Azәrbaycanın böyük Allah adamı, Qarabağın peyğәmbәri Seyid Lazım Ağa ilә oturub-durmasam da xatirini dünyalar qәdәr istәyirdim. Ağdama hər yolum düşәndә ehtiramla qarşısında baş әyirdim. Hal-әhvalını soruşurdum. Şәklini otağımdan vә maşınımdan asmışdım. Әfsuslar ki, Ağdam düşmәn əlinә keçәndәn sonra dözmәyib dünyasını dәyişdi. Mingәçevirdә dəfn etmәk istәdilәr. Deyirlәr iki dәfә qәbir qazıblar, daşa çıxıb. Üçüncü qәbir rahat qazılıb. Ancaq dәfn mәrasimindәn bir az әvvәl uçub, sәn demә, Ağanın ruhu öz kәnd torpağını istәyirmiş. Kәnd dә düşmәn әlindә.
Bir möcüzә haqqında isә “Әliağa Vahidin son günlәri” mәqalәmdә yazmışam. Burada tәkrar qeyd etmәyi vacib sayıram: 1965-ci ilin martında namizәdlik dissertasiyası müdafiә әrәfәsindә xәstәlәnib xәstәxanada yatmalı oldum. Bir müddәtdәn sonra Mәrdakandakı bir nömrәli xәstәxana-sanatoriyaya göndәrildim. Üç-dörd aylıq müalicә heç bir nәticә vermәdi. Bir gün yazıçı Әlfi Qasımov, şair Qabil vә onların dostu Xan müәllim yanıma gәldilәr. Mәni ayağa qaldırıb güclә geyindirdilәr. Ürәyim hәlә dә bәrk döyünür vә ağrı verirdi. Mәni bir tәhәr çıxarıb maşına oturtdular. Әtağanın qәbri üstünә apardılar. Әyilib qәbir daşından öpdük. Nәzir verdik. Sonra geri qayıtdıq. Ayrılanda Qabil dedi:- Mütlәq sağalmalısan. Doğrudan da bu mәnim xәstәlik aylarımda dönüş günü oldu. Sonra Şuşanın havası mәni bәladan qurtardı. Allahla ürәyimin düzlüyü 1993-cü ildә mәni aparıb Mәşhәdә dә çıxartdı. İndi adımın qabağında bir söz dә yazılır “Mәşәdi Famil Mehdi. ”
Bütün bu misallardan sonra bir dә әvvәlki söhbәtimin üstünә qayıdıram. Mәnim şeirlәrimdә tez-tez rast gәlinәn “Allah” sözü tәsadüfәn işlәnmәyib, daxili inamımla sıx bağlıdır. Ancaq Allah qәnim olmuş bir sıra qәzet, radio-televiziya işçilәri, mәtbuata siyasi nәzarәt әmәkdaşları şeir vә poemalarımda “allah” sözünü görәn kimi dәrhal pozurdular. Onlar pozurdu, mәn yazırdım. Axırda heç olmazsa, beş-üç şeirdә, misrada Allah adı qala bilirdi. Mәni zorla inandırmağa çalışırdılar ki, burada “Allah” sözü yerinә düşmür, yaxud yaxşı sәslәnmir. Mәn isә sübut etmәk istәyirdim: “Allah” sözü hәr yerdә yerinә düşür. Onun heç pis sәslәnәn mәqamı olmayıbdır. Söhbәt ciddilәşәndә deyirdim: “Ehtiyatlı olun. Allah sizә qәnim olar...” “Allah” sözünü pozmaq hәlә işin yarısı idi. Bәzәn mәni (bizi) ittiham da edirdilәr. Xarakterik bir misal. 60-cı illәrin ortalarında “Mәnim qoca anam Allahsız deyil” adlı şeir yazmışdım. Şeir belәdir:
Mәnim qoca anam Allahsız deyil,

Tanıyır allahı, peyğәmbәri dә.

Deyir söz düşәndә: bunu yaxşı bil,

Allahdır yaradan göyü, yeri dә.

Mәn cavab verirәm: düz deyir anam,

Qızıldan qiymәtli söz deyir anam.

Söylәyir Allahsız nә var dünyada,

Deyir ki, onunla qәlbin düz olsun.

Bir işi tutanda onu sal yada,

Allah da üstündә sәnin göz olsun.

Deyirәm bәlәdsәn oğluna sәn ki,

Yaxşı mәslәhәtdir, nә deyәsәn ki...

Bәli, sevinirәm anamtәk mәn dә.

Anam deyәnlәri mәn dә deyirәm.

Hәr onun yanına yolum düşәndә

Allahı o ki, var tәriflәyirәm.

Bu necә әyyamdır, gündür, bilmirəm,

Demә ki, taleh dә, bәxt də yalandır.

Anamın allahı kimdir, bilmirәm,

Mәnimsә allahım elә anamdır.


Bu mәnim real hәyatdan gәlәn, buna görә dә tәbii sәslənәn şeirlәrimdәn biri idi. Heyf ki, ilk variantlarında şikəst etdilәr. Hara getdim, hansı redaksiyaya apardımsa geri qaytardılar. Nәhayət onun çapı xatirinә növbәti yaradıcılıq xәyanәtinә razılıq verdim. Şeirin üzәrindә aşağıdakı cәrrahiyyә әmәliyyatları aparıldı:

“Bәli, sevinirәm anamtәk mәn dә” misrası aşağıdakı ilә әvəz olundu:

“Özümü vururam bicliyә mәn dә.”
Axırdakı dörd misra tamam ixtisar edildi vә ondan әvvәlkilәr isә aşağıdakı biabırçı şәklә salındı:
“Nə Allah, nә filan... fәqәt boş yerә.”

Bu hisslәr keçmәyir mәnim qәlbimdәn.

Əgər lazım gәlsә anama görә,

Sevәrәm allahın özünü dә mәn.

Uşaqlar Allahdan söz-söhbәt salır,

Qopur mübahisә, durub baxıram,

Hamı bir tәrәfә, anam tәk qalır,

Tak qalan anama qәhmәr çıxıram.

Mәhәrrәmlik günü olur ki, hәrdәn

Qurub radionu oxudur biri.

Hirsindәn anamın dolur gözlәri,

O saat sıçrayıb söndürürәm mәn.

Yayılır canıma “sağ ol” sözlәri,

Anama xoş gәlir bu sidqim yaman.

Üzündәn silinib gedir qüssә-qәm,

Qonşu qadınları söz salan zaman

Deyir: uşaqlarımdan

Famili hamıdan çox istәyirәm.

Әlinә qәşәng bir alma keçәndә

Götürüb gizlincә gәlir yanıma.

Tökür sәhәr-sәhәr biz çay içәndә

Südün qaymağını stәkanıma.

Açıqca üz görür, üz görür mәnә,

Mәnə hamıdan çox qaynayır qanı.

Onların nә gәldi atır üstünә,

Mәnimsә üstümә güllü yorğanı.

Dayanıb baxsam da ...fәqәt boş yerә

Bu hisslәr keçmәyir mәnim qәlbimdәn.

Bəlkә dә, bәlkә dә anama görә

Sevirәm Allahın özünü dә mәn.


Әlbәttә, mәn gәrәk şeirin bu kökә düşmәsinә razı olmayaydım. Şeir dә çap edilmәyәydi. Bәs sonra? Axı, belә hallarla biz müәlliflәr redaksiyalarda, nәşriyyatlarda, demәk olar ki, hәr gün rastlaşırdıq. Әgәr hamısına etiraz etsәydik, gәrәk ümumiyyәtlә mәtbuatda çıxış etmәkdәn birdәfәlik imtina edәydik. Bu da yaradıcı adam üçün ikinci faciәdir.
Çap olunmadan şeir yazmağı davam etdirmәk qeyri-mümkündür vә ya bunu hәr adam bacarmaz. Mәlumat üçün bildirirәm ki, mәnim redaksiyalardan qayıdan, bu gün dә mәtbuatda dәrc edilməyәn xeyli şeirim vardır. Hәmin şeirlәrin bir hissәsi vә böyük ixtisarla çap olunanları 1993-cü ildә “Yazıçı” nәşriyyatında “Әllidәn sonra” (“Azәrbaycan” nәşriyyatı mәtbәәsinin sexlәrindә beş il atılıb qalandan sonra) kitabımda toplanmışdır. Buna görә dә “Sovet dövründә şairlәr, yazıçılar na yazıbsa hamısı çap olunub (yәni heç bir müqavimәtә rast gәlmәyiblәr) hökmlәrini әsassız vә havaya sovrulan böhtan hesab edirәm. Hәm dә yaxşı olardı ki, әsәrlәr hamısı çap olunub yox, necә çap olunub әtrafında söhbәt gedәydi. Bu daha obyektiv vә xeyirli olardı. Bu әmәliyyatlara razılıq verәrkәn bir tәskinliyimiz olurdu ki, elә ixtisar olunan halda da ağıllı oxucu şeirlәrdә nә demәk istәdiyimizi başa düşәcәk. Doğrudan da bir çox halda başa düşürdülər.

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə