Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə7/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   18
“Mәnim qoca anam Allahsız deyil” şeirimlә әlaqәdar әsl hәngamә Gәncәdә qopdu. Sabir poeziya günlәrindә iştirak etmәk üçün Yazıçılar İttifaqından Cabir Novruz, Mәmmәd İsmayıl, Abbas Abdulla vә mәn Gәncәyә ezam edildik. Gәncә şәhәr rәhbәrliyinin tәrtib etdiyi ssenari әsasında Nizaminin şәhәrdәki abidәsi qarşısında, pedaqoji institutda çıxış edib, Sabir yaradıcılığından danışdıq, şeir oxuduq. Axşam saat 6 vә ya 7-dә isә şәhәr üzrә tәntәnәli gecә başlanacaqdır. Hәlә günorta idi. Abbas Abdulla mehmanxanada mәnim otağıma gәlib bildirdi ki, yarım saatdan sonra onun burda işlәyәn yerlilәri gәlәcәk, bizi Göygölә aparacaqlar.
Bu xәbәr ürәyimdәn idi. Çünki indiyә kimi Göygölü görmәmişdim. Söhbәt düşәndә utanırdım vә yalandan deyirdim ki, Göygölü nәinki görmüşәm, hәtta çimmişәm dә. İndi әlimə yaxşı girәvә düşmüşdü. Ancaq saat 14-dә aşağıda Cabir Novruz getmәyәcәyini bildirdi. Mәmmәd İsmayıl da gedәsi olmadı. Abbas Abdulla pәrt halda mәnim üzümә baxdı. Dedim mәn gedirәm. Yolda köhnә maşınımız xarab oldu. Üç-dörd kilometr getmiş bir də dayandı. Düşüb üzü yoxuşa maşını xeyli itәlәyәsi olduq. Yorulub əldәn düşdük. Ancaq üzә vurmadıq. Göygölә bir az gec çatdıq. Göygöl nә Göygöl! Nә ilahi gözәllik! Nә ecazkar, tәkrarolunmaz mәnzәrә! Doyunca baxdıq. Saf, tәmiz havanı ciyәrlәrimizә çәkdik. Әl-üzümüzü yuduq. Yüngülvari yemәk sifariş verdik.
Elә tәzəcә yeməyә başlamışdıq vә әlli-әlli vurmuşduq ki, bayaqdan yaxınlıqda uzun stol arxasında oturan, yeyib-içәn, çalıb-oynayan ermәnilәrin qәribә söhbәtlәrini eşitdik. Bunlar çox vaxt rusca danışır, әn әdәbsiz, tәrbiyәsiz sözlәr işlәdir vә bunları bizim adi sözlәrimiz kimi, faşist sözlәri kimi qәlәmә verirdilәr. Bu mövzuda söhbәt getdikcә qızışırdı. Abbas Abdullaya dedim ki, bu saat onların bişmiş aşına su qataçağam. Yeyib-içdiklәrini zәhәr edәcәyәm.
Ayağa qalxdım vә ucadan dedim: - Bir dәqiqәliyә mәnә qulaq asın. Sizә deyilәsi sözüm var. Siz çox mәdәniyyәtsiz vә tәrbiyәsiz adamlarsınız. Siz nankor vә çörәk tapdalayanlarsınız.

Onlar oturduqları yerdә donub qalmışdılar. Bәlkә dә qulaqlarına inanmırdılar. Sonra bir neçәsi ayağa qalxmaq, xoruzlanmaq istәdi.



Mәn onların stoluna yaxınlaşdım vә daha ucadan sözümü davam etdirdim:- Siz görün nə qәdәr vicdansızsınız ki, Azәrbaycan süfrәsinin başında oturub onu mundarlayırsınız. Siz azәrbaycanlıları faşistlarlә eyniləşdirirsiniz. Süfrә üstü olsa da, mәn sizә tüpürürәm. Sizin zatınızı, kökünüzü lәnәtlәyirəm ki, onlardan da sizin kimi nadanlar törәyiblәr.
Qırmızı heyvәrәsifәtin biri sәndәlәyә-sәndәlәyә qabağa yeridi, mәnә yaxınlaşdı, azәrbaycanca dedi:- Siz nә haqla bizi tәhqir edirsiniz? Heç bilirsiniz bu süfrәdə kimlәr oturub? O başda oturan ermәni xalqının böyük professoru Antonyandır. O birisi dә... bu birisi dә...
Mәn onun sözünü yarımçıq kәsdim:- O Antonyana Bakının çörәyi haram olsun. Bakıda böyüyüb. Bakıda tәhsil alıb. Bakıda professor olub. İndi Yerevana qaçıb gedib. Burada onun yanında azәrbaycanlıların әleyhinә belә tәrbiyәsiz sözlәr danışılır. O da susub diqqәtlә qulaq asır, lәzzәt alır.
Mәn bu sözlәri deyәndә Abbas Abdulla artıq sağ tәrәfimdә dayanmışdı. Әlini kürәyimә vurub, yәni “molodes” demәk istәyirdi, dillәndi:- Sizin qarşınızda dayanan isә Azәrbaycan şairi Famil Mehdidir. Mәn dә şair Abbas Abdullayam. Famil müәllimin sözünә bir şeyi әlavә edirәm:- O çörәk sizә haram olsun. Siz özünüz faşistsiniz vә faşistdәn әmәlә gәlmәsiniz.
Burada, bu dәqiqәdә iki şey ola bilәrdi. Ya bu on beş-iyirmi adam ayağa qalxıb biz dörd nәfәri boğub mәhv edә bilәrdi. Әn böyük ehtimal bu idi. Ya da ki... Lakin elә bil qurbağanın gölünә daş atdın. Yaltaqlana-yaltaqlana irәli yeridilәr:- Bağışlayın, spirtin tәsirindәndir. Qanmayıblar. Bir az da siz düz başa düşmәmisiniz. Biz tarixi dostlarıq.
Biz bu saxta sözlәrdәn imtina etdik. Lakin әl çәkmәdilәr. Zorla stolumuzu götürüb stollarına birlәşdirdilәr. Tez badәlәri doldurub sağlığımıza tost dedilәr. Adama bir-iki qurtum da biz içdik. Nә qədәr etdilәr, oturmadıq. Çünki yığıncağın vaxtına az qalırdı. Hamısı ayağa qalxdı. Klarnet çaldılar, böyür-başımızda oynaya-oynaya bizi maşına oturtdular...
Biz Gәncәyә, yay kinoteatrına çatanda tәntәnәli gecә lap yenicә başlanmışdı. Yerli yazıçı Altay Mәmmәdov sözә başlamışdı. İlk cümlәlәrini deyirdi. Bizi rәyasәt heyәtinә çağırdılar. Keçib ikinci sırada oturduq. Qarşımızda şәhәr partiya komitәsinin gecәni idarә edәn ikinci katibi vә onun da yanında üçüncü katib – milliyyәtcә ermәni olan qadın əylәşmişdi.
Biz oturan kimi ikinci katib geriyә qanrılıb әsәbi halda dedi: - Niyә gecikirsiniz?
Mәn üzr istәdim: - Maşınımız yolda xarab oldu.
Aradan 5-10 dәqiqә keçmiş bir dә bizә tәrәf çöndü:- Yaxşı hәrәkәt elәmirsiniz. İntizamı pozursunuz.
Mәn yenә üzrxahlıq etdim vә onu da dedim ki, çox da gecikmәmişik: bir-iki dәqiqә. Bu cavabım onun xoşuna gәlmәdi. Bundan bir qәdәr sonra yenә üzünü bizә çevirib әmr formasında dedi:- İki şeirdәn artıq oxumayın...
Onun bizimlә sərt danışmağının tәk gecikmәk yox, başqa sәbәbi dә vardı. Birincisi, tәzә gәlәndә, biz şәhәr partiya komitәsi binasında çox qәribә bir faktın şahidi olduq. Binanın birinci vә ikinci mәrtәbәsindә sağ dirsәyi stula söykәnmiş iki ayaqüstü şәkil vardı. Bәdәn eyni idi. Baş müxtәlif. Әslinda ikisi dә Leninin şәkli idi. İkinci şəkildә başı götürüb yerinә N.Nәrimanovun başını qoymuşdular, yәni çәkmişdilәr. Ancaq simmetriyanın pozulduğu dәrhal nәzәrә çarpırdı: bәdәn balaca, baş iri. Mәn ilk tanışlıqdan sonra dözmәyib bunu ikinci katibә dedim. Hәm dә rәhbәrlәrin adәt etdiyi formada yox, bir az ütüsüz dedim. Xoşuna gәlmәdi. Heç üzümә dә baxmadan “onu biz dә bilirik. Vәsait ucundandır” dedi.
Sonra tәlimatçıya deyәndә ki, Bağır müәllimi tap, mәnә bir balaca çıxış yazsın, dilim dinc durmadı: - Mirzә Әlәkbәr Sabir haqqında beş-üç kәlmә söz demәk nә çәtin şeydir ki, ona görə Bağır müәllimi çağırtdırırsınız,- dedim. Düz deyirdim, ancaq yersiz deyirdim. Bunu dәrhal özüm dә başa düşdüm. Özümü sındırmadım. İstәyirsiniz mәn yazım - dedim.
Çox sağ ol, dedi., Siz zәhmәt çәkmәyin. Şeirinizi yazarsınız.
Bununla da bu söhbәtlәr qurtardı. Gәncә pedaqoji institutunda görüş qabağı iclas zalının açarı tapılmadı. Çox әllәşdilәr, aça bilmәdilәr. Axırı balta gәtirdilәr, qapını qırıb açdılar. Mәn çıxışımda balta mәsәlәsini xatırlatdım vә dedim ki, görünür, Sabir bu gün dә bizә çox lazımdır. Camaat gülüşdü. Bu söz dә katibә çatmamış olmazdı...
Görünür, katibin qәzәbi daha çox gündüzki bu söhbәtlәrlә bağlı idi.

Nәhayәt, çıxış etmәk üçün sözü mәnә verdi. Biz hәlә gündüzdәn belә qәrara gәlmişdik ki, әvvәl Sabirdәn bir şeir oxuyaq, sonra öz şeirlәrimizi. Ona görә dә әvvәl Sabirin “Daş qәlbli insanları neylәrdin, ilahi?” şeirini oxudum.


Daş qәlbli insanları neylәrdin, ilahi?!

Bizdә bu soyuq qanları neylәrdin, ilahi?!

Artdıqca hәyasızlıq olur el mütəhəmmil,

Hәr zülmә dözən canları neylәrdin, ilahi?!

Qeyrәtli danosbazlarımız iş bacarırkәn,-

Tәnbәl, dәli şeytanları neylәrdin, ilahi?!


Özüm dә hiss etdim ki, bir azca artıq avazla oxuyuram. Görünür hәm yüz qramın, hәm dә içimdәki narazılığın tәsirindәndi. Şeir alqışlarla qarşılandı. Sonra özümün başıbәlalı “Mәnim qoca anam Allahsız deyil” şeirimi oxudum. Әl çalmalarına baxmayaraq keçib oturmaq istәyirdim. Oturduğum yerә çatar-çatmaz üç nәfәr mәktәbli qızın әllәrindә gül dәstәsi sәhnәyә çıxdığını gördüm.
Mәnә müraciәt etdilәr: - Xahiş edirik ana haqqında bir şeir dә oxuyasınız- dedilәr. Tәzәdәn kürsüyә yaxınlaşıb sәhv etmirәmsә “Harda ana görürәm” şeirimi oxudum:
Harda ana görürәm...

Deyin ananın tayı,

Bәrabәri varmı heç?

Ananın da dünyada

Pisi tapılarmı heç?

Ana qәlbindәn mәnim

Qәlbim yaxşı halıdır.

Qanun mәcәllәsinin

Әn birinci maddәsi

Ananı dananların

Haqqında olmalıdır.
Keçib yerimdә oturmamış katib әyilib dedi:- Çox uzatdınız. Demişdim iki şeir oxuyun.

Daha özümü saxlaya bilmәdim:- Әvvәla, özünüz gördünüz ki, mәn otururdum. Mәktәblilәr xahiş etdi, sözlәrini sındırmadım. İkincisi dә bura televiziya ekranı deyil ki? İki dәqiqә artıq vaxt gedәndә nә olar ki? Bir dә mәn başa düşә bilmirәm ki, axı siz nә demәk istəyirsiniz?

- Yaxşı sonra danışarıq.- Üzünü camaata çevirdi.

Elә bu vaxt milliyyәtcә ermәni olan katib qadın geriyә çevrildi:- Yoldaş Famil Mehdi müәllim, o allah şeirinizi mәnә verә bilәrsinizmi? Xahiş edirәm.


Cavab verdim:- Vermәyә verәrәm. Ancaq mәnim Allah haqda şeirim yoxdur, ana haqda şeirim var!
- Elә onu istәyirәm,- dedi.
- Buyurun- şeiri ona uzatdım. Ancaq arxayın olun, şeir KQB-nin nәzarәtindәn keçib. Qәzetdә dә dәrc olunub. Kitabda da çıxıb.
- Hәr halda mәnә lazımdır,- dedi vә qatlayıb sumkasına qoydu.
Onsuz da bayaqdan o birisinin әlindәn cilov gәmirirdim. İndi isə dişim bağırsağımı kәsdi:- Kül bizim başımıza, gör nә günә qalmışıq ki, ermәni qadın da bizә KQB-lik elәyir?!

Görüş qurtarar-qurtarmaz, katib bir tәlimatçını qızışdırıb Abbas Abdullanın üstünә saldı. Hәtta hәmin partiya işçisi Abbasa söyüş söydü. Abbas Abdulla әsәbilәşib irәli cumdu:- Köpәk oğlu, sәn öl ağzına bir şapalaq çәkәrәm. Qoduğun danışdığı sözә bir bax!


Partiya işçisi vәziyyәtin tündlәşdiyini, mәnim dә mәsәlәyә daha geniş (qızım sәnә deyirәm, gәlinim, sәn eşit) müdaxilә etdiyimi görüb küçüklәndi:- Ә, Abbas, nә özündәn çıxırsan. Biz yerliyik. Mәn dә Gürcüstandanam. Mәn sәnә әrk elәyirәm.
Abbas yenә dillәndi:- Tüpürüm sәnin kimi mәdәniyyәtsiz yerlinin üzünә. Çox nahaq yerә elәyirsәn. Sәnin evdә arvadına ərkin çata bilәr, mәnә yox!
Dramatik gәrkinlik bununla da soyudu. Mehmanxanaya, oradan da qatara tәlәsdik. Aradan bir hәftә keçmәmiş eşitdik ki, Mәrkәzi Komitәdәn Mirzә İbrahimova zәng vurublar. Deyiblәr ki, Gәncә şәhәr partiya Komitәsindәn şikayәt mәktubu var. Yazırlar ki, şairlәr gәlib burada sәrxoşluqla mәşğul olublar, Sabir gecәsini pozublar. “Antipartiyni” (o vaxt әn dәbdә olan söz idi) şeirlәr oxuyublar.
Mirzә müәllim soruşub:- Mәktubda kimlәrdәn şikayәt olunur?

Cavab veriblәr Famil Mehdi, Cabir Novruz (yazıq Cabir heç Göygölә dә getmәmişdi, gündüz bir qram da dilinә vurmamışdı).

Mirzә müәllim telefonda danışanın sözünü ağzında qoyur:- Mәn mәclislәrdә onlara yüz qram konyak içirdә bilmirәm. Onlardan sәrxoşluq elәyәn olmaz. O ki, qaldı “antipartiyni” şeir mәsәlәsinә, qardaş, daha bәsdir, qurtarın bu söhbәtlәri... Әl çәkin bu cavanlardan...
Mәn “Allah”la başlanan, bir qәdәr sәmtini dәyişәn bu söhbәtlәrlә mühit haqqında, dövr haqqında mәnzәrәni bir az da açıqlamaq istәdim. 37-ci illәrdәn qalma dәhşәtlәr hәlә dә başqa formalarda davam edirdi. Gözәl ziyalımız Yusif bәyin danışdığı bir әhvalat heç yadımdan çıxmır. Kommunistlәr 30-cu illәrdә Qarabağda mәşhur tarzən Abasqulu ağanı çağırıb deyirlәr ki, get mәhәrrәmlik günlәrindә mәsciddә tar çal. Abasqulu ağa dәhşәtә gәlir:- “Nә danışırsınız? Mәsciddә tar çalmaq? Özü dә mәhәrrәmlikdә? Xeyir, mәn bunu bacarmaram. Çala bilmәrәm.” Abasqulu ağanı hәbs edirlər. Sürgünә göndәrilәn günü xahiş edir ki, faytonu Ağdam mәscidinin qarşısından sürsünlәr. Sürürlәr, fikirlәşirlәr ki, bәlkә sәhvini başa düşәcәk, tapşırığın yerinә yetirilmәsinә razı olacaqdır. Fayton mәscidin qabağından keçәndә Abasqudu ağa ayağa qalxır, әlini mәscidә sarı uzadır vә deyir: “- Ey Allahın evi, sәnin zibilinә düşüb gedirәm.” Deyir vә faytonçuya baxır: “- Di, sür gedәk...”

Bәli, uzun illәr әrzində mәscidә getmәk üstündә nә qәdәr adam partiyadan çıxarılmış, hәbs olunmuşdur. Hәtta bir neçә il bundan әvvәl mәşhur bir akademikin vә görkәmli bәstәkarın adları mәscidә getmәk üstündә ciddi partiya sәnәdlәrinә düşmüş, onlar kәskin tәnqidә mәruz qalmışlar. Sonra da mәlum oldu ki, heç o yazıqlar әslindә ibadәt mәqsәdi ilә mәscidә getmәyiblәr.


Akademik avropalı qonaqlara Gәncә mәscidinin binasını göstәrirmiş. Qonaqlar onlara yaxınlaşan yetim uşaqlara da qәpik-quruş pul veriblәr. Akademik dә әlini cibinә salıb.

Bәstәkar isә özü tәyyarәdә mәnә nәql etdi:- Biz Mirzә Fәtәli Axundov küçәsindә oluruq. Bibimgilin evi Mustafa Sübhi küçәsindәdir. Hәmin günlәrdә әmim rәhmәtә getmişdi. Biz adәtәn әmimgilә gedәndә mәscidin hәyәtindәn (hәqiqәtәn mәscidin hәyәtindәn düşәn cığır iki küçәni birlәşdirirdi vә camaat oradan gәlib-gedirdi) keçirik. Hüzr yerinә keçib gedәndә gördüm ki, kişilәr “şaxsey-vaxsey” deyә-deyә sinәlәrinә, başlarına döyürlәr. Neçә il Leninqradda oxuduğumdan, yaşadığımdan belә şeylәri görmәmişdim. Dayanıb bir az baxdım. Sonra әmimgilә getdim. Aradan bir az keçmiş eşitdim ki, adım MK plenumunda mәruzәdә çәkilib. Sәn demә, keqebeşniklәr şәklimi çәkibmişlәr. Maraqlı burasındadır ki, mәscidә gedib yetim-yesir sevindirәnlәri partiyadan çıxaranlar, hәbsә aldıranlar indi özlәri mәscidә gedib ibadәtlә mәşğul olurlar. Belә yerdә mahnının sözlәri yada düşür: Ey hәyat, sәn nә qәribәsәn?!


Mәn dinә münasibәtim, dindarlarla hörmәtimlә bağlı fikirlәrimi yazarkәn qohumum, sәmimi vә mehriban insan, allah adamı Füzuli Yusif oğlu evimizә gәldi. Qaçqın camaatımızın, qohum-әqrabanın vәziyyәti, gәlәcәk taleyi haqqında söhbәt etdik. Dünyanın keçmişindәn-gәlәcәyindәn danışdıq. 1993-cü ilin iyununda birlikdә getdiyimiz Mәşhәd sәfәrimizi xatırladıq. Sözarası bu kitabımın çap taleyi ilә bağlı fikrini bilmәk istәdim. Füzuli müqәddәs “Quran”ı vәrәqlәdi, baxdı vә dedi:- Bu kitabınızın nәşri bütün kitablarınızdan asan, әziyyәtsiz başa gәlәcәk. Sәbәbi, birincisi, allahla ürәyinizin düzlüyü, ikincisi xeyirxah adamların bu kitabın nәşrindә xüsusi marağı. Füzuli bunu da dedi ki, bu kitabın üzәrindә sizә heç bir maddi kömәyә ehtiyac olmayacaq. İşdir, әgәr bir çәtinlik olsa, onun sponsorluğunu mәn özüm dә üzәrimә götürә bilәrәm. Ancaq tәkrar edirәm: kitab asanlıqla işıq üzü görәcәk.
Allah ağzından eşitsin,-dedim,-Füzuli. Bu kitab mәnim o biri kitablarımdan deyil, ürәk ağrılarımdan, göz yaşlarımdan yaranıb. Qarabağımızın, camaatımızın tarixdә görünmәmiş faciәsinin qanlı-iztirablı sәhifәlәridir.
İçki ilә aram olmayıb. Qaydasında içәnlәrә rәğbәt bәslәmişәm. Çox içәnlәrә, sәrxoşlarla mәnimki qәtiyyәn tutmayıb. İçki mәclislәrinin uzanması mәni hәmişә darıxdırıb. Hәtta mәnimlә bağlı mәclislәrin uzanmasını istәmәmişәm. Qohumlarım Süleyman hәkim, Elxan hәkim mәni hәr dәfә Şuşaya aparanda xahiş edirdim ki, hətta yemәyә dә Şuşada vaxt sәrf etmәyәk. Onun әvәzinә şәhәrdә gәzәk. Cıdır düzünә çıxaq. Topxana meşәsinә baxaq. Dağların tәmiz havasını udaq. Qatarda, tramvayda, küçәdә, piyada gedәndә, uşaq üçün süd almaq növbәsindә dayananda, bir sıra iclaslarda, yığıncaqlarda olduğu kimi, tәntәnәli mәclislәrdә də bir çox halda şeir haqda düşünmüşәm. Ancaq bunu hamıdan gizlәtmişәm. Düşünmüşәm ki, bir cür baxarlar, mәni başa düşmәzlər. Xüsusilә mәclislәrdә deyilәn boğazdan yuxarı, yalan tәriflәr mәddahlıq әsәblәrimi yerindәn oynadıb. Kәsdiyim bir tikә çörәyi zәhәrә döndәrib. Bәzәn dözmәyib narazılığımı bildirmişәm, özümә “düşmәn” qazanmışam. Bu haqda şeirim dә var:
Vay-vay,

Yenә mәclis, yenә da sağlıq!

Ürәyim, yaxşı ki, dözürük, sağıq.

Bir qorxaq az qala pәhlәvan olur,

Bir yaltaq az qala qәhraman olur.

Ağsaqqal adlanır lovğanın biri,

Dargözün, xәbisin, darğanın biri.

Üç yol bir sağlığa

Necә içim mәn?

Gәzir pıçıltılar qapı dalında:

Ömründә kişilik nәdir bilmәyәn,

Oturub kişilәr pyedestalında.

Әfsus!

Mәclisә bax, sağlıqlara bax!



Neylәyim, qaldırıb dolu badәni

içirәm,


bәlkә dә bununçün araq

Yerimdә od vurub odlayır mәni.

“Sağlıq” şeiri.
Bu şeirin tarixi haqqında danışmazdan әvvәl onu deyim ki, tanış-bilişlәrin, dostların, qohumların, hәtta tanımadığım adamların övladlarının toy mәclislәrinә çox dәvәt olunmuşam. Olduğum toylardakı bәy vә gәlinin şәkillәrindәn ibarәt bir albom da düzәltmişәm. Fikirlәşmişәm ki, nә vaxt isә maraqlı foto-albom nәşr etdirmәk olar. Mәclislәrin bir çoxunda toyu idarә etmәyimi xahiş ediblәr. Ürәyimcә, tәbiәtimcә olmasa da sözlәrini sındırmamışam. Ancaq çalışmışam ki, şit tәriflәrә, lüzumsuz şişirtmәlәrә yol vermәyim. Hәtta mәclis sahiblәrinin xahişini belә nәzәrә almayıb әksәr hallarda fәrdi sağlıqlar demәkdәn qaçmışam. Adәtәn bәzәn әnәnәni qırıb bәylә gәlindәn dә qabaq Azәrbaycan xalqının, millәtimizin sağlığına badә qaldırılmasını tәklif etmişəm. Hətta toylardan belә yaltaqlanaraq kiminsә ünvanına çoxmәrtәbәli tәriflәr deyәrәk xal qazanmaq istәyәnlәrə nifrәt bәslәmişәm. Hәtta son vaxtlar yazdığım mәqalәlәrin birindә tәklif etmişәm ki, bütün mәclislәrdә ilk sağlıq torpaqlarımızı qoruyan, vәtәn yolunda canından keçәn әsgәrlәrimizin-Azәrbaycan әsgәrinin adı ilә bağlı olsun.
Bir hadisәdәn sonra ümumiyyәtlә, “masabәyi”lik mәsәlәsi ilә üzülüşdüm. Sanatoriyada yaşlı bir hәkimlə tanış olmuşdum. Müharibә iştirakçısı idi. Qıçının birini itirmişdi. İnsanlığı, sadәliyi, mәdәni davranışı xoşuma gәlirdi. Ona görə dә arabir zәnglәşir, hal-əhval tuturduq. Mәni oğlunun toyuna çağırdı. Üstәlik dә, mәclisi idarә etmәyimi xahiş etdi. Razılıq vermәdim. Hәm dә tanımadığım adamlar... Ancaq әl çәkmәdi, şikәst adam idi. Yazığım gәldi...Razılaşdım...
Mәclisin gedişindә mәnә bildirdilәr ki, gәlinin atası vәfat edib, ancaq әmisi toyda iştirak edir. Adını da dedilər. Mәn hörmәt vә ehtiramla әminin haqqında sağlıq dedim vә onu mikrofona dәvәt etdim. Qalxıb ayağa bildirdi ki, danışmaq istәmir. İncidiyini hiss etdim. İstәmәdim ki, toydan qanıqara getsin. Könlünü almaq istәdim. Bir azdan yenә xoş sözlәrlә söhbәti әminin üstünә gәtirib çıxardım. Ayağa qalxıb nümayişkaranә bildirdi ki, çıxış etmәk istәmir. Sәbәbini bәyin atasından, tanışım hәkimdәn soruşdum, o da bilmәdi. Mәcbur olub gәlinin tanıdığım qohumundan xәbәr aldım. O da çiynini çәkdi. Belәliklә dә pәrtlik axıra qәdәr davam etdi.

Aradan dörd-beş il keçәndәn sonra mәn bu faktı bir yerdә danışdım. Hәmin әmini yaxından tanıyan, ona hәlә qohumluğu da çatan hәmsöhbәtim gülümsündü vә dedi:- Hә, onun elә xasiyyәti var. Siz onun haqqında sağlıq deyәndә gәrәk bütün xidmәtlәrini-elmi dәrәcәsini, rütbәsini, vәzifәsini, әsәrlәrinin adını, xüsusilә, cәbhәdә olmasını, әsir düşmәsini, neçә orden-medal almasını, şәhәr partiya bürosu üzvü, veteranlar şurası sәdri olmasını, daha nәlәri, nәlәri demәli idiniz ki, o razı qalsın vә qalxıb söz desin.


Qeyri-ixtiyari olaraq әlimi әlimә vurdum:- Vay dәdәm, vay! Yox, yaxşısı budur ki, üzüsuluykәn bu masabәyilik işindan uzaqlaşım. Uzaqlaşdım da...
İndi də yuxarıdakı şeirin konkret yaranma sәbəbi haqqında. Günlәrin bir günündə yazıçı dostum rәhmәtlik Fәrman Kərimzadә ilә rayona getmişdik. Kolxoz sәdri rayon partiya komitәsinin katibi Fәrman vә mәn günorta bir yerdә nahar edәsi olduq. Cavan sәdr ilk sağlığı katibin şәrәfinә dedi. İçdik. İkinci badәni bizim sağlığımıza içmәyi tәklif etdi. Yenә içdik. Üçüncü sağlıq yenә dә katiblә bağlı oldu. Tәriflәr yağdı başına, hamı içdi. Mәn dirәndim, bir stakana baxdım, bir katibә. Güclә bir-iki qurtum aldım. Dördüncü badә sәdrin sağlığına qaldırıldı. Etika xatirinә yenә bir-iki qurtum içdim. Başım gicәllәndi. Ancaq sağlıqlar davam edir... Mәn stәkanı yalandan dodağıma vurub yerә qoydum. Tıncıxmışam. Ayağa qalxmaq istәyirәm. Ancaq düşünürәm ki, yaxşı çıxmaz. Bir tәhәr dözürәm. Bu vaxt cavan sәdr yenә ayağa qalxır. Bir daha katibin sağlığına badә qaldırmağı tәklif edir. Bu dәfә tәrifin hәddi-hüdudu olmur. Daha tab gәtirә bilmirәm. Partlayıram:- Qardaş, katibin sağlığına neçә dәfә içәrlәr? Öldük, qırıldıq axı! Heç sәnin insafın yoxdur?
Süfrәdә pәrtlik yarandı. Fәrmanın zarafatı da bu pәrtliyi aradan qaldıra bilmәdi. Süfrә sahiblәrinin elә bil başlarına qaynar qazan tökmüşdülər. Hәlә dә bişirdilәr.

Yenә özüm gәrginliyi azaltmaq istәdim:- Gәlin hamımızın birlikdә sağlığımıza içәk. Zәhmәtinizә görә sağ olun.


Ayağa qalxdıq. Ağızucu xudahafizlәşib ayrıldıq. Yolda Fәrman mәni әrkyana danladı:- Bir az pis çıxdı. Sonra nә fikirlәşdisә әlavә etdi:- Әşi, bir yana baxanda lap yaxşı elәdiniz. Ә, bu qәdәr dә yaltaqlıq olar? Zalım uşağının әlinә girәvә keçәn kimi xoda düşürlәr. Tormozları da tutmur.

Hәmin sәfәrdәn sonra aramızda zarafat üçün iki mövzu qalmışdı. Birincisi bu mәclis. İkincisi isә hәlә rayona gәlmәmişdәn әvvәl baş verdi. Cibimizdәki ancaq göndәriş pulu idi. Fәrman Bakıda mәslәhәt bildi ki, qatarla gedәk. Sonra düşәk qohumumla görüşәk. İmkanı böyükdür, bizi maşınla yola sala bilәr. Qatardan düşәn kimi qohumunu tapdıq. Görüşdük. Qohumlar bir-birindәn hal-әhval tutdular. Haqqüçünә bizi çaya dәvәt etdi. Tәşәkkürümüzü bildirdik. Fәrman dedi ki, bizi yola salsın.


Dedi:- Baş üstә! Әlini qaldırdı. Tabeliyindә olan taksi maşınlarının biri saxladı. Tapşırdı ki, bizi filan rayona aparsın. Sürücü:- Baş üstә, deyib, bizә maşına oturmağı işarә etdi. Fәrman qatarda olduğu kimi maşında da qohumunu tәriflәdi:- Әla oğlandır!

Maşınımız rayon mәrkәzinә çatdı. Fәrman özündәn razı halda maşından düşdü vә xeyli uzaqlaşdı. Mәn isә elә-belә etika xatirinә әyilib sürücüdәn soruşdum:- Nә qәdәr vermәliyik?

Çәkinib elәmәdәn mızıldandı:- Әlli manat.
Vur-tut cibimdә olan әlli manatı sürücüyә uzatdım:- Sağ olun! Halbuki hörmәti ilә birlikdә 20-25 manat edәrdi.
Maşın uzaqlaşandan sonra Fәrman soruşdu:- Sürücü ilә nә haqda söhbәt edirdiniz? Dedim heç nә, pulunu verirdim.
Yuxudan ayılmış kimi soruşdu:- Nә pul?
Dedim:- Yol haqqı! Әllicә manat
Fәrman quruyub yerindә qaldı. Sonra әlini-әlinә vurub bәrkdәn güldü: -Vay Allah!

Hәmişә telefonda danışanda hansımız qabağa düşüb “nә var, nә yox?”- deyә sual verdikdә dәrhal cavab verәrdik:- Taksimiz dә müftә, tәriflәrimiz dә... Daha nә dәrdimiz var!

Bәli, içki ilә aram yox idi, bacarmırdım. Amma ara-sıra içki mәclislәrindә olurdum. Bir tәnqidçi dostum vardı. Onunla bir mәclisә düşәndә mәnә deyirdi:- Niyә içmirsәn, müsbәt qәhrәman olmaq istәyirsәn?
Müşahidәlәrimdәn belә nәticәyә gәlmişәm ki, içki yıxan evi, Allah da yıxa bilmәz. Bakıda istedadlı bir jurnalist vardı. Biz tәlәbә olanda onun yanında tәcrübә keçmişdik. Tez-tez yazıları qәzetdә dәrc olunar, yaxşı rәy yaradardı. İçkiyә qurşandı. Üz-gözünü tük basdı. Gözlәrinin altı tuluğlandı. Gündәn-günә arıqladı. Yazıları qәzet sәhifәlәrindәn yoxa çıxdı.

Universitetdә tәzәcә müәllim düzәlәn vaxtım idi. Şәhәr tezdәn mühazirәm vardı. Birdәn auditoriyanın qapısı döyüldü. Hәmin jurnalist idi. Elә bil bu bir neçә ayda iyirmi-otuz il qocalmışdı. Gözlәri çuxura düşmüşdü.


Yavaşcadan dillәndi: - Evinizә getmişdim. Dedilәr dәrsdәsiniz. Anam ağır xәstәdir, dәrman almağa pul yoxdur. Kömәk elә.
Elә bil dünya başıma fırlandı. İndi dә anasının adından istifadә edib içir. Özümü әlә aldım. Cibimdә beşcә manat pulum vardı. O vaxt bu böyük mәblәğ idi. Çıxarıb verdim. “Sağ ol” deyib getdi. Əhvalım da pozuldu, dәrsim dә. Bir neçә aydan sonra ağır xәstәlәndi, öldü.
Bir qәlәm sahibi dә vardı. Vaxtilә yaxşı әsәrlәr yazırdı. Son vaxtlar müntәzәm içirdi. İçdikcә dә arıqlayıb, әldәn düşürdü. Dәfәlәrlә qabağımı kәsmişdi. Hәr dәfә dә әlimi cibimә salmışdım. Bir dәfә dә rastlaşdıq. Dedi çörәk almağa pul yoxdur. Uşaqlar evdә acdır.

Qolundan tutub maqazinә tәrәf çәkdim. Soruşdu ki, mәni hara aparırsan? Dedim gedәk sәnә beş-altı çörәk alım, apar evә.


Qolunu elimdәn çәkdi vә sәrt bir tәrzdә dedi:- Pulun da özünün olsun, çörәyin dә. Dedi vә uzaqlaşdı. O da uzun yaşamadı...
Başqa bir misal. Tәzәcә ailә qurmuşduq. Köhnә mәhlәdә yaşayırdıq. Bir axşam qapı döyüldü. Açıb gördüm qәlәm yoldaşlarımdan biri. Әli, ayağı, üstü, başı qandır. Mәni dәhşәt bürüdü. İçәri dәvәt etdim. Mәlum oldu ki, növbәti dәfә yenә dә möhkәm içib evә gәlib. Evdә dava-dalaş qopub. Qadının qohumları tökülüb onu evdәn çıxarmaq istәyiblәr. Nәticәdә әli qapının arasında qalıb, әzilib...
- Dәdә,-dedi, (mәnә hörmәt әlamәti olaraq “dәdә” deyirdi) sәnә pәnah gәtirmişәm.

Dәrhal əl-üzünü yuyub tәmizlәdik. Yarasını sarıdıq. Cırılmış köynәyini dәyişdik. Bir qәdәr dincәldi, çay içdi. Özünә gәldi. Bir tin yuxarıda lap balaca bir otaqda kirayәnişin qalan әmim nәvәsi tәlәbә Hüseyni çağırdım. Tanış etdim. Dedim müvәqqәti bir yerdә qalacaqsınız. Yemәyi isә gәlib bizdә yeyәrsiniz. Tәxminәn bir aya yaxın elә dә etdilәr. Sonra ailәdә barışdılar. Ancaq o da cavankәn dünyasını dәyişdi.


Bir tәrcümәçi yoldaşım da vardı. Son dәrәcә savadlı, bilikliydi. O da bәrk içәn idi. Qıçının birini cәbhәdә mәrmi aparmışdı. Süni ayaq düzәltmişdilәr. Bir dәfә şair Yusif Hәsәnbәyli ilә tәxminәn axşam saat 10-da keçmiş “Novaya Yevropada”da qәlyanaltıya girdik. Gördük oturub, bәrkdәn danışır. İçәndә bәrkdәn danışırdı. Hәtta bir dәfә “İnturist” mehmanxanasının restoranında möhkәm içir. Göz gәzdirib görür ki, oturanların çoxu rusdur. Rus imperiyasının acığını onlardan almaq istәyir. Ayağa qalxıb onlara üz tutur vә ucadan deyir: “Uvajayemıye baranı, proşu vas nemedlenno pokinut Azerbaydjan! Yesli po sobstvennomu jelaniyu ne poyedete, toqda ya vas vıqonyu.” İndi isә stol yoldaşı ilә danışırdı. Dәrhal gözü bizi aldı vә yanına çağırdı. Keçib oturduq. Dedi araq alın, içәk. Aldıq. Bir stәkan içdi. Bir balaca da biz içdik. Durub getmәk istәdik, buraxmadı. Dedi ki, bax, poeman mәndәdir. “Literaturnı Azerbaydjan”dan götürmüşәm tәrcümә etmәyә. Bizi qoymadı ayağa durmağa. Artıq gec idi.

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   10   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə