Fənn: Azərbaycan Tarixi Müəllim: Hacızadə Gülnar



Yüklə 158,33 Kb.
tarix31.12.2021
ölçüsü158,33 Kb.
#50106
azərbaycan yenidənqurma illərində




İxtisas: Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

Qrup: Əq-020

Fənn: Azərbaycan Tarixi

Müəllim: Hacızadə Gülnar

Tələbə: Mustafayeva Esma

Sərbəst iş:

Azərbaycan yenidənqurma illərində



1985-ci il martın 10-da K.U.Çernenkonun ölümündən sonra M.S.Qorbaçov Sov.İKP MK-nın Baş Katibi seçildi. Qorbaçov Mixail Sergeyeviç 1931-ci ildə Stavropol diyarının Privolno stanitsasında (kazak kəndi) anadan olmuşdur. Orta məktəb illərində əmək fəaliyyətinə başlayan M.Qorbaçov MDU-nin Hüquq fakültəsini və Kənd Təsərrüfatı institutunu bitirmişdir. Mərkəzi komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışan M.Qorbaçov Sov.İKP MK-da aqrar siyasət üzrə işə cəlb edilmişdir. 1980-ci ildən Siyasi Büronun tərkibinə daxil olan M.S.Qorbaçov K.U.Çernenkonun ölümündən sonra A.A.Qromıkonun təşəbbüsü ilə gənc, dinamik lider kimi Baş Katib seçildi. Ölkə tarixində onun üzərinə çətin islahatçı rolu düşdü. Onun bütün fəaliyyəti ardıcıl və qabaqgörən olmasa da məhz M.Qorbaçov mövcud hakimiyyət strukturuna savaş açdı. Onun kosmetik xarakterli yarımçıq islahatları köhnə sistemin dağılmasını daha da sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra M.S.Qorbaçov istefaya gedərək özünün qurduğu Fond vasitəsilə fəal ictimai-siyasi iş aparırdı.

SSRİ-də geniş islahatların başlanmasını adətən M.S.Qorbaçovun partiya və faktiki olaraq dövlətə rəhbərlik etdiyi 1985-ci illə bağlayırlar. Lakin bəzi tarixçilər Y.V.Andropovu “yenidənqurmanın atası” adlandırırdılar, başqaları isə 1980-ci illərin birinci yarısında SSRİ-nin tədricən islahatlar mərhələsinə daxil olması məntiqinə əsaslanaraq 1983-1985-ci illəri yenidənqurmanın “rüşeym” (embrion) dövrü” hesab edirlər.

Sov.İKP MK-nın yeni Baş Katibi 1985-ci il aprelin 23-də Plenumda çıxış edərək cəmiyyətin hərtərəfli yenilənməsi, “ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi” əsasında geniş islahatlar keçirəcəyini bəyan etdi. İqtisadi dəyişikliklərin yeni investisiyaların və yeni obyektlərin tikilməsi yerinə mövcud müəssisələrin modernləşdirilməsi hesabına aparılması nəzərdə tutulurdu. Başlıca olaraq maşınquraşdırmanın sürətli inkişaf etdirilməsi irəli sürüldü. İslahata əsasən maşın və avadanlığın istehsalı sənayenin başqa sahələrini 1,7 dəfə ötüb keçirdi. İntizamın möhkəmləndirilməsi və maddi maraq prinsipinin artırılması vasitəsilə “insan faktorunun” fəallaşdırılmasına xüsusi diqqət ayrılırdı. Bütün bu dəyişikliklər təbii olaraq sosializm çərçivəsində həyata vəsiqə qazanmalı idi.

M.S.Qorbaçovun islahatı hər şeydən əvvəl yuxarıdan başlanmışdı və “aşkarlıq” (“qlasnost”), “sürətləndirmə” (“uskorenie”), “yenidənqurma” (“perestroyka”) adlanan üç şüarla səciyyələndirilir. “Aşkarlıq” sovet sisteminin mövcud olduğu dövrdə gizli saxladıqlarının xalqa bildirilməsi demək idi. Başqa sözlə hazırki dövrə kimi sistemin ört-basdır etdiyi iqtisadi böhrandan, heç bir siyasi islahat irəli sürməyə qabil olmayan və iqtisadi aparatın bir hissəsinə çevrilən partiyadakı böhrandan, nəhayət söz yığımından başqa bir şey olmayan ideoloji sistemin böhranından açıq-aşkar bəhs edilməyə başlandı. Yeni rəhbərlik öz çıxışlarında senzuranı yumşaltmaq və vətəndaşların azad məlumat əldə etmələrinə şərait yaratmağı vəd edirdi.

1980-ci illərin ortalarında SSRİ-də sosial böhran dərinləşdiyi üçün M.S.Qorbaçovun islahatları xalqın böyük əkəsriyyəti tərəfindən dəstəkləndiyi halda, onun islahatlara çağırışı yeni hər bir şeyə qarşı olan təbəqələrin ciddi müqaviməti ilə üzləşdi. Odur ki, M.S.Qorbaçov daim yaranmış mürəkkəb şəraitə uyğun olaraq öz çıxış və fəaliyyət proqramını zaman-zaman dəyişdirərək islahatların tərəfdarları ilə əleyhdarları arasında ortaq nöqtə tapmağa səy göstərirdi. Partiya və dövlət rəhbərliyinin az bir hissəsi başa düşürdü ki, iqtisadi sistemi dəyişdirib, mərkəzləşdirilmiş idarəetmədən imtina edərək təsərrüfathesabı tədbiq etməklə müəssisələrin hüququnu genişləndirmək vacibdir. Partiya və dövlət aparatını təmsil edənlərin böyük əksəriyyəti belə hesab edirdi ki, ümumiyyətlə heç bir islahat lazım deyil, yalnız güc metodu ilə intizamı möhkəmlətməklə vəziyyəti normallaşdırmaq olar.

İqtisadi sahədə həyata keçirilməsi nəzərdə tutulan yenidənqurma və islahatın ilk konkret addımı 1985-ci il mayın 7-də Sov.İKP MK-nın qəbul etdiyi “Sərxoşluq və alkoqolizmin aradan qaldırılması tədbirləri haqqında” qətnaməsi və ölkədə antialkoqol kampaniyasının başlanmasıdır. Düzdür sərxoşluq ölkədə dözülməz həddə çatmışdır, amma onun aradan qaldırılması üçün tədbiq edilən tədbirlər də təsirsiz və son dərəcə ağır nəticələr doğurduğundan məqsədə çatmadı. İnzibati metodlarla həyata keçirilən kampaniya çərçivəsində üzüm bağları, şərab istehsal edən müəssisələr ləğv olundu. Şərab mağazaları kəskin azaldıldığına görə kütləvi araq növbələri yarandı. Antialkoqol kampaniyası ölkədə narkomaniya, toksikomaniya, spirt surroqatlarından istifadənin geniş yayılmasına səbəb oldu. Dövlət büdcəsi spirtli içkilərdən gələn külli miqdarda gəlirdən məhrum oldu. Belə ki, 1985-1986-cı illərdə Sovet İttifaqında alkoqol içkilərinin iki dəfə azalması hesabına dövlət büdcəsi 1985-ci ildən 1988-ci ilə qədər 67 milyard manat vəsait itirdi. Bu məlumatı N.İ.Rıjkov vermişdir, M.S.Qorbaçov isə bunun 37, V.S.Pavlov 200 milyard olduğunu iddia etmişdir. Nəticədə 1988-ci ildə antialkoqol kampaniyası baş tutmayaraq dayandı.

Yenidənqurma islahatı sahəsində növbəti inzibati tədbir 1986-cı ilin mayında “Dövlət qəbulu haqqında” (“O qospriemke”) Qanun oldu. Qanuna əsasən sənaye məhsulunun keyfiyyətinə nəzarət etmək məqsədilə dövlət müfəttişləri qulluğu yaradıldı. 1987-ci il yanvarın 1-də SSRİ-nin bütün iri müəssisələrində bu sistem fəaliyyət göstərirdi. Müəssisələrin texniki nəzarət şöbələrinin (OTK) nəzarətçilərindən fərqli olaraq dövlətqəbulu müfəttişləri müəssisənin rəhbərliyindən asılı deyildirlər və planın yerinə yetirilməsində maddi maraqları yox idi. Lakin işin inzibati tərəfini önə çəkən bu tədbirin də nəticəsi gözlənildiyindən çox aşağı oldu. Planın yerinə yetirilməsi və bunun birbaşa nəticəsi olaraq əmək haqqı aşağı düşdü. Müəssisə rəhbərləri tez-tələsik onların partiya qeydiyyatında olan müfəttişləri ilə dil tapmağa çalışırdı. Böyük bir səmərə verməyən dövlət qəbulu yalnız iki il mövcud oldu.

1986-cı ilin may ayında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Zəhmətsiz gəlirlə mübarizənin gücləndirilməsi tədbirləri haqqında” qətnaməsi dərc olundu. Formal olaraq bu sənəd kölgə iqtisadiyyatının iri işbazlarına qarşı yönəlsə də praktik olaraq bundan ən çox xırda sənətkarlar və ticarətçilər, satmaq üçün meyvə və tərəvəz yetişdirən kolxozçu və şəhərlilər əziyyət çəkdilər.

1986-cı ilin fevral-martında Sov.İKP-nin XXVII qurultayı partiya Proqramını dəyişərək köhnə kommunizm quruculuğu yerinə sosializmi təkmilləşdirmək kursun elan etdi. Partiya 2000-ci ilə doğru ölkənin iqtisadi potensialını iki qatına çıxarmağı və hər ailəyə ayrı mənzil təmin etməyi vəd etdi. Qurultay eyni zamanda müəssisələrdə rəhbərləri seçmək hüququ olan, əmək haqqını və sosial ehtiyaclara ayrılan vəsaiti qaydaya salan sənaye müəssisələrində əmək kollektivləri şuraları yaratmağı nəzərdə tutan əmək kollektivləri haqqında Qanunu bəyəndi. Bununla da hakimiyyət sanki xalqa müraciət edərək onların dəstəyinə arxalanmaq istəyirdi. Lakin praktik olaraq qanunun həyata keçirilməsi istehsalatın işinin pozulmasına və müəssisələrin inzibatı rəhbərliyinin fəaliyyətinin iflic olmasına gətirib çıxardı.

1986-cı ilin yazından başlayaraq məlum oldu ki, sürətləndirmə kursu səmərəsizdir və ciddi iqtisadi dəyişikliklər olmadan vəziyyəti xilas etmək mümkün deyildir. Ölkənin dövlət büdcəsinin kəsiri 1985-ci illə müqayisədə üç dəfə artdı. SSRİ-nin xarici dövlət borcu 1985-ci ildəki 27,2 milyard dollardan artaraq 1986-cı ildə 39,4 milyard dollara çatdı,1986-cı ilin yayından partiya sənədlərində “sürətləndirmə” termini itdi, daha çox “yenidənqurma” siyasəti önə çıxdı. “Sürətləndirmə” xəttinin boşa çıxması, ilk növbədə, ölkənin dövlət büdcəsinə əhəmiyyətli qatqısı olan neft və neft məhsullarının qiymətinin dünya bazarında aşağı düşməsi ilə əlaqədardır. Büdcəyə daxil olan neft dollarlarının xarici istiqrazlarla əvəz edilməsi Sovet İttifaqını borc bataqlığına sürüklədi. 1990-cı ilə doğru SSRİ-nin borcu 57,6 milyard dollara çatırdı. Borcların faizi ilə birlikdə ödənməsi zərurəti isə iqtisadiyyata ağır yük idi.

Yuxarıda da qeyd etdiyimiz kimi antialkoqol kampaniyası üzüm bağlarının 30 faizə qədərinin kəsilməsinə, dövlət büdcəsinin isə ildə 40-50 milyard manat itirməsinə gətirib çıxardı. Gizli olaraq araqçəkmə geniş yayıldığına görə mağazalardan şəkər, ucuz konfetlər və s.yoxa çıxdı. Bayram, toy şənlikləri və yas mərasimində spirtli içki əldə etmək məqsədilə mağazalrın önündə adamların uzun növbələri əmələ gəldi ki, bu da ölkə əhalisini son dərəcə qıcıqlandırırdı.

Planı yerinə yetirmək məqsədilə kölgə iqtisadiyyatından müəssisə və regionlar arasında mal mübadiləsindən istifadə etməyə alışan müəssisə rəhbərləri normativ prinsiplərin pozulmasının ciddi təqibindən ehtiyat edərək normadan artıq fondların inkişaf etdirilməsinə marağı dayandırdılar. Bu isə normadan artıq fondların tədricən yox olması demək idi. 1986-cı ildə isə onların qiyməti 80 milyard manat təşkil edirdi.

1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəza ölkənin dövlət büdcəsinə ağır zərbə vurdu. Bu qəzanın özü birbaşa sürətləndirmə siyasətinin nəticəsində yaranmışdı. Belə ki, atom elektrik stansiyasının əməkdaşları reaktorların məhsuldarlığını artırmaqla qəza törətdilər. M.S.Qorbaçov hakimiyyəti faciənin miqyasını tez bir zamanda elan etmədiyi üçün on milyonlarla adam bundan ziyan çəkdi. Partlayışın reaktiv buludu Şərqi Slavyan torpaqları Ukrayna, Belarusiya, Rusiyanın bir çox rayonlarının zərər görməsinə səbəb oldu.10,9 milyon hektar yararlı kənd təsərrüfatı əkin sahəsi radioaktiv çirklənməyə məruz qaldı.SSRİ-nin əraziləri ilə yanaşı Rumıniya, Polşa, Bolqarıstan, Yuqoslaviya, hətta Kanada belə radioaktiv çirklənmədən öz nəsibini aldılar. Sovet İtitfaqının partiya və dövlət rəhbərliyi adamların 1 may bayramını “korlamamaq” niyyəti ilə faciənin miqyası barədə susmağa üstünlük verdilər. Təkcə 1986-cı ildə qəzanın ləğv edilməsi ölkəyə 14 milyard manata başa gəlmişdir. Bütün bunların nəticəsində sürətləndirmə xətti uğursuzluqla nəticələndi. Ölkənin iqtisadiyyatında yaranmış əlverişsiz vəziyyət M.S.Qorbaçov hakimiyyətini yeni yollar axtarıb tapmağa məcbur etdi. Cəmiyyətdə mövcud iqtisadi sistemdə islahatlar aparılmasının yolları haqqında geniş müzakirələr açıldı. Müzakirələrdə görkəmli alimlər L.İ.Abalkin, O.T.Boqomolov, T.İ.Zas-lavskaya, N.Y.Petrakov, R.A.Belousov, A.Q.Aqanbeqyan, Q.A.Yavlinski, Q.X.Popov, S.S.Şatalin və b. iştirak edirdi. Müzakirələrin gedişində ictimai-iqtisadi, sosial və mədəni inkişaf məsələlərini yenidənqurma konteksində həll etməyin zəruriliyi irəli sürüldü. İqtisadiyyat sahəsində yenidənqurma dövlət müəssisələrinin müstəqilliyini və bazaar münasibətlərinin elementlərini artırmağı nəzərdə tuturdu. Hesab edilirdi ki, yenidənqurma islahatı müəssisələrin yeni texnologiyasının tədbiqinə maraq oyadaraq, əmək məhsuldarlığının artırılmasına stimulu təmin edərək, kölgə iqtisadiyyatını leqallaşdıraraq ona dövlətin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərməyə imkan yaradacaq. Bu məqsədlə 1987-ci il iyunun 30-da “Dövlət müəssisələri (birlikləri) haqqında Qanun” qəbul edildi. Qanun müəssisələri idarə etməyin yeni prinsipləri olan təsərrüfathesabın və özünümaliyyələşdirməni elan etdi. Belə ki, əvvəllər yuxarının müəyyən etdiyi plan tapşırıqlarının yerinə yetirilməsi müəssisənin əsas göstəricisi olduğu halda Qanun müəssisələrə müvafiq nazirliyin təklif etdiyi planın göstəricilərin “üfüqi” əlaqə saxladığı müəssisələrin sifarişin nəzərə almaqla müstəqil yerinə yetirib istehlakçıya çatdıra bilmək hüququ verirdi. Yəni müəssisənin maraqları və müstəqilliyi ön plana keçir, hətta xarici firmalarla belə, onlar birbaşa əlaqəyə girə bilərdi.

Əsl həqiqətdə isə mərkəzi nazirliklər bürokratiyası öz mövqeyindən və əvvəlki vərdişlərindən əl çəkmək istəmirdilər. Dövlət sənayenin əsas sifarişçisi olduğu üçün müəssisələrin əsas istehsal məhsulu onun payına düşür, müəssisələr üçün isə məhdud kommersiya imkanları qalırdı. Məhsulun qiymətinin və verginin müəyyən edilməsi dövlətə məxsus olduğundan nazirliklər müəssisələrin gəlirinin qaymağın toplayaraq sözdə müəssisələrin maliyyə müstəqilliyindən ağız dolusu danışırdılar.



Başqa bir tərəfdən müəssisələr istehsal etdikləri məhsulu sata biləcəkləri topdansatış bazarları olmadığı üçün bağladıqları müqavilə şərtlərini yerinə yetirməkdə çətinlik çəkirdilər. Mərkəzləşmiş qaydada dövlət sifarişin yerinə yetirənlər isə daha əlverişli vəziyyətdə idilər, çünki onlar hazır məhsul üçün bazar axtarıb tapmağa məcbur deyildilər. Belə bir şəraitdə müəssisələrin “özünüidarə”, “özünümaliyyələşdirmə” hay-küyünə baxmayaraq işçilər başa düşürdü ki, bütün qərarlar yenə də bürokratik mərkəzdən və ya sonradan elan edilən “anti-yenidənqurma qüvvələrindən” daxil olur. Əvvəlki idarəetmə strukturunun ciddi himayəsi altında olan müəssisələr özünümaliyyələşdirmə prinsipinin elan edilməsinə baxmayaraq dövlətdən çox böyük subsidiyalar olaraq bankrot olmaqdan və şişən şəxsi heyətin işdən azad olmasından xilas olurdular. Ümumən iqtisadi islahatlarla bağlı nazirlik və başqa idarəetmə orqanlarının yenidən qurulması nəticəsində altı il müddətində bir milyona kimi qulluqçu sənaye sahələrindən ixtisar edilmişdir.

İqtisadi islahatın mühüm tərkib hissəsindən biri xüsusi təşəbbüsün fəaliyyət dairəsinin genişləndirilməsindən ibartədir,1986-cı il noyabrın 19-da qəbul edilən, 1988-ci il mayın 26-da əlavələr olunan qanunla 30-dan artıq istehsal məhsulu və xidmət sahəsi üzrə xüsusi fəaliyyət leqallaşdırıldı. Öz işini açmaq istəyən hər bir şəxs qeydiyyatdan keçməli və çox yüksək 65 faizə çatan vergi ödəməli idi. 1991-ci ilin yazına olan məlumata əsasən iş qabiliyyəti olan, ölkə əhalisinin 5 faizini təşkil edən 7 milyon nəfərdən çox adam sürətlə artan kooperativ bölməsində çalışırdı. Bundan başqa bir milyon nəfər adam fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat icazəsi almışdır. M.S.Qorbaçov hakimiyyətinin yenidənqurma dövründə xüsusi təşəbbüskarlığı müdafiə vədlərinə baxmayaraq yerli hakimiyyət orqanları müxtəlif vasitələrlə kooperativlərin fəaliyyətini məhdudlaşdırırdı. Sovet adamlarının böyük əksəriyyəti siyasət və ideologiya sahəsində azadlıqları təqdir etdikləri halda sahibkarlıq fəaliyyətinə şübhə ilə yanaşırdılar. Birdən-birə islahat nəticəsində dövlət, müqavilə, kooperativ və qara bazar qiymətləri ilə üzləşən sovet adamı iqtisadi azadlıqları özlərinin həyat səviyyəsinin düşməsinin səbəbi kimi görməyə başladılar. Onlar qiymətlərin sabit dövlət təminatına üstünlük verərək sahibkarlarla iş birliyindən qaçırdılar.

Əhalinin belə əhval-ruhiyyəsi hökumətin kənd təsərrüfatı sahəsində xüsusi təşəbbüskarlığı yaymasına da mane olurdu. 1988-ci ildə rəsmən qəbul edilən “icarə müqaviləsinə” əsasən bir və ya bir neçə ailə torpağı 50 il müddətinə kimi icarəyə götürərək becərdiyi məhsulun tam sahibi olurdu. Həm də 1988-ci ilin martında kolxozlara dair qəbul edilən yeni əsasnamədə elan edildi ki, şəxsi təsərrüfatlarda fərdi əkin sahələrinin həcmini və mal-qaranın sayını hər bir kolxozun kollektivi “onun üzvlərinin ümumi əməkdə iştirakından asılı olaraq” müəyyən edir. Lakin əsl həqiqətdə isə bu tədbirlər simvolik səciyyə daşıyırdı.Belə ki, kooperativ təşkilatlara çevrilməsi nəzərdə tutulan kolxozlar əsl müstəqillik əldə edə bilməyərək yenə rayon hakimiyyətinin nəzarətində qalaraq dövlətə təhvil verilən məhsulun miqdarı, şəxsi sahələrin həcmi və s. onlar tərəfindən müəyyən edirdi. Ölkədə icarə hərəkatı geniş yayılmadı, 1991-ci ilin yayına doğru torpaqların yalnız 2 faizi, mal-qaranın isə 3 faizi icarədarlara məxsus idi. Azad surətdə torpağı icarəyə götürərək əkib-biçmək kəndlilər arasında geniş yayılmamasının əsl səbəbi o idi ki, onlar kənd təsərrüfatının texnikasından və kolxozların başqa infrastrukturlarından məhrum olduqları üçün istehsal etdikləri məhsulu hazır vəziyyətdə gətirib sata bilmirdilər. Odur ki, sahibkarlıq kəndlilər arasında ləng inkişaf edir, onların ən fəalları isə şəhərlərə üz tuturdu. Nəhayət, kənddə yaşayan əhalinin böyük əksəriyyəti keçmiş illərin acı təcrübəsindən, “yeni qolçomaqların” meydana gəlməsindən ehtiyat edirdilər. Baxmayaraq ki, kənd əhalisi kolxozlardan çıxıb fermer təsərrüfatı yaratmaq hüququ almışdı, lakin onlar bundan istifadə etməyə tələsmirdi. Fermerlərə torpaqları kolxoz rəhbərləri və yerli hakimiyyətin nümayəndələri icarə haqqında müqavilə əsasında ayırırdı. Fermerlər çox halda əlverişsiz əkin sahələri ilə təmin olunur, onlara texniki və gübrə almağa maneəçilik törədilirdi. Fermerlərə arzuolunmaz rəqib kimi öz həmkəndliləri belə düşməncəsinə yanaşırdı.

Yekunda M.S.Qorbaçovun elan etdiyi islahat ondan gözlənilən nəticəni vermədi,1988-ci ildə aqrar, 1990-cı ildən isə sənaye istehsalı azaldı. Ölkənin istehsal sahəsində ümumi milli gəlir 11 faiz aşağı düşdü,1989-cu ilə doğru büdcə kəsiri 10 faiz təşkil edirdi. SSRİ-nin daxili və xarici dövlət borcu ümumi milli gəlirin üçdə iki hissəsinə çatdı.Planlı iqtisadiyyatın mövcud olduğu tarixdə ilk dəfə olaraq rəsmi aşağı çəkilərək il ərzində pulun 2-4 faizi dəyərdən düşdüyü, yəni inflyasiyaya uğradığı elan olundu. Əsl həqiqət odur ki, əvvəldən iqtisadi islahat konsepsiyası bir tam olaraq alınmadı. Bir çox partiya rəhbəri və ideoloqu əmin idi ki, dəyişikliklər əksinqilabi xarakter daşıyır, “real sosializmin” prinsiplərinə ziddir və onun nailiyyətlərini itirir. Onlar onilliklər boyu “ölməkdə” və “çürüməkdə” olan kapitalizmlə birlikdə adı çəkilən “bazar”, “gəlir”, “sahibkarlıq” terminlərindən müsbət mənada bəhs edilmədən qəzəblənirdi. Nəticədə icazə verilən təsərrüfat təşəbbüskarlığı məhdudlaşdırılır və ona görə də müəssisələrin real müstəqilliyi təmin olunmurdu. Dövlət sifarişi məhsuluna qiymət əvvəllər olduğu kimi yuxarı orqanlar tərəfindən diqtə edilirdi. Sözün əsl mənasında müəssisələrin təsərrüfat müstəqilliyi, təşəbbüskarlığı təmin edilməmişdi, müəssisələrin idarə olunmasında mərkəzçilik, amirlik metodları üstünlük təşkil edirdi. Qiymət, kredit, gəlir kimi iqtisadi amillər vasitəsilə stimullaşdırma ləng həyata keçirilirdi.

Sovet respublikalarında suverenlik, müstəqillik uğrunda hərəkat genişlənirdi. Elan edilən hüquq bərabərliyi, azad inkişaf faktiki olaraq formal xarakter daşıyırdı. Siyasətdə, iqtisadi inkişafda, mənəvi həyatda mərkəzin göstərişləri əsas rol oynayırdı. Regionların iqtisadi inkişaf səviyyələri, adət və ənələləri, milli xüsusiyyətləri kommunist ideologiyasına tabe edilmişdi. Kommunist ideologiyasına qarşı milli respublikalarda demokratiya və müstəqillik uğrunda hərəkatlar genişlənirdi.

1989-cü ilin aprelində Gürcüstanın paytaxtı Tiflisdə kütləvi nümayişlər başladı və onlar Gürcüstanın SSRİ-nin tərkibindən çıxıb müstəqil elan edilməsi tələbini irəli sürdülər. Aprelin 9-da dinc nümayiş ordu qüvvələri tərəfindən dağıdıldı, 19 nəfər öldürüldü, yüzlərlə adam yaralandı. Bu hadisə Gürcüstanın müstəqilliyi uğrunda milli hərəkatın artmasına güclü təkan verdi. Gürcüstan Respublikasının Ali Sovetinə seçkilərdə müstəqillik uğrunda mübarizə aparan “Dəyirmi stol -Azad Gürcüstan” üstünlük qazandı.

1991-ci ilin aprelində M.S.Qorbaçov respublika liderlərinin razılığını alaraq Novo-Oqaryovda prezident iqamətgahında görüşdən sonra iqtisadiyyat və siyasi vəziyyəti sabitləşdirmək üzrə birgə tədbirlər və yeni ittifaq müqaviləsinin hazırlanmasına dair onların (doqquz respublika + SSRİ Prezidenti) bəyanatı ilə çıxış etdi. 1991-ci il iyulun 23-24-də Novo-Oqar-yovda müttəfiq respublika rəhbərlərinin yığıncağında 26 maddə və 4 hissədən ibarət “Suveren Dövlətlərin İttifaqı haqqında müqavilə”nin mətni razılaşdırıldı. Müqavilə iştirakçısı olan hər bir respublika suveren dövlət elan edilir, sosializmdən isə söhbət belə getmirdi. Hakimiyyət orqanları strukturunda, idarəetmədə, yeni Konstitusiyanın qəbulu və seçki sistemində dəyişikliklər tətbiq edilməsi nəzərdə tutulurdu. Müqavilənin təsdiq edilməsi 1991-ci il avqustun 20-nə təyin edilmişdir.

Lakin yeni İttifaq müqaviləsi mətn layihəsinin müzakirəsi və mətnin çap edilməsi cəmiyyəti parçaladı. M.S.Qorbaçovun tərəfdarları müqaviləyə qarşıdurmanın azalması və ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması kimi baxırdı. “Demokratik Rusiya” hərəkatının rəhbərləri bir il müddətinə müvəqqəti müqavilə imzalamağı təklif edirdi. Bu vaxtda Müəssislər Məclisinə seçkilər keçirib ümumittifaq hakimiyyət orqanlarını formalaşdırmaq sistemin müəyyən edilməsini həll etmək nəzərdə tutulurdu. Bir qrup ictimaiyyətçi alim müqavilə layihəsinə qarşı çıxış edərək belə bir sənədi mərkəzi respublikların milli-separatçı qüvvələri qarşısında təslim olmaq aktı kimi qiymətləndirdilər. Yeni müqavilənin əleyhdarları belə düşünürdülər ki, SSRİ-nin demontaj edilməsi mövcud xalq təsərrüfatı kompleksinin dağılmasına və iqtisadi böhranın dərinləşməsinə gətirib çıxarar.

Yeni müqavilənin imzalanmasına bir neçə gün qalmış müxalif qüvvələri islahat siyasətinə son qoymaq və dövlətin dağılmasının qarşısını almağa cəhd etdilər. SSRİ-nin bir qrup yüksək rütbəli dövlət rəhbəri, o cümlədən güc strukturlarının başçıları 1991-ci il avqustun 19-na keçən gecə Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar, “səhhəti ilə bağlı SSRİ prezidenti vəzifəsini icra edə bilmədiyinə görə M.S.Qorbaçovun istefaya göndərildiyi, SSRİ Konstitusiyasının 127-ci maddəsinə müvafiq olaraq SSRİ İttifaqı prezidentinin səlahiyyətlərinin SSRİ-nin vitse-prezidenti Gennadi İvanoviç Yanayevə keçdiyi” bildirildi. Ölkədə 6 aylıq fövqəladə vəziyyət rejimini səmərəli həyata keçirmək məqsədilə SSRİ Müdafiə Şurasının birinci müavini O.D.Baklanov, SSRİ DTK-nin sədri V.A.Kryuçkov, SSRİ-nin Baş naziri V.S.Pavlov, SSRİ Daxili İşlər naziri B.K.Puqo, SSRİ Müdafiə naziri D.T.Yazovdan ibarət Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradıldı. DFVK iqtisadi və siyasi böhranı, millətlər və vətəndaşlar arasındakı qarşıdurmanı və anarxiyanı aradan qaldırmağı özünün vəzifəsi elan etdi. Bu isə o demək idi ki, SSRİ-də 1985-ci ilə kimi olan qayda-qanunu təmin etmək əsas məqsəd daşıyırdı.

Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrində baş verən redikal dəyişikliklər ADR-in iqtisadi və siyasi həyatına ciddi təsir etdi. Rejimdən narazı olan almanlar 1989-cu ildə Çexoslovakiya ilə sərhədi keçib Avstriya və AFR-ə köç edirdi.Ağır iqtisadi və siyasi vəziyyət Almaniya Vahid Sosialist Partiyasının (AVSP) nüfuzdan düşməsinə gətirib çıxardı, 1989-cu il oktyabrın 18-də AVSP-nın IX plenumunda Erix Honekker vəzifədən azad edildi, onu Eqon Krens əvəz etdisə də bu vəziyyəti xilas etmədi.Alman xalqı mövcud rejimə qarşı ayağa qalxaraq 1961-ci ildə çəkilmiş Berlin divarını dağıtdı, Konstitusiyada AVSP-nin rəhbər rolu haqqında maddə ləğv edildi. 1989-cu ilin dekabrında olan fövqəladə qurultayda partiya Demokratik Sosialist Partiyası adlandırıldı. İki alman dövlətinin birləşdirilməsi uğrunda mübarizə genişləndi. Bu məsələnin müzakirəsi 1990-ci ilin fevralında keçirilən “2+4”, yəni AFR, ADR və İkinci Dünya müharibəsinin qalib dövlətləri ABŞ, SSRİ, İngiltərə, Fransa formulu əsasında baş tutdu. 1990-cı ilin iyulunda M.S.Qorbaçovla AFR-in kansleri Q.Kolun görüşündə SSRİ rəhbəri xərclərin AFR tərəfindən ödənilməsi şərti ilə ADR ərazisindəki 500 minlik sovet hərbi hissələrini çıxarmağa razılıq verdi. Sentyabr ayının 12-də danışıqların iştirakçısı olan dövlətlər Almaniya məsələsinin tənzimlənməsinə dair sənədi imzaladılar. 1990-cı il avqustun 31-də ADR dövlət katibi Krauzen və AFR-in daxili işlər naziri Şoyble Almaniynaın birləşdirilməsi haqqında müqaviləni imzaladılar, müqavilə sentyabrın 29-da hər iki dövlətin parlamenti tərəfindən təstiq edildi və oktyabrın 3-də qüvvəyə mindi. 1990-cı ilin noyabr ayında SSRİ ilə AFR arasında qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.

Beləliklə, 1980-ci illərin sonu — 90-cı illərin əvvəllərində sosialist ölkələrinin idarə edilməsini təmin edən kommunist partiyasının hakimiyyətinə xitam verildi, Cənubi Şərqi Avropa ölkələrində çoxpartiyalı sistem meydana gəldi, ADR AFR-lə vahid Almaniya dövlətində birləşdi, Macarıstan, Polşa, Rumıniya, Bolqarıstan, Çexoslovakiya kimi ölkələr də bazar iqtisadiyyatına və demokratik prinsiplərə söykənən cəmiyyət qurmağa başladı,1990-ci ildən başlayaraq sovet ordusu Şərqi Avropadan çıxarılmağa başlandı. 1991-ci il aprelin 1-də Varşava Müqaviləsi Təşkilatının (VMT) hərbi strukturunun buraxıldığı elan olundu. İyulun 1-də isə blokun siyasi strukturu ləğv edildi. Həmin gün sovet ordusu Macarıstan və Çexoslovakiyadan çıxarıldı,1991-ci il iyunun 29-da Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) buraxıldı.Bununla da, sosialist əməkdaşlığına son qoyuldu.

1990-cı ilin avqustunda İraq Küveyt ərazisinin tarixən ona məxsus olduğunu irəli sürərək bu ölkəni işğal etdi. Təhlükəsizlik Şurası işğalçı qoşunları Küveytdən çıxarmaq məqsədilə silahlı qüvvələrdən istifadə etməyə dair qərar qəbul etdi,1991-ci ilin yanvarında “səhrada fırtına” əməliyyatı başlandı, əsasən ABŞ-ın hərbi qüvvələri İraq ordusunu məğlub edərək Küveyti azad etdi. SSRİ ilə İraq arasında 1972-ci ildə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmasına baxmayaraq Sovet diplomatiyası öz ənənəvi dostunu müdafiə etmədi və işğalçı dövlət kimi İraqa qarşı keçirilən əməliyyata razılıq verdi. Bu antihitler koalisiyasından sonra birinci hadisə idi ki, SSRİ ABŞ-ın üçüncü dövlətə qarşı müdaxiləsini dəstəkləyirdi. Dİgər bir tərəfdən SSRİ ilə İraq arasında mövcud iqtisadi əməkdaşlıq və İraqın SSRİ-yə olan bir neçə milyard dollar həcmindəki dövlət borcları ona qarşı tətbiq edilən iqtisadi embarqo ilə Sovet İttifaqının iqtisadiyyatına zərbə oldu. Bununla belə, təsadüfi deyil ki, 1990-cı ilin noyabrında SSRİ-nin prezidenti M.S.Qorbaçov Sülh uğrunda Nobel mükafatına layiq görüldü. SSRİ-nin yeni xarici siyasət kursu “soyuq müharibə”nin nəticələrini aradan qaldırdı və dövlətlər arasındakı etimadsızlığa son qoydu.

Ədəbiyyat siyahısı

https://kayzen.az/blog/politologiya/23730/yenid%C9%99nqurma.-1985-1991.html

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_SSR_tarixi

https://www.wiki.az-az.nina.az/Az%C9%99rbaycan_Sovet_Sosialist_Respublikas%C4%B1.html
Yüklə 158,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin