Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 16 1860-cı ildə dördillik cəmi beş qəza məktəbi və üç ibtidai məktəb var idi. Sonrakı illərdə bu
məktəblərin şəbəkəsi bir qədər genişləndi. Çünki belə məktəblər təkcə şəhərlərdə deyil, bəzi kəndlərdə
də açılırdı. Şəhərlərdə xüsusi məktəblər - Bakı texniki məktəbi, Gəncə sənət məktəbi və s. kimi
məktəblər də fəaliyyətə başlayırdı. Bakının neft rayonlarının bəzisində ibtidai məktəblər açılmışdı.
Bakı və Gəncədə realnı məktəblər fəaliyyət göstərirdi. 1896-cı ildə Bakıda H.Z.Tağıyevin açdığı qızlar
məktəbini xüsusi qeyd etmək lazımdır. Sayca çox gözəçarpan, əslində isə, Azərbaycan əhalisinin
sayına görə çox az olan həmin məktəblərin çoxuna fəhlə və kəndli balaları nadir hallarda qəbul
olunurdular.
XIX əsrin ikinci yarısında Azərbaycanda ilk kütləvi kitabxana və qiraətxana açıldı. Belə
kitabxana və qiraətxanalardan birini 1894-cü ildə Bakıda Nərimanov açmışdı.
Azərbaycanda səhiyyə işi də çox aşağı səviyyədə idi. XIX yüzilliyin son rübündə Şimali
Azərbaycanda cəmi 101 həkim işləyirdi. Həkimlərin, demək olar ki, hamısı şəhərlərdə cəmləşmişdi.
İlk azərbaycanlı həkimlər-M.R.Vəkilov və A.M.Mehmandarov poliklinika yaratmışdılar.
Azərbaycanda ilk apteklərin də açılması bu dövrə təsadüf edir. Onların ümumi sayı 10-u ötüb keçirdi.
Azərbaycanın ictimai həyatının ən mühüm amillərindən biri mətbuatın meydana çıxması oldu.
Azərbaycan mətbuatının banisi xalqımızın görkəmli oğlu, ictimai xadim, alim, maarifpərvər Həsən bəy
Məlikov Zərdabi olmuşdur (1842-1807). O, çar üsuli-idarəsi şəraitində müstəmləkə ucqarında ana
dilində "Əkinçi" qəzetini nəşr etmək üçün xeyli əzab çəkməli, mübarizə aparmalı olmuşdu. 1875-ci il
iyunun 22-də bu qəzetin birinci nömrəsinin çapdan çıxması bütün Qafqazda əks-səda doğurdu. Qəzetin
bütün işlərini görən H.B.Zərdabi həm naşir, həm redaktor, həm də korrektor və mürəttib idi. 1875-
1877-ci illərdə qəzetin cəmi 56 nömrəsi çıxdı. H.B.Zərdabi qəzetə S.Ə.Şirvani, K.Mehmandarov,
A.Adıgözəlov, Gorani və dövrünün başqa görkəmli ziyalılarını cəlb edə bilmişdi. "Əkinçi" qəzetində
maarifçi və demokratik ideyalar təbliğ olunur, fanatizm və mövhumat amansız tənqid atəşinə
tutulurdu.
1879-cu ildə Tiflisdə "Ziya" qəzeti işıq üzü gördü. 1880-ci ildən "Ziyayi-Qafqaziyyə" adı altında
nəşr olunmağa başladı. Cəmi 104 nömrəsi çıxdı və 1884-cü il iyulun 2-də bağlandı. 1880-ci ildə
Tiflisdə "Kəşkül" qəzeti dərc edildi. Hər iki qəzetin ideya istiqaməti "Əkinçi" qəzeti ilə uyğun gəlirdi.
Həftəlik qəzet olan "Kəşkül" 1891-ci ilə kimi nəşr olundu.
80-90-cı illərdə Bakıda "Kaspi", "Bakinskiye izvestiya", "Baku" və başqa rusdilli qəzetlər
çıxmağa başladı. Bu qəzetlərin burjua ideya istiqamətli olmasına baxmayaraq, onlarda Azərbaycanın
sosial-iqtisadi və mədəni həyatının bəzi məsələlərinə qabaqcıl nöqteyi-nəzərlə yanaşan məqalələr də
nəşr olunurdu.
Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş vermiş dəyişikliklər, ədəbiyyatda da öz
əksini tapmışdı. Artıq ədəbiyyatda aparıcı cərəyan realizm idi ki, bu da demokratik və maarifçilik
ideyalarının təbliğini, ədəbiyyatda sosial həyatla bağlı mövzulara yer verilməsi uğrunda mübarizəni,
xəlqilik ideyalarının müdafiəsini qarşısına məqsəd qoymuşdu. Azərbaycan ədəbiyyatında əsası
M.F.Axundov tərəfindən qoyulmuş demokratik ideyaları S.Ə.Şirvani, C.Məmmədquluzadə,
N.Vəzirov, N.Nərimanov və b. daha da inkişaf etdirdilər. Bu dövrün ədəbiyyatında Azərbaycanda
özünə yenicə yol açmış kapitalist cəmiyyətinin, burjua ideologiyasının və sosial bərabərsizliyin
tənqidinə geniş yer verilirdi. Yazıçılar öz əsərlərində burjuaziya sinfi nümayəndələrinin tipini
yaradaraq, onun həm müsbət, həm də mənfi, xalqa zidd cəhətlərini göstərirdilər.
Azərbaycan ədəbiyyatında realist cərəyanla yanaşı romantik, dini-mistik və s. cərəyanlar da var
idi. Bu istiqamətin nümayəndələri qəzəl yaradıcılığına geniş yer verir, qeyri-realist xarakterli, dini
sxolastikaya üstünlük verilən əsərlər də yazırdılar.