Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların
çıxarıldığı aydan sonrakı ayın 20-dək ödənilir.
Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın
20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan vergisi
üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər.
Hesablanmış verginin məbləği məhdudlaşdırılmayan gəlirdən
çıxılmalara aid edilir.
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən
vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli
tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə
büdcəsinə) ödənilir.
Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri,
tikinti qumları, çınqıl xammalı aid edilir.
Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən,
hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar
quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabineti tərəfindən
müəyyən edilən normativlər əsasında çıxılır.