FəSİl kursun predmeti. Sosial sahəLƏr və onlarin iNKİŞafi amiLLƏRİ


§2. “Sosial sahələrin iqtisadiyyatı” fənninin funksiyaları və tədqiqat metodları



Yüklə 101,5 Kb.
səhifə2/4
tarix18.01.2022
ölçüsü101,5 Kb.
#51380
1   2   3   4
Sosial mühazirə 1-45

§2. “Sosial sahələrin iqtisadiyyatı” fənninin funksiyaları və tədqiqat metodları
“Sosial sahələrin iqtisadiyyatı” fənni bir sıra funksiyaları yerinə yetirir. Əsasən ümumi iqtisadiyyatın yerinə yetirdiyi funksiyalarla eynilik təşkil edən bu funksiyalar aşağıdakılardır:

- Dərketmə funksiyası;

- Proqnozlaşdırma funksiyası;

- Praktiki funksiya;

- İdeoloji funksiya.

Dərketmə funksiyası – cəmiyyətin iqtisadi həyatı onun vasitəsilə dərk edilib öyrənilir. Sosial-iqtisadi hadisə və proseslərin mahiyyətinin öyrənilməsi orada fəaliyyət göstərən qanunların aşkara çıxarılmasına imkan verir. Bu hadisələri dərk edən insan öz fəaliyyətində daha düzgün qərarlar qəbul edə bilir və daha yaxşı nəticəyə nail olur.

Proqnozlaşdırıcı funksiya gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasını işləyib hazırlayır. Bunlar elmi-texniki və sosial-iqtisadi inkişafın proqnozları üçün nəzəri bazadır. Nəzəriyyəyə əsaslanan proqnozlar milli iqtisadiyyatın sosial-iqtisadi inkişaf planlarını və proqramlarını hazırlamaq üçün böyük əhəmiyyət kəsb edir.

Praktiki funksiya dövlətin iqtisadi siyasətinin, xüsusilə də sosial siyasətin əsaslandırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodlarını müəyyən etmək üçün əhəmiyyətlidir. Bu elm xüsusilə sosial sahələrdə qarşıya qoyulmuş vəzifələrin (məqsədlərin) yerinə yetirilməsinin mümkün olub-olmayacağını müəyyən etməlidir. Sosial sahələrin iqtisadiyyatı fənni dövlətin sosial-iqtisadi fəaliyyəti ilə bağlı tövsiyələr hazırlayıb müvafiq təkliflər irəli sürə bilər. Elmə əsaslanmaqla hazırlanmış sosial-iqtisadi siyasət daha uğurla reallaşdırılır.

İdeoloji funksiya. Bu elm iqtisadi sistemin sosial ziddiyyətlərini və onların həlli yollarını açıb göstərməlidir. Sosial sahələrin iqtisadiyyatı xüsusilə bazar iqtisadiyyatı subyektlərin yaradıcı fəa­liy­yə­ti­nin ideya-nəzəri əsasını təş­kil etməli və onu istiqamətləndirməlidir. Bu, bir elm olmaq­la, real gercəkliyi olduğu kimi, qərəzsiz əks etdirməlidir. İde­yalarda, baxışlarda dolaşıqlıq, kəskin mübarizə şəraitin­də yalnız elmilik prinsipi obyektivliyi təmin edə bilər və mövcud iqtisadi sistemin həqiqi mənzərəsini açıb göstərə bilər.

Hər bir elmin öyrənilməsində müəyyən metod­lar­dan, üsullardan istifadə edilir. Meto­do­lo­gi­ya isə daha mürəkkəb anlayış olmaqla – həqiqəti elmi dərk etməyin üsulları, vasitələri haqqında elmdir.

“Sosial sahələrin iqtisadiyyatı”nın tədqiqat metodları çoxdur. Bu metodlardan aşağıdakıları göstərmək olar:

Elmi abstraksiya – iqtisadi proseslərdə ən vacib amilin seçilməsi ilə ikinci dərəcəlilərin sərf-nəzər edilməsi deməkdir. Məsələn, Tələb və ya Təklif qanunu. Tələbə və təklifə çoxsaylı amillər təsir göstərir. Bunlardan əsası qiymətdir. Qiymətdən başqa bütün digər amillərin sərf-nəzər edilməsi ilə Tələb və Təklif qanunları ifadə olunur. Əks halda, çoxsaylı qeyri-qiymət amillərinin təsiri altında bu qanunauyğunluğu aşkara çıxarmaq olmazdı.

Təhlil və sintez – mürəkkəb iqtisadi hadisə və prosesin tam halında öyrənilməsi çətin olduqda, onun hissələrə ayrılması və hər bir hissənin ayrılıqda öyrənilməsindən (təhlilindən) sonra onların birləşdirilməsi (sintez edilməsi). Məsələn, İqtisadi münasibətlərin tam halında öyrənilməsi çətinlik törətdiyi üçün, onun tərkib hissələri olan mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak münasibətləri ayrı-ayrılıqda öyrənilir. Sonra isə həmin biliklər əsasında iqtisadi münasibətlər haqqında fikirlər ümumiləşdirilir. Sosial infrastruktur kifayət qədər mürəkkəb bir sistem olmaqla, özündə çoxsaylı elementləri birləşdirir. Bu elementlərdən hər biri ayrılıqda öyrənildikdən sonra bütöv sistem haqqında dəqiq təsəvvür yaranır. Həmçinin, təhlilin kəmiyyət və keyfiyyət tərəflərini də qeyd etmək lazımdır.

Tarixi və məntiqi – sosial-iqtisadi hadisə və proseslər müəyyən tarixi şəraitdə və tarixi ardıcıllıqla baş verir. Həmin tarixi şəraitin öyrənilməsi daha dəqiq nəticənin alınmasına gətirib çıxarır. Həm də bu zaman məntiq vasitəsilə təsadüfi hallar kənarlaşdırılır. Beləliklə, tarixi metoda əsasən gəlinmiş nəticə məntiqi metodla dəqiqləşdirilir və təsdiq edilir.

İnduksiya və deduksiya – induksiya toplanma, deduksiya isə hasil etmə mənasını verir. Əvvəlcə sosial-iqtisadi hadisə və proses barədə məlumatlar toplanır və sistemləşdirilir. Daha sonra isə dəqiq nəticə hasil edilir.

Praktiki – iqtisadi elmi müddəalar, tezislər praktikada yoxlanılır, onların doğru və ya yanlış olması müəyyən edilir. Təcrübə - biliklər formalaşdırır. Biliklər baş verə biləcək hadisələri əvvəlcədən görə bilməni təmin edir. bu da öz növbəsində fəaliyyəti doğru istiqamətə yönəldir.

Riyazi – iqtisad elmlərinin öyrənilməsində geniş tətbiq olunan metodlardandır. Bu zaman müxtəlif riyazi əməliy­yat­lardan, riyazi modellərdən istifadə olunur. Bu metodlar daha çox statistikada tətbiq edilir. Nobel mükafatı lau­reat­larının əksəriyyəti öz tədqiqatlarında bu metodlardan is­tifadə etmişlər.

Bu elmin tədqiqat metodları sırasında müşahidə, eksperiment, təhlilin müqayisəli forması və s. də göstərmək olar.




Yüklə 101,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin