Fİdan qasimova türk mifologiyasinda məDƏNİ QƏHRƏman problemi baki 2012 Azərbaycan mea folklor İnstitutu Elmi Şurasının qərarı ilə



Yüklə 0.73 Mb.
səhifə1/10
tarix01.06.2017
ölçüsü0.73 Mb.
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI

FOLKLOR İNSTITUTU



FİDAN QASIMOVA

TÜRK MİFOLOGİYASINDA MƏDƏNİ QƏHRƏMAN PROBLEMİ

BAKI - 2012

Azərbaycan MEA Folklor İnstitutu

Elmi Şurasının qərarı ilə

çap olunur


ELMİ REDAKTORU: Kamil ALLAHYAROV

filologiya üzrə elmlər doktoru


RƏYÇİLƏR: Kamran ƏLİYEV

filologiya üzrə elmlər doktoru,

professor;

Flora MUSTAFAYEVA

filologiya üzrə elmlər doktoru


Fidan Qasımova. Türk mifologiyasında mədəni qəhrə­man problemi. Bakı, “Elm və təhsil”, 2012. - 164 səh.
Mədəni qəhrəmanlar mifologiyanın mərkəzi obrazlarıdır. Mifoloji təsəvvürə görə, tayfa və ya etnos üçün lazım olan maddi və mədəni dəyərlərin hamısı nə zamansa – uzaq keçmişdə mədəni qəhrə­manlar tərəfindən yaradılmışdır. Ona görə də mədəni qəhrəman bir tərəfdən arxaik mifologiya və əcdadlar kultu ilə, digər tərəfdən isə miflərin və onların əsas obrazlarının sonradan folklora transfor­ma­siya prosesləri ilə bağlıdır.

Bütün bu məsələlər kitabda ətraflı şəkildə tədqiq olunmuş, türk mifologiyasındakı mədəni qəhrəman bir çox dünya xalqları­nın miflərindəki müvafiq personajlarla müqayisə edilmişdir.


Q 4603000000 Qrifli nəşr

N-098-2012



© Folklor İnstitutu, 2012

ÖN SÖZ
Qədim miflər əsrlər boyu nəsillərdən-nəsillərə keçərək in­kişaf edir, zənginləşir, tayfaların və ya etnosun kollektiv təc­­rübəsini, onun dünyagörüşünü, mənəviyyat və gözəllik barədə təsəv­vürlərini özündə toplayırdı. Mifoloji dövr öz öm­rünü əsa­sən başa vurduqdan, mifoloji şüurun yerini tarixi və hələ çox zəif olan elmi düşüncə tərzi tutduqdan sonra da mifin insanlara emosional təsiri böyük idi. Uzun əsrlər boyu mifo­loji obrazlar və süjetlər xalqların mədəniyyətinin və incə­sə­nətinin inkişafına təsir göstərir, şair, rəssam və musiqiçi­lə­rin ilham mənbəyindən biri olaraq qalırdı və indi də qalmaqdadır.

Qədim türk mifologiyası da müasir türk xalqlarının zəngin mənəvi mədəniyyətinin çox mühüm və gərəkli ünsür­lərindən biridir. Ulu əcdadlarımızın mənəvi irsi bu gün də mü­təxəs­sis­lərdə böyük maraq doğurur, tariximizin, folkloru­mu­zun və klassik ədəbiyyatımızın tədqiqində onlara yardımçı olur.

Antik mifləri bilmədən yunan heykəltəraşı Fidiyin və Roma şairi Horasinin əsərlərini başa düşmək çətin olduğu kimi, qədim türk mifologiyasını bilmədən də tarixi oğuz ellərində, o cümlədən də Azərbaycan ərazisində geniş yayılmış qoç heykəl­lə­rinin, bir çox bayram və mərasimlərimizin mahiyyətini anla­maq mümkün deyildir. Çünki belə bayram və mərasimlərin çoxu mifologiyanın ən mühüm və mərkəzi personajları olan əcdadlar, mədəni qəhrəmanlar tərəfindən müəyyən məqsədlərlə yaradılır­dı. Mifologiyanın baş qəhrəmanları rolunda çıxış edən əcdad-demiurq-mədəni qəhrəman personajları öz tayfaları üçün lazım olan istehsal alətlərini hazırlayır, sənətkarlıq növləri icad edir, heyvanları əhilləşdirir, musiqi alətləri düzəldir, öz gücü və ağlı sayəsində tayfasını xaos təmsilçiləri olan müxtəlif əcayib məx­luq­lardan qoruyur, tayfanın harmonik halda yaşaması üçün gə­rəkli olan sosial və dini qayda-qanunlar müəyyənləşdirir, bəzən isə hətta müxtəlif təbiət obyektlərini yaradır və ya başqalarından əldə edirlər. Əcdadların uzaq keçmişdə, mifoloji dövrün başlan­ğıcında qoyduğu adət-ənənələrə qəti inam və onlara mütləq ria­yət olunması nəticəsində mifoloji cəmiyyət­lərdə ixtilaf, pozğun­luq olmur; burada hamı eyni cür düşünür və eyni cür hərəkət edir, miflərdə əcdadları barədə deyilən eyni simvolik obrazlara inanırlar.

Əlbəttə, bizim dövrümüzdə uyğun simvolik obrazları de­mək olar ki, heç kəs ciddi qəbul etmir. Ancaq bunun müsbət tərəfləri ilə yanaşı, ciddi təhlükəli tərəfləri də vardır. Təkcə ona görə yox ki, simvolların hərfi mənada qavrayışı kütlə üçün ən münasib məqbul anlayış formasıdır. Həm də ona görə ki, sim­volik obrazların hərfi mənada anlaşılması tarix boyu həmişə və xeyli dərəcədə indi də mənəvi dəyərlərin, sivilizasiyanın özü­nün, cəmiyyətin həmrəyliyinin, onun yaradıcı qüvvəsinin əsası olmuşdur. Belə köklərin itirilməsi qeyri-müəyyənliklə əvəz olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənəvi tarazlığın pozulmasına gətirib çıxarır. Çünki cəmiyyətin mövcudluğu üçün hökmən həyata nikbin münasibət yaradan illüziyalar olmalıdır. Məsələn, sovet hakimiyyəti dövründə insanlar kasıb yaşasalar da, ümidverici illüziyalar sayəsində özlərini mənəvi cəhətdən nisbətən rahat hiss edirdilər, gələcəyə ümidlə baxırdılar. Başqa cür insanlarda heç bir doğru və etibarlı ümid yeri qalmır, mənəvi dayaqlar dağılmağa başlayır. Məlumdur ki, bizim dövrümüzə­dək öz qədim və ibtidai quruluşunu saxlamış xalqlar arasında “mədəni ağ insanın” görünməsi ilə bütün tabular məhv olur və ibtidai cəmiyyət dağılmağa başlayır.

Bu gün elə bizdə də belə vəziyyət yaranmışdır: müasir elm və mədəniyyət öz başlanğıcını mifologiyadan götürən qədim qada­ğaları laxlatmağa başlamışdır. İndi, ümumiyyətlə, bütün mədəni dünyada gedən qloballaşma hadisəsi, bütün müsbət tərəflərinə bax­ma­yaraq, demək olar ki, dünyanın hər yerində mənəviyyat­sız­lığın, cinayətkarlığın, ruhi xəstəliklərin, intihar və narkomaniyanın, ailə­lərin dağılması hallarının geniş yayılmasına da səbəb olmuşdur. Belə bir vəziyyətdə qədim əcdadlarımızın, Dədə Qorqud və Oğuz xaqan kimi mədəni qəhrəmanların öz xalqlarına etdiyi tövsiyələri, yaratdıqları adət-ənənələri sistemli şəkildə öyrənib, geniş xalq küt­lələrinə çatdırmaq sözsüz ki, olduqca vacib və aktual bir vəzifədir.

Miflər qədim insanlara onların kim olduqlarını və necə yaşamalı olduqlarını öyrədirdi. O zamanlar da, xeyli dərəcədə elə indi də miflər əxlaq normalarının, dövlətçiliyin və milli özünüdər­kin əsasını təşkil edir. Mifi təkcə “primitiv, elmsiz” cəmiyyətin məhsulu hesab etmək heç də düzgün deyildir. Bizim dövrümüzdə də həyat mifoloji simvol və mənalarla doludur. Mif bizi özümüzə göstərən əbədi bir güzgüdür. Bizim öz ətrafımızda da miflər vardır. Sadəcə biz onları görüb, müəyyən etməyi öyrənməliyik. Məsələn, XX əsrin ən böyük miflərindən biri, sözsüz ki, kommunistlərin “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” prinsipinə əsaslanan kommunizm cəmiyyəti quru­culuğunu 1980-ci ildə başa çatdırmaq illüziyası idi. Qədim insanlar miflərə şəksiz inandıqları kimi, on milyonlarla insan da belə xülyalara inanırdı.

Göründüyü kimi, mif sanki bütün dövrlər və bütün insan­lar üçün daimi və dəyişməz bir fəlsəfi kateqoriyadır. Ən yaxşı miflər özündə dərin fəlsəfi mənalar, xalqın tarixi yaddaşını və milli xarakterini saxlayır.

Məlum olduğu kimi, Azərbaycan mifologiyası elmi və sis­temli şəkildə əsasən XX əsrin ortalarından öyrənilməyə başlan­mış, son illərdə isə bu iş xeyli intensivləşmişdir. Bununla belə, türk mifo­lo­giyasının bir çox problemləri, o cümlədən də “mədə­ni qəh­rəman” problemi indiyədək nə ölkəmizdə, nə də xaricdə müfəssəl şəkildə öyrənilməmiş və ayrıca tədqiqat obyekti olmamışdır.

Türk mifologiyasında mədəni qəhrəman personajlarının öy­rə­nilməsinin zəruriliyini şərtləndirən səbəblərə aşağıdakılar daxil­dir:

1. “Mədəni qəhrəman” adlanan personajlar türk xalqları mifologiyası əsasında indiyədək ətraflı şəkildə tədqiq edilməyib. Bir sıra tədqiqat xarakterli araşdırmalarda bu personajlar haqqın­da deyilənlər sadəcə ümumi məlumat nöqteyi-nəzərindən veril­mişdir. Buna görə də, türk xalqları mifologiyasındakı mədəni qəhrəmanlar haqqında hərtərəfli məlumatlar verən tədqiqatın yazılması türk mifologiyası qarşısında duran mühüm məsələ­lərdən biridir.

2. Mədəni qəhrəmanın miflərdəki fəaliyyəti ilə əlaqədar olaraq yaranan ayrı-ayrı personajlar haqqında türk mifoloji mətnləri əsasında məlumat vermək, onların miflərdəki vəzifələri haqqında aydın təsəvvür yaratmaq və onları digər xalqların mifoloji mətnləri ilə müqayisə etmək kimi məsələlər də hələlik öz tədqiqatçısını gözləyir.

3. Mədəni qəhrəmanlar, onların miflərdəki fəaliyyəti, on­la­rı təmsil edən obrazlar, həmçinin bu qəhrəmanlara yaxın surət­lər (demiurq, trikster) və bu surətləri mədəni qəhrəmandan fərq­ləndirən cəhətlər barədə, onlardan hər birinin vəzifəsi ilə bağlı tam və dəqiq məlumatlar verən, daha sonrakı inkişafla əlaqədar olaraq bu qəhrəmanların epik qəhrəmanlara transforma­siyası mə­sələlərini araşdırmaq baxımından Azərbaycan folklor­şü­naslı­ğında müfəssəl tədqiqat işləri yoxdur. Oxuculara təqdim edilən bu kitabın əsas məqsədi qeyd edilən boşluqların aradan qaldırıl­masından ibarətdir.


I FƏSİL

MƏDƏNİ QƏHRƏMAN ARXETİPLƏRİ
1.1. Mədəni qəhrəmanları doğuran tarixi-sosial şərait. Mədəni qəhrəmanlar, onların fəaliyyəti, türk və əsasən də Azər­bay­can folklorunda yeri və vəzifəsi haqqında məlumat vermə­miş­dən əvvəl bu personajları doğuran tarixi sosial şəraitlə tanış olmaq daha məqsədəuyğundur. Ona görə ki, birinci, bu perso­najların mahiyyətini, qədim insanların dünyagörüşünə, gündəlik həyat və fəaliyyətinə təsirini, həmçinin folklordakı yerini və əhəmiyyətini müəyyənləşdirmək üçün onların hansı tarixi şərait­də və necə yaranmasını bilmək lazımdır. İkincisi isə, ovçuluq və toplayıcılıqla məşğul olan qədim insanların inancları və mənəvi amalları barədə yazılı məlumatların ya tamamilə olmaması, ya da olduqca az olması üzündən biz belə məlumatları xeyli dərə­cədə məhz onların həyat tərzi və məlum adət-ənənələri, mədə­niy­yət nümunələri əsasında öyrənə bilərik. Hətta bizim dövrü­müzədək əsasən şifahi şəkildə gəlib çatmış və ya orta əsrlərdə yazıya alınmış mif və əfsanələrin izahını da qədim türklərin məlum mədəni-sosial tarixi, dini inancları ilə müqayisəli şəkildə izah etmək daha məqsədəuyğundur. Mifoloji mətnlərin göstəri­lən amillər nəzərə alınmadan izahı, sözsüz ki, xeyli dərəcədə subyektiv olacaqdır. Yəni belə halda eyni bir mətn müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür izah oluna bilər. Qeyd edi­lən tarixi məlumatların tədqiqata cəlb edilməsi və mətnin onun tələblərinə uyğun şəkildə izahı belə subyektiv amilləri aradan qaldıra bilər. Çünki qədim tayfa birliklərinin öz əcdadlarından, mədəni qəhrəmanlarından aldıqları və yaşatdıqları mənəvi sər­vət­lər arxetiplər şəklində onların bütün maddi və mədəni fəa­liyyətində, məişətində, dünyagörüşündə də öz əksini tapır.

Məlum olduğu kimi, “arxetip” anlayışı ilk dəfə insanın psi­xi­­kasını, xüsusilə onun “şüurlu” və “şüursuz” (təhtəlşüur) sa­hə­lə­ri­ni öyrənən məşhur alim K.Q.Yunqun əsərlərində meyda­na çıx­mış­dır (175; 176). K.A.Yunqa görə, kollektiv təhtəlşüur sanki özün­­­də arxaik təcrübənin qalıqlarını cəmləşdirir. Başqa sözlə, kol­lektiv təhtəlşüur insanın uzun əsrlər boyu topladığı təcrübəni özün­də saxlayır. Z.Freyd də bu məsələyə toxunaraq, onu əvvəlcə yuxu­gör­mələr, sonra isə bəzi fəaliyyət növləri (mərasim, ritual) və folklor materialları (mif, əfsanə, nağıl) əsasında tədqiq etmişdir (169).

K.Q.Yunq bir neçə arxetip növləri müəyyən etmiş və on­lara müvafiq adlar vermişdir: uşaq, ana, müdrik qoca, kölgə, ani­ma (kişi psixikasında qadın obrazı), animus (qadın psixika­sında kişi obrazı) və s. Psixikanın təhtəlşüur sahəsinin kəşfi ilə yanaşı K.Q.Yunq eyni zamanda arxaik psixi düşüncədə olan ikili qarşı­dur­maları, əkslikləri də göstərmişdir. Belə ziddiyyət­lə­rin möv­cud­luğu (məsələn, aşağı-yuxarı, ağ-qara və s.) sonradan bir çox mü­tə­xəssislər, xüsusilə böyük fransız alimi Klod Levi-Stross tə­rəfin­dən də təsdiqləndi (183). Məlum oldu ki, arxetiplər (ilkin ob­raz­lar, modellər) özünü ilk növbədə mənəvi fəaliyyətdə, daha çox isə - ritualda və mifdə göstərir. Miflərin çoxluğuna baxma­yaraq, on­ların əksəriyyətində başlıca məsələ dünyanın və insanın yaran­ması ilə bağlıdır. Bu prosesdə iştirak edən əsas personajlar isə ilkin əcdadlar, demiurqlar və mədəni qəhrəman­lardır. Əksər hal­larda ilkin əcdadla mədəni qəhrəman personaj­ları üst-üstə düşür, yəni bir personaj kimi çıxış edirlər. Bu perso­naj dünyanın yara­dıcısı funksiyalarını yerinə yetirir: od əldə edir, sənətkarlıq növ­lə­rini icad edir, öz qəbilə və ya tayfasını demonik qüvvə­lər­dən mü­dafiə edir, divlərə, əjdahalara qarşı mübarizə aparır, adət-ənənə­lər, qanun qaydalar müəyyənləşdirir. Başqa sözlə, o, qəbi­lənin və ya tayfanın həyatını sahmana salır və tənzimləyir. Mə­sə­lən, yunan mifologiyasının ən böyük mədə­ni qəhrəmanı Pro­me­tey, türk mifologiyasının ən məşhur mədəni qəhrəmanı isə Oğuz Xaqandır. Əlbəttə, mifologiyada qəhrəman obrazında çıxış edən başqa ar­xetiplər, həmçinin fəaliyyət və predmet arxetipləri də vardır (mə­sələn, möcüzəli doğuluş, at, qılınc, adqoyma və s.) (125, 223).

Arxetiplərin öyrənilməsi zamanı bir çox anlayış və termin­lərdən, o cümlədən mifologem, arxetipik və ya arxaik model, arxetipik əlamətlər, arxetipik formullar, arxetipik motivlər və s. də geniş istifadə edilir. Daha tez-tez arxetip istilahı motiv anlayışı ilə eyniləşdirilir və ya əlaqələndirilir (86, 305; 155, 57).

Beləliklə, biz görürük ki, arxaik düşüncə tərzi, inanclar sis­te­mi, təbii olaraq, qəbilə və tayfaların gündəlik fəaliyyətinə, məi­şə­tinə və mədəniyyətinə hopmuşdur. Ona görə də qədim türk tə­fək­kür tərzini və dünyagörüşünü daha aydın şəkildə anlamaq üçün qədim türklərin sosial-mədəni həyatı ilə də tanış olmaq lazımdır. Ancaq qədim türk xalqları çox olduğundan burada onla­rın hamısı barədə məlumat vermək mümkün deyildir. Ona görə də biz burada öz mədəniyyətində arxaik düşüncənin ən tipik və ən əski forma­larını əks etdirən hunlar və göytürklər üzərində dayanacağıq.

Məlumdur ki, e.ə. III minilliyin sonlarından parçalanmağa başlayan Altay tayfa birliyinin (bu birliyə türklərdən əlavə, mon­qol­ların, tanqus-mancurların, yaponların və koreyalıların da əcdad­ları daxil idilər) parçalanmasından sonra təxminən e.ə. I minilliyin əvvəllərində ayrıca etnos kimi formalaşan ilk türk xalqı hunlar olmuşlar (32, 23; 94, 72). Təxminən 1000-1200 il sonra, yəni bizim eranın əvvəllərindən Hun dövləti parçalan­mağa başlayır və nəticədə, onların varisləri, məlum qədim türk xalqları (göytürklər, xəzərlər, peçeneqlər, qıpçaqlar, oğuzlar və s.) tarix səhnəsinə çıxır (114, 252-254).

Hunlardan sonra bütün türk xalqlarını vahid imperiya tər­ki­bində birləşdirib, onları xarici təcavüzlərdən qoruyan, dilinin və mədəniyyətinin inkişafını təmin edən məhz göytürklər olmuş­lar (57, 27-28). Göytürklər də öz qədim inanclarını və mədəniy­yət­lə­rini mühafizə etmişlər. Ancaq VIII əsrin ortalarında məhv olmuş Göytürklər dövlətindən sonra müstəqil dövlətlər yaratmış türk xalq­larından çoxu artıq başqa dinləri qəbul etməyə başlamış (mə­sələn, xəzərlər yəhudi dinini, uyğurlar Mani və Budda dinlərini, qaraxanilər və oğuzlar İslam dinini və s.), bu isə onların əski dünyagörüşlərinin, inanclarının və mədəniyyət­ləri­nin də dəyişil­məsini şərtləndirmişdir. Məhz bu səbəblərdən də biz qədim türk düşüncə tərzini və mədəniyyətini göstərmək üçün hunların və göytürklərin üzərində dayanmağı məqsədəuyğun hesab etdik.

E.ə. III yüzilliyin sonlarında Yeniseydən Mancuriyaya və Ordos yaylasından Baykala qədər uzanan böyük bir ərazidə ya­şayan xalqları birləşdirən Hun imperiyasının yaranması etnik və mədəni əlaqələr yolunda olan maneələri aradan qaldırmaqla maddi mədəniyyət və ictimai münasibətlər sahəsində yeni for­ma­ların ortaya çıxmasına səbəb oldu. Təsadüfi deyildir ki, Çin yazılı ənənələri Mərkəzi Asiyada bir çox xalqların mənşəyini məhz hun­larla bağlayır. Hunlar köçəri xalqlar arasında böyük imperiya və özünəməxsus dövlət quruluşu yaratmış ilk xalqdır və onlar o dövrdə Asiyadakı köçəri xalqlar arasında ən mədənisi hesab edi­lirdilər (91, 707). Sonrakı köçəri dövlətlərin əksəriyyəti hunların təcrübəsindən istifadə etmişlər. 1,5 milyonluq bir xal­qın 60 mil­yon əhalisi olan Çinin şimala doğru eksponsiyasının qarşısını al­masının, hətta onu xərac ödəməyə vadar etməsinin əsas səbəb­lərindən biri də hunların hakimiyyət quruluşu ilə bağlı olmuşdur.

Hər şeydən öncə məlum olur ki, hunların Mərkəzi Asiyada üstünlüyü dövrü bu regionda istehsal qüvvələrinin inkişafının keyfiyyətcə sıçrayış dövrüdür. Müxtəlif dəmir alətləri ilk dəfə məhz Mərkəzi Asiyanın hun abidələrində geniş şəkildə öz əksini tapmışdır və bütün bunlar, sözsüz ki, dəmir istehsalının geniş şəkildə mənimsənilməsi ilə bağlıdır (81, 103). Atın yəhərlən­məsi və cilovlanması ilə bağlı dəmir alətlər, əmək alətləri, hücum və müdafiə silahları öz orijinallığı ilə seçilir. Bütün bu alətləri hunların özləri hazırlayırdılar. Mütəxəssislərin fikrincə, öz qonşuları arasında dəmir əridilməsini ilk dəfə hunlar mənim­sə­mişlər. Daha uzaq məsafəni vuran yay və oxun ilk dəfə hunlar tərəfindən hazırlanması da onların hərbi üstünlüyünü təmin edən amillərdən olmuşdur (110, 42-43). Bürünc metaldan və sümük­dən düzəldilmiş bəzək məmulatının istehsalı da hunlarda yüksək səviyyəyə qalxmışdır. Hunların “Avrasiya vəhşi heyvan üslubu” deyilən üslubda bəzədilmiş bürünc əşyaları Asiya xalqlarının qədim incəsənətinə dair bütün kataloqlarda və monoqrafiyalarda öz əksini tapmışdır. Hunların belə bəzək əşyaları hər bir muze­yin yaraşığı ola bilər (106, 350-393).

Arxeoloji qazıntılar zamanı qəti şəkildə təsdiq edilmişdir ki, hunlar əkinçiliklə də məşğul olmuşlar. Onların yaşayış məs­kən­lərində çoxsaylı xışlar, oraqlar, toxalar, taxıl təmizləyən alətlər, taxıl saxlamaq üçün anbarlar aşkar edilmişdir (110, 42).

Böyük çölün başqa sakinləri kimi, hunların da həyatında hərb sənəti çox mühüm yer tuturdu. Onların düzəltdikləri yeni tipli kaman ilə silahlanmış süvari dəstələri hun qoşunlarının əsas gücünü təşkil edirdi (182, 41). Hunların kamanı skiflərinkindən daha güclü idi və ağır silahlarla silahlanmış Çin piyadaları ilə uzaq məsafədən vuruşmaq üçün nəzərdə tutulmuşdu. Dəqiq ox atmaq məharəti hunlarda çox yüksək qiymətləndirilirdi və onlar bunu hələ uşaq vaxtlarından öyrənirdilər. Hunlarda “ox atan qar­tallar” adlanan xüsusi dəstələr var idi və onların 3 nəfəri on­larla düşmənlə döyüşə girib, qalib gələ bilirdilər (110, 43).

Müdafiə silahlarından hunlar daha çox dəri zirehdən və ağac qalxanlardan istifadə edirdilər. Döyüş taktikası köçərilər üçün adi olan üsullar idi. Sıma Syanın yazdığına görə, “döyüş onlar üçün əlverişli alınanda hücuma keçirlər, şərait onlar üçün əlverişsiz olanda geri çəkilirlər, qaçmağa görə utanmırlar” (110, 43). Hunlar təkbətək döyüşdən və şəhərlərin sürətli hücumla alınmasından çəkinirdilər. Onlar uzaq məsafədən düşməni oxla məhv etməyə və çevik manevrlərlə onu taqətdən salıb, əsir götürməyə üstünlük verirdilər. Ordu on minlik, minlik və yüzlük dəstələrə bölünürdü (92, 89).

Şanyuy Metenin özü həmçinin ölkənin baş kahini idi, bu isə onun nüfuzunu daha da yüksəldirdi. Hunların baş ibadətgahı onun qərargahında yerləşirdi və hər il bir dəfə ölkənin bütün yüksəkmənsəbli sərkərdələri və əyanları hər yerdən buraya gəlir­dilər. Burada “əcdadlara, göyə, yerə və ruhlara” qurban kəsilirdi, günəşə və aya səcdə edilirdi. Qədim patriarxal inanclarla yanaşı Mete xüsusi olaraq Göyə və Günəşə, kosmik qüvvələrə pərəstiş kultu yaratmağa çalışırdı. Şanyuyun özü isə “Göy və Yer tərə­findən doğulmuş, Günəş və Ay tərəfindən başçı qoyulmuş” kimi təntənəli titul daşıyırdı. Göydə tək tanrını, yerdə isə onun yeganə nümayəndəsinin (Şanyuyun) hakimiyyətini təbliğ edən dini sistem yaradılırdı (92, 105-106). Şanyuy fəth edilmiş xalqların sahibi, öz xalqının isə atası sayılırdı. O, hər gün səhər doğan Günəşə, axşam isə Aya sitayiş edirdi (130, 268-269).

Hunlar ruhlara da inanırdılar. Ruhlar tanrı yox, insanlar­dan fərqlənən canlı məxluq hesab edilirdi. Onlar insanlara zərər gə­­­tirməsinlər deyə, ruhlarla əlaqəyə girib, yemək vermək, dilə tut­­maq kimi işlərlə xüsusi adamlar (şamanlar) məşğul olurdular. Hun­lar ölümdən sonra insanın başqa aləmə köçüb, yaşayışını da­vam etdirməsinə də inanırdılar. Həm də belə hesab edilirdi ki, adam ölən kimi başqa dünyaya köçüb, öz həyatını orada davam etdirir. Ona görə də qəbrə cənazə ilə birlikdə yemək şeyləri, öl­müş adamın şəxsi əşyaları, silahı, öldürülmüş atı və s. də qo­yu­lur­du. Yüksəkmənsəbli varlı əyanların qəbrinə daha çox şey­lər, Çin tarixçilərinin məlumatına görə, hətta o biri dünyada ona xid­mət etmək üçün öldürülmüş qullar və kənizlər də qoyu­lurdu (92, 108).

Hunlar öz əcdadlarının xarici görünüşünü və həyat tərzini də saxlamışlar. Ammian Marsellin hunların özünəməxsus əla­mət­lə­rindən biri kimi onların üzlərinin tüksüz olmasını qeyd edir. Onun yazdığına görə, bu, hunlarda hələ uşaq vaxtı oğlan uşaqlarının sifətini iti alətlə dərindən kəsməklə əldə edilirdi (123, 337). Avropa tarixçilərinin gözlərində hunlar qeyri-təbii xarici görünüşü, kiçik və dar gözləri, yastı burnu ilə seçilirdilər. Onlar alçaqboylu, enlikürəkli idilər. Bütün bu əlamətlər Avropa hunlarının öz əcdadları kimi monqoloid irqə malik olmalarını göstərir (123, 337).

Hər bir xalq haqqında təsəvvür əldə etmək üçün onun mədə­niyyəti ilə tanış olmaq lazımdır. Etnik mədəniyyət anlayışı xalqın həyatının bütün sahələrini əhatə edir. Maddi mədəniyyət əmək alət­lərində və ev əşyalarında, təsərrüfat fəaliyyəti üsulla­rında və təc­rübəsində, ev tikintisində və məskənsalma forma­la­rında əks olu­nur. Etnosun mənəvi mədəniyyəti isə onun dilin­dən, folklo­run­dan, dini inanclarından, etnik özünüdərkindən ibarətdir. Hər bir etnosun mədəniyyətində onun əcdadları və sonra­kı nəsilləri tərə­findən hazırlanmış, cəmiyyət və ailə daxi­lin­dəki münasibətləri tən­zimləyən sosial normalar xüsusi yer tu­tur. Etnosun mədəniy­yə­tin­də onun ənənələri, yəni əcdadların mə­nəvi irsini sonrakı nəsillərə ötürmə mexanizmləri və forma­ları çox mühüm rol oynayır.

Qədim etnosların həyatı və mədəniyyəti onların yaşadıq­ları ərazinin təbiətindən və iqlim şəraitindən asılı idi. Bu səbəb­dən də Mərkəzi Asiyanın əsasən heyvandarlıq üçün əlverişli olan çöllərində məskunlaşmış qədim göytürklər (səma türkləri) köçəri və yarımköçəri həyat tərzi keçirsələr də, bir çox sahələrdə onlar yüksək mədəniyyət yaratmağa müvəffəq olmuşlar (151, 87-89). Belə ki, köçəri xalqlar içərisində məhz göytürklər yazı­dan geniş istifadə etmiş və yazılı ədəbiyyat nümunələri yarat­mış­lar (93, 344-346). Onlar “El” adlanan və mürəkkəb ierarxi­yaya malik sosial institutlar sistemi yaratmışdılar və Şərqdə Amur çayından qərbdə Don çayına qədər uzanan Böyük türk xaqanlığını bu sistem əsasında idarə edirdilər. Öz dövründə dün­yanın dörd böyük dövlətindən (Bizans, İran, Çin və Türk döv­lət­ləri) biri olmuş Böyük türk xaqanlığı hərb sənətində və dip­lomatiya sahəsində də böyük uğur qazanmışdı (181).

Böyük türk xaqanlığının ən böyük tarixi xidmətlərindən biri də onun, demək olar ki, bütün türk xalqlarını öz tərkibinə qatması və bununla da onların konsolidasiyasına və mədəni inkişafına kömək etməsi idi. Böyük türx xaqanlığının parçalan­ma­sından sonra Cənubi Sibirdə, Mərkəzi və Orta Asiyada, Şimali Qafqazda yaranmış Qərbi türk xaqanlığı, Şərqi türk xaqanlığı, Xəzər xa­qanlığı, Türgeş xaqanlığı, Uyğur xaqanlığı və b. türk dövlətləri bu böyük imperatorluğun varisləri idilər (109, 94).

Göytürklərin mədəni nailiyyətləri daha çox ola bilərdi, əgər onların hakimiyyəti davamlı və uzunmüddətli olsaydı. An­caq əcdadları hunlar kimi, göytürklərə də tarix bu imkanı ver­mədi. Göytürklər özlərinin 545-547-ci illərdə yaranmış dövlət­lə­rini “El-İl” (“Əbədi el”) adlandırsalar da, Böyük Türk xaqanlığı vahid dövlət kimi təxminən yarım əsr mövcud oldu (87, 109).

Göytürklərin uğurları ilk növbədə güclü orduya malik ol­maları ilə bağlı idi. Onların ordusu başqa köçəri xalqların or­dusundan xeyli üstün idi. Bunun səbəbi isə onların dəmir isteh­salı üzrə yaxşı mütəxəssis olmaları və yüksəkkeyfiyyətli müdafiə və hücum silahları düzəltmələri ilə əlaqədar idi. Onların ha­zırla­dıq­ları zirehli geyimlər, hər iki tərəfi ilə kəsən uzun qılınclar, dəmir yaylarla silahlanmış süvari dəstələr Böyük çöldə hegemonluq etməyə imkan verirdi. Göytürklərə qədər döyüşlə­rin nəticəsini əsasən oxatanlar həll edirdi. Ancaq türklərin hazırladıqları zirehli geyimlər onların əhəmiyyətini heçə endirdi. Göytürk ordusunda “böri” (“qurd”) adlanan və düşmənə yaxın­məsafəli döyüşdə sar­sıdıcı zərbə endirən uzun nizələrlə, əyri qılınclarla və zirehli ge­yimlərlə silahlanmış xüsusi süvari dəstə­lər var idi (151, 50). An­caq belə dəstələr şəhərlərin müha­sirədə saxlanması və qala­ların alınması üçün yaramırdı. Məhz bu səbəbdən də Çində və İranda göytürklərin bir çox hücumları dayanmışdı.

Göytürklər də öz əcdadları hunlar və müasirləri olan digər türk xalqları kimi bütpərəst idilər: müxtəlif səma cisimlərinə (Gü­nəşə, Aya, Dan ulduzuna) və təbiət hadisələrinə (işığa, dağa, suya, ağaca və s.), totemik əcdadlarına (qurda) və tarixi əcdad­larına si­ta­yiş edirdilər (14, 88-91). Ancaq böyük dövlət qurduq­dan və baş­qa xalqlarla yaxın əlaqələrə girdikdən sonra onlar müxtəlif din­lərin daşıyıcıları ilə (atəşpərəstlərlə, xristianlarla, müsəlmanlarla və s.) təmasa girdilər. Tabeliklərində olan xalq­ları vahid ideo­lo­giya altında birləşdirmək zərurəti yaran­mışdı. Çünki bütpərəstlər müxtəlif allahlara sitayiş edirdilər və onların vahid ideologiyası yox idi. Başqa böyük dinlərdən birinin qəbulu isə öz xalqlarının digər dövlətlərin təsiri altına salınma­sına gətirib çıxara bilərdi. Dövlət müstəqilliyini qorumaq üçün isə öz əhalisini yabançı ideologiyalara, mədəniyyətlərə və onları təmsil edən dövlətlərə qarşı qoymaq lazım idi. Göytürk siyasət­çiləri bunu anlayırdılar. Məsələn, əgər Qapağan xan Çin dövləti ilə müharibə etdiyini, Çin xalqını isə sevdiyini və onun mədə­niy­yətinə hörmətlə yanaşdığını bildirirsə, müdrik Tonyukuk türk mədəniyyətini Loasızanın, Buddanın və Maninin təlimlərinə qarşı qoyur və onlara bərabər hesab edirdi (93, 333-334). Başqa sözlə, göytürklər öz xalqları üçün orijinal mədəniyyət və ideo­logiya, din lazım olduğunu anlayır və bu səbəbdən də yeni bir din yaratmaq istəyirdilər.

Göytürklərin dəfn mərasimləri də onların dini inancları ilə bağlı idi. Onlarda iki növ dəfn mərasiminin olması məlumdur: cənazəni torpağa basdırmaq və ya yandırmaq. Birinci adət daha geniş yayılmışdı. Göytürklər axirət dünyasına və ruhun ölməz­liyi­nə inanırdılar. Ona görə də onlar döyüşçüləri bütün silahları və atları ilə birlikdə basdırırdılar. Qəbrin üzərində kurqan düzəl­dilirdi və kurqana döyüşçü tərəfindən məhv edilmiş düş­mən­lərin sayı qədər daş qoyulurdu. Xaqanlar və onların yüksək­mənsəbli qohumları dəfn edilərkən onların qəbri üzərində məq­bə­rə tiki­lirdi. Məşhur döyüşçülərin qəbri üzərində həmçinin onların daş­dan yonulmuş heykəlləri qoyulurdu (130, 333-334).

Göytürklərin məişəti köçəri həyat tərzi ilə bağlı idi. Onlar yüngül və tez sökülüb-yığıla bilən yurtlarda yaşayırdılar. Köçmə zamanı isə üstüörtülü arabalardan istifadə edirdilər (102, 26-27). Şimali torpaqlarda və dağ vadilərində ağac tirlərdən düzəldilmiş evlərdə yaşayırdılar.

Göytürklərin hazırladıqları sökülüb-yığılan yurtlar köçəri mədəniyyətində yenilik idi. Bundan əvvəl köçərilər “çum” adla­nan konusvari iri yurtlardan və arabalar üzərində qurulmuş iri, sö­külə bilməyən çadırlardan istifadə edirdilər ki, bu da xeyli çətin­liklər törədir və köçərilərin çevik hərəkətlərini məhdudlaş­dırırdı. Skif, sak, hun, sarmatların istifadə etdikləri belə araba üstündəki çadırlar çox ağır olurdu və köçən zaman onların hər birini apar­maq üçün onlarla öküz lazım idi. Belə yurtlar köçəri­lərin hərəkət sürətini azaldır və dağ yerlərində xüsusilə böyük əngəllər törə­dirdi. Göytürklər böyük yaşayış yurtlarının asan və çevik surətdə köçürülməsinə nail ola bildilər. Onların hazırla­dıqları sökülüb-yığıla bilən yeni yurt növü “terim” adlanırdı (102, 26-27).

Göytürklər atın yəhərlənmə texnikasını da mükəmməlləş­dirərək, onu müasir hala saldılar: onlar daha möhkəm yəhər və üzəngi növləri düzəltdilər. Möhkəm yəhərdə oturmuş və üzəngi­dən dayaq kimi istifadə edən türk süvariləri daha yaxşı ox atmaq və qılınc oynatmaq imkanı əldə etdilər (102, 26).

Göytürklərin dövlət quruluşu “əbədi el” hesab edilirdi. Dövlətin başında hakim Aşina nəslindən olan xaqan dururdu. Xaqan hakimiyyəti irsi şəkildə ötürülürdü; ancaq atadan oğula yox, qardaşdan qardaşa və ya qardaş oğluna verilirdi. Xaqan hakim, ali sərkərdə və baş kahin funksiyalarını yerinə yetirirdi.

Beləliklə, göytürklər əsasən köçəri və yarımköçəri həyat tərzi keçirsələr də, onlarda sənətkarlıq, ticarət, əkinçilik də inki­şaf etmişdi. Göytürklər həqiqətən də özünəməxsus yüksək mə­də­niyyət yaratmışdılar. Göytürk yazılı və şifahi ədəbiyyatının bi­zim zəmanəmizə qədər gəlib çatmış az bir hissəsi də aydın gös­tərir ki, onlar orijinal dünyagörüşə, mifologiyaya, ədəbiy­yata, kifayət qədər geniş tarixi və coğrafi məlumatlara malik idilər.

Yuxarıda qeyd olunanlarla qismən də olsa qədim türk xalqlarının yaşayışı, həyat tərzi haqqında məlumat əldə etmiş oluruq. Bununla belə qədim türklərin dini görüşləri də olduqca müxtəlif olmuşdur. Bəşəriyyətin mədəniyyət tarixinin mifoloji dövrünə nəzər salmaqla, ibtidai cəmiyyətdə nəinki türk xalqları­nın, ümumiyyətlə insanın dünyanı dərketmə üsulları, onun yaşa­dığı dövrdəki dünyagörüşü haqqında ətraflı məlumat əldə etmiş olarıq. Təbiət qanunlarından xəbərsiz olan ibtidai tayfalar rast­laş­dıqları gündəlik hadisələr, xəstəliklər, təbii fəlakətlər qarşı­sında aciz qalırdılar. Bu məqsədlə də rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün müxtəlif yollara əl atır, özlərinin mistik və fantastik düşüncələrinə əsaslanırdılar. Bunun nəticəsində isə mifoloji dövr tarixində mühüm yer tutan ilkin mifoloji inanc­ların müxtəlif formaları meydana gəlirdi.

Mifin ilkin formaları fetişizm, totemizm və animizm idi. Bu yol ayrı-ayrı əşyaların ilahiləşdirilməsindən (fetişizm) başla­nıb, öz icmasının ilahiləşdirilməsinə (qəbilənin totem əcdadının obrazında), sonra isə ruhların müstəqil surətdə mövcudluğunun təsəvvürünə (animizm) doğru inkişaf etmişdir. Növbəti addım tanrılar – təbiət qüvvələri barədə fikirlərin yaranması oldu. Daha sonralar isə digər tanrılar və insanların atası hesab edilən vahid, tək tanrı haqqında təsəvvürlər yaranmışdır.

Fetişizm ibtidai cəmiyyətdə olduqca erkən meydana gəl­miş­dir. Bu ilkin inanc formasının tədqiqi mübahisəli fikirlərin yaranmasına səbəb olmuşdur. Lakin onun əsas xüsusiyyətləri elmdə əsasən aydınlaşdırılmışdır. S.A.Tokarevin qeyd etdiyi ki­mi, bütün xalqların inanclar tarixinə ümumi nəzər saldıqda feti­şizmin istənilən dinin ayrılmaz hissəsi olduğunu görmək olar. Fetişizm dini inanclar tarixində universal təzahürdür (164, 34). “Fetişizm” termininin özü çox geniş və qeyri-müəyyəndir. Ona dinin spesifik forması kimi də baxmaq olmaz, çünki bu sözlə ifa­də olunanların təzahürü istisnasız olaraq bütün dinlərdə mə­lumdur və onlar müxtəlif şəraitlərdə tamamilə ayrı-ayrı formaya və mənaya malik olurlar (164, 300).

Ümumilikdə fetişizm guya fövqəltəbii xüsusiyyətlərə ma­lik olan cansız maddi əşyalara ehtiram deməkdir. Başqa söz­lə, fe­tişizm bəzi cansız əşyaların, məsələn, mağaralar, daşlar, ağac­lar, xüsusi əmək alətləri və yaxud məişət əşyalarının fövqəltəbii xüsusiyyətlərinə inamdır. Fetişizm həmçinin xüsusi seçimlə can­sızların canlandırılmasında da təzahür edir. Beləlik­lə, insanları qoruyan mağara, aclıqdan sonra onları doyduran ağac, əldə edil­miş mizraq və s. fetiş ola bilər. Qeyd edilən fetişlərə qədim türk xalqları mifologiyasında da rast gəlirik. Məsələn, Bahəddin Ögəl qeyd edir ki, Böyük Hun dövlətində müqəddəs bir “ata mağa­ra­sı” var idi. Bu müqəddəs mağaraya yalnız şamanlar və adamlar deyil, bütün dövlət təşkilatları ehti­ram göstərir və ilin müəyyən ay­larında bu mağaranı ziyarət edə­rək böyük bir mərasim keçi­rir­dilər (47, 37). “Manas” dastanında isə sonsuz qadınlar müqəd­dəs alma ağacının altında oynamaqla uşaqları olacağını düşünür­dülər. Orta Asiyada “Arçalı”, yəni “Ardıclı” adını daşıyan bir çox müqəddəs yerlər vardır. Ardıc ağacı da türklərə görə mü­qəd­dəs sayılan ağaclardan biridir (47, 105). B.Ögəl kitabında mü­qəd­dəs qayın ağaclarından da bəhs edir (47, 107). Bizim fikri­miz­cə, burada qeyd edilən mağara, alma ağacı, ardıc və qayın ağacları yuxarıda verdiyimiz izahla əlaqədar olaraq fetiş də sayıla bilər.

Ən qədim fetişlər təbiət obyektləri – qeyri adi formalı dağ­lar, daşlar, ağaclar idi. Fetişizmin hətta geniş yayılmış din­lərdə də saxlanılmış izləri dağa, bulağa və digər təbiət obyekt­lə­rinə ehtiramda təzahür edir. Bununla əlaqədar olaraq allahların və yaxud onların yerdəki nümayəndələrinin möcüzələri, bu yer­lə­rin mənşəyi haqqında əfsanələr yaradılırdı. Qədim məlumat­lara əsasən əvvəllər Aşina nəsli kimi tanınan göytürklər Cənubi Alta­ya köçdükdən sonra məskunlaşdıqları yerin yaxınlığındakı “türk” adlı yastı bir təpəni müqəddəs hesab edərək, sonradan bu təpənin adını öz etnik adları kimi qəbul etmişlər (181, 23).

Tədricən fetişlər həmayil, üzük, muncuq və s. formaları və qoruyucu, tilsim funksiyaları əldə edirdi. İbtidai insanın fikrinə görə bu fetişlər insanı mövcud ruhların cəzalandırmasından qoruyurdu. Məsələn, Sibirdəki xalqlar ilan və digər təhlükəli və qorxunc heyvanların fiqurlarını düzəldərək, onları gizlədirdilər. Bununla həmin heyvanların onlara kömək edəcəklərinə inanır­dılar (120, 206). Yakut türkləri isə bəzən qurd və ya tülküdən mədəd umur və bu iki heyvanın çoxlu fiqurunu hazırlayırdılar (47, 61). Bəzən hər hansı bir heyvanın sinəsi də fetiş kimi evdə saxlanıla bilərdi. Saqalayev göstərir ki, sinəyə son dərəcə ehtiramla yanaşmaq Sibir türklərində qeyd edilmişdir. Məsələn, altay ovçuları sinə hissəsinin içalatı çıxarılmış heyvanı evə gətirirdilər və fetiş kimi evdən asırdılar (158, 118).

R.Əliyev öz kitabında qeyd edir ki, folklor mətnlərində fetiş kimi istifadə olunan əşyalar içində toppuz, muncuq, papaq, üzük, çubuq, süfrə və s. qəhrəmana düşmənə qalib gəlmək üçün lazım olur (26, 33).

Totemizm mifoloji dünyagörüşün orta, həm də çox mü­hüm mərhələlərindən birini təşkil edir. Totemizmin mahiyyəti barədə elmdə hələlik vahid bir fikir yoxdur. “Totem” termini ilə etnoqraflar qəbilənin himayəçi əcdadı hesab edilən əşya və ya varlığı (əsasən bu heyvan və ya bitki olur) ifadə edirdilər (100, 94). İbtidai şüur nə vaxtsa heyvanların da insani sifətə və xüsu­siyyətlərə malik olduğunu güman edərək, insanlar və heyvanlar arasında kəskin sərhəd qoymurdu. Bu da onunla izah olunur ki, ibtidai düşüncəyə əsasən hər bir tayfa və ya qəbilə öz mənşəyini bu və ya digər heyvandan, quşdan və ya bitkidən götürürdülər. Totemlər müqəddəs hesab edilirdilər. Totem birliyin simvolu, nişanəsi kimi qavranılırdı.

Totemik təsəvvürlərə görə bu və ya digər heyvan növü ilə qohumluqdan insanların bütün qrupları yaranırdı. Elə totemiz­min digər bir əlaməti də buradan yaranır. Belə ki, totemik qrup totem heyvanın, quşların, həşəratların, bitkilərin adı ilə adlandı­rı­lırdı. Bu haqda E.B.Taylor məlumat verərək qeyd edir ki, totemik tayfalar klanlara bölünürdü. Hər klanın üzvləri bir-biri ilə hər-hansı bir heyvanın, bitkinin, əşyanın adı ilə bağlı olur­du­lar. Onlar özlərini bu adlarla adlandırırdılar və hətta öz mistik şəcərəsini də bu heyvan, bitki və əşya ilə bağlı formada apa­rırdılar. Bu totemik klanlarda ekzoqamiya mövcud idi. Belə ki, klan daxilində evlənmək qadağan edilmişdi, evlənmək istəyənlər isə mütləq müxtəlif klanlara məxsus olmalı idilər (162, 382).

Totemizm türkdilli xalqların tarixində də özünəməxsus bir yer tutmuşdur. Lakin türk xalqlarında totemizmin mövcudluğu hər zaman mübahisəli bir məsələyə çevrilmişdir. Bu haqda müx­təlif alimlər, tədqiqatçılar bir çox fikirlər irəli sürmüşlər. Bu tədqiqatçılar arasında Azərbaycan alimləri də xüsusi yer tutur. Aparılan tədqiqatlar içərisində S.Rzasoyun “Oğuz mifi və Oğuznamə eposu” adlı kitabında “Türk totemizmi elmi problem kimi” başlıqlı araşdırması xüsusilə diqqətəlayiqdir (52, 80-113).

Vəli Həbiboğlunun da qeyd etdiyi kimi, totemizm türk­soylu xalqların təfəkküründə dərin iz salaraq, özündə onların təbiətə, cəmiyyətə, bütövlükdə əhatə olunduğu maddi aləmə müna­sibətinin sosial-fəlsəfi məcmusunu əks etdirmişdir. Həm­çinin totemizmin bir sıra xüsusiyyətləri qədim türklərin zoo­mor­fik baxışlarının inkişafında və formalaşmasında az əhəmiyyət kəsb etməmişdir (31, 130).

Türkdilli tədqiqatçılar totemizm haqqında maraqlı və müx­təlif fikirlər irəli sürmüşdürlər. Məsələn, Murat Uraz özünün “Türk mitolojisi” adlı kitabında totemizm haqqında məlumat ve­rərək qeyd edir ki, bəzi heyvanlar və bitkilər insanların qoru­yu­cusu və tanrılarıdır. Hər bir qəbilənin insanları müvafiq heyvanın və ya bitkinin soyundan törəmişdirlər. Buna görə də həmin hey­van və ya bitki müqəddəsdirlər. Belə tanınan heyvan və bitkiyə totem deyilir. Qəbilə bir heyvanı totem kimi qəbul etmişsə, onda o heyvanın ətini yemir, ancaq o heyvanın ilk balası ildə bir dəfə mərasim zamanı qurban edilir, əti qəbiləyə paylanılırdı (69, 148).

Ümumiyyətlə, türkdilli xalqların tarixinə, onların qədim adət-ənənələrinə, dastanlarına nəzər saldıqda görünür ki, müxtə­lif dövrlərdə qədim türklərin ayrı-ayrı totemləri mövcud olmuş­dur. Lakin türk xalqlarında totemizmin mövcudluğu mübahisə məsələsinə çevrilmişdir. Belə ki, bəzi tədqiqatçıları­mız onun türkdilli xalqlarda var olması fikrini inkar etmiş, digərləri isə onun varlığını əsaslı sübutlarla təsdiq etməyə çalışmışlar. Məsə­lən, tədqiqatçı R.M.Əliyev “Azərbaycan nağıllarında mifik görüş­lər” adlı kitabında şifahi xalq ədəbiyyatının xüsusi bir his­səsini təşkil edən nağıllar əsasında totemizmin türk xalqlarında da mövcud olduğunu göstərməyə çalışmışdır. O, qeyd edir ki, Azərbaycan nağıllarını saf-çürük edərkən biz bu qənaətə gəldik ki, nəinki boz qurd, hətta digər heyvanlar – şir, öküz, ilan, balıq da totem kimi müqəddəs sayılmışdır. Totemizmi tarixi bir mər­hə­lə adlandıran və türk xalqlarının da bu mərhələdən yan keç­mədiyini göstərən R.M.Əliyev kitabında yuxarıda adları çəkilən ayrı-ayrı totemlər haqqında ətraflı məlumat vermişdir (28, 20).

Tanınmış tədqiqatçı professor M.Seyidov da özünün “Azər­baycan mifik təfəkkürünün qaynaqları” adlı kitabında Azərbaycanda müxtəlif vaxtlarda mövcud olmuş totemləri şərh etmişdir. İlanın totem olması haqqında türk xalqlarında çoxlu məlumatlar vardır. Tədqiqatçılar onun ən geniş yayılmış totem­lərdən biri olduğunu dəfələrlə qeyd etmişlər. M.Seyidov da yuxa­rıda adını çəkdiyimiz kitabında ilan totemi haqqında xüsusi söhbət açaraq qeyd etmişdir ki, Azərbaycanın bir sıra yerlərində ilan totemi ilə əlaqədar olaraq “ilan pir”, “ilan piri”, “ilan dağ” adlı pir, yer adları vardır… Bir çox nağıllarda, dastanlarda ilana tapınmanın izləri indiyə qədər qalır (54, 17).

Ümumiyyətlə, türk mifologiyasında totemizmin izləri özünü bariz şəkildə göstərir. Bunu görkəmli tədqiqatçı Bahəddin Ögəlin “Türk mifologiyası” adlı kitabı da təsdiq edir. Müəllif bu­rada vaxtilə türklərdə mövcud olmuş müxtəlif totemlərin izlə­ri haqqında geniş məlumat verərək qeyd edir ki, Çin mənbə­lə­ri­nə görə, Göytürk dövləti içərisində və Altay dağlarında yaşayan tarduş türklərinin əcdadı “qurd başlı bir insan” imiş. Onun fikrinə görə, bu da qədim türk totemizminin bir izi sayılmalıdır (47, 51). Tədqiqatçı türklərdə qurdla bağlı inamlara toxunaraq, qədim türklərin totemlərindən biri kimi qurddan geniş söhbət açmışdır. V.Həbiboğlu da türk xalqlarının zoomor­fik təsəvvü­rün­də qurd toteminin xüsusi yer tutduğunu qeyd edərək, gətir­di­yi nümunələr əsasında onu ətraflı tədqiq etmişdir (31, 158-182).

Bir sıra mənbələrdə isə yakut türklərinə mənsub qəbilələr­dən hər birinin bir müqəddəs heyvandan törədiklərinə inandıq­ları və bu səbəblə də o heyvanların ətini yemədikləri göstəril­mişdir. “Yakut qəbilələri öz müqəddəs ataları hesab etdikləri heyvanlar sırasında başlıca olaraq bunları sayarlar: ağ lələkləri olan at, qarğa, qu, qartal, durna, boz inək və s… Hər qəbilə hansı heyvandan törəndiyinə inanırdısa, o heyvanı hürkütməz və əzizlərdi. Onların inamına görə, kim öz qəbiləsinin müqəddəs heyvanını yaralayar, öldürər, yeyər və hətta qorxudarsa, onun başına böyük fəlakətlər gələrdi… Qədimdə hər yakut qəbiləsi törəndiyi heyvanın adı ilə birlikdə xatırlanır və o qəbilədən olan hər kəs bu heyvanın adını soy adı kimi qəbul edərdi. Beləliklə, hər kəsin hansı qəbilədən və hansı heyvandan əmələ gəldiyi asanca bilinərdi…” (47, 49).

İbtidai inancların daha yüksək forması olan animizm də mifoloji dövrdə geniş şəkildə öz əksini tapmışdır. Bu inanc forması ruha və ya cana, yaxud təbiətin ümumi canlanmasına inam­dır. Animizm daha erkən variantda bütün ətraf aləmdə olan­ların - əşya və təbiət hadisələrinin canı olduğuna inam ifadə edirdi. Animizm daha sonrakı variantlarda əşyaların yalnız xüsu­si cana malik olmasını deyil, həmçinin ümumi canın mövcudlu­ğunu da nəzərdə tuturdu. Beləliklə, buradan bu nəticə çıxır ki, animizm, onun dinin inkişafında mövcud olan möhkəmləndirici rolu istənilən dinin əsasıdır.

Əhatəsindəki dünyanı ruh və canlarla ifadə edən qədim insan onlarla əlaqə saxlamaq üçün münasib vasitə axtarırdı. Təcrübə göstərirdi ki, heç də ruhlara ünvanlanan hər xahiş təmin edilmirdi. Bəzi adamların xahişi daha yaxşı nəticələr verirdi və onlar insanlar arasında daha xoş təəssürat yaradırdılar. Tayfada daima ruhlarla əlaqə yaratmaqla məşğul olan “mütəxəssislər” yaranmağa başladı. Ruhlarla əlaqə prosesinin özü də mürəkkəb­ləşirdi və bu zaman vasitəçidən bir çox qeyri-adi keyfiyyətlər tələb olunurdu. Bunları isə şamanizmdə müşahidə etmək olar.

Qədim türklərdə ruh, onun ölməzliyi və o biri dünyanın möv­cud olması haqqında animistik təsəvvürlər geniş yayılmış­dır. Məsələn, yakutlarda ölənin ruhu ilə əlaqədar müxtəlif adətlər möv­cud idi. Belə adətlərdən biri “kut arrarıı” – “xüsusi kut” adlanırdı və ölənin ona yaxın olan insanların “canını” da özü ilə aparmasına aid inama əsaslanırdı. Bunun qarşısını almaq üçün ölənin evinə (çadırına) şaman dəvət edirdilər və şaman da kiminsə kutunu (ca­nını) ölənin özü ilə aparıb-aparmadığını öyrən­mək, əgər aparıbsa onu geri qaytarmaq üçün xüsusi ritual keçirirdi (152, 42-43).

Məlumatlara əsasən Cənubi Sibir xalqları heyvanların da ru­hu olmasına inanır və onlardan da qorxurdular. Belə ki, XVIII əsr­də rus səfirliyinin tərkibində Çinə gedən İzbrant İdes Cənubi Sibir barədəki qeydlərinin birində göstərir ki, tayqa ovçuları arasında çoxlu heyvan və quş kultları mövcud idi, ancaq ayıya ehtiram bi­rin­ci yerdə dururdu. Bir çox yerli etnoslar ayı ilə bağlı xüsusi mə­rasimlər keçirirmişlər: “Ayını öldürüb başını kəsdik­dən sonra ona xüsusi ehtiram göstərirdilər. Dərisini soyduqdan sonra ondan soru­şurlar: “Sən denən, səni kim öldürdü?”. Özləri də cavab verirlər: “Ruslar”. – “Kim sənin başını kəsdi?”. – “Rus bıçaqları” (107).

A.Şükürov göstərir ki, Sayan-Altay türklərinin təsəvvü­rü­nə görə, ölən tamamilə yox olmur. Xakasların fikrincə, “böyük adam ölürsə, o, öz qohumlarının qayğısına qalmalıdır, çünki onun ruhu daima onlarla birlikdədir” (60, 48).

L.Y.Şterinberq qeyd edir ki, animizm dini fəlsəfi təfəkkür mərhələsidir və bu mərhələdən ibtidai xalqların hamısı keçmiş­dir. O, animizmin inkişafının genetik proses mərhələlərini də göstərmişdir (174, 231-234).

Magiya uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dua­lar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müx­tə­lif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir (122, 207-222).

Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvan­lara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələ­rini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffə­qiy­yətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiyanın əsasən “ağ” (qoruyucu) və “qara” (pislik edən) növləri mövcuddur. Magiya­nın digər növləri isə onun hansı obyektə təsirindən asılıdır (71, 213).

Magik üsullar məqsədindən asılı olaraq müalicəvi, bəd­bəxt­lik gətirən (qara), hərbi, məhəbbət, maldarlıq, əkinçilik, meteoroloji və s. magiyaya bölünür (164, 436).

Meteoroloji magiyaya altaylılarda mövcud olan adəti nümunə göstərə bilərik. S.A.Tokarev qeyd edir ki, altaylılarda havaya təsir edən “yada-daş” adlı magik daş mövcud olmuşdur. İsti havanın olması üçün daşı quru, isti yerdə və yaxud qoltuq altında saxlayırdılar; külək əssin deyə açıq havada tuturdular; yağışlı havanın baş verməsi üçün daşı günlərlə soyuq suda saxlayırdılar (164, 493-494).

“Azərbaycan mifoloji mətnləri”ndə də magiyanın sadala­nan növləri ilə əlaqədar türk xalqlarında mövcud olan mifoloji inanclar verilmişdir. Məsələn, “Daşı çevirəndə yağış kəsir”, “Yağış yağdırmaq üçün mis camları odda qızdırıb sonra suya salarmışlar” və s. (11, 167).

Qeyd etdik ki, ibtidai xalqlar üçün hər görünən və yaxud görünməyən əşya və ya varlıq məlum sehirli güc və magik xüsu­siy­yət­ləri ilə seçilirdi. İbtidai insan təbiətin əbədi qanunlarını dərk etmirdi. Buna görə də o, görünməyən səbəblərdən baş verən xəstəliyi, ölümü müvəffəqiyyəti, uğursuzluğu, yağışı, kü­ləyi, günəşin çıxmasını, bütün əşya və varlıqların vəziyyətini magik səbəblərlə izah edirdi.

Mantika isə gələcəyi və indiki zamanı xəyali şəkildə, tə­səv­­vürlər əsasında dərk etmə bacarığı ilə bağlıdır. Müxtəlif xalq­larda mövcud olan çoxsaylı fala baxma üsulları xüsusi ədəbiy­yatda iki formal-tipoloji əlamətlə təsnif edilir: “xarici əlamət” üzrə fala baxmaq və “daxili aydınlaşma” üzrə fala baxma (gələcəyi görmə).

Birinci tipə daxil olanlar çox müxtəlifdir. Bunlara astroloji fala baxmalar, odla, ildırımla, göy qurşağı ilə, su ilə, “müqəd­dəs” kitabla, quşların uçuşuna görə, öldürülmüş heyvanların daxili orqanlarına görə, rəqəmlərə görə, kartla, ilanın hərəkətinə görə, güzgü ilə və s. üsullarla falabaxmalar daxildir.

Birinci tipə daxil olanların əksəriyyəti qədim türk xalqla­rın­da da mövcud olmuşdur. Məsələn, Bahəddin Ögəl Altay şamanlarının yayla fala baxmasını və yağış yağdırmasını qeyd edir (47, 333).

İkinci tipə isə yuxu, “bilavasitə vəhy” (gələcəyi görmə); “ölünün göstərişi” üzrə falabaxmalar daxildir.

Türk inanc sistemi haqqında araşdırma aparan Ü.Niayiş “Avrasiya inanc sistemi bütünlüyündə türk inanc sistemi” adlı kitabında türklərdə mövcud inanc sistemlərindən bəhs etmişdir (61, 11-22).

Biz qədim türk xalqlarında mövcud olan ilkin mifoloji inanc­lara (totemizm, fetişizm, animizm, magiya və mantika) nəzər saldıq. Bütün bu sadalanan inanclar ibtidai insanların dün­ya haqqındakı yanlış, fantastik düşüncələrini əks etdirir. Qədim inancların hamısı bir-biri ilə bağlıdır. Uzun müddət tədqiqatçılar bunlardan hansının birinci, hansıların isə sonralar yarandığı üzə­rində tədqiqat aparmaqla məşğul olmuşlar. Ancaq bu haqda müx­tə­lif fikirlər meydana çıxmış və bunu dəqiq söyləmək hələ­lik mümkün olmamışdır. Çünki onlar arasındakı əlaqələr çox sıxdır.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə