Frans kafka qəsr biRİNCİ FƏSİL



Yüklə 1.39 Mb.
səhifə1/26
tarix10.06.2017
ölçüsü1.39 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26
FRANS KAFKA - QƏSR

BİRİNCİ FƏSİL

K. gəlib çatanda axşamdan xeyli keçmişdi. Kənd qar içində itib batmışdı. Dumana, qaranlığa bürünmüş qəsrdən əsər-əlamət görünmürdü, o böyüklükdə qaladan heç işartı da gəlmirdi. K. kəndin girəcəyindəki taxta körpünün üstündə dayanıb qarşısındakı aldadıcı boşluğa baxırdı.

Sonra yola düzəlib daldalanacaq axtarmağa getdi; meyxanada hələ yatmamışdılar, doğrudur, meyxanaçının kirayə verməyə otağı yoxuydu, ancaq vaxtsız qonağın gəlişindən çaş-baş qalıb özünü itirdiyindən K,-nın elə yemək otağında, saman kisəsinin üstündə gecələməsinə icazə verdi. K. da bu təklifə razılaşdı. Beş-altı kəndli oturub pivə içirdi, lakin o, heç kəslə söhbətə girişmək istəmədi, özü saman kisəsini damdan endirib sobanın yanında yerə uzandı. Yeri istiydi, kəndlilər də dinib-danışmırdılar, yorğun gözləriylə onlar; azacıq süzəndən sonra K. yuxuya getdi.

Amma bir azdan onu oyatdılar. Şəhərsayağı geyinmiş, üz-gozündən artistə oxşayan qıymagöz, qalınqaş cavan bir oğlan yanındakı meyxanaçıyla başının üstündə dayanmışdı. Kəndlilər də burdaydılar, onları yaxından görmək, yaxşı eşitmək üçün bir-ikisi hətta kürsüsünü də bu tərəfə çevirmişdi. Cavan oğlan K.-nı yuxudan elədiyinə görə çox nəzakətlə üzr istədi, özünü qalabaşının oğlu kimi təqdim edib sözə başladı:

- Bu kənd qəsrə baxır, burada yaşayan, ya da gecələyən adam elə bil həm də qəsrdə yaşayır, qəsrdə gecələyir. Bunun üçün də qrafın icazəsi olmalıdır. Sizinsə belə icazəniz yoxdur, olsa da, göstərməmisiniz.

K. yerində dirsəklənmiş, əlini saçına çəkmişdi, İndi də altdan-yuxarı onlara baxırdı:

- Azıb hansı kəndə düşmüşəm? Burda qəsr də var?

- Əlbəttə, var, - cavan oğlan ağır-ağır dilləndi, K.-nın bu sözlərinə ordan-burdan başını bulayanlar da tapıldı, - qraf cənabları Vestvestin qəsridir.

- Deməli, gecələməyə icazə almaq lazımdır? - K. elə soruşdu ki, elə bil bir az qabaq eşitdiklərinin yuxu olmadığına inanmaq İstəyirdi.
- İcazə olmalıdır, - əl-qolunu ölçən oğlanın meyxanaçı ilə kəndlilərə verdiyi sualda dərin bir kinayə gizlənmişdi. - Ya bəlkə, heç olmamalıdır, hə?

- Onda gedib icazəmi gətirərəm, - K. əsnəyib yorğanı üstündən götürdü, sanki doğrudan da ayağa durmaq İstəyirdi.

- Hə... kimdən gətirəcəksiniz? - Cavan oğlan soruşdu.

- Qraf cənablarından, başqa yolum yoxdur, - K. cavab verdi.

- İndi, gecənin bu vaxtında qraf cənablarından icazə alacaqsınız? - Cavan oğlan səsini qaldırıb bir addım da geri çəkildi.

- Baş tutan iş deyil? - K. halını pozmadan soruşdu. - Bəs onda məni niyə oyatdınız?

Cavan oğlan axır ki, hövsələdən çıxıb bağırdı:

- Sərgərdanların peşəsi budur! Xahiş edirəm, qraf üsul-idarəsinə hörmətlə yanaşasınız! Ona görə oyatdım ki, sizə xəbər verəm, qraflığı tərk edəsiniz!

- Məzhəkəni qurtarın, - K. lap astadan dillənib təzədən yerinə uzandı, yorğam üstünə çəkdi. - Cavan oğlan, çox baş aparırsınız, sizin bu hərəkətlərinizə sabah baxarıq. Meyxanaçı ilə cənablar da Allah şahididir, işdir, şahidə ehtiyacım olsa. Məlumunuz olsun ki, mən qrafın gətirdiyi yerölçənəm. Lazımi şey-şüyləri köməkçilərim sabah arabayla gətirəcək. Qarlı havada gəzmək şakərimi boğa bilmədim, amma heyif ki, bir-iki dəfə yolu azıb mənzil başına gecikdim. Özüm sizsiz də bilirdim ki, qəsrə gediş-gəlişimi xəbər verməliyəm, ancaq gec oldu. Ona görə də bir gecəliyinə bu yatağa razılıq verdim, onu da ki, yumşaq desək, sizin mərifətsizliyiniz haram elədi. İzahat bu qədər. Gecəniz xeyrə qalsın, cənablar.

K. üzünü sobaya çevirdi. Arxadan kimsə çəkinə-çəkinə soruşdu:

- Yerölçən?

Sonra araya sakitlik çökdü. Lakin cavan oğlan tələsik özünü ətə alıb guya K.-nın həm yuxusuna mane olmamaq üçün boğuq bir səslə, həm də ona eşitdirmək üçün xeyli ucadan meyxanaçıya dedi:

- Zəng edib soruşacam.

“Necə, bu kənd meyxanasında telefon da var? Pis yerləşməyiblər.” Təfərrüatına varanda heyrətlənsə də, belə şeyi əslində K. da gözləyirdi. Məlum oldu ki, telefon düz başının üstündəymiş, yuxulu olduğundan fikir verməyibmiş. Bu cavan oğlan zəng edəsi olsaydı, istəsə də, istəməsə də K.-nın yuxusuna haram qatmahydı, təkcə əlac ona qalırdı ki, mane olsun. Ancaq sonra fikrindən daşındı. Əslində özünü yuxuluğa vurmağın da mənası yoxuydu, ona görə də arxası üstə çevrildi. Gördü ki, kəndlilər çəkinə-çəkinə nəyisə müzakirə edirlər, yerölçənin gəlişi heç də xırda məsələ deyildi. Mətbəxin qapısı açıq qalmışdı, meyxanaçının arvadı bütün gövdəsi ilə qapını tutub dayanmışdı. Əri ayaqlarının ucuna yaxınlaşıb nəsə dedi. Sonra telefon danışığı başladı. Qalabaşı yatmışdı, amma köməkçisi, daha doğrusu, köməkçilərindən biri, Frits cənabları yerindəydi. Özünü Şvartser kimi təqdim edən bu cavan oğlan xırdaca arxa çantasını başının altma, düyünlü çəliyini əlçatara qoyub saman kisəsinin üstündə arxayınca yatmış otuz-otuz beş yaşlı, nimdaş geyimli K.-m necə tapdığını danışdı. Təbii ki, kişi ona şübhəli görünüb, meyxanaçı öz vəzifəsinə açıq-aşkar laqeyd yanaşdığından bu işin içinə yetməyi Şvartser öz öhdəsinə götürüb. Yuxudan oyadıldığını, dindirişi, qraflığın qanuni sərəncam və tələblərini K. həddən artıq qaşqabaqlı qarşılayıb, axırda da məlum olub ki, buna müəyyən mənada haqqı varmış, çünki dediyinə görə, guya qrafın çağırtdırdığı yerölçəndir. Təbii ki, bu deyilənləri yoxlayıb axırına çıxmağı Şvartser ən azı özünün formal vəzifə borcu bilib Frits cənablarından xahiş edir ki, baş idarədən öyrənsin, görsün belə bir adamm gəlişini, doğrudan da gözləyirlərmi və bu barədə ona məlumat versin.

Araya yenə sakitlik çökdü, Frits orda öyrənir, burda isə onun cavabını gözləyirdilər. K. qətiyyən halını pozmamışdı, heç üzünü də bu yana çevirməmişdi, narahatlıq-zad keçirmirdi, eləcə gözünü döyüb qabağa baxırdı. Şvartserin hirslə ehtiyatkarlığın bir-birinə çulğalaşdığı bu danışığı K-da qəsrdoki xırda adamların diplomatik bacarığı barədə müəyyən bir təsəvvür oyatdı. Görünür, onlardan heç canfəşanlıq da əskik deyilmiş...

Deyəsən, baş idarədə də gecə növbəsi çəkirlərmiş, lap tez cavab verdilər, çox çəkmədi, Fritsin zəngi eşidildi. Xəbər həddən artıq qısa oldu, çünki Şvartser o saat hirslənib dəstəyi asdı. - Dedim axı! - Səsini qaldırdı. - Yerölçən zad deyil, avaranın, yalançının, sərgərdanın biridir, hələ bəlkə də bir az o yana...

K. bir anlığa düşündü ki, indi hamı, Şvartser də, kəndlilər də, meyxanaçı da, onun arvadı da K.-nın üstünə düşəcək. Heç olmasa ilk hücumdan qorunmaq üçün başını yorğanın altına çəkdi. Telefon bir də dilləndi, K,-ya elə gəldi ki, bu dəfə lap ucadan səsləndi. Asta-asta başım təzədən çölə çıxartdı. Söhbətin yenə K.-dan gedəcəyi inandırıcı olmasa da, hamı donub qalmışdı. Şvartser telefona doğru yeridi. Uzun-uzadı söhbətdən sonra lap astadan dilləndi:

- Deməli, səhvdir? Heç yaxşı olmadı. İdarə başçısının özü zəng vurub? Qəribədir, çox qəribədir. İndi bəs mən yerölçən cənablarına nə deyim?

K.-nın da qulağı onlardaydı. Deməli, qəsrdən onun yerölçən olduğunu təsdiqləyiblər. Bir tərəfdən bu, xeyrinə deyildi, məlum olurdu ki, qəsrdə onun barəsində hər şeyi bilirlər, qüvvələr münasibətini ölçüb-biçiblər, indi də mübarizəni təbəssümlə qarşılayırlar. Digər tərəfdən də xeyrinəydi, çünki fikrincə, ona o qədər də məhəl qoymayacaqdılar, burda ümid etdiyindən də sərbəst gəzib-dolanacaqdı, yerölçənliyini bu cür arxayın, inamlı qarşılamaları ilə onu daimi qorxu altında saxlaya biləcəklərini güman edirdilərsə, yanılırdılar; bundan azca üşərgələndi, ancaq bu, tezcə də keçib getdi.

Çəkinə-çəkinə ona doğru yaxınlaşan Şvartseri K. əli ilə rədd elədi; meyxanaçının otağına keçmək təklifini də yaxın qoymadı, yalnız onun gətirdiyi içkini alıb sahibənin verdiyi ləyəni, sabunla dəsmalı götürdü, heç camaatın otağı boşaltmasını da tələb edəsi olmadı, çünki özləri üzlərini o yana çevirib çölə təpilirdilər ki, K. sabah onları tanıya bilməsin. İşığı söndürdülər, axır ki, dincələ bildi. Dərin yuxuya gedib səhərəcən yatdı, yalnız bir-iki dəfə ora-bura qaçışan siçovullar ona mane oldu.

Səhər yeməyindən sonra - meyxanaçının dediyinə görə, K.-ya edilən bütün xidmətlərin hamısı kimi, bu səhər yeməyinin xərcini də qəsr ödəyəcəkdi - o, kəndə gəzməyə çıxdı . Dünənki hərəkətləri, lazımi məsələlər barədə indiyə qədər xəyalən dindirdiyi meyxanaçı lal bir üzrxahlıqla ətrafında fır-fır fırlandığından K.-nın ona yazığı gəlib kişini yanında oturtdu. Xeyli söhbət etdilər.

- Qrafla tanışlığım yoxdur, - K. dilləndi, - deyilənə görə, yaxşı işə yaxşı pul verən adamdır, doğrudurmu? Mənim kimisi elini-obasmı atıb çöllərə düşürsə, gərək qayıdanda evə əliboş dönməsin.

- Qoy cənab bu barədə narahat olmasın, mən hələ az qazancdan şikayətlənən görməmişəm.

- Hmm, axı mən elə qorxaqlardan deyiləm, lap qrafa da öz fikrimi qıpqırmızı deyərəm, ancaq ağalarla işi dinc yolla həll eləsən yaxşıdır. Meyxanaçı üzbəüz, pəncərənin qırağında oturmuşdu, yerini rahatlamağa ürək eləmirdi, bütün söhbət boyu qorxu dolu iri, qonur gözlərini K.-dan çəkə bilmirdi. Əvvəlcə K.-ya sığınana oxşayırdı, indi isə elə bil bir ayağını qaçarğı qoymuşdu. Qraf barədə sorğu-suala tutulacağındanmı qorxurdu? “Cənab” hesab elədiyi K.-nıtı etibar-sızlığmdanmı çəkinirdi? Bu yazığın canım qovğadan qurtarmalıydı. Saatına baxıb dedi:

- Hə, tezliklə köməkçilərim gələcək, onlan burda yerləşdirə biləcəksənmi?

- Əlbəttə, cənab, amma onlar səninlə qəsrdə qalmayacaqlarmı?

Bu yolla həm qonaqlardan, həm də bir bəhanəylə qəsrə göndərmək istədiyi K.-dan asanlıqla qurtarmaq istəmirdimi?

- Hələ dəqiq deyil, - K. cavab verdi, - gərək əvvəlcə öyrənəm görəm, işimin adı nə olacaq. Burda, aşağıda işləyəsi olsam, onda elə burda da qalmağımız məsləhətdir. Həm də qorxuram ki, qəsrdəki həyat ürəyimə yatmasın. Mən həmişə sərbəst olmaq istəyirəm.

- Sən qəsri tanımırsan, - meyxanaçı astadan dilləndi.

- Əlbəttə, tanımıram, vaxtından əvvəl hökm vermək olmaz. Qəsr barədə hələlik bildiyim odur ki, peşəkar yerölçəni necə axtarıb tapmağı yaxşı bilirlər. Bəlkə ayrı üstünlükləri də var.

K. bunları deyib ayağa qalxdı ki, narahatlığından dodaqlarını çeynəyən meyxanaçının canını sıxıntıdan qurtarsın. Bu kişinin inamını qazanmaq o qədər də asan deyilmiş.

Çölə çıxmaq istəyəndə K.-nın gözünə qara çərçivəyə salınmış tutqun bir şəkil sataşdı. Bunu hələ yataqda ikən gözləri almışdı, lakin uzaqdan onıın xırdalıqlarına vara bilməmiş, elə bilmişdi ki, şəkli çərçivədən çıxarıblar, gözünə dəyən də yalnız onun arxa taxtasıdır. Ancaq indi məlum olurdu ki, şəkildir, əlli-əlli beş yaşlarında bir kişinin yarımgövdə şəklidir. Başını sinəsinə endirdiyindən gözlərini seçmək olmurdu, düyünlənmiş enli alnı, iri, əyri bumu da aşağı enmişdi. Başını aşağı əydiyindən çənəsi sinəsinə sıxılıb saqqalı döşünə dağılmışdı. Sol əli daraq kimi sıx saçlarına girmişdi, lakin başını dartıb qaldırası halı yoxuydu.

- Kimdir? Qrafdır? - K. şəklin qarşısında ayaq saxlayıb meyxanaçıya baxmadan soruşdu.

- Xeyr, — meyxanaçı cavab verdi, — qalabaşıdır.
- Nə gözəl qalabaşınız var, söz ola bilməz, heyif ki, belə kişidən o cür qanacaqsız oğul törəyib.

- Yox, - deyib meyxanaçı K.-nı azca özünə tərəf çəkdi və qulağına pıçıldadı. - Şvartser dünən şişirdirdi, onun atası qalabaşının köməkçilərindəndir, özü də lap kiçiklərindən.

Hamin anda meyxanaçı K.-ya uşaq təsiri bağışladı.

- Əclaf! - deyib bərkdən güldü, lakin meyxanaçı bu gülüşə qoşulmadı, sözünə davam etdi:

- Onun atası da böyük adamdır.

- Yeri yeri! Sənin gözündə hamı böyükdür. Bəlkə mən də?

- Sən? — çəkinə-çəkinə desə də, ciddi dedi. Səni böyük saymıram.

- Pis müşahidən yoxdur. Düzünü desək, mən, doğrudan da, özümü böyük sayıram. Bəlkə elə ona görə də böyüklərə hörmətim səninkindən az deyil, ancaq mən sənin kimi düzünü deməyi, başçılara itaətimi etiraf etməyi bacarmıram.

Ona təsəlli verib özünə tərəf çəkmək üçün K. əlini yüngülcə kişinin üzünə toxundurdu. Meyxanaçı da azca gülümsədi. Pambıq kimi yumşaq, tüksüz sifətindən cavanca oğlana oxşayırdı. Köklüyündən dirsəkləri ömründə bədəninə dəyməyən, balaca nəfəsliyin arxasındakı mətbəxdə əlləşən gəm kimi bu enli, yaşlı qadına hardan ürcah olmuşdu? Bundan sonra K. çox da dərinə gedib onun yenicə yaranmış təbəssümünü hürkütmək istəmədi. İşarə verib meyxanaçıya qapını açdırdı, özünü gözəl bir qış səhərinin qoynuna atdı.

Budur, dörd yana səpələnib minbir mənzərə yaratmış nazik qar örtüyünün yuxarıdakı qəsrdə daha da qabarıqlaşdırdığı cizgiləri açıq havada Öz gözləriylə gördü. Deyəsən, kəndə baxanda yuxandakı dağa daha az qar düşmüşdü. K. indi qarın içi ilə dünənkindən də çətin yeriyirdi. Qar burda daxmaların pəncərələrinə qədər qalxıb alçaq damların belindən ağır bir yük kimi basırdı, lakin yuxarıdakı dağın döşündə nə vardısa, hamısı azad bir quş təki yüngülcə göylərə baş çəkirdi.

Uzaqdan baxanda qəsr K.-nın təsəvvürlərinə uyğun gəlirdi. Bu, nə qədim cəngavərlik qəsri, nə də yeni, cah-calallı tikiliydi, çoxusu bir-birinin qoynuna qısılmış evlərdən, az qismi isə ikimərtəbəli binalardan ibarət ətrafa yayılmış bir qalaydı. Qəsrliyini bilən olmasaydı, elə hesab edərdi ki, balaca bir şəhərcikdir. K.-nın gözünə təkcə bir qüllə sataşdı, yaşayış binasınınkı idimi, kilsəninkiydimi, bilmək olmurdu. Başında sağsağanlar dolaşırdı.
Gözlərini qəsrdən çəkmədən K. yoluna davam etdi, daha onu heç nə maraqlandırmırdı. Ancaq yaxınlaşdıqca ümidləri boşa çıxırdı. Bu ki bir topa kənd evindən ibarət miskin bir şəhərcikmiş, fərqi bircə ondaydı ki, burdakı evlər daşdan tikilmişdi. Lakin divarların suvağı çoxdan tökülmüş, daşlar da elə bil quzulamışdı. K.-nm doğulduğu balaca şəhərcik bir an gözləri önünə gəldi, heç de bu adlı-sanlı qəsrdən geri qalmırdı. Söhbət buraya baxmaqdan gedirdisə, K. o uzunluqda yolu gəldiyinə peşmançılıq keçirər, çoxdan olmadığı doğma yurduna getməyi bundan üstün tutardı. O, xəyalında doğma şəhərindəki kilsə qülləsini burdakı qüllə ilə müqayisə etdi. Vətən-dəki qırmızı kirəmitli, sallaq damlı qüllə qürurla, vüqarla dümdüz baş alıb göylərə ucalan, bir topa alçaq evlə müqayisədə xidmət edən, yeknəsəq, darıxdırıcı iş günlərindən sonra isə mərasim meydanına çevrilən adicə bir binaydı - bundan başqa nə tikə bilirik ki?! Burda gözə çarpan bu yeganə qüllə isə indi məlum olduğu kimi, ya yaşayış evinin, ya da daş sarayın yeganə qülləsiydi, bir hissəsi incə sarmaşıqla örtülmüşdü. Burdakı sınıq-salxaq diş-diş divarları göylərə ucalan eyvanla tamamlanmış, indi günəşdə bərq vuran xırda pəncərələri - onda da nəsə bir mənasızlıq vardı, - hürkək uşağın əlindən çıxmış şəkildəki kimi səliqəsiz, biçimsiz, yalınqat, dəyirmi tikiliydİ. Sanki evin ən ucqar otaqlarından birinə çəkilmiş nisgilli, guşənişin sakinlərindən kimsə damı deşib yuxarı çıxmışdı ki, özünü xalqa göstərsin.

K. yenə sakitcə dayanmışdı, elə bil sakit dayananda hökm çıxarmaq gücü xeyli artırdı. Ancaq bu sakitliyi də pozdular. Yanında ayaq saxladığı kənd kilsəsinin arxasında — əslində bu, camaatın hamısını tutsun deyə genişləndirilmiş anbarsayağı bir kapellaydı - məktəb vardı. Müvəqqətiliklə qədimliyi qəribə şəkildə özündə birləşdirən alçaq, uzunsov bina hal-hazırda qarlı çölə çevrilmiş dəmir çəpərli bağın arxasında yerləşirdi. Uşaqlar müəllimləri ilə bayıra çıxdı. Hər tərəfdən müəllimlərini sıx-sıx dövrəyə almışdılar, hamısının gözü ona dikilmişdi, danışıqlara ara vermək istəmirdilər, K. onların iti danışığını qəti başa düşmürdü. Çiyinləri batıq, alçaqboy, məzəli görünsə də, özünü şax tutub yeriyən cavan müəllimin gözü K.-nı xeyli uzaqdan almışdı, hər halda bu dəstədə K. yeganə boylu-buxunlu adam idi. Bu hökmlü balaca kişini qonaq kimi birinci K. salamlayası oldu: - Gün aydm, cənab müəllim.

Müəllimin əlini əlinə vurmağı ilə uşaqların səsini kəsməyi bir oldu, bu qəfil sakitlik onun deyəcəyi sözlərə bir növ hazırlıq idi və deyəsən, özünün də xoşuna gəlmişdi.

- Qəsrə baxırsız? - Müəllim K.-nın gözləmədiyi yumşaq bir avazla soruşdu, ancaq elə soruşdu ki, sanki bu işi mənasız bir şey sayırdı.

- Bəli, - K. cavab verdi, - bu yerlərə nabələdəm, dünən axşam gəlmişəm.

- Qəsr xoşunuza gəlmir? - Müəllim tələsik soruşdu.

- Necə? - K. özünü itirib suala sualla cavab verdi, sonra səsini endirib davam etdi. - Soruşursuz ki, xoşuma gəlir? Hardan bilimiz ki, xoşuma gəlmir?

- Qonaqlardan heç kəsin xoşuna gəlmir, - müəllim cavabında dilləndi. Burda kiməsə toxunan bir söz deməmək üçün K. söhbətin səmtini dəyişdi:

- Yəqin ki, qrafı tanıyırsız?

- Xeyr, - deyib müəllim üzünü çevirmək istədi. K. isə əl çəkməyib birdə soruşdu:

- Necə? Tanımırsız?

- Hardan tanımalıyam? - Müəllim astadan dillənib fransızca ucadan əlavə etdi. - Bu günahsız körpələrə yazığınız gəlsin.

K. bu fürsətdən istifadə edib bir də soruşdu:

- Cənab müəllim, haçansa sizə baş çəkə bilərəmmi? Burda çox qalası olacağam, elə indidən özümü tənha hiss edirəm. Nə kəndlidən kəndliyəm, nə qalalıdan qalalı.

- Kəndli ilə qalalı arasında o qədər də böyük fərq yoxdur.

Ola bilər, ancaq bununla mənim nəyim dəyişir ki?! Haçansa sizə gələ bilərəmmi?

- Şvanenqassedə qəssabın evində yaşayıram. - Müəllimin bu cavabı dəvətdən çox ünvan verməyə oxşayırdı, bununla belə K. yenə dilləndi:

- Oldu, gələrəm.

Müəllim başı ilə razılıq etdi, haylı-küylü uşaqlara qoşulub getdi. Tezliklə hamısı sərt enişli döngədə yox oldular.

K.-nın əhvalı pozulmuş, söhbət onu tutmuşdu. Bura gələndən birinci dəfəydi ki, əməlli-başlı yorğunluq hiss edirdi. Onu yoran gəldiyi yolun uzunluğu deyildi, ömrünü, gününü piyada gəzməkdə, dincini ala-ala yolların bağrım sökməkdə keçirməmişdimi! Budur, indi sonsuz gərginliyin nəticəsi vaxtından əvvəl özünü göstərirdi. Yeni tanış tapmaq yolunda durub-dincəlmirdi, amma hər yeni tanışlıq da yorğunluq üstünə yorğunluq gətirirdi. İndiki halında heç olmasa gəzə-gəzə qəsrin qapısına qədər getmək istəməsi tamam yersiz idi.

Ona görə də yerindən tərpənmədi, yol isə qurtarmaq bilmirdi. Əslində kəndin baş yolu sayılan bu küçə qəsrə getmirdi, bir az ona yaxınlaşırdı, sonra isə sanki bilə-bilə yana burulur, qəsrdən aralanmasa da, hər halda ona yaxınlaşmırdı da. K. səhərdən gözləyirdi ki, yol indicə qəsrə burulacaq, elə bu niyyətlə də yoluna davam edirdi. Açıq-aşkar yorulduğuna görə, küçədən qırağa çıxmağa çəkinir, ucu-bucağı görünməyən kəndin uzunluğuna heyrətlənirdi: hər yerdə də eyni balaca daxmalar, buz bağlamış pəncərələr, qar, kimsəsizlik... Axır ki, bu tilsimli küçədən qopa bildi, dar bir dalan onu qoynuna aldı, qar getdikcə qalınlaşdı, dizəcən batan ayaqlarını yerdən üzmək çətinləşdi, onu tər basdı, qəflətən dayandı və daha yeriyə bilmədi.

Eybi yox, yalqızlığa düşməmişdi ki. Sağı, solu kəndli daxmalarıydı. Qarı yumrulayıb pəncərələrdən birinə atdı. O saatca qapı açıldı - bu kənddə indiyə qədər üzünə açılan birinci qapı, - başım yana əymiş dəri gödəkcəli, zəif cüssəli, mehriban, yaşlı bir kəndçi göründü.

- İcazə olarmı, bir az sizdə dincimi alam, yaman yorulmuşam,
- K. soruşdu. Qocanın dediklərindən heç nə eşitmədi, ona doğru uzanan taxtadan yapışdı, kişi çəkib onu qardan çıxartdı, bir-iki addım atıb özünü otağa saldı.

Gəyənlik içində iri bir otaq. Bayırdan gələnin gözü əvvəlcə heç nəyi almadı, səndələyib paltar təknəsinə dəydi, qadın onu tutub saxladı, Hansı küncdənsə uşaqların hayı-harayı eşidildi. Başqa bir səmtdən burula-burula qalxan tüstü-duman alaqaranlıq otağı zülmətə döndərdi. K. elə bil buludların arasında qaldı.

- Keflidir ki! - Kimsə dilləndi.

- Kimsiz, nəçisiz? - Başqası hökmlü bir səslə soruşub, deyəsən, üzünü qocaya tutdu. - Niyə onu içəri gətirdin? Hər yoldan ötəni evə buraxarlar?

- Mən qraflığın yerölçəniyəm, - K. dillənib hələ də gözünə görünməyən adamların qarşısında özünə haqq qazandırmağa çalışdı.

- Ax, yerölçəndir - qadın səsi eşidildi və araya tam sakitlik çökdü. 
–Məni tanıyırsız? - K. soruşdu.

- Əlbəttə, — həmin səs qısaca cavab verdi.

K.-nı tanımaları hələ nəsə demək deyildi.

Axır ki, tüstü-duman ayazıdı, K. asta-asta yan-yörəsini seçə bildi. Deyəsən, adi yüyət günlərindən biriydi. Qapının ağzında paltar yuyurdular. Tüstü-dumansa başqa tərəfdən, o üzdəki ləyəndən gəlirdi. - K. indiyə qədər bu böyüklükdə ləyən görməmişdi, təqribən iki çarpayı enindəydi, buğlanan suda iki kişi çimirdi. Ən heyrətlisi, niyə heyrətli olduğu bilinməsə də, sağ künc idi. Otağın arxa divarındakı yeganə böyük bacadan - çox güman ki, heyətdən solğun qar işığı süzülür, küncdəki hündür kürsüdə yorğun-arğın sərələnmiş qadının paltarına ipək parıltısı verirdi. Qadın körpə bir uşağı sinəsinə sıxmışdı, yörəsinde bir neçə uşaq oynaşırdı, o dəqiqə bilinirdi ki, kəndli uşaqlarıdır, ancaq deyəsən, özününkülər deyildi. Təbii ki, xəstəlik, yorğunluq kəndliləri də nəcibləşdirir.

- Əyləşin! - Kişilərdən biri dilləndi. Fışıltılı, ağzıaçıq, topasaq-qal bir kişiydi, baxanda adamı gülmək tuturdu, əlini ləyəndən çölə çıxarıb sandığı göstərdi və bu zaman qaynar suyu K.-nın üz-gözünə sıçratdı. K.-nı içəri buraxan qoca xeyli vaxtdı ki, sandığın üstündə oturub mürgü döyürdü. K. ona yer göstərdikləri üçün təşəkkür etdi. Daha ona məhəl qoyan olmadı, Paltar təknəsinin yanındakı sarışın, gənc, dolu qadın yuya-yuya zümzümə edirdi, çimən kişilər gərnəşib o biri üzə çevrildilər, uşaqlar onlara sarı gəlmək istədi, lakin şappıltı ilə üstlərinə sıçrayan, bir hissəsi də K.-ya çilənən sudan qorxub geri çəkildilər. Kürsüdəki qadınsa cansız adamlar kimi uzanıb heç döşündəki uşağa da baxmırdı, eləcə gözlərini tavana dikmişdi.

Çox güman ki, K. bu qadına, duruşunu dəyişməyən bu gözəl, nisgilli görkəmə baxa-baxa yuxuya getmişdi, çünki ucadan eşitdiyi səsə ayılanda gördü ki, başını yanındakı qocanın çiyninə söykəyib. Kişilər çimib qurtarmış, indi də sarışın qadının bayaqdan göz olduğu uşaqları qucaqlarına alıb gerli-geyincəkli K.-nın qarşısında dayanmışdılar. Məlum oldu ki, çığrağan topasaqqal bu iki kişinin arasında sözü keçməyənlərdəndir. Topasaqqaldan boyca kiçik olan o biri kosa tayı isə ləng düşünən, enlikürək, enlisifət, sakit bir adamıydı, başını da sinəsinə əymişdi.
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə