Professor
F.R.BABAYEV
G i r i ş
Hazırda qaz hidratları haqqında dünyanın texniki ədəbiyyatında xeyli sayda məqalələr və məlumat xarakterli yazılar dərc edilmişdir. Bu sahədə fundamental monoqrafiyaların sayı isə azdır. Qaz sənayesinə həsr olunan keçmiş əsrin dərslik kitablarında hidratlar haqqında məlumatlar pərakəndə halda kiçik bölmələrlə verilmişdir. Hazırda Azərbaycanın elmi-tex-niki ədəbiyyatında dilimizdə bütövlükdə qaz hidratları problemlərinə həsr edilmiş tutarlı bir əsər nəşr edilməmişdir.
Bununla əlaqədar olaraq müəlliflər qrupu qarşılarına, mövcud texniki ədəbiyyatdan geniş istifadə etməklə, əsasən karbohidrogen qazlarının hidratları haqqında ümumiləşdirilmiş toplu halında milli dildə kitab nəşr etmək məqsədi qoymuşdur.
Faza çevrilişləri üzrə qaz və suyun birləşərək sülb aqreqat halına keçməsi hələ XVIII əsrdə kimyaçılara məlum olmuşdur. Hidratların dərindən tədqiq edilməsinə isə XX əsrin əvvəllərindən, qaz və qaz-kondensat yataqlarının istismar edilməsi ilə başlanılmışdır. Bu sahədə keçmiş SSRİ-nin Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda, Moskva Neft və Kimya İnstitutunda və Azərbaycanda Ümumittifaq Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunda geniş miqyasda tədqiqat işləri aparılmışdır.
Karbohidrogen qazlarının hidratlarına həsr edilmiş bu kitabın yazılmasında həmin elmi-tədqiqat təşkilatının əməkdaşlarının: Y.F.Makoqonun, S.Ş.Bıkın, V.İ.Fominanın, E.B.Buxqalterin, F.A.Trebinin, Y.P.Korotayevin, P.M.Musayevin, A.H.Əliyevin, N.A.Trivusun, A.C.Cavadovun və bir sıra digər müəlliflərin hidratlara aid texniki ədəbiyyatda dərc edilmiş əsərlərindən geniş surətdə istifadə edilmişdir.
Kitabın birinci fəsli – hidratların tədqiqat edilmə tarixinə, ikinci fəsli – hidratların xassələrinə, üçüncü fəsli – hidratlara qarşı mübarizəyə, dördüncü fəsli – hidratların təbiətdə yaranmasına, beşinci fəsli isə hidratyaranma texnologiyasının müxtəlif sənaye sahələrində istifadə edilməsinə həsr edilmişdir.
Bu kitabı hidratlara aid milli dildə yazılmış ilk nəşrlərdən birisi hesab etmək olar. Hazırda respublikanın neftlə yanaşı, böyük qaz-kondensat yataqlarına malik olması və Xəzər dənizində qaz-hidrat yataqlarının mövcudolma ehtimalı hidratlara daha artıq diqqət verilməsini tələb edir.
Qaz və qaz-kondensat yataqlarının işlənilməsi və istismarı sahəsində uzun illər çalışan müəlliflərin qaz hidratları üzrə ümumdünya elmi-texniki ədəbiyyatdan istifadə edilməklə yazılmış bu kitabı respublikamızın qaz sənayesində işləyən yerli kadrlar üçün köməkçi vəsait ola bilər.
Dostları ilə paylaş: |