1. 1-ci şəkil. Xlor hidratı üzrə Faradeyin
təcrübə sxemi.
1- sınaq şüşəsinin soyuducusu; 2 – su və maye xlor;
3- təzyiq altında xlor qazı; 4- xlor hidratı
1. 2-ci şəkil. Maye qazlar üzrə M.Faradeyin
təcrübələrinin birisinin sxemi
(özünün əli ilə laboratoriya jurnalında çəkilib)
Sonralar Faradey özünün təcrübə sxemlərinə soyuducu mənbələr (soyuducu qarışıqlar) əlavə etməklə digər qazları: ammonium qazını, karbon qazını, kükürd qazını və s. maye halına sala bilmişdir (1.2-ci şəkil). Beləliklə xlor hidratı üzrə aparılan təcrübələr əsasında Faradey belə nəticəyə gəlmişdir ki, qazların mayeləşdirilməsində yüksək təzyiq amilinə əlavə olaraq alçaq temperaturun da əsas rolu mövcuddur və «sabit» sayılan oksigen, azot və hidrogen qazlarının mayeləşdirilməsi üçün yüksək təzyiq yaratmaqla bərabər daha alçaq temperaturların yaradılması da əsas şərtdir. Daha sonra görkəmli kimyaçı D.İ.Mendeleyev və ingilis fiziki Tomas Endryus tərəfindən isbat edilmişdir ki, hər bir qaz növünə görə müəyyən son temperatur həddi mövcuddur və bu temperaturdan yüksək temperaturda hətta ən yüksək təzyiqin təsiri ilə də qazı mayeləşdirmək mümkün olmur. Həmin temperatur kritik temperatur və ona müvafiq olan təzyiq kritik təzyiq adlandırılmışdır. Ümumiyyətlə kritik hallar qazların faza çevrilməsində, qaz axınlarının hərəkət rejimlərində və eləcə də qazların hidratyaranma prosesində də mövcuddur.
Xronoloji olaraq qaz hidratlarını (kükürd qazı və xlor qazı hidratları) ilk dəfə XVIII əsrin sonlarında C.Pristli, B.Pelete və V.Karsten müşahidə etmişlər. H.Devinin (1810-ci ildə) və M.Faradeyin (1823-ci ildə) xlor hidratını tədqiq etmələrindən sonra 1829-cu ildə Levit brom hidratını, 1840-ci ildə Vyoler hidrogen-sulfid qazı hidratını almışlar. 1884-cu ildə Rozebum xlor hidratı tərkibinin düsturunu (8H2O·Cl2) vermişdir. 1888-ci ilə qədər P.Villar bir sıra qazların (CH4, C2H6, C2H4, C2H2 və N2O) hidratlarını almışdır. 1888-ci ildə Villar tərəfindən təsdiqlənmişdir ki, əksər qazların su ilə təmasında müəyyən termodinamiki şəraitdə kristall-hidrat birləşmələri yaranır. Qaz hidratlarının tədqiqatının ilk 100 ildən artıq dövründə aparılan təcrübə işləri tamam akademik xarakter daşımışdır. Bu dövrdə əksər fərdi qazların və qaz qarışıqlarının hidratları alınmış, onların yaranmasının təzyiqdən və temperaturdan asılılığı, tərkibləri, faza diaqramları tədqiq edilmişdir. Texniki ədəbiyyatda yalnız oksigen, hidrogen, karbon oksidi, azot, neon və helium qazlarının hidratları haqqında məlumatlar yoxdur. XX əsrin əvvəlinə qədərki dövrdə sənayedə istifadə edilən texnoloji proseslərin aparılmasında qaz hidratlarına hələ rast gəlinmədiyinə görə bu sahədə geniş tədqiqat işləri aparılmamışdır. Yalnız XX əsrin 30-cu illərindən başlayaraq, qazçıxarma sənayesinin inkişafı ilə əlaqədar olaraq, qaz hidratlarının yaranmasının əvvəldən qarşısını almaq və sonradan yaranmış qaz hidratlarını ləğv etmək üçün geniş miqyasda tədqiqat işlərinə başlanılmışdır. Bu dövrdə Hammerşmidtin nəşr edilən əsərlərində göstərilmişdir ki, soyuq şəraitdə qaz kəmərlərinin istismarında yaranan çətinliklər qazın tərkibindəki suyun donması ilə deyil, məhz qaz hidratlarının yaranması ilə əlaqədardır. Qazçıxarma sənayesində qaz hidratları quyu lüləsində, qaztoplama sistemində, magistral qaz kəmərlərində və qazpaylama məntəqələrində boru divarlarına çökməklə onların buraxma qabiliyyətini azaldır və bəzi hallarda qəza vəziyyəti yaradır.
Qaz sənayesinin sürətli inkişafı tədqiqatçıların qarşısına qaz hidratları ilə mübarizə üsullarının işlənilib hazırlanma problemlərini qoymuş və təxminən 20 il müddətində qaz təchizatı sistemində qaz hidratlarının yaranmasının qarşısını almaq və yaranmış qaz hidratı tıxaclarının ləğv edilməsi üzrə müxtəlif üsullar və tədbirlər hazırlanaraq təcrübədə tətbiq edilmişdir. Yeni kəşf edilən qaz və qaz-kondensat yataqlarının əksəriyyətinin şimal ərazilərində yerləşməsi qaz hidratlarına qarşı mübarizəni daha güclü aparılmasını tələb edir. Bununla əlaqədar olaraq XX əsrin 50-ci illərindən başlayaraq qaz hidratlarının xassələri, hidratyaranma prosesinə termodinamiki şəraitin təsiri, karbohidrogen qazlarının su ilə termodinamiki tarazlıq şərtləri öyrənilmiş və nəzəri-təcrübi üsullarla hidratyaranma-hidratparçalanma proseslərində faza çevrilişlərinin qanunauyğunluqları dərindən tədqiq edilmişdir. Hazırda qaz təchizatının bütün sahələri üzrə hidratyaranmaya qarşı kifayət qədər mübarizə üsulları və tədbirləri işlənilib hazırlanmışdır. Lakin bu üsulların və tədbirlərin tətbiqi (qazların müxtəlif üsullarla qurudulması, qazların qızdırılması, təzyiqin aşağı salınması, müxtəlif anti-hidrat ingibitorların istifadəsi) xeyli istismar xərcləri tələb edir və qaz məhsulunun maya dəyərini təxminən 20% artırır. Bununla bərabər bu qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi qaz təchizatı sisteminin təhlükəsiz işini təmin edir və qəza hallarının qarşısı qabaqcadan alınmış olur.
Qaz hidratları ilə mübarizə tədbirlərinin işlənilib hazırlanması ilə bərabər bu sahə ilə məşğul olan tədqiqatçılar XX əsrin 40-ci illərindən başlayaraq Yer təkinin məsaməli mühitində qaz hidrat yataqlarının mövcud olması barədə fərziyyələr söyləmişlər. 1947-ci ildə Saratov Pedaqoji İnstitutunun dosenti M.P.Maxnatkinin dərc edilmiş məqaləsində Yer qatında təbii qazların hidrat halında mövcud olmasının analitik əsaslandırılmasına cəhd göstərilmişdir. XX əsrin 60-ci illərində SSRİ-nin şimal rayonlarında ilk qaz-hidrat yataqları aşkar edilmiş və bununla bərabər İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun laboratoriya şəraitində məsaməli mühitlərdə qaz hidratlarının yaranmasının və dağılmasının müəyyən edilməsi halları üzrə xüsusi təcrübə işləri aparılmış, bu işlərin nəticələri nəzəri cəhətdən əsaslandırılmış və Yer qatlarında qaz-hidrat yataqlarının real şəraitdə mövcudluğu isbat edilmişdir. Həmin tədqiqatların nəticələri müvafiq təşkilatların hərtərəfli ekspertizalarından keçirilərək 1969-cu ildə «Müəyyən termodinamiki şəraitdə Yer qatında təbii qazların sülb halında olması və qaz-hidrat yataqları yaratmaq xassəsi» adlı iş SSRİ Nazirlər Soveti nəzdində ixtiralar və kəşflər işləri üzrə Dövlət qeydiyyat komitəsində bir qrup tədqiqatçıların (V.Q.Vasilyev, Y.F.Makaqon, F.Q.Trebin, A.A.Trofimuk və N.V.Çerski) müəlliflikləri ilə 75№-li kəşf olaraq qeydiyyata alınmışdır.
Beləliklə qaz hidratlarına qarşı mübarizə tədbirləri üzrə aparılmış tədqiqat işləri tədricən genişlənərək geoloji-axtarış tədqiqatlarına, xüsusən qaz-hidrat yataqlarının mövcudluğuna və onların mənimsənilməsinin nəzəri və təcrübi problemlərinin tədqiqatlarına çevrilmişdir.
Bu sahədə aparılmış tədqiqat işləri göstərmişdir ki, Yer qabığının çökmə örtüyünün məsaməli mühitində hidratların əmələ gəlməsi Yerin quru ərazisində və Dünya okeanı hədlərində külli miqdarda təbii qazların toplanması və qaz-hidrat yataqlarının yaranması ilə müşayiət olunur. Bu yataqların xüsusiyyəti onların müvafiq termodinamiki şəraitdə litoloji tavansız toplanışıdır. Ehtimal olunur ki, belə hidrat toplanışı altında adi qaz yataqları yerləşə bilər. Qaz-hidrat yataqlarının yaranma xüsusiyyəti odur ki, onların sərbəst qaz fazası olmayan doymamış qaz-su məhlulundan diffuziya ilə qaz sızmasından əmələ gəlməsidir.
Beləliklə qaz hidratları əmələgəlmə şəraitinə görə süni – texnogen və təbii – planetin quru hissəsində və dənizlərin, okeanların dib çöküntülərində yaranmış hidratlara bölünürlər. Qaz hidratları atmosferdə, digər planetlərin səthində və kosmos fəzalarında yarana bilər. Qaz və qaz-kondensat yataqlarının istismarı zamanı qaz təchizatı sistemində yaranan texnogen qaz hidratının tədqiqi ilə tədqiqatçılar 180 ildən artıq müddətdə, təbii qaz hidratlarının tədqiqilə isə cəmisi 40 ilə yaxın müddət ərzində məşğul olmuşlar. Bu tədqiqatların nəticələri göstərmişdir ki, Yer qatında hidrat halında olan təbii qaz ehtiyatları dəfələrlə adi qaz və qaz-kondensat yataqlarının ehtiyatlarından artıqdır. Belə hal təbii qaz-hidrat yataqlarının gələcəkdə yanacaq mənbəyinə çevriləcəyini göstərir. Hidrat yataqlarında qazın çıxardılmasında əsas problem bu yataqların əksəriyyətinin Dünya okeanı akvatoriyalarında və çoxillik donmuş torpaqlarda olmasıdır. Belə vəziyyət həmin yataqların mənimsənilməsini çətinləşdirir. Bununla bərabər qaz-hidrat yataqlarının işlənilməsi üzrə yeni texnologiyaların yaradılması bu yataqların mənimsənilməsinə imkan yaradır. Bu sahədə ABŞ, Kanada, Yaponiya mütəxəssisləri donmuş suxurlar altında və Yapon dənizi rayonunda müvəffəqiyyətlə təcrübə işləri aparır. İndi Yaponiya təbii qaza olan ehtiyacının 97%-ni başqa ölkələrdən alır və odur ki, bu ölkə üçün qaz-hidrat yataqlarının istismarı birinci dərəcəli vacib məsələdir. Hazırda Yaponiyada qaz-hidratların öyrənilməsi üzrə dövlət proqramı tərtib edilmiş və bu proqramın yerinə yetirilməsi üçün Yaponiya firmalarını və bu sahədə fəaliyyət göstərən tədqiqat təşkilatlarını birləşdirən konsorsium yaradılmışdır. Belə proqram həmçinin ABŞ-da, Kanadada, Böyük Britaniyada və Hindistanda da qəbul edilmişdir.
Hazırda okeanların akvatoriyalarında iri qaz-hidrat sahələri aşkar edilmiş və materiklərdə onlarla hidrat yataqları kəşf edilmişdir. 1967-ci ildə Qərbi Sibirin şimal-şərqində Messoyax yatağı sənaye istismarına buraxılmışdır. Bu yataq iki növ yatağın: qaz-hidrat və qaz yataqlarının birləşməsindən ibarətdir. Bu iki yataqlar arasında bütov litoloji ekran olmamış və onların ümumi qaz-su kontaktı mövcuddur. Bu ilk qaz-hidrat yatağının təcrübi istismarı əvvəlki laboratoriya tədqiqatı nəticələrinin düzgünlüyünü isbat etdi və bu yatağın işlənilmə təcrübəsi gələcək zamanda istismar ediləcək digər qaz-hidrat yataqlarının istismarı üçün nümunə vəzifəsini yerinə yetirir.
Okeanlarda qaz-hidrat yataqları adətən kontinental yamaclarda dəniz dibindən bir neçə yüz metr dərində qatlar halında yerləşirlər. Bəzi hallarda qaz-hidratları dəniz dibinə yaxın məsafələrdə (bir neçə metrdə) yerləşirlər. Belə hallara Qara dənizdə, Xəzər dənizində, Aralıq dənizində və Oxot dənizində rast gəlinir. Baykal gölünün Cənub və Mərkəzi çökəkliklərində rus-amerikan seysmik ekspedisiyasının 1992-ci ildə tədqiqatları nəticəsində qaz-hidratlarının olması haqqında məlumat alınmışdır. 1998-ci ildə «Baykal-qazma» proqramının yerinə yetirilməsində Baykal gölünün çənub çökəkliyində 120 metr dərinlikdə qaz hidratları aşkar edilmişdir. Qaz atqılı sahələrə malik olan Baykal gölünün dibinə yaxın çöküntülərində qaz hidratlarının aşkar edilməsi daha artıq marağa səbəb olmuşdur; belə ki, qaz hidratları ilk dəfə olaraq kiçik dərinliklərdə və şirin su mühitində aşkar edilmişdir. Qaz hidratlarının, məsaməli mühitdəki suların və qazların kimyəvi xarakteristikaları okeandakı duzlu sularda qaz-hidrat yataqlarının tədqiq edilmə sahəsində kifayət qədər ətraflı öyrənilmişdir. Lakin şirin su mühiti üzrə bu xarakteristikalar hələ öyrənilməmişdir. Baykal gölü suları xeyli təmiz olduğuna, yay mövsümündə gəmi ilə, qışda isə buz üzərindən gölün istənilən sahələrində tədqiqat aparılması mümkünlüyünə görə bu göl təcrübə işlərinin aparılması üzrə ən əlverişli rayon hesab edilə bilər. Bu gölün çirkləndirilməsi nəzarət altında olduğuna görə burada tədqiqatlar xeyli məhdud xarakter daşıyır. Hazırda aşkar edilmişdir ki, Baykal gölünün çirklənməsi təbii proseslərə, gölün dibindən çıxan metan qazı ilə baş verə bilir.
Beləliklə qazçıxarma sahəsində və qaz nəqli sistemində texnogen süni qaz hidratlarının yaranması qaz təchizatı sistemində mənfi xarakter daşıdığı halda, yer tərkibində adi qaz və qaz-kondensat yataqlarında nisbətən, dəfələrlə artıq qaz ehtiyatlarına malik olan qaz-hidrat yataqlarının kəşfi və mənimsənilmə imkanları ümumdünya enerji balansında xeyli əhəmiyyətli müsbət rol oynayır.
Aparılmış geoloji-kəşfiyyat işləri göstərir ki, təbii qaz-hidrat yataqlarının 98%-i Dünya okeanının akvatoriyalarında təxminən 300-500 m dərinliklərdə yerləşir və termodinamiki şəraitin bir qədər dəyişməsi nəticəsində qaz hidratları suya və qaza ayrılır və bununla da qazın atmosferə nəzarətsiz atılması problemi baş verir. Son illərin tədqiqatları okeanların dərinlik sularının mütəmadi olaraq istiləşməsi prosesinin baş verdiyini göstərir. Bununla əlaqədar olaraq okeanlardakı metan hidratının dağılması ilə atmosferə külli miqdarda metanın atılması barədə hipoteza yaranmışdır. Metanın infra-qırmızı şuaları udmaq qabiliyyəti, karbon qazına nisbətən, daha artıq olmasına görə bu qazın parnik effektidə xeyli yüksəkdir.
Odur ki, qaz hidratları toplanmış regionlarda hidratların parçalanması ilə külli miqdarda metan qazının Yer üzərinə çıxıb atmosferə atılması qlobal iqlim dəyişməsi proqnozunda nəzərə alınmalıdır. Bununla bərabər qaz hidratlarının azacıq termodinamiki təsirlə parçalanma xassəsi belə tipli yataqların yeni istismar üsullarının yaradılması problemlərini qarşıya qoyur.
Hazırda qazların hidrat halında nəqli (daşınması) üzrə təcrübə işləri aparılır. Yanacağa böyük ehtiyacı olan Yaponiyada qazların alçaq temperaturda buz-hidrat halında saxlanması və daşınması texnologiyası işlənilib hazırlanmışdır. Kəşf edilmiş qaz ehtiyatlarının təxminən 60 %-ni «əlçatmaz» çətin yerlərdə olması onların boru kəməri ilə nəql edilməsini iqtisadi cəhətdən səmərəli etmədiyi üçün hələ təcrübə mərhələsində olan bu yeni daşınma texnologiyası böyük əhəmiyyət kəsb edir.
Yer təkinin daimi donmuş zonalarında qaz-hidrat yataqlarının mövcudluğu haqqında XX əsrin 40-ci illərində keçmiş SSRİ-nin alimləri (Strijov, Moxnatkin, Çerski) tərəfindən bildirilmiş fərziyyə 60-ci illərdə həmin alimlər tərəfindən SSRİ-nin şimal rayonlarında aşkar edilmiş qaz-hidrat yataqlarının mövcudluğu ilə təsdiqlənmişdir. Bu illərdə laboratoriya şəraitində belə yataqların varlığının öyrənilməsi nəticəsində edilmiş kəşfdən sonra bütün dünyada təbii qaz-hidrat yataqlarına böyük maraq artmışdır. Bu vaxtdan etibarən təbii qaz-hidrat yataqlarına gələcəyin potensial yanacaq mənbələri kimi baxılmışdır. Müxtəlif hesablama üsulları ilə hidrat halında mövcud olan karbohidrogen ehtiyatları dünya üzrə 1,8·1014 m3-dən 7,6·1018 m3 təşkil edir. 1969-cu ildən başlanan Sibirin Messoyax yatağının istismarında ilk dəfə olaraq hidratlardan alınan qaz hasili 1990-ci ilin ümumi qaz hasilatının 36%-ni təşkil etmişdir. Hazırda təbii qaz hidratları tədqiqatçıların aşağıdakı istiqamətlər üzrə diqqətinə səbəb olur:
- gələcəyin əsas yanacaq mənbəyi olması üzrə (xüsusən enerji daşıyıcıları olmayan ölkələrdə);
- hidratlardan ayrılan qazların qlobal iqlim dəyişmələrində iştirakı üzrə (hazırda meteorologiya sahəsində «metan-hidrat silahı» haqqında hipoteza mövcuddur);
- ənənəvi karbohidrogen yataqlarının axtarışında və kəşfində hidratyaranmanın əlamətdar rolu üzrə;
- dərin sularda, qütb regionlarında, Yer təkinin daimi donmuş zonalarında və texnogen qaz hidratlarının daha tez yarandığı mürəkkəb təbii şəraitlərdə karbohidrogen yataqlarının mənimsənilməsi üzrə;
- qaz-hidrat texnologiyasının qazların saxlanılmasında və nəqlində (daşınmasında) istifadəsi üzrə.
Belələiklə XX əsrin 60-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-nin Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda ilk mərhələdə hidratyaranmanın qarşısının alınması üzrə texnoloji məsələlər qoyulmuş və həll edilmişdir. Sonra ikinci mərhələdə bu tematika genişləndirilərək qaz hidratlarının xassələri, kinetik amilləri və s. məsələlər öyrənilmişdir. Daha sonralar həmin tematika daha geniş miqyasda genişləndirilərək qaz hidratlarının təbiətdə geoloji amilləri, qaz-hidrat yataqlarının mövcudluğu, onların mənimsənilməsinin nəzəri və təcrübi məsələlərinin həllinə yönəldilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində Yer təkində qaz hidratlarının sabitliyi üzrə termodinamiki zonalarının (QSZ) seçilməsinin qrafik-analitik üsulları işlənilib hazırlanmış və bu halda aşkar edilmişdir ki, Yer təkində ən çox yayılan karbohidrogen qazlarından – metan qaz hidratlarının sabitləşmə zonası Yerin quru hissəsinin 20%-ni (kriolitoloji zonanın yayılmış rayonlarında) və okeanların, dənizlərin dibinin 90%-ni təşkil edir. Bu nəzəri nəticələr təbiətdə hidrat tərkibli layların axtarışını sürətləndirmiş və 1972-ci ildə yuxarıda göstərilən institutun əməkdaşları tərəfindən (Efremova A.Q. və Jijcenko B.P) Qara dənizin dərin hissəsindən dənizdibi torpağından çıxardılan nümunənin içərisində qar (qrov) halında hidratlar müşahidə edilmişdir. Bu hadisə dünyada ilk dəfə olaraq lay suxurlarında faktiki olaraq təbii qaz hidratlarının olması rəsmi surətdə təsdiqlənmişdir. Bu tədqiqatlar əsasında ABŞ-da qaz hidratları nümunələrinin götürülməsi üçün üsullar işlənilib hazırlanmışdır.
Sonra 1980-ci illərdə aparılmış tədqiqatlar nəticəsində Xəzər dənizi dibindən nümunə götürməklə bu dənizin də dib çöküntülərində qaz hidratlarının olması aşkar edilmiş və daha sonralar Cənubi Xəzər sahəsinin palçıq vulkanları ilə əlaqədar hidrat zonası müəyyənləşmişdir.
İnternet məlumatlarında göstərilir ki, 1986-1988-ci illərdə qaz hidratlarının və qaz-hidrat tərkibli suxurların tədqiq edilməsi üçün eksperimental hidrat kamerlərı yaradılmış və bu kamerlərdə karbohidrogen qazları hidratlarının yaranması və dağılması proseslərinə optik mikroskopla müşahidə etməyə və dəyişdirilən gilizlər vasitəsi ilə müxtəlif tərkibli və quruluşlu suxurlarda qaz hidratlarının əmələ gəlməsinin və dağılmasının öyrənməsinə imkan yaranmışdır. Hazırda modifikasiya edilmiş belə hidrat kamerləri məsaməli mühitdə qaz hidratlarının öyrənilməsi üçün Kanadada, Yaponiyada, Rusiyada və digər ölkələrdə istifadə edilmişdir. Aparılmış təcrübələr nəticəsində mənfi temperaturlarda qaz hidratlarının «öz-özünə konservasiya» effekti aşkar edilmişdir. Bu effekt-tarazlıq şəraitində alınmış monolit qaz hidratın 0S temperaturundan aşağı temperatura qədər soyumasında və sonra onların üzərindən təzyiqi atmosfer təzyiqinə qədər azaltdıqda hidratın ətraf mühitdən nazik buz örtüyü ilə özbaşına izolə olunmasından ibarətdir. Bu örtük hidratın sonrakı dağılmasına imkan verməyir. Bundan sonra qaz hidratı uzun müddət atmosfer təzyiqi altında dağılmamaqla saxlana bilinir.
Bu effektin aşkar edilməsi təbii qaz hidratlarının öyrənilməsində böyük nailiyyətlərin alınmasına səbəb olmuşdur.
1987-ci ildə Yamburq qaz-kondensat yatağının donmuş qatından qaldırılmış hidrat tərkibli nümunələrin ilk tədqiqatları donmuş lay qatlarında konservirlənmiş halda metan hidratlarının mövcud olması təsdiqlənmişdir. Bununla da mövcud sabit qaz hidratları zonasının xaricində yayılmış yeni tipli reliktiv qaz-hidrat yataqlarının mövcudluğu isbat edilmişdir. Qaz hidratlarının öz-özünə konservasiya effekti qazların yığılmış halda təzyiqin yüksəldilməməsi ilə saxlanmasına və nəql edilməsinə yeni imkanlar yaradır.
Orenburq qaz-kondensat yatağının istismar edilməsində anormal aşağı lay temperaturlarında kükürdlü qazlarda hidratyaranma problemi öyrənilmişdir. Bu halda «metan-hidrogen-sulfid-karbon qazı» qarışığında hidratyaranma prosesi tədqiq edilmişdir.
Qaz hidratlarının digər termodinamiki tədqiqatı Urenqoy və Yanburq nəhəng şimal qaz yataqlarının mənimsənilməsi ilə əlaqədar olmuşdur. Bu halda mənfi 20C-dən aşağı temperaturlarda yüksək qatılıqlı metanol məhlullarında hidratyaranma şəraiti üzrə təcrübə işləri aparılmış və çoxkomponentli qaz qarışığında hidratların faza tarazlığının tədqiqi üzrə yeni metodika işlənilib hazırlanmışdır. Təcrübələr zamanı hidrat kamerində qaz hidratlarının ilk dövrdə metastabil formalarının mövcud olması aşkar edilmişdir. Bununla əlaqədar olaraq hidratyaranma üzrə ingibitorların optimal sərfinin müəyyən edilməsinə görə müvafiq təlimat hazırlanmışdır.
Qərbi Sibir şimal yataqlarının mənimsənilməsində kriolitoloji zonanın kiçik dərinliklərindən qaz atqıları problemi meydana çıxmışdır. Bu qaz atqılarının qaz hidratlarının sabitlik zonasından yuxarı hədlərində baş verdiklərinə görə quyuların qazılma işi dayandırılmışdır və bəzi hallarda yanğın hadisəsi baş vermişdir. Uzun müddət atqı qazlarının yaranması dərində yerləşən məhsuldar qatlardan qazların süzülüb çıxması və qonşu quyuların keyfiyyətsiz bərkidilməsi ilə izah olunurdu. XX əsrin 80-ci illərinin sonunda laboratoriya şəraitində Yamburq qaz-kondensat yatağının kriolitoloji zonasından götürülən donmuş suxur nümunələrinin tədqiqi nəticəsində həmin qaz atqılarının yerli qaz yığımı ilə birlikdə qalıq konservləşmiş qaz hidratlarının dağılmasından yaranan qaz axını olması aşkar edilmişdir. Bu növ yataqların qaz ehtiyatı yerli qaz tələbatında istifadə oluna bilər. Belə təbii qaz hidratları ilə əlaqədar olan donmuş yataqların qaz ehtiyatı az olur. Qaz ehtiyatlarının əsas hissəsi qaz hidratlarının sabit zonalarında yerləşir. Belə zonalar qərbi Sibirin şimalında 250-800 m dərinlik həddində, dəniz dibindən 300-400 m dərinliklərində, şelfin və kontinental enişin daha dərin hissələrində dənizin dibindən 500-600 m dərinlikdə yerləşirlər. Məhz bu dərinlik hədlərində təbii qaz hidratlarının əsas hissəsi yerləşir.
Təbii qaz hidratlarının öyrənilməsində məlum olmuşdur ki, hidrat tərkibli çöküntülərini donmuş çöküntülərdən fərqləndirmək müasir texniki vasitələrlə mümkün deyil, belə ki, donmuş suxurların və hidrat tərkibli suxurların xassələri tamamilə eynidir. Qaz hidratlarının suxurlarda mövcud olmaları haqqında müəyyən məlumatı nüvə-maqnit rezonanslı karotaj qurğusu vasitəsi ilə əldə etmək mümkündür. Lakin bu qurğular xeyli baha olduğuna görə onlar geoloji-kəşfiyyat işlərində çox nadir hallarda istifadə edilir. Çuxurlarda qaz hidratlarının mövcud olmasının əsas göstəricisi bu suxurlardan götürülmüş nümunələrin tədqiqat nəticələridir. Belə ki, bu nümunələrin tədqiq edilməsində hidratlar gözlə görünür və ya qaz hidratlarının əridiyi halda qaz miqdarının ölçülməsi ilə təyin edilir.
Qaz-hidrat texnologiyasının sənayedə istifadə edilməsinə XX əsrin 40-cı illərindən başlanılmışdır. Nisbətən alçaq təzyiqlərdə qaz hidratlarında xeyli həcmdə qazın toplanması tədqiqatçıların diqqətini cəlb etmiş və qazların hidrat halında saxlanması və nəqli texnologiyasının yaradılmasına səbəb olmuşdur. Hazırda qaz hidratlarının əmələ gəlməsini intensivləşdirmək və bununla da qaz mühafizəxanalarının yaradılması üzrə təcrübə işləri aparılır. Qaz hidratlarının yaranma prosesini intensivləşdirmək məqsədi ilə bu halda səthi aktiv maddələrdən, hidrofob nanotozlardan, müxtəlif diapazonda akustik təsirlərdən, zərbə dalğalarından və s. istifadə edilir. Qaz-hidrat texnologiyası həmçinin dəniz suyunun duzlardan təmizlənərək içməli suya çevrilmə prosesində istifadə edilir. Parnik qazlarının hidrat halında okeanların dibinə basdırılması üzrə təkliflər mövcuddur.
Qaz hidratlarının parçalanma prosesinin daş kömür mədənlərində qəflətən güclü qaz tullantıları ilə əlaqəsi olması haqqında mülahizələr mövcuddur və bu səbəbdən yaranan qəzaların qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər işlənilib hazırlanmışdır.
Qazların hidratyaratma qabiliyyəti atmosferdə dumanın və bulutların dağıdılmasında da istifadə edilir. Ümumiyyətlə qaz hidratları konsepsiyası qlobal xarakter daşımaqla kainatda kosmosda və planetlərdə baş verən bir sıra proseslərin izahını verir.
Beləliklə, qaz hidratları üzrə aparılmış tədqiqat işlərinin xronoloji qaydada təhlilindən məlum olur ki, ilk dövrdə qazların hidratyaranma prosesi tədqiqatçılar tərəfindən yalnız faza çevrilişləri nöqteyi-nəzərdən öyrənilmişdir. Sonra XX əsrin əvvəllərindən başlayaraq qaz sənayesinin inkişafı ilə əlaqədar olaraq texnogen xarakter ilə yaranan qaz hidratlarına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması üzrə tədqiqat işləri aparılmış və bu dövrdə qaz hidratlarının xassələri, yaranma və dağılma şəraitləri öyrənilmişdir. XX əsrin sonuncu dövrlərində tədqiqatçıların diqqətini təbiətin özünün yaratdığı təbii qaz hidratları cəlb etmiş, təbii qaz hidrat axtarışı və kəşfinə başlanmışdır. Həmin dövrdə qaz-hidrat yataqlarının mənimsənilməsi üzrə nəzəri-təcrübə tədqiqatlarına başlanılmış və bu yataqlara gələcəyin alternativ yanacaq mənbələri kimi baxılmışdır. Bununla bərabər son dövrlərdə qaz-hidrat texnologiyasından qazların saxlanması və nəqli sahələrində istifadə edilməsi məsələləri qarşıya qoyulmuşdur. Bu texnologiyadan dəniz sularının duzlardan təmizlənərək içməli suya çevrilməsində və bir sıra sənaye sahələrində istifadə edilmişdir. Beləliklə, hazırda qaz hidratları ilə qaz təchizat sistemində mübarizə aparmaqla bərabər təbii qaz-hidrat yataqlarından və qaz-hidrat texnologiyasından səmərəli istifadə imkanları öyrənilməlidir.
Hidratların tərkibində xeyli miqdarda karbohidrogen qazlarının saxlanması qaz-hidrat yataqlarının XXI əsrdə dünyanın əsas enerji mənbələrinə çevriləcəyinə ümid verir. Təxmini hesablamalar göstərir ki, dünya üzrə qaz-hidrat yataqlarında saxlanan qaz ehtiyatları ənənəvi qaz yataqları ehtiyatlarından dəfələrlə artıqdır. Bu yataqlar eyni zamanda hələ kəşf olunmamış təmiz qaz yataqlarının üzərində qapalı tavan rolunu da yerinə yetirir. Müəyyən termodinamiki şəraitdə suya miqrasiya olunmuş qaz sızmalarından yaranmış bu «keçilməz» hidrat qatlarının altında ənənəvi qaz və qaz-kondensat yataqlarının mövcud olması ehtimalı böyük olur. Qaz-hidrat yataqlarının əsasən dünya okeanının akvatoriyalarında suyun 300-500 metr dərinliklərində olması, hidratı qaza çevirməklə istehlakçılara çatdırmaq üzrə hazırda səmərəli texnologiyanın olmaması bu yataqların dəniz şəraitində mənimsənilməsini xeyli çətinləşdirir. Bundan başqa termodinamiki şəraitin az dəyişməsilə hidratın suya və nəzarətsiz yüksək təzyiqli metan qazına çevrilərək parnik qazı kimi atmosferə atılması Yer kürəsində qlobal iqlim dəyişməsinə səbəb ola bilməsi ilə əlaqədardır. Hazırda dünyanın bütün qabaqcıl ölkələrində qaz-hidrat yataqlarının texniki-iqtisadi cəhətdən səmərəli istismar texnologiyasının yaradılması problemləri üzərində tədqiqat işləri aparılır. ABŞ-ın geoloji xidmət təşkilatında dərin dəniz və arktik şəraitini laboratoriyada modelləşdirməklə hidratların yaranması və dağıdılması üzrə kompyuterli test idarəetmə sistemində tədqiqat işləri aparılır.
Son zamanlar texnoloji və təbii hadisələr üzrə dünyanın bir sıra atom elektrik stansiyalarında və sualtı qayıqlarda baş verən qəzalar, eləcə də atom enerjisinin istifadə edilməsində yaranan ziyanlı radioaktiv tullantıların saxlanması və zərərləşdirilməsi problemləri beynəlxalq aləmdə bu enerji növünə marağı kəskin azaltmış və digər təhlükəsiz enerji mənbələrinin axtarışlarına səbəb olmuşdur. Bununla əlaqədar olaraq hazırda günəş və külək enerjisindən istifadə edilməsinə üstünlük verilir.
Yer kürəsində qaz-hidrat yataqlarının geniş miqyasda mövcud olması, hidratların asanlıqla yüksək təzyiqli qaz axınına çevrilmə imkanları bu enerjidən istifadə edilməsinə diqqəti artırır. Bu sahədə əsas problem qaz-hidrat yataqlarının təhlükəsiz və iqtisadi cəhətdən səmərəli istismar texnologiyasının yaradılmasıdır. Hazırda ABŞ-da, Kanadada və Yaponiyada quruda donmuş suxurlarda və okeanların, dənizlərin dibində yerləşən qaz-hidrat yataqlarının istismarı üzrə böyük müvəffəqiyyətlə təcrübi-tədqiqat işləri aparılır. Rusiyada Moskva, Novosibirsk, Tümen, İrkutsk elmi-tədqiqat təşkilatlarında qaz-hidrat yataqlarına aid bu vaxta qədər aparılmış tədqiqat nəticələrinin təhlili və gələcəkdə görülməli olan elmi-tədqiqatlar üzrə kollektiv monoqrafiya yaradılması işləri aparılır və bu sahədə elmi kadrların hazırlanması məsələləri qarşıya qoyulur. Tümendə Kriosfera İnstitutu tərəfindən Yerin qaz hidratları üzrə elmi-tədqiqat layihəsi işlənilib hazırlanmışdır. Bu layihə çərçivəsində Kriosfera İnstitutunun əməkdaşları qaz hidratlarının yaranma və dağılma şəraitlərinin öyrənilməsi və bu şəraitlərə təsir göstərən reagentlərin (katalizatorların, aşqarların, ingibitorların) hazırlanması işləri ilə məşğul olurlar. Alınan nəticələr neft-qaz sənayesində qazın mədən şəraitində yığılıb nəqlə hazırlanmasında hidratların yaranmasının qarşısının alınmasında həmişəlik donmuş suxur qatlarında quyuların qazılmasının və istismarının texniki problemlərinin həllində istifadə edilməsi nəzərdə tutulur.
Yerin hidrosferinin dibində və daimi donmuş çöküntülərdə yerləşən hidrat yataqları «tələsində» saxlanan və miqdarı təxminən 1016 kq təşkil edən karbohidrogen qazları gələcəyin nəhəng enerji mənbəyi sayılır. Bu mənbənin istifadəsi qlobal geoloji-ekoloji problemlərlə əlaqədardır. Odur ki, hazırda bu sahədə ciddi elmi-tədqiqat işlərinin aparılması tələb olunur.
Dostları ilə paylaş: |