UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
İnadkarlıq uşaqlarda erkən dövrlərdən yaranmağa başlayır. Böyüdükcə uşağın inadından dönməməsi, tərslik etməsi, heç kimlə razılaşmaması valideynlərdə narazılıq hissi yaradır. Valideyn çalışır ki, uşağı inadından döndərsin. O, uşağın inadının əksinə gedərək hadisəni daha da böyüdür.
Maraqlıdır ki, uşağın inadı əksinə olaraq daha da artır...
Hadisə.
Mehman, sən ayaqqabını düzgün geyinmirsən. Ayaqqabının sağ tayını sağ ayağa, sol tayını isə sol ayağa geyinmək lazimdır!
Mehman anasının sözünə əhəmiyyət vermir. Özü istədiyi kimi hərəkət edir. Valideyn uşağın üstünə qışqırır:
Karsan? Demədim düz geyin?
Uşaq qorxaraq ağlamağa başlayır….
Yaxşı olardı ki, valideyn ayaqqabını cütləyib uşağı başa salsın. Əgər uşaq yenə də tərs geyinsə, heç bir söz deməsin. Çünki bir azdan uşaq özü hiss edəcək ki, yeriyə bilmir. Valideyn onda bir də uşağı başa salmalıdır. Düzdür, bu valideyndən səbir tələb etsə də, hər halda qışqırtıya, uşağın ağlamağını kəsməyə daha çox vaxt sərf olunur.
Hadisə.
Şirniyyat mağazasına anası ilə daxil olan 3 yaşlı Fatimə əlini bahalı torta uzadıb ”onu istəyirəm” deyir. Anası başqa şirniyyatları göstərib deyir: “O pisdir, bax, bunlar yaxşıdır, gəl, bunu alaq. Fatimə isə: “Onu istəyirəm!” – deyə ağlamsınır.. Görəndə ki, anası başqa şirniyyatlar alıb, onun istədiyini yox, tez əlini anasının əlindən çəkir. Başını aşağı salıb “küsdüm” – deyə yerində durur. Anası onun əlindən tutub aparmaq istədikdə dartınıb o biri tərəfə qaçır. Vəziyyətin gərginləşdiyini görən ana məcbur olub Fatimə istəyən şirniyyatı alır… Əgər belə hallar tez‐tez təkrar olunarsa, valideyn qoxmamalıdır ki, bu hal vərdişə və ərköyünlüyə çevrilsin. Uşağa çoxlu izahatlar verilməlidir. Yuxarıdakı hadisədə isə Fatimənin anası növbəti dəfə mağazaya daxil olmamışdan əvvəl ona deməlidir: “Bax, mağazada ağlasan, hec nə almayacağam, özüm nə lazımdırsa, onu alacağam, ağlasan, bir də səninlə mağazaya getməyəcəyəm. ”Mağazada isə Fatimənin xoşladığı şirniyyatı alır. Uşaq sanki başa düşür:”Anam lazım olanı alır”.
Hadisə.
Vüsalə paltar dolabını açıb paltarları yerə tökməyə başlayır, sonra özünün istədiyi paltarı götürüb geyinməyə çalışır. Anası bu hadisəni görcək paltarları Vüsalənin əlindən alıb onu tənbeh edir. Vüsalə isə anasının tənbehini qəbul etmir, ağlayıb hay‐küy salır. Anası onu sakitləşdirə bilmir, əlindən tutub başqa otağa aparır. Vüsalə isə anasından ayrılıb həmin otağa doğru qaçır. Görəsən, uşağın belə vəziyyətində valideyn nə etməlidir? Valideyn uşağı o biri otağa aparanda, orada ona daha maraqlı olan məşğuliyyət tapmalıdır. Onu başa salmalıdır ki, sən hələ balacasan, paltarları dağıtma, məndən istə, böyüyəndə özün götürərsən. Hətta bir neçə paltar verib deyir: “Gəl, bunu gəlinciyə geyindirək”.
Müşahidələr göstərir ki, iki və üç yaşlı uşaqlar özlərini daha sərbəst hiss etmək istəyir, onlardan tələb olunan qadağaları qəbul etmək istəmirlər. Bu yaş dövründə onlar özlərini müstəqil şəkildə göstərməyə can atırlar. Odur ki, onların inadkarlıqlarına qarşı bir qədər səbirli və nəzakətli olmaq lazımdır.
*Vahimə.
V ahimə və qorxu anlayışları geniş psixoloji məna kəsb edir. Qorxunun üç əsası vardır. Bunların birincisi dəhşət hissidir. İkincisi bu dəhşət hissinin səbəb olduğu fiziki dəyişikliklərdir. Son əsası isə bu haldan qaçma və özünü qoruma hissidir. Qorxunun uşaqda yaratdığı dəhşət hissi düşüncələrində fərqləndirmələrə səbəb olur. Mənfi istiqamətdə düşünən uşaq uğur qazana və heç nə edə bilməyəcəyini düşünür. Bu halı böyüdür və özünü çarəsiz hiss edir. Bu hiss və düşüncələrsə, onda hadisələrə nəzarət edə bilməyəcəyi fikrini oyadır. Fiziki dəyişikliklərin dərəcəsi, eyni zamanda, qorxunun dərəcəsini də göstərir. Qorxunu yaşayan uşağın ürək döyüntüləri və tənəffüs ritminin sürəti artır, ağzı quruyur, əzələləri
sıxılır və əlləri tərləyir. Bu dəyişikliklərin səbəbi uşağı bu haldan qaçmağa hazırlayır. Qorxu hissi oyandığı anda uşağın fiziki və psixoloji cəhətdən necə reaksiya verəcəyi önəmlidir. Ac, yorğun və həssas olduğu zamanlarda uşağın qorxusu da çox olur. Uşaqda istər mərkəzi, istərsə də periferik sinir sistemi tam formalaşmağa başladığından, məhz bu dövrdə onlarda yaşlarına uyğun olan hərəkətlər meydana çıxır. İnsan beyni çox böyük dərketmə imkanlarına malikdir.
Qeyd etmək lazımdır ki, digər psixi proseslər kimi, hisslər də beyin fəaliyyətinin məhsuludur. Onların əmələ gəlməsində beynin qabıqaltı sahələrində baş verən sinir prosesləri çox mühüm rola malikdir. Bu baxımdan hisslərin yaranmasında hippokamp, hipotalamus, talamus müstəsna rol oynayır.
Həmin sahələr ürəyin, həzm orqanlarının və daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim etməklə, hal və halətin fizioloji əsasını təşkil edir. Qabıqaltı sahə ilə beynin qabığı arasında daim əks münasibətin olması insan orqanizimində reaksiyaların nizama salınmasında müstəsna rola malikdir.
Vahimə uşaq psixikasında gərginlik vəziyyəti yaradır. Nəticədə tez yorulub, öz funksiyasını bərpa edə bilməyən və bu gərginlikdən fasiləsiz qıcıqlanan beyin qabığı və qabıqaltı törəmələrdə ektopik ocaqlar əmələ gəlir. Gələcəkdə hər hansı şiddətli impuls bu ocağı oyadaraq uşaqda qorxu hissini oyadır.