Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə3/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

FİDAN
Siqaretin kötüyünü barmaqlarının arasında əzişdirib ağzına atdı, dişlərinin arasında saqqız kimi çeynəyib acı suyunu, ardınca da tüstüdən saralıb çirklənmiş pambığını tüpürdü, sonra alnını qırışdıraraq başını yuxarı qaldırıb göyə baxdı, amma qırmızımtıl tonlu qaranlıqdan başqa bir şey görə bilmədi. Dərindən bir ah çəkdi və başı tağından qopmuş balqabaq kimi yuvarlanıb sinəsinə düşdü. Dişlərinin arasından fısıldayaraq asta bir səslə donquldanmağa başladı:

– Belə də iş olar? Bu nə havadı belə? Yarpaq qımıldamır, bürkü də bir tərəfdən, hələ ağcaqanadları demirəm...

Evə getmək istəyirdi. Amma taqəti yox idi. Yorğun və halsızdı. Oturduğu yerdəcə çöküb qalmış, söz keçirə bilmədiyi ayaqları bekarçılığın verdiyi yorğunluqdan qum kisəsinə dönmüş, bədənini daşımaqdan aciz qalmışdı.

Əlləri ilə dizlərinə dəstək verib hıqqana-hıqqana sallağı oturduğu yerdən qalxdı, biyara gedən kəndli kimi könülsüz bir-iki addim atıb divarı tapdı, amma ilk addımındaca pilləkənə ilişib səndələdi. Şeytanın lənət payını göndərdikdən sonra özünü topladı və qalan üç pilləni də çıxıb evə girdi. Yataq otağına getmək istəyirdi, amma qəhvəxananı keçib açıq duran qapıdan keçmək istərkən yenə də ehtiyatsızlıq etdi və bu dəfə də iki qapının arasındakı ensiz divarın sərtliyini alnı ilə yoxladı. Divar möhkəm çıxmışdı: zərbənin təsirindən alt çənəsindəki dişlərinin yerindən oynadığını düşündü. Əli ilə əvvəlcə alnını ovuşdurdu, sonra da ön dişlərinin yerində olub-olmadığını yoxladi. “Bu gün lap keyliyim tutub”-deyə düşündü və başını bulayıb yataq otağına girdi. Otağa girər-girməz burnuna vuran tünd qoxunun nə olduğunu anlamağa çalışdı, digər tərəfdən də ehmalca irəliləyib əl havasına çarpayısını taparaq yatağına uzandı.

Getdikcə şiddətlənib artan qoxu nəfəsini tıncıxdırır, əsəblərini yerindən oynadırdı. Sanki bir nəfər başının üstündə durmuşdu və ara vermədən bu qoxunu üstünə püskürdürdü. Canını qurtarmaq üçün çarpayının başındakı dəsmalı çəkib burnunun üstünə atdı, amma faydasını görməyincə dönüb üzüstə uzanaraq başını balıncın altına soxdu, lakin getdikcə artıb şiddətlənən iydən canını heç cür qurtara bilmədi. Sonda dözə bilməyib bağırmağa başladı:

– Ana, ay ana, kim vurub bu qədər ətiri? Qoxudan başım çatladı axı...

O biri otaqdan incə, məlahətli və şəfqət dolu qadın səsi eşidildi:

– Nə ətir?

Səs getdikcə yaxınlaşdı və anası içəri daxil oldu.

– Bilmirəm, otaği ətirləyiblər, ya da kimsə burda ətirlə çimib.

– Hanı, qoxu gəlmir axı burdan?

– Necə gəlmir? Ay ana, mənim iydən basım çatlayir, sən deyirsən nə qoxu!

Qadın çarpayının kənarında əyləşib təravətini itirməmiş əlləri ilə onun başını oxşamağa başladı, incə barmaqlarını gur saçlarının arasına keçirib uzanmış tüklərinə doladı.

– Nə olub sənə? Niyə əsəbisən?

– Heç, ana, əsəbi deyiləm, havadandı, ya nədən, bilmirəm, bu gün yaman əzginəm, elə bil ətimi döyüb yığıblar dərimin içinə… Bütün oynaqlarım da bir tərəfdən sızıldayır. Gəldim səki günortanın istisində beş dəqiqə huşdanam, içəri girən kimi burnuma vuran iy məni hövsələdən çıxardı.

Anası onun sümüyü çıxmış yanaqlarını, çənəsini barmaqları ilə oxşaya- oxşaya:

– İstəyirsən keç o biri otaqların birində yat, vacib deyil ki, burda yatasan, ventilyatorun da üzünü üstünə tərəf qoymusan, xəstələnərsən, - dedi və qalxıb üzü çarpayıya tərəf duran ventilyatoru yana çevirdi.

– Yox ana, burda yatmaq istəyirəm, sadəcə, bu nə qoxudu, bilmirəm, ya sənin burnun tutulub, ya da mənim başım xarab olur, öz-özümə iy alıram.

Dikəlib oturaraq şalvarının cibindən siqaretini çıxarıb yandırdı, əyilib yerdən külqabını tapıb dizinin üstünə qoyduqdan sonra, yana əyilib ehmalca anasının çiynindən öpdü və asta səslə danışmağa başladı.

– Ana, sən doğrudan qoxu hiss eləmirsən?

Anası:

– Yox, başına dönüm, bilmirəm axı nə qoxsudu, həm bu gün atan tezdən evdən çıxandı, hələ gəlməyib, evdə olsa da, bilirsən, onun ətirlə arası olmaz. Murad da bizə gəlməyib ki, deyəm o vurub.



Külqabını anasına verib ayağa qalxdı, “Həyətə düşmək istəyirəm”-deyib, otaqdan çıxdı. Anası onun ardınca səslənərək:

– Gözlə, mən də gəlim, Günaygilə gedək, - dedi

– Getmirəm, gedirsən, özün get!

– Yaxşı, onda həyətdə otur, tum gətirim çırtlayaq. Anası bunu deyərək çarpayının ayaq tərəfindən dolanıb keçdi, otağın pəncərəsini açdı ki, havası dəyişilsin.

– Off ana, heç nə istəmirəm!

– Yaxşı, mən neynim onda?

– Heç, ana, nə var ki, nə edəsən?

Qəhvəxananı keçib eyvana çıxdı, yoxlaya-yoxlaya şəpitlərini tapıb ayağına keçirtdi, pillələri enib çeşmənin başına gəldi. Bir az dayanıb don-don ətrafını dinlədikdən sonra əl-üzünü, boyun-boğazını yuyub ağzını-burnunu yaxaladı.

Hava nəinki sərinləməmişdi, hətta elə bil bir az da isinmişdi. Bu gün neçənci dəfə idi ki, sərinləmək üçün çeşmənin altına girib yuyunur, amma bir faydasını görə bilmirdi. Hər dəfə yuyunandan iki-üç dəqiqə sonra dərisi yenə də yapışqanlaşır, sanki bir az rütubətin, bir az da çirkli havanın əsəri olan şəffaf yapışqan məxsusi olaraq onu canından bezdirmək üçün bütün bədəninə yayılırdı. Əlini bir-birinə, ya da qoluna, bədəninə toxundurduqca əti çimçəşir, öz-özünə deyinirdi:

– Axı, mən hara gedim bu zəhrimara qalmış havanın əlindən? Belə də iş olar? Burdan yuyunursan, ordan elə həmən yapışqansan ki, yapışqansan...

Həyətdə bir az gəzişdikdən sonra bürküyə daha artıq dözə bilməyib agır addımlarla qayıdıb evə girdi. Bu dəfə qonaq otağına gedəcəkdi, televizoru açıb idman kanallarından birini tapmaq, son yenilikləri dinləmək istəyirdi, amma şeytan hərləyib yenidən yataq otağına saldı. İçəri girər-girməz bayaqkı qoxu təkrar vurdu. “Bəlkə pəncərəni açım otağın havası dəyişsin”, -deyə düşündü və gedib pəncərəni tapdı, açıq idi. Öz-özünə fikirləşdi:

– Belə də iş olar? Pəncərə də açıqdı. Amma merata qalmış iy heç azalmayıb ki, azalmayıb.

Qayıdıb uşaq otağına, anasının yanına girdi. Anası paltarasanın yanında, döşəkcənin üstündə bardaş qurub əyləşmiş, Quran oxuyurdu. Oğlunun gəldiyini görüb dayandı. Sol əlinin baş və işarət barmaqları ilə qulpundan tutduğu gözlüyünü çıxarıb:

– Çay istəyirsən, gətirim?

– Yox ay ana, sağ ol, istəmirəm.

– Onda gəl otur, Quran oxuyum, qulaq as.

Anası hər gün azərbaycanca Qurandan bir neçə səhifə oxuyar, o da dinləyərdi. İndi də əlində oxuduğu ərəbcə Quranı ehtiyatla yerinə qoydu. Bu Quran ona atasından, atasına da öz atasından qalmışdı. Xəttat tərəfindən yazılmış Quran olduqca gözəl tərtib edilmiş, dəri ilə cildlənmişdi. Qara rəngli cildinin üzərində basma yazılarla ərəbcə bir şeylər yazılmışdı. Bilmirdi, bunlar ya Qurandan hansısa bir ayə, yaxud da xəttatın adı və kitabın qələmə alındığı tarix də ola bilərdi. Amma indi Quranın cildi görünmürdü, çünki anasi onu qəzet kağızından kəsdiyi əlavə üzlüyə bükmüş, bu yolla da həm qiymətli cildini aşınmaqdan qorumaq, həm də Qurani-kərimə ehtiramını göstərmək istəyirdi. Onun bu müqəddəs kitaba qarşı hər anı hörmətlə, sevgiylə dolu idi. Bu sevgi o qədər yüksək səviyədə idi ki, hansısa bir səbəbdən kitabın yerini dəyişmək üçün götürsə belə, dodaqlarına yaxinlaşdıraraq öpmədən yerinə qoymaz, ayrıca dəstəmazsız olduğu anlarda dünya dağıla ona toxunmazdı.

Azərbaycanca Quranı götürdü, qaldıqları yeri tapıb oxumağa başladı.

Anası əllisinə nərdivan dayamış, bəstəboy, incə bir qadin idi. Gözləri zəiflədiyindən son vaxtlar gözlük taxardı, amma iri qəhvəyi gözləri gəncliyindəki kimi gözəl və çəkici idi. Saçlari əvvəlki kimi topuğuna düşməsə də, əndamına gözəllik qatacaq uzunluqda idi.

Küçəyə çıxarkən daim başında olan örpəyi evdə Quran oxuyanda da örtərdi. İndi də həmişəki kimi bardaş qurub əyləşmiş, əlindəki Quranı ehtiramla tutaraq oxuyurdu.

Bir az dinlədikdən sonra səbri çatmadı, sakitcə yerindən qalxıb qonaq otağına getdi. Televizoru açıb idman kanallarına çevirdi. Amma maraqlı bir şey tapa bilmədi. Əslində maraqlı xəbərlər var idi, sadəcə olaraq heç biri onun diqqətini çəkmirdi, çünki televizoru açarkən də, kanalları bir-bir çevirib yoxlayarkən də cismən qonaq otağında olmağına baxmayaraq xəyalı çoxdan uzaqlara uçub getmişdi; bayaqdan bəri yataq otağına girdikcə burnuna vuran qoxunun səbəbini araşdırmaqda idi.

Bu qoxunun səbəbi nə ola bilərdi? Ya da onun iyindən boğulacaq kimi olduğu, amma anasının qətiyyən hiss etmədiyi bu qoxunun səbəbi nə idi? Bütün varlığı ilə bu suala cavab axtarır, tapa bilmirdi...

Məchul bir şey qədər insanın beynini qurcalayan, zehnini məşğul edən ikinci bir şey varmı bu dünyada? Balaca uşaqdan ahıl insanadək hamı yaradılışdan genlərinə işləmiş təbii bir instinktlə bilinməyəni araşdırmağa, pərdənin qarşısında deyil, məhz arxasında nə olduğunu öyrənməyə can atır. İndi onun da durumu belə idi, burnuna vuran iydən çox bu iyin hardan və yaxud nədən, ya da hansı səbəbdən qaynaqlanması ilə maraqlanır, cavab tapa bilmədiyi suallar onsuz da zəif əsəblərini yerindən oynadaraq özündən çıxmasına səbəb olurdu...

Oturduğu yerdə sakit dura bilmirdi, hər zaman əsəbiləşəndə, ya da həyəcanlananda olduğu kimi, yenə də elə bil ürəyi sıxılır, havası çatmırdı. Ayağa qalxıb otaqdan çıxdı, həyətə düşmək istəyirdi ki, anası çağırdı.

– Nolub axı sənə? Nə girib-çıxırsan?

– Nə bilim, ay ana, bu gün nəsə sıxılıram, elə bil qırx arşın quyunun dibinə düşmüşəm, ürəyim çırpınır, nəfəsim çatmır, boğuluram.

– Bəlkə xəstələnmisən?

Bunu deyib yaxınlaşdı və əlinin arxasını oğlunun alnına söykədi.

– Yox, ay ana, niyə xəstələnim ki?

– Ağzını aç baxım, boğazın gəlməyib ki?

Anasi dedisə baxmadan əl çəkməyəcəyini bildiyindən sakitcə ağzını açdı.

– Əməlli aç, dilini də yatırt! Elə bil uşaqsan!

Anası bunu deyərək şəhadət barmaği ilə dilinin üstündən basıb yatırtdı.

– Baho, boğazın nə gündədi? İki tərəfli şişib hədəqədən çıxıb, qoy soda gətirim silim.

– Yox, lazim deyil.

– Ürək döyüntüsünün də, boğulmanın da səbəbi artıq ətinin şişməsidir, gəl silim, az keçməz, düzələrsən.

– Başa düşürsən ana, mənim nəfəs darlığım qırtlaqdan deyil, elə bil sinəmin üstündə ağırlıq var. Nəfəsi də o tıncıxdırır, ürəyimi də o sıxır.

– Ay bala , başına dönüm, bəs mən necə eliyim? Sən de, mən də eliyim.

– Sən narahat olma, yəqin bir azdan keçib gedər.

Bunu deyib qonaq otağına qayıtdı, kresloda büzüşüb oturdu.

Əyləşdiyi yerdəcə sağ tərəfinə dirsəklənib ayaqlarını altına yığdı, gözlərini yumub düşünməyə başladı...

Qərarsızdı, nə edəcəyini bilmirdi, ani bir həkətlə ayağa qalxıb həyətə doğru addımladı, lakin evin qapısından dönüb qayıtdı, “Bəlkə, daha iy çəkilib?” -deyə düşünmüş olacaqdı ki, bu düşüncəsinin doğru olub-olmadığını yoxlamaq üçün yataq otağına girdi.

Astanadan bir addım atıb içəri keçdi və elə oradaca dayandı, nə irəli getməsinə, nə də otağın havasını qoxlamasına ehtiyac yox idi, çünki elə bayaqdan açıq duran qapıdan içəri ayağını qoyar-qoymaz həmən qoxu burnuna dolmuş, naşatır spirti kimi beyninə, əsəblərinə işləmişdi...

Qayıdıb qonaq otağına keçdi, özünü üzüqoylu divanın üstünə atdi. Nəsə olmuşdu, ya da olacaqdı, bunu intiusiyası ilə hiss edir və qorxurdu. O, həyatı boyu “Hər şeyin pisini fikirləş, yaxşısı onsuz da sənindir” prinsipi ilə yaşamışdı. İndi də elə həmən prinsiplə düşünürdü ki, bu da onu daha çox qorxudurdu. Bu müəmmanın əvvəl-axır ortalığa çıxacağını, ətir qoxusunun hardan gəldiyinin aydınlaşacağını bilirdi qəlbində, ancaq onu qorxudan məsələnin digər tərəfi idi. Qapı və pəncərənin açıq olmasına rəğmən heç cür azalmayan bu qoxunun xoş olmayan hansısa bir hadisənin xəbərçisi ola biləcəyindən qorxurdu və elə içində yaşadığı narahatçılığın da əsas səbəbi bu idi...

Qalxıb oturdu, dirsəklərini dizlərinə söykəyib başını əllərinin arasına aldı, heç nə düşünmək istəmir, bütün xoş olmayan fikirləri beynindən qovmağa çalışırdı, ancaq boşuna...

Bu lənətə gəlmiş qoxu nəyin xəbərçisi ola bilərdi? Qoruma instinkti ilə öncə ailəsini, yaxınlarını düşündü, onların hansınınsa başı üzərində qara buludlar dolaşdığını fikirləşdikcə dəhşətə gəlir, dəli kimi olurdu. Amma kimin və hansı təhlükə qarşısında ola biləcəyini tapa bilmir, öz-özünə “Yox, bunun ailəmizlə nə əlaqəsi?” -deyə düşünürdü.

Bəs bu qoxunun səbəbi nə ola bilərdi axı? Düşünməkdən və gözləməkdən başqa çarəsi yox idi. Bu çarəsizliyi ona əzab verir, əli-qolu bağlı oturub gözləmək qüruruna toxunurdu.

Günlər bir-birini əvəzləyir, suallarına cavab tapa bilmirdi. Düşünməkdən başı çatlayacaq kimi olur, bəzən əllərinin arasına aldığı başını partladacaqmış kimi sıxır, gah da saçlarından tutub hərdən bir tərəfə elə çəkirdi ki, görən olsa, deyərdi bəlkə özünü sürükləyib harasa aparmaq istəyir.

Qoxu barəsində anasına inanmamış, öncə qardaşını, daha sonra atasını yataq otağına çağırmışdı. Ancaq onlar da bir şey hiss eləməmişdilər. Arada bağrı çatlayacaq kimi olur, ona elə gəlirdi ki, başına hava gəlir, ya dəli olub, ya da olacaq. Necə ola bilərdi axı, onun hiss elədiyi, hətta iyindən boğulacaq kimi olduğu qoxunu başqa heç kim hiss eləməsin? Həm də bu qoxunun evdə yalnız bir otaqdan gəlməsi də təsadüf ola bilməzdi. O əslində yaddaşının dərinliklərində bu iyi tanıyr, amma heç cür anşıra bilmirdi. Ən kiçik bir ipucu və ya bu iyi xatırladan bir xatirə qırıntısı tapa bilsəydi, gerisi corab söküyü kimi gələcəkdi. Amma iş də elə ipin itmiş ucunun tapılmasında deyildimi? Bəzən böyük kəşflər kiçicik təsadüflərə bağlı olur. Hər gün minlərcə insan bu təsadüfləri yaşasa da, onlar gün üzünə çıxarılmadığı üçün min illər boyu gözləyirlər. Olsun Arximedin evrikası, ya Nyutondan qabaq neçə-neçə insanların başına nə almalar düşmüşdü... Amma cazibə qüvvəsi kəşf olunmaq üçün məhz onu gözləmiş, əsrlər boyu onun yoluna baxıb durmuşdu və ya Albert Eynşteynin “Necə olub indiyə qədər kəşf etmək kimsənin ağlına gəlməyib”-deyə təəccübləndiyi dünya tarixini dəyişdirən kəşfi – nisbilik nəzəriyyəsi...

İndi də Ceyhunun bu iyin səbəbini tapması az qala öz kiçik miqyasında o kəşflər qədər əhəmiyyətli hadisə olacaqdı.

Sonda ağlına parlaq bir fikir gəldi. Beynini burğu kimi dəlib duran suallara məntiq yönündən yaxınlaşmağı, məsələni ümumiləşdirmədən xüsusiləşdirməyə getmə yolu ilə çözməyi qərara aldı. Öncə iyin mənbəyini tapacaq, məhz hansı şüşədən yayıldiığını dəqiqləşdirəcəkdi.

Əlinin içi ilə alnına vurub:

– “Necə olub ki, neçə gündü bu mənim ağlıma gəlmir”, -deyə öz-özünə donquldandı. Tələsik oturduğu yerdən qalxıb yataq otağına keçdi, bədənnüma güzgünün önündəki ətirləri bir-bir götürüb iyləməyə başladı və sonunda axtardığını tapdı: bu iy əlindəki içi boş ətir şüşəsindən gəlirmiş. Şüşəni də tanımışdı. Boğazına qırmızı lent bağlanmış balaca dördkünc kişi ətri... Burnuna yaxınlasdırıb təkrar-təkrar qoxladı. Həmin qoxu idi. “Allahım, necə ola bilər?” -deyə düşündü. Gözlərini yumub şüşəni qəlbinin üstünə sıxdı.

Bu ətir şüşəsini sevgilisi bağışlamışdı ona. Həm də ad günündə....Bağrından bir inilti qopdu: “Aman Tanrım, olmaya Lamiyəmin başında bir iş var?”

Boş şüşəni dodaqlarına götürüb öpdü, öpdü..., sanki şüşənin soyuq səthini deyil də, sevgilisinin qor dodaqlarını öpürdü. Ehtirasla, sevgiylə, insan adlı məxluqun əks cinsə qarşı duya biləcəyi ən ülvi, ən uca hisslərlə öpürdü şüşəni. Sonunda dayandı, ovuclarında tutduğu boş şüşəni yanaqlarına sürtdü, sonra təkrar qəlbinin üstünə sıxıb:

– “Allahım, onun başında bir iş var”, -deyə içindən keçirtdi. Gözləri bahar buludu kimi dolmuşdu, boğazında düyünlənmiş qəhər qırtlağını yandırıb yaxırdı. Səyriyən dodaqları bir şeylər pıçıldamağa çalışır, amma nə dəyəcəyini bilmirdi...

Gözlərinin önündən xatirələr film şəriti kimi axıb keçirdi. Lamiyəni ilk gördüyü an yaddaşının dərinliklərində canlandı.

İllər öncə idi, bir payız günü, oktyabr ayının sonları idi. Yaydan qalma bir gün vardı. Günəş öz qızmar nəfəsi ilə qış yuxusuna hazırlaşan təbiəti oxşayıb xumarlandırır, saralmaqda olan yarpaqlar tökülməyə tələsmədən budaqlarında tənbəl-tənbəl yellənirdilər.

Mərkəzi hərbi poliklinikaya müayinədən keçməyə getmişdilər. Terapevtdən aldıqları blank əsasında bir-bir şöbələrə girib müayinə olunurdular. Növbə laboratoriyanın idi. Qapını döyüb içəri girdi. Qan analizi vermək üçün müvafiq masaya yaxınlaşdı, qırmızı üzlüklü dəmir stulda əyləşdi, sol əlini qan alması üçün tibb bacısına uzatdı, sağ əlindəki blankı masanın üstünə qoymaq istəyirdi ki, göz- gözə gəldilər. Tibb bacısının iri ala gözləri o qədər şəffaf, o qədər dərin idi ki, bir an bu dərinlikdə boğulacağını düşündü. Gözlərini gözlərindən çəkə bilmir, uzun kirpiklərinin arxasında həbs olunub qalmaq istəyirdi.

İçində nə isə isti bir şeyin axdığını hiss elədi. Oturduğu yerdəcə quruyub qalmış, sanki əfsunlanmışdı. Tibb bacısının ipək saçları, iri badamı gözləri, balaca burnu, incə dodaqları, yumru sifətini tamamlayan zərif çənəsi, qardan daha ağ və buzdan yonulmuş kimi şax xələti, incə əlləri, uzun barmaqları onu özünə valeh eləmişdi. Ona elə gəlirdi ki, həyatında daha öncə bu qədər cazibədar qız görməmişdi. Dili-dodağı qurudu, buraya niyə gəldiyini unutdu.

Tibb bacısı uzanılı qalmış əlinin barmaqlarından tutub özünə çəkdi, son buğumunun dibindən sıxıb iynə ilə ucunu deşdi. Çıxan bir-iki damla qanı çəkib şüşə borucuğun içinə doldurduqdan sonra bayaq deşdiyi yeri spirtli pambıqla silib, adını, soyadını jurnala qeyd etdi və:

– Günortadan sonra cavabı götürərsiz -dedi.

O hələ də oturduğu yerdəcə donub qalmış, nə edəcəyini bilmirdi. Qalxıb getsinmi, gözləsinmi? Qərar verə bilmir, yarıaçiq dodaqları və heyranlıqdan çıxacaqmış kimi bərəlmiş gözləri ilə gözəllik ilahəsinə tamaşa edirdi.

Artıq aşiqdi, sevirdi, sanki tibb bacısının əlindəki iynə barmaqlarını deyil, qəlbini deşmiş, bütün qanını axıdaraq, yerinə eşq şərbəti doldurmuşdu.

Tibb bacısının soyuq səsi onu özünə gətirdi:

– Xahiş edirəm, bir az tələsin, növbədə başqaları var.

Qalxıb otaqdan çıxarkən gözləri eşqdən kor olmuş, beyni həyəcanına yenilmiş, əzalarına söz keçirəməz olmuşdu. Öncə qapıda rastlaşdığı digər tibb bacısına toxunub qovluqda gətirdiyi sənədləri dağıtdı, daha sonra astanaya ilişib səndələdi, nəhayət otaqdan çıxmağa müvəffəq oldu. Başqa şöbəyə keçmədən birbaşa həyətə çıxdı, cib yaylığını çıxarıb tərini quruladı. “Nə gözəl qızdı!”, -deyə düşündü. Cib yaylığını qatlayıb cibinə qoyurdu ki, blankı laboratoriyada unutduğu yadına düşdü. “Off, Allahım, mən lap çulitirənin biriyəm ki”,-deyə düşündü. Bir tərəfdən də bu unutqanlığına sevinirdi. Çünki laboratoriyaya qayıdıb onunla kəlmə kəsmək, aşiq olduğu gözəl camalına tamaşa eləmək fürsəti doğmuşdu. Geri qayıdıb qapını döydü, içəri girib:

– Bağışlayın, xanım, mən blankımı burda unutmuşam, -deyəcəkdi, amma yenə göz-gözə gəldilər, kəkələdi, dili nə istədiyini deyə bilmədi. Tibb bacısı gülümsədi:

– Blankınızı axtarırsınız?

– Bəli.


İki addım atıb tibb bacısının ona doğru uzatdığı blankı aldı, mızıldanaraq təşəkkür etmək istədi, bacarmayacağını görüb tələsik otaqdan çıxdı.

Bilmirdi ki, öz düşdüyü vəziyyətə ağlasın, ya gülsün. Dəhlizlərdə gəzişərkən və ya digər kabinetlərin önündə sırasını gözləyərkən barmaqları ilə blankı oynadır, hərdən də dodaqaltı deyinirdi:

– Mən nə qədər də utancaqmışam, heç özümün xəbərim yoxmuş. Bu nədi? Ayıb olsun sənə Ceyhun, bir qızın gözəlliyi qarşısında dizlərin titrəyir, dodaqlarından bir busə ehsan eləsə, yəqin qəlbin dayanar...

Həmən gün müayinədən necə keçdiyini bir Allah bilirdi. Saat üçdə artıq blankı onları müşayət etmək üçün yanlarında olan hərbi hissə tibb xidməti rəisinə təhvil vermiş, özü də poliklinikanın önündəki skamyada əyləşib tibb bacısının işdən çıxmağını gözləmişdi. Saat beşdə həmin tibb bacısıyla rəfiqəsi birlikdə işdən çıxdılar. Cəsarətini toplayıb yaxınlaşdı. Bu dəfə göz-gözə gəlməkdən qaçır, o iri, badamı gözlərin cazibəsinə qapılıb özünü itirəcəyindən, onu gözlərkən ürəyində təkrar edə-edə əzbərlədiyi eşqnaməsini unudacağından qorxurdu. Bir az yanaşı getdilər, ardlarınca gələn müşaiyətçisi Ələkbər də əlini dinc qoymur, fasiləsiz olaraq telefonuna çağrı ve ismarıc göndərərək onu əsəbiləşdirirdi.

Telefonu hər çaldıqca dönüb Ələkbərə tərs-tərs baxır, yaralı canavar kimi dişlərini qıcayır, amma qızların yanında olduğundan beş-on metr arxada gələn mərdi-mazar müşaiyətçisinə söz deyə bilmirdi. Gəncliyin verdiyi şıltaqlıqla onun hər diş qıcartısını gülərək qarşılayan Ələkbər axırda insafa gəlib əl çəkdi, onları müşaiyət etməyi buraxıb getdi. Yalnız bundan sonra özünü toplayan Ceyhun sözə başladı.

– Salam xanim.

– Salam.

– Narahat edirəmsə, bağışlayın, Sizi tanımaq istədim.

– Buna nə ehtiyac var ki?

Əvvəlcə özünü itirdi, nə deyəcəyini bilmədən kəkələdi, bir az sonra gülümsəyib:

– Sizdən xoşum gəlir.

Bunu eşidən tibb bacısı bir anlıq ayaq saxladı və başını çevirib onu başdan ayağa süzdü, sonra gözlərini gözlərinə zillədi.

– Siz ciddisiz? -deyə soruşdu.

–Əlbəttə.

Ceyhun bu sualı ciddi qəbul etmiş, həyəcanından incə yumoru hiss edə bilməmişdi.

– Təşəkkür edirəm, elə mənim də xoşum gəlir,- bir an susub əlavə etdi: özümdən...

Qızlar gülüşdülər, o pərt olmuşdu, ancaq söz altında da qalmaq istəmirdi.

– Bunu bilirəm, ancaq Siz də mənim kimi yalan deyə bilərdiniz.

– Nəyi?

– Məndən xoşlandığınızı.



– Nə demək istəyirsən?

Sərt sual qarşısında səndələdi, özünü itirib nə cavab verəcəyini bilmədi, çünki bir dəfə o, aşiq olmuşdu və bu qızı itirmək onun üçün ölümə bərabər idi. Odur ki, mülayim davranmağa və bu xanımın qəlbini fəth edə bilmək üçün mümkün qədər yumşaq olmağa qərar verdi.

– Heç.

Qız da onun niyyətini hiss etmiş olacaq ki, bir az ciddiləşdi. Öncə susdular və sakit-sakit yürüdülər. Tbilisi prospektin keçib Avropa otelinin arxasına gəldiklərində yenə sükutu o pozdu:



– Adinizi bilmək istərdim.

– Lamiyə.

– Nə qəşəng adınız var.

– Sağ olun, bəs sizinki?

– Ceyhun.

– Sizinki də pis deyil.

– O sizin gözəlliyinizdəndir.

Lamiyə gülümsəyib başını aşağı əydi.

– Əsliniz haralıdı?

– Necə bəyəm?

– Ləhcənizdən bakılı olmadığınız hiss olunur.

– Kəngərli.

– Hə, tanıyıram oranı.

– Olmusuz orda?

– Hə, həm də doqquz ay.

– İşləyirdiniz?

– Xeyir, əsgərliyim orda keçib.

Susub bir az daha yürüdülər. Ara yolun üstündəki Göyçə restoranına çatdıqda Lamiyənin yanındakı xanım sükutu pozdu:

– Lamiyə, mən çatdım, sizə yaxşı yol!

– Sağ ol Naidə, sabah görüşərik.

İki rəfiqə öpüşüb ayrıldılar.

Bəxtindən onların evləri isdiqamətində marşrut yox idi və bir xeyli uzaq olan yolu piyada getmişdilər. Bu da ona ozünü tanıtma imkanı vermişdi. Harda işlədiyi, təhsili, əsli, kökü və hətta daha öncə onun qədər gözəl qıza rast gəlmədiyindən danışmışdı. Binalarına az qalmış Lamiyə:

– Çatdıq, burdan o tərəfə tək getmək istəyirəm, bizimkilər görməsinlər.

– Yaxşı, necə istəsən, onda ayrılmadan telefonunu ver yazım. Bilirsən, işimə görə hər gün gələ bilməyəcəm, heç olmasa telefonda danışarıq.

– Hər gün nə var ki?

– İmkanım olsa, səni hər gün işə özüm aparıb-gətirərəm.

Lamiyə gülümsəyib telefonunu dedi, sonra sağollaşib ayrıldılar.

Elə başlamışdı sevgiləri, bir poliklinikanın qan analizi laboratoriyasında. O gün Lamiyədən ayrıldıqdan sonra evə necə gəldiyini bilmədi. Saat yarımlıq yol bir göz qırpımında bitmişdi. Bütün yol boyu avtobusun rahat oturacağında arxaya söykənib qıydığı göz qapaqlarının altından gülümsəmiş, xəyalən üzbəüz əyləşmiş sevgilisi ilə söhbət etmişdi. Evə çatar-çatmaz özünü çarpayının üstünə atıb Lamiyənin telefonunu yığdı. Dəstəyin o biri ucundan sevgilisinin səsini eşidəndə ilk göz-gözə gəldikləri an kimi özünü itirdi. Bədənini tər basdı, qıpqırmızı qızardığını hisss etdi. Burnunu çəkib salam verdi, “Mənəm, Ceyhun”, -dedi. Sonra cəsarəti yerinə gəldi, dili açıldı, ordan- burdan danışdılar, konturu bitməsəydi, bəlkə səhərə qədər danışacaqlardı.

İndi bədənnüma güzgünün önündə durub düşünürdü, ətir şüsəsini hələ də sağ əlinin yarımçıq barmaqları ilə tutub qəlbinin üstünə sıxmışdı.

İlk telefon söhbətlərini xatırlamağa çalışırdı. Ancaq boşuna, çünki nə danışdığını elə danışarkən unutmuşdu, bəlkə də danışmamışdı, sadəcə dinləmişdi, ya da ikisi də susub səssizliyin sevgi qoxan nəğməsini dinləmişdilər. Heç nə bilmirdi, bildiyi tək şey telefon qulağındaykən həyəcanından öləcək kimi olduğu idi.

Sonuncu telefon söhbətlərini yaxşi xatırlayırdı. Ayrıldıqdan sonrakı ilin fevral ayı, sevgililər günü idi. Evdə boş-boş girələnir, itiyi itmiş adam kimi özünə yer tapa bilmirdi. Birdən ev telefonu zəng çaldi. Dəstəyi qaldıranda bir anlıq donub yerində qaldı, mələklərin səsini eşidibmiş kimi çaşıb qalmış, sevincindən və həyəcanından öləcək kimi olmuşdu. Qulağından çəkdiyi dəstəyi dodaqlarına yaxınlaşdırıb öpdükdən sonra təkrar qulağına apardı.

– Alo, mənəm, Lamiyə, tanımadın? Ceyhundu!

– Səni tanımamaq olar?

Danışmaq istədi, ancaq boğazına düyünlənən qəhər imkan vermədi, bir-iki dəfə burnunu çəkib boğazını arıtladı:

– Bilsən necə darixmışam...

– Gecdi,Ceyhun, biz o qatarı qaçırtdıq.

– Bilirəm, gözlərinə qurban, bilirəm...

– Özün necəsən? Səhhətin necədi?

– Sağ ol Lamiyə, ola bildiyim qədər yaxşıyam.

– Zəng vurmuşdum səni təbrik eləyim.

– Sağ ol gözlərinə qurban.

– Unutmamısan, bu gün sevgililər günüdür.

– Sevgilisiz nə sevgililər günü, ay Lamiyə...

Susdular. Telefonun dəstəyində iki nəfərin nəfəs almağından başqa bir şey eşidilmirdi. Bir qədər keçdikdən sonra Ceyhun:

– Lamiyə, olar səndən bir xahiş edim?

– Əlbəttə olar, buyur, gözüm üstə.

– Gözlərinə qurban.

– Elə demə.

Yenə sükut... sanki məzarlıqda idilər. Bu dəfə də sükutu pozma növbəsi Lamiyənin idi.

– Ceyhun, məndən nəsə istəyəcəkdin.

– İndi sənə ürək sözlərimi deyəcəm, sabah bir açıqca al və o sözləri həmən açıqcaya köçür, sonra da mənim bağişladığım əşya kimi hədiyyə saxla.

– Dəli... deyirəm bəs nə istəyəcək. Bir saniyə gözlə, qələm-kağız gətirim

– Baş üstə!

Bir dəqiqə sonra telefonun o bir tərəfindən Lamiyənin məlahətli səsi eşidildi:

– Buyur Ceyhun, de, yazıram.

– Əziz Lamiyə xanım, bundan sonra keçirəcəyiniz bütün sevgililər günlərini Sizi canından çox sevəcək sevgilinizlə birlikdə qeyd edəsiniz. Hər zaman bugünkü qədər gənc qalıb, gözləriniz önündə qocalan təbiətə meydan oxuyasınız. Bədirlənmiş ay kimi nurlu çöhrenizden təbəssüm, gözəl gözlərinizdən sevinc parıltıları, qaymaq dodaqlarınızdan gülüşlər əskik olmasın. Büllur kimi saf səsiniz daima fərəhlə cingildəsin, sinəniz həmişə qürurla qabarsın və Tanrım sizə iftixar edə biləcəyiniz bir sevgili ilə qoşa qarımağı nəsib etsin. Amin! Hörmətlə: Ceyhun.

Sonra da bir-birilərinə xoşbəxt və sevgi dolu bir həyat arzulayaraq ayrılmışdılar.

Çəkilib çarpayısının üstündə oturdu, boş ətir şüşəsini dodaqlarına aparıb təkrar-təkrar öpdü.

Şüşənin ona bağışlandığı günü xatırlamağa çalışdı. İllər öncə idi. Ad günündə. Görüşüb Təbriz küçəsindəki Şuşa restoranına getmişdilər. Xidmətçilər onları restoranın önündə qarşılayıb ikinci mərtəbəyə qaldırmış, orda yerləşən dörd nəfərlik otaqların birində əyləşdirmişdilər. Qarşı-qarşıya əyləşib doyunca söhbət etmiş, ancaq özünü unutqan kimi aparan sevgilisi elə davranmışdı ki, guya bura gəliş səbəblərini tamamilə unudub. Doğrudur, Ceyhun bundan hər nə qədər incisə də, büruzə verməmiş, “Yəqin ki, sonra xatırlayanda zəng vurub təbrik edər”,-deyə düşünmüşdü. Çıxmaq üçün ayağa qalxdıqlarında sürpriz etdiyini deyən Lamiyə ona hədiyyəlik alışqan və bir də ətir bağışlamışdı. Alışqan indi də mebelin gözündə, qutusunun içində dururdu. Ancaq ətiri istifadə edib bitirmiş, şüşəsini isə hədiyyə olduğundan ötəri atmağa qıymamışdı, həm də mənəvi dəyəri olduqca boyükdü, sevgilisindən ona qalan sadəcə iki əşyadan biri idi. Necə atsın ki?...

İndi bu ətirin iyinin öz-özünə yayılması onu qorxudurdu. Olmaya Lamiyənin basında bir iş var idi? Evləndiyini, həyat yoldaşı ilə xoşbəxt olduğunu bilirdi. Bu barədə eşitmiş, xeyli sevinmişdi. Hər ikisinin ortaq dostları vardı. Yaxşı ki, arada onları görəndə soraqlaşır, halının necə olduğunu xəbər alırdı. Onun xoşbəxt olmasını istəyirdi və daim bunun üçün dua edirdi. Qəribədir ki, qətiyyən onu qısqanmırdı. Sadəcə, həyat yoldaşı ilə xoşbəxt olmasını istəyirdi. Axı necə olsa, onu sevmişdi və hələ də sevirdi, bir an belə unutmamış, qəlbindən çıxarmamışdı. İndi onun bağışladığı ətirin boş şüşəsini əlində tutub çarəsizlik içində düsünürdü:

– Allahım, onun başında bir iş var. Amma nə iş? Nə ola bilər axı?

Nə edəcəyini, kimdən soruşacağını qərarlaşdıra bilmirdi. Nəhayət, sabahı gözləmək qərarına gəldi. Səhər açılsın, iş vaxtı başladıqdan sonra poliklinikaya zəng edib Naidəni telefona çağırtdıracaq, Lamiyənin başına bir iş gəlib-gəlmədiyini soruşacaqdı.

Ertəsi gün elə də etdi. Doqquz olan kimi məlumat bürosundan poliklinikanın telefon nömrəsini öyrənib zəng vurdu. Amma kor tale burda da işini gordü. Naidənin keçən həftə məzuniyyətə çıxdığını və nişanlandığını, bəlkə də işə dönməyəcəyi xəbərini aldı. Digər otaq rəfiqələri isə hələ keçən ildən evlənib işdən ayrılmışdı. Nə edəcəyini bilmirdi. Xanım dostlarından birinə poliklinikanın qəbul şöbəsinin nömrəsini verərək zəng vurub Lamiyəni xəbər almasını xahiş etdi. Ancaq burdan aldığı xəbər də təxminedici deyildi. Sadəcə, onun bir neçə ay öncə analıq məzuniyyətinə çıxdığını öyrənə bilmişdi.

Əli yerdən-göydən üzüldü. Çarəsizlik içində qıvranır, eyni sualı təkrar edib dururdu:

– Ona nə olub?

Ağlına hər şey gəlirdi, həm də tərslikdən ağlına gələnlərin heç biri yaxşılığa deyildi. Bu, insan təbiətinin ən normal parçası deyildimi? Sevdiyi insandan nigaran qalan kəs özündən asılı olmadan onun başına gələ biləcək hadisələrin ən pisini ağlına gətirir, bilinməzlik ruhunu didib parçalayırdı. İndi o belə bir vəziyyətdə idi. Düşüncələri eynilə çöldə itmiş adamınkı kimi idi. Hansı yönə gedəcəyini bilmir, gözünə görünən ilğımlar hərdən bir tərəfə çəkib aparır, düşünməkdən bihal olmuş Ceyhunu daha da taqətdən salırdı.

Əmindi, Lamiyənin başında bir iş var idi. Bunu adı kimi bilirdi. Yoxsa illər öncə boşalmış qutudan niyə öz-özünə iy yayılsın ki? Həm də sadəcə onun hiss elədiyi qoxu…

Gah qalxıb poliklinikaya getmək istəyir, gah da heç olmasa onu telefonla soruşmaq barədə düşünürdü. Amma bu fikirləri tez ağlından qovurdu. Evli bir qadını soraqlaşmağı nə özünə, nə də həmən xanıma yaraşdıra bilmirdi və elə bu səbəbdən də bu fikri sadəcə fikir olaraq qalırdı.

Qoxunu ilk hiss elədiyindən on səkkiz gün keçmişdi. On doqquzuncu gün günortadan sonra yataq otağına girəndə artıq bir iy hiss eləmədi. “İnşallah, Lamiyənin başındakı bəla keçdi”,-deyə düşündü. Doğrusu, bunun bəla olub-olmadığinı da bilmirdi. Amma artıq qoxunun çəkilməsi ən azından iztirabına son vermiş, ona mənəvi rahatlama gətirmişdi.

Günlər bir-birini qovaladı, sıraya düzülüb həftələri, həftələr ayları əmələ gətirdi. Sonrakı ilin mart ayı idi. Anası ilə Xırdalana getmişdilər. Öncə stomatoloqa gedib dişini düzəltdirmiş, daha sonra ordan çıxıb bazara yollanmışdılar. Bir az göy-göyərti-filan alacaqlardı. Bazara azca qalmış bir xanımın asta səslə adını çağırdığını eşitdi. Səsi tanımışdı. Bu Naidədən başqası ola bilməzdi. Ayaq saxladı. Salamlaşdılar. Anası da tanımışdı onu. İllər öncə Lamiyə ilə birlikdə dəfələrlə hospitala, Ceyhunu yoxlamağa gəlmişdilər. Hal-əhval tutdular. Anası:

– Xeyir ola, qızım, sən burda nə yaxşı?

– Anamgildə qonağam, onlar da Masazırda, Nizami küçəsində olurlar. İndi də atamı görməyə gedirəm, bir az işim var.

– Yəqin bazarda işləyir?

Hə, burda dükanı var.

Bir az ordan-burdan söhbət etdikdən sonra keçən il başına gələn əhvalatı danışdı və Lamiyəni soruşdu. Aldığı cavab onu sevindirərək dünyanın ən xoşbəxt adamı etmişdi. Necə də etməyəydi? Sevgilisi ana olmuş, dünyaya bir övlad, bir fidan gətirmişdi.

Naidədən ayrıldıqdan sonra öz-özünə düşündü.

– Allahım, səni tanımayana lənət, o, doğum sancısı çəkəndə mən də onun bağışladığı və artıq neçə ildir içi boş halda duran ətir şüşəsi sayəsinde on səkkiz gün nə olduğunu bilmədən iztirab çəkmişəm.

Halbuki boş şüşədən gələn ətir iyinin sevgilisinin dünyaya gətirdiyi yeni fidanın xəbərçisi olduğunu bilsə, nəinki bilinməzlik içində çabalamaz, hətta toy-bayram edərdi. Niyə də etməsin ki? Bir kərə sevmişdi onu və hər insan övladı kimi, sevdiyinin xoşbəxt olmasını diləyirdi. Bilmirdi, bəlkə də başqası onun kimi düşünməz, belə şeyləri ağlına da gətirməzdi. Amma o başqa idi və öz xoşbəxtlliyini sevgilisinin xoşbəxtliyindən ayri düşünə bilməzdi.

İndi onun ana olduğunu biləndə hədsiz sevincinin əsas səbəbi bəlkə də elə bu idi. Ona bu sevincli xəbəri verərək dünyanın ən xoşbəxt insanı edən Naidənin əllərini öpmək keçdi içindən, amma özünü tutdu, bəlkə heç o da razı olmaz, izin verməzdi. Kim bilir..

Evə döndükdən sonra yataq otağına keçib bədənnüma güzgünün önündə dayandı. Xəyalən də olsa, özünə tamaşa edə-edə barmaqları ilə saçlarını darayıb düzəltdi, sonra çarpayısına uzandı. Üzündə aylardır həsrət qaldığı xoş bir təbəssüm var idi, başının altında çarpazladığı əllərini boynuna tərəf çəkib dirsəklərini bir-birinə yaxınlaşdırdı, ayağını ayağının üstünə atıb, üzü tavana doğru birisiylə danışırmış kimi “Şükür, Allahım, sənə minlərcə kərə şükür”-dedi...

Ceyhunun bu hissi susuz çöldə tənha qalmış uşağın onu vuracağından qorxduğu ildırımın dəhşətli gurultusundan sonrakı yağmura sevinməsinə bənzəyirdi. Bəli, ikisi də evli idi. Qəlbini əzən, ruhunu bütünüylə sarib-sarmalayaraq çıxış yolu qoymayan dəhşətli qorxu və ardından ruzi-bərəkət simvolu olan yağmur..., nə fərqi vardı onun son aylarda keçirdiklərinin bu hissdən?

Əllərini başının altından çəkib üzüaşağı çevrildi, başını yasdığının altına soxub gözlərini yumdu. Yatmaq istəyirdi, həm də heç ayılmadan. Qəlbində Allaha yalvarır, dualar oxuyurdu:

– Son dəfə, son dəfə onu yuxumda görüm, Allahım, sevgilimi qucağında körpəsi, dünyaya gətirdiyi fidanıyla, sonra nə olacaqsa, olsun, istərsə, heç yuxudan ayılmayım, vecimə də deyil, ya Rəbbim, bircə dəqiqəlik yuxu üçün həyatımın qalanını verərəm, al götür, amma onu yuxuma gətir...

Bu sözləri qəlbindən keçirərkən gözləri dolmuş, boğazında yumruq boyda bir şey gəlib düyünlənmişdi və o davam edirdi:

– Nə olar, Allahım, hər şeyimi al götür, yetər ki, onu iki dəqiqəlik göstər, həm də yuxuda, sadəcə yuxuda...

Sanki uca Yaradanı ilə bazarlıq edir, onu bu alış-verişə razı salmağa çalışırdı. Bu yalvarışlar arasında nə vaxt yatdığını bilmədi. Yatarkən körpə uşaqlarınkı kimi üzü aydınlanmış, dodaqları təbəssümlə büzülmüşdü.

Yuxu gördüyü, həm də istədiyi, arzuladığı yuxunu gördüyü bəs-bəlli idi.

Sonra yuxusunu bu həyatda tək sirdaşı olan siqaretine danışarkən həyəcanından öləcək kimi olur, dili damağına dolaşıb kəkələyirdi.

Sevgilisi yenicə yeriyib yüyürdüyü atdığı çəkingen addımlardan bəlli olan kiçicik fidanıyla ondan uzaqlaşaraq sonsuzluğa doğru çıxıb getməkdəydi. Bütün təbiət, canlı və cansız bütün məxluqat Allahın bu sevimli qulları qarşısında təzim edərək onları ehtiramla qarşılayır, anasıyla dünyalar gözəli qızcığazına minbir rəng və ətirli çiçəklərlə bəzənmiş torpaq ananın üzərində yol açaraq onları salamlamaq üçün səmadan yer üzünə enmiş günəşə doğru irəliləmələrinə yardım edirdilər.

Bəli, günəş belə yerə enmiş, Lamiyəylə fidanını salamlayır, onların indi, gələcəkdə və daima nə qədər xoşbəxt olacaqlarını gülümsəyərək xəbər verir, qızılı şəfəqləri ilə onları qucaqlayıb ağuşuna çəkirdi...

Ceyhun günəşin Lamiyə ilə fidanı ağuşuna aldığını gördüyü an dizləri üste çöküb əlləri ile üzünü qapadı. Sevincindən hıçqıra-hıçqıra ağlayır, barmaqlarının arasından axan dumduru göz yaşları onun nə qədər xoşbəxt olduğunu müjdələyirdi.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin