HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat



Yüklə 1,47 Mb.
səhifə1/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#6984
  1   2   3   4   5   6   7   8   9   10   11



NAİLƏ SƏMƏDOVA


İNSAN, ZAMAN VƏ HƏYAT

HƏQİQƏTİ

BAKI – 2011

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU


NAİLƏ SƏMƏDOVA


İNSAN, ZAMAN VƏ HƏYAT

HƏQİQƏTİ


BAKI – NURLAN – 2011

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 16 fevral 2011-ci li tarixli 2 №-li iclasının qərarı ilə nəşr edilir.


Elmi redaktoru: Əli Məmmədbağıroğlu,

filologiya üzrə fəlsəfə doktoru

Rəyçi: Tərlan Quliyev,

filologiya elmləri doktoru

Kompüter icraçısı: Aygün Səmədova
Nailə Səmədova. İnsan, zaman və həyat həqiqəti. Bakı: Nurlan, 2011, 262 s.


Kitabda XI yüzildən çağdaş dövrümüzə qədər yaşayıb-ya­rat­mış Azərbaycan şair, yazıçı, sənət adamlarının əsərlərində, gündəlik, tərcümeyi-hal və xatirələrində şəxsiyyət və mü­hitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdülmüş, insan, zaman və həyatın real təcəssümü olan me­muar nümunələri təhlil edilmişdir.

GİRİŞ
Tarixi inkişafın bütün mərhələlərində insanlar öz hiss və hə­yə­canlarını, həyata və dünyaya baxışlarını ifadə etməyə eh­tiyac duymuşlar. Bu ifadəetmə memuar mənbələrində daha ay­dın, daha əhatəli, daha dolğun əks olunur. Memuar ədəbiy­yatı müəllifin keçmiş, olanlar və keçənlər, insanlar, mühit, dövr haqqında yazılı əsəridir. Memuarist öz həyatını, çevrəsin­də olan insanları, ona müsbət və ya mənfi münasibət bəsləyən­ləri, ömür yollarının çətinliklərini, uğurlarını doğru-dürüst an­lat­maq­la canlı insan sürətləri yaradır, həyat həqiqətini tam əks et­dir­məklə müəyyən bir tarixi dövrün ab-havasını ədəbiyyata gə­tirir.

Bədii ədəbiyyata, xüsusilə ailə xronikası və tarixi belletris­tika­nın müxtəlif növlərinə yaxınlaşan memuar ədəbiyyatı on­lar­­dan həqiqətin dəqiq əks olunması ilə seçilir. Xatirələrdə keç­­­mişin hadisə və faktları onların iştirakçısının yaddaşında fər­di, subyektiv əks olunur. Yazıya köçürmə həm hadisələrin gedişində, həm də müəyyən bir vaxt keçdikdən sonra da edilə bi­lər. Memuarist əsasən öz yaddaşına əsaslanır, hadisələri yad­daşında necə qalıbsa, elə də əks etdirir. O, öz qarşısına ta­ri­xi faktları tədqiq etmək məqsədini qoymur. Nadir hallarda ilk tə­əs­süratların bəzisi yaddaşdan silinir, faktlar arasında mən­tiqi əlaqə itir. Bununla əlaqədar olaraq memuarist başqa mən­bələr­dən istifadə etməli olur.

Memuar ədəbiyyatının müxtəlif formaları var. Onun daha çox yayılmış forması gündəliklərdir. Gündəlik müəllifin şəxsi hə­­yatı haqqında qeydləridir. Memuar ədəbiyyatına aid olan tər­cümeyi-hallar üçün şəxsiyyət əsas obyekt olaraq götürülür. Burada şəxsiyyətin həyatında baş vermiş mühüm olaylar, də­yiş­­kən anlar əks olunur. Xatirələr memuar ədəbiyyatının nis­bə­­­tən mürəkkəb formasıdır. Burada müəllif daha çox sahəni əhatə etmək imkanına malik olur. Xatirələr memuarlar ədə­biy­­­yat tarixini bu və ya digər qiymətli seçmə sənədlərlə zən­gin­ləşdirir. Bu nümunələrdə ümumiləşdirmə, tipləşdirmə və in­­sanın mənəvi aləminə psixoloji daxilolma mümkündür. Hər hansı bir xülyaya yabançı olan memuarlar həqiqi hadisələri yalnız dürüst və dəqiq çatdırması ilə qiymətləndirilir. Onlara uydurmaların daxil edilməsi memuar janrının əsaslarını pozur, ona aid önəmli keyfiyyətləri əsaslı şəkildə təhrif edir. Xatirə mü­əl­lifinin real həqiqətləri istiqamətləndirməsi, keçmişin mən­­­zə­rəsini daha mükəmməl canlandırmaq istəyi sözügedən jan­­rın əsas xüsusiyyətləridir. Əgər memuarlarda müəllifin şəx­siy­yəti, surəti, onun xarakteri, sujetin açılması, genişləndiril­mə­si də diqqət mərkəzində olursa, onlara estetik məfhum kate­qoriyası kimi baxılır.

Xatirələri digər sənət əsərlərindən fərqləndirən əlamətlərin ən başlıcası şəxsi başlanğıcın bilavasitə və açıq şəkildə ifa­dəsidir. Bu ifadəetmə ilə müəllif ön plana çıxır. Nəqletmənin birinci şəxs tərəfindən aparılması əsas olsa da memuarların va­cib əlaməti deyil. Memuarlar üçüncü şəxsin dilindən müəllifin və ya digər şəxsin şifahi xatirələrinin qələmə alınması nəticə­sində də meydana gələ bilər. Həm də məsələ onda deyil ki, mü­əllif yalnız avtobioqrafik memuarlara məxsus xatirələri sü­jet mərkəzi yaradır. Əsası ondan ibarətdir ki, onlarda keçmiş haq­qında hekayə müəllifin sinfi, siyasi, son dərəcə şəxsi məq­səd­lə fərdi mənimsəməsi nöqteyi-nəzərindən qurulur. Belə­lik­lə, bütün hadisələr ya onların müəllifə münasibətində, ya da mü­­əllifin onlara münasibətində şərh edilir. Memuarlarda mü­əllif əsas rol oynayır və həmişə öz tərəfindən danışır. Oxucu da başqa şəkildə deyil, məhz onun vasitəsi ilə nəql olunan olay­­­larda iştirak edir. Onun şəxsiyyəti heç vaxt oxucudan hə­qiqəti gizlətməz, çünki müəllifin özü oxucu üçün hadisənin can­lı faktorundan başqa bir şey deyildir. Müəllif şəxsiyyəti me­­muar janrının əsas yaradıcısı kimi, onun quruluşu nöqteyi-nə­zəri kimi çıxış edir. Müəllif subyektivliyi hər hansı me­mua­rın ayrılmaz xüsusiyyəti ilə, ona məxsus vahid forma ilə keç­mişin mənzərəsini obyektiv surətdə anlaşılması ilə qarşıda du­rur. Ona görə də bəzən xatirə müəlliflərini subyektivlikdə gü­nah­landırmaq memuar janrı qanunlarını pozmaqdan başqa bir şey deyildir. Bu, ona süni surətdə qalibgəlmə təşəbbüsünə bə­rabərdir. Deməli, memuarlarda müəllif tərəfindən keçmişin təs­vir dərəcəsi onun şəxsi görüşü ilə müəyyənləşdirilir. Müəl­lif varlığın özünün görüş dairəsində olan hissəsini əks etdirir. Lakin memuar müəllifinin gördüklərinin və eşitdiklərinin dərk­edilmə dəyəri nə qədər böyük olsa da, memuar hekayələri təkcə bununla tamamlanmır. Yalnız müəllifin hadisələr haq­qın­­da şəxsi təəssüratını çatdıran xatirələr bir o qədər çox de­yildir və bunlar əsas etibarilə memuaristikanın sadə formasına xasdır. Bununla belə, ədəbiyyatda belə bir nöqteyi-nəzər yayıl­mışdır ki, memuar dairəsi yalnız hadisələrin bilavasitə işti­rak­çısının və ya şahidinin hekayələri təmsil olunmuş əsərlərdə məh­­dudlaşır. Memuar janrının bu subyektiv və özünəməxsus düşüncə anlayışı tarixi cəhətdən yaranan memuar abidələri ilə uzlaşmır. Memuar ədəbiyyatının klassik nümunələri kimi qə­bul edilən, real məzmunu bilavasitə müəllif tərəfindən qəbul edil­miş çərçivəyə heç də sığmayan küllü miqdarda xatirələr möv­­cuddur.

Keçmişi təsvir etmə xatirələrin başqa bir şəklinin əlamə­tidir. Onların yaranması dövründə müəllif xatirələr obyekti kimi zahir olunan olaylar dairəsindən və əlaqələr sistemindən kə­­narda olur: ya ona görə ki, o hadisələr artıq baş vermiş və bü­­tünlüklə keçmişə aid olur, ya da müəllifin hadisələrdə işti­rakı bu və ya başqa səbəblərə görə mümkün olmur. Hadisənin baş verməsi ilə memuarın yaranması arasında məsafə bir neçə həftədən bütöv onilliklərə qədər ola bilər. Belə bir məsafə kə­siyi çox vaxt keçmişin əks olunmasına kəskin şəkildə təsir edir. Əgər memuar müəllifinin yaddaşına vaxtın təsirini kənara qoysaq, o zaman bu əlaqədə bunları qeyd etmək lazım gəlir. Öncə, memuarist hadisənin özünün baş verdiyi dövrdə və ya bir qədər ondan sonra ilk təəssüratı tez qələmə almadıqda on­lar nadir halda şəxsin özünə aid ola bilir. Memuarist digər şa­hidlərlə təmasda olaraq şifahi, səmərəli məlumat prosesinə da­xil olur, öz müşahidəsini bölüşdürür, onların hekayələrinə qu­laq asır, onu daha çox narahat edən məqamları müzakirə edir. Bu­nunla da qeyri-iradi olaraq «başqasının məlumatını» təcrü­bə­dən keçirir.

İkincisi, memuar tərtibinə qədər bütün qalan dövr müd­də­tində ictimai fikrin təsiri. Bu və ya başqa hadisə keçmişə gedir, ta­rixçi alimlərin ardıcıl olaraq ona həsr edilmiş təcrübi ma­te­rialları, olaylar haqqındakı fikirləri ilə zəngin xüsusi işləri və yeni konsepsiyalarla birgə tarixi ənənə meydana gəlir. Keçmiş haqqında xatirələr kütləvi düşüncələrdə, ictimai təfəkkürdə ya­şayır və incəsənətdə də təmsil olunur. Sonrakı tarixi inkişafda çağdaş dövr üçün aktual olan keçmişin nöqteyi-nəzərləri biri digərinin ardınca ön plana çəkilir. Onların izahları xüsusi siya­si qurum dairəsinə düşərək ayrı-ayrı dönəmlərdə gərgin xarak­ter alır və nə qədər ki, hadisənin baş verdiyi vaxtdan onun me­muarda əks olunmasına qədər çox vaxt keçərsə, memuaristin müxtəlif amillərə yəqinliyini əks təsiri bir o qədər çox olur. Bu müvəqqəti pozulma həm də xatirə müəllifinin şəxsi fikrinin kə­­narlaşmasının nəticəsidir. Onun həm hadisə baş verdiyi dövr­­­də və həm də memuarın yaranması zamanı hadisələrə mü­nasibəti həmişə uyğun gəlmir. Əgər olaylar arasındakı fasilə illərlə, onillərlə hesablanarsa, bu özünü daha aydın göstərər. Hə­yati təcrübə əldə etməsi, eləcə də cəmiyyətdə yaranan yeni vəziyyət xatirə müəllifini bu hadisələrə əvvəlkinə nisbətən ayrı üslubda yanaşmağa vadar edir. Xatirələrin əhəmiyyəti onların subyektiv qiymətləndirilməsi ilə deyil, təsvir edilən hadisə­lə­rin təcrübi tərəfinin şərhi ilə nəticələnir. Bu baxımdan xatirə­lərin subyektivliyi onların öz təbiətlərinə xas xüsusiyyətləri ümumiyyətlə hər hansı bir qiymətdən məhrumdur. Bundan əla­və, bəzən bu, məlum çatmamazlıq kimi qiymətləndirilir ki, bunları da hökmən aradan qaldırmaq lazımdır. Bu əsasda xati­rə­lər əlavə mənbələr səviyyəsinə enir və nəticədə zəngin infor­masiya imkanları nəzərə alınmır. Bununla belə, göstərildiyi kimi mühitin yaranma sistemində subyektivlik müəllif mövqe­yindən ayrılmazdır. Bu planda təsvir edilən hadisəyə subyek­tiv münasibət xatirələrin yaranmasındakı ictimai-psixoloji mü­hiti dərk etmək üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

Memuarların əsas şəkli nişanəsi yaddaşdır. Bir termin kimi «memuarlar» həmin mənbələrin kateqoriyasını tam bərabər şə­kildə əks etdirən və tərcüməsi «yaddaş» olan fransız sözü «me­­moire»dir ki, bu da sözün rusca transkripsiyasından iba­rətdir. Lakin məsələ yalnız etimoloji qaydanın nəzərə alın­ma­sın­da deyil. Səciyyə etibarilə memuarların bir qaynaq kimi keç­mişə aid xüsusiyyəti və şəxsi yaranması özünə məxsus ilk mənbə kimi süzülür. Hələ Aristotel yaddaş və xatirə haqqında fikir yürüdərək belə hesab edirdi ki, yaddaş keçmiş təəssürat­ların dərk edilməsidir. Xatirə isə öz növbəsində düşüncədir, bi­zim nə isə hiss etməyimizin, qavramağımızın və ya öyrən­mə­­yimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bununla əla­qədar idrak aktının şərtləşdirilmiş qərarı. Yaddaş abstrakt tə­fək­kürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə şək­lin mühitə müəyyən dərəcədə aid edilməsinin dərk olunma­sıdır [288, s.55 ].

Yaddaş ünsürü bu və ya başqa dərəcədə insan şüurunun bü­tün aktlarında iştirak edir. Yaddaşsız mədəniyyət yoxdur. Fəl­səfi-psixoloji baxımdan insan gözü önündə baş verən çağ­daş olay­ları bilavasitə özünün təəssüratında hasil edir. Yaddaş tə­əs­süratda artıq olmuşların, qəbul edilmiş məlumatların, yəni keç­mişin anlayışının və keçmişi toplayıb saxlanması, möh­kəm­­lənməsi haqqında xüsusi bacarığıdır. Keçmişə çevrilmiş və predmeti gerçəklik olan memuarlarda heç bir başqa xüsu­siyyətlər hasil edilə bilməz. Olayların baş verməsi ilə me­muar­ların yaranması arasındakı müddət nə qədər çox olarsa, yad­daşın əhəmiyyəti bir o qədər artar. Hadisələrin mənbələri onla­rın müasirləri üçün üstünlük təşkil edən əksetmə forması heç də yaddaş deyil, psixologiyada qəbul olunan ad kimi, yaddaş bilavasitə təəssüratın hasil edilməsi kimi adlandırılır. Öz təbiə­ti ilə yaddaş seçiləndir və zaman keçdikcə əsasən zəif­ləyir. İlk təəssüratlar daha sonrakılar tərəfindən sıxışdırılaraq aradan gö­tü­rülür, tamamilə yaddan çıxarılır, meydana çıxan boşluqlar isə qeyri-iradi olaraq xəyali epizodlar və təfsilatlarla dolduru­lur. Yaddaş düşünmədən və şüurlu surətdə seçimi başa çatdı­rır, keçmişi dağıdaraq eyni zamanda onu canlandırır. Ona görə də keçmişi düşüncədə canlandırmaq məqsədilə təsvir edil­miş dövrü təmsil edən xatirələrdə memuaristin mətni təs­hih etmək, xüsusən orada şəxsi iştiraki tamamilə təbiidir. Əgər bu qay­naq­­ların xeyli miqdarı müəllif yaddaşı prizmasından keçmişsə, necə olursa-olsun, keçmişi yaratmaqda yardımçı rol oynayır. Yaddaş insanın daxili subyektiv aləminin idarə etmə­si­nin va­sitəsidir. Məhz bu faktor bizi əhatə edən mühitin bü­tün­lüklə qav­ranılmasını müəyyən edir. Yaddaş olmuşları, olan­­ları və ola­caqları obyektivcəsinə mühakimə etməyə im­kan yaradır.

Beləliklə, memuarlar digər yazılı mənbələrdən keçmiş il­lə­rin yaddaşda əksolunma üsulu ilə fərqlənir. Məhz yaddaşın kö­məyi ilə memuaristin gündəlik fəaliyyətinin incəliklərinin və onu əhatə edən insanların təsviri vasitəsilə önəmli tarixi fakt­lar əks olunur. Yaddaş insanın xarici aləmlə mürəkkəb əla­qəsinin nəticələrindən biridir. Lakin bu, olayların passiv ini­kası deyil­dir, əksinə, o, insanın təcrübi fəaliyyəti ilə əlaqə­dar­dır. Me­mu­ar­ların əsasını hadisələrin yaddaş vasitəsilə əks olun­masının fəal xüsusiyyəti təşkil edir. Lakin bu əksolunma keçmişin ta­ma­milə eyni olan reproduksiyası deyil, memuaris­tin təcrübi fəaliyyətinə yönəldilmiş məqsədidir. Keçmiş hadi­sələrin əksi şüurlu olaraq nəzərdə tutulmuş məramın nəticəsin­də meydana çıxır və o, insan təfəkkürü ilə sıx bağlı bir pro­ses­dir.

XATİRƏ ƏDƏBİYYATININ İLKİN

QAYNAQLARI
Azərbaycan ədəbiyyatı tarixində xatirələr uzun inkişaf mər­­­hələləri keçmişdir. Orta əsr müəllifləri ayrıca xatirələr və tər­­cü­meyi-hallar yazmasalar da, əsərlərində özlərinin və ya baş­qa­la­rının, xüsusən də müasirlərinin həyat və fəaliyyətlə­rin­dən bəhs etmişlər. Xatirə ədəbiyyatının ilkin qaynaqlarına Nə­sirəd­din Tusi, Əbül Əla Gəncəvi, Xaqani Şirvani, Nizami Gən­cə­vi və digər klassiklərin əsərlərində təsadüf edilir. Qaynaq­lar­da Əbül Əla Gəncəvinin Xaqani Şirvaniyə yazdığı bir şeirində Xa­qani haqqında, onun təxəllüsü, şeir aləminə gəlməsi, ona mü­­nasibəti haqqında məlumat verilir.

Gözümüzə işıq, həm oğlumuzsan,

Mən isə ustadın, həm də qaynatan.

Şagirdim olmağa göstərdin rəğbət

Sənə qızım verdim, eylədim hörmət.

Sənin hünərinə bel bağlamışdım,

Sənin şairlikdə dilini açdım.

Səni xaqana mən özüm göstərdim,

Xaqani adını sənə mən verdim.

Qeyd etmək lazımdır ki, ədəbiyyatşünas Qafar Kəndli Əbül Əlanın Xaqaninin qaynatası olması fikrini elmi əsası ol­mayan bir qurama adlandırır və buna ən yaxşı, tutarlı dəlil kimi Xa­qaninin öz kürəkəni Şəhabəddinə yazdığı məktubu gös­tərir. «Bu məktubda Xaqani bir kəndli qızını sevdiyindən, bu sevgi ilə bağlı olaraq başının çox ağrıdığından danışır. Vur­ğu­nu ol­duğu bu kəndli qızı ilə 25 il xoşbəxt yaşadığından, o diriykən başqası ilə evlənmədiyindən söz açır» [31, c.2, s.357]. Gö­rün­düyü kimi, şeirdəki fikirlərlə alimin gəldiyi nəticələr tam fərq­lidir. Hər halda Ə.Gəncəvi şeirində öz qızını Xaqaniyə ver­mə­sini açıq-aydın yazmışdır.



Xatirə örnəkləri təzkirələrdə daha çoxdur. Burada müəl­lif­lər haqqında məlumatlar faktik məlumatlar əsasında yazılıb bi­oq­rafik xarakterə malikdir. Təzkirələr bio-biblioqrafik qaynaq hesab edilir və təzkirəçilərin bu əsərlərdə bəzi müəlliflər haq­qında, xüsusən öz çağdaşları haqqında nisbətən geniş məlumat vermələri çox maraqlıdır. «Təzkirə» sözünün özü də ərəbcə xa­tırlatmaq, xatirat, tərcümeyi-hal deməkdir. Təzkirələrdə gör­kəmli şair və yazıçıların həyat və yaradıcılığı haqqında məlu­mat, əsərlərindən nümunələr verilir. Sam Mirzə, Əhdi Bağda­di, Əlişir Nəvai, Mir Möhsün Nəvvab və başqalarının təzki­rə­ləri olmuşdur. Bəzi təzkirə müəllifləri öz müasirlərindən da­nış­dıqda «bu həqir» deyə özünün həmin şəxslərin bir çoxu ilə görüşdüyünü qeyd edirlər. Təzkirələrdə orta əsr müəlliflərinin həyatı və yaradıcılığı haqqında məlumatlar daha önəmlidir. Azərbaycanlı təzkirəçilərdən zəmanəmizə yaxın bir dönəmdə yaşamış, böyük alim və ədib Mirzə Məhəmmədəli Tərbiyət Təb­rizini (1875-1940) xüsusilə qeyd etmək olar. Onu da nəzə­rə çatdırmaq lazımdır ki, M.Tərbiyət müəllimlik də etmişdir. Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Zeynalab­din Qiyami «Xatirat»ında Mirzə Məhəmmədəli Tərbiyətin 1898-1903-cü illərdə göstərdiyi müəllimlik fəaliyyətindən ge­niş danışmışdır. Xatirələrdən məlum olur ki, Tərbiyətin bir alim kimi yetişməsində Mirzə Abdulla adlı alimin zəhməti çox ol­muşdur. Onun köməyi və göstərişi ilə Tərbiyət Təbrizdə yer­ləşən bir sıra kitabxanalara yol tapa bilmişdir. Mirzə Abdul­lanın vəfatından sonra isə onun kitabxanası M.Tərbiyətin ixti­yarına verilmişdir [243, s.4]. Çox güman ki, bütün bunlar «Da­nişməndani-Azərbaycan» təzkirəsinin yaranması üçün bir zə­min olmuşdur. Müəllif təzkirədə Azərbaycanın görkəmli şəx­siy­yətlərinin tərcümeyi-hal və yaradıcılığı haqqında dəyərli məlumatları nəzərə çatdırmışdır. O, Xətib Təbrizinin (1030-1109) əsərlərinin birində ana dilinin Azərbaycan dili oldu­ğu­nu qeyd etdiyini göstərir. M.Tərbiyət Xətib Təbrizinin həyatı haq­qın­da maraqlı bir hadisəni Yaqut Həməvinin «Məcməül-üdə­ba» («Ədiblər məcmuəsi») əsərinə əsasən vermişdir. Malik Mah­­mudov Xətib Təbrizinin həyat və yaradıcılığından bəhs edən monoqrafiyasında M.Tərbiyətin təzkirəsindən və digər etibarlı mənbələrdən istifadə edərək yazmışdır: «Xətib Təbrizi qazandığı biliklərlə kifayətlənmir, o, təhsilini artırmaq, filolo­gi­ya elminin bütün sirlərinə vaqif olmaq üçün inadla çalışır. Təbrizdə alim məşhur leksikoqraf Əbu Mənsur Məhəmməd əl-Əzhərinin «Ət-Təhzib fi-l-lüğə» («Dildə düzəliş») adlı əsərini əldə edir. Əsəri diqqətlə oxuyan alim rast gəldiyi bəzi dilçilik məsələlərini aydınlaşdırmaq üçün İbn-Xəlliqanın göstərdiyinə görə Təbriz alimlərinə müraciət edir və ona o dövrün məşhur şairi və dilçisi Əbul Əla əl-Məərrinin yanına getməyi məsləhət görürlər» [147, s.24]. Xətib yoxsul olduğu üçün kitabları mi­nik­­lə aparmaq imkanı olmur. Buna görə də kitabları bir kisə­nin içinə qoyub çiyninə atır və Təbrizdən Müərrə şəhərinə yol­lanır. Kitablar ağır olduğu üçün Xətib yolda tərləyir və tər ki­tablara keçir. O, Bağdada çatdıqda kitablarda tər ləkəsindən baş­qa bir şey qalmır.

Yaqut Həməvinin təzkirəsinə əsasən müəyyənləşmişdir ki, Xətib Təbrizi Əbul Əlanın «ölümündən sonra da elmi axtarış­larını dayandırmamış, təhsilini dövrünün tanınmış alimlərinin ya­nında davam etdirmişdir. Yaqut Əl-Həməvi bu alimlərdən ona qədər şəxsiyyətin adını çəkir» [21, s.82]. Xətib Təbrizinin «Şərh əl-Həmasə» əsərində də «onlarla şair, ədib, tənqidçi, dil­çi, tarixçi və alimin adı çəkilmiş, onların əsərlərindən nü­mu­nə­lər verilmiş, onların fikir və mülahizələri, dövrün ədəbi həyatı kontekstində araşdırılmışdır... Bu dövrün ədəbiyyat mə­sə­lə­lə­ri­nin tədqiqi, ərəb və ümummüsəlman şairlərinin həyat və ya­ra­dıcılığı ilə yaxından tanışlıq, dövrün ədəbiyyatına XI əsr sə­viy­yəsindən nəzər salmaq üçün bu şərh ən qiymətli ədə­biy­yatşünaslıq mənbələrindən biridir» [21, s.191].

Yenidən təzkirələrə fikrimizi yönəltməklə qeyd etməliyik ki, burada müəlliflərin həyatları haqqında maraqlı hadisələr se­çilib verilməsi böyük önəm daşıyır. Bu xüsusiyyətlər Əmir Kə­maləddin Hüseyninin «Məcalisül-üşşaq» («Aşiqlər məcli­si») təzkirəsinə də şamil edilə bilər. Belə ki, burada İma­dəd­din Nəsiminin həyatı və faciəli ölümü haqqında məlumat baş­qa təzkirələrə nisbətən geniş verilmişdir. Təzkirə müəl­liflə­ri­nin onlarla şəxsən yaxın və əlaqədar olan şəxsiyyətlər haqqın­da verdikləri məlumat daha dəqiq olduğu üçün həm də çox ma­raqla istifadə edilir. Məsələn, başqa təzkirələrdə də məlumat olmasına baxmayaraq Sam Mirzənin (1517-1567) «Töhfəyi-Sami» təzkirəsində atası Şah İsmayıl Xətainin (1486-1524) ya­radıcılığı haqqında ilk məlumatı daha səhihdir. Təzkirədə Sam Mirzə atasının tərcümeyi-halından və şeirlərindən bəhs etmiş­dir. XV yüzilin sonu XVI yüzilin əvvəllərində yaşamış, Azərbaycan şeiri tarixində önəmli yer tutan Həbibinin həyatı haqqında da ilk və mühüm məlumatı Sam Mirzə «Töhfəyi-Sami»də vermişdir.

Dövlətşah Səmərqəndinin «Təzkirətüş-şüəra» əsərində də elm, mədəniyyət və ədəbiyyat xadimləri haqqında maraqlı mə­lumatlar verilmışdir. Təzkirə müəllifinin XIII əsrin sonu XIV əsrin əvvəllərində poeziyamızın inkişafında əhəmiy­yətli yer tutan şairlərdən olan Əvhədi Marağalı (1274-1378), XIV yüzilin görkəmli şairi Əssar Təbrizi (1310-1390) və baş­qa şairlərimiz haqqında verdiyi məlumat ən səhih qaynaq­lardan hesab edilməklə bərabər tərcümeyi-hal örnəklərini aş­kar­lamaq baxımından diqqət çəkir. Qaynaqlara əsasən Dövlət­şah Səmərqəndinin Əssar Təbrizi haqqında məlumatı, onun yük­sək məhəbbəti, səmimi dostluğu tərənnüm edən «Mehr və Müştəri» poemasını yazma səbəbi şairin dili ilə belə izah edi­lir: «Ağır günlərimdə mənə həyan olan səmimi və sadiq dos­tum bir gün yanıma gəlib mənə dedi: sənin şirin sözlərin, xoş diləyin, rəvan təbin var. Şeir aləmində tanınan sənətkarsan, şairlərin dilində ustad adlanırsan. Divanında məsnəvidən başqa hər cür şeir vardır. İndi də bu sahədə özünü imtahan et ki, ya­rat­dığın divan bu məsnəvi ilə tamam olsun. Elə bir dastan ya­rat ki, gələcək nəsillər səni heç vaxt unutmasın» [240, s.16]. Dos­tunun bu nəsihətləri şairə xoş təsir bağışlayır. Onun söz­lərində rəddedilməz məntiq olduğunu görən şair etiraz etmir, «Mehr və Müştəri» əsərini qələmə alır.

«XVI əsrdə Bağdadda yaşayan Azərbaycan şairləri haqqın­da bir sıra əsaslı məlumata Əhdi Bağdadinin «Gülşəni-şüəra» adlı təzkirəsində rast gəlirik. Bu təzkirədə həmin şairlərin tək-tək qəzəl və beytləri saxlanılmışdır ki, həmin şeirlər... Füzu­linin müasiri olan və Bağdadda yaşayan Azərbaycan şairlə­ri­nin öz ana dillərində sənətkaranə əsərlər yazıb-yaratdıqlarını aydınlaşdırmağa əsas verir» [27, s.362].

XIX əsr Azərbaycan ədəbiyyatına daxil olan təzkirə nümu­nələrinə aid S.Ə.Şirvaninin, M.M.Nəvvabın, M.Müctəhidza­də­nin təzkirələri xüsusilə qeyd olunmalıdır. 280-dən çox sənət­kar haqqında məlumat verilmiş S.Ə.Şirvani təzkirəsindən son­ra 107 şairin həyat və yaradıcılığı haqqında məlumat və əsər­lərindən nümunələri əhatə edən «Təzkireyi-Nəvvab» XIX əs­rin ən əhatəli təzkirə nümunəsi kimi qiymətləndirilə bilər. Təz­­kirənin ən maraqlı cəhəti odur ki, Nəvvab haqqında məlu­mat və əsərlərindən nümunələr verdiyi şairlərdən avtoqraf top­la­mışdır ki, buna da Nəvvaba qədər heç bir müəllifin təzkirə­sində təsadüf olunmur. Təzkirədə Nəvvabın özü haqqında ver­diyi məlumat daha əhatəli və dolğundur. Burada müəllif tər­cü­meyi-halının bəzi məqamlarına toxunmuş və əsərləri haqqında qısa məlumat vermişdir. Əsərlərini yazmaqda əsas məqsədi öz həmdəmlərinə və millətə səmimi xidmətdən başqa bir şey olmadığını qeyd edən Nəvvab ümid edir ki, din qardaşları onu xeyir-dua ilə yad edəcəklər. Təzkirənin məqsədi barədə Nəv­vab yazır: «Təzkirənin məqsədi zəmanə şairlərinin həyat və ya­­radıcılığını dövran ariflərinə çatdırmaq olduğundan mən bu məqsədə əməl etdim, aqillərə əziyyət verib, bu sətirləri yaz­dım» [191, s.238].

XX əsr Cənubi Azərbaycan alimi Əziz Dövlətabadi «Sü­xən­­vərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cil­dində [292] 352, II cildində [293] 499 fars dilində yazan Azər­baycan şairləri haqqında məlumat vermişdir. Əziz Döv­lə­tabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhər­lərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa­yan 228-dək farsca yazan azərbaycanlı» [102, s.61] şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının gör­kəm­li nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şir­vani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəa­liyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan ve­rir.

Azərbaycanın qədim dövrlərdən XIX əsrin əvvəllərinə qə­dər yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərinin tərcümeyi-hal­ları Çingiz Qacarın əsərində daha dolğun işıqlandırılmışdır. Təz­kirə səciyyəli əsərdə ədib, alim, filosof, şair, rəssam, me­mar, musiqişünas, dövlət xadimləri, sərkərdə və digər sahə­lə­rin tanınmış insanlarının həyat və fəaliyyətləri konkret də­lil­lərlə əsaslandırılıb öyrənilmişdir. Müəllif qədim və orta əsr mən­bələrinə, çağdaş dövrün alimlərinin əsərlərinə və digər eti­barlı mənbələrə əsaslanmaqla hər bir şəxsiyyətin tərcümeyi-halını dolğun şəkildə canlandırmağa müvəffəq olmuşdur. O, XV əsrin böyük siyasi xadimi və sərkərdəsi olmuş Uzun Hə­sən haqqında onun sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol qeydlərindən nümunə gətirərək ya­zır: «Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında hə­mişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxu­yub-oy­nayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qır­mızı sifət bir kişidir və üzündə tatar çizgiləri var» [131, s.188].

Yaxın Şərq, eləcə də Azərbaycan ədəbiyyatında geniş ya­yılmış lirik şeir növü olan rübailərdə şairin dünyagörüşü, onu əha­tə edən mühit və insanlardan aldığı təəssüratı, arzu və is­təkləri, öz dövrünün ictimai-iqtisadi durumu ifadə olunur ki, bun­ları da xatirə ədəbiyyatının ilkin qaynaqları hesab etmək olar. «Rübailərdə həm məhəbbət, vüsal, hicran, həm didaktik nəsihətlər, həm zəmanədən və vəziyyətdən şikayətlər, həm fəl­səfi hikmətamiz mülahizələr, həm təbiət mənzərələri, bir sözlə şairin ümid və arzuları, hər bir ruhi təəssüratı geniş şəkildə öz əksini tapır» [208, s.4]. Ədəbiyyatşünas Məmmədağa Sulta­nov doğru olaraq qeyd etmişdir ki, «çox zaman rübaidən da­nı­şanda XI əsrin böyük mütərcimi, alim-şair Ömər Xəyyam yad edilir. Onun rübailəri yeganə tamamlanmış əsər kimi nümunə gös­tə­ri­lir. Bu, əlbəttə tarixin Xəyyam taleyinə bəxş etdiyi bir töh­fə­dir. Halbuki, Azərbaycanda rübai bir janr kimi meydana gəl­diyi zaman hələ Xəyyam anadan olmamışdı» [208, s.4]. XI əsr Azərbaycan şairi Qətran Təbrizi (1012-1088) Ömər Xəy­­yam­dan çox-çox əvvəl məharətlə qələmə aldığı rübailər mü­əlli­fidir. Rübailərin əksəriyyəti onun qəlb istirablarını ifadə edir.

Ancaq sənin ilə qəlbim olur şad,

Çünki vəslindədir bilirəm murad.

Ürəyim kədərlə dolanda hərdəm,

Xəyalın kədərdən eləyir azad [208, s.12].
Bəxtə bax, mənimlə düz gəlmir aləm,

Hamı düşmən olmuş, yox bircə həmdəm.

Mənimtək görəsən bir bədbəxt varmı,

Yardan ayrı düşüb çəksin dərdü qəm?! [208, s.13].

Q.Təbrizinin bir qisim rübailərində hərəkət, dinamika nə­zə­­ri cəlb edir:

Məni ölmüş görsən, yanımda dayan,

Diqqətlə nəzər sal, həsrətimlə yan!

Əyləş başım üstə ahəstə söylə:

«Səni öldürməyə oldum peşiman» [208, s.16].

Məşhur rübai ustadı Ömər Xəyyam haqqında ədəbiy­yat­şü­nas Y.Bertelsin 21 iyun 1935-ci ildə Leninqradda (indiki Sankt-Pe­terburq) yazdığı eyniadlı məqaləsində şairin irsi hər­tə­rəfli və geniş şəkildə araşdırılmışdır. Alim Xəyyam rübailə­ri­ni nəşr edən xarici müəlliflərin tədqiqatlarından, əsərlərinin İngiltərədə, Amerikada və digər ölkələrdə nəşr tarixindən bəhs edərək Xəyyamın mənşəyi, rübailəri haqqında mübahisəli fi­kir­lərin şərhinə çalışır. Böyük şairdən bəhs olunan məqa­lələr­də o, Heyne, Volter, Əbül Əla Müərri, Spenser və digərləri ilə mü­qayisə edilir. Bertels bütün bu müqayisələrə tənqidi yanaşır və qeyd edir ki, Ömər Xəyyamı «Qərbin və Şərqin bütün bö­yük adamları ilə sevinə-sevinə müqayisə etmək xəstəliyinə çox­larının tutulduğu bir zamanda birdən açıq ağlın birinci xə­bərdarlığı gürladı. 1897-ci ildə Peterburq Universitetinin pro­fes­soru V.A.Zuqovski «Ömər Xəyyam və «gəzici» rübailər» adlı məqaləsini nəşr edir. Bu məqalədə Zuqovski birinci dəfə olaraq Xəyyam haqqında ən qədim tərcümeyi-hal məlumatını dərc edir ki, bunlar İran təzkirəçilərinin sonra yazılmış pom­pil- yativ əsərlərindən alınan və o zamana qədər şərqşünaslar ara­sında belə sərbəst gəzən lətifələrə ağır zərbə endirir. İkincisi, bəlkə də ən əhəmiyyətlisi olaraq Zuqovski göstərir ki, o zaman ən yaxşı nəşriyyatlardan sayılan Niqola və Uinfildin nəşriy­ya­tındakı rübailərdən 82-si nəinki Xəyyama isnad verilir, həm­çinin bunlara digər şairlərin, Zuqovskinin hesabı ilə 46 şairin külliyyatında təsadüf edilir ki, bu şairlərin bir hissəsi Xəyyam­dan xeyli əvvəl və digər hissəsi xeyli sonra yaşamış və yaz­mış­dırlar» [41, v.6].

Bertels böyük şairin tərcümeyi-halını ətraflı şərh edir, hə­ya­­tına aid rəvayətləri qələmə alır, Xəyyamın yaşadığı dövrdə tə­riqət mübarizələri haqqında məlumat verir. Ömər Xəyyamın həyatının son illəri haqqında tərcümeyi-halların heç bir bilgi ver­mədiyini qeyd edən məqalə müəllifi belə zənn edir ki, şair hə­yatının bu mərhələsini insanlardan qaçaraq və ona əziyyət verən məsələlər üzərində çox düşünərək keçirmişdir.

XI əsrin sonu


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin