Hər azərbaycanlının əlinə batan tikan mənim ürəyimə sancılır



Yüklə 37.97 Kb.
tarix24.06.2017
ölçüsü37.97 Kb.
Vaqif Ucatay: “Hər azərbaycanlının əlinə batan tikan mənim ürəyimə sancılır”

Vaqif Ucatay 1955-ci ildə Dəvəçi rayonunda anadan olub. O, 1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib, 1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirib. Vaqif Ucatay 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. Rəssam 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. O, bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır.

2006-cı ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. 2007-ci ildən rəssamın fərdi sərgisi açılıb. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib.

Vaqif Ucatayın ən böyük əsərlərindən biri onun 1987-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Rəssamlıq Akademiyasının “Boyakarlıq” fakultəsini bitirərkən yazdığı diplom işidir. Vaqif Ucatayın ikinci dünya müharibəsi zamanı mühasirə şəraitində olan Leninqradda keçirilmiş Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş məqaləsi:

Mən Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) 1987-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Rəssamlıq Akademiyasının “Boyakarlıq” fakultəsini bitirərkən diplom işimi (tablomu) ikinci dünya müharibəsi zamanı mühasirə şəraitində olan Leninqradda keçirilmiş Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etmişəm. Hələ Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində ikən (1978) diplom mövzusu kimi məhz bu hadisəyə-Nizaminin yubileyinə müraciət etmək istəyirdim. O zaman bu haqda heç kəsdən heç bir bilgi ala bilməyəcəyimdən həmin işi gələcəyə-Leninqrada saxladım. Belə ki, 1979-cu ildə təhsilimi davam etdirmək üçün incəsənətin beşiyi olan Leninqrad şəhərinə yollandım. 1981ci ildə Akademiyaya daxil oldum. Elə o zamandan 1941-ci ildə Leninqradda keçirilmiş Nizaminin 800 illik yubileyi ilə ciddi maraqlanmağa başladım.

Bunun üçün araşdırmalarıma ilk olaraq Leninqrad Dövlət Universitetindən (o vaxt universitet Jdanovun adını daşıyırdı) başladım. Orada birinci gördüyüm kəs Nizami yubileyinin iştirakçısı, fars dili mütəxəssisi, professor Aleksandr Nikolayeviç Boldırev oldu. O da məni həmin yubileyin daha bir iştirakçısı-həyat yoldaşı, Türk dili mütəxəssisi, universitetin professoru Viktoriya Stepanovna Qarbuzova ilə tanış etdi. Daha sonra prdofessor Boldırev məni universitetin “Türkologiya” kafedrasında çalışan həmyerlimiz Əfrasiyab Vəkilovla görüşdürdü. Əfrasiyab müəllimi 1980-ci ildə, Leninqradda təhsil alan azərbaycanlı tələbələrlə birlikdə oradakı “Bakı” restoranında (Novruz bayramı keçirdiyimiz vaxt) görmüşdüm. Lakin mən onunla tanış deyildim. Həm Boldırev, həm də Əfrasiyab müəllim gəlişimin səbəbini öyrəndikdə çox sevindilər, bu vaxta qədər heç bir azərbaycanlının belə gözəl mövzu ilə maraqlanmadığından gileyləndilər. Bu işə çox ciddi yanaşdığımı görərək əllərindən gələn köməyi mənə edəcəklərinə söz verdilər.

Burada mən Əfrasiyab müəllimi xüsusi hörmət və məhəbbətlə yad edirəm. Nizaminin yubiley tədbiri keçirilən zaman Əfrasiyab müəllim cəbhədə (öncə Sovet- Fin, daha sonra 2-ci Dünya savaşında) olduğu üçün orada iştirak edə bilməmişdi. Lakin o, bir azərbaycanlı kimi həmin hadisə ilə bağlı çoxlu məlumat toplamışdı. Elə Boldırev də məni Əfrasiyab müəllimin yanına gətirərkən, “Əfrasiyab Paşayeviç həmin yubileydə olmasa da, bu haqda biz iştirakçılardan daha çox bilir” dedi.

Beləliklə mən bu vaxta qədər nə fəlsəfi, nə siyasi, nə də mənəvi baxımdan tayı-bərabəri olmayan möhtəşəm bir tarixi hadisə ilə qarşılaşdım.

Mənə atalıq qayğısı ilə yanaşan Əfrasiyab Paşa oğlu Vəkilov, Səməd Vurğunun yaxın qohumu idi (o zahirən də Səməd Vurğuna bənzəyirdi). Müharibədən öncə universitetin riyaziyyat fakultəsinə daxil olan Əfrasiyab müəllim 5-6 il cəbhədə olduğundan təhsilini riyaziyyat yox, ədəbiyyat fakultəsində davam etdirməli olub. Buna baxmayaraq, onda bir riyaziyyatçı dəqiqliyi, riyaziyyatçı məsuliyyəti qalmışdı.

Əfrasiyab müəllim Nizami yubileyinə aid illər boyu topladığı materialları çox səliqə-səhmanla mənə təqdim etdi. Həmin sənədlər içərisində məni ən çox həyəcanlandıran yubileyin dəvətnaməsi oldu. Saralmış dəvətnamənin üzərində düz 40 il öncə olmuş bu qeyri-adi möhtəşəm bayrama çağırış sözləri yazılmışdı: “1941-ci il oktyabr ayının 19-da saat 14:00-da Dövlət Ermitajında Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi keçiriləcək.”

Dəvətnamədəki həmin sözlər məndə ölçüyəgəlməz coşqu və fərəh hissi yaratdı. Bir Türk, bir Azərbaycan vətəndaşı olaraq həmyerlim Nizami ilə fəxr edirdim.Yubiley tədbiri keçirilən zaman Leninqrad ziyalısının gündəlik qidasının ancaq 200 qram “çörək”dən (həmin çörəyin yarısı un, qalan yarısı isə göz aldatmaq üçün istənilən bir şey olurdu) ibarət olduğunu bildiyimdən gözümdə bu fədakar insanlar daha da böyüyürdü.

Mən işə başlarkən özümə verdiyim suallardan ibarət siyahı tərtib etdim. Bu suallardan bəzilərini xatırlatmaq yerinə düşər: – Mən kiməm?, Mənim xalqım kimdir?, Nizami kimdir?, Niyə məhz Nizami yada düşüb?, Bu hadisənin dəyəri nədədir?, Həmin yubileyi keçirməklə bu insanlar kimə, nəyi sübut etmək istəmişlər? və s. Özümə verdiyim suallara cavablar tapmağa çalışırdım.

Bu sualların ən vaciblərindən bəlkə də birincisi Nizaminin kim olduğunu özümün dərk etməyim idi. Bunun üçün 1981-ci ildə Nizaminin 840 illik yubileyi ilə əlaqədar çap olunmuş şairin “Xəmsə”sinə daxil olan 5 kitabın hər birini 2 dəfə oxumalı oldum. Bununla da Nizami Gəncəvinin əsərlərində tərənnüm etdiyi “ideal cəmiyyətlə” Sovet idealogiyasının təbliğ etdiyi “Kommunizm”, Nizaminin lənətlədiyi Ənuşiravanla bəşəriyyətə qənim kəsilmiş Hitler arasında çox dərin bağlılıq gördüm.

Daha sonra öz dövrünün böyük alimlərinin Nizami Gəncəvi haqqında araşdırmaları ilə tanış oldum...

Nizamişünaş alim Bertels yazırdı: “Nizaminin dövründə həm şərqdə, həm də dünyada böyük mütəfəkkir alimlər və şairlər var idi. Lakin Nizami onların hamısından bir baş böyük idi.”Yubileyin təşkilatçısı akademik İosif Abqaroviç Orbeli (fars dili mütəxəssisi, Ermitajın o zamankı direktoru) öz xatirələrində yubiley tədbirinin 1941-ci il oktyabr ayının 17-sində keçirildiyini yazır. Bu tarix dəvətnamədəki tarixlə (19 oktyabr 1941) ziddiyyət təşkil etdiyindən iclasın keçirilmə vaxtını dəqiqləşdirmək üçün Leninqradın əsas qəzetlərindən “Veçerni Leninqrad” , “Smena” , “Leninqradskaya pravda” ; Moskvanın “Pravda” , “Trud” , “İzvestya” qəzetlərinin 18, 19, 20 oktyabr 1941-ci il saylarını gözdən keçirdim. Bu qəzetlərin hər biri 19 oktyabr 1941-ci il tarixində Dövlət Ermitajında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsini təsdiq edir.

Yubiley gününün dəqiqləşdirilməsi, mənə gələcək tabloda pəncərədən təsvir edəcəyim həmin günün havasının dəqiqliklə necə olduğuna görə vacib idi. Buna görə də mən Leninqradın Meteoroloji mərkəzinə gedərək 1941-ci il oktyabr ayının 19-da havada temperaturun +1 dərəcə, səmanın isə Leninqrad üçün xas olan gümüşü-boz rəngdə olduğunu, gecə saat 1-də isə qar yağdığını öyrəndim.

Sonra yenidən Ermitaja qayıtdım. Araşdırmam zamanı iclasın “Məktəbli kabinetində” (indiki iclas zalı) keçirildiyini, burada 91 adamın iştirak etdiyini aydınlaşdırdım. İştirakçıların sayını əks etdirən siyahısı Ermitajın arxivində idi. Bu siyahının surətini əldə etməkdən ötrü düz 1 il çalışdım. Uzun əziyyətdən sonra əldə etdiyim siyahının 1 nüsxəsini vətənə qayıtdıqdan sonra Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinə təqdim etdim. Qalan 2 nüsxənin biri Əfrasiyab müəllimdə, digəri isə məndədir. Həmin siyahı da dəvətmədə göstərilən tarixi təsdiq edirdi.

Bütün bu dəqiqləşdirmədən sonra yubiley ilə bağlı məlumatları iştirakçıların xatirələrindən öyrəndim. Yubileydə çıxış edənlərin çıxışlarını oxumaqla yanaşı, onların həmin dövrə yaxın illərə aid fotoşəkillərini əldə etdim.

Bundan başqa Ermitaja gedərək yubileyin keçirildiyi zalı araşdırmağa başladım. Bunun üçün zalda karandaşla etdiyim eskizlərlə yanaşı həm metrə ilə zalın ölçülərini dəqiqləşdirdim, həm də oranın görünüşünü müxtəlif nöqtələrdən fotoya aldım. Zalın ölçüləri: uzunluğu 16 m., eni 8, hündürlüyü 7 m.-dir. Zalda hündürlüyü 5, eni 2 m. olan 4 pəncərə vardır. Pəncərələrdə qalın, ağır pərdələr asılıb. Bu pərdələr tabloya bir əzəmət, təntənə verir. Pəncərələrin arasınakı məsafə 1.5 m.-dir. Bu aralarda qədim Misir, Yunan və Romanın məşhur memarlıq abidələrinin maketləri olub. Pəncərələrdən çöldə Neva çayı, çayda “Polyarnaya Zvezda” (Qütb ulduzu) gəmisi (Həmin gəmidən Ermitajın elmi işlər aparılan otaqlarına elektrik cərəyanı verilirdi.) çayın o tayında Leninqradın rəmzinə çevrilmiş məşhur Petropavlovsk qalası görünürdü. Səmada isə çoxlu sayda hava balonları- drijabl var idi (Həmin hava balonları Leninqrad üzərində alman təyyarələrinin uçuşuna maneə yaradırdı.). Mən tablonu çəkərkən əsərdə qarışıqlıq olmaması üçün hava balonlarını və Nevadakı gəmini təsvir etmədim. Əsəri yaradarkən zaldakı pəncərələrin ancaq ikisini göstərməklə yanaşı, pəncərədən çöldə Neva çayını və Petropavlovsk qalasını təsvir etməklə kifayətləndim. Tablonun qızıl kəsişmə xətləri üzərində olan bu pəncərələrin şüşələrinə “X” şəklində enli kağızlar yapışdırılmışdır (həmin kağızlar bombardman zamanı pəncərə şüşələrinin bütöv halda düşməsinə mane olurdu). İclas zalını tavandan bir qədər aşağıda bütün divarlar boyu nəbati ornament çevrələmişdir. Həmin naxışın bir hissəsi pəncərələrin arasında, yuxarı tərəfdə, divarda görünməkdədir. Yubiley iştirakçılarının arxasında əyləşdikləri masanı da pəncərələrin qarşısında təsvir etdim. Masa arxasında əyləşmiş yubiley iştirakçılarının başları üzərində, pəncərənin qarşısında molbertdə, tablonun mərkəzində Nizami Gəncəvinin ayaq üstə portreti vardır (portret tablonun mərkəzində, qızıl kəsişmə xəttlərinin görşmə sahəsindədir). Portretin molbert üzərində verilməsi hadisənin qısa və gərgin vaxtda, keçirildiyinə görədir. Əslində isə yubileydə Nizaminin portreti olmamışdır. Çünki 1940-cı ildə Qəzənfər Xalıqovun yaratdığı “Nizami obrazı” müharibə səbəbindən Sovet ittifaqında yayıla bilməmişdi.

Molbertdəki Nizaminin obrazı əks olunmuş tablo sırf Təbriz miniatür üslubundadır. Buradakı Nizami, Qəzənfər Xalıqovun yaratdığı portretə uyğundur. Buna səbəb həm Azərbayacan milli miniatür sənətini nümayiş etdirmək, Nizamini məhz Q.Xalıqovun yaratdığı obraza uyğunlaşdırmaq həmin surəti bəyəndiyimdəndir.

Yubileyin təşkilatçısı İ.A.Orbeli iclas zamanı bombardman olarsa tədbiri davam etdirmək üçün Ermitajın zirzəmisində əlavə yer də hazırlatmışdı. Lakin, iclas alman təyyarələrinin şəhər üzərində uçuşundan 10 dəqiqə tez (16:50-də) başa çatdı. Çünki Orbeli öz kabinetindən bombardmanları izləyirdi. Bombardmanlar hər gün eyni vaxtda baş verirdi. Yubiley tədbirini məhz həmin təyyarələrin uçuşlarından öncəyə salmışdı. Burada alman dəqiqliyi işimizin xeyrinə olmuşdu.

Tabloda təsvir edilən insanlar: Tən ortada əlini Nizamiyə tərəf uzadan yubileyin əsas təşkilatçısı akademik İosif Abqaroviç Orbelidir. Orbelidən sağda əllərini çarpazlayaraq çənəsinin altına dayaq vermiş yubileyin təşkilində Orbeli ilə bərabər çalışmış şair Nikolay Tixonov, onun yanında əllərini masanın üzərində əllərini birləşdirmiş saqqallı akademik, ərəbşünas Yulian Semyonoviç Kraçkoviski, onun yanında Leninqradın mühasirəyə düşməsi səbəbindən gələ bilməyən Azərbaycan nümayəndəsinin boş qalmış yeri, ondan sonra isə küncdə sol əlini boş kreslonun söykənəcəyinə qoyaraq əyilib, çıxışçını dinləyən, cəbhədə yaralandığına görə 2 həftəlik evə- istirahətə buraxılmış, başı sarğılı, hərbi formada, şərqşünas alim, professor Mixayıl Mixayloviç Dyakonov (Mən onun haqqında qardaşı şərqsünas, poliqlot, alim, akademik İqor Mixayloviç Dyakonovdan məlumatları aldım.), M.Dyakonovun qarşısında masanın bu tərəfində gənc aspirant şərqşünas Qriqori Ptitsın (Ptitsının qızı ilə görüşdüm, onun dediyinə görə 1942-ci ildə atası acından ölmüşdür.), Orbelinin sol tərəfində açıq yaxasından boynunda şərfi görünən fars dili mütəxəssisi, universitetin müəllimi, professor alim Aleksandr Nikolayeviç Boldırev (Mən onunla şəxsən görüşdüm.), Boldırevdən sonrakı gözlüklü, Ermitajın şərq incəsənəti bölməsinin müdiri İsidor Lurye, Boldırevlə Luryenin arasında, masanın qarşı tərəfində stulun söykənəcəyinə əllərini çarpazlayaraq çənəsini dirəyib, heyranlıqla Orbelinin çıxışını seyr edən Lisenkovdur (O, qonaq qismində Elmlər Akademiyasından dəvət olunmuşdu.). Tabloda Leninqradın o zaman gərgin hərbi şəraitdə olduğunu göstərmək üçün əsərin aşağısında sağ və sol tərəflərində dizi üstündə avtomat silah tutmuş döyüşçü və yanğınsöndürən paltarı geymiş insan təsvir edilmişdir. Yanğınsöndürən paldarındakı mən tablonu işlədiyim zaman Ermitajın direktoru olan şərqsünas alim, akademik Boris Borisoviç Piotrovskinin proobrazıdır. Piotrovski Nizami yubileyinin iştirakçısı olduğundan onun o dövrki foto şəklini istədikdə; “Mən o zaman gənc professor idim. Orada mənim heç bir çıxışım olmayıb.” Əynimdə yanğınsöndürən geyimi vardı. Bombardman vaxtı almanların atdığı yandırıcı bombaları dəmir maşa ilə götürüb damda qoyulmuş içi su dolu çəlləyə atırdım (almanlar 2 cür; Yandırıcı və dağıdıcı bomba atırdılar). Yubiley iştirakçılarının oturduqları stullar, Ermitajdakı “Şərq kitabxanası”nda idi. Onları tapmaqda mənə Boris Borisoviç kömək etdi. Tablonun yuxarı sağ küncündə böyük çilçıraq vardır. Çilçırağın alt çevrəsinin üzərində ağzında 3 ədəd şam tutmuş 12 saqqallı kişi baralyefləri bərkidilmişdir. Çilçırağın yuxarısında kiçik dairənin üstündə əyilərək aşağı baxan, hərəsinin əlində 2 ədəd şam tutan 3 qız fiquru var ki, üzərində durduqları dairə altdakı lampalardan işıqlandıqda həmin qız fiqurları günəş üstündə durmuş mələk təəssüratı yaradır.

Yubileyin keçirilməsi elə də asan başa gəlməmişdir. Belə ki, hələ müharibədən öncə Nizaminin 800 illik yubileyinin keçirilməsi başqa tədbirlərlə birlikdə Ermitajın iş planında idi. Yubiley yaxınlaşarkən Orbeli o zaman Leninqrad hərbi dairəsində ideoloji komissar kimi çalışan, şair N.Tixonovun görüşünə gələrək ona Nizamin yubileyinin yaxınlaşdığını söyləyir. Tixonov bu iş üçün belə bir zamanda baş komissara müraciət etməyin çətin olduğunu dedikdə; Orbeli onu baş komissarla görüşdürməsini xahiş edir. Orbeli hərbi baş komissara Nizaminin 800 illik yubileyini keçirmək üçün cəbhədə döyüşən 120-yə qədər alimi dəvət etmək lazım olduğunu deyərkən, komissar:Siz başa düşürsünüzmü, yoldaş akademik, indi başımıza yağış kimi bomba yağdığı bir vaxtda bu qədər elm adamını bir yerə toplayırsınız, bəs bir şey olarsa buna cavabdeh kim olacaq?!” Orbeli vəziyyətin çıxılmaz olduğunu gördükdə; “Bəs siz istəyirsiniz faşistlər desinlər ki, biz sizin bayramınızı keçirməyə qoymadıq.” Belə olduqda hərbi komissar cavabsız qalıb razılaşır.

Yeri gəlmişkən, akademiyanı bitirərkən mən “Nizamin 800 illik yubileyi”ni diplom mövzusu kimi götürmək istədikdə, o zaman Orbelinin qarşılaşdığı təzyiqə bənzər bir təzyiqlə qarşılaşdım. Belə ki, mövzumu düz 6 ay təsdiq etmədilər. İşin belə vəziyyət aldığını gördükdə: “Leninqrad ziyalıları tərəfindən Nizaminin yubileyi keçirilərkən şəhər mühasirədə olduğundan Azərbaycandan bu yubiley tədbirində iştirak edən olmamışdı. Odur ki, mən də bir Azərbaycan vətəndaşı kimi yaradacağım tablo ilə həmin fədakar insanlara ÇOX SAĞ OLUN! demək istəyirəm.” dedim. Məsələnin belə siyasi şəkil aldığını gördükdə mənimlə razılaşmalı oldular. Diplom rəhbərim Yuri Mixayloviç Neprinsev mənim bu inadıma qarşı dura bilməsə də yenə öz fikrini təkrar söylədi: “Mən bilmirəm sən bu iclasda nə görmüsən, adi bir iclasdı keçirilib.” Mən cavabında: “Siz mövzumu təsdiq edin, sonrasına mən cavabdehəm.” dedim.

O zaman ki, insanların vəziyyətlərini az da olsa başa düşmək üçün “Saltıkov-Şedrin” adına elmi-kütləvi kitabxanada yubiley ilə bağlı məlumatları öyrənərkən çalışdığım bütün gün ərzində bilərəkdən heç nə yemirdim. Elə ki, yemək vaxtı çatdı, insan yeməkdən başqa bir şey haqda düşünmək istəmir. Əgər insan üçün bir naharın gecikməsi bu qədər əziyyətlidirsə, Nizaminin yubileyini keçirərkən insanlar ümumiyyətlə yeməyə heç nə tapmırdılar...

1987-ci ildə tamamladığım əsərimin adı “Nizami işığında” dır. Ölçüləri (210 x 162) kətan, yağlı boya. Əsər uzun əziyyət nəticəsində əmələ gəldiyi kimi çox “ciddi” tənqidlərlə də qarşılaşdı. Bu təndiqlər əsassız olduğundan sməni heç də rahatsız etmədi. 1988-ci ildə yenidən Rusiyaya qayıtdım. Öncə Moskvada məşhur azərbaycanlı alim, professor Əziz Şəriflə görüşdüm. Onun gələcəkdə yaradacağım portreti üçün naturadan eskizlər etdim. Oradan Leninqrada gələrək diplom tablomu öz xərcimlə vətənə gətirdim. Vətəndə tablo ilə bağlı daha çox tənqidlə rastlaşdım. Dünənki Leninlərə, Stalinlərə, Şaumyanlara əsərlər həsr edənlər indi “millətçi” olmuşdular. Məni erməni Orbelini əsərin baş qəhrəmanı kimi göstərdiyimə görə tənqid atəşinə tutdular. Burada mənim yadıma gürcü yazıçısı Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsəri düşdü: - Əsərdə deyildiyi kimi, məni şəhərdə avam kəndçi, kənddə isə şəhər lotusu adlandırırlar.

Leninqradda məni Orbelini Nizamiyə əl açan çəkdiyimə görə, Bakıda isə məhz Orbelini çəkdiyimə görə qınadılar. Mən, Leninqradın çətin günlərində Nizaminin yubileyinin keçirilməsinin təşkilatçısının Orbeli olduğunu onların yadına saldım. Azərbaycanda isə bu yubiley bir də 1947-ci il, 22 sentyabrda keçirilmişdir.

Leninqrad mühasirədə olarkən orada bir sıra tədbirlər keçirilib. 1942-ci il fevralın 10-unda Nəvainin 500 illiyi, D.Şostakoviçin həmin ildə 7ci simfoniyasının ifası və sairə tədbirlər olmasına baxmayaraq Nizami yubileyi bu tədbirlərin birincisi olduğu, tədbirin nə ilə bitəcəyini heç kəs bilmədiyindən həmin hadisə daha da qiymətlidir.



Əsər hal-hazırda Bakıda, Nizami adına Ədəbiyyat muzeyindədir.

Vaqif Ucatay


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə