«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


II. İLKİN HƏRBİ UÇOTA GÖTÜRÜLƏRKƏN VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILARKƏN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ



Yüklə 1,65 Mb.
səhifə3/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   2   3   4   5   6   7   8   9   ...   92
II. İLKİN HƏRBİ UÇOTA GÖTÜRÜLƏRKƏN VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILARKƏN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ

 

2.1. İlkin hərbi uçota götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi vətəndaşların hərbi uçota götürülməsi üzrə rayon, şəhər (rayon bölgüsü olmayan) komissiyasına, hərbi xidmətə çağırılarkən isə rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasına həvalə olunur.



Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur.

2.2. İlkin hərbi uçota götürülərkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir.

2.3. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.

2.4. Hərbi komissarlıqların göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

2.5. İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.

Dövlət səhiyyə sistemi müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin heyət tərkibi hərbi komissarın təqdimatı ilə yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən təsdiq edilir.

2.6. İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:

A — hərbi xidmətə yararlıdır;

B — sıradankənar hərbi xidmətə yararlıdır;

C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

Ç — hərbi xidmətə müvəqqəti yararsızdır;

D — hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır.

Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.

Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.

2.7. İlkin hərbi uçota götürülmə üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi uçota götürülərkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilə bilər.

2.8. Vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın, çağırış komissiyasının və ya hərbi komissarın qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilə bilər.

Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur.

2.9. İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır. Bu müddət başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirilmə keçir və hərbi xidmətə çağırıla bilər.

Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olduqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir.

2.10. Yerli səhiyyə orqanlarının, dövlət səhiyyə sistemi müəssisələrinin rəhbərləri və rayon (şəhər) hərbi komissarları vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər.

İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.

2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.

Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Respublika Çağırış Komissiyasına həvalə olunur.

Respublika Çağırış Komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi, onların çağırış komissiyasına təqdim edilmiş şəxsi işlərinin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Zərurət olduqda, göstərilən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi əyani keçirilə bilər.

Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Respublika Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir.

Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Respublika Çağırış Komissiyası rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.

Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edir.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin