Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 238.47 Kb.
səhifə1/3
tarix07.12.2016
ölçüsü238.47 Kb.
  1   2   3
Hərbi vəzifə və hərbi xidmət haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.

 

1-ci fəsil

Ümumi müddəalar

 

Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik

 

1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.



1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir.

 

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar

 

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:



2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir;

2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;

2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;

2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır;



2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

2.0.6. hərbi uçot ixtisası – Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır;

2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar – ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları;

2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;

2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;

2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları;

2.0.11. hərbi vəzifəli olmayanlar – hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları;

2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).

 

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət

 

3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.



3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

3.3. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.

 

2-ci fəsil



Vətəndaşların hərbi qeydiyyatı

 

Maddə 4. Hərbi qeydiyyatın təşkili

 

4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.



4.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 5. İlkin hərbi qeydiyyata alma komissiyaları

 

5.1. Vətəndaşların müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı tərkibdə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradılır:



5.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

5.1.2. komissiyanın üzvləri – həkim mütəxəssislər.

5.2. Rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.

 

Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması

 

6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.



6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.

6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:

6.4.1. doğum haqqında şəhadətnamənin surəti;

6.4.2. ailə tərkibi haqqında arayış;

6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

6.4.5. tərcümeyi-hal;

6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.

 

Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri

 

7.1. Vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.



7.2. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.

7.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

 

Maddə 8. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri

 

8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər.



8.2. Müvafiq icra hakimiyyəti orqanı:

8.2.1. hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı;

8.2.2. vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli;

8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir.

8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir.

8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir.

8.5. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər.

8.6. Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər.

8.7. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

 

3-cü fəsil



Vətəndaşların hərbi xidmətə hazırlanması

 

Maddə 9. Çağırışaqədərki hazırlıq

 

9.1. Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.



9.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.

9.3. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir.

 

Maddə 10. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması

 

10.1. 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.



10.2. Müvafiq icra hakimiyyəti orqanı xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.3. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.

10.4. Müvafiq icra hakimiyyəti orqanı çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

 

Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı

 

11.1. Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



11.2. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir.

11.3. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.

11.4. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

4-cü fəsil



Həqiqi hərbi xidmətə çağırış

 

Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması

 

12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.



12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar:

12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları;

12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər.

12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

12.5. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik göstərməlidirlər.

12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:

12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun;

12.6.2. yaşayış yerini dəyişmiş olsun;

12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə işə göndərilmiş olsun.

12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzrlü səbəbləri kimi aşağıdakılar sayılır:

12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında);

12.7.2. fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir).

12.8. Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.

12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Maddə 13. Çağırış komissiyaları

 

13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:



13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi;

13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri.

13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər.

13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.

 

Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri

 

14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:



14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək;

14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək;

14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək;

14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək;

14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək.

14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir.

14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.

 

Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı

 

15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.



15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:

15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;

15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

 

Maddə 16. Mərkəzi çağırış komissiyası

 

16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır:



16.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

16.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

16.1.3. komissiyanın üzvləri.

16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri

 

17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır:



17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək;

17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;

17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq.

17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir.

17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə