Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 238.47 Kb.
səhifə3/3
tarix07.12.2016
ölçüsü238.47 Kb.
1   2   3

Maddə 35. Hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları

 

35.1. Hərbi qulluqçular və toplanışlar keçən hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər.



35.2. Hərbi qulluqçuların hərbi geyim forması, fərqləndirmə nişanları və onların təsvirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

35.3. Fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

7-ci fəsil

Hərbi xidmətkeçmə

 

Maddə 36. Həqiqi hərbi xidmətə daxilolma

 

36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:



36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər;

36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

36.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar.

Qeyd: Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular birbaşa kadr zabit heyətinə keçirilirlər.

 

Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu

 

37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır:



37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün;

37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün;

37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün.

37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

 

Maddə 38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri

 

38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:



38.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır;

38.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;

38.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq;

38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;

38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).

38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:

38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində;

38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə;

38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində;

38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində;

38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində.

 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.

38.4. Barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir.

38.5. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti məhkum edilmiş şəxslərdən və bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa), məhkumluğu ödənildikdən (üzərindən götürüldükdən) sonra, müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarlarsa, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılırlar.

 

Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi

 

39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir:



39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 36,5 yaş;

39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş;

39.1.3. kiçik zabitlər üçün – 48 yaş;

39.1.4. baş zabitlər üçün:

39.1.4.1. mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş;

39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;

39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində – 63 yaş.

39.2. Ordu generalı üçün son yaş həddi müəyyən edilmir.

39.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər.

39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər).

39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər.

 

Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma

 

40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.



40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar.

40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

 

Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma

 

41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:

41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);

41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 

41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda;

41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə;

41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);

41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);

41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) //çıxarılıb// növündə cəzalara məhkum edildikdə //çıxarılıb//;

41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

 

Maddə 42. Həqiqi hərbi xidmətdən istefaya buraxılma

 

42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:



42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda;

42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda;

42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;

42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;

42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə. 

 

8-ci fəsil



Ehtiyatda xidmət

 

Maddə 43. Ehtiyata keçirilmə

 

43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.



43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır.

 

Maddə 44. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri

 

44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:



 

Hərbi vəzifəlilərin heyəti

Ehtiyatda olmanın son yaş hədləri

birinci dərəcə

ikinci dərəcə

üçüncü dərəcə

Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar

35 yaş

45 yaş

50 yaş

Kiçik zabitlər

50 yaş

-

55 yaş

Baş zabitlər: mayor və

polkovnik-leytenantlar



50 yaş

-

55 yaş

polkovniklər

55 yaş

-

60 yaş

ali zabitlər

60 yaş

-

65 yaş

 

44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır.

 

Maddə 45. Toplanışlar keçirilməsi

 

45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.



45.2. Aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:

45.2.1. birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

45.2.3. üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.

45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.

45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.

45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

45.6. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.

45.7. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda bu Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.

45.8. Hərbi vəzifəlilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılır.

 

Maddə 46. Toplanışlardan azadetmə

 

46.1. Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:



46.1.1. hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində;

46.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;

46.1.3. müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;

46.1.4. qadın hərbi vəzifəlilər;

46.1.5. mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;

46.1.6. dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);

46.1.7. əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);

46.1.8. //çıxarılıb// qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar.

46.2. Toplanışları keçməkdən azad etmək barəsində qərarı hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.

 

Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi

 

Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.



 

Maddə 48. Hərbi vəzifəlilərin istefaya keçirilməsi

 

Bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallarda hərbi vəzifəlilər hərbi qeydiyyatdan və hərbi uçotdan çıxarılaraq istefaya keçirilirlər.



 

9-cu fəsil

Yekun müddəalar

 

Maddə 49. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı

 

49.1. Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.



49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, ictimai qaydanı qorumaq, lazımi sayda həkim mütəxəssislər və orta tibb heyəti, dərman vasitələri, alətlər, tibb və təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir.

49.3. Çağırış komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının üzvləri, müvafiq icra hakimiyyəti orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.

49.4. Bu Qanunun 49.3-cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ezamiyyə xərcləri ödənilir.

 

Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı

 

50.1. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.



50.2. Vətəndaşlar ilkin hərbi qeydiyyata alınmaq və həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər.

50.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul imtahanlarını vermək üçün vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyət verilir və onların iş yerində vəzifəsi və orta əmək haqqı saxlanılır.

50.4. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

Maddə 51. Hərbi xidmətin maliyyə və maddi təminatı

 

51.1. Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və təşkilatların vəsaiti hesabına həyata keçirilir.



51.2. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış yerinə yola salınması və müəyyən olunmuş digər təminatlarla təmin edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

Maddə 52. Toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı

 

52.1. Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.



52.2. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.

 

Maddə 53. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



 

Maddə 54. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilməli olan Azərbaycan Respublikasının qanunları

 

Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 406, № 16, maddə 706; 1993, № 5, maddə 133; 1994, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 1999, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001, № 3, maddə 147, № 12, maddə 745; 2002, № 6, maddə 328, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 7, maddə 507; 2006, № 3, maddə 219; 2007, № 1, maddələr 1, 4; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2011, № 2, maddə 71) və “Hərbi xidmət haqqında” (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 1999, № 3, maddə 163; 2001, № 3, maddələr 146, 147, № 11, maddələr 683, 694, № 12, maddə 745; 2002, № 6, maddə 328, № 8, maddə 463; 2004, № 4, maddə 199, № 5, maddə 319; 2005, № 7, maddə 588; 2006, № 4, maddə 312; 2011, № 2, maddə 71) Azərbaycan Respublikasının qanunları ləğv edilir.



 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2011-ci il



№ 274-IVQ

 

 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

  1. 30 dekabr 2014-cü il tarixli 1159-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral 2015-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 92)

  2. 3 aprel 2015-ci il tarixli 1249-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 496)

  3. 29 may 2015-ci il tarixli 1302-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 iyul 2015-ci il, № 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 821)

  4. 31 may 2016-cı tarixli 262-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

  5. 14 iyun 2016-cı tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

 
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə