Heydər Əliyev və Ümummilli Lider Heydər Əliyev kəlamlarını birində deyir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” Ulu öndərin dediyi kimi Azərbaycan dili olduqca qədim tarixə malik dildir. “Kitabi-Dədə Qorqud” eposunun Qədim Azərbaycan dilində olması dilimizin tarixiliyinin və zənginliyinin bariz nümunəsidir. Azərbaycan dilinə qayğı hələ orta əsrlərdə başlamış Şah İsmayılın dövlət dili elan etməsi, söz sənətkarlarının bu dildə əsrarəngiz bədii nümunələr yaratması ilə daha da inkişaf etdi. 1918-ci ildə yaradılmış AXC-nin rəsmi dili də Azərbaycan dili olmuşdur. Müasir Azərbaycan dilinin inkişafı və ona dövlət qayğısının göstərilməsi isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dilimiz Türk dilləri ailəsinin Oğuz dillər yarımqrupuna aiddir. Leksikamızın zənginliyi, dilimizin ahəngliyi bu dildən istifadənin arealının genişliyinə və uzunömürlülüyünə əsas gətirir. Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur! Bu yerdə Bəxtiyar Vahabzadənin “Latın dili” şeirini xatırlamağımız yerinə düşər.
“Millət ölüb, dil yaşayır.
«Ana» deyən, «torpaq» deyən,
«Vətən» deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil. ”
Yuxarı da qeyd etdiyimiz tarixi faktlar göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yubiley tədbirində Heydər Əliyev rus dilində deyil, doğma ana dilində çıxış edib. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm ziyalılarımızın böyük rəğbətini qazanıb, həm də onlara mənəvi dəstək verib. Lakin 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Burada respublikaların dövlət dili haqqında xüsusi maddənin olmaması işləri çətinləşdirirdi. Buna baxmayaraq H.Əliyevin qətiyyəti nəticəsində 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Verilən bu təklif qəbul olunur. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə olan şəxslər referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Bu dilimzə endirilən ən böyük zərbə idi. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.
1993-cü ildə hakimiyyətə gələn dahi Ulu Öndər Heydər Əliyevin dil siyasəti Müasir Azərbaycan dilinin inkişafına səbəb oldu. Dövlət dilinin necə adlandırılması ilə bağlı verilən fikirlərə Heydər Əliyev belə münasibət bildirir: “Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm. … taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək.”
1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Ondan bir müddət sonra - 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Həmin zamandan avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik.