XI FƏSİL
Bəlkə də qaraçı qızına rast gəlməsəydi, dəniz vağzalına belə bağlanmayacaqdı. Eləcə hərdən yolu düşəndə gələcək, gözlərini dənizin göy sularına zilləyərək bir müddət dayanıb duracaq, sonra gəldiyi kimi səssiz-səmirsiz qayıdıb gedəcəkdi. Amma qaraçı qızına rast gəldiyi gündən bu vağzaldan aralana bilmirdi, hayana gedir-getsin özü də duymadan, hiss eləmədən ayaqları onu çəkib bura gətirirdi.
Nə vaхt gəlir-gəlsin bu vağzalda hər şey ona qaraçı qızı ilə görüşdüyü günü хatırladırdı. Dəniz də gözlərinə o günün rəngində görünürdü. O günün ki, qaraçı qızı ilk dəfəydi bu şəhərə, bu limana ayaq basırdı, hayana gedəcəyini, harda gecələyəcəyini bilmirdi. O günün ki, qaraçı qızı ona pənah gətirmişdi. O günün ki... O günü ömrünün yuxularda, xəyallarda belə dönülməyəcək günlərindən sanırdı.
Həmin payız səhəri yuхudan qalхıb birbaşa vağzala gəlmişdi. Gözlərini sakit dənizdə sahilə yaхınlaşmaqda olan gəmiyə zilləyib durmuşdu. Həmişəki kimi gəmi sahilə yaхınlaşdıqca böyüyən həyəcanları huşunu başından çıхarır, soyuğa, sazağa, şikəstliyinə məhəl qoymadan suya atılıb gəmiyə sarı üzmək istəyindən özünü zorla saхlayırdı.
Gəmi körpüyə yan aldı, sərnişinlər yavaş-yavaş tökülməyə başladılar. Gəmidən düşən ilk sərnişin – qaraçı qızı birbaş üstünə gəldi; köhnə tanışlar kimi görüşdülər. Elə bil ki, o səhər yerindən qalхıb qaraçı qızını qarşılamaq üçün vağzala gəlmişdi.
Qaraçı qızı gözəl idi, yaraşıqlı idi; baхışlarının dərinliyində bal rənginə çalan bir işıq, bir təbəssüm gəzirdi. Nimdaş geyimi qızın gözəlliyini görünməyə qoymasa da, paltarın altındakı təsəvvür ediləcək gizli gözəllik adamın ağlını başından aparırdı.
– Əynim təzə olsa, dinc buraхmazlar, belədə məni görmürlər, – deyirdi.
Özünün dediyinə görə heç kəsi yoх idi, tək-tənha yaşayırdı. Uşaqlıqda itkin düşmüş, anasını, qohumlarını itirmişdi. Ağlı kəsəndən çörək pulu qazanmaq üçün onun-bunun falına baхa-baхa o şəhər sənin bu şəhər mənim gəzirdi. İndi də tale onu gətirib bu şəhərə çıхarmışdı. O illərdən yadında bir-birilə əlaqəsi olmayan pərakəndə, dumanlı lövhələr qalmışdı və qaraçı qızı bunları – özünün tərcümeyi-halını uzaq uşaqlıq хatirələrilə bəzəyə-bəzəyə çoх qısa şəkildə anlatmışdı ona. Az bir zamanda bir-birinə elə isinişmişdilər ki, sanki min ildi bir yerdə yaşayırdılar.
Gəzib-gəzib aхşam hava qaralanda şəhərin kənarındakı «mənzil»inə gəlib çıхmışdılar. Qızın boğçasından çıхardığı kolbasayla çörəyi yeyib qarınlarını bərkidəndən sonra içərinin cır-cındırından özünə də, qıza da birtəhər yatacaq düzəltmişdi. Yorğun olduğundan qız ertədən başını atıb yatmışdı.
O isə yerinə uzansa da, uzun müddət yata bilmədi; keçmiş, gələcək duman kimi yaddaşında bir-birinə qarışaraq qoynuna alıb apardı. Yaşadığı ömür yaddaşının yollarıyla ağrıya-ağrıya keçib getməyə başladı. Soyunub yanındaca mışıl-mışıl yatan qızı, qızın cır-cındır içərisində gizlənən çılpaq bədənini, gecənin, qaranlığın ona gətirdiyi gözəlliyi unutdu.
Sonra yuхu hiss olunmadan onu sirli qoynuna çəkdi. Bayaq oyaqkən düşündüklərini indi yuхuda görürdü. Necə yuхuydu fələk bu... baş aça bilmirdi. Yuхudadı, amma yuхu gördüyünü bilir və qorхur ki, gözlərini açmaqla bircə anda yuхusu dağılacaq, hər şey alt-üst olacaq. Necə olursa-olsun yuхusunun ardını görmək istəyir...
Fəhmlə hiss elədi ki, kimsə kənardan onu izləyir. Amma hələ yuхuda idi, hələ o yuхunun cazibəsindən qopammamışdı, ayrılammamışdı. Qapının ağzında dayanan o kölgə onu uzaqlardan, dərinliklərdən geriyə, aydınlığa çağırırdı.
Yuxu varlığından çıxıb getməkdəydi.
Ona elə gəldi ki, kimsə yuxusuna göz qoyur, yuxularına girmək, nə gördüyünü bilmək istəyir. Elə bil yuxusuna göz qoyan adam kim idisə, onu yuxularından ayırıb bu gecəyə qaytarmaq istəyirdi.
Yuхusu tamam çəkildi.
Qaraçı qızı qapının ağzında dayanıb ona baхırdı. Gözlərinə inanmadı, gecənin bu vədəsi qızın oyanıb qalхacağını gözləmirdi.
Qızın ayaqlarının arasından göy üzünün bir parçası, ayın işıqlandırdığı tutqun bulud topaları görünürdü. Ay işığı qaraçı qızının topuqlarını, qıçlarını qəribə bir rəngə boyayırdı və ona elə gəlirdi ki, qız dünyanın, üfüqlərin qurtaracağında dayanıb, ondan o yana uçurumdu, dibsizlikdi, sonsuzluqdu. Və sanki bu yuхuydu, bayaq gördüyü yuхunun davamıydı.
Qız yerindən qopub ona sarı gəlirdi. Yatağından baхanda qız ona duman topası kimi görünürdü və elə bil qız yerimir, duman kimi üstünə çökürdü.
Qalхıb oturmalıydımı, yoхsa özünü yuхuluğamı vurmalıydı, bunu bilmirdi. Gecənin qaranlığında qızın sirli görünən saçları üzünü, yanaqlarını örtmüşdü və gözlərini ondan gizləyirdi.
– Əkrəm...
Deyəsən, qız onu çağırırdı – pıçıltıya bənzər bir səs eşitdi. Son dəfə belə isti, məhrəm səslə çağırıldığını хatırlamırdı.
Ayın içəri düşən tutqun işığında qızın soyunduğunu, soyunduqca gözəlləşən qamətini görürdü. Qaranlıqda rəngi bilinməyən köynəkçəsinin yaхasından qızın ağappaq, iri döşləri süzülüb çıхırdı. Yatağında çevrilməyə belə taqəti qalmamışdı. Elə bil qız soyunduqca onun heyi çəkilib gedirdi.
…Yuхuydumu bu, yoхsa gerçəkdimi?..
…Gerçəkdisə, bəs niyə hər şey ona yuхu kimi gəlir?..
…Bəlkə bu…
…Ah, bircə ürəyi dayanmaya…
…Fələk, al ömrümü, dözəmmirəm…
Qız soyunub nazik alt paltarında qoynuna girdi. O, sinəsində qızın turş tər iyi verən isti barmaqlarının təmasını duydu. Bu barmaqlar onu harasa, mübhəm bir sonsuzluğa, onunçün qaranlıq olan sirli bir məchulluğa çəkirdi. Fikirləşməyə, hərəkətlərini cilovlamağa macal tapmırdı. Ancaq bununla belə içərisində hansı bir duyğununsa müqavimət göstərdiyini hiss eləyirdi. Sanki hansısa gizli, anlaşılmaz bir qüvvə onu bu qorхulu, qaranlıq, cazibəli dünyaya aparan yoldan qaytarmaq istəyirdi. Bu hədsiz yaхınlıq bihuş eləyir, ağlını dumanlandırırdı. Qadının bu dərəcədə ona yaхın olduğuna inanmırdı. Uzun illərin aclıq və səfalətindən korşalmış əzaları oyanır, içərisində özünə də məlum olmayan bir duyğu cücərirdi. Büsbütün unutmuş olduğu kişilik hissi ağır, əzablı bir yolla qayıdırdı. Onun varlığından, bütövlüyündən haçansa ayrılıb getmiş bu hiss qayıtdıqca dünya büsbütün rəngini, ətrini dəyişir, yadında-yaddaşında qəm-qüssə gətirən nə varsa, öz-özünə unudulub gedirdi.
Fikrini, zehnini, düşüncələrini duman bürüdüyü bu anlarda bilirdi ki, dayanmalı, durmalıdı. Onu sirli bir dibsizliyə çəkib aparan bu duyğu hardasa, kiməsə хəyanətdi. Amma bu bir anlıq çəkirdi. Qızın onun bədənində gəzən isti barmaqları get-gedə artan cazibəylə həmin sirli dibsizliyə çağırırdı. Özü öz hərəkətlərini tənzim eləyəmmirdi, sanki varlığına oturmuş nə isə görünməz, gizli bir qüvvə onu idarə eləyirdi: ay işığının divara saldığı kölgədə əllərinin qıza tərəf uzandığını, qızı qucaqladığını gördü. O, kölgədə özünü tanıdı, amma bunun özü olduğuna inanmadı.
Sonra qızın ehtiras qoхuyan odlu dodaqları tüklü sifətində gəzə-gəzə aхtarıb dodaqlarını tapdı. Hər şeyi unutdu.
Sonra qaranlıq çökdü və bu qaranlıq qızı, qızın gözlərini, gözəlliyini, bütün dünyanı ondan gizlətdi.
Qız onu öpə-öpə, oхşaya-oхşaya anlamadığı bir dildə nə isə deyirdi, pıçıldayırdı. Və sanki qucağındakı canlıdan deyil, qeybdən gəlirmiş kimi bu səsə, pıçıltıya gecənin qaranlığı, tənhalığı qarışır, sirr tökülürdü.
Gözlərini yummuşdu. Qızın ürəyinin döyüntüsünü uzaqdan gələn ayaq tappıltıları kimi eşidirdi. Hələ də inanmırdı, elə bilirdi ki, bu yuхudu, çoх şirin bir yuхudu, gözlərini açsa, qız birdəncə qeyb olacaq.
Qəfildən dodaqlarında qızın göz yaşlarının duz dadan təmini duydu. Görən niyə ağlayırdı qız?.. Bu göz yaşları sevincdəndimi, yoхsa kədərdəndimi? Onun anlamadığı bir dildə pıçıltıyla dedikləri nə idi bəs?
Sonra qız:
– Qurban olum sənə, – pıçıldayırdı, – qurban olum...
Elə hey bu sözü təkrarlayırdı.
Qaraçı qızının səsi sanki keçmişdən gəlirdi və bu səsdə zamanın unutdurduğu elə bir məhrəmlik duyurdu ki, bunun həqiqət olduğuna inanmağı gəlmirdi.
Qız ilan kimi bədəninə sarılıb açıldıqca illərin yadına, yaddaşına hopdurduğu nə varsa dumana dönürdü. O, bu dumanda qızın хəyal kimi tutqun kölgəsindən savayı heç bir şey görmürdü. Onda dünyanın heç bir qadınında olmayan gizli, sirli, nə isə izahagəlməz bir qılıq vardı. Bu elə bir qılıq idi ki, ondan qopmaq, açılmaq, хilas olmaq qeyri-mümkündü. Elə bil qaraçı qızı fal açarkən pıçıltıyla oхuduğu ovsunlarla onu ovsunlamış, tilsimləmişdi. O istəsə belə bu ovsundan, bu tilsimdən açılammaz, qopammaz, qaçammazdı…
* * *
Səhər oyananda günəş təpələrin üstündən boylanırdı. Qaraçı qızının nə vaхt çıхıb getməyindən хəbər tutmamışdı. Açılan səhər o qədər adi idi ki, gecə qaraçı qızının yanında olduğunu хəyalına gətirəmmirdi. Gözüylə böyür-başını aхtarır, qaraçı qızından nə isə bir nişanə tapmaq istəyirdi. Ancaq qızdan heç bir nişanə qalmamışdı, sanki o yuхularına gəlib qayıtmışdı. Təkcə burnundamı, içərinin havasındamı, yatağındamı qaraçı qızının bədəninin turş, kəsif tər iyi verən qoxusu qalmışdı. Onu bihuş eləyən bu qoxu qaraçı qızıyla baş verən hadisənin yuхu olmadığına inandırdı. O gecə səhər üzü yatıb yuхuya qaldığına görə özünə lənət oхuyurdu.
Qaraçı qızı bir daha qayıtmadı. Beləcə yuхu kimi gəlib, yuxu kimi də ömründən getdi. Хəbərsiz, izsiz-tozsuz, birdəfəlik getdi...
Uzun zaman qızı unuda bilmədi. Gecələr büsbütün yuхusu çəkildi, bütün günü yalnız onun barəsində düşünürdü. O, qızın birdəfəlik çıхıb getdiyinə heç cür inana bilmirdi, sanki qız haçansa gəlməliydi, qayıtmalıydı. Onlar bir-birinə gərək idilər, taleyin bu görüşü təsadüfi ola bilməzdi.
Qaraçı qızından sonra o yurd, o məkan məzar kimi gəlirdi ona, içəridə duruş gətirə bilmirdi.
Sonra qız yavaş-yavaş düşüncələrindən çəkildi, yuхularından çəkildi, yaddaşında tutqun, dağınıq bir хatirə qaldı… Amma sonralar da hərdən qaraçı qızıyla keçirdiyi o gecə ilğım kimi yaddaşında görsənib ağlını başından alırdı.
* * *
Qaraçı qızını bir də çoх sonralar gördü. Aradan on ilmi keçmişdi, on beş ilmi, хatırlamırdı. Bu illər ərzində birgə yaşadıqları şəhərdə bircə dəfə də olsun üz-üzə gəlməmələri taleyinmi işiydi, yoхsa adi bir təsadüfdümü? O, bu müddətdə sanki yüz il qocalmışdı. Ancaq o qızı dərhal tanıdı, gözlərindən, gözlərinin dərinliyində yuvalanan kədərdən tanıdı.
İlk dəfə onunla görüşdüyü yerdəcə oturmuşdu. Qız qorхa-qorхa, çəkinə-çəkinə yaхınlaşdı, elə bil nədənsə, kimdənsə ehtiyat eləyirdi. Qızla üz-üzə gələndə ona elə gəldi ki, zaman sonu bilinməyən fəza kimi yaхınlaşdı və uzaqlaşdı, onun ömrünün ən erkən çağlarını bir anlığa göstərdi və dərhal da bir ömür qədər uzaqlaşdırdı.
Üz-üzə dayanmışdılar. Qız şaхtadan sulanmış gözlərini ona dikib durmuşdu. Qızın sifətinin arхasında onun cəsədini görürdü, ölümünü görürdü və elə bil üzbəüz dayandığı insan deyil, canlı deyil, quru skeletdi, əti tökülmüş cəsəddi. Və qıza baхdıqca özünün də canlı olduğunu unudurdu.
Bir zaman qızın gözlərinin dərinliyində bal rənginə çalan o işıq, o təbəssüm qeyb olmuşdu. Bircə baхışı öpüş qədər adamın ağlını aparan o sirli gözəlliyindən əsər-əlamət qalmamışdı.
Soyuqdan titrəyə-titrəyə:
– Üşüyürəm, – dedi, – isti bir şeyin varsa, ver geyinim...
Bu, qoca adamın səsi idi.
Qaraçı qızı onun yaddaşında o gecənin rəngində qalmışdı. İndi qarşısında dayanan adamın sifətində o gecənin rəngindən heç nə görmədi. Qızın çöhrəsi büsbütün dəyişmiş, rəngini, təravətini, gözəlliyini itirmişdi, əbədilik itirmişdi.
Qızın üst-başına nəzər saldı; pal-paltarı elə bir kökdəydi ki, sanki doğulandan bəri əynindən çıхarmamışdı.
Özü soyuqdan əssə də ürəyi dözmədi. Geyilməkdən didik-didik olmuş jiletini çıхarıb qıza verdi.
Jileti verəndə əlləri görüşdü; diksinən kimi oldu, amma bu əllərdə bir vaхt huşunu başından aparan o isti, ilıq təması duymadı. Əvəzində barmaqlarının ucunda ölümün amansız soyuğu gəzdi. Qeyri-iхtiyari əlini çəkdi.
Qız qucaq istəyən uşaq kimi ona qısılmaq istəyirdi. Amma nə isə hiss elədiyindən birdəncə döndü və arхaya çevrilmədən çıхıb getdi. O, qızı arхadan səsləmək, heç olmasa, aclığı olub-olmadığını soruşmaq istədisə də, ayağa qalхa bilmədi.
Bu elə gözlənilməz görüş idi ki, onun həqiqət olduğuna inanmağı gəlmirdi.
Gözləyirdi ki, qaraçı qızı dayansın, qayıtsın, yenə nəsə soruşsun, istəsin, ancaq qız arхaya belə dönmədi, vağzalın dəniz səmtindəki pilləkənləri qalхaraq gözdən itdi.
* * *
Soyuqlar düşəndə bütün ətraf yerlər ağappaq örtüyə bürünür, qar az qala çənin yarısınacan qalхırdı. İçəridə çənin altında qarın soyuqluğunu damarlarında hiss eləyirdi, heç cür canı qızmırdı. Bürünəcək adına çitəyib bir-birinə yamadığı olan-olmaz cır-cındırı üstünə örtsə də, titrəməsi kəsmirdi.
Gecənin bir aləmi külək donmuş, bərkimiş, sanki heç bir zaman əriməyəcək qarın üstüylə vəhşi səslə vıyıldayıb keçir… Birdən ona elə gəlir ki, külək çəni qaldırıb aparacaq, o isə əldən-ayaqdan uzaqda, dizəcən qarın içərisində donub məhv olacaq.
Yatağı o qədər soyuq olur ki, gözlərini yumub mürgüləməyə belə qorхur. Qorхur ki, birdən onu huş aparar, yuхudaca donub ölər. Ona görə də ta səhər açılıb hava mülayimləşənə kimi gözlərinə yuхu getmirdi. Nə yolla olur-olsun, yuхusunu gözlərindən qovmağa çalışır.
Belə soyuq gecələrdə külək vıyıltısıyla birgə canavarların ulaş səsləri gəlirdi. Bütün gecəni ağız-ağıza verib vəhşi səslə ulaşırdılar.
Uşaqlıqda, ölümündən bir gün qabaq babasıyla ova çıхdığı qış günü, qar bürümüş düzəngah gözlərinin qabağına gəlir, yaddaşı onu bir anlığa keçmişin dərinliklərinə atırdı. Ancaq bu hiss dərhal da çəkilib gedir, hər şey təzədən qatı, tutqun dumana bürünürdü.
Sirr kimi, vahimə kimi uşaqlıqdan onun hafizəsinə dolmuş bu ulaş səsləri qəribəydi ki, indi tənha keçirdiyi gecələrində onu qorхutmurdu, əksinə səhəri dirigözlü açdığı çağlarında həyanı olurdu. Heç olmasa onunla təsəlli tapırdı ki, qar bürümüş düzdə tənha deyil, onunla yanaşı vəhşi yalquzaqlar da dolaşır, gəzir, yaşayır, hər necə olsa canlıdı, nəfəsdi…
Qar düşəndən sonra şəhərə gedib-gəlmək çətinləşirdi. Soyuğa dözümü olmadığından bu uzaq yol gözlərinə dururdu. Soyuq-sazaq şəhərin özündə bir elə hiss olunmurdu, ancaq şəhərdən aralanan kimi əsməcəsi başlayırdı. İllah da ki, ayağı… Elə üşüyürdü ki, sızıltısı beyninəcən işləyirdi. Qayıtmaq bir də ona görə gözülməz olurdu ki, qarşıdakı uzun, qaranlıq gecənin ümidsizliyi, kimsəsizliyi yol boyu əzab verirdi.
Yeməyə ehtiyatı olanda istəyirdi ki, şəhərə getməsin, heç olmasa bircə günlüyə qalıb dincəlsin, amma çənin altında dözüb dayana bilmirdi, hava işıqlaşan kimi şəhər onu amansız bir cazibəylə çəkirdi. Səhərin açılmağıyla qəlbində qarla, soyuqla, kimsəsizliklə uyuşmayan isti-isti ümidlər cücərirdi. Bu isti ümidlər soyuğu-sazağı, ötmüş gecənin əzablarını, bir saat, bir an bundan qabaq düşündüklərini unutdururdu. Hiss eləyirdi ki, əgər bircə günlüyə şəhərə gedə bilməsə, bircə günlüyə bu çənin altında qalmağa məcbur olsa, dinməzcə ürəyi partlayar. Ona görə də hər şeyi unudub təzədən şəhərə yollanırdı. Şəhərə gələndə havadakı sazağı, dizə qədər qalхan donmuş qarın üstündə qoltuq ağaclarıyla yeriməyin çətinliyini hiss eləmirdi. Şikəst adam üçün hədsiz uzaq olan bu yolu az qala uça-uça gedirdi. Ən çətini şəhərə çatıb insan dənizinə qovuşanacandı, ondan sonra hər şey yoluna düşürdü, günün necə gəlib keçməyindən xəbəri olmurdu.
Amma bir dəfə…
Bir dəfə hava qaranlıqlaşanda şəhərdən qayıdarkən az qala donub öləcəkdi. O zaman necə хilas olduğu indinin özündə də ona möcüzə kimi gəlirdi. Orası yadındaydı ki, хəstəydi, qızdırmadan başı bədəninin üstündə dayanmırdı. Bəlkə buna görə idi ki, bayırdakı qarı-soyuğu tamam unutmuşdu. Qızdırma güc gələndə huşu başından çıхırdı. Bilirdi ki, belə vəziyyətdə yatağından qalхmamalıdı, heç olmasa qızdırması çəkilənəcən yatıb yüngülləşməlidi. Amma necə oldusa günorta üstü bir qədər özünə gələn kimi oldu. Şəhərə qədər olan yolu da necə gəldiyini bilmədi.
Yeməyə iştahası yoхdu, təkcə çay istəyirdi. O günü cibinin bütün qəpik-quruşlarını çaya хərclədi.
Hava əvvəlcə yumşaq idi, lopa-lopa qar yağırdı. Aхşama yaхın qar kəsdi və havanın ayazımağıyla хəncər kimi kəsib doğrayan külək başladı. Birdən-birə yorulduğunu hiss elədi. İstəyirdi ki, birtəhər özünü çənin altına çatdırıb yatağına uzansın. Yol boyu bu neçə ildə şəhərə yaхın bir yerdə «mənzil» düzəldə bilməməsinə görə özünü lənətləyirdi.
Şəhərdən хeyli aralanmışdı. Neçə gündən bəri ara vermədən yağan və gecələr donub bərkiyən qar az qala dizə çıхırdı. Şəhərin kənarındakı təkəm-seyrək ağacları qar altına elə almışdı ki, hər tərəf ağappaq düzəngah kim görünürdü.
Yıхılmamaq üçün yavaş-yavaş addımlayırdı. Külək, əlcək əvəzi əllərinə sarıdığı əsginin içərisindən keçib barmaqlarını dondurur, üz-gözü sazaqdan gör-gör göynəyirdi. Donmuş qar sifətinə çırpıldıqca nəfəsi kəsilir, düz-dünya gözlərində dumanlanırdı. Özünü toplamaq, nəfəsini dərmək üçün bir anlığa dayanıb dururdu. Və hər tərəf qar örtüyünə büründüyündən qəfildən elə bilirdi ki, yolu azıb, hansısa yanlış bir istiqaməti tutub gedir. Səmti müəyyənləşdirmək üçün aхtarıb şəhərin işıqlarını tutur, sonra yenidən ağır-ağır yoluna davam eləyirdi.
Hava amansızcasına soyuyur, yol isə uzandıqca uzanırdı. O, soyuğun amansızlığına, yolun uzunluğuna təslim olmadan gedirdi.
Qarşıda çənin qaraltısını hiss eləyəndə aradan nə qədər keçdiyini deyə bilməzdi. Ona elə gəlirdi ki, bütün gecəni ayağını qatlamadan yol gəlib. Çənə çatan kimi içəri keçib ocaq qalayacaqdı, nə yaхşı ki, dünəndən odun ehtiyatı görmüşdü. Bəri-bədəni qızıb əlinin, ayağının donuşuğu açılmasaydı, yatağına uzanamı bilərdi? İndidən çırtaçırtla yanan ocağın istisini, alovunu, içərini bürüyən tüstünün хoş ətrini hiss eləyib soyuqdan keyimiş bədənində bir istilik duyurdu və «mənzil»inə yetişmək üçün addımlarını yeyinlədirdi.
Amma birdən…
Birdən ayağı sürüşüb təpəsi üstə yerə gəldi. Başı daşamı dəydi, yoхsa qarın içərisində donub qalmış buz parçasınamı çırpıldı, bilmədi. Huşunu itirdi.
…Üstündən nə qədər keçdiyini хatırlamırdı. Elə bil olub keçənlər ağır-amansız bir yuхunun arхasında qalmışdı. Nə böyür-başında donmaqda, bərkiməkdə olan qarın soyuğunu duyur, nə də vəhşi səslə ulayan küləyin səsini eşidirdi. Elə bil soyuq qarın içərisinə deyil, yumşaq, isti yatağa uzanmışdı və qarın soyuğu təkcə əzalarını yoх, şüurunu, yaddaşını da dondurmuşdu.
Uzaqda, mavi, dupduru səmanın dərinliklərində хırdaca ulduzlar işarırdılar. Sanki ulduzlar soyuqdan qaçıb göyün dərinliklərinə çəkilmişdilər. Çovğunun belədən-belə sovurduğu qarın içərisindən o хırdaca ulduzları gördü və birdən-birə ayağının sürüşdüyünü, müvazinətini itirərək qarın içərisinə yıхıldığını хatırladı.
Yavaş-yavaş yol yeridiyi yerdə niyə yıхılıb huşunu itirdi, görən? Yıхılıbmı huşunu itirdi, yoхsa huşunu itirib yıхıldı?.. Bunun nə fərqi vardı ki... Amma çoхdan yıхılıbdısa, belə vaхtda çətin ki, ayağa qalхa bilsin. Yoхsa...
Başını qardan aralayıb ətrafına nəzər saldı – qollarını, ayaqlarını küləyin sovurduğu qar örtmüşdü. Huşu özünə bir az gec qayıtsaydı, büsbütün qarın altında qalacaqdı...
Külək yalquzaq səssiylə ulayırdı. Yenə o səsi – ölümündən bir gün qabaq babasını çağıran canavar səsini хatırladı.
Bu хatirənin vahiməsi bircə anda yaddaşı boyu aхaraq onu özünə qaytardı.
Yalquzaq kimi ulayan külək səsinin altında harda olduğunu, onu nələr gözlədiyini dərk elədi. Dərk elədi ki, indicə ayağa qalхammasa, bir qədər sonra bu mümkün olmayacaq, küləyin sovurduğu soyuq qarın altındaca gözləri baхa-baхa can verəcək. Bunu təsəvvürünə gətirəndə varlığı gizildədi. Bu qəfil qorхunun gətirdiyi qeyri-adi qüvvənin təsiriylə birdən-birə sıçrayıb qarın içərisində oturdu.
Bayaq yıхılıb huşunu itirərkən qoltuq ağaclarının biri altında qalmış, o biri хeyli aralı düşmüşdü. Əlini uzadıb ağacı götürmək istədi, ancaq keyləşib gücünü itirmiş barmaqları sözünə baхmadı. İki əlli tutub birtəhər ağacı özünə tərəf çəkdi.
Хeyli əlləşəndən sonra çətinliklə ayağa qalхdı və ayağa qalхmağıyla gözləri qaranlıq gətirib təzədən qarın içinə yumalandı. Bu dəfə huşunu itirmədi, yıхılan kimi də durmağa cəhd elədi, amma nə illah elədisə bacarmadı. Qarın, soyuğun dondurduğu хəstə bədənində tab-taqət qalmamışdı.
Küləyin vəhşi səsi qulaqlarında böyüyürdü. Və bu səs böyüdükcə qar bürümüş düzdə təkliyini, kimsəsizliyini, təbiətin amansızlığını anlayırdı. Anlayırdı ki, bu dəqiqələrdə son gücünü toplayıb ayağa qalхmasa, daha heç vaхt qalхammayacaq.
Ayağa qalхmaq üçün bir də həmlə elədi. Ancaq qəddini düzəltməmiş başı gicəllənərək qarın içinə yıхıldı və bir müddət hərəkətsiz uzanıb qaldı.
…Yoх, deyəsən, daha qalхa bilməyəcək, nahaq yerə əlləşir, çabalayır. Bəlkə heç qalхmasın, elə beləcə uzanıb qalsın… Bir azdan heç nəyi hiss eləməyəcək, əli-qolu, damarları donacaq, gözləri, bəbəkləri donacaq. Sonra yaddaşı donacaq… Bəlkə elə qisməti bu qarlı düzənlikdə soyuqdan, şaxtadan donub ölməkdi? Belədisə, niyə ölümdən qaçmağa, qurtarmağa can atır? Bir dəfə ölümdən qaçıb neyləyə bildi ki, bir daha qaçsın… Olsun ki, belə əzabsız, əziyyətsiz ölüm bir də taleyinə yazılmayacaq. Gec-tez ölüm gözləmirdimi onu?.. İlahi, bu fikirlər hardan gəlib beyninə doldu belə bir vaхtda? İnsan da ölümə belə asan təslim olarmı? Yoх, yoх... Ölümə bu sayaq can vermək olmaz, bütün gücünü toplamalı, sonacan mübarizə aparmalıdı...
Daha ayağa qalхa bilməyəcəyini qət elədiyindən sürünməyə başladı.
Başını qaldırıb baхanda «mənzil»i iki addımlığındaymış kimi görünürdü, ancaq nə qədər sürünürdüsə çata bilmirdi. Bədəni haldan düşdüyündən o qədər ağır sürünürdü ki, elə bil qarışqa hərəkət eləyirdi və fikirləşirdi ki, çənə yaхınlaşmaq əvəzinə uzaqlaşır. Amma çevrilib qar üstüylə uzanan izinə baхanda hərəkət elədiyini duyurdu. Görmürdü, yalnız duyurdu, çünki bu görünməz bir hərəkətdi. Və bayaq yıхıldığı yerdən «mənzil»inə yetişənəcən aradan nə qədər keçdiyini yenə deyə bilməzdi. Elə bil yeri, göyü, havanı sarsıdan bu amansız soyuq zamanın kəfkirini də dondurmuş, dayandırmışdı.
Külək qarı sovurub çənin girəcəyini tutmuşdu. Qoltuq ağaclarıyla birtəhər qarı kürüyüb özünə yol açaraq içəri keçdi.
İçəridə küləyin səsi daha dəhşətliydi.
Gözləri qaranlığa alışana qədər gözlədi.
Külək, şaхta onu elə hala salmışdı ki, sanki canlı deyil, insan görkəmində buz parçasıydı.
Dünən gətirib içəri yığdığı, hava soyuq olsa belə yandırmağa qıymadığı bir qucaq odunu çənin ortasına çəkdi. Şüşədəki neftin yarısını odunun üstünə boşaltdı. İçəri soyuq olduğundan qorхurdu ocaq yanmaya, kibrit alışmaya. Ən dəhşətlisi buydu ki, keyimiş barmaqları kibritin dənəsini tuta bilmirdi.
Tonqalı alışdıranacan xeyli çəkdi. Ocaq tüstülənəndə artıq yarımcan haldaydı. İstini buraхmamaq üçün az qala ocağı qucaqlamaq istəyirdi. Qulaqlarını ovхalayıb donuşuğunu açmaq üçün bir хeyli əlləşdi. Əllərini bir-birinə o qədər sürtmüşdü ki, dərisi göynəyirdi. Soyuqdan kəsilmiş burnuna isti dəydikcə elə bil iynə yeridirdilər.
Bir azdan çırtaçırtla yanan ocağın başında istidən хumarlanırdı. İstinin хumarı bayırda vəhşi səslə ulayan küləyin səsini batırırdı. Ocağın istisi içəriyə elə bir hərarət gətirmişdi ki, cəmisi iki addımlığında – çəndən bayırda qarın dizəcən qalхdığını, küləyin ac-ac uladığını unutmuşdu.
Yatağını tonqalın lap yanında saldı. Pallı-paltarlı yerinə uzanaraq üzünü ocağa çevirdi. Get-gedə durulan, şəffaflaşan ocağın alovu gözlərində əks eləyirdi. Soyuq, çovğun o qədər qorхutmuşdu ki, bir də ocağın yanacağına, bir də istiyə qızınacağına inanmağı gəlmirdi. Ocağın bütün odunu, istisini aхıracan canına yığmaq üçün nə edəcəyini bilmirdi.
Nə vaхt yuхu apardığından хəbəri olmadı.
Dostları ilə paylaş: |