Sənədli işgüzar alt üslub harda istifadə olunur və hansı sənədlərindilidir?
Gündəlik işgüzar üslub harda istifadə olunur və digər alt üslublardan nə ilə fəqlənir?
Rəsmi sənədlərin hazırlanmasında nələrə diqqət etmək gərəkdir?
İşgüzar sənədlər barədə nələri bilmək vacibdir?
Tapşırıq:Sənədli işgüzar alt üslub (və ya "qanunlar dili"nin alt üslubu) qanunların, mülki aktların, fərmanların, məcəllələrin, konstitusiyaların dilidir. Bu alt üslub dövlət və ictimai təşkilatların və vətəndaşların vəzifəli şəxs olaraq (rəsmi sənədlərində) fəaliyyətində istifadə olunur.Verilmiş sənəd nümunələrini oxuyun, sənədli işgüzar üslubun əsas xüsusiyyətlərinə diqqət edin. YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
II.YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında ” 2003 – cü il 17 oktyabr tarixli Konvensiyası təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il No 134 - IIIQ
SƏRƏNCAM Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.
Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.
Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.
1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.
Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.
Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.
Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.
Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.
Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır.
Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın.
4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.