Azərbaycan Dövlət İqtisad Universiteti
“Humanitar fənlər” kafedrasının dosenti,
t.e.n. Qurbanov R.M
ramin.qurbanov.67@mail.ru
Fənn: Azərbaycan tarixi Mövzu: XIV əsrin sonu - XV əsrdə Azərbaycan feodal dövlətləri
PLAN:
Azərbaycan XIV əsrin II yarısında. Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
Qaraqoyunlu dövləti
Ağqoyunlu dövləti
XV əsrdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti
Mühazirə mətnində Hülakilərin süqutundan sonra Azərbaycanın siyasi vəziyyəti, o cümlədən Azərbaycanda Cəlarilər dövlətinin hökmranlığı, Teymur və Toxtamışın Azərbaycana yürüşləri, həmçinin Şirvanşah – Teymuri münasibətləri, Qaraqoyunlu dövlətinin yaranması və fəaliyyəti, Qaraqoyunluların Şirvanşahlar, Teymurilər və Ağqoyunlularla münasibətləri, Ağqoyunlu dövlətinin yaranması və dövlətin Uzun Həsənin dövründə daxili və xarici siyasi problemləri, Ağqoyunlu dövlətinin süqutu məsələləri işıqlandırılır. Bu mövzu əsasən Azərbaycanda yaranmış türk dövlətlərinin mövcudluğu və xüsusilə Ağqoyunluların xarici ölkələrlə apardığı ilk diplomatik münasibətlərin qurulması məsələlərinin izahı baxımından çox faydalıdır. XIV əsrin ortalarında Hülakilər dövlətinin zəifləməsi və xanədan içərisində bir sıra feodal qruplarının mərkəzi hakimiyyətə tabe olmaması siyasi vəziyyəti pisləşdirmişdi. Bu mübarizəyə əvvəlcə Çobanilər, sonra Cəlarilər qoşulmuşdu. Hülakilərin düşdüyü ağır vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canıbəy 1357- ci ildə Azərbaycana hücum edərək Hülakilər dövlətini süquta uğratdı və hakimiyyəti öz əlinə aldı. Təbrizdə Canıbəyin oğlu Bardi bəy səltənətə oturdu. Lakin tezliklə Canıbəyin ölümü və Bardi bəyin Azərbaycanı tərk etməsi ölkədə yenidən siyasi vəziyyətin gərginləşməsinə səbəb oldu. Əvvəlcə Azərbaycanda hakimiyyət Əxicuqun rəhbərliyi altında Çobani əmirlərinin ixtiyarına keçdi. Lakin 1358- ci ildə Cəlari əmiri Şeyx Üveys (1359- 1374) Çobanilərə qalib gələrək Azərbaycana yiyələndi. Bir qədər sonra Cobanilər və digər iri feodallarla apardığı mübarizə nəticəsində Şeyx Üveys 1359- cu ildə Təbrizi yenidən ələ keçirdi və Azərbaycan Cəlarilər dövlətinin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxt şəhərinə çevrildi. 1367- ci ildə Şirvan da Cəlarilər tərəfindən zəbt edildi.
Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı.
XIV əsrin 80- ci illərində Əmir Teymur Xarəzmin qoşunlarını tamamilə özünə tabe etdikdən sonra Azərbaycana və Yaxın Şərqə doğru istiqamət aldı. 1386-cı ildə İran ərazisinə daxil oldu.Teymurun qoşunu Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhəri ələ keçirdi. Cəlari hökmdarı sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qüvvələr vuruşmada məğlub oldular.
Cəlarilər dövlətinin zəifləməsi, sultan Əhmədin Təbrizdə olmaması və Teymurun baş vermiş hadisələrlə əlaqədar Səmərqəndə qayıtması nəticəsində yaranmış əlverişli vəziyyətdən istifadə edən Qızıl Orda xanı Toxtamış 1386-cı ildə 90 minlik qoşunla Azərbaycana hücuma keçdi. Orda qüvvələri Dərbəndi, Şirvanı keçib Təbrizə yaxınlaşdılar. Təbriz hakimi Əmir Vəli danışıqlara başladı və razılığa əsasən Ordaya 250 tümən qızıl verilməklə Toxtamış qüvvələrini geri çəkməli idi. Lakin Toxtamış yenidən Təbrizə daxil oldu və şəhər əhalisi qılıncdan keçirildi. Yerli əhalinin inadlı mübarizəsi və Teymur qoşunlarının Qızıl Orda malikanələrinə hücumu ilə əlaqədar Toxtamış Azərbaycan şəhərlərində, o cümlədən Naxçıvanda çox qala bilmədi, geri çəkilməyə məcbur oldu.
1387- ci ildə Teymur Azərbaycanın cənub torpaqlarını çox hissəsini tutduqdan sonra Naxçıvanda Əlincə qalasına yaxınlaşdı. Qalanın müdafiəsi 300 nəfərlik heyətlə Əmir altuna tapşırılmışdı. Həmçinin Azərbaycanın ayrı - ayrı feodal hakimləri və Gürcüstan dövləti Teymurun irəliləməsinin qarşısını almaq üçün Əlincə qalasının müdafiəçilərinə kömək edirdilər. Şəki hakimi Seyid Əli Orlat da 1388-1389 -cu illərdə gürcülərlə ittifaqa girərək Əlincə qalasının müdafiəçilərinin köməyinə gəlmişdi. Qala 1400- cü ilə qədər mərdliklə müdafiə edilsə də, daxili çəkişmələr səbəbindən Teymur qüvvələri tərəfindən həmin tarixdə fəth edildi.
Teymurun Səmərqəndə qayıtmasından sonra Azərbaycanda xalq azadlıq hərəkatı və hakimiyyət uğrunda mübarizə şiddətləndi.Teymurun zəbt etdiyi ərazilərdəki əmirlərinə qarşı əsasən sultan Əhməd, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu , Təbrizin yerli əmirləri, Marağa hakimi Yadigar şah və yenicə siyasi səhnədə görünən Qaraqoyunlular mübarizə aparırdılar.(1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edilmiş və nəticədə şəhər bir feodal qrupundan digərinə keçmişdi) Təbriz feodal ara müharibələrin və xarici yürüşlərin meydanına çevrilmişdi. Təbrizin ələ keçirilməsi bütün Azərbaycanın tutmaq üçün əsas olduğundan şəhər uğrunda mübarizə ciddi şəkil almışdı. Şəhər 1392- ci ildə teymuri qüvvələri tərəfində ələ keçirilmişdi.
Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi. Fəribürz Xarəzmşah Cəlaləddinə xərac versə də, Şirvanın müstəqilliyini qoruya bildi.1231-ci ildə monqollar Şirvana daxil oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə edən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu vəziyyət XIV əsrin II rübünə qədər davam etdi.
Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər.1364-cü ildə Şirvanda Cəlarilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdilər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi.1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417)
Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanı Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarətdən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. O, Teymurun Qızıl Ordaya qarşı yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi. Teymur1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cümlədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahimin Teymurilərə qarşı münasibəti dəyişməyə başladı. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi.Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət ərzində Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Qarabağ , Şəki, Dərbənd və Qəbələyə öz təsirini yaydı Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi.
Şəki hakimliyi - Şəki XIII əsrin 20-ci illərin əvvəllərində Şirvanın tərkibində idi. Şəhəri vəzir Səfiəddin və vali Qaşqar idarə edirdi. XIV əsrin 30-cu illərində Hülakü dövlətinin tənəzzülü dövründə Şəki feodalları daxili müstəqillik əldə etdilər. Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin müstəqillik uğrunda apardıqları mübarizə XIV əsrin son rübündə daha da gücləndi.Teymur ilk yürüşü zamanı (1386-1387) Şəki vilayətinə gəldi, dağlıq ərazilərində yaşayan əhali qarət edildi, Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı dövrdə itaətdən boyun qaçırdı (1387-1392).Teymurun 2-ci yürüşü zamanı (1392-1395) bir daha Şəkiyə daxil oldu. Seyid Əli qaçdı. Bir müddətdən sonra Teymur qoşun hissələrini Şəkidən Qızıl Orda üzərinə göndərib, Mahmudabada gəldi və Səmərqəndə qayıtdı. Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib Şəkini talan etdi. Seydi Əli gürcü feodalları ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə olan sultan Tahiri azad etdi. Teymurun Əlincə ətrafındakı qoşunu məğlub oldu. Miranşah oğlu Əbu Bəkri qoşunla Şəki üzərinə göndərdi. Döyüşdə Seydi Əli Şəkidə törədilən qarətin intiqamını almaq üçün şəxsən Əbu Bəkrin üzərinə hücum etdi. O həlak oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu Seydi Əhməd Şəki hakimi oldu. Seyid Əhməd Teymur yenidən Azərbaycana gəldikdə, Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hədiyyələr, 6000 at verdi. Teymur Seyid Əlinin günahını oğluna bağışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı.
Qaraqoyunlu dövləti - Oğuz tayfası olan qaraqoyunlular XIV əsrdə Mosul bölgəsində qışlayıb, yazda Van gölü ərazisində, Ərcişdə yaşayırdılar. Bu dövrdə onlar Elxanilərin hakimiyyəti altında idilər. Qaraqoyunlulara baharlılar başçılıq edirdilər.
XIV əsrin 70-ci illərində qaraqoyunlular Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparırdılar. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olmuşdur. Bayram Xocanın ölümündən sonra qaraqoyunlu tayfaları onun qardaşı oğlu Qara Məhəmmədin (1380-1389) ətrafında birləşdilər. Qara Məhəmməd mərkəzi şəhəri Van olmaqla Qaraqoyunlu bəyliyini yaratdı.Baharlıların başçılıq etdiyi Qaraqoyunlu tayfa birliyində sədlular, qaramanlılar, bayramlılar, ağacərilər, cagirlilər və digər türk tayfaları təmsil olunurdu.
Qara Məhəmməd 1382-ci ildə Cəlari dövləti ilə yaratdığı qohumluq münasibətlərinə baxmayaraq Təbrizə hücumlar təşkil edirdi. Təbrizi ələ keçirsə də, şəhəri əlində saxlaya bilmirdi. Bir il sonra Suriyada görünən Qaraqoyunlu əmiri Mosul, Mardin hakimləri ilə mübarizəyə aparırdı. Bu dövrdə Qaraqoyunluların əsas rəqibi getdikcə güclənən Teymurilər və aralarında ərazi ədavəti olan Ağqoyunlular idi. 1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçir. Qara Məhəmməd Çapaqçura gələrək Teymurun qüvvələrini darmadağın edir. Qara Məhəmmədi ələ keçirə bilməyən Teymur Muş düzənliyindəki oymaqları, Hilatı, Vanı ələ keçirib İrana geri qayıdır.
1388-ci ilin mayında Qaraqoyunlular Cəlairilərin müqavimətini qıraraq Təbrizə daxil oldular. Qara Məhəmməd sultanın adına xütbə oxudulması və pul kəsdirilməsi haqqında əmr verdi. Lakin 1389-cu ilin aprelində Qara Məhəmməd oğlu ilə birlikdə Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi.
Qara Məhəmmədin oğlu Yusif atasının intiqamını almaq üçün 1392-ci ildə Pir Həsənlə döyüşə girdi və qələbə çaldı. O, Təbrizi tutdu, lakin bir gün sonra şəhərdən çıxdı. 1392-ci ildə Teymurilər Van şəhərini tutdular. Qara Yusif məğlubiyyətdən sonra Cəlairilərə yaxınlaşmaq qərarına gəlir.1394-cü ildə Bağdad yaxınlığında Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında baş vermis döyüş teymurilərin qələbəsi ilə nəticələnir.
1395-ci ildə Qara Yusif dağılmış Qaraqoyunlu tayfa ittifaqını bərpa etdi. Qara Yusif Cəlarilərlə ittifaqı bərpa etmək və sultan Əhmədlə birləşmək məqsədilə Misirə getdi. Teymur Misir hakimi Berqoqdan onların həbs edilməsini tələb etdi, lakin Teymurun təklifi rədd edildi. Berqoqun ölümündən sonra taxtda oturan oğlu Sultan Fərəc (1399-1412) müttəfiqləri Dəməşqdə həbsə aldı, lakin Teymurun ölümünü eşidən kimi onları azad etdi.
Qara Yusif və Cəlari sultan Əhməd arasında bağlanmış razılığa əsasən sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə sahib olmalı idi. Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı ilin iyununda sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər.1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Təbrizi ələ keçirərək vahid Azərbaycan dövləti yaratmağa çalışan Şirvanşah İbrahim sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul edərək Şirvana geri çəkildi. I İbrahimə müvəqqəti sığınan cənub əmirləri sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqqında fərman verdi. Az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşdı, əhali sultan Əhmədə kömək etmədi və o, Bağdada qaçdı.
Teymuri Əbu Bəkrin qüvvələrinə qarşı Qara Yusif uğurlu hərbi əməliyyatlara başladı. 1406-cı ilin payızında Qaraqoyunlular və Teymurilər arasında Təbriz yaxınlığında Şənbi-Qazanda baş vermiş I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci ilaprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə Əbubəkrin qoşunu arasında baş vermiş II döyüşdə Miranşah öldürüldü və Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu.
Getdikcə güclənən Qara Yusif sultan Əhmədi qorxuya saldı. O, Qaraqoyunlularla olan sazişini pozdu. 1410-cu ilin yayında sultan Əhməd Təbrizə hücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona kömək edirdi. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə sultan Əhməd arasında döyüş başladı. Cəlairilər darmadağın edildi. Sultan Əhməd Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və İraq hakimiyyətindən əl çəkmək haqqında yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Cəlairilər hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə şimalda Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq daxil olmaqla paytaxtı Təbriz olan Qaraqoyunlu dövləti yarandı.
1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi. Ancaq yüksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi.
Qaraqoyunluların getdikcə güclənməsi Şirvanşahlarlarla münasibətlərin gərginləşməsinə səbəb oldu. Şirvanşah I İbrahimin oğlu Kəyumərsi qoşunu ilə sultan Əhmədə köməyə göndərməsi ikitərəfli qarşıdurma üçün başlanğıc oldu. Qara Yusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi. Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I İbrahimdə şübhə doğurdu. O, elə zənn etdi ki, Qara Yusif Kəyumərs arasında gizli sazişə bağlanmışdır. Kəyumərs Şirvan taxtına xain çıxmaq şübhəsi ilə edam edildi.
1412- ci ildə Qara Yusif Qarabağa gəldi, Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını tələb etdi. Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II Konstantinin köməyinə arxalanırdı. Əhali I İbrahimi müdafiə etsə də, Qara Yusif irsi soyurqal torpaqları, pul və hədiyyə paylamaqla Azərbaycanın cənub ərazilərindəki əyanları öz tərəfinə çəkməyə nail olmuşdu.
1412-ci ilin sonunda tərəflər arasında Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfində vuruşurdu, buna görə də I İbrahim və onun müttəfiqləri məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif İbrahimdən 1200 İraq tümən bac tələb etdi. Qara Yusifin tələb etdiyi məbləğ verildikdən sonra Qara Yusif I İbrahimi azad etdi. O, 1413- cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq qaldı.
Şirvanşah I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiyyətini tanımadı və Teymurun oğlu sultan Şahruxla (1405-1447) Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Miranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə Azərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələnmiş Qara Yusif döyüşlərin birində (1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz yaxınlığında Uçan adlı yerdə vəfat etdi. Onun ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başlandı. Bundan istifadə edən sultan Şahrux 1420-ci ilin dekabrında Qarabağa daxil oldu. I Xəlilullah Şahruxun nəvəsi ilə evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi.1421-ci il avqustun 1-də Qara Yusifin oğulları İsgəndər və İsfəndiyar Şahruxla Alaşkerd vadisində həlledici döyüşdə məğlub oldular. Şahrux atasının siyasətindən fərqli olaraq, bu ölkələri idarə etdiyi ərazilərə daxil etmək fikrində deyildi. O, yalnız Azərbaycan feodallarının özünün ali hakimiyyətini tanıtması ilə kifayətləndi. Şahrux 1421-ci ilin payızında Herata getdi. Şahrux Azərbaycanı tərk etdikdən sonra İsgəndər (1420-1438) dağınıq Qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi. Kürün cənubundakı əmirlər ona tabe oldular. Şirvan və Şəki öz müstəqilliyini saxlayırdı.
İsgəndər 1427-ci ildə Şirvana hücum etdi. Lakin Şahruxun Azərbaycana yeni basqını onu geri çəkilməyə məcbur etdi və Salmas döyüşlərində Qaraqoyunlular məğlub oldular. 1429-cu ildə Teymuri Şahrux Qara Yusifin oğlu Əbu Səidi (1429-1431) Qaraqoyunlu taxtına çıxartdı. Əbu Səid Şahruxun vassalı kimi hökmranlıq edirdi.1430-cu ilin mayında Şahrux Azərbaycanı tərk etdi. İsgəndər qardaşı Əbu Səidi öldürüb, 1431-ci ildə yenidən hakimiyyətə gəldi. Əbu Səidin və İsgəndərin hakimiyyəti illərində Azərbaycanın iqtisadi və siyasi həyatında olduqca ağırlaşmışdı. 1434-cü ildə İsgəndər Şirvana yeni hücuma başladı. I Xəlilullahın kömək istəyi ilə Şahrux böyük qoşunla Heratdan yürüşə keçdi. Lakin Reydə dayandı. Xəlilullah onun yanına getdi və İsgəndərin törətdiyi müsibətlər barədə məlumat verdi. 1435-ci ilin yayında birləşmiş qüvvələr Təbriz yaxınlığındakı döyüşdə Qaraqoyunluları məğlub etdilər, İsgəndər Kiçik Asiyaya qaçdı.
1435-ci ilin payızında sultan Şahrux Təbrizə gəldi. Qara Yusifin kiçik oğlu Cahanşah (1438-1467) onu təntənə ilə qarşıladı. Şahrux ölkənin idarəsini Cahanşaha tapşırdı, qışı Qarabağda qaldı. 1436-cı ilin yazında Cahanşah Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan edildi.1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil siyasət yeridən Cahanşah hakimiyyətə tabe olmaq istəməyən yarımköçmə əmirlərə qarşı mübarizə aparırdı və Şirvanla dostluq münasibətləri yaratmağa çalışırdı.
Cahanşah dörünün məlumatlı şəxsiyyəti, bacarıqlı dövlət xadimi idi. Onun qanunlarına əməl etməyənləri ciddi cəzalandırırdı. Gələcəkdə işğalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat keçirdi, orduda möhkəm intizam yaratdı. Ölkənin qərb sərhədlərində Ağqoyunlularla tez-tez hərbi toqquşmalar nəticəsində XV əsrin 50-ci illərində Cahanşah Şərqi Anadolunun çox hissəsini itirdi. Lakin bir sıra uğurları nəticəsində o, 1453-cü ildə Əcəm İraqını, bütün Qərbi İranı, sonra Şərqi İranın bir hissəsini ələ keçirdi, 1457-ci ildə sultan taxtının iddiaçılarından olan Şahruxun oğlu İbrahim Mirzəni məğlub edib Cürcanı və Xorasanı tutdu,1458-ci ilin iyununda Herata daxil oldu. Lakin yeni Teymuri sultanı Əbu Səid öz rəqiblərini əzdi və Cahanşahdan irsi torpaqlarını tərk etməyi tələb etdi. Cahanşah hərbi səfərdə olduğu zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında Əbu Səidlə Heratda barışıq müqaviləsi imzaladı və təzminat alıb Azərbaycana gəldi. O, qiyamları yatırdı və 1465-ci ildə Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü. Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə son qoydu. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feodal çəkişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqoyunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu və Ağqoyunlu Uzun Həsənin Qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı.
Ağqoyunlu dövləti. XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Onlar hələ erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar. Ağqoyunluların başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mübarizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə çevrildi.
Ağqoyunlu tayfa ittifaqı 39 tayfadan təşkil edilmişdir. Tayfa birliyində Bayandur boyu ilə yanaşı, oğuzların Bayat, Döğər, Çepni, İnnalı boyları (Azərbaycanın cənub - qərbində və Şərqi Anadoluda), sonradan Cagirli, Ərəbgirli, Biçən, Düharlı, Bayramlı, Hacılı, Mosullu, Pornək, Qoca Hacılı, Uzun Həsənin Qaraqoyunlular üzərindəki qələbəsindən sonra Əfşar, Sədlu, Ağmalu, Qacar, Alpaut, Ağaçəri və Qaramanlı tayfaları daxil olmuşlar. Bu tayfalarla yanaşı Ağqoyunlu tayfa birləşməsinə Şeyxlu, Əhmədli,Təbanlu, Heydərlu, Emirlu, İzzəddin Hacılu, Çavundur, Həmzə Hacılı,Yurtçu, Süleyman Hacılı, Dodurğa, Karqın, Bəğdilli, Candaroğulları, İsfəndiyari, Bozdoğanlılar, Mamaşlu, Miranşahi kimi oğuz-türkmən tayfalarının daxil olmuşlar.
Ağqoyunlu bəyliyinin ilk öndəri Tür Əli bəy olmuşdur. Atası Pəhləvan bəydən sonra Ağqoyunluların başına keçmiş və Elxanilər dövlətinə bağlı olaraq Diyarbəkr mərkəz olmaqla İraq və Suriya sərhədlərinə nəzarət etmişdir. Tur Əli bəy zamanında (1388-1394) Bayburt - Ərzincan ərazisi də Ağqoyunluların ilk məskən saldığı ərazilər olaraq görülməkdədir. Onun dövründə Misirdə və Suriyada tanınan Ağqoyunlular “Tur Əlilər” olaraq ad çıxartmışdılar. Tur Əli bəyin ölümündən sonra iqtidara Fəxrəddin ləqəbini daşıyan Qutlu bəy gəlmişdir. Qutlu bəydən sonra hakimiyyət uğrunda oğlanları - Əhməd, Hüseyn, Qara Yuluq Osman və Pir Əli bəy arasında mübarizə şiddətlənmiş və bu mübarizədən Osman bəy qalib çıxmışdı.
XIV əsrin sonu - XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq Osman bəy Sivas uğrunda mübaizələrdə Qaraqoyunlulara qalib gəldi və Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu bəyliyinin əsası qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salındı. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfai ttifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman bəy öldürüldü, Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi, Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı Uzun Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı.
XV əsrin 50- ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu.Uzun Həsən 1467 – ci ildə Osmanlı sultanı II Mehmed tərəfindən kömək alan Qaraqoyunlu hökmdarı Cahanşaha qalib gəldi. Muş düzündə baş vermis döyüşdə Cahanşah öldürüldü. 1467-ci ildə Təbrizdə Qaraqoyunlulara qarşı yeni üsyan başlandı. Üsyana Siyavuş başçılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş bəyim və Şahsaraybəyim yatırdılar. Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanan Cahanşahın oğlu Həsənəlini azad edib hökmdar seçdilər (1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürüldü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə başladı. 1468-ci ildə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəli məğlub oldu. Qaraqoyunlu dövləti süqutu etdi.
Əgər bu tarixə qədər Ağqoyunlu bəyliyi yalnız mərkəzi Diyarbəkir (Amid) olmaqla şərqdə indiki Suriya sərhədlərindən başlayaraq Mardinin şərqindən Urfanın qərbinə qədər, şimalda isə Ərzurum ilə Sivasın şimalından Xarputa qədər uzanır və əsasən Ərzurum, Ərzincan, Xarput, Diyarbəkir , Mardin və Ruha kimi şəhərləri əhatə edirdisə, artıq Cənubi Azərbaycan (Ərdəbil şəhəri istisna olmaqla ),Qarabağ (şimalda Kür çayına qədər ərazi), Kürdüstan, Diyarbəkr, Qərbi Azərbaycan (indiki Ermənistan), İraqi Əcəm, İraqi Ərəb, Luristan, Fars və Kirman daxil olmaqla böyük bir imperiya yaradıldı.
Cahanşahın ölümünü eşidən Teymuri hökmdarı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşununı ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin qışında Uzun Həsənə sülh təklif etdi, lakin təklif rədd edildi və Teymurilər üzərinə hücum əməliyyatları başlandı. Ağoyunlular böyük qələbə qazandılar.
Yuxarıda qeyd etdiyimiz kimi, Ağqoyunlu dövləti Kürdən cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkinçilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Lakin ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hərəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşılaşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəştlər etməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi.
Ağqoyunlu dövləti Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk Azərbaycan dövləti idi. Qərb ölkələri ilə ticarət əlaqələri daha çox ipək ticarəti üzərindən həyata keçirilirdi. Həmçinin, Uzun Həsən öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sənətiniin inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütəxəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi.
Məlum olduğu kimi, Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə ticarətdən əldə etdiyi gəlir, habelə ölkə ərazisindən keçən beynəlxalq ticarət karvanlarından alınan gömrük dövlətin iqtisadi qüdrəti üçün böyük əhəmiyyətə malik idi. Lakin 1453-cü ildə Konstantinopolun Osmanlı sultanı II Mehmed (1451-1481) tərəfindən alınması, Qara dənizi Aralıq dənizi ilə əlaqələndirən boğazların Türkiyənin əlinə keçməsi, Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçirilməsi yolunda böyük maneəyə çevrildi. Konstantinopolun işğalı Avropa-Asiya ticarət əlaqələrinin əvvəlki kimi birbaşa və sərbəst həyata keçirilməsini çətinləşdirdi, üstəlik II Mehmedin Türkiyə ərazisindən keçən mallar üzərində gömrüyü artırması həm Avropa tacirlərinə, həm də Ağqoyunlu dövlətinin iqtisadi siyasətinə ciddi zərbə vurdu. Çünki Təbrizə toplanan ipək və başqa Şərq mallarının bir qismi karvanlara yüklənərək Trabzona və Hələbə göndərilirdisə, mühüm hissəsi də Türkiyə ərazisindən Venesiyanın və digər Avropa ölkələrinin toxuculuq və ticarət mər-kəzlərinə yola salınırdı.
Konstantinopolun türklər tərəfindən tutulmasından sonra Avropa-Şərq ticarətində vasitəçiliyi ələ keçirməyə çalışan Osmanlı sultanının məqsədi Şərqdən gətirilən xam ipəyi toxudaraq Türkiyəni Avropaya hazır məhsul ixrac edən ölkəyə çevirməkdən ibarət idi. Bu səbəbdən türklər xüsusilə Azərbaycandan gələn ipəyin xaricə çıxarılmasına mane olurdu (çünki ən yüksək gömrük ipək ticarətində tələb olunurdu). Azərbaycan tacirlərindən Toqatda və Bursada gömrük alırdılar. Xatırladaq ki, ipək ticarətinə dövlət nəzarət edirdi. Türkiyədə ciddi sıxışdırılan tacirlər daha çox Suriya bazarlarına və Xəzər-Volqa yolu ilə Rusiya ərazisində olan ticarət mərkəzlərinə gedirdilər.
Ağqoyunlu - Osmanlı münasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamamışdı. 1461-ci ildə Qərb - Şərq ticarətinin həyata keçirilməsində mühüm məntəqə hesab olunan Trabzonun türklər tərəfindən ələ keçirilməsi ağqoyunlulara vurulan yeni zərbə oldu. Çünki Konstantinopolun fəthindən sonra Qara dəniz ticarətində iştirak edən ölkələr Trabzon-Təbriz yolu ilə Azərbaycan, İran, Orta Asiya, Hindistan və Çinlə ticarət əlaqələrini davam etdirirdilər. Trabzon Ağqoyunlu dövləti üçün nəinki Qara dənizə yeganə çıxış yolu, həmçinin, osmanlılara qarşı ağqoyunluların müttəfiqi idi. Bundan əlavə, aralarında qohumluq əlaqələri də vardı. Ağqoyunlu sarayının Avropa ilə diplomatik münasibətlərinin qurulmasında da Trabzon böyük köməklik göstərirdi.
Uzun Həsənin anası Sara xatunun II Mehmedlə danışıqlar aparmasına baxmayaraq türk sultanını Trabzonu ələ keçirmək fikrindən döndərə bilməməsi Ağqoyunlu hökmdarını bu şəhəri müdafiə etmək məcburiyyətində qoydu. Tərəflər arasında döyüş Qoyluhisar yaxınlığında baş verdi. Osmanlıların qələbə qazanaraq hətta Ərzincanı belə ələ keçirməsi Uzun Həsəni türklərlə sülh danışıqlarına başlamağa məcbur etdi. 1461-ci ildə tərəflər arasında bağlanmış Yassıçəmən sülhünə əsasən II Mehmed ağqoyunlulara qarşı hücumu dayandırır, ağqoyunlular isə türklərin Trabzonu tutmasına göz yumurdular.
Trabzonun işğalından sonra ağqoyunlular üçün böyük iqtisadi, hərbi-strateji əhəmiyyət daşıyan ərazi Qaraman bəyliyi idi. Bu məntəqə ağqoyunluların Aralıq dənizinə yeganə çıxış yolu hesab olunurdu. Trabzonun süqutundan sonra Qara dəniz ticarətindən məhrum olan, Türkiyə bazarlarında isə II Mehmedin ağır gömrük siyasəti ilə sıxışdırılan Azərbaycan tacirləri öz ipəklərini Suriya və Qaramana aparırdılar. Həmçinin, Qaraman bəyliyi Osmanlı dövlətinə qarşı antitürkiyə bloku yaratmaq istəyən dövlətlərin, o cümlədən Venesiya, Misir, Neopol krallığı, Papalıq, Kipr, Rodos, Balkan knyazlıqlarının bir-biri ilə əlaqə saxladıqları mühüm ərazi hesab olunurdu. Lakin 1468-ci ildə II Mehmedin Qaraman ərazisini ələ keçirməsi ilə ağqoyunlular Aralıq dənizinə olan son çıxış məntəqələrini də itirdilər.
Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa başladı. 1463-cüildə Venesiya - Osmanlı müharibəsinin başlanması bu əlaqələrin daha da müntəzəm xarakter almasına səbəb oldu. 1472-ci ildə isə Katerino Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan danışıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin pozulmaması haqda Uzun Həsəndən təminat almışdı.
Ağqoyunlu dövləti və Venesiya arasında Osmanlılara qarşı sülh 1472- cildə bağlandı. Təbrizdə Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun olaraq hücum əməliyyatları eyni vaxtda hər iki tərəfdən başlamalı idi. Müqaviləyə uyğun olaraq Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi. Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. Şahzadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi.
II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə Osmanlı qoşunu duşərgə saldı. 1473-cü il avqustun 1- də Malatyada Ağqo- yunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi. 1473-cü il avqustun11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Osmanlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücumlarına davam gətirə bilmədilər və məğlub oldular.1474-cü ilin aprelində Venesiya diplomatı İosafat Barbaronu və onunla Ağqoyunlu elçilərini qarət edildi. Hacı Məhəmməd başda olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri 3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı ona ərə verdi. II Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa - Azərbaycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan qızını və nəvəsi Gödək Əhmədi İstanbula gətirdi. İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq müqaviməti, ümumxalq narazılığı - bütün bunlar Ağqoyunlu dövlətinin dağılmasını yaxınlaşdırdı.
Uzun Həsən 1474 - 1477-ci illərdə Gürcüstana yürüş etdi. Yürüşün səbəbini gürcü knyazlarının Ağqoyunlu hökmdarına Türkiyyəyə qarşı mübarizədə dəstək verməməsi ilə bağlı olduğunu bildirən məlumatlar mövcuddur. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun Həsənin ölümündən sonra oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəmlənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında ziddiyyət başlandı. Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlətini Baysunqurun adından idarə edən Sufi Xəlil idarə edirdi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı. 1491- ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura toxunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı.1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın yanına qaçdı. 1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağqoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə edirdi. XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah qədər soyurqal paylamamışdı. Lakin o, 5 il (1492-1497) Ağqoyunlu dövlətini idarə etsə də, iri köçmə feodallar qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər.
1492-ci ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Bərdə - Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub oldu. Rüstəm Mirzə qalib gəldi.Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və Əbih sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər.1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi. Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O, 1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı. Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi.Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və Farsda qiyamlar qaldırdılar. 1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı.Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarəetməyə başladılar.1499-cu ilin sonunda Muradın əmisi oğlu Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 varis-Murad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı. Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir, Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə,bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı.