I fəsil Ümumi müddəalar Maddə Əsas anlayışlar



Yüklə 130,5 Kb.
tarix01.01.2017
ölçüsü130,5 Kb.
#4032
Arıçılıq haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında arıçılığın təşkilinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. arıçılıq - bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

1.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

1.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

1.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

1.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

1.0.6. arıçılıq məhsulları - bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);

1.0.7. bal arısı cinsləri - müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;

1.0.8. bal arısı populyasiyaları - müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;

1.0.9. arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması - müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;

1.0.10. entomofil bitkilər - cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;

1.0.11. balyığma mənbələri - bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;

1.0.12. apifitoməhsul - arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul.
Maddə 2. Arıçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Arıçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Heyvanlar aləmi haqqında” və “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Arıçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi
Arıçılıq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması, yerli arı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılması və təkmilləşdirilməsi, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsulları istehsalının artırılması üçün hüquqi zəmin yaratmaqla Azərbaycanda arıçılığın inkişafına nail olmaqdır.
Maddə 4. Arıçılığın obyektləri və subyektləri
4.1. Bal arısı ailələri (ana arı, işçi arılar, erkək arılar), arıçılıq məhsulları, pətəklər, habelə arıçılıqda istifadə olunan avadanlıq, ləvazimat və tikililər arıçılığın obyektləridir.

4.2. Mülkiyyət növündən asılı olmayaraq arıçılıq subyektləri aşağıdakılardır:

4.2.1. arıçılıq təsərrüfatları;

4.2.2. əsasən arıçılıq inventarı və avadanlığı hazırlayan müəssisələr;

4.2.3. arıçılıqla məşğul olan elm və tədris müəssisələri, təcrübə-sınaq təsərrüfatları, digər idarə və təşkilatlar;

4.2.4. arıçılıq məsələləri ilə bağlı fəaliyyət göstərən ictimai birliklər, ittifaqlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda yaradılmış qeyri-kommersiya qurumları.

4.3. Arıçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan arıçılıq subyektləri kənd təsərrüfatı məhsulları istehsalçısı hesab olunurlar.

4.4. Qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən müddətli vergi güzəştləri əsas fəaliyyəti arıçılıq inventarı və avadanlığı hazırlamaq olan fiziki və hüquqi şəxslərə şamil olunur.



II fəsil
Arıçılıq sahəsində dövlət tənzimlənməsi
Maddə 5. Arıçılıq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri
5.0. Arıçılıq sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

5.0.1. arıçılığın inkişafının əsas istiqamətlərini müəyyən etmək və dövlət himayəsini həyata keçirmək;

5.0.2. arıçılıq üzrə normativ hüquqi aktlar və normativ sənədləri təsdiq etmək;

5.0.3. arıçılığın inkişafı üzrə dövlət proqramları, layihələr, habelə seleksiya-damazlıq proqramları hazırlamaq, onların maliyyə mənbələrini müəyyən etmək və həyata keçirilməsini təşkil etmək;

5.0.4. arıçılıq sahəsində dövlət büdcəsindən maliyyələşən tədbirlərin icrasına nəzarət etmək, arıçılığın inkişafına və yeni texnologiyaların tətbiqinə, arıçılıq subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına və arıçılıqda istifadə olunan inventar və avadanlıqların istehsalına köməklik göstərmək;

5.0.5. arıçılıqda baytarlıq-sanitariya pasportlarının (şəhadətnamələrinin) verilməsini, arıçılıq təsərrüfatlarının uçotunun aparılmasını təşkil etmək;

5.0.6. arıçılıq sahəsində sahibkarlığın inkişafına dəstək vermək, haqsız rəqabətin qarşısının alınmasını, sağlam və ədalətli rəqabətin formalaşmasını təmin etmək;

5.0.7. bal arılarının mühafizəsi və xəstəliklərinə qarşı mübarizə tədbirlərini təşkil etmək və bu sahədə dövlət nəzarətini həyata keçirmək;

5.0.8. bal arılarının və arıçılıq məhsullarının ixracı və idxalı üzərində müəyyən olunmuş qaydada dövlət tənzimlənməsini təmin etmək;

5.0.9. arıçılıq sahəsində və arıçılıq məhsullarının təbabətdə tətbiqinə dair elmi-tədqiqat işlərini təşkil etmək, bu işlərə dəstək vermək və stimullaşdırmaq;

5.0.10. arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək;

5.0.11. arıçılıq sahəsində ixtisaslı mütəxəssislərin və arıçılıq kadrlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək, arıçılıqla məşğul olan şəxslərin maarifləndirilməsi işini təşkil etmək;

5.0.12. arıçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, arıçılıq üzrə normativ hüquqi aktların və normativ sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

5.0.13. balyığma mənbələrinin aşkar edilməsi, nektarlı və şirəli bitkilərin seleksiyası işini təşkil etmək, bu sahədə toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsini dəstəkləmək və stimullaşdırmaq;

5.0.14. qanunvericiliyə uyğun olaraq ekoloji təmiz arıçılıq məhsulları istehsalının təmin edilməsinə nəzarət etmək;

5.0.15. arıçılığın və arıçılıq məhsullarının insanların həyatında, fəaliyyətində və sağlamlığında, arıların bitkiçilik məhsulları istehsalının artırılmasında və ətraf mühitin mühafizəsində mühüm rolunu kütləvi informasiya vasitələrində təbliğ etmək;

5.0.16. qanunvericilikdə nəzərdə tutulmuş digər istiqamətlər.
Maddə 6. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi
6.1. Arıçılıq sahəsində dövlət nəzarəti bal arısı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasının, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin, habelə arıçılığa dair normativ sənədlərin tələblərinin, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin və keyfiyyətli arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunması məqsədilə həyata keçirilir.

6.2. Arıçılıq sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

6.3. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq arıçılıq subyektlərindən lazımi məlumatlar almaq, aşkar edilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir.

6.4. Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 7. Arıçılığın inkişafı üzrə dövlət proqramları
7.1. Arıçılığın inkişafı üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

7.2. Arıçılığın inkişafı üzrə dövlət proqramlarında ölkədə yetişdirilən bal arısı cinslərinin populyasiyalarının kəmiyyətinin və damazlıq keyfiyyətinin tədqiq edilməsi, onların seleksiya qruplarının və damazlıq özəklərinin təşkili, qorunub saxlanılması və təkmilləşdirilməsi, balyığma mənbələrinin çoxaldılması və məhsuldarlığının yüksəldilməsi, arıçılıq subyektlərinin inkişaf etdirilməsi, o cümlədən onların maddi-texniki bazasının möhkəmləndirilməsi, ayrı-аyrı hüquqi və fiziki şəxslərin bu sahəyə investisiyalarının cəlb edilməsinin stimullaşdırılması, ekoloji təmiz balın istehsalı və arıçılıq məhsullarının çeşidinin artırılması, onların və apifitoməhsulların təbabətdə tətbiqinin genişləndirilməsi, arıçılıqda müasir istehsal texnologiyalarının tətbiqi, arıçılıq məhsullarının marketinqinin təşkili və arıçılığın inkişafı istiqamətində digər tədbirlər nəzərdə tutula bilər.

7.3. Arıçılığın inkişafı üzrə dövlət proqramlarının icrasına elmi-tədqiqat müəssisələri və təcrübə stansiyaları, onların arıxanaları, damazlıq arıçılıq təsərrüfatları və peşəkar arıçılıqla məşğul olan arıçılıq təsərrüfatları cəlb edilə bilərlər.

III fəsil
Arıçılığın təşkili
Maddə 8. Arıçılıqla məşğul olmaq hüququ və arıçılıq təsərrüfatlarının yaradılması
8.1. Arıçılıq fəaliyyəti arı yetişdirmə, damazlıq arıçılıq və əmtəəlik arıçılıq istiqamətlərində həyata keçirilir.

8.2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həvəskar və peşəkar arıçılıqla məşğul olmaq hüququ vardır.

8.3. Arıçılıq təsərrüfatları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır. Arıçılıq təsərrüfatlarının eyni ərazidə və müxtəlif bölgələrdə bir və bir neçə arıxanası ola bilər.

8.4. Arıçılıq təsərrüfatları dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə ola bilərlər.

8.5. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan arı ailələrinin, arıxanaların və arıçılıq təsərrüfаtlаrının say tərkibinə məhdudiyyət qoyulmur.

8.6. Damazlıq arıçılıq təsərrüfatları əsasən yüksək məhsuldar ana arılarının və arı ailələrinin yetişdirilməsi və təkrar istehsalı ilə məşğul olur, onların təşkili və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.



Maddə 9. Arıçılıq təsərrüfatlarının hüquqları və vəzifələri
9.1. Arıçılıq təsərrüfatları qanunvericilikdə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən ana arıları və arı ailələrini yetişdirmək, saxlamaq, arıçılıq məhsullarının dövriyyəsi ilə məşğul olmaq, arı ailələrindən entomofil bitkilərin tozlandırılmasında istifadə etmək və həmin məqsədlə onları icarəyə vermək, аrılаrı və arıçılıq məhsullarını idxal və ixrac etmək, sərgilərdə, yarmarkalarda iştirak etmək hüquqlarına və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.

9.2. Arıçılıq təsərrüfatları müvafiq qanunvericiliyin, o cümlədən arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət etmək, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və qanunvericilikdə müəyyən edilmiş digər vəzifələri yerinə yetirirlər.

9.3. Arıçılıq təsərrüfatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya qurumları yarada bilərlər.
Maddə 10. Arıçılıqda baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilməsi
Uçota alınmış arıxanalarda müalicə-profilaktika tədbirlərini həyata keçirmək məqsədilə hər bir arıxanaya forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir.
Maddə 11. Arıçılıqda seleksiya-damazlıq işləri
11.1. Azərbaycan Respublikasında yerli bal arısı genofondunun Boz dağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan, Talış və Naxçıvan populyasiyaları qorunur.

11.2. Arıçılıqda seleksiya-damazlıq işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir bal arısı cinsi və populyasiyası üzrə təsdiq edilən seleksiya-damazlıq proqramları əsasında aparılır. Seleksiya-damazlıq işləri arıçılıq üzrə mütəxəssis olan fiziki şəxslər və ya fiziki şəxslər tərəfindən belə mütəxəssislərin cəlb edilməsi yolu ilə və kadr potensialı olan hüquqi şəxslər tərəfindən zəruri şəraiti olan arıçılıq təsərrüfatlarında həyata keçirilir. Bu proqramlarda yerli bal arısının genofondunun qorunub saxlanılması, rayonlaşdırılmış arı cinslərindən olan arı ailələrinin məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, müxtəlif iqlim şəraitinə davamlı və balvermə mənbəyinə uyğun yüksək məhsuldar yeni arı cinsləri, populyasiyaları, cinsdaxili xətləri və tipləri yaratmaq üçün mütərəqqi texnologiyaların müasir elmi nəticələrinin tətbiqi və digər məsələlər əks olunmalıdır.

11.3. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən arıçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə borcludurlar.

11.4. Ana arıların və arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin və populyasiyalarının aprobasiyası, təsdiqi, patentləşdirilməsi və istifadəsi “Seleksiya nailiyyətləri haqqında”, “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

11.5. Azərbaycan Respublikasında yetişdirilən arı cinslərinin və populyasiyalarının seleksiya qruplarına və damazlıq özəklərinə mənsub arı ailələrinin satış məqsədilə ixracı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənir.
Maddə 12. Bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunması
12.1. Bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılmasını, onların çoxaldılmasının və istifadəsinin yaxşılaşdırılmasını təmin etmək üçün arıçılıqda rayonlaşdırma prinsiplərinə əməl olunmalıdır. Arıçılıq subyektləri bu prinsipə riayət etməyə borcludurlar.

12.2. Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

12.3. Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bal arısının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və Azərbaycan Respublikasının ərazisindən çıxarılması qadağandır.

12.4. Nəticələrindən asılı olaraq arıçılıq sahəsində tövsiyələrin verilməsi məqsədilə dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin yerli şəraitə uyğunlaşmasını və onların rayonlaşdırılmasını öyrənmək üçün elmi-tədqiqat və sınaq tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı və nəzarəti altında elmi-tədqiqat müəssisələri tərəfindən aparılır.

12.5. Yerli arı genofondunun yaxşılaşdırılması və ölkə arıçılığının təmiz cinsli məhsuldar arı ailələrinə və ana arıya olan tələbatının ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.

Maddə 13. Arıçılıq məqsədləri üçün torpaq sahələrinin ayrılması
13.1. Arıçılıq təsərrüfatlarına qanunvericiliyə uyğun olaraq torpaq sahələri ayrılır.

13.2. Arıçılığın inkişafını təmin etmək məqsədilə arıçılıq təsərrüfatları dövlət və bələdiyyə mülkiyyətində olan məhsuldar balyığma mənbələrindən mövsümi istifadə edə bilərlər.

13.3. Arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə mülkiyyətində olan meşə və meşə zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmur. Göstərilən sahələrdən arıçılıq məqsədləri üçün istifadənin məhdudlaşdırılmasına yol verilmir.

13.4. Arıxana sahibləri mövsümi istifadə müddətində balyığma mənbəyi kimi istifadə etdikləri ərazilərin mühafizəsinə dair qanunvericiliyin tələblərinə əməl etməlidirlər.


Maddə 14. Arıçılıqda mülkiyyət hüququnun xüsusiyyətləri
14.1. Arıxanalarda olan arı ailəsi, arı beçəsi və arıçılıq sahəsində fəaliyyəti həyata keçirmək üçün lazım olan alət, ləvazimat, avadanlıq və tikililər arıxana sahiblərinə mülkiyyət və (və ya) istifadə hüququnda mənsub ola bilər.

14.2. Hüquqi və fiziki şəxslər arıxanalarından başqa əraziyə uçub getmiş və orada məskunlaşmış və ya yad pətəyi tutmuş arı ailəsini (təbii arı beçəsini) müntəzəm izlədikləri halda həmin arı ailəsini (arı beçəsini) öz əmlakı kimi yığıb geri qaytarmaq hüququna malikdirlər.

14.3. Hüquqi və fiziki şəxslərin arıxanalarından uçmuş arı beçəsi başqaları ilə birləşərək bir yerə toplanarsa, birləşmiş arı beçələri həmin şəxslərin ümumi mülkiyyəti hesab olunur və onun bölünməsi, o cümlədən birləşmiş arı beçəsinin özgəninkiləşdirilməsindən əldə edilən pul vəsaitinin arı beçəsinin sayına uyğun bölünərək sahiblərinə ödənilməsi tərəflər arasında razılaşmaya əsasən həyata keçirilir.

14.4. Yad ərazidə məskunlaşmaq və ya yad pətəyi tutmaqla əlaqədar zərər vurulduğu halda zərərçəkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvəz ödənilməsini tələb edə bilər.


Maddə 15. Arıxanaların yerləşdirilməsi və uçotu
15.1. Arıçılıq təsərrüfatlarında arıxanalar zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğun ərazilərdə yerləşdirilir.

15.2. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün arıxanalar səhiyyə, təhsil, mədəniyyət və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər müəssisələrdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədə və qaydada yerləşdirilməlidir.

15.3. Arı ailələrindən entomofil bitkilərin səmərəli tozlanmasında istifadə etmək üçün arıxanaların müvafiq balyığma mənbələrində müvəqqəti yerləşdirilməsinə yol verilir.

15.4. Arıçılıq təsərrüfatları arıxananı yeni ərazidə yerləşdirərkən müvafiq icra hakimiyyəti orqanları tələb etdiyi halda arıxana haqqında məlumat və onun baytarlıq-sanitariya pasportunu (şəhadətnaməsini) təqdim etməyə borcludurlar.

15.5. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uçota alınırlar.

15.6. Arıçılıq təsərrüfatları arıxananın daimi yerləşdiyi ərazidəki müvafiq dövlət orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar verməyə borcludurlar.

15.7. Arıçılıq subyektləri, arı ailələri və arıçılıq məhsulları istehsalı haqqında statistik məlumatların tərtibi və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.8. Arı ailələrinin sayının statistik uçotu aparılarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi arı ailəsinin standart gücü nəzərə alınmalıdır.


Maddə 16. Arılardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılması üçün istifadə edilməsi
16.1. Entomofil kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər məhsuldarlığı artırmaq məqsədilə bitkiləri tozlandırmaq üçün qanunvericiliyə uyğun olaraq arıçılıq təsərrüfatlarının razılığı ilə onların arı ailələrindən istifadə edə bilərlər.

16.2. Arıçılıq təsərrüfatları entomofil kənd təsərrüfatı bitkiləri becərən hüquqi və fiziki şəxslərə əvvəlcədən xəbər verməklə həmin bitkilərin yerləşdiyi ərazidən, habelə onların mülkiyyətində və (və ya) istifadəsində olan otlaqlar və digər sahələrdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada balyığma mənbəyi kimi istifadə edə bilərlər.

16.3. Entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılması və balyığma mənbələrindən mövsümi istifadə müddətində həmin ərazilərin və bal arılarının mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir.
Maddə 17. İnsan və heyvan xəstəliklərinin profilaktikasında və müalicəsində arıçılıq məhsullarından istifadə
17.1. İnsan və heyvan xəstəliklərinin profilaktikası və müalicəsi məqsədilə arılardan, arıçılıq məhsullarından və apifitoməhsullardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada dərman vasitəsi kimi istifadə oluna bilər.

17.2. Arıçılıq məhsullarından və apifitoməhsullardan hazırlanmış dərman vasitələrinin kliniki sınağı və tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.



IV fəsil
Arıçılıq məhsullarının dövriyyəsi
Maddə 18. Arıçılıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması
18.1. Azərbaycan Respublikasında arı ailələrinin və istehsal edilən arıçılıq məhsullarının milli standartları qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və qeydiyyata alınır.

18.2. Azərbaycan Respublikasında istehsal edilən və idxal olunan arıçılıq məhsulları satışa çıxarılarkən qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılmalıdır.

18.3. Arıçılıq məhsullarının sertifikatlaşdırılması həmin məhsulların baytarlıq şəhadətnaməsi olduqda aparılır.

18.4. Azərbaycan Respublikasında istehsal edilən və arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıq, inventar və qurğular qüvvədə olan normativ texniki sənədlərin tələblərinə uyğun hazırlanır.

18.5. Arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə ictimai təşkilatlar və arıçılıq təsərrüfatları könüllü qaydada milli standartlarla yanaşı daha ciddi tələbləri olan standartlar tətbiq edə bilərlər.
Maddə 19. Arıçılıq məhsullarının qablaşdırılması və markalanması
19.1. Azərbaycan Respublikasında arıçılıq məhsulları istehsalçıları dövriyyəyə daxil etdikləri məhsulları istehsal markaları ilə təchiz etməlidirlər.

19.2. Arıçılıq məhsullarının qablaşdırılması və markalanması qaydası beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.

19.3. Daxili bazara çıxarılan və ixrac edilən arıçılıq məhsulları markalanarkən etiketin üzərində Azərbaycan dilində istehlakçılar üçün qanunvericilikdə nəzərdə tutulmuş lazımi məlumatlar əks olunmalıdır.

19.4. Arıçılıq məhsullarının saxlanması və daşınması üçün insan orqanizminə təhlükə yaratmayan və istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilən müxtəlif materiallardan hazırlanmış və müvafiq standartlara cavab verən qablardan istifadə edilir.

19.5. Arıçılıq məhsullarının etiketi üzərində məhsulun keyfiyyətini xarakterizə edən məlumatlarla məhsulu müşayiət edən sənədlərdə olan məlumatlar arasında uyğunluq təmin edilməlidir.

19.6. Arıçılıq məhsulları markalanarkən normativ sənədlərin tələblərinə cavab verdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə etiketin üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adlar və reklam xarakterli digər məlumatlar yerləşdirilə bilər.

19.7. Arıçılıq məhsullarının ekoloji təmiz kənd təsərrüfatı məhsulları kimi “EKO-keçid” və “EKO” markası ilə markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 20. Arıçılıq məhsullarının marketinqi və satışı
20.1. Arıçılıq məhsullarına olan tələbatın, qiymətlərin, reklamın, yeni məhsul növünün istehsalının, müəssisələrin və firmaların istehsal-satış fəaliyyətinin idarə edilməsinin yaxşılaşdırılmasına yönəldilmiş məsələlərin təhlili və proqnozlaşdırılması üçün arıçılıq məhsullarının marketinqi təşkil edilir.

20.2. Arıçılıq məhsullarının marketinqi arıçılıq məhsullarının həcminə, arıçılıq məhsullarına olan tələbata və digər məlumatlara əsaslanır.

20.3. Arıçılıq məhsullarının həcmi barədə məlumatların əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Arıçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada arıçılığa dair statistik məlumatları təqdim etməyə borcludurlar.

20.4. Arıçılıq məhsullarına olan tələbatı müəyyən etmək, onların reklamını və satışını keçirmək üçün sərgilər, yarmarka-satış və müasir informasiya texnologiyaları olan internet-saytlardan istifadə olunur. Yarmarkaların və sərgilərin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il həyata keçirilir və bu tədbirlərdə arıçılıq məhsulları ilə yanaşı arıçılıqda istifadə edilən avadanlıq, inventar və qurğular da nümayiş etdirilir və onların satışı təşkil olunur.

20.5. Arıçılıq məhsulları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərbəst mübadilə oluna, alına və ya bir şəxsdən başqasına keçə bilər. Arıçılıq məhsullarının satışı xüsusi mağazalarda, mağazaların ayrıca bölmələrində və ya onların keyfiyyətinə və digər xüsusiyyətlərinə zərər gətirməyən, müvafiq normativ texniki sənədlərin tələblərinə cavab verən yerlərdə təşkil olunur.

20.6. Satışa bal arılarının bitkilərin nektarından və şirəsindən (gəzəngidən) istehsal etdiyi bal çıxarılır. Süni yolla və ya başqa mallardan alınmış məhsulun bal kimi satışına və digər məqsədlər üçün istifadəsinə yol verilmir və o, qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan mal hesab olunur. Belə məhsulu təbii bal kimi dövriyyəyə daxil etməklə istehlakçıların hüquqlarının pozulmasında təqsirli bilinən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

20.7. Azərbaycan Respublikasında sertifikatsız arıçılıq məhsullarının satışına yol verilmir.

20.8. Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Maddə 21. Arıçılıq məhsullarının idxalı və ixracı
21.1. Arıçılıq məhsullarının və arıçılıqda istifadə edilən inventar və avadanlığın idxalı və ixracı bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

21.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada arı xəstəliklərinin Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısını almaq üçün xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların idxalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.

21.3. Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yalnız elmi-tədqiqat və təcrübə məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yol verilə bilər.

V fəsil

Bal arılarının mühafizəsi
Maddə 22. Bal arılarının mühafizəsinin təmin edilməsi
22.1. Bal arılarının mühafizəsinin təmin edilməsi aşağıdakı yollarla həyata keçirilir:

22.1.1. hüquqi və fiziki şəxslərin bal arılarının saxlanılmasında zootexniki və baytarlıq (baytarlıq-sanitariya) normalarına riayət etməsi, saxlanma şəraitinə, köçürülmə yerlərinin və yollarının qorunmasına qoyulan tələbləri yerinə yetirməsi;

22.1.2. arı ailələrinin talanlardan, arı ziyanvericiləri olan və ovlanması qadağan olunan heyvan və quşlardan qorunması;

22.1.3. bal arılarının pestisidlərlə, toksiki və aqrokimyəvi maddələrlə zəhərlənməsinin qarşısının alınması;

22.1.4. arı xəstəlikləri üzrə profilaktiki tədbirlərin vaxtında və müntəzəm həyata keçirilməsi, xəstəliklərin yayılmasının qarşısının alınması, onların müalicəsi və zərərvericilərə qarşı mübarizə işinin təşkili;

22.1.5. arı ailələrinin balyığma mənbələrinə maneəsiz köçürülməsinə şərait yaradılması;

22.1.6. yerli bal arıları genofondunun qorunması, bal arılarının bioloji və təsərrüfat əhəmiyyətli əlamətlərinin yaxşılaşdırılması üçün seleksiya-damazlıq işinin təşkili;

22.1.7. kütləvi informasiya vasitələrində arıçılığın insan sağlamlığının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və əhalinin məşğulluğunun artırılmasında əhəmiyyətinin, onun iqtisadi səmərəliliyinin və geniş potensial imkanlara malik bir sahə olmasının təbliğ olunması, bal arılarının qorunmasına və arıçılığın inkişafına xidmət edən fəaliyyətlərin stimullaşdırılması.

22.2. Bal arılarının mühafizəsinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 23. Bal arılarının mühafizəsinin təşkili
23.1. Bal arılarının saxlanıldığı ərazilərdə və balyığma mənbələrində tarla, çəmən, meşə, meşə zolaqları və əkinlərin pestisidlərlə və aqrokimyəvi maddələrlə işlənməsi zərurəti yarandığı hallarda bu işlərlə məşğul olan hüquqi və fiziki şəxslər dərmanlanacaq sahələrdən yeddi kilometr məsafəyədək yerləşən arıxana sahiblərinə işə başlamazdan ən azı beş gün əvvəl rəsmi qaydada və ya kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etməyə borcludurlar.

Xəbərdarlıqda dərmanlanacaq sahələrin adı və yeri, dərmanlanmanın aparılma vaxtı və metodu, tətbiq edilən pestisidlərin və aqrokimyəvi maddələrin növü, təsir müddəti və dərəcəsi göstərilməlidir.

23.2. Meşələrin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlər arıçılıq sahəsində səmərəli fəaliyyəti təmin edən tələblər nəzərə alınmaqla həyata keçirilir.

Arıxanaların yerləşdiyi yerdən üç kilometrdən az məsafədə olan meşələrin sanitariya vəziyyəti və çoxaldılması şəraitini yaxşılaşdırmaq halları istisna olmaqla, balyığma mənbələri olan ağac və kolların (cökə, ağcaqayın, söyüd, akasiya və s.) kəsilməsinə və ya onların nektar məhsuldarlığına xələl gətirən fəaliyyətə icazə verilmir.

23.3. Təbii məskunlaşdıqları yerlərdə bal arılarının xeyirli xüsusiyyətlərindən istifadə və onlardan arıçılıq məhsullarının alınması qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.

Arıların təbii şəraitdə məskunlaşdıqları ağac koğuşlarının və başqa yerlərin talan edilməsinə icazə verilmir və belə arı ailələri həmin ərazinin istifadəçiləri tərəfindən qorunur.

Ağac koğuşunda məskunlaşmış arı ailələrindən balın götürülməsinə arı ailəsinin məhv edilməməsi, kötük şəklində ağacın kəsilməməsi və yuvada arı ailəsinə yem üçün lazımi miqdarda bal ehtiyatının saxlanması şərti ilə icazə verilir.
Maddə 24. Bal arılarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri
24.1. Bal arılarının xəstəliklərinin qarşısının alınması və müalicə tədbirlərinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir.

24.2. Arıçılıq subyektləri təhlükəlilik dərəcəsi və kütləviliyi ciddi xarakter alan arı xəstəliklərini müşahidə etdikdə müvafiq icra hakimiyyəti orqanlarına təcili xəbər verməlidirlər.

24.3. Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

24.4. Arıçılıq məhsullarının keyfiyyətinə mənfi təsir göstərməmək üçün arı xəstəliklərinin müalicəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya uyğun dərman vasitələrindən istifadə edilir.


Maddə 25. Arı ailələrinin köçürülməsi
Arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi baytarlıq (baytarlıq-sanitariya) normalarına əməl edilməklə, arıların mühafizəsini və arı ailələrinin yeni ərazilərə tez və maneəsiz çatdırılmasını təmin edən tədbirlər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

VI fəsil
Yekun müddəalar
Maddə 26. Arıçılığın maliyyə təminatı
26.1. Arıçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət büdcəsindən ayırmalar, investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və digər mənbələr hesabına formalaşır.

26.2. Arıçılığın inkişafına investisiyaların cəlb edilməsinə, arıçılıqda seleksiya-damazlıq işlərinin təşkilinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların tətbiqinə, arıçılığın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühit yaradılır.


Maddə 27. Arıçılığın kadr və elmi təminatı
27.1. Arıçılıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

27.2. Arıçılıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi-tədqiqat müəssisələri, tədqiqatçı alimlər və müvafiq ali təhsili olan mütəxəssislər tərəfindən aparılır.



27.3. Elmi-tədqiqat müəssisələri ölkədə arıçılığın inkişafını və insan sağlamlığı üçün xüsusi əhəmiyyətə malik apifitoməhsulların istehsalını və tətbiqini təmin edən tədqiqatlar aparmaqla müvafiq tövsiyə və təkliflərin hazırlanması, arıçılıq sahəsində seleksiya-damazlıq proqramlarının, mövcud arı cinslərinin və populyasiyalarının təkmilləşdirilməsi, cinsdaxili xətlərin və tiplərin yaradılmasının metod və üsullarının hazırlanması və həyata keçirilməsi, arı xəstəliklərinin qarşısının alınması və müalicəsinin, arıların zərərvericilərindən və düşmənlərindən qorunmasının səmərəli təşkili, arıçılıqda süni mayalanmanın tətbiqi və digər müasir elmi-texniki tədqiqatların aparılması ilə məşğul olurlar.
Maddə 28. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq
Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.
Maddə 29. Arıçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Arıçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Mübahisələrin həlli
Arıçılıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2009-cu il.
Azərbaycan.-2009.-18 aprel.-S.4-5.
Yüklə 130,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin