I Mühazirə: Pedaqoji etikanın mahiyyəti, məzmunu və vəzifələri
Plan:
1. Pedaqoji etika anlayışı.
2. Pedaqoji etikanın predmeti və vəzifələri
3. Pedaqoji etikanın mahiyyəti və məzmunu.
4. Pedaqoji etika elmi-nəzəri etikanın tərkib hissəsi kimi.
Ədəbiyyat siyahısı
1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı 2009
2. Müəllimlərin etik davraniş qaydaları. “Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 16 may 2014-cü il tarixli, 60 nömrəli əmri”.
3. Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, Maarif 1992
4. Xəlilov V. Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri.
Bakı 1997.
5. V.Bəşirov “Pedaqoji prosesdə əxlaqi münasibətlərin qoyuluşu: Müəllimlərin
etik davranış qaydaları”. Azərbaycan müəllimi qəzeti. 12 sentyabr, 2014-cü
il. Səh.7 1.
6. Faiq Mirzəyev , Xanımqız Rüstəmova “Pedaqoji ustalığın əsasları”
( Dərs vəsaiti) Bakı 2012
7. Museyib İlyasov “Müəllimin pedaqoji ustalığı” (Dərs vəsaiti) Bakı
2013
8. Həmzə Əliyev
9. Laləzər Cəfərova Bakı 2019 .
1.Pedaqoji peşənin-müəllimlik peşəsinin özünəməxsus etikası, müəyyən
əxlaqi-etik tələbləri və xüsusiyyətləri vardır. Böyüyən nəslin milli zəmin,
türkçülük, islam əxlaqı və ümumbəşəri dəyərlər əsasında tərbiyə edilməsi, onlarda
milli mənlik şüurinin formalaşdırılması baxımından da gələcək müəllimlər
pedaqoji etikanın bütün incəliklərinə yiyələnməli, müəyyən əxlaqi-etik tələbləri və
xüsusiyyətləri bilməlidirlər. “Peşə etikası” geniş anlayışdır. Buna pedaqoji etika,
tibbi etika, məhkəmə etikası, mühəndis etikası, alim etikası, aktyor etikası və s.
daxildir. Peşə etikası dedikdə, əsasən, əxlaqın prinsip və normalarının müxtəlif
peşə sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə
tutulur. Müəllimlik peşəsinin özünə məxsus etikası, müəyyən əxlaqi-etik tələbləri
və xüsusiyyətləri vardır. Pedaqoji lüğətdə göstərilir ki, bütöv pedaqoji proses
şəraitində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib
hissəsi,müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. Pedaqoji etikanın
predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks
olunmasıdır. Pedaqoji etika uşaqlarla iş şəraitinə uyğun olaraq müəyyənləşdirilən
pedaqoji cəhətdən dərk edilmiş, məktəbin vəzifəsi və tələblərini nəzərə alan əxlaq
normalarıdır. Pedaqoji etika müəllimlik peşəsinin ictimai təbiətindən irəli gələn
humanizm, yüksək mədəniyyət, nəzakət, qayğıkeşlik, nikbinlik və xeyirxahlıq
tələblərini həmişə gözləməli və təmin etməlidir. Pedaqoji etika müəllimin dərsdə,
tərbiyə prosesində və ümumiyyətlə, hər yerdə, həmişə adamlarla münasibətdə
hadisələrə yüksək nikbinliklə baxmasını, ədalətli və nəzakətli hərəkət etməyi,
insanlara qayğı və hörmətlə yanaşmasını nəzərdə tutur. Müəllim bütün mənəvi
münasibətlərdə öz nümunəvi rəftarı ilə yüksək mövqedə duran tərbiyəçidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli əmri ilə
təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda deyilir: "Müəllimlərin
etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı
təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı
münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir".
2. Pedaqoji əxlaqın müəllim davranışındakı tənzimləyici rolu hələlik az
tədqiq edilib. Belə ki, bu vaxta qədər bir çox işlərdə pedaqoji etika və pedaqoji
əxlaq arasındakı oxşar və fərqli cəhətlər müəyyənləşdirildi. Tez-tez onları sinonim
anlayışlar kimi işlədirlər. Halbuki, nəzərə almaq lazımdır ki, pedaqoji əxlaq
müxtəlif elmlərin (etika, pedaqogika, psixologiya) tədqiqat obyektidir. Eyni
zamanda pedaqoji etika pedaqoji əxlaqı öyrənən etikanın bir hissəsi kimi pedaqoji
əxlaqa daxildir, çünki etik biliklər bu və ya digər dərəcədə pedaqoji əxlaqın qayda
və prinsiplərinə təsir edir. Bunu da qeyd etmək lazımdır ki, hazırda pedaqoji etika
ilə bağlı tədqiqatlarda pedaqoji etikanın əhəmiyyətinə və vəzifələrinə dair vahid
rəy yoxdur. Bizim fikrimizcə, bu problemləri dərk etmək üçün pedaqoji prosesdəki
əxlaqi münasibətlərin quruluşuna müraciət etmək lazımdır. Bu quruluşca
mürəkkəbdir, özü də təkcə müəllimlə şagirdi yox, həm də müəllimi və müəllim
kollektivini, rəhbərliyi, müəllim və valideyni və əlbəttə, onun cəmiyyətdəki yerini
əhatə edir. Həm də bu münasibətlər pedaqoji etikanın tədqiqat obyekti olan xüsusi
əxlaq normalarının meydana gəlməsinə səbəb olur. Amma pedaqoji etika təkcə
əxlaq qaydalarını öyrənmir, bu və ya digər qaydanın seçilməsi səbəbləri,
məktəbdəki mənəvi münasibətlər onu maraqlandırmaya bilməz. Amma bəzi
tədqiqatlarda pedaqoji etikanın predmetinin kəskin surətdə kiçildən fikirlər irəli
sürülür, çünki bunlar onun predmetini və obyektini qarışdırır. Hər halda pedaqoji
etikanı pedaqoji əxlaqdan fərqləndirmək lazımdır. Axı pedaqoji əxlaq bir neçə
elmin tədqiqat obyekti ola bilər, onlardan biri də iki elmin-pedaqogika və etikanın
qovuşuğunda yaranan pedaqoji etikadır. Onun özünün hələlik müstəqil olmadığını
nəzərə alaraq, belə bir şərait yaranır ki, onunla filosof və etik məşğul olur, fəlsəfi
istiqamətləri inkişaf edir, pedaqoji təcrübə ilə əlaqələri qırılır və buna görə də
pedaqoji əxlaqa təsir itir, müəllimlər onunla məşğul olanda isə o, ümumiləşdirmə
səviyyəsinə qalxa bilməyib faktların bolluğunda itib-batır. Etika əxlaq haqqında
elmdir, deməli, peşə etikası etikanın ayrı-ayrı ixtisas sahiblərinin əxlaqi şüurunun
xüsusiyyətlərini öyrənən hissəsidir. Bura əxlaqi şüurla yanaşı, əxlaqi təcrübəni də
əlavə etmək lazımdır. Pedaqoji etikanın tədqiqat obyekti, xüsusiyyətləri pedaqoji
peşənin ictimai münasibətlər sistemindəki rolu və yeri ilə müəyyənləşən müəllimin
peşə əxlaqıdır. Müəllimin şagirdlərlə mənəvi əlaqələri özünəməxsusluğu ilə
zəngin, vaxt etibarilə uzunmüddətlidir və bu onun yaradıcı iş bacarığında,
dünyagörüşündə və kamil şəxsiyyətə aid bütün keyfiyyətlərində də öz əksini tapır.
Onun öz-özünü dərk etmək yolu ilə dünyagörüşü qazandığını təsdiq etmək olar, bu
prosesdə isə müəllimin rolu əvəzedilməzdir. Buna görə də əgər müəllim-şagird
münasibətləri həqiqi, canlı, sağlam əxlaqa əsaslanmırsa, bu, tərbiyədə mənfi
nəticələrə gətirib çıxarır. Müəllimin şagirdlərlə münasibətini valideynlərin
uşaqlarla münasibətilə müqayisə etmək olar. Buradan uşaqlara məhəbbətin
müəllim üçün ən vacib kateqoriya olmasının səbəbi aydın olur. Amma qeyd etmək
istərdik ki, oxşarlıqda heç də az vacib olmayan fərqlər var, məsələn, müəllimin
sosial məsuliyyəti valideyninkindən, şübhəsiz ki, yüksəkdir. Çünki valideyn öz
övladını tamamilə özü kimi, öz nümunəsində, bu obrazın cəmiyyətin ehtiyac və
ideallarına nə dərəcədə uyğun olub-olmadığını nəzərə almadan tərbiyə edə bilər.
Müəllim üçün isə belə münasibət nəinki qüsurludur, həm də dözülməzdir, çünki, o,
hər şeydən əvvəl, cəmiyyətin tələblərinin bələdçisi olmalıdır. Cəmiyyət nəsillər
arasındakı əlaqələri təmin etmədən əxlaq tərbiyəsinin məzmun və formasına,
həmçinin insanların daxili aləminin məzmununa bu prosesi təmin edən müəyyən
tələblər irəli sürmədən inkişaf edə bilməz. Burada müəllim əxlaqının
tənzimləyicisi, müəllimin daxili aləminə təsir edən pedaqoji etikanın rolu qeyri-adi
şəkildə artır. Pedaqoji prosesdə əxlaqi münasibətlərin quruluşu mürəkkəb və
çoxplanlıdır, həmçinin onun bir sıra xüsusiyyətləri vardır. Bura, hər şeydən əvvəl,
uşaqlar, müəllim-cəmiyyət münasibətləri, sonra isə onlara təsir edən bütün qalan
münasibətlər, yəni valideynlər-uşaqlar-müəllim, müəllim-pedaqoji kollektiv,
müəllim-cəmiyyət və başqaları daxildir. Bunlar çoxcəhətli olub, dünyagörüşü,
siyasi, peşə və s. əhatə edən münasibətlərdir. Hamısı da bu və ya digər şəkildə
tərbiyə işinə aid olub, təkcə şagirdə yox, əksər hallarda, müəllimə də təsir edir.
Pedaqoji etikanı, hər şeydən əvvəl, onların mənəvi istiqamətdə olanları
maraqlandırır. Çünki fizika, ədəbiyyat, kimya müəllimləri dərs deyərkən fənni
necə şagirdlərə mənimsətməsi onun ixtisas dərəcəsindən, yaradıcılığından,
biliyindən asılıdırsa, uşaqları necə tərbiyə etməsi idealları, hətta şəxsi həyatından
asılıdır. Təbiidir ki, belə sənətdə normativ qaydalar daha ciddi, əhatəli, nəhayət,
diferensiallaşdırılmış olur.
3. Müəllimlərin etik davranış qaydalarına mükəmməl yiyələnməsi problemi
məktəb və pedaqoji fikir tarixində həmişə aktuallıq kəsb etmiş, nəcib və şərəfli
əməyi ilə insanlara mənəvi çıraq tutan bu sənət və peşə sahiblərinin əməli
fəaliyyətinə rövnəq vermişdir. Həyatın ritmi və zamanın ahəngi dəyişdikcə
müəllim əməyinin peşə mədəniyyəti, etik xüsusiyyətləri, mənəvi keyfiyyətləri də
yeni məzmun dəyərləri ilə intişar tapır, sosial-mədəni həyatın başlıca etalonu olan
əxlaq, davranış münasibətlərini də yeni mündəricədə tənzimləyir. Müəllim, hər
şeydən əvvəl, mənəvi cəhətdən yetkin insan olmalıdır. Bu fikirlə razılaşmayan
adam tapılmaz. Belə ki, pedaqoji prosesdə mənəvi münasibətlərin məzmunu
cəmiyyətdə hökm sürən əxlaq qaydalarından, həm də onların müəllim
şəxsiyyətində öz əksini tapan etik-mədəni davranış normalarından çox asılıdır.
Müəllimin bilik səviyyəsi, erudisiyası nə qədər zəngin və mükəmməl texnologiya
ilə əhatələnsə də onun fəaliyyət manerasında ən munis keyfiyyətlər sistemi olan
müəllimin sənət, peşə etikası, konkret pedaqoji proses təcrübəsində və ondan kənar
yerlərdə təzahür edən etik davranış ustalığı ilə bağlı cəhətlər də önəmlidir. Bu
yönümdən müəllim statusunu təkmil üsul və vasitələrlə möhkəmləndirməyin
imkan və yollarına bələd olmağın ilkin ideya istiqamətləri milli və ümumbəşəri
dəyərlərdən nəşət tapan pedaqoji etika ilə bağlıdır. Yəni pedaqoji etika-pedaqoji
proses zamanı şagirdlərlə (tələbələrlə) ünsiyyətdə, davranış və rəftarda əxlaq
normalarına, pedaqoji mərifət və takta müəllimin (tərbiyəçinin) riayət etməsi,
oğlan və qızlara, ətrafdakı digər şəxslərə yanaşma mədəniyyəti başa düşülür. Odur
ki, "Müəllimlərin etik davranış qaydaları" bütün zaman kəsiyində pedaqoji proses
təcrübəsi üçün stimulverici vəsilə olmuş, müəllimin vicdan, ədalət barometrinə
çevrilmişdir. Bəs bu gün bu qəbildən olan yeni qaydaları zəruri edən cəhətlər hansı
qanunauyğunluqlardan, tələbatlardan irəli gəlmişdir. Aydın məsələdir ki, müəllim
şəxsiyyətinə verilən müasir tələblərdən. Bu gün müəllim həyatda, cəmiyyətdə,
ictimai və dövlət statuslu məsələlərdə avanqard mövqe nümayiş etdirən simadır,
pedaqoji prosesdə isə müəllim - sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri,
habelə mənəvi keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq
yolu ilə cəmiyyətin sonrakı inkişafına güclü təkan verən pedaqoji təhsilli
mütəxəssisdir. Özünə, şagird və tələbələrinə hörmət edən, pedaqoji etika
çərçivəsində onlarla davranan, əxlaqi-mənəvi normalara daim sadiq qalan ustad
müəllim bu gün ətrafda baş verən sosial-iqtisadi, mənəvi-siyasi hadisələrə də
biganə qala bilməz. O, müntəzəm olaraq peşə və sənət ülviyyətindəki gözəlliyi
dərk edib, bu adın şərəf və ləyaqətini yüksək, humanist qayələr, mədəni vərdişlərə
qovuşmaq səyi ilə birləşdirməyə də qadir olmalıdır. O, ardıcıl olaraq müəllimlərin
etik davranışını səciyyələndirən radio və televiziya verilişlərinə imkan daxilində
qulaq asmalı, bu səpgidə qəzet və jurnal materialları ilə tanış olmalı, kitablar
oxumalı, yeri gəldikcə şagirdlərini (tələbələrini) də tanış etməli, onların yanında
üzüağ olmalıdır. Bunsuz müəllimin etik davranış qaydaları səmərəsiz olar,
pedaqoji fəaliyyət zamanı onun ustad müəllim keyfiyyətinə xələl gələr. Odur ki,
müəllim peşə fəaliyyətində daha mükəmməl və əzəli olan etik davranış
prinsiplərini daim uca tutmaqla, bu yolda müasir və orijinal təsirə malik tələblər
sisteminə ciddi məhəl qoymalı, etik dəyərlər paradiqmasının aliliyini,
vicdanlılığını, peşəkarlıq və fərdi məsuliyyətini, loyallıq səviyyəsini, mədəni
davranış etiketlərini, qərəzsizlik missiyasını, gender bərabərliyini, ictimai etimad
münasibətliliyini, konfidensiallıq şüurluluğunu göstərməlidir.
4. Pedaqoji münasibətlər çərçivəsində müəllimlərin etik davranış qaydalarını
təkmilləşdirməyə imkan verən bu ümumi müddəalardan çıxan məntiqi nəticə odur
ki, müəllimin etik davranış prinsipləri bunların ana xəttini təşkil edir. Pedaqoji
proses mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi həmin prinsiplərdən çox
asılıdır. Bütün bunları müasir tələblər səviyyəsində yetərincə reallaşdırmaq üçün
müəllimlərin qarşısında bir sıra didaktik tələblər qoyulur. Həmin tələblər
aşağıdakılardır: - Müəllimlərin etik davranış qaydaları ümumxalq və ümumdövlət
səviyyəsindən dəyərləndirilməli, onun sosial-mədəni amillərə təsir imkanı
nümunəvi hərəkətlərə çıraq tutmalıdır. - Müəllim həssas və qayğıkeş olmalıdır.
Müsbət iradi-mənəvi keyfiyyətlərə, pedaqoji etikaya düzgün əməl olunması insan
hisslərinə ədalətli və obyektiv təsir edilməsi nəticəsində formalaşdırılmalıdır. -
Müəllim nəzakətli olmalıdır. Nəzakətlilik etik davranış mədəniyyətinin ən zəruri
keyfiyyətidir. Nəzakət qaydaları ilə davranış etiketlərini tənzimləməyi bacarmaq
hər bir müəllimin el-oba, çalışdığı kollektiv, ictimai münasibətlər məkanında da öz
şərəf və ləyaqətlilik səviyyəsini yüksəldir, peşə etikasını həyatının vacib
məqsədlərinə çevirir. - Müəllim prinsipial və obyektiv olmalıdır. Yəni, onun etik
səciyyə daşıyan münasibətlər səviyyəsi ağıllı tələb əsasında qurulmalıdır. Öz
həmkarları arasında mehriban və səmimi münasibətlərin yaranmasında peşəkarlıq
nümunəsi göstərən müəllim söz və əməl birliyində də cəsarətlilik mücəssəməsi
göstərməli, bütün fəaliyyət və hərəkətlərinə ictimai davranış normaları baxımından
hüquqi qiymət verməyi də bacarmalıdır. Müəllimlərin etik davranış qaydalarının
məna tutumu mürəkkəb və çoxplanlıdır, həmçinin onun bir sıra xüsusiyyətləri
vardır. Bura, hər şeydən əvvəl, uşaqlar, müəllim-cəmiyyət münasibətləri, sonra isə
onlara təsir edən bütün qalan münasibətləri, yəni valideynlər - uşaqlar - müəllim,
müəllim - pedaqoji kollektiv, müəllim - cəmiyyət və başqaları daxildir. Bunlar
çoxcəhətli olub təhsilalanlarda baxış sistemini, siyasi mövqe mədəniyyətini, peşə-
sənət professioqramını, zəka və mədəni-intellektual səviyyəliliyini əhatə edən
münasibətlərdir. Hamısı da sosial mühit və pedaqoji proses təcrübəsində təzahür
edən təlimləndirici, təhsilləndirici və inkişafetdirici missiyanı ehtiva edən etik
qaydalara aid olub, təkcə şagirdə (tələbəyə) yox, əksər hallarda müəllimə də təsir
edir. Biliklənmə, savad almaq, elmi inkişaf yolu tutmaq müəllim üçün nə qədər
vacib stimulverici qüvvədirsə, onun mənəvi dünyası, etik davranışı, əxlaqi
fəzilətləri, peşə, sənət etikası da bir o qədər önəmli amildir. Böyük fizik Albert
Eynşteyn insan övladının tarixi təkamül yolunda ictimai əxlaq qaydalarının nə
qədər ümidverici bir zəmin olduğunu xatırlayaraq yazırdı: "Bəşəriyyətin gələcəyi
elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın
sabahkı mənzərəsindən asılıdır". Müəllimin peşə fəaliyyətində qanunvericiliklə
müəyyən olunmuş vəzifələrin dərk edilməsi və bu sahədə hüquqlarının təmin
olunması ilə əlaqədar qanunauyğun hallara ciddi əməl etməsi də mühüm etik
davranış qaydasıdır. Xüsusən, müəllim şəxsiyyəti problematikasının vacib
məziyyətlərini bilmək bu gün çox maraqlı və aktual bir məsələdir. Yəni
müəllimlərin etik davranış qaydalarını möhkəmləndirməyin aparıcı istiqamətinə
çevrilən ustad müəllimin bu baxımdan şəxsiyyətini səciyyələndirən amillərə biz bu
gün məhz milli pedaqogika təbirincə baxmalı, bu prosesi zənginləşdirməyə imkan
verən bəzi keyfiyyətləri milli və ümumbəşəri qaynaqlar əsasında mənimsəməliyik.
Bu keyfiyyətlərə aiddir: - Ustad müəllimin təbliğ etdiyi fikirlərə uyğun hərəkət
etməsi. Davranış qaydalarında etik səciyyə daşıyan jest və ədalara dəqiq riayət
etməsi, şablon və ehkamçı yanaşmalara öz hərəkətlərində düzgün qiymət verməyi
bacarması və özündə bu kamil fəzil keyfiyyətləri birləşdirməsi. - Davranış, etik
münasibətlərlə bağlı söhbət və müsamirələrdə, görüşlərdə, danışana diqqətlə qulaq
asmaq şakərini özünütəkmilləşdirmə yolu ilə həyatının aparıcı leytmotivinə
çevirməsi. - Müəllimlərin etik davranış qaydaları sırasında onun şəxsiyyətyönümlü
kompleks tədbirlər zamanı diqqətcil və xeyirxahlıq mövqeyində dayanması
pedaqoji prosesin düzgün tənzimlənməsinə mənəvi qida verməsi və bu yolda
xeyirxahlıq hissinin ağıllı tələblərlə vəhdətinin təmin olunması qayğısına qalması. -
Ustad müəllimin təmənnasız köməkliyinin onun şəxsiyyətini səciyyələndirməsi,
ona əməli işində parlaq nümunə olması və pedaqoji fəaliyyətinin ayrılmaz tərkib
hissəsinə çevrilməsi. Müəllim davranış mədəniyyətində daima haqq və ədalətlilik
nümunəsi göstərməli, gördüyü xeyirxah işdən maddi təmənna ummamalı, şagirdin
(tələbənin) həyatına mənəvi çıraq tutmaqda, ona güzəştsiz mövqe qazanmağı
öyrətməklə yanaşı, yeri gələndə təmənnasız kömək səyini də ondan
əsirgəməməlidir. Müəllimlərin etik davranış qaydalarını ehtiva edən, onun
şəxsiyyəti ilə bağlı maddələr içərisində peşə, ixtisas, vəzifə məsuliyyəti də qabarıq
şəkildə öz əksini tapmışdır. Yeni "Qaydalar"da göstərilir ki, "Müəllim bilərəkdən
yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının əməyini
pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır. Müəllim təhsil müəssisəsinin əmlakından
səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus
əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompüter, mebel və s.) şəxsi
maraqları üçün istifadə etmir. Müəllim icra və əmək intizamına riayət edir, iş
vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır. Müəllim
şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir". Pedaqoji
prosesdə müəllim-şagird (tələbə) münasibətlərinin inkişaf etdirilməsi işinin
ağırlığı, məsuliyyəti müəllimin üzərinə düşür. Müəllim, hər şeydən əvvəl, öz
davranışına, mədəni rəftar normalarına, sərt, lakin düşünülmüş addımlarına,
etikmənəvi yanaşmalarına ciddi fikir verməli, "yüz ölçüb, bir biçməli", öz
hərəkətlərinə düzgün münasibət bəsləməlidir. Əlbəttə, "Qaydalar"la tənzimlənən
bu didaktik tələblərdə münasibətlər kredosu konkretləşir. Onun müasir prinsipləri
təhsilalanlarla, kollektivlə, rəhbərliklə valideyn və qanuni nümayəndəliklərlə,
müəllim və cəmiyyətlə təmasda, vətəndaş cəmiyyəti və vətəndaşlıq tərbiyəsinə
münasibətlər yönümündən daha çox təqdir olunur. Göstərilir ki, "Müəllim
vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə
münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına
düşməməlidir". Müəllimə məhəbbət və həqiqi hörmət ruhu hər bir cəmiyyətə,
ailəyə, ictimai qurumlara, sosial-mədəni təsisatlara hakim kəsilməlidir. Həm
valideynlər, həm böyüyən nəsil nümayəndələri öz mənəvi və ictimai tərəqqi
məfkurələrinin zənginləşməsində, bu sahədə onlara ağıl, davranış tərbiyəsi yolu ilə
qapılar açan hər bir müəllimə bütün ömürləri boyu minnətdarlıq edirlər.
Azərbaycan bu gün dünyada yeganə ölkədir ki, peşəsindən asılı olmayaraq xalq
arasında sayılıb seçilən şəxsə müraciət edəndə "Müəllim" sözü dilə gətirilir. Hətta
əsl mütəxəssislərə, pedaqoqlardan bəzilərinə "professor", "akademik" elmi adı ilə
müraciət edəndə belə, onların əksəriyyəti müəllim adının nüfuz və ləyaqətini daha
çox etibarlı bilib, onlara məhz bu tərzdə müraciət olunmasını xahiş edirlər.
Respublikamızın rayon və şəhərlərində fəaliyyət göstərən və müxtəlif cəhətdən
nümunəvi iş təcrübəsi olan qabaqcıl müəllimlərimiz çoxdur. Müəllim andına sadiq
qalaraq bu şərəfli peşəni öz həyatının mənası bilən xalq müəllimləri təkcə pedaqoji
prosesdə deyil, elə xalqın arasında da başbilən, el ağsaqqalı, nəcib insan kimi
tanınırlar. Belələri müəllim adına yalnız ləkə gətirən, şagirdlərin və tələbələrin
tərbiyəsinə düzəldilməsi çətin olan, zərbə vuran, cəmiyyətin inkişafını ləngidən
şəxslər hesab olunur. Öz dövrünün ideoloji konsepsiyalarına sinə gərən, böyük
yazıçı, milli poeziyamızın bayraqdarı ölməz şairimiz Səməd Vurğunla əbədi
dostluq meracı quran yazıçı A.Fadeyev vaxtilə yazırdı: "Müəllim! Nə gözəl
sözdür!.. Hər bir uşağın oxuduğu bizim ölkəmizdə müəllim birinci adamdır.
Uşaqlarımızın gələcəyi, xalqımızın gələcəyi müəllimin əlində, onun qızıl
qəlbindədir. Onu küçədə görən kimi, beş-on metr qalmış biz ona hörmət əlaməti
olaraq papağımızı çıxarmalıyıq...". Eləcə də şərh etdiyimiz problem baxımından
"Müəllimin andı" ifadəsi ilə təsbit olunmuş yeni davranış "Qaydalar"ında çox
düzgün olaraq bəyan edilir ki, "And Azərbaycan Respublikası ilə müəllim arasında
açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir... Andiçmə təntənəli
şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan
Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir". Odur ki, istər ailə,
məktəb münasibətlərində, istərsə də cəmiyyət-müəllim təmaslarında müəllim
andının misilsiz təsir gücündən faydalanmaq ümumxalq və ümumdövlət səciyyəli
bir işdir. Müəllim birmənalı olaraq sosial-ətraf mühitdə və pedaqoji proses
təcrübəsində öz üzərinə düşən etik davranış qaydalarına riayət olunmasının
təminatçısı olmalı, öz peşəkar fəaliyyətində həmkarlarının davranışının bu
"Qaydalar"a uyğunluğuna nəzarət etməli və onun geniş təhlilini aparmalıdır. Bunu
isə bizdən həyatın özü tələb edir. 3. Pedaqogika mənəvi tərbiyə məsələlərini həll
etmədən keçinə bilməz, bu isə pedaqoqları əxlaq və etika problemləri ilə ciddi,
peşəkarlar səviyyəsində məşğul olmağa məcbur edir. Əslində etik bilikləri və
müvafiq surətdə müəyyən müsbət mənəvi keyfiyyətləri olmayan pedaqoq təsəvvür
etmək mümkün deyil. Amma əxlaq pedaqoqu peşə baxımından tədqiqat obyekti
kimi bütövlükdə yox, məhz məktəb istiqamətində, yəni məktəbdəki mənəvi
münasibətlər şəklində maraqlandırır. Qeyd etmək lazımdır ki, pedaqoji etika elmi-
nəzəri etikanın bir hissəsi kimi çoxdan mövcuddur. Onun elementlərinə bir
pedaqoji əxlaqın bir çox problemlərini anlamağa çalışan qədim yunan filosoflarının
(Sokratın, Platonun, Aristotelin adlarını çəkmək kifayətdir) əsərlərində rast gəlirik.
Amma pedaqoqları etika üzrə mütəxəssislərin pedaqoji etika ilə bağlı fikirlərinin
heç də hamısı təmin edə bilməz. heç olmasa, ona görə ki, onların tədqiqatlarının
əsas vəzifələri heç də həmişə pedaqoji təcrübənin ehtiyaclarına müvafiq olmur. Bu
zaman pedaqoji etika problemlərinin əsasən məhz pedaqoqları narahat etməsi kimi
situasiya meydana gəlir. Buna görə də, son vaxtlar həmin problemlərlə
pedaqoqların özləri məşğul olurlar. Amma pedaqoji etikanın elmi-nəzəri etikanın
tərkib hissəsi olması faktını nəzərdən qaçırmaq olmaz. Etika ilə məşğul olanların
tədqiqatları ilə əslində pedaqoqların bu sahədəki tədqiqatlarının özünəməxsus
metodoloji əsasını təşkil edir. Qeyd edək ki, bu cür nümunə təsadüfi deyil və
pedaqogika tarixində buna bənzər hadisələr olmuşdur. Müəllim sənətinin social-
mənəvi cəhətlərinin vacibliyi müəllim vəzifəsinin yüksəkliyi və onun cəmiyyət
qarşısındakı məsuliyyəti haqqında pedaqoji ideyalar və fəlsəfədən-etika elmi yeni
pilləyə qaldırılmış oldu. Onların əsasını, ən əvvəl, xalqımızın həyat tərzində baş
vermiş keyfiyyət və dəyişikliklər təşkil edirdi. Müəllimlərin mənəvi hazırlığına, ilk
növbədə, onların ideya-siyasi simasına böyük əhəmiyyət verir və belə hesab edir
ki, yeni cəmiyyət quruculuğunun nəhəng vəzifələri insani tərbiyədən ayrılmazıdır.
Əslində müəllimin cəmiyyətdə rolu, tərbiyə məsələlərinin social vəzifələrlə
qarşılıqlı əlaqəsi haqqında yeni müddəalar ölkəmizdə müəllim kadrlarının təlim-
tərbiyəsi ilə bağlı işin metodoloji əsasına çevrildi. Əlbəttə, bu heç də o demək
deyildi ki, müəllimlərin ideya-siyasi və mənəvi tərbiyəsi işində mövcud olan bütün
yaradıcı irsin əhəmiyyəti inkar edildi. Pedaqoji elm məhz bu yaradıcı irsin əsasında
məktəbdə mənəvi tərbiyə probleminin həllində, müəllim kadrların mənəvi və peşə
hazırlığı sahəsində böyük müsbət təcrübə toplaya bilmişdir. Öz tədqiqatlarında
şəxsiyyətin, yeniyetmənin daxili aləminə dərindən nüfuz etmiş, şəxsiyyətin,
yeniyetmənin formalaşmasında təhtəlşüurun rolunu araşdırmış Z.Freydin gəldiyi
elmi nəticələrin nəzərə alınmasında bu işə ciddi ziyan vurdu. Belə bir cəhəti xüsusi
təəssüf hissi ilə qeyd etməliyik ki, bu zaman xairici alimlərin şəxsiyyətin daxili
aləminin formalaşması ilə əlaqədar tədqiqatlar nəzərə alınmalıdır. Məktəblərdə
apardığımız təcrübələr onu deməyə əsas verir ki, müəllim-şagird münasibətində
müəllimin öz şagirdlərinin fərdi keyfiyyətlərini, onların şəxsiyyətini nəzərə
almaması hallarına təəssüf ki rast gəlinir. Əlbəttə, cəmiyyətin qarşısında duran
vəzifələrin mürəkkəbləşməsi, social-iqtisadi çətinliklər müəllim fəaliyyətində
müəyyən çətinliklər yaradır. Bu xüsusiyyətlərə əhəmiyyət verilməməsi, müəllimin
tərbiyəni yalnız sənətinin nüfuzina arxalanaraq aparmaq istəməsi uğursuzluğa
məhkumdur. Bu uğursuzluq isə yüzlərlə korlanmış taledir, onun nəticəsi mənəvi
cəhətdən əzilmiş şəxsiyyətdir. Qüvvətli ideoloji mübarizə şəraitində isə
cəmiyyətimiz üçün siyasi itkilərə gətirib çıxara bilər. bütün bunlar təbii olaraq,
müəllimin cəmiyyət qarşısında cavabdehliyini artırır. Elə buna görə də, pedaqoji
etika müəllimin qarşısına qoyulmuş yüksək tələblərə cavab verəcək səviyyədə
olması işinə öz köməyini əsirgəməməlidir. Hələlik isə, qeyd etmək lazımdır ki, heç
də bütün müəllimlər peşə əxlaq normalarının tələblərini yerinə yetirməyə hazır
deyillər. Çətinlik də burasındadır ki, bu işin icrasının nə dərəcədə şüurlu, könüllü
olmasını yoxlamaq son dərəcə mürəkkəb məsələdir. Əgər müəllim şagirdlərinə
təkrarsız fərd kimi baxırsa, onun şəxsiyyətinə hörmətlə yanaşarsa, onda sinfin
şagirdlərinin çoxluğu öz mifik qüvvəsini itirər; yoxsa, bəzi başabəla müəllimlərin
fikrincə, bütün bəlalar şagirdlərin sayının çoxluğundan törəyir, halbuki, hər şeyin
günahı həmin müəllimlərin peşələri üçün yararsızlığındandır. Müəllim yalnız o
şəxs ola bilər ki, əgər belə demək mümkünsə, başqaları ilə özünü eyniləşdirmək
bacarığının ən kamil üsullarından istifadə edə bilir. Beləliklə, biz bəzi cavablardakı
qeyri-obyektivliyi nəzərə almaqla sorğuların nəticələrini əsas götürürük. Halbuki,
bu, özü də müəyyən dərəcədə narahatlıq doğurmalıdır. Çünki, bu fakt müəllimi
əks, bəzən isə düşmən qüvvə hesab etdiyini bildirir. Yaşamağa hüququ olmayan bu
faktı müəllimlə şagirdin əməkdaşlığı əvəz etməlidir, özü də indiki şagirdlər başqa
cürdür kimi sözlərlə heç bir iş görmək olmaz. Məhz gündəlik fəaliyyətdə
əməkdaşlıq yaratmaq lazımdır. Buna görə də müəllim yaradıcı işə hazır olmalıdır.
Özü də burada yalnız bir yol var: öz işinə və uşaqlara hörmət, məhəbbət yolu.
Dostları ilə paylaş: |