Atropaten dövləti
E.ə. 323-cü ildə Makedoniyalı İsgəndər öldü, yaratdığı imperiya 3 böyük (Misir, Suriya (Selevki), Makedoniya) və bir neçə kiçik dövlətə parçalandı. Azərbaycanın cənubunda Atropaten, şimalında Albaniya yarandı. Atropaten dövlətinin yaradıcısı Atropat e.ə. 328-ci ildə İsgəndər tərəfindən Midiya canişini təyin olunmuşdu. Isgəndər Hindistana yürüş edərkən Bariaks adlı bir şəxs üsyan qaldırdı. Atropat üsyanı yatırıb Bariaksı İsgəndərə təslim etdi. Həm bu hərəkət, həm də Atropatın öz qızını İsgəndərin sərkərdəsi Perdikkiyə ərə verməsi onun hörmətini artırdı. Perdikkinin ölümündən sonra, e.ə. 321-ci ildə Atropat Midiyası müstəqil oldu.Atropaten ərazisinə Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikasının bəzi cənub rayonları daxil idi. Paytaxtı Qazaka şəhəri idi. Atropatendə ən çox saylı tayfa kadusilər idi. E.ə. IV əsrdə Atropaten və Albaniya dövlətlərinin yaranması ilə Azərbaycanda vahid xalq yaranması prosesi başlandı. Xalq yaran-ması üçün:
1)ərazi birliyi;
2)dil birliyi;
3)mənəvi həyat birliyi formalaşması vacib şərtlərdir.
Ölkədə dəmir, mis, gümüş və neft çıxarılırdı. Neft “Midiya yağı” adlanırdı və hərbi işdə istifadə edilirdi. Atropatendən mühüm karvan yolları keçirdi
Selevki hökmdarı III Antiox e.ə. 223-cü ildə taxta çıxdı, Atropatenə hücum etdi, Atropaten hökmdarı Artabazanı özündən asılı hala saldı. E.ə. 190-cı ildə Maqneziya döyüşü oldu, romalılar selevkiləri məğlub etdi. Selevki dövlətində parçalanma başlandı. Bundan istifadə edən Atropaten yenidən müstəqil oldu. E.ə. II əsrin ortalarında Parfiya (Arşakilər) dövləti Ön Asiyada ağalıq uğrunda Roma ilə mübarizəyə başladı. Romanı özlərinin müstəqilliyi üçün təhlükə sayan Parfiya və Atropaten bir-biri ilə yaxınlaşdı. E.ə. I əsrin 60-cı illərində Roma sər-kərdələri Lukull və Pompey Cənubi Qafqaza yürüş edib, buradakı dövlətləri Romadan asılı hala saldılar. Lakin Atropatenin Romadan asılılığı tam deyildi. Ölkə daxili müstəqilliyini saxlamışdı, yerli hökmdarlar hakimiyyətdə qalırdılar. E.ə. 53-cü ildə Parfiya Romanı məğlubiyyətə uğratdı. Bu zaman Atropaten Parfiyanı müdafiə etdi. E.ə. 38-ci ildə Roma sərkərdəsi Antoni Atropatenə hücum etdi, Fraaspanı mühasirəyə aldı. Lakin Atropaten və Parfiya qoşunları romalıları məğlub edib qovdular. Bundan sonra Parfiya Atropateni özündən asılı hala salmağa cəhd etdi. Ona görə də, Atropaten Roma ilə dostluq münasibəti qurmağa başladı. E.ə. 20-ci ildə Atropaten hökmdarı II Ariobarzan Romanın köməyi ilə Ermənistanın da hökmdarı oldu. Y.e.-nın 20-ci ilində Atropatenin sonuncu hökmdarı Ariovast öldü və ölkə Parfiya dövlətinə qatıldı.
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində yunan və Şərq mədəniyyəti qovuşdu, ellin mədəniyyəti yarandı. Ellin mədəniyyəti Atropatenə də təsir etdi. Binaların damı kirəmitlə örtülməyə başlandı, Kerifto məbədi inşa edildi. Bu abidənin girişində yunan dilində məbədin yunan əsatiri qəhrəmanı Heraklın şərəfinə ucaldıldığı həkk olunmuşdur.
Atropaten əhalisi Zərdüşt (atəşpərəstlik) dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüşt peyğəmbərin e.ə VII əsrin II yarısı – VI əsrin əvvəlində yaşadığı güman edilir. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Onun ilkin variantı e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən yandırılmış, sonradan Sasani dövründə yenidən toplanmışdı. Avropanı bu kitabla fransız alimi Düperron tanış etmişdir. O, Hindistanda “Avesta”nın bir nüsxəsini tapıb Fransaya gətirmiş və 1771-ci ildə fransızca çap etdirmişdi. Zərdüştlüyə görə, dünya iki qüvvənin: Xeyir (Hörmüz) və Şər (Əhriman) allahlarının daim bir-biri ilə mübarizə meydanıdır. Bu dinə görə, od, su, torpaq müqqədəs sayılırdı. Zərdüşt dininin baş məbədi Qazakada idi.
Dostları ilə paylaş: |